"Dayının
yuxusu"
povestindən bir hissə
II fəsil
Bundan başlayım ki, knyaz K. hələ çox qoca deyil, amma
ona baxanda adama elə gəlir ki, ayaq üstə güclə dayanıb, bu saat yıxılacaq. Mordasovda həmişə knyaz haqda olduqca
qəribə, fantastik
çalarlı şeylər
danışıblar. Hətta
qocanın başına
hava gəldiyini də deyirdilər. O, dörd min canı olan ağa idi,
yaxşı nəsildən
gəlirdi, istəsəydi,
quberniyada sözü keçən adamlardan biri ola bilərdi, hamıya maraqlı idi ki, belə olan halda, nə
üçün o öz
möhtəşəm malikanəsinə
çəkilib tərki-dünya
həyat yaşayırdı?
Altı-yeddi il qabaq knyazın Mordasova gəlməyi çoxlarının
yadındadır, hamı
da əminliklə deyir
ki, o vaxtlar knyazın tənhalıqdan zəhləsi
gedirdi, qətiyyən
guşənişinə oxşamırdı.
Budur, onun haqda öyrənə bildiklərim bunlardan ibarətdir.
Uzun illər bundan əvvəl, knyaz hələ cavan olanda çox həyatsevər, kefcil idi, gəzirdi, əylənirdi, bir neçə dəfə xaricdə olmuşdu, romans
oxuyurdu, araqarışdıranlıq
edirdi, amma heç vaxt xüsusi istedadla fərqlənməmişdi. Beləliklə,
var-dövlətinin axırına
çıxdı və
qocalanda gördü
ki, bir qəpiyi də qalmayıb. Onda kimsə ona məsləhət gördü ki, kəndinə
qayıdıb orda yaşasın, o vaxtlar kənd artıq satışa çıxarılmışdı.
Məsləhətə qulaq
asıb Mordasova gəldi və burda altı ay yaşadı. Quberniya həyatı onun çox xoşuna gəldi, yenə də kefindən qalmadı, quberniya qadınları ilə müxtəlif intim əlaqələr qurdu və olan-qalan dövlətini də yelə verdi. O, olduqca mehriban adam idi, amma
knyazlara məxsus müəyyən şakərləri
vardı və bu şakərlər Mordasovda yüksək cəmiyyət göstəricisi
sayıldığı üçün,
camaatda nifrət doğurmurdu, əksinə,
xoş təsir yaradırdı. Xüsusən,
xanımlar öz qonaqlarından daimi həzz alırdılar. Bu
barədə çoxlu
xoş xatirə qalıb. Deyilənlərə
görə, knyaz günün yarısından
çoxunu özünə
qulluq etməklə keçirdirdi, elə bil o, müxtəlif hissələrdən ibarət
idi. Harda və necə səpələndiyini isə,
heç kim bilmirdi. Parik taxırdı, bığ,
bakenbard və hətta espanyolka* saxlayırdı, üzündəki
bütün tüklər
səliqəylə daranmış
və həmişə
qapqara olurdu; hər gün pudrayla üzünü ağardırdı. Deyirdilər,
üzündəki qırışları
saçının içində
gizlətdiyi nəsə
xüsusi balaca yaylarla dartıb. Bunu da deyirdilər ki, İtaliyadakı eşq macəralarından birində
yaxalanmamaq üçün
pəncərədən tullanıb
və yerə narahat düşdüyü
üçün qabırğalarından
biri sınıb, ona görə də korset bağlayır. Sol ayağı
axsayırdı; iddia edirdilər ki, Parisdə, başqa bir eşq macərası ucbatından ayağını
sındırıblar və
o, özünə saxta
ayaq düzəltdirib.
Camaata nə var? O qədər şey danışırlar ki... Sağ
gözünün şüşə
olmağı isə həqiqət idi, amma çox gözəl düzəltmişdilər.
Dişləri də taxma idi. Bütün
günü ətirli sularla yuyunurdu, pudralanırdı. Amma knyazın
elə o vaxtdan zəifləməyə və
həddindən artıq
danışmağa başladığı
çoxlarının yadındadır.
Elə bil ki, karyerasının axırına
çatırdı. Onun
bircə qəpiyinin də qalmadığını
hamı bilirdi. Və elə bu vaxt, gözlənilmədən,
bütün ömrünü
Parisdə yaşayan və ona miras
qoymaq ehtimalı az olan, knyaza
uzaq qohumluğu çatan qarı öldü, onun qanuni varisi isə
özündən bir
ay qabaq ölmüşdü.
Buna görə də
knyaz qarının varisi oldu. Mordasovdan
altımış verst aralıdakı
möhtəşəm malikanə
və dörd min canın hamısı knyaza qaldı. O, Peterburqda işlərini yekunlaşdırmaq üçün
təcili səfərə
hazırlaşdı. Bizim
xanımlar onun üçün gözəl
vida naharı təşkil etdilər. Knyazın vida naharında həddindən
çox sevindiyini, zarafatlaşdığını, qeyri-adi lətifələr
danışdığını, ən qısa vaxtda Duxanovaya (miras qalmış kəndə) gələcəyini
və gələndən
sonra fasiləsiz naharlar, ballar, pikniklər təşkil edəcəyinə söz
verdiyini deyirlər. O gedəndən sonra bir il bizim xanımlar
sevimli qocalarını
səbirsizliklə gözləyə-gözləyə
söz verilmiş ziyafətlər haqda danışdılar. İntizar
içində, hətta
Duxanovadakı iri bağı, bağında
akasiyalardan biçilmiş
şirləri, içində
taxta qayıqlar üzən çayı, verandaları və daha başqa şeyləri olan möhtəşəm malikanəyə
səfərlər də
təşkil etmək
istəyirdilər.
Nəhayət, knyaz qayıtdı,
amma hamının təəccübünə və
xəyal qırıqlığına
baxmayaraq, heç Mordasova gəlmədi də, birbaşa Duxanovaya gedib guşənişin həyat
keçirtməyə başladı.
Qəribə şayiələr
gəzməyə başladı,
ümumiyyətlə knyazın
bu epoxadan sonrakı həyatı dumanlı və fantastik çalar qazandı. Birincisi, deyilənlərə görə,
knyazın Peterburqda işləri heç də yaxşı getməmişdi, bəzi gələcək varislər
onun yenə də əlindəkiləri
göyə sovuracağından
qorxub və ağıldankəmliyindən istifadə
edib mirası əlindən almaq istəmişdi. Bundan başqa, bəziləri əlavə edirdi ki, onu, hətta dəlixanaya salmaq istəyiblər, amma onun hansısa qohumu - deyəsən, sözükeçən barin
imiş - ona qahmar çıxıb və o birilərə izah edib ki, yazıq
knyaz onsuz da qocadır, bədəninin
yarısı yoxdur, ömrünə az qalıb, bir azdan öləcək, varidatı isə bütünlüklə sizə
qalacaq, buna görə
də heç bir dəlixana lazım deyil. Yenə deyirəm: camaata nə var axı, nə gəldi danışırlar,
xüsusən də bizim Mordasovda. Deyilənlərə görə,
bütün bunlar knyaza olduqca pis təsir edib, xasiyyəti bütünlüklə dəyişib
və guşənişinliyi
seçib. Bəzi mordasovlular maraq xatirinə onu təbrik etməyə getmişdilər, amma ya qəbul olunmamışdılar,
ya da çox qəribə şəkildə
qəbul olunmuşdular.
Knyaz heç keçmiş dostlarını
tanımamışdı. İddia
edirlər ki, heç
tanımaq da istəməmişdi.
Qubernator da onun yanına getmişdi.
Qubernator qayıdanda dedi ki, knyazın deyəsən, doğrudan da, ağlı qarışıb və sonralar hər dəfə Duxanova səfərini xatırlayanda üzünü turşudurdu. Xanımlar yaman hiddətləndilər. Nəhayət, bir şeyi dəqiqləşdirə bildilər ki, sən demə, knyaza Peterburqdan onunla gələn, çit paltarlar geyinən və bir topa açarla gəzən, yaşlı və gombul, adı da Stepanida Matveyevna olan hansısa naməlum qadın ağalıq edir; knyaz uşaq kimi ona qulaq asır və ondan icazəsiz bir addım da ata bilmir; hətta knyazı da qadın özü çimdirir; onu əzizləyir, uşaq kimi qayğısına qalır; və nəhayət, knyazı bütün qonaqlardan, xüsusən, axır vaxtlar Duxanovaya ayaq açmağa başlayan qohumlardan uzaq tutan bu qadındır. Bu anlaşılmaz əlaqəni Mordasovda çox müzakirə edirdilər, xüsusən, xanımlar. Lap axırda da əlavə edirdilər ki, knyazın bütün var-dövlətini Stepanida Matveyevna öz istədiyi kimi idarə edir; qulluqçulara, eşikağasına nəzarət edir, gəlirləri özü yığır; amma insafən, yaxşı idarəçiliyi var, kəndlilər razılıq edir. Knyaza qalandasa, deyirdilər ki, bütün günü özünə qulluq edir, müxtəlif parikləri və frakları yoxlayır, geyinib baxır, qalan vaxtınısa Stepanida Matveyevna ilə keçirdir, onunla kart oynayır, kart falına baxır, hərdən də ingilis atını minib gəzməyə çıxır, Stepanida Matveyevna isə hər ehtimala qarşı, gəzintilər vaxtı mütləq onu üstübağlı arabada müşayiət edir, çünki knyaz at üstündə güclə dayanır, amma atı naz-qəmzəylə sürür. Hərdən piyada gəzdiyini də görürdülər, belə vaxtlarda əynində palto, başında həsir şlyapa, boynunda çəhrayı qadın yaylığı olurdu, göbələk və gül yığmaq üçün götürdüyü həsir səbəti isə sol qoluna keçirdirdi. Stepanida Matveyevna da onu müşayiət edirdi, arxada isə iki lakey və hər ehtimala qarşı araba gəlirdi. Yolda təsadüfən hansısa kəndli ona rast gələndə qırağa çəkilib papağını çıxarırdı və təzim edib deyirdi: "Salam, knyaz ata, əlahəzrət, günəşimiz!" - knyaz isə o dəqiqə lornetinin altından ona baxırdı, başını tərpədib yumşaq şəkildə deyirdi: "Bonjour, mon ami, bonjour!"** Mordasovda bu kimi xeyli şayiə dolaşırdı. Knyazı heç cür unuda bilmirdilər, o elə yaxınlıqda yaşayırdı ki! Gözəl səhərlərdən birində, guşənişin, sarsaq knyazın Mordasova təşrif gətirib Mariya Aleksandrovnanın evində düşdüyü xəbəri yayılanda, camaatın necə şövqə gəldiyini özünüz təsəvvür edin! Hamı həyəcanlandı. Hamı bir-birindən soruşmağa başladı: bu nə deməkdir? Bəziləri artıq Mariya Aleksandrovnanın evinə getməyə hazırlaşırdı. Knyazın gəlişi hamıya qəribə görünürdü. Xanımlar məktublaşmağa, bir-birinin evinə yığışıb danışmağa, qulluqçularını və ərlərini kəşfiyyata göndərməyə başladılar. Xüsusən, knyazın başqa yerdə yox, məhz Mariya Aleksandrovnanın evində məskunlaşmağı qəribə idi. Bu, ən çox Anna Nikolayevna Antipovanı hirsləndirirdi, çünki knyazın ona çox uzaq qohumluğu çatırdı. Amma bütün bu sualların cavabını öyrənmək üçün Mariya Aleksandrovnanın yanına getmək lazımdır. Düzdür, hələ səhər saat ondur, amma onun tanışları qəbul edəcəyinə şübhə etmirəm. Kimi də olmasa, bizi mütləq qəbul edəcək.
____________________________
* Çənədə saxlanılan
nazik saqqal
**
Salam, dostum, salam!
Fyodor DOSTOYEVSKİ
Tərcümə etdi: Həmid PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 31 oktyabr, №40.- S.30.