Arabadakı adam
Romandan
parça
(Əvvəli
22 və 31-ci sayımızda)
Bir dəfə
biz Maralgölə ekskursiyaya gedirdik. Gülgəz avtobusda mənim
yanımda oturmuşdu. Biz şairlər, nasirlər,
Nobelçi ədəbiyyat adamları haqqında
danışırdıq. Söhbətimiz o dərəcədə
maraqlı idi ki, qonşu oturacaqdakı tələbələr
də həvəslənib bizə qoşulmuşdular. Biz
Maralgöldə də Gülgəzlə bir gəzir, bu yerlərin
havasından, suyundan, əsəbləri sakitləşdirən
ecazkar gözəlliyindən danışırdıq. Amma
aramızda bir dəfə də olsun sevgidən söz
düşməmişdi. Hətta şairlərin sevgi şeirlərindən
yox, onların ictimai-sosial mövzulu və təbiət
haqqında yazdıqları əsərlər barədə
danışırdıq. Mən iynənin ucu qədər də
olsun, Gülgəzin mənə sevgisini hiss eləmirdim.
Halbuki
Gülgəz bir dəfə rəfiqələrinə "mən
hamıya Seymuru sevdiyimi söyləyirəm, amma özünə
bildirməyə cəsarətim çatmır, o isə mənə
bu barədə heç nə demir", söyləmişdi.
Mən bunun dəqiq olduğunu biləndən sonra qərara gəldim
ki, mütləq onunla görüşüb söhbət eləyim.
Amma fikrimdən vaz keçdim. Fikirləşdim ki, bu barədə
soruşmaq kişiyə yaraşan hərəkət deyil. Elə
düz fikirləşmişdim. Axı, burda pis nə var? Hər
bir adam kimi isə sevə bilər. Bir də
düşünürdüm ki, bəlkə Gülgəz belə
deməklə, onu narahat eləyən çoxsaylı
naçar "aşiqlər ordusu"nu özündən
uzaqlaşdırmaq üçün mənim adımdan
yararlanmaq istəyir?!
Bir
gün hər şey mənə məlum oldu. Biz onunla
universitetin kitabxanasından çıxanda təsadüfən
rastlaşdıq və yaxınlıqdakı parka getdik. Gəzişdik,
söhbət elədik. Əhvalının yaxşı
olmasından ürəklənib Gülgəzə dedim:
- Sən
çox yaxşı qızsan. Həm zahirən, həm də
mənəviyyatca çox gözəlsən. Tələbə
dostlarımız arasında səninlə evlənmək, ailə
qurmaq istəyənlərin sayı da çoxdu. Amma
eşitdiyimə görə, hamının təklifini rədd
eləyirsən. Nə əcəb? Heç kim sənin
xoşuna gəlmir?
Elə
bil üstümdən ağır bir yük
götürüldü. Əslində belə bir sualı mən
heç vaxt verməzdim hər hansı bir qadına, qıza.
Amma adım bu mövzuda hallanırsa, bunun da səbəbkarı
elə Gülgəzin özüdürsə, mənim verdiyim
sualda da bir məntiq vardı. Gülgəz başını
aşağı salıb, gözlərini yerə dikmişdi,
heç nə demirdi. Sifətinə azacıq qızartı
çökmüşdü. Mən də susub
dayanmışdım. Düşünürdüm ki,
danışsam, dilim topuq vuracaq. Söhbətin
yönünü bu cür dəyişdiyimə görə
içimdə özümü qınayır,
danlayırdım. Amma gec idi, ox yayından
çıxmışdı. Mən soruşmuşdum və təbii,
cavab almaq istəyirdim.
- Necə
ola bilər ki, sənin ürəyini bir nəfər də
olsun ram edə bilmir? - deyə mən təkrar soruşdum və
gülümsədim.
Gülgəz
başını ağır-ağır qaldırıb
gözlərimə baxdı. O susub durmuşdu. Mən birinci dəfə
idi ki, onun gözəlliyinin, şirinliyinin, bu qədər
yapışıqlı olmasının fərqinə
varırdım. Ürəyimin döyüntüsünü
açıqca eşidirdim. Elə bil Gülgəz məndən
nə isə gözləyirdi. İstəyirdi ki, mən nə
isə danışım, nə isə ona deyim. Amma mən
heç nə demirdim ona, daha doğrusu, deyə bilmirdim. Onun
baxışları altında əriyirdim. O, elə
baxırdı ki, bu baxışları ölsəm, qəbirdə
də yaddan çıxara bilməzdim. Gözəlliyi ilə
çoxlarını dəli-divanə eləyən bu sirli mələyin
mənim də üzərimdə qələbəsini onun
gözlərində açıqca sezirdim. Bilirdim ki, Gülgəz
üçün nə qədər çətin olsa da,
danışacaq, mütləq danışacaq. Bir kəlmə
də olsa, nə isə deyəcək. O, mənim susduğumu
görüb, güclə eşidiləcək bir səslə
dedi:
- Hər
şeyin öz vaxtı var. Hər şey vaxtında olanda
gözəldir.
Gülgəz
bu sözləri deyib qoluma girdi. Əlindəki mobil telefonla
şəklimizi çəkdi. Sonra telefondakı selfiyə
baxıb gülə-gülə alnını turşutdu:
- Yox,
yaxşı alınmayıb, - dedi.
Gülgəz
başını çiynimə qoyub telefonu təkrar
üzümüzə tutdu. Ekranda ikimizi də
görürdüm, ikimizin də üzü gülürdü.
Həmin dəqiqələrdə içimdə baş
qaldıran duyğuları heç nə olmayıbmış
kimi, ört-basdır eləməyə
çalışırdım, amma bu nə dərəcədə
alınırdı, ya alınmırdı, bilmirdim. Yalnız
onu bilirdim ki, udqunmaqdan boğazım quruyub. Bəli, mən həyatımda
ilk dəfə idi ki, bütün gözəlliyi ilə
vücudumu alt-üst edən, təpədən-dırnağa
canımda təlatüm yaradan qəribə hisslər
yaşayırdım. Gülgəz şəklimizə
baxıb, telefonu çantasına qoydu. Yenidən qoluma girib:
- Bir az gəzək,
- dedi.
Biz parka
rövnəq verən rəngbərəng çiçəklərin
arasında xeyli gəzib yorulduq.
Gülgəz:
- Gəl əyləşək,
- dedi.
Əlimdən
tutub məni köklü-köməcli, yamyaşıl
ağacın kölgəsindəki skamyaya tərəf çəkdi.
Biz əyləşdik. O, gözündəki gün eynəyini
çıxarıb mənim gözümə taxdı. Mənə
baxıb güldü. Sonra eynəyi gözümdən
çıxarıb dedi:
- "Gəl,
əl-ələ tutub gedək..." - Bu şeiri oxumusan?
- Həə,
əzbər bilirəm, - dedim. Mən də çıxıb
getmək istəyirəm. Uzaqlara, elə o şeirdə
deyildiyi kimi, biz olmayan yerlərə. Amma neyləyim, gedə
bilmirəm. Bir gün bu şəhərdən ayrı qalanda
darıxıram. Burnumun ucu göynəyür bu şəhər
üçün. Elə bu şəhərdə də ölmək
istərdim, sahibinə sadiq itlər kimi.
Gülgəz
gülümsəyərək:
- Lap
şairlər kimi dedin.
Bu zərif
varlıq danışır, mən susurdum. Hələ də
udquna-udquna qalmışdım. Getdikcə anlayırdım ki,
bu parkdan tez çıxıb getmək, burdan uzaqlaşmaq, tək
qalmaq istəyirəm. Gülgəzlə qəfil
sağollaşıb getmək də düz olmazdı. Mənim
özümə də çatmayan, heç vəchlə başa
düşmədiyim bir narahatlıq yaşayırdım
içimdə.
- Sən
niyə belə narahatsan? Deyəsən, qızdırman var,
axı, - dedi Gülgəz.
Əlini
yaxınlaşdırıb alnımda saxladı. Biz bir müddət
belə qaldıq. Nəhayət, mən
ağır-ağır ayağa qalxıb
xırıltılı səslə:
-
Bağışla məni, getməliyəm. Vacib işim var, -
dedim və iti addımlarla ondan uzaqlaşdım. Bir xeyli gedib
dayandım, dönüb arxaya baxdım. Gülgəz dirsəklərini
dizinə dayayıb əlləri üzündə,
başını aşağı salıb yerə
baxırdı. Dağılmış saçları onun
gözəl çöhrəsinə yayılmışdı.
O, bu vəziyyətdə hansısa dəli bir rəssamın
çəkdiyi qəmli portreti xatırladırdı. Qənirsiz
gözəlliyi olan bu mehriban, nəcib qız mehr-ülfəti,
kübar davranışı ilə mənə çox söz
deyirdi. Bacım Ləmanın acı taleyi məndə elə
bir kompleks, ümidsizlik, məyusluq yaratmışdı ki,
içimdəki qadağalardan qurtula bilmirdim. Kiminsə həyatına
varmaq da mənlik deyildi.
...Aradan
illər keçmişdi. İndi mən Gülgəzin həyatından
çox-çox uzaqda idim. Harda, kiminlə, necə
yaşadığını da bilmirdim. O, bir yaşıl
işıq ola bilərdi mənim həyatımda. O
işıq söndü mənim üçün. Daha
doğrusu, mən özüm söndürdüm o
yaşıl işığı...
Hərdən
Gülgəzi xatırlayırdım. Bir zamanlar fikrim də,
yolum da çarpaşıq, dolaşıq
düşmüşdü. Bu dolanbac yollarda azıb
qalmışdım. Köksümə darlıq edən duyğularımdan
bezib usanmışdım. Dolub-daşmaq istəyən buludlar
kimi qubar eləmişdim. Küskün buludların kirpiyi
artıq sıxılmışdı. Şimşəktək
çaxmaq, leysantək yağmaq, içimdəki neçə
ilin dərdini, nisgilini boşaltmaq, bu ağır yükdən
qurtulmaq istəyirdim. Heyhat...
Bəlkə
də sənə qayıda bilərdim, Gülgəz! Ay-aydan,
il-ildən ötsə də, sənin gileyini, mənim
soyuqluğumdan dolayı incikliyini gec də olsa, duyub geri
dönə bilmədim təəssüf ki... Bu, gecikmiş
peşmanlıq duyğusuydu yoxsa? Gözümdən çəkilən
yuxulara yenidən qayıtmaqdı, bəlkə... Ayların,
illərin uzaqlığından bu günə boylanmaq elə də
asan deyilmiş. Ölən məhəbbətə layla
çalmaq da elə onun kimi. Mən onun yuxularında, bəlkə
də vardım. Amma o qız artıq yox idi yuxularımda.
***
Arifin gecə
saat üçə qədər mənim ixtiyarıma verdiyi bu
gözəl otağın yumşaq divanında uzanıb,
kövrək xatirələr axınında Gülgəzlə
sonuncu görüşümüzü xatırlayıb yuxuya
getdim. Beynimdə o qədər fikir varıydı ki, yuxumu
tamam qarışdırdım. Görünür, heç
diş-dırnaqla belə, açılmaz kələfə
dönmüş düşüncələrim mənə
rahatlıq vermirdi. Yuxuda gördüm ki, göy
üzünü zəbt eləmiş, bədirlənmiş
ayı seyr edirəm. Ayın üzünü qara buludlar
örtür, bu kəhkəşan gözəlinin parlaq
işığı son işartılarla yoxa
çıxır. Bir sözlə, nağıllardakı əfsanəvi
Qəmər buludlar ilə oynayır. Qarşısında
durduğum pəncərədən asılan qaranlıq gecə
yavaş-yavaş əriyir.
Hövlnak
oyandım. Bu cazib yuxunun dumanı gözlərimdən hələm-hələm
çəkilmirdi. Yenidən özümü yuxuya verdim. Bu dəfə
anamı gördüm yuxuda. O, bağımızda, cərgə
ilə əkilmiş ağacların arasında, yaşıl
otların üstündə əlində tutduğu vedrəyə
meyvə dərib yığırdı. Amma ağacların
barı azalmaq əvəzinə, daha da çoxalırdı.
Meyvələrin ağırlığından budaqlar az qala
qırılacaqdı. Anam yorulmuş, taqətdən
düşmüşdü. Meyvələri yığdıqca
yığıb qurtara bilmirdi. Yer-göy meyvəylə doluydu.
Birdən anamın əlləri barlı-bəhərli
ağacın budağından yavaş-yavaş
üzüldü. O, üzüqoylu yaşıl otların
üstünə düşdü. Mən onun əks-səda
verən xırıltılı səsini eşitdim:
- Bərəkətinə
qurban olum, bəsdi daha, ay Allah. Mən öldüm axı, -
dedi.
Güclü
külək başlamışdı. Yerə o qədər
meyvə tökülürdü ki, anam az qala görünməz
olmuşdu.
Mən
gözümü açıb:
- Ana, -
deyib qışqırdım və yerimdən qalxdım.
Elə bu
vaxt qapı açıldı. Xidmətçi oğlan
içəri girib:
- Nə
olub? - deyə soruşdu.
-
Heç nə.
- Axı,
qışqırırdın.
- Ola bilər.
Uzanmışdım, yuxu görürdüm.
- Yemək
yeyəcəksən?
- Əlbəttə,
yeyəcəm, amma...
- Nə
amma?
- Burda,
yaxında telefon satılan yer var?
- Həə,
var. Qapıdan çıxdın, sağ tərəfə
düz gedirsən, işıqfora çatıb yolu keçən
kimi telefon mağazası görəcəksən.
- Onda sən
yeməyi hazırla. Mən ora dəyib gəlirəm.
- Telefon
alacaqsan?
- Hə,
anama zəng eləməliyəm.
-
İtirmisən telefonu?
- Yox,
satmışam.
- Niyə?
- Pulum
qurtarmışdı, - dedim.
Xidmətçi
oğlan gözlərini döyə-döyə mənə baxırdı.
Mən masanın üstünə qoyduğum onikivərəq
dəftəri götürdüm, qatlayıb
şalvarımın arxa cibinə qoydum. Otaqdan
çıxıb qapıya doğru getdim.
-
İçki içəcəksən? - deyə xidmətçi
oğlan soruşdu.
- Olsun,
amma alkoqolsuz.
Dəhliz
boyu gedib çıxışa yaxınlaşdım. Xidmətçi
oğlan arxamca gəlirdi. Sanki məni təqib eləyirdi.
Dayanıb onun təəccüb dolu gözlərinə
baxdım:
- Sən
narahat olma, bu saat qayıdıram, - dedim.
- Yolu
keçəndə ehtiyatlı ol. Yaşıl
işığı gözlə yansın, sonra keç.
-
Yaxşı, - dedim.
Kafedən
çıxan kimi deyilən istiqamətə gedib
işıqfora çatdım. Yaşıl
işığın yanmasını gözlədim, yolu
keçib xidmətçi oğlanın dediyi mağazadan mobil
telefon alıb anama zəng etdim. Onunla danışıb,
xoş bir ovqatla geriyə - kafeyə qayıdırdım. Nə
qədər ki, köhnə telefonum əlimdəydi, hər
gün anamla danışırdım. Pulsuzluq üzündən
məcbur olub bir həftə əvvəl çox ucuz qiymətə
satmışdım; beş il mənimlə gecə-gündüz
yoldaşlıq eləyən, "qara oğlan"
adlandırdığım qara telefonumu. O üzdən bir həftə
idi ki, anamla danışa bilmirdim. Gördüyüm qorxulu
yuxudan sonra onun səsini təzəcə aldığım
telefonda eşitdim, ürəyim yerinə gəldi. Ən
başlıcası, tam arxayın oldum ki, anamın göndərdiyi
pulun Ləmana heç bir dəxli yoxdu. Anam dedi ki:
- Bala,
dünyadan vaxtsız gedən dədənin goru haqqı, sənə
göndərdiyim o pullar öz əlinlə əkib-becərdiyin
ağacların meyvəsinin puludur.
Anama
inanırdım. Bilirdim ki, o heç vaxt yalan danışmaz.
Vaxtsız itirdiyi istəkli ərinin ruhuna yalandan and içib
məni inandırmazdı anam. Bizim ailəmiz kəndimizdə
sayılıb-seçilən bir ailə idi. Bacımla
bağlı haqqımızda yayılan söz-söhbətə
atam tab gətirə bilmirdi, adam arasına
çıxmırdı, qapılıb qalmışdı
evimizdə. Ləman tutulandan on ay sonra atam dünyasını
dəyişdi. Məni atasız qoyub bu fani dünyaya "əlvida"
dedi; öz iri, kobud əlləri ilə çoxlarına ev
tikib, xeyirxah ürəyi ilə işığını
yandıran usta Səməd.
Arifin gecə
saat üçədək ixtiyarıma verdiyi otağın
qapısını, bəlkə heç vaxt görmədiyim,
duymadığım xoş bir əhvalla açıb içəri
girəndə masanın üstündəki yeməklərin,
içkilərin, meyvələrin çoxluğu məni təəccübləndirmədi.
Zatən, "gecə saat üçədək burda
olacam", - deyə düşünüb özümə təskinlik
verdim.
Vanna
otağında da əl-üzümü yuyub, qurulayıb masaya
yaxınlaşdım. Ləzzətli yeməklərdən
iştahla yedim. "Paytaxt" salatından başlayıb,
kabablarla tamamladım. Masanın üstündəki düyməni
basmağımla xidmətçi oğlanın qapını
açmağı bir oldu.
-
Eşidirəm, nə isə lazımdı? - deyə
soruşdu.
Mən əlimi
cibimə salıb pul çıxartdım, ona uzatdım.
- Al, bu
pulu. Sənə elə-belə, bir dost kimi verirəm.
Yaxşı xidmətinə görə, - dedim və pulu onun
önlüyünün yan cibinə saldım.
-
Çox sağ ol, cibin dolu olsun.
- Masada nə
var, hamısının pulunu ödəyəcəm. Qoy
qalsın, heç nəyi yığışdırma. Sən
mənə bir çaynik pürrəngi çay gətir. Hə...
bir də gələndə hesabı öyrən, de mənə.
Mən
onikivərəq dəftəri cibimdən çıxarıb,
Arifin yaraşıqlı divanında əyləşdim. Rəngi
bozarmış dəftər cibimdə əzilmişdi. Üz
qabığında səliqəli xətlə "Nə
üçün belə etdim?" sözləri
yazılmışdı. Məndə belə bir fikir
yarandı ki, deyəsən, bədii əsər oxuyacam. Qəfil
telefon zənginə cavab verməli oldum. Bir an
düşündüm ki, axı mənim təzə nömrəmi
anamdan başqa heç kəs bilmir. Kim ola bilərdi? Tez
telefonu açdım.
- Salam,
tanıdınız məni? Oxudunuz Ləmanın dəftərini?
Birinci
sualın cavabını gözləmədən sonrakı
sualını verirdi telefondakı xanım. Mən onu ikinci
sualından tanıdım, Ayşən idi.
- Salam.
Salam, Ayşən xanım. Yox, hələ oxumamışam. Elə
indi başlamaq istəyirdim, sizdən zəng gəldi. Yəqin
nömrəmi anam verib sizə. Bu nömrə ilə mən
yalnız ona zəng vurmuşam, - dedim.
- Elədir
ki var, mən Gülsüm xalaya zəng edib, sizə pulu
çatdırdığımı dedim. Bilirdim o narahatdır
buna görə. Sizin bu nömrənizi də o verdi mənə.
Həə... bir də Gülsüm xala dedi ki, nə vaxt gəlsən,
Seymuru da kəndə gətir. Artıq
ünvanınızı bilirəm. Kəndə gedəndə
gəlib apararam sizi.
- Mən
indi orda yaşamıram. Çıxmışam kirayədə
qaldığım evdən, - dedim.
- Hə...
Bəs indi?
- İndi
bir kafedəyəm. Danışmışam, gecəni birtəhər
keçirəcəm burda. Narahat olmayın.
- Bəlkə,
mən gəlim, sizi gətirim bizə.
- Yox.
Sağ olun. Mən səhərə yaxın burda bir nəfərlə
görüşməliyəm.
- Səhərə
yaxın?
- Hə...
Kənan adında bir nəfər var, arabadakı adam, görməliyəm
onu. Ona borcum var, qaytarmalıyam.
-
Yaxşı, nə deyirəm, qoy siz deyən olsun.
Görüşərik.
- Hələlik.
Mən telefonu
bağlayanda xidmətçi oğlan içəri girdi.
Əlindəki məcməyini divanın
qarşısındakı jurnal masasına qoydu, stəkana
çay süzüb dedi:
- Sizin
hesab çatıb.
- Necə?
- mən təəccüblə soruşdum.
- Həə,
müdir zəng eləmişdi. Sizi soruşdu. Dedim, hər
şey qaydasındadır, yaxşıdır. Sonra Arif müəllim
dedi ki, sizdən pul almayım.
O, diqqətlə
üzümə baxıb:
- Gözləriniz
nə yaman qızarıb. Çay için, dincəlin bir az.
Saat üçdə sizi yola salacaqlar.
Xidmətçi
oğlan otaqdan çıxandan sonra mən masaya
düzülmüş yeməklərin qiymətini
hesablayıb, təxmini bir rəqəm üzərində
dayandım. Yaşadığım son on üç-on dörd
saat müddətində həyatımda baş verən
ardıcıl dəyişikliklərin mənim ovqatıma və
bütöv şəkildə yanaşsaq, xarakterimə,
dünyagörüşümə təsirini çox aydın
şəkildə hiss edirdim. Gecə saat dördün
yarısından acqarına evdən çıxıb ürəyimin
döyüntüsünü eşidə-eşidə pilləkənləri
enməyim, sakit bir gecədə iti addımlarla geniş
prospekti keçib, dənizə tələsməyim,
küçə itlərinin mənə şübhəli
baxışları, Kənanla ilk dəfə maraqlı söhbətlərim,
marketdə gecə növbəsində işləyən
qızın yuxusuz gözləri, anamın göndərdiyi
pullar, Muxtarla, Ariflə və eləcə də xidmətçi
oğlanla söhbətlərim, təbii ki, mənim
ağlımdan, düşüncəmdən, hisslərimdən,
dünyagörüşümdən təsirsiz ötüşə
bilməzdi.
Mən dəyişirdim
və bu dəyişikliyi görürdüm. Ətrafımda cərəyan
edən hər bir olaya, hətta hər bir əşyaya
baxışım artıq fərqliydi. Özünə
qapanıb ətrafda, cəmiyyətdə, dünyada gedən dəyişikliklərdən
kənarda qalmaq, "səhər naxıra, axşam axura"
düzəni ilə yaşamaq və onu normal həyat tərzi
kimi qəbul etmək istəmirdim. İnsan sevməli, sevilməli,
dünyaya övladlar gətirməli, onların sevinci,
qayğıları ilə yaşamalıdır. Onları
böyütməli, tərbiyə eləməli,
övladlarını insanlar arasına, cəmiyyətə
milli-mənəvi dəyərlərlə
çıxarmalı, həyatdan zövq almalıdır.
Amma
heç kəs onu gözləyən qəfil zərbələrdən,
neqativlərdən də sığortalanmayıb.
Düşünürdüm ki, Azərbaycan dili və ədəbiyyatı
müəllimi olan, əxlaqı, davranışı,
dünyagörüşü ilə onu tanıyanların, həmkarlarının,
şagirdlərinin, kənd sakinlərinin böyük hörmətini
qazanmış bacım Ləmanın sevdiyi adam tərəfindən
aldadılmasına və bu biabırçı aldanış
üçün həmin şəxsi öldürməklə
aldığı qisasa heç bir bucaqdan birmənalı
yanaşmaq olmur.
Düzdür,
Ləman adam öldürmüşdü və bu, şəksiz-şübhəsiz,
böyük cinayətdir. Bəs adamın şərəfini,
ləyaqətini alçaldaraq, onu bir əski parçasına
döndərib ayaqlar altına atmaq, heç eləmək necə?
Bu, cinayət deyil? Hər bir insan törətdiyi əmələ
görə gec-tez cavabını alır, mütləq
alır. Bu və ya digər şəkildə kimsə
ölür, kimsə həbsxanaya düşür. Səlimlə
Ləman kimi.
Bütün
bunlar məni Ləmanın göndərdiyi onikivərəq dəftəri
oxumağa sövq edirdi. Nə qədər çətin olsa
da, o dəftəri oxumalı idim. İndi buna vaxtım da, həvəsim
də var idi. Adam öldürüb, uzun illər məhbəs
həyatı yaşayan bacımın bu dəftərdə nələr
yazdığı, ən başlıcası, onun törətdiyi
cinayətə indiki münasibəti məni çox
maraqlandırırdı. Burda - Arifin kabinetindəki rahat divanda
əyləşib bozumtul "qəm dəftəri"ni indi
oxumasam, bəlkə bir də heç vaxt oxuya bilməyəcəkdim.
İçimdəki yanğı və dəli marağım
illərdən bəri ürəyimi didib-dağıdan tərəddüdlərimə
üstün gəlmişdi. Şəhadət
barmağımı dil-dodağıma sürtüb dəftərin
üz qabığını çevirdim. Ləmanın
özünəməxsus gözəl bir xətlə
yazdıqlarını oxumağa başladım.
***
Ləman
yazırdı:
"Mən
Səlimi öldürməyimə peşman deyiləm. O, məni
aldatmışdı. Mən onun yalanını heç vəchlə
bağışlaya bilməzdim. Səlim mənim həyatımı,
xəyallarımı, arzularımı, bütün gələcəyimi
məhv eləyib başqa birisi ilə rahat yaşaya bilməzdi.
Bunu nə yer götürərdi, nə göy, nə də mən.
Dörd
qızdan sonra doğulan, ailədə, qohum-əqrəbada
hamının sevimlisi olan Səlim İqtisad Universitetini bitirəndən
sonra asfalt zavodunda mühasib işləyirdi. Rayon mərkəzində
beşmərtəbəli binada birotaqlı mənzil
almışdı. Həftənin beş iş
gününü bu mənzildə, iki istirahət
gününü kənddəki evlərində qalırdı.
Səlim mənə ürəyini açıb, necə deyərlər,
sevgisini bildirmişdi. Düzü, mən ona heç bir cavab
verməmişdim. Amma bütün varlığımla ona
bağlılığımı hiss edirdim, duyurdum. Mən həyatımın
mənasını, gözəlliyini onda görürdüm.
Toyumuzu, dünyaya gələcək uşaqlarımızı
xəyalıma gətirir, onunla xoşbəxt olmaq istəyirdim.
Di gəl, illər öncə başqa qızlar, qadınlarla
onun haqqında gəzən sevgi macəraları məni qəti
bir qərara gəlməyə qoymurdu. Bu söz-söhbətlər
onun tələbəlik illərindən üzübəri səngimirdi,
son vaxtlar isə kənddə adamların gündəlik
mövzusuna çevrilmişdi.
Bir
gün mən rayon təhsil şöbəsində müəllimlərin
müşavirəsindən çıxıb, kəndə,
evimizə qayıtmaq üçün avtobus gözləyirdim.
Səhərdən yağan yağış ara vermirdi. Səkilərin
kənarında, asfalt yolun çala-çuxurunda xırda
gölməçələr yaranmışdı. Yaz
yağmurundan üst-başı islanmış adamlar ora-bura
qaçışır, daldalanmağa yer axtarırdılar.
Avtovağzalda qələbəlik idi. Birdən Səlimin səsini
eşitdim. Onu görəndə, elə bil gözlərimə
işıq gəldi. Səlim hal-əhval tutub, sonra bir az
aralıda, yolun kənarında saxladığı qara rəngli
maşını göstərib dedi:
- Otur, gedək
bizə. Anam da iki gündür gəlib, bu gün qayıtmaq
istəyir kəndə. Həə... bilmirəm o
Yaşıllıda nə görüb. Əl çəkmir. Təkid
edir ki, apar məni kəndə. Gedək bizə. Bir stəkan
çay içək, sonra üçümüz bir yerdə
gedərik kəndə.
Qeyri-ixtiyari
razılaşdım. Getdik Səlimin yaşadığı mənzilə.
Amma Səlimin anası Gülşən xalanı orda görə
bilmədim.
-
Gülşən xanım hanı? Bəs deyirdin evdədir? - deyə
soruşdum.
- Yəqin
məni gözləməyə səbri çatmayıb,
avtobusla gedib, - dedi Səlim.
Cəld
otaqdan çıxmaq istədim. O, qarşımı kəsib məni
saxladı. Məni dəlicəsinə sevdiyini, tezliklə ailə
quracağımızı dedi.
Ürəyimə
nə isə dammışdı. Onunla bir otaqda tək qalmaq istəmirdim.
- Bir stəkan
çay içək, mənim maşınımla gedərik kəndə.
Gecdi, bu vaxtlar avtobus olmur, - dedi Səlim.
Mən
çarəsiz qalıb razılaşdım. Sonra biz divanda əyləşdik.
O, birinci dəfə görürmüş kimi, məni diqqətlə
süzürdü. Narahatlığım getdikcə artırdı.
Səlim iki stəkan çay gətirdi. Mən çaydan bir
qurtum alıb ayağa qalxdım və pəncərəyə
yaxınlaşdım. İslanmış ağacların
budaqlarını yel vurub tərpədir, yarpaqlardan su
süzülüb torpağa tökülürdü. Səlim
divandan qalxıb arxamca gəldi. Əllərini çiynimə
qoydu. Onun ilıq nəfəsi boynumda, boğazımda gəzirdi.
Hiss edirdim ki, o, məni tam təsiri altına salmaq istəyir.
Özümü toparlayıb onun əlindən
çıxdım. Divanın üstünə qoyduğum
çantanı qaldırdım. O yaxınlaşıb
qarşımda diz çökdü, ayaqlarımı
qucaqladı. Mən sakitcə, heç nə
olmayıbmış kimi, onun əllərini ayaqlarımdan
aralayıb, qapıya tərəf getdim. Onun niyyətini
anlamışdım. Necə olur-olsun, burdan tez
çıxıb getmək, canımı ondan qurtarmaq istəyirdim.
Qapının rəzəsini çəkib özümə tərəf
dartdım, açılmadı. Başa düşdüm ki, o,
açarla bağlayıb qapını.
- Gəl,
qapını aç. Aç, deyirəm sənə. Yoxsa
qışqırıb aləmi tökəcəm bura. İndi
polisə zəng eləyərəm, dayan, - deyib, onu qorxutmaq
üçün çantamı açdım. Mobil telefonumu
çantada görməyib qışqırdım. O, bir
göz qırpımında saçımdan tutub, əlindəki
qalın salfeti ağzıma sıxdı. Mən tam
gücümlə müqavimət göstərib, onun əlindən
çıxmağa cəhd eləyirdim. Bəlkə də,
çıxa bilərdim. Amma əlindəki salfetdən gələn
məstedici qoxudan bayılıb yerə yıxıldım.
Sonra nə baş verdiyini xatırlamıram...
Mən ayılanda
artıq gec idi. Necə deyərlər, qatar artıq
getmişdi. O, məni məhv eləmişdi. İçimdəki
bir sızıltı bütün varlığıma hakim kəsilmişdi.
O, mənə dil tökür, yalvarır, hər şeyin
yaxşı olacağını, mənimlə evlənəcəyini,
uşaqlarımız olacağını deyirdi.
Mən
halsız, taqətdən düşmüş bir vəziyyətdə
fikrimi bir nöqtəyə cəm edə bilmirdim. Nə etməyin,
necə etməyin yolunu aramaq gücü qalmamışdı
canımda. Amma ürəyimdə bir intiqam alovu, qisas almaq
yanğısı vardı və o odu-alovu Səlimi qətlə
yetirdiyim gün söndürə bildim. Artıq
marağında deyildim, o, məni necə, hansı vəziyyətdə,
hansı kimyəvi və ya bioloji maddə ilə
bayıltmışdı, bu günə salmışdı.
Acı həqiqət o idi ki, Səlim, məni namərdcəsinə
aldatmışdı. Planlı şəkildə istəyinə
çatıb, məni özündən tam asılı vəziyyətə
salmaq istəmişdi.
Zemfira
MƏHƏRRƏMLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, №32-33.- S.18-19.