Başqa həyat
Sovet nəsrinin görkəmli
nümayəndələrindən biri sayılan Yuri Valentinoviç Trifonovun
(1925-1981) anadan olmasının
100 illiyi həm doğma vətəni Rusiyada, həm də postsovet məkanında bu günlərdə geniş
qeyd olunur. 1960-1970-ci illərdə sovet ədəbiyyatında gedən
proseslərin ən önəmli simalarından
və xüsusilə də, "şəhər
nəsri"nin ustalarından
biri sayılan Yuri Trifonov eyni zamanda
şair, redaktor və idman mövzulu
oçerklərin müəllifi
kimi də bütün İttifaqda tanınırdı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar vaxtilə Yuri Trifonovun yaradıcılığına
həsr etdiyi "Başqa həyat" başlıqlı məqaləsində
eyniadlı povesti hərtərəfli şəkildə
araşdırarkən, əsərin
yüksək bədii-mənəvi
dəyərini, təsvir
olunan hadisə və personajların psixoloji alt qatlarını
açıb göstərməyə
çalışıbdır.
Rusca yazılan və
"Drujba narodov" jurnalının 1976-cı il üçün
4-cü sayında işıq
üzü görən
həmin məqalənin
dilimizə tərcümə
olunmuş mətnini yazarın yubileyi çərçivəsində "Ədəbiyyat qəzeti"
oxucularının diqqətinə
təqdim edirik.
Olqa Sergeyevnanın özünə
gah bəxtəvər, gah qüssəli,
gah da "dəhşətamiz" görünən həyat
yolu barədə hekayəti qəmli bir əhvalatdan başlanır.
Necə
imiş ki, onun həyatı?
Qara dəniz sahillərində
sevişdikləri ilk günlər
bəxtəvərliklə dolu
imiş, sonra toyları olub, qızları doğulub, ardınca iş-güc, çətinliklər, mübahisələr,
qayınanasıyla dilləşmələr
baş alıb, gedib. Bəzən isə "meşədə
axşamlamaqla, üçlükdə
xizək sürüblər
- yəni əcəb xoşbəxtmişlər!"
Və budur, hər şey bitib, arzular da, uğursuzluqlar
da, ürəkçəkən qısqanclıqlar da, sevgi
də. Sergeyin ölümü ağır
bir itki olub. Və Olqa
Sergeyevna içində
həm səngimək
bilməyən ağrı
duyur, həm də izaholunmaz, anlaşılmaz bir suçluluq hissi. Amma nədədir axı bu suç?
Onun əri Sergey Troitski axı niyə bunca qısa və narahat bir ömür yaşadı?! Axı niyə o, daima ora-bura vurnuxdu, başladığı heç
bir işi başa çatdırmadı,
elə hey uğursuzluqlara
düçar oldu, etimad göstərərkən
aldandı, qəfil qızışdığı kimi
gözlənilmədən də
soyudu.
Axı niyə o da, hamı kimi, arxivlərdə lazım gəldiyi qədər - bir ay, iki ay, üç ay, beş ay - oturmağı bacarmadı, Fevral inqilabı ərəfəsində
Moskva Mühafizə İdarəsi
ilə bağlı bütün materialları,
yaranan uzun növbələrə rəğmən,
bir araya gətirib, sonradan üzərlərində məsuliyyətlə
işləmədi, mənbələri
araşdırmadı?!
Sergey Troitski öz yaşam tərzi baxımından barışmaz
biriydi, geniş ictimaiyyətin qəbul etdiyi məntiqin də, adətən ziddinə gedirdi. Öz həyatını dəqiq bir məqsəd güdməyən
gah o-gah bu araşdırmaya,
axtarışa sərf
eləyir, ağlına
gələn hər cür xəyalın ardınca düşürdü,
hər şeyin məğzini dərk etməyə can atır, nəsilləri bir-birinə
calayan o "ipin ucu"nu axtarmaqla, insanlar arasındakı adi, gözlə görünməyən varisliyi
izləməyə çalışırdı.
Götürdüyün dissertasiya mövzusuyla bağlı faktları bir araya toplayıb araşdırmağa nə
varmış axı?!
Halbuki burada daha vacib sayılan
iş - məhz həqiqətin dərkidir,
yəni əsl məğzi yaxalamaqdır,
fiziki baxımdan ömrünü başa vuran insanın tamamən yoxa çıxmadığını, ölümün bir kimya hadisəsi olmadığını, ondan
sonra adı dəqiq bilinməyən nəyinsə qaldığını,
ancaq o şeyin digər insanların varlığına sirayət
edərək, onların
hisslərinə və
şüuruna hələ
də təsir göstərdiyini sübuta
yetirməkdir.
Sergeyin sağlığında onun
bənzər duyğularını
ələ salan Olqa Sergeyevna ərini itirdikdən sonra həm ağır məşəqqətlərə
ürcah olur, həm də heç gözləmədiyi
halda onu anlamağa başlayır.
"Pərvərdigara, əgər
hər şey sırf kimya ilə başlanıb, onunla da bitirsə, bəs bu ağrı
nədən yaranır?
Axı ağrının
kimyaya heç bir dəxli yoxdur. Bəlkə onların istifadə müddəti bitdiyi üçün qəflətən
sönən lampanı
xatırladan birgə həyatları da hansısa
düsturların cəmi,
birləşməsi imiş?!"
Sergeyin ora-bura vurnuxmaları özgələrinə ağılsızlığın
və dayaz düşüncənin diktəsi
kimi görünürdü,
halbuki öz daxili dinamikası baxımından bu axtarışlarda hər hansı pərakəndəlik-filan
yox idi: bütün bunlar dərin düşünən
və dayaz ümumiləşdirmələri öz yaxınına buraxmayan bir insanın axtarışları
idi.
Daha sonra spiritizmə maraq salmasını da onun doğmaları sayılan iki insan - anası və xanımı - əsl dəlilik sayırdılar, ancaq heç bu da səbəbsiz bir seçim deyildi. Bu - onun insanlararası anlaşmanın gizli sirrini açmağa, onun açarını tapmağa can atan ruhi axtarışlarında
artıq növbəti
mərhələ imiş.
Bundan məqsəd - insan tənhalığını
əhatələyən o şüşə
arakəsməni qırmaq,
ortaq dil tapmaq yoluyla sağalmaq, adətən sözlər gücsüz,
yetərsiz sayılanda,
hətta onlara gərək duymadan da anlaşmaq cəhdi imiş.
Parapsixologiya elmi də başqasının daxili məğzinə nüfuz
etmək, özünü
onun uğrunda fəda etmək hesabına və anlaşaraq dərdlərə
çarə tapmağa
can atır axı.
Sergey Troitskinin həyatı və davranışları
gözlərimiz önündə
gerçəkləşir, amma bu əsnada
bunlar onun arvadı Olqa Sergeyevnaya xas rasional düşüncənin
əyiş-üyüş güzgüsündə əks
olunur.
Bu, qeyri-adi insanın keçdiyi həyat yolunun nisbətən adi, bununla yanaşı,
dürüst, sevgisinə
sadiq və sevən, ancaq cəmiyyət tərəfindən
qəbul olunan ümumi qaydaların, reallığın fövqünə
qalxmaqda acizlik çəkən insanın
nəzərindən təqdim
olunan bir hekayətdir - belələri
bəzən əsl Həqiqətin məhz reallığın bitib-tükəndiyi
yerdə başlanması
fikriylə heç cür barışmırlar.
Öz tutduğu yolun doğruluğuna Olqa Sergeyevna zərrəcə
şübhə bəsləmir,
çünki vaxtında
(yəni Sergey kimi, hansısa muzeydə illər uzunu zaman itirmədən) dissertasiyasını
müdafiə edib və laboratoriya müdiri vəzifəsini tutub. Əgər bu qadının öz iş-gücüylə
bağlı hansısa
güman və anlaşılmazlıqları varsa
belə, bunlar həm müvəqqəti
xarakter daşıyır,
həm də heç nəyi dəyişmir.
Ən başlıca məqam isə odur ki, bu qadın həyatda
öz yerini tapdığına zərrəcə
şübhə eləmir.
Bu yerdə bir paradoks ortaya çıxır: sən demə, Olqa Sergeyevna öz işini sevmirmiş, ya da, ən azından, bu işə qarşı tamamilə biganə imiş. Ondan ötrü bu iş həftənin cəmi-cümlətanı 5 günü
və bir günün sadəcə
8 saatı ərzində
keçərli imiş.
Gündəlik işiylə
bağlı heç nə bu insanı
öz tarazlığından
çıxara bilməzmiş.
Və budur, sözügedən vakuum, boşluq onun içini daima gəmirən və çəkilməz
qısqanclıq hissiylə
doldurur: bu - həm keçmişə,
həm də indiki zamana, həm reallığa, həm də onun özündən uydurduqlarına bəslədiyi
qısqanclıqdır. İnsanı
bitib-tükənməyən və acı məşəqqətlərə düçar edən, bütün həyat eşqini tükətməklə,
onu qəddarlaşdıran,
qurudan və alçaldan bir qısqanclıqdır bu.
Olqa Sergeyevna indi hər cür sarsıntı və dəlisovluqdan uzaq, sakit bir həyat
arzusundadır: hətta
o, Sergeydən özü
üçün nələrsə
- dissertasiyasının müdafiəsini,
kurortda dincəlməyi,
televizor almağı
- tələb etmək
niyyətindən də
uzaqdır. Bununla belə, ərinin keçmiş dostu Gena Klimukun gözqamaşdırıcı
yüksəlişi də
bu qadına hədsiz dərəcədə
çiyrindirici görünür.
Çünki Gena Klimukun
başdan-sona proqramlaşdırılan
həyatında nəinki
bircə gün, heç bircə saat da hədər getmir.
Orta məktəb, institut və dissertasiya müdafiəsinin ardınca
tutduğu, hər dəfə də daha yüksək vəzifələrə o, hər
hansı ruh gərginliyi və tərəddüd keçirmədən
yiyələnibdir: çünki
onun hədəfi - ətrafındakıları dirsəkləriylə
itələyərək, daha
önə keçməkdən
ötrü öz doğmalarını və
dostlarını tapdalayıb
keçməklə, dürüstlüyə,
ya da şərəfə
hər hansı məhəl qoymadan öz mənafeyinə doğru can atmaq, hər şeyə bir an əvvəl çatmaqdır.
Sergeyin mənəvi baxımdan Klimukdan üstünlüyü
ilə qeyd-şərtsiz
barışsa belə,
Olqa Sergeyevna öz ərini uğursuz biri sayır. Ərinin təqsirini də, bizcə, Olqa Sergeyevna onda görür ki, Sergey xanımına
tam mənada etibar hissi aşılaya bilməyib, onda həmişə Sergeyin məhvə sürükləndiyinə
dair qəti bir qənaət formalaşıb. Halına
acımaqla, bu qadın ərinin onsuz da ağır durumunu daha acınacaqlı
şəklə salıb,
ərinin qısa ömrü boyu aralarında hökm sürən anlaşılmazlığı
nisbətən dərinləşdirib.
Özünün halına acınacaq,
yaxud məhvə sürüklənən biri
olmadığını çevrəsindəki
insanlara anlatmaq Sergeydən ötrü hədsiz qəliz bir məsələ imiş: sadəcə olaraq o, başqalarının
ondan umduğu şeyləri özü üçün gərəksiz
sayırmış. Onun
sırf daxili azadlığa, "insanın
içində daima toxunulmaz qalan, gərilsə belə, qırılmayacaq" bir
yaya ehtiyacı var imiş,
bu isə o mənaya gəlirmiş
ki, Sergey öz mahiyyətini
əsla dəyişmək
istəməyib, nə
qədər əziyyət
çəkib, uğursuzluqlara
düçar olsa da, özünə inamını
heç vaxt itirməyib... Onun hələ də içində qoruduğu
o polad, amma heç kimə görünməyən dəyanəti
zərrəcə sarsılmayıbmış".
Fərqli həyat tərziylə Sergey özünün guya basqı altında olması hissini başqalarına aşılamağa çalışırmış. Bu çarəsizlik görüntüsü onun işinin öhdəsindən gəlməməsi ilə hər hansı şəkildə və ya dərəcədə əlaqəli deyilmiş. Bunun səbəbi - onun can atmalı olduğu şeyə, yəni başladığı işi davam etdirməyə özünü heç cür məcbur eləyə bilməməsi olub.
Əsən rüzgar otları sığalladığı kimi, ağrılara bələnən "başqa həyat" teması da bütün əsər boyu qırmızı bir xətt kimi keçir.
Povestin adı kimi seçilən bu ikicə sözdə dərin məna yatır - birmənalı sayılmayacaq bu yığcam obraz xeyli geniş şəkildə yozula bilər. Bu "başqa həyat" - hər nə qədər tanış görünsə belə, bir başqasının həyatıdır, kənardan baxan onun dərin qatlarda yatan məğzini tək ləhzədə anlaya bilməz. Bu məğz barədə bir rus atalar sözündə deyilir ki: "Özgənin qəlbi - qaranlıq aləmdir".
Bu obrazın nisbətən üst qatını araşdırmaqla bağlı ilk cəhdi də elə Olqa Sergeyevna göstərir: o, özünün son dərəcə aydın, amma bir elə də bezdirici görünən rasionalizmindən fənər kimi yararlanaraq, bu qatı qaranlığı yarıb-keçməyə çalışır, hər şeyi ağlabatan bir tərzdə izah eləyir. Ancaq onun məntiqi qənaətlərinin təməlində emosional, subyektiv, hissi, daha dəqiq desək, "zənənlərə xas" məqamlar dayanır. Müəllifin elə ustalığı da bundadır ki, o, Olqa Sergeyevnanı bizə sxematik şəkildə yox, ətli-qanlı və mürəkkəb bir xarakter kimi təqdim eləyir. Sözügedən bu "başqa həyat" isə həm də onun, yəni Olqa Sergeyevnanın mənəvi tərcümeyi-halıdır, baxmayaraq ki, bununla onun ərinin mənəvi bioqrafiyası arasında ciddi fərqlər mövcuddur. Bundan əlavə, başqa həyat - Sergeyin olduğu qədər də, başqalarının sahib ola biləcəyi həyat tərzidır. Povestin, demək olar ki, bütün personajları taleyin fərqli variantlarına sahibolma ideyası, yaxud həyat situasiyalarının alternativliyi ideyası fonunda təsvir olunublar.
Şəxsən Olqa Sergeyevnadan ötrü "Başqa həyat" imkanı - hər cür emosional sarsıntıdan sığortalanmış, gözqamaşdıran, anlaşılan, nizamlı, sevinc dolu, bəlli şəraitə malik və rahat bir yaşayışı arzulamaqdır.
Aydın məsələdir ki, bu "başqa həyat"ın mümkün versiyası xanımının Sergeyə "başqa həyat" tərzini rəva görməsiylə, daha doğrusu, Sergey üçün "başqa həyat" arzulamasıyla da birbaşa əlaqəlidir. Çünki qadın öz birgə həyatlarını bitkin, canlı, coşub-daşan bir orqanizm sayır, bu orqanizmin isə özünə xas ürəyi, ağ ciyərləri, duyğu orqanları var və bu vahid həyat üç ayrı qismdən ibarətdir, bunun ikinci qismini təşkil edən Sergeyin həyatı ideal halda, yəni qadının idealına görə, hər cür anlaşılmazlıqdan, ağılsızlıqdan, məntiqsizlikdən və ağlın mənasız səylərindən mütləq arınmalıdır.
Vaxtilə Şaqalın və Modilyaninin dostu olan, sonradan özünün gənclik illərində yaratdığı bütün tabloları məhv edən, hazırda hansısa komissiyaların tərkibində iclaslara qatılaraq, "tala və nohur" rəsmləri üçün sifarişləri icra edən rəssam Qriqori Maksimoviçin də özünə görə bir "başqa həyatı" var. Aradakı yeganə fərq isə ondadır ki, o, özünün həqiqi, yəni arzusunda olduğu həyatını ömrünün lap əvvəlində, yəni gənclik dövründə yaşayıbdır. Bunun ardınca isə qırılan, deformasiyalara uğrayan, əzik-üzük bir şeyə çevrilən həmin dönəm artıq haradasa uzaq keçmişlərdə qalıb deyə, onun ömründə sakit, firavan, rahat və tox bir həyat mərhələsi başlanıb.
Sergeyin öz nəzərində isə "başqa həyat" - həyata keçməyən, reallaşmayan, daima dəyişimlərə məruz qaldığı üçün ələkeçməz və əbədi təəssürat hissi bağışlayan bir simvoldur.
Sergey Troitskinin başqa həyatını, bax, bütün bu ünsürlər təşkil edir - axtarışların pərakəndəliyi, tapıntıların mümkünsüzlüyü, dərkolunmazlardan gələn gizli çağırışlar, şübhələrin şirin iniltisi və barışmazlığın sönməz alovu.
Bitkin və dəyərli bir hiss sayılan daxili azadlıq hər nə qədər ziddiyyətli, bəzən qarma-qarışıq, bəzən gərəksiz və ağlasığmaz görünsə də, "azadlığa təşnəlik" duyğusu məhz elə bunlardan yoğrulur. Azərbaycanlı nasir Ənvər Məmmədxanlı bu duyğu barədə vaxtilə yazmışdı ki, "o, ya insanları yandırıb külə çevirir, ya da yerli-dibli... olmur".
Bəli, Sergey hər şeyə "öz zövqünə uyğun şəkildə" yanaşır. Ancaq bu məfhum dəqiq və sarsılmaz mənəvi kriteriyaları özündə cəmləşdirir, əsas, həlledici sayılacaq xüsuslarda o, əsl dönməzlik sərgiləyir, kimlərəsə ayaq uydurmaq istəmir, heç kəsdən, hətta o xeyirxah görünən Qriqori Maksimoviçdən də gələ biləcək ən cüzi dəstəkdən belə boyun qaçırır.
Olqa Sergeyevna buna da öz münasibətini bildirir: "İçlərindəki ziddiyyət və sadəcə könüllərindən keçəni eləmək istəyi bu insanları gözgörəsi məhvə sürükləyir".
"Bu insanlar" deyərkən, o, Sergeyin bütün nəslini - onun ən uzaq qohumlarından tutmuş, ordan-ora köçən kəndliləri, yeni məzhəb təəssübkeşlərini, keçmiş keşişdən tutmuş, Saratovda məskunlaşaraq, icma şəklində yaşayanları, cəmiyyətdə ədalətin və islahatların bərqərar olmasını həsrətlə gözləyən peterburqlu tələbə Sergey atadan tutmuş, əri Sergeyə qədər hər kəsi nəzərdə tutur.
Olqa Sergeyevna vurğulayır: "Belələrinə heçcə nə kar eləmir - nə döymək, nə də asıb-kəsmək. Bunların hamısının içində daima bir etiraz dalğası qabarıb köpüklənir".
Bu, yetərincə qüssəli, amma məntiqlə, hətta belə demək mümkünsə, mərdliklə yoğrulan qüssə yükünə malik povestdə, məncə, nişan verilən əsas ümid yeri - əvvəlki nəsillərdən Sergeyə, ondan isə qızına ötürülən və mənəvi gücün qırılmazlığına bəslənən inam hissidir. Elə Sergey də əmindir ki, "bacardıqca üzü keçmişə doğru, həm də dərinləməsinə qazmaqla, səni irəliyə, gələcəyə aparacaq o ipin ucunu yaxalaya bilərsən..."
Sergeyin qızı İrinanın da özünəxas bir "başqa həyat"ı var. Özünün zahirən hər barədə məntiqə və oturuşmuş ədalət şkalasına söykənən yanaşmalarına sadiq qalan Olqa Sergeyevna isə bunu nə anlayır, nə də qəbul edir.
Məktəbli qız özünün xırda-para təlaşlarını anasının qərq olduğu həqiqətən, dərin və iztirab dolu dərdlərdən üstün tutaraq, ona qarşı saymazyana davrandığı zaman Olqa Sergeyevnanın haqlı hiddətini, bəlkə də başa düşmək mümkündür. Məsələ də burasındadır ki, İrina ruhsuz, gönüqalın biri deyildir axı, həm də atasını "hədsiz dərəcədə sevirmiş!" "Qəribə xasiyyəti var ey qızın!" - deyə düşünərkən Olqa Sergeyevna hələ bunun səbəbini də tapır - "atasına çəkib də".
O, təzədən "başqa həyat"ın tapmacaları qarşısında çaş-baş qalır. Əslində bu həyat tərzinin özü - qadının qarşılaşdığı sualların yeganə cavabıdır. Başqa həyat - öz immanent qanunlarına əsasən cərəyan edən bir həyat tərzidir.
Qələmə aldığı yeni povestilə Yuri Trifonov bizim qarşımızda mənəvi dəyərlərin, ruhi sarsıntıların, psixoloji və intellektual keşməkeşlərin dərin, həm də birmənalı şəkildə alqılanmayacaq aləmini açıb göstərir. Həm mövzusu, həm də toxunulan problemlər baxımından bu yeni əsər yazıçının şəhər həyatından bəhs edən povestlərinin davamı, hətta, məncə, bədii cəhətdən onların bir pillə üstünü də sayıla bilər. Rus nəsrinin ənənələriylə sıx tellərlə bağlı olan Y.Trifonov nəsri üçün məişətin gen-bol, həm də dolğun təsviri səciyyəvi bir cəhət sayılır. Hazırda dəbdə olan, zamanla cürbəcür manipulyasiyalara hesablanan, reallıq ilə təsəvvür olunanı, əsasən də final hissədə yuxu ilə həyatı "sürrealistcəsinə" bir-birinə qarışdırmaq kimi ədəbi fəndlərin həmişə özünü doğrultmadığını isə mən burada ayrıca vurğulamaq istərdim.
Bu povesti də o, bütövlükdə təmsil etdiyi böyük ədəbiyyatın müqəddəs həqiqət axtarışlarına sədaqəti ruhunda yazıbdır. Bu yolla müəllif insanın taleyinə böyük diqqətlə yanaşmağı, onu təkrar dəyərləndirməyi, xoşbəxtlik və bədbəxtliklə bağlı oturuşmuş, amma bəsit olduğu üçün müvəqqəti sayılan stereotipləri, süni inkişaf və gerçək hüzursuzluq barədə gəlinən həyat qənaətini təkrar gözdən keçirməyi bizlərə məsləhət görür.
Ola bilsin, başqa həyat - "sualın axtarılan cavabı kimi talanın o biri üzündən vuracaq zəif şəfəqdə özünü bizə göstərəcəkdir".
ANAR
Tərcümə etdi: Azad YAŞAR
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, №32-33.- S.2-3.