"Siz
həmişə bizimləsiniz..."
İan Peart Xalq yazıçısı
Elçinin ədəbi
irsi haqqında
Xalq
yazıçısı, görkəmli
ədib Elçin Əfəndiyevin vəfatından
altı həftə keçir. Onun adı ilə bağlı
xatirələr, düşüncələr və yazılar
bu gün də davam edir. Ədəbiyyatımızın parlaq
nümayəndəsi, böyük ziyalı Elçin Əfəndiyev
yalnız yazıçı və dramaturq kimi deyil, həm də
milli teatr və mədəniyyət tarixində özünəməxsus
yeri olan şəxsiyyət kimi yaddaşlarda qalacaq.
Elçin təkcə qələmə
aldığı əsərləri ilə
deyil, qəlbindən gələn hər sözü ilə
xalqın yazıçısı idi. Onun Azərbaycan ədəbiyyatına
verdiyi töhfələr, yaratdığı obrazlar,
toxunduğu mövzular və təqdim etdiyi bəşəri dəyərlər
xalqımızın ruhu ilə sıx bağlıdır.
Dramaturq kimi o, milli teatr repertuarını zənginləşdirməklə
yanaşı, teatr dilini də müasirləşdirdi. Pyeslərində
dialoqların təbiiliyi, emosional gücü və fəlsəfi
dərinliyi tamaşaçını
düşündürür, təkcə əyləndirmir.
Elçinin əsərlərinin sirri, oxucuya
doğmalığı, şübhəsiz ki, müəllif
şəxsiyyətinin gücündən qaynaqlanır. O, gündəlik həyatın incəliklərini
də, böyük fəlsəfi sualları da sözün bədii
gücü ilə təqdim etməyi bacarırdı. Mənim
üçün Elçin hər zaman düşüncəyə
sövq edən bir yazıçı olub. Onun əsərlərində
hər dəfə yeni ideya, yeni motiv, yeni obraz kəşf etmək
mümkündür.
Molyer teatrından ilham
alaraq klassik və müasir estetikanı
milli zəminə gətirən Elçin, "Arılar
arasında" və "Şekspir" kimi pyesləri ilə
Azərbaycan səhnəsini zənginləşdirdi, bəşəri
ideyaları sənətin dili ilə təqdim etdi. Bu əsərlər
Londonda, Nyu-Yorkda və dünyanın bir sıra ölkələrində
uğurla səhnələşdirildi. Yazıçının əsərlərinin
müxtəlif yerli və xarici teatr səhnələrində
tamaşaya qoyulması onun yaradıcılıq
gücünü və universallığını bir daha
sübut edir. "Cəhənnəm sakinləri" əsərinin
beynəlxalq uğuru da bu universallığın bariz nümunəsidir.
"Baş" romanı isə çağdaş
postmodern ədəbiyyatın axarında özünəməxsus
yer tutur. Yazıçının tarixi hadisələrə
ironik və paradoksal yanaşması onun ədəbi
baxışlarının lokal sərhədlərdən
aşaraq qlobal mədəniyyətlə dialoqa girməsinin
sübutudur.
Bu zəngin irsin dünya oxucusuna çatdırılmasında
tərcüməçilərin rolu misilsizdir. İngilis ədəbiyyatşünas
(jurnalist) və tərcüməçi İan Peart Elçin
Əfəndiyevin əsərlərini ingilis dilinə
çevirən və dünya oxucusuna tanıdan şəxslərdən
biridir. O, yazıçının bir sıra pyeslərini
(Şekspir, Teleskop, Cəhənnəm sakinləri) və hekayələrini
(Sarı gəlin, Baladadaşın toy hamamı) tərcümə
etmiş, həmçinin müəllifin kitablarından birinin
redaktoru olmuşdur (Elchin. My Favourite Madman and Other Plays / Elchin;
trans.: İ. Peart, S. İbrahimova, S. Aliyev; ed.: İ. Peart, A.
Alekberov. - Baku: Aspoliqraf, 2012. - 312 p. - İngilis dilində).
Onun fəaliyyəti nəticəsində Elçinin milli ruhu
daşıyan, lakin universal dəyərlərlə səsləşən
yaradıcılığı daha geniş oxucu kütləsinə
təqdim olunmuşdur.
Elə bu səbəbdən
İan Peartla söhbətimiz yalnız tərcümə
prosesi haqqında deyil, həm də Elçin Əfəndiyevin
ədəbi irsinin dünyada necə qəbul edilməsi barədədir.
Məqsədimiz Elçinin əsərlərinə xarici
oxucunun gözü ilə baxmaq və onun
universallığını göstərməkdir.
Sevinc
Zeynalova: - Azərbaycan ədəbi mühitində Elçinin
əsərləri artıq klassik dəyər qazanıb. Amma
maraqlı məqam budur ki, bu əsərlər təkcə
milli auditoriyada deyil, beynəlxalq səviyyədə də
maraq doğurur. Sizcə, beynəlxalq oxucular üçün
nələr xüsusilə önə çıxır?
İan
Peart: - Mənim fikrimcə, Azərbaycan və
beynəlxalq auditoriyanın reaksiyalarını bir-birindən
ayırmaq düzgün olmazdı. Çünki Elçinin
pyesləri mahiyyət etibarilə bəşəriyyətə
ünvanlanır. Əlbəttə, orada yerli rənglər,
milli ənənələr, müəyyən situasiyalar var.
Amma düzgün (ruhuna yaxın) və səmimi tərcümə
olduqda bu əsərlər hər bir insana xas olan hal və
duyğuları ifadə edir. Onun səhnə əsərləri
insanın təməl duyğularına toxunduğu
üçün Yer kürəsində yaşayan hər kəsə
doğma gələ bilər!
S.Z.
(şərh): Doğrudur. Elçinin əsərləri illər
boyu teatr səhnələrində özünə yer tapsa da,
hər dəfə tamaşaçının qəlbinə və
düşüncəsinə toxunmağı bacarır. Ən əsası
isə, onun yaradıcılığı həm yaşlı,
həm də gənc nəsil tərəfindən eyni sevgi və
maraqla qarşılanır.
S.Z.: -
Dramaturq kimi onun Azərbaycan teatrında rolu barədə nə
deyə bilərsiniz?
İ.P.:
- O, sözsüz ki, teatr səhnəsinə həm
düşüncə, həm də tamaşa baxımından
fərqli rakursdan bir işıq saldı. Mənim
gördüyüm ilk tamaşa Şekspir idi və bu əsəri
"Üns" teatrında izlədim. Azərbaycan dilini o
vaxt, demək olar ki, bilmirdim, amma tamaşanın gücü, hərəkəti,
yumoru və insan talelərinin toqquşması məni tam
ovsunladı. Teatrdan çıxanda yalnız bir
düşüncəm vardı: mütləq
yazıçını tanımalı və pyesin mətnini əldə
etməliyəm. Bu, sonradan illərlə davam edən bir
yaradıcılıq dostluğunun başlanğıcı
oldu. Mənim üçün Elçinin əsərləri həm
düşündürücü, həm də çox əyləncəlidir.
Onun mövzuları və ideya miqyası - məsələn,
Baladadaşla Cəhənnəm sakinləri arasındakı fərqlər
və ya "Şekspir"lə "Baş"
romanının müqayisəsi - onun yaradıcılıq
gücünü və humanistliyini nümayiş etdirir. Onu da
qeyd etmək istərdim ki, aktyorlar da onun pyeslərində
öz yaradıcılıqlarını sərbəst ifadə
etmək fürsəti tapırdılar. O, Azərbaycan
teatrının böyük simalarından biridir.
S.Z.
(şərh): Dramaturq kimi Elçin yalnız milli teatr
repertuarını zənginləşdirmədi, həm də
teatrın dilini müasirləşdirdi. Onun pyeslərində
dialoqlar təbii, emosional və eyni zamanda fəlsəfi dərinlik
daşıyır. Bu, tamaşaçını
düşündürür, təkcə əyləndirmir.
İ.P.:
- Tamamilə razıyam. Mənim də ilk dəfə
gördüyüm tamaşa - "Şekspir" - məhz bunu
göstərdi. Dil mənim üçün hələ yad
idi, amma buna baxmayaraq, əsərdə baş verən hadisələr,
obrazların xəyalları, məyusluqları,
düşüncələri və ziddiyyətləri dərhal
anlaşılan idi. Tamaşa psixiatriya xəstəxanasında
qurulmuşdu, səhnədə həkimlər, əsəbi bir
təsərrüfatçı, Sara Bernar, Venera planetindən gələn
bir varlıq, "Drob 13" adlı obraz və hətta
İosif Stalin vardı. Bu qeyri-adi, hətta bir qədər
sürrealist görünən mühitdə belə, hadisələr
və konfliktlər hər kəs üçün
tanış idi. Və ən əsası, bunlar böyük
ustalıqla, səmimi və güclü yumorla təqdim
edilirdi. Zaldakı tamaşaçılar gülür, eyni
zamanda düşünməyə vadar olurdular.
S.Z.: -
Siz Elçinin üç pyesini - "Şekspir",
"Teleskop" və "Cəhənnəm sakinləri"
- ingilis dilinə tərcümə etmisiniz. Hər biri fərqli
dramaturji üslubu təmsil edir. Bu əsərləri tərcümə
edərkən hansı çətinliklərlə üzləşdiniz?
İ.P.:
- Burada xüsusi qeyd etməliyəm ki, həmin tərcümələri
həyat yoldaşım Səadət İbrahimova ilə birlikdə
etmişik. O, mənim Uilyam Şekspiri nə qədər
sevdiyimi yaxşı bilirdi və məni həmin ilk
tamaşaya da o aparmışdı. Düşünürəm
ki, bir az da həyəcan keçirirdi, bəlkə də
ehtiyat edirdi ki, mən məyus olaram və "sevimli qəhrəmanımın
nüfuzunu müdafiə etmək istərəm." Amma tam əksinə!
Bu mənim teatrda keçirdiyim ən möhtəşəm gecələrdən
biri idi. Bu günə qədər Səadət xanıma minnətdaram
ki, məni həmin tamaşaya apardı.
Tamaşadan dərhal sonra israrla xahiş etdim ki, Elçinlə
görüşməyin və pyesin mətnini əldə etməyin
yolunu tapsın. O, bunu bacardı. Əminəm ki, burada sizin də,
Sevinc xanım, yardımınız olmuşdu. Buna görə
sizə də ayrıca minnətdaram!
Bizim üçün həmin tərcümələri ən yüksək səviyyədə
ortaya qoya bilmək çox vacib idi. Doğrusu, çətinliyimiz
çox olmadı. Elçinin dialoqları son dərəcə
aydın və canlı idi. O, heç vaxt mouzə oxumur,
öyüd-nəsihət vermir. Sadəcə, personajların
danışmasına şərait yaradır, düşünməyi
isə oxucunun və tamaşaçının ixtiyarına
buraxır. Əsərlərinin dili olduqca təbii və həyatidir.
Əlbəttə, mətnlərdə milli çalarlar və
Azərbaycan dilinə xas ifadələr vardı. Amma Səadət
xanım həmin ifadələrin mənasını və məna
qatlarını mənə izah edirdi. Çünki
Elçinin üslubu mahiyyətcə universaldır və
çox vaxt həmin məqamların ingiliscə
qarşılığını tapmaq çətin deyildi.
S.Z.: -
"Şekspir" pyesi xüsusilə tragikomik tonu ilə fərqlənir.
Sizcə, Elçinin ironiya və paradokslardan istifadə
üslubu nəyi ifadə edir? Bu, müasir dramaturgiyanın
qlobal tendensiyaları ilə necə səsləşir?
İ.P.:
- Elçini mənim üçün maraqlı edən də
məhz bu idi. Bilirsiniz ki, Uilyam Şekspirin ən faciəli əsərlərində
belə, yumora, ironiyaya və paradoksa yer verilir. Dramaturgiya məhz
bu balansla güclənir. Elçin də bunu çox
ustalıqla bacarırdı. Mənim gördüyüm ilk
"Şekspir" tamaşasında dil mənim
üçün yad olsa belə, amma aktyorların enerjisi,
xarakterlərin bütövlüyü dərhal hiss olunurdu.
Personajlar "kartondan" hazırlanmış obrazlar deyildi,
onlar canlı idilər. Və tamaşa boyu həm
düşündürən, həm də güldürən
anlar yaşanırdı. Bu, böyük sənətin əlamətidir.
S.Z.: -
"Cəhənnəm sakinləri" dərin fəlsəfi
və əxlaqi mövzular üzərində qurulub,
"Teleskop" isə daha çox alleqorik və simvolik təsir
bağışlayır. Sizcə, Elçin müxtəlif
dramaturji formalarla qəsdən təcrübə
aparırdı, yoxsa bu, onun yaradıcılıq (vizyonunun) təbiəti
idi?
İ.P.:
- Elçinlə ilk görüşümüzü heç
vaxt unutmaram. Müsahibəmizdən böyük zövq
aldım. O vaxt o, Azərbaycan Respublikasının Baş
nazirinin müavini idi və mən belə bir şəxslə
görüşəcəyim üçün, təbii ki, bir
qədər həyəcanlı idim.. Amma
bu həyəcan çox tez keçdi, çünki
Elçin çox səmimi və açıq insan idi. O,
söhbəti dərhal yazıya, ədəbiyyata gətirdi və
bunun onun əsas sevgisi olduğu hiss olunurdu. Mən onun yazı
prosesi barədə dəqiq danışa bilmərəm, amma
aydın odur ki, o, hər dəfə cəmiyyətlə
bağlı müəyyən bir mövzunu çatdırmaq
istəyirdi. Mövzunu seçəndən sonra isə
hansı üslubun daha uyğun olduğuna qərar verirdi.
Məsələn, "Cəhənnəm sakinləri" mənim
üçün böyük sürpriz oldu. Mən Elçindən
belə sərt və "qorxulu" bir mətn gözləmirdim.
Əsəri oxuyanda və ya tamaşaya baxanda insan sanki yerində
donub qalır. Bu, çox güclü və təsirli bir əsərdir.
Mənim üçün bu əsər Elçinin ən
çox israrla dediyi bir çağırışdır:
"Diqqətlə baxın, düşünün, belə bir
şey necə baş verə bilər? Siz özünüz bu
halda nə edərdiniz?" Onun gücü də məhz
bundadır: oxucunu və tamaşaçını silkələyir,
dərin düşüncəyə sövq edir.
S.Z.: -
"Sarı gəlin" və "Baladadaşın toy
hamamı" hekayələrində folklorla bədii təfəkkürün
birliyi xüsusi yer tutur. Elçinin milli dəyərlərlə
ümumbəşəri mövzuları birləşdirmək
bacarığı sizə necə təsir
bağışladı?
İ.P.:
- "Baladadaşın toy hamamı" əsərinə gəldikdə,
deyərdim ki, o daha çox lokal məzmun daşıyır.
Amma Baladadaşın öz toy öncəsi məcburi adət
olan hamam mərasimini təşkil etməkdə çəkdiyi
çətinliklər, onun gülüş doğuran
inadkarlığı və sonda tapdığı
ağıllı çıxış yolu hər oxucuya
tanış gəlir. Hər kəs öz həyatından
bunabənzər məqamlar xatırlayır və təbii ki,
ucadan gülür.
"Sarı gəlin" isə beynəlxalq xarakter
daşıyan hekayədir, burada Azərbaycan, Norveç və
ABŞ-dan gələn obrazlar var. Oxucu dərhal Azərbaycanın
musiqisi və xalq ənənələri ilə tanış
olur. Balabanın kədərli, sehrli səsi hekayədə
aparıcı rol oynayır. Əsərin mövzusu müstəqilliyini
yeni qazanmış Azərbaycanın Qərb dünyası ilə
ilk təmasları, fərqli dəyərlər, etik normalar və
iqtisadi münasibətlərlə
qarşılaşmasıdır. Burada Qərbin Azərbaycan mədəniyyətinə,
onun dəyərli irsinə verdiyi ilk reaksiyası təsvir
olunur. Əsər sanki bəşəriyyətə yönələn
açıq bir çağırışdır: "digərin"in
mədəni dəyərlərinə hörmətlə
yanaşmaq və onları anlamaq zərurətini vurğulayan
bir müraciət. Mənim özümün də "Sarı
gəlin" mahnısı ilə bağlı mistik bir təcrübəm
olmuşdu: Naxçıvanda Əlincəçay vadisinə
baxarkən, sanki həmin musiqinin ruhunu hiss etdim. Daha sonra bu
hekayəni oxuyanda Elçinin həmin duyğunu bu sətirlərlə
necə möhtəşəm ifadə etdiyini hiss etdim:
"... Çoban, qaytar quzunu ..." Bu səhnəni
Elçin böyük ustalıqla qələmə
almışdı.
S.Z.
(şərh): Maraqlı məqama toxundunuz. Elçinin
"Sarı gəlin" hekayəsində yer alan "Dərin
vadi" obrazı sadəcə təbiət mənzərəsi
deyil, eyni zamanda milli yaddaşın məkansal kodunu simvolizə
edir. "Çoban, qaytar quzunu" ifadəsi isə metaforik
anlamda keçmişi, ənənəni, bəlkə də
zamanla itirilmiş dəyərləri geri çağırmaq
kimi işlədilir. Burada "öz" və "digər"
arasında körpü qurulur: Azərbaycan mədəniyyətinin
"öz səsi" balabanın müşayiəti ilə
qlobal oxucuya təqdim olunur.
S.Z.: -
Sizcə, Elçin Əfəndiyevi dünya ədəbiyyatı
xəritəsində hansı mövqedə görmək olar?
Onun yaradıcılığı ilə beynəlxalq
yazıçılar arasında hansı oxşarlıqları
görürsünüz?
İ.P.:
- Bu mənim üçün çətin sualdır. İcazə
verin, izah edim. 2000-ci ildə, Bakıya köçəndən
bir neçə ay sonra mənə Qurban Saidin "Əli və
Nino" romanının ingiliscə nüsxəsi verildi.
Oxuyanda heyrətə gəldim və öz-özümə
düşündüm: "Necə ola bilər ki, mən
universitetdə ədəbiyyat oxumuşam, yaxşı təhsil
almışam, amma belə möhtəşəm bir kitabdan
heç xəbərim olmayıb?" Təəssüflə
deməliyəm ki, Qərbdə Azərbaycan ədəbiyyatı
barədə məlumatsızlıq hələ Azərbaycan
yazıçılarının qlobal miqyasda "yer
alması"na çətinlik törədir. Paralellərə
gəlincə, kifayət qədər nümunə tapmaq olar. Mən
də sizin kimi, ilk növbədə, Molyerin adını
çəkərdim. Bildiyim qədər, Mirzə Fətəli
Axundzadə də XIX əsrin ortalarında Molyerin təsirindən
bəhrələnmişdi və Azərbaycan maarifçilik hərəkatının
başlanğıcında məhz satira ilə sosial-siyasi məsələlərə
müraciət etmişdir. Elçin də satiranı və
ironiyanı bu missiya ilə - cəmiyyətin inkişafı,
insanın dərk olunması üçün bir vasitə kimi
istifadə edirdi. Amma dünya ədəbiyyatşünaslığı
çox ciddi səy göstərməlidir ki, Axundzadə,
Elçin və digər böyük Azərbaycan yazarlarını
araşdırsın və onları dünya ədəbiyyatı
xəritəsinə daxil etsin.
S.Z.: -
Postsovet ədəbiyyatı çox vaxt ənənə ilə
müasirlik arasında sıxışıb qalmaqda ittiham
olunur. Bu, Elçin Əfəndiyevə aid edilə bilərmi?
İ.P.:
- Mən bunu Elçinə aid etməzdim. Onun yaradıcılığının
genişliyi həm janr, həm də mövzular
baxımından, açıq şəkildə göstərir
ki, o, həmişə eksperiment aparmağa hazır idi və ən
uyğun üslubu seçirdi. Məsələn, pyeslərini
götürək. Teatr, əlbəttə ki, ənənəvi
bir incəsənət formasıdır, amma
"Şekspir" və ya "Teleskop" əsərlərini
ənənəvi pyeslər kimi qələmə vermək çox
çətindir. "Cəhənnəm sakinləri"
müəyyən mənada, formaca ənənəvi
görünə bilər, üstəlik, sovet həyatının
bir dövrünü əks etdirir, amma o dövrə
münasibətindəki dəqiqlik, aydın baxış və
sənətkarlıq əsla "ənənəvi" deyil.
"Baş" romanı isə, formaca qismən klassik
görünür, lakin məzmununa görə postmodernist ədəbiyyata
daha yaxındır. Elçinin təsirləndiyi müəllifləri
də görmək mümkündür: Molyer, bəlkə də
Qoqol. Amma onun əsərlərinin məkanı çox
müxtəlifdir: XIX əsr Bakısı, bu günün
psixiatriya xəstəxanası, Abşeron kəndi, müstəqillik
dövrünün Bakısı və Nyu-York mənzilləri,
sovet dövrünün məişəti və bu məkanlarla
bağlı sosial məsələlər. Bu qədər
genişlik Elçinin yaradıcılığını hər
hansı konkret kateqoriyaya salmağı mümkünsüz
edir. Elçin ənənədən bəhrələnirdi,
amma onu müasir oxucuya ünvanlayırdı.
S.Z.: -
Əgər Elçin Əfəndiyevi onunla tanış olmayan
yeni oxucu nəslinə təqdim etmək lazım olarsa,
hansı əsəri tövsiyə edərdiniz?
İ.P.:
- Mənim seçimim, yəqin ki, "Şekspir" pyesi
olardı. Çünki hələ də onun təsiri
altındayam. Amma əgər teatr tamaşasına baxmaq
mümkün deyilsə, onda Elçinin hekayələrinə
üz tutardım. İlk növbədə, "Sarı gəlin"
hekayəsini oxumağı tövsiyə edərdim. Məncə,
bu hekayəni oxuyan, eyni zamanda musiqisini dinləyən hər kəs
ona biganə qala bilməz.
İ.P.:
- Mən Günay Əfəndiyevaya atasının vəfatı
ilə bağlı dərin hüznlə
başsağlığı verirəm. Biz Günay xanımla
Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunda
birgə layihələr həyata keçirmişik və əməkdaşlıq
etmişik. Mən inanıram ki, bu ağır günlərdə
atasının zəngin irsi onun üçün həm təsəlli,
həm də güc mənbəyi olacaq. Elçin Əfəndiyevin
irsi yalnız ailəsi tərəfindən deyil, həm də
dünya boyu oxucuları tərəfindən
yaşadılır.
S.Z.
(şərh): Mən Elçinin
yaradıcılığını öyrənərkən
çox vacib bir məqamı dərk etdim: onun əsərlərinin
oxucuya bu qədər doğma, yaxın və təsirli
olmasında yaradıcı şəxsiyyətin rolu həlledicidir.
Elçin Əfəndiyevin daxili mədəniyyəti, mənəvi
işığı və ədəbi düşüncə tərzi
onun bütün əsərlərində parlaq şəkildə
əks olunurdu. Bu səbəbdən o, yalnız böyük
yazıçı deyil, həm də milli mədəniyyətin
daşıyıcısı, ədəbiyyatımızın mənəvi
simvoludur. Mədəniyyətli olmaq sadəcə zahiri
davranış deyil; insanın daxilindəki işıq, mənəvi
zənginliyi və geniş dünyagörüşü ilə
bağlıdır. Elçin Əfəndiyev məhz belə
bir daxili mədəniyyətə sahib yaradıcı şəxsiyyət
idi. Onun yazılarında da, gündəlik ünsiyyətində
də bu zəriflik, intellektual dərinlik və humanist
münasibət hiss olunurdu. Bu da əsərlərinin həm Azərbaycan,
həm də dünya oxucusu üçün daim aktual və təsirli
qalmasının başlıca səbəblərindəndir.
Öz sözü və sənəti ilə o, hər zaman bizimlədir!
Çox
şey söyləmək
olar... Amma yazıçının öz
sözləri ən gözəl cavabdır:
"...Sənət heç zaman güzəştə getmir. Sənət həmişə
təfəkkürün, bədii-estetik qadirliyin ən yüksək
mərtəbəsində dayanır, bircə pillə
aşağıda belə, artıq sənət yoxdur. Bu mənada sənət amansızdır..."
İon
Deaconescu
Müsahibəni apardı:
Sevinc Zeynalova
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, ¹32-33.- S.6-7.