Çox da gileylənmə soyuq
havadan,
Çox
da gileylənmə çiskin
yağışdan.
Sən orda bir qırıq
üşüyən kimi
Mən burda donuram soyuq
baxışdan.
Yağışdan qorunmaq nəmənə
şeydi?
Dünyadan usanma, həyatdan
doyma.
Başında sıxlaşan buludları
qov,
İçində günəşi sönməyə
qoyma.
Gözümdə, könlümdə tutiya
kimi
Var mənim hər cürə havam, - deyirəm.
Bütün ağrıları, acılarıyla
Bu alçaq həyata davam deyirəm.
Dəyişkən havadan üzülmə
çox da,
Dəyişkən adamlar qorxudur məni.
Nə qədər istəsən,
günəş göndərim,
Sən yolla bu yana
dumanı, çəni.
Yolüstü görüşsün havalarımız,
Qaynayıb-qarışıb olsunlar birgə.
Günəşlə buludun qovuşmasından
Bizə
də azacıq pay düşər bəlkə.
İstəsən ah çəkib yığım
köksümə;
Deyirsən yağışlar yağır
durmadan.
Gözümdə daşıyıb töküm
Xəzərə,
Günəş gülümsəsin sizin
səmadan.
Qəlbimi bir şeirə
büküb yollayım,
Hər səhər bağçanda
açan gül olsun.
Sizin havalar da, Nizami demiş,
Bərdə havasıtək mötədil
olsun.
***
Ağlıma gəlməyən başıma
gəldi,
Suçu
nə özümdə,
nə səndə bildim.
Dünyamı uçuran ilk zəlzələni
Titrəyib boğulan səsində
bildim.
Tale sapandına qoydu bizləri,
Əsdi,
taqətimim əsdi dizləri.
Bəxtimə yansıyan qara gözləri
Lalədə axtardım, süsəndə
bildim.
Kim sevib unutdu kimin
nəyini?
Kim kimə içirdi hicran meyini?
Məni
ölümünə sevəcəyini
Həyata
göz yumub küsəndə bildim.
Verdim bayqulara könül bağımı,
Göz yaşım söndürdü
od-ocağımı.
Bu eşqə dastanlar yazacağımı
Bir zaman bu eşqə susanda bildim.
Dağıldı mərəkə, pozuldu
oyun,
Hərə öz dərdiylə
oldu qolboyun.
Mənə bir sevginin tutduğu toyu
Ölən sevgilərin yasında
bildim.
Dil açdı saçımda
gəzəndə əlin,
Gül açdı növrəstə
arzun, əməlin.
Köksündə ürəyin, ağzında
dilin
Xəzan
yarpağıtək əsəndə
bildim.
Kimlər
ağlar günə qoydu vətəni?
Döndərdi könlümə boranı,
çəni.
Qırx
arşın quyuya sallayıb məni,
Sonra kəndirimi kəsəndə
bildim.
***
Bəzən baş açmıram
özüm özümdən,
Təzə rəng tapıram
köhnə sözümdə.
Elə cilvələnir dünya gözümdə, -
Sanki gəncliyimlə tay-tuşam
indi.
Qovğalar, qəzalar yanımdan
ötər,
Hay desəm, mələklər
hayıma yetər.
Şaha
baş əyməyən
dərvişdən betər,
Hamıdan həm uca, həm başam indi.
Dərədə dumanam, zirvədə
qaram,
Nə qədər varımsan, - bu yolda varam.
Ətimi
kəssələr, məhəl
qoymaram,
Elə varlığınla sərxoşam
indi.
Mən də yardan gələn qəmi sevmişdim,
Hicrana köklənmiş, acı
yemişdim.
Həyata,
taleyə üsyan demişdim,
Təpədən-dırnağa barışam indi.
Sevgi mizanında çəkdim
hər kimi;
Kimi qadın kimi, kimi ər kimi.
Yanıb
qurtarmayan səməndər
kimi,
Külündən doğulan bir quşam indi.
Hardasan
İ.İlyaslı və B.Ataxallıya
Hardasan,
yerini bircə kərə de,
Başının üstündə mələklərə
de.
Soyuq yağışlara, küləklərə
de, -
Nolar, gec də olsa,
bilim hardasan.
Ay ömrüm, ağ günlər bizdən yan keçir,
Tufan da tək olan qovağı
seçir.
Hamı
bir-birinin qanını
içir;
Burda tüğyan edir zülüm, hardasan?
Başımdan bu eşqi ata bilmədim,
Ha qovdum, taleyə çata bilmədim.
Bir zaman əlindən tuta bilmədim,
Durub ayağına gəlim, hardasan?
Necə
alışmışam, necə
sönmüşəm?
Yaralı
qartaltək göydən
enmişəm.
Allaha tapınıb, dinə dönmüşəm, -
Namazı
səmtinə qılım,
hardasan?
Sevgimiz dərbədər, dünyamız
viran,
Zalımlar baş kəsir,
əlində Quran.
Adamlar ev yıxan, ürək sındıran;
Gəl,
qərib könlünü
alım, hardasan?
Yoxmu bu dünyada isti bir bucaq?
Sevinc itgin düşüb, dərd qucaq-qucaq.
Tüstüsü təpəmdən çıxan
bir ocaq;
Tutar gözlərini külüm,
hardasan?
Sürüyüb bu ömrü başa yetirdim,
Bilsən,
nə qazandım, nələr itirdim?
Tikanlar bəsləyib, kol-kos bitirdim;
Solmayan çiçəyim, gülüm,
hardasan?
Fələyin gərdişi könlünə
yarmı?
Sənin
də qəlbində çovğunmu, qarmı?
Qumral saçlarından xəbərin
varmı? -
Elə sızıldayır əlim,
hardasan?
Guya yüz yol ölçdüm,
bir yol da biçdim,
Asanı
dənəyib, çətini
seçdim.
Tənha
yaşamağın dərsini
keçdim, -
Gəlib
qollarında ölüm,
hardasan?
Hardasan,
gəl, mənə bir az həvəs
ver,
Bu ölgün bədənə
can ver, nəfəs
ver.
Ömrün qürubunda səsimə
səs ver, -
Hardasan,
hardasan, zalım, hardasan?
***
Dünən bir qarını
dilənən gördüm,
Gen dünya başıma dar oldu yenə.
Bəlalı başını tikib
aşağı,
Titrəyən əlini uzatdı
mənə.
Bir az bu şəhərdə
qərib kimiydi,
Bir az da anama oxşarı
vardı.
"Xanım, burda durma, sənə yaraşmaz", -
Deyincə, ürpənib gözü
yaşardı.
Baxdım
üst-başına, ağ
saçlarına,
İçim başdan-başa qana
boyandı.
Bir anda tüstüsü təpəmdən çıxan,
Sanki hər gözümdə bir ocaq yandı.
Dəyişdi yerini qalaktikalar,
Dəyişdi yerini neçə
dağ-dərə.
Kainat çatladı bünövrəsindən,
Heykəllər tut kimi töküldü
yerə.
Buz kimi ovcuna beş
şahı qoyub,
Tanrıdan özümə ölüm
dilədim.
Oxuyub, yazdığım neçə
kitaba,
Bütün insanlığa nifrət
elədim.
Məscid-minarələr lərzəyə
gəldi, -
Diksindim
ucalan əzan səsindən.
Şeytana atılan daşlar
yığılıb
Bir top gülləsitək dəydi
sinəmdən.
...Get, ona salam ver,
gözlərinə bax,
Gör,
necə iyrəncdir saxta piarlar.
Bir qara qəpiyə dəyərmi, öyrən,
Riyakar alqışlar, yağlı
şüarlar.
Get, dayan yanında peşə dostutək,
Soruş,
ondan öyrən - kim, nəçisən sən.
Analar dilənən bir məmləkətdə
Milyonçu olsan da, dilənçisən
sən.
***
Sən çıxmışdın gözəlliyin taxtına,
Mən kökləndim ayrılığın
vaxtına.
Demə,
halal qismətinə, baxtına
İki yağı, iki asi varıymış.
Mənmi
oldum bulaq kimi çağlayan?
Sənmi
oldun qan-yaş töküb ağlayan?
Bizi həm də bir-birinə bağalayan
Ürək dağı, könül
yası varıymış.
Odlansaq
da bir sevginin qorundan,
Keçdik neçə imtahandan,
sorundan.
Ayrılıqtək bir hörümçək torundan
Son nəfəsdə can xilası
varıymış.
Mən oxlara sipər etdim kürəyi,
Ayırmadım gərəkməzi, gərəyi.
Bir gün dinib-dincəlməyən
ürəyin
Bir də gizli qanaxması
varıymış.
Qolubağlı qulu olduq hür eşqin,
Ocaq eşqin, Kəbə eşqin, pir eşqin.
Yerə-göyə sığışmayan bir eşqin
Son döyüşü, son qisası
varıymış.
Çevirsək də, durdursaq
da zamanı,
Rəzalətdir, küdurətdir hər
yanı.
Sevgimizlə arıtmadıq dünyanı,
-
Gör,
nə qədər kiri-pası varıymış.
Zəki Bayram YURDÇU
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, ¹32-33.- S.21.