12 sentyabr Turan Cavidin anım günüdür...
Turan Cavidin anım günüdür. Təqdim
etdiyimiz xatirə söhbətlər heç
yerdə çap olunmayıb. İndi o xatirələri
danışan adamların
özləri həyatda
yoxdur. Təkcə xatirələri qalır. Təqdim etməyi özümə borc bildim. Azər Turan
Rəşid Fətəliyev: "Adını qoyuram Çingiz xan tatari..."
19 iyun 2005. Hüseyn Cavidin bacısı Xurşid xanımın nəvəsi Rəşid müəllimlə çay
süfrəsinin arxasında
əyləşib xatirələrini
dinləyirəm. Söhbətləşdiyimiz
otağın divarında
parlaq simalı bir insanın fotosu asılıb...
- Rəşid müəllim,
kimin şəklidi bu?
- Çingizdi. Qardaşım.
1937-ci ilin fevralında
anadan olmuşdu. Adını Cavid qoyub. Uşağın qırxıncı günü qohumlar yığışıblar və
Cavid əfəndi deyib ki, adını qoyuram Çingiz xan tatari, Vurub
dağıtsın Harun ər
Rəşidin taxtını.
- Həmin qonaqlıq yadınıza gəlir?
- Hə... Yadıma gəlir. Nənəm Xurşid xanım - Cavidin bacısı bizdəydi. Bibimə hörmət əlaməti
olaraq, kişilər yeməyi evdə yeyir, içkini isə keçib
mətbəxdə içirdilər.
- Xatirə danışmaq sizin üçün çətin olmaz ki?
- Turan xanımın bibisi nəvəsiyəm. Keçmiş xatirələr
çox kədərlidir...
Biz bir yerə gedəndə Mişkinaz xanıma zəng edib deyirdik ki, biz filan yerə gedirik. Bir də qayıdanda onu xəbərdar edirdik. Mişkinaz xanım dünyasını dəyişəndən
sonra bu münasibət Turan xanımda mərkəzləşdi.
Bir dəfə Krakovdan qayıdanda Turan xanıma zəng vurdum ki, qayıtmışam,
sənə də sürpriz gətirmişəm.
Dedi ki, sən nə sürpriz gətirə bilərsən
axı? Varşavada krallar sarayının təsviri ilə bir çay podnosu apardım, üstünə də bir kitab qoymuşdum.
- Sürpriziniz nəydi?
- Mənim bir dostum vardı - Anje Yanko, universitetdə işləyirdi, mən onlarda qalırdım. Bunun
zəngin bir kitabxanası vardı. Kitabxanada bir kitab keçdi əlimə.
Kitab "Azərbaycanın qədim və müasir ədəbiyyatı"
adlanırdı. 1975-ci ildə
Polşada nəşr
olunmuşdu. Kitabı
vərəqlədim və
orada Cavidin şeirlərinə rast gəldim. Axşam dostumla görüşəndə
ona dedim ki, bu kitabda şeirləri
verilmiş Cavid mənim anamın dayısıdır. Varşavada
kitab mağazasından həmin
kitabdan bir nüsxə alıb Turan xanım üçün gətirmişdim.
Üstünə də
bu sözləri yazmışdım: "Anamın
dayısı qızı,
əzizimiz Turan xanıma qədim Krakov şəhərindən
gətirdiyim bu kitabı ən xoş arzularla təqdim edirəm".
Muzey təzə təşkil olunurdu. Hər həftə ona baş çəkirdim.
Bir dəfə dedi ki,
mən istəyirəm
ki, 37-ci ilə qədər
evimizdə olan güllər indi də burda olsun.
Turan xanımla birgə Botanika bağına
gəldik. Gülləri
müəyyənləşdirdik, sifariş verdik, həmin gülləri muzey üçün hazırladılar.
- Turan xanımın 37-ci ildəki obrazı yadınızda necə qalıb?
- 12-13 yaşlarındaydı Turan.
Həmişə əynində
eyni paltar olardı.
- Ərtoğrolla dostluq
münasibətində olmusunuz.
- Uşaqlıq illərimizdən
xatirələrim daha çox Ərtoğrolla bağlıdır. 37-ci ildən
sonra Sovet küçəsindəki evlərinə
gedirdik. Yarımzirzəmi
bir ev. Sanki quş damıydı. Onunla birgə kinolara baxmağa gedirdik. İndiki "Araz" kinoteatrı o vaxt necə adlanırdı, bilmirəm,
əsasən ora gedirdik. "Kapitan Qrantın çocuqları",
"Sirlər adası"
filmlərinə baxdığımızı
xatırlayıram.
- Turan xanım barədə danışın.
- Turan xanımla sıx ünsiyyətimiz bəraətdən sonra, onlar təzə evə köçəndən
sonra oldu. Bayramlarda, istirahət günlərində onlara gedirdim. Sonralar isə muzey açılandan sonra çox tez-tez muzeyə gedirdim.
- Rəşid müəllim,
Cavid əfəndini yaxşı xatırlayırsınız?
- Həmişə paddyaşkada
olardı, qalın eynəyi vardı. Görüşəndə həmişə
anamın alnından öpərdi. Mən onu birinci dəfə
görəndə anamı
öpməyindən təəccüblənib
altdan-altdan baxdım. Mənə barmağını
silkələdi. Bir az
burnunda danışardı.
Atamla Cəmo Cəbrayılbəyli
qohumdular. Cəmo bəylə Cavid də dost idilər. Cavid hər dəfə atamı görəndə deyirmiş
ki, Turan bir az böyük olsaydı, Asəfə verərdim. Sonralar Asəf İnstitutu qurtarıb Naxçıvana
gedir, bu arada Sona xanıma dərs deyir. Elə orda da Sona xanımı bəyənib,
Bakıya qaçırır.
Sonanı da Tahir istəyirmiş.
Qızı Bakıda Cavid dayının yanına gətirirlər.
Cavid dayı Naxçıvana məktub
yazır ki, fəxr eləyin ki, qızınız
belə bir oğlanla ailə qurub. Axı Naxçıvandakılar da anadan
küsmüşdülər. Cavid əfəndinin məktubundan sonra barışdılar.
- Rəşid müəllim,
atanızın aqibəti
necə oldu?
- Atamı həbs etdilər, 43-cü ildə.
Böyük əmim Fətəli bəyi 37-ci ildə güllələmişdilər.
- Gərək ki, Abbas dayınız
Partiya Tarixi İnstitutunda işləyib.
- Bəli.
- Elə bir şəraitdə - dayısı
da, bacısının əri
də "xalq düşməni" ola-ola necə
mümkün olub bu?
- Dayım Abbas Gülməmmədov
baxmayaraq ki, Hüseyn Cavidin bacısı oğluydu, Mircəfər Bağırov onu yaxşı mütəxəssis
kimi qorudu. Bir də görürdün, gecədən keçmiş
Abbas dayı Mircəfər
Bağırova təcili
nə üçünsə
lazım olurdu, dalısınca maşın
göndərirdilər. Bayramlarda
Partiya Tarixi İnstitutunda Abbas dayıya
bayrampayı verirdilər.
Mən gedib gətirirdim, Turangilin adlarını çəkməsə
də, evlərinə
getməsə də, hər halda, bayram sovqatlarını bölüşdürəndə "onların da payını ayırın" deyirdi. Paylarını biz - anamla mən aparardıq.
- Ərtoğrol ölümü
ərəfəsində yazdığı
məktubların birində
Abbas bibioğludan çox
razılıq edir.
- Elə ki, Cavid bəraət qazandı, birinci "Şeyx Sənan"ı qoydular səhnəyə. Mətnin
dilini sadələşdirmək
tələbini qoydular.
Turan xanım həmin günlərdə,
demək olar ki, bir ay işdən sonra bizə gəlirdi. Abbas dayı ilə birgə Turan xanım "Şeyx Sənan"ın
mətni üzərində
işlədi. O yadımdadı
ki, indiki Musiqili Komediya Teatrının yerləşdiyi küçənin
sonuna kimi tamaşaya bilet alanların növbəsi uzanırdı. O vaxt teatrın çoxlu borcu vardı. Borcunu həmin tamaşadan gələn gəlirlə ödədi.
Tamaşaya bilet sifarişi başqa respublikalardan da olurdu. Yadımdadı, həmin tamaşaya mən parterdə oturub baxdım. Anam, Mişkinaz xanım, Turan və Abbas dayımgil lojadaydılar.
- Rəşid müəllim,
Turan xanım həmişəmi kədərliydi?
- 37-dən,
Ərtoğroldan sonra
demək olar ki, həmişə. Amma sonuncu
ad günündə sizinlə birgə Naxçıvana getmişdi,
qayıdandan sonra biz -
Firəngiz, mən, Süsən onlara getdik. Qapını açdı. Mən ömrümdə ilk dəfə
onu elə fərəhli gördüm.
Çox fərəhliydi.
Gözləri gülürdü.
Rəna Rasizadə: "Ərtoğrol
heç kəsin əlindən
yemək alıb yemirdi.
Bir anamın, bir də Mişkinaz
xanımın bibisi Simuzər
bibinin bişirdiyini yeyirdi..."
26 iyun 2005. Turan Cavidin əmisi Şeyx Məhəmmədin
qızı, Turan xanımın yaşıdı
Rəna xanımla görüşdüm.
Rəna xanım Rasizadələr nəslinin
faciəli tarixini çözələdi.
- Rəna xanım, əmiqızınızla yaş
fərqiniz nə qədərdir?
- Üç ay fərqimiz
var. Orta məktəbdə
oxuduğumuz vaxtlarda bir-birimizi görməmişdik.
Yeddinci sinifdə oxuyanda başladıq məktublaşmağa.
- Məktublaşmalarınızın mövzusu nə olardı?
- Mən ona necə
oxumağım barədə
yazırdım. O isə
məndən hansı
əsərləri oxuduğumu
soruşurdu. Mən səkkizinci sinifdən sonra Naxçıvandakı
Pedaqoji Texnikuma girdim. O isə orta məktəbdə oxuyurdu. Elə həmin vaxtlar Cavid əminin əsərləri çıxanda
bizə göndərirdilər.
Sonra əmimi tutdular. Siyasi dustağın qardaşı qızı olduğuma görə təqaüdümü kəsdilər.
39-40-cı ildə mən
texnikumu, Turan isə orta məktəbi
bitirdi. O, Teatr İnstitutuna daxil oldu. Mən Naxçıvandakı ikiillik
Müəllimlər İnstitutuna
qəbul olundum. Yenə məktublaşırdıq. Müharibə vaxtıydı, gedib-gəlmək
olmurdu. Yoldaşımın
isə Bakıya nə vaxt yolu
düşürdüsə, mütləq onlara baş çəkirdi.
- Yoldaşınız hər
ikinizin bibisi oğludu.
- Bəli. Süleyman Cavidin bacısının oğludur. Fatma bibimin oğlu. Ərtoğrol nənəsigildə
qalırdı. Bizə
çox yaxındılar.
Bir adam qorxudan onlara ayağını qoymurdu. Şəmil əmioğlu da qorxusundan onların evinə ayaq basmırdı. Bir Süleymandan başqa heç kəs ora getmirdi. Amma Süleyman onlara gedirdi, orda qalırdı,
qorxmurdu. Ərtoğrol
Naxçıvanda hər
gün bizə gəlirdi; ayrı heç yerə getməzdi. Darvazanı döyüb həyətə
girəndə anama: - Xalq düşməni sizə qonaq gəlib, - deyirdi. "Xalq düşməni"
sözü Ərtoğrola
yaman əsər etmişdi. Ərtoğrol Süleymana
deyirdi ki, bibioğlu, qoy yaxşı olub ayağa durum, sənə bir simfoniya yazacam. Süleymanla çox yaxındılar, söhbətləri
tuturdu. Süleyman Kənd Təsərrüfatı
İnstitutunu bitirəndən
sonra bir il konservatoriyada təhsil almışdı axı.
Ərtoğrolda son vaxtlar qəribə
bir şakər əmələ gəlmişdi;
tez-tez dırnağına
baxırdı. Soruşurdum
ki, Ərtoğrol, niyə
dırnağına baxırsan?
Cavab verirdi ki, burda bir xətt
var, o göyərəndə mən öləcəm. Gövhər onda 6 yaşındaydı. Hər
gün bir yerdə Ərtoğrola dəyməyə gedirdik. Deyirdi ki, Gövhəri qoymayın mənə yaxınlaşmağa.
- Niyə?
- Deyirdi ki, o balacadı. Mənim xəstəliyim ona keçə bilər.
- Danışın, Rəna
xanım. Ərtoğroldan
danışın.
- Ərtoğrol heç kəsin əlindən yemək alıb yemirdi. Bir anamın, bir də Mişkinaz
xanımın bibisi Simuzər bibinin bişirdiyini yeyirdi.
- Ərtoğrolun ölümünü
xatırlayırsınız?
- Əlbəttə.
- Ərtoğrol rəhmətə
gedəndən sonra şəklini
çəkiblər.
- Ərtoğrol öləndə
qohumlar yaxın durmadı. Şəkildəki
papaqlı kişi Süleymandır. Süleyman
çəkdirdi o şəkli.
Deyirdi ki, siz bilmirsiz, bir vaxt o şəkil tarixi sənəd olacaq. Tabutu da Süleyman düzəltdirmişdi.
Cənazənin üstündəki
gül-çiçəyi də o almışdı.
- Şeyx Məhəmməd
neçənci ildə
rəhmətə getdi?
- 1939-cu
il dekabrın 8-də bacım,
24-də atam vəfat etdi. Atam kəfənini
özü biçmişdi.
- Cavid əfəndi həbs olunandan sonra atanızı incitdilər?
- Cavidi həbs edəndən sonra atamı iclaslara çağırarmışlar, həmin iclaslarda Cavidin əleyhinə danışarmışlar. Atam
çox sağlam və savadlı bir kişiydi. Əvvəlcə mədrəsədə
dərs demişdi. Ərəb, fars, rus dillərini bilirdi. Sonra sovet hakimiyyəti quruldu və şərt qoydular ki, əgər müəllim işləmək
istəyirsənsə, gərək
əynindəki əbanı
çıxarıb atasan.
Hökumətin sözünə
baxdı. Əbasını
çıxardı. Sovet
məktəbində dərs
deməyə başladı.
Əmimi tutandan sonra atamı tez-tez NKVD-yə çağırırdılar. Yaxud məktəbdə müəllimlər
iclasında
kişini ayağa
qaldırıb soruşurdular
ki, sənin qardaşın
niyə belə yazıb? Kişi axşamlar evə qanıqara gəlirdi, dinib-danışmırdı. Çox
fikir edirdi. Atam bu hesabla
da dərdə düşdü
və rəhmətə
getdi. Qəribə burasıdır ki, o vaxt həm də bacım Zəhranı əri Məşədi İsmayılla birgə Qazaxıstana sürgün
ediblər. Qızının
sürgün edildiyini
eşidən kimi atam evdən çörək götürüb
vağzala qaçdı,
çörəyi onlara
çatdıra bildi. Sonralar bacım danışardı ki, Qazaxıstana
qədər həmin çörəyin hesabına
davam gətirə bildik. Qızını sürgün etdilər. Qardaşı orda "xalq düşməni"
elan olundu. Şeyx Məhəmmədi ora-bura
çağırıb dindirdilər.
Anam deyirdi ki, kişinin ağlamağını
heç görməmişdim.
Amma bu hadisələrdən
sonra çox ağladı.
- Bakıya nə vaxt köçdünüz?
- Mən ikiillik institutu bitirdim. 1955-ci ildə qəzetdə
elan çıxdı ki, ikiillik
institutu qurtaranları
APİ-yə üçüncü
kursa qəbul edirlər. Bakıya gəlib üçüncü
kursa qəbul olundum. İldə iki dəfə Bakıya gəlirdim. Gələn kimi onlara
gedirdim. Turan o vaxt İncəsənət
İnstitutunda dərs
deyirdi. 67-ci
ildə rəhmətlik
Süleymanın işini
Bakıya dəyişdilər.
Bakıya köçəndən
sonra isə onlara ayda bir-iki
dəfə gedə bildim. Mişkinaz əmicanım zarafatla deyirdi ki, ay qız, Naxçıvanda olanda bundan çox gəlirdin bizə.
- Niyə az-az gedib-gəlirdiniz?
- İşləyirdim. Vaxt az olurdu.
- Sizin adınız Cavid əfəndinin qəhrəmanlarından birinin
adıdır. Adınızı
kim qoyub?
- Mən anadan olanda adımı Leyla qoyublar. Tahir dərsdən
gəlib, biləndə
ki, mənə Leyla adını veriblər, ağlamağa başlayıb.
Atam soruşub ki, niyə ağlayırsan? Deyib ki, mən onun adını Rəna qoyacaqdım. Atam Tahiri sakitləşdirib
və mənim adımı dəyişib
Rəna qoyub.
- Turan xanım kiməsə
ad qoyubmu?
- Bizim Naxçıvanda qohumumuz var, adı Oğuzdur. Oğuzun adını Turan xanım qoyub. O vaxt heç kəs bilmirdi ki, Oğuz nə deməkdir?
Hə...
Yadıma düşmüşkən,
sənə qəribə
bir əhvalat danışım. Bacım
Şəfiqənin yoldaşı
Fərhad Rəsulov o illərdə prokuror işləmişdi.
- Bağırovun vaxtında?
- Hə. Fərhad danışırdı ki, Goranboyda
prokuror işlədiyim
vaxtlarda bir gün Bağırov məni qəbuluna çağırtdırdı. Heç
bir söz demədən bir-iki dəfə otaqda var-gəl etdi. Qəfil uca səslə soruşdu: - Sən niyə xalq düşməni Hüseyn Cavidin qardaşı qızı ilə evlənmisən? Özümdən asılı
olmayaraq: - Evlənməmişəm, yoldaş
Bağırov,
qaçırmışam, icazə verin, gedim boşayım, yoldaş Bağırov - dedim. Bu zaman Bağırov
mülayim səslə
mənə sual verdi: -
Uşaqdan-zaddan
nəyin var? Cavab verdim ki, bir oğlum var. Bağırov
yavaşca boynumun dalına vurub üstümə qışqırdı:
- Qurumsaq, bəs uşaq necə olsun?
- Turan xanım yaddaşınızda necə
qalıb?
- Ləyaqət simvolu kimi.
Əliabbas Qədirov: "Turan
Cavid
bizə öz doğması
kimi baxırdı"
26 iyun 2005. Turan Cavid dünyasını dəyişəndə daha
çox sarsılanlardan
biri Xalq artisti Əliabbas Qədirov idi. Turan xanımgilə çoxlarından qabaq gəlmişdi. Bir müddət
sonra Əliabbas müəllimə zəng
vurub söhbətləşmək
istədiyimi bildirdim. Yaş fərqimizə baxmayaraq ilk sözü bu oldu: "Hara gəlim?" Özüm gələrəm, - dedim. Və Əliabbas Qədirovla Akademik Teatrda görüşdük.
Əliabbas müəllim
Turan Cavid haqqında danışdı...
- Turan Cavidi nə
vaxtdan tanıyırdınız?
- Turan xanımı 1965-ci ildən tanıyıram. Mənim müəllimim olmuşdu. İncəsənət
İnstitutunda bizə
teatr tarixindən dərs deyirdi. Turan xanım bizim ən sevimli
müəllimimiz olub.
Bütün tələbələr
onu çox istəyirdi. Qrup rəhbərimiz Mehdi Məmmədov
idi. On bir nəfər idik. Mən, Rasim Balayev, Mikayıl Mirzə, Tariyel Vəliyev, Vaqif Əsədov və başqaları. Turan xanımı ilk gündən
çox istədik. Bilirdik ki, o, böyük Hüseyn Cavidin qızıdır. Sonra onun
öz böyük əxlaqına,
nəzakətinə görə. Bəlkə də başqa dərslərdə
çox çılğın
olurduq, şuluqluq edirdik. Amma Turan xanımın dərslərində
özümüzü elə
aparırdıq ki, Turan
Cavid bizdən inciməsin. Çünki
o, Cavid yadigarıdır.
Turan xanım bizə həm ana, həm də bacı oldu. Xoşu gəlməzdi onun qız xeylaqları
özlərini yüngül
aparanda. Çalışardı
ki, millətimizə xas
olan xüsusiyyətləri
aşılasın qızlara.
Oğlanlara münasibətində
isə sanki onların simasında Ərtoğrolu axtarırdı.
Turan xanım İnstitutun qapısından
girəndə biz özümüzü
yığışdırırdıq.
- Bəs başqa tələbələr?
- Hamı... hamı... bütün
İnstitut özünü
yığışdırırdı. O bizə həm müəllim kimi, həm də öz doğması kimi baxırdı. Mən ikinci kursda oxuyanda "Azər"in üzərində
işləyirdim. Üçüncü
kursda Azəri Gənc Tamaşaçılar
Teatrının səhnəsində
oynadım. Yəqin bilirsən, o vaxt Hüseyin Cavid o qədər də təbliğ olunmurdu. Cavid sirr kimi
qalmışdı. Hardasa
Caviddən bir parça hazırlanırdısa,
ondan bir şeir oxunurdusa, yaxud onun haqqında
bir söhbət gedərdisə, büruzə
verməsə də, üzündən oxunmasa
da, Turan xanım bunu böyük bir razılıqla sezərdi, amma dediyim kimi, büruzə
verməzdi. Biz onu hiss
edərdik. Azəri oynayandan sonra o mənə bir kəlmə söz dedi.
- Nə dedi?
- Dedi ki, Əliabbas, təbrik edirəm. Böyük Cavidin ruhuna layiq oynadın.
Tamaşanı Müxlis Cənizadə
hazırlamışdı. Mehdi Məmmədov aktyor sənəti, Müxlis Cənizadə səhnə
danışığı müəllimimiz
olub. Rəhmətliklərin
hər ikisi Cavidi çox sevən adamlar idi. Mənim burada, Akademik Teatrda ilk rolum Cavid tamaşasında olub. Bir gün, Mehdi müəllim: - Sən böyük Cavidin "Xəyyam"ında Yusifi
oynayarsanmı? - deyə
soruşdu. Təəccüb
etdim: - Mehdi müəllim,
siz zarafat edirsiz? - dedim. Cavab verdi ki, mən indiyə qədər səninlə
zarafat etmişəmmi?
Mehdi müəllim ağır
adam idi. Hər adama açılmazdı. Sözsüz
ki, Turan xanımın
Mehdi Məmmədova böyük
rəğbəti vardı.
Çünki Mehdi müəllim
"Xəyyam"a, "İblis"ə
quruluş vermişdi.
Turan xanım premyeralara gəlib baxardı. Rejissora, aktyorlara özünəməxsus
tərzdə minnətdarlıq
edərdi.
- Məsələn, necə?
- Çox danışmazdı.
Çox qısa cümlələrlə öz
minnətdarlığını bildirərdi. Amma onun iki kəlmə sözü içərisində
bilirsənmi, nə vardı? Sanki demək istəyirdi ki, Cavidə olunan hörmətə görə mən ürəyimi verirəm sizə. Mən "İblis"də də,
"Xəyyam"da da oynadım.
Düzdür, mən bilirdim ki, Caviddə böyük fəlsəfə
var, onda xalqı bir millət kimi tanıtdırmaq hissi güclüdür. Bunu bilə-bilə bir dəfə Mehdi müəllimdən soruşdum
ki, sizin Cavidə bu qədər bağlılığınızın
səbəbi nədir?
Dedi ki, mən müəllimimin borcundan çıxmaq istəyirəm,
onun ruhunu şad etmək istəyirəm. Allah Mehdi müəllimə
qəni-qəni rəhmət
etsin. Onsuz da xalq Cavidi tanıyırdı,
bilirdi. Amma Mehdi müəllim
Cavidi yeni nəsillərə
tanıtdırdı. Əgər
o, heç bir şey etməsəydi belə, Cavid əsərlərini səhnəyə
gətirdiyinə görə
onu dahi adlandırmaq olardı.
Mehdi müəllim Cavid
əsərlərini səhnəyə
gətirəndə maneələr
vardı. Orda-burda danışırdılar, Cavidin
dilinin qarasınca deyinirdilər. Biz isə cavan olsaydıq da bilirdik ki, Cavid nəhəngdir. Müxlis Cənizadə isə Kazım Ziyanın tələbəsi olmuşdu.
Ona da Cavid sevgisi Kazım Ziyadan keçmişdi. Bu insanların
layiqli bir insana - Cavidə layiqli münasibətləri
vardı.
- Turan xanım rəhmətə getdiyi gün onun evinə
ilk gələnlərdən biri siz oldunuz.
Qəribə bir hal vardı sizdə.
- Turan xanımın ölüm xəbərini
alanda biz toydaydıq. Bunu eşidib çox pis oldum, titrətmə gəldi mənə. Yoldaşım məndən
də pis hala düşdü. Belə bir ifadə
var: "Cənnət anaların
ayaqları altındadır".
Əslində cənnət
hər ananın ayaqları altında ola bilməz. Cənnət Turan xanım kimi qadınların ayaqları altında olar. Turan xanım
adama əziyyət verən deyildi. Ondan biz həm də həya, abır öyrənmişik.
Onun insanlara pərdəli münasibəti
vardı. Çox istəyirəm onu mən. Amma neyləyəsən
ki, dünya belədir.
Bir yandan dolur, bir yandan boşalır.
- Sonuncu dəfə nə vaxt görüşdünüz?
- Son görüşümüz "Afət" tamaşasında
oldu. Xatırlayıram,
həmin tamaşaya bir yerdə gəlmişdiniz. Məmnun
qalmışdı. Tamaşanı
da öz istədiyi rejissora verdik. Mehriban Ələkbərzadəni özü
təklif etmişdi...
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, ¹32-33.- S.8-9.