Vaqif Sultanlının
“Ölüm yuxusu”
kitabı Gürcüstanda yayınlandı
Bu günlərdə yazıçı
Vaqif Sultanlının
“Ölüm yuxusu” adlı kitabı Tiflisdə gürcü dilində nəşr olunmuşdur. “Universal” nəşriyyatında
yayınlanan, müəllifin
eyniadlı povestinin, müxtəlif illərdə
qələmə aldığı
hekayələrinin daxil
edildiyi kitabı gürcü dilinə Gülnarə Səfərova
tərcümə etmişdir.
Kitabın redaktoru Cemal Şoniyadır. Bu, Vaqif Sultanlının gürcü oxuculara təqdim olunan ilk kitabıdır.
Müəllifin bədii yaradıcılığında
önəmli yer tutan, indiyədək dünyanın bir çox dillərinə çevrilərək yayınlanmış
“Ölüm yuxusu” povestində təsvir obyekti kimi seçilən
yol çəkilişi
fonunda qədim kənd məzarlığının
köçürülməsi hadisəsi cəmiyyət həyatında baş verən ciddi çaxnaşma, təlatüm,
qarşıdurma kimi canlandırılır. Real və
şərti-metaforik üslubun
qovuşuğunda təsvir
olunan hadisələrin
xaos bağlamında təqdimi yaradılmış
obrazların fərdi xarakter cizgilərini çözməyə, mənəvi
dünyasının gizlinlərini
aşkarlamağa imkan
verir.
Vaqif Sultanlının “Ölüm
yuxusu” kitabına daxil edilmiş “Kül qəfəs”, “Zolaqlı yuva”, “Tərs axın” və başqa hekayələri özünəməxsus
dili, üslubu, fərqli yazı tərzi ilə seçilməkdədir. Yazıçı
qələmə aldığı
hekayələrdə özü
də fərqinə varmadan içərisində
olduğu sosial mühitin əsirinə çevrilən insanların
düşüncə, həyəcan,
sarsıntılarını canlandırmağa çalışmışdır.
Bütövlükdə “Ölüm yuxusu” kitabına daxil edilən əsərləri birləşdirən,
ortaqlaşdıran əsas
cəhət onların
sosial-psixoloji və mənəvi-əxlaqi ovqata
söykənməsi, mövzu-məzmun,
ideya-estetik baxımdan
güncəllik daşıması,
çağdaş cəmiyyətdə
müşahidə olunan
özgələşmə, yaddaşsızlaşma, biganələşmə,
gərəksizləşmə kimi ağrılı problemlərə sərt etiraz ruhu ilə
seçilməsidir.
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, ¹32-33.- S.13.