Özünü və dünyanı
yazan şair
Faiq Balabəylinin "Bir ovuc kədər" adlı
son kitabını vərəqləyirəm.
Poeziyanın yaranış
prosesinə bələd
olan adam kimi bir daha
öz fikirlərimin üstündə əminliklə
durmağa çalışıram.
Kim necə düşünür-düşünsün,
bu, həqiqətdir, hər şeir parçasında şair özünü yazır, yəni yaşadıqlarını,
düşündüklərini, sevincini, kədərini qələm və kağızla bölüşür.
Sonda bir də baxıb görür ki, yazdıqlarında
tək özünün
deyil, bütün insanlığın hiss və
duyğularını tərənnüm
edib. Beləcə, yaranışdan insanın
üzləşdiyi dərd,
kədər, itkilər,
sevinc və məhəbbət duyğuları,
bütün yaşantılar
zamanın özüylə
birgə yaranışa
bəxş olunan hər nə varsa, bir-bir poeziyada təzahür edir.
Poeziya ən səmimi İlahi duyğuların bələdçisi kimi qəlbimizin dərinliklərində
gizlənən hissləri,
sirləri öz əlimizlə aşkar edərək, bizi özümüzlə üzləşdirir.
Hərdən də şeir o qədər səmimi alınır ki, hər oxucu öz dünyasının
yaşantıları kimi
o şeiri qəbul edir və müəllifi
bəxtəvər edən
belə şeirlərdə
bütün insanlığın
hissləri birləşir:
Özümü yazmaq istədim,
bu ömrü yaşadım necə?
Yaddaşımı vərəqlədim,
gündüz idi, yoxsa gecə,
mən anadan doğulanda...
Hansı
ömrün yaddaşını
vərəqləyir şair?
İnsan
dünyaya gələndə
göy yaddaşını,
mələk ömrünü
qırx günə unuda-unuda yeni yer yaddaşına öyrəşməyə
çalışır. Yerdəki
yeni ömrünə, insan
taleyinə qədəm
qoyaraq "saatın əqrəbləri" ömrün
qova-qova apardığı
aylarının, illərin
sübut etdiyi yaş ölçüsünə
də müəmmalı
baxır. "Yaşım
neçədir?" "Kiməm?"
"Doğma bildiklərimlə
məni birləşdirən
hisslər nədir?"
- deyərək, hər
şeyə bəzən
təəccüblə baxır.
Qohum-qardaşdan, doğmalardan
"arxa olmamaq" kədərini yaşayanda
şair bir daha anlayır ki, şairlər hər zaman tənhadır.
Yağışı, qarı, küləyi, fəsillərin
mübarək gəlişi
ömrün müdrikliyini
artıra-artıra qəlbin
poetik duyğu təkamülünə fərqli
rəng gətirir. F.Balabəylinin son kitabında rastlaşdığım
dəniz, su, külək, xatirələr,
kənd həyatına
nostalji münasibətlər,
Vətən və şəhidlik zirvəsi kimi anlayışlar bir şairin qəlb yaşantılarının
təzahürü kimi
onu oxucusuna sevdirir. Şairlərin yaşadıqları həyatı
nə qədər məşəqqətli, çətin
olsa belə, ömrün keçən
günlərini gələn
ömür səhifələrindən
daha çox əzizləyərlər. Bax,
onda şairlərin
"xatirələr adamı"
olmaq həqiqəti bir daha təsdiq
olunar. Uşaqlığın
qayğısızlığı, atalı-analı ömrün
güvən duyğusu,
kənd həyatının
sadəliyindən qaynaqlanan
istiqanlılıq hissləri
üçün darıxmaq
şeirlərinin hər
misrasından Faiq bəyin həm də kövrək insan olduğunu büruzə verir. Bu kövrəklik:
Arada kəndimizin üstündən
uçan
buluda oturmaq
istəyirəm...
Arada könlümdən ağrı
dolu
ayrılıqları yenidən yaşamaq
keçir,
baxmaq istəyirəm itirdiklərimin
əzabına necə dözməyimə...
- fikri oxucunun içini titrətməyə
bilməz...
Çooox qəribə duyğulardı,
deyilmi? İtkilərdən
sonra axtarış, axtarışdan sonra tapıntıların olmasına
İlahi inamım olmasaydı, deyərdim ki,
"əstəğfürullah" de, şair!...
Kim özü-özünə "ayrılıqların ağrısını
yaşamaq" arzusunu
dilər, sizdən savayı?..
Faiq bəy dənizçidir. Bəlkə elə ona görə şeirləri də, şeirlərindəki lirika
da dəniz üstünə
günəş düşərkən
min rəngə boyanan
suların özü kimi saf və
rəngarəngdir. Kədəri,
xiffəti, ehtiyacları,
arzuları suların,
küləyin içindəki
düşüncələrin rəngi kimi çətin ki, hər adama görünə...
Külək mövzusu klassik
ədəbiyyatımızda "Ey Badi-Səba" - müraciətiylə XXI əsrə
qədər yol qət edərək, müxtəlif şairlərin
dərdlərinin "çaparı",
qəlbinin sirdaşı
kimi mistik gücün daşıyıcısı
obrazında üz tutulan mövzudur. Külək hansı rəngdəymiş? A.Mirseyidin vaxtsız ölümünə yazılan
"Mən görürəm
küləklərin rəngini"
şeirində bir vəfalı dostun yaşantıları belə
ifadə olunur:
Mən bilirəm küləklərin
rəngini,
Bizim yurdda əsən külək sarıdı.
Çiçəklərin yaymaq üçün ətrini,
Bəlkə Tanrı küləkləri
yaradıb?!
Mən bilirəm küləklərin
rəngini,
Göstərməyə, amma yoxdu yanımda.
Mən öləndə duymaq üçün ətrini,
Basdırarsız çiçəklərin yanında.
M.Müşfiqdən sonra ədəbiyyatımızda "külək" mövzusunun
"əsintisi"nə çox
şair can atsa da, diqqətləri cəlb etmədi... İçinin
təlatümünü, dəniz
təlatümü qədər
şeirləri ilə
ovutmağa çalışan
F.Balabəylinin dost itkisi kədərindən alışan alovu "Külək" şeiri sakitləşdirmir, əksinə,
bütün könülləri
bürüyür:
Külək dolub yelkənə,
dənizin suyu şəffaf.
Göy üzündən gələn
var,
Deyir, yerdədi Allah,
yerini bilən desin...
Bəzən daxili iztirablarımız
dəli külək aləmi bir-birinə qatan kimi iliyimizə
qədər işləyərək
bizi bizdən alır, dəli-divanə edir:
Sərt
külək uladı
ac yalquzaqtək,
çatmadım səsinə,
qaldım
uzaq, tək,
sıyrıldım, qınımdan çıxdım
bu gecə
qaynadım, qanımdan axdım
bu gecə...
Qoşulub yalquzaq səsinə
gecə
küləyin səmtinə səni
çağırım?
Dünya,
ətraf aləm, kainat Tanrının bizə verdiyi təfəkkürün qavrayışı
çərçivəsindən dərk olunacaq ölçüdədir. İmanlı,
vicdanlı insanlar, şairlər, alimlər, zahidlər Allahı, onun yer-göy və onların arasında yaradılanları
müxtəlif səpkidən
anlamağa və çatdırmağa can atdılar.
Şairin qavrayışı
isə bambaşqadır.
Şairin sözü,
düşüncəsi vəhydir,
bu İlahi pay hər adama qismət olmaz. Yer üzündə nə mövcuddursa, hansı gözəlliklər
yaranırsa və ya hadisələr baş verirsə, Tanrının bəxşişi
sayılır. Ölüm
də yerdə baş verir, yaranış da... Poeziyanın
bizə göstərdiyi
ülvi baxış bucağıyla baxdıqca
görürük ki, Allah La məkan olduğundan çox bizimlədir, Yerdədi, şah damarımızdan belə bizə yaxındır. Hamı köçəcək
bu dünyadan, amma şair sözüylə, yaratdığı
ilə insanlığa
bəxş etdiyi poetik ərməğanla bu dünyada əbədi olacaq:
Hamı
gedib, dünyada
tək bircə şeir qalıb.
Ölməyə tər çiçəklər,
bir də ki, şair qalıb,
Yerini bilən desin.
Faiq bəyin şeirlərində
nə qədər lirik kədər mövcuddursa, mənəvi
xarakter yozumunda dəli-dolu Azərbaycan kişisinin yenilməyən,
mübarizələrdə polad
kimi bərkiyən şəxsiyyətini də
açıqca görmək
mümkündür. Dənizçi
kimi 1990-cı ilin 20 Yanvar hadisələrində
qəhrəmanlıq dastanı
yazan Bakı buxtasının fatehləri
sırasında gənc
F.Balabəyli də vardı. Onların müstəqillik
uğrunda mübarizə
aparmaları həbslərlə,
hədə-qorxularla qarşılansa
da, onlar öz sözlərini sonadək deyə bildilər. Bu qəhrəmanlıq dastanı
faktlar və sənədlərlə F.Balabəylinin müəllifi
olduğu "Bakı
Buxtası-20 Yanvar" kitabından
dünyaya ətraflı
izahlarla çatdırıldı.
Dəniz
həyatı lirik ovqatı ilə həm də Vətən, xalq mücadiləsində şairi
mübariz vətəndaş
kimi tanıtdı. Ona
görə şair dənizi mavi gözlü gözəl kimi sevdi, ona
könül verdi...
Dənizçiyə dalğaların
arasından
əl eləyir su pərisi,
Dənizçiyə ad qoyarlar:
su dəlisi.
Mavi sular, mavi gözlü
gözəl olar,
naz eləyər dənizçiyə...
Şairin
sevgisi də, sevgi etirafları ilə birgə bağışlanma diləkləri
də fərqli üslubdadır, yəni daha poetikdir. Eşqə həm də İlahi dərd kimi baxa-baxa onun dərkinə tənhalıqda
izah tapmağa çalışır. Sevgidə
qütblərin maqnit cazibəsi, qəlb cazibəsi qravitasiya çəkisi ilə mütənasib gəlməyəndə
hər şey ayrılıq və kədər rənginə
bürünür:
Sən axı bilmədin tənhalıq nədir,
dözüb küləklərə ağ yelkən kimi,
sinənə çəkmədin acı
rüzgarı,
sıxıb bir-birinə dodaqlarını
adını demədin özün
özünün.
Sən axı bilmədin tənhalıq nədir,
görmədin, sevmədin ayrılıqları...
Həyatını, ömrünü, taleyini
dənizə, suya bağlayan Faiq bəyin düşüncə
və xarakteri də su kimi
saf və təmizdir, təmənnasızdır.
"Limanlara yazığı
gələcək" qədər
kövrək duyğular
sahibidir, şair. Bəli, şairin limanlara yazığı ona görə gəlir ki, bütün limanlar ayrılıq daşıyır. Qayıtmağa,
dönüşə ya
qismət!
Körfəz boyu səpələnən
yosunlar,
balıqların qumla dolan qulağı,
əgər məni incitsəniz,
gedərəm,
görünmərəm gözünüzə,
uzağı.
Yamyaşıldı duzlu suyun köynəyi,
qayaların üzü cızıq-cızıqdı,
gəmiləri üzüb gedib,
göynəyir
bu dənizin limanları, yazıqdı...
Su da, dəniz də ilk yaranışdı, əbədiyyət
misalıdır, uzunömürlülük
rəmzidir. Su kimi saf ömrünüzün
uzun və bərəkətli olmasını
Tanrıdan diləyərək
daim yazıb-yaratmanızı
arzu edirəm, Əziz Faiq bəy!
Sona
VƏLİYEVA
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, ¹32-33.- S.20.