Gidenlerden kalan şey;
Duvarlarda resimler,
Mezarlarda isimler...
Türkiyədə
Azərbaycan qədər, Azərbaycanda Türkiyə qədər
əziz olan İbrahim bəy...
Səhərə
yaxın, saat 5 radələrində telefonum zəng
çaldı. Dostum Mahir Alıyev idi. "Başımız
sağ olsun. İbrahim Yıldırım yoxdur artıq",
deyib susdu...
Geçti,
geçti mevsimler...
Süpürüldü
takvimler.
Gidenlerden
kalan şey;
Duvarlarda
resimler,
Mezarlarda
isimler...
Nəcib
Fazilin şeiri yaddaşımda dünyanın ən
hüznlü musiqisi kimi səslənir: "Gidenlerden kalan
şey; / Duvarlarda resimler, Mezarlarda isimler..." Hər şey
Nəcib Fazilin dediyi kimidir...
İbrahim
Yıldırımın albomumdakı şəkillərinə
baxıram. 2008-də Atatürk Mərkəzində "Xalid Səid
Xocayev" kitabımın təqdimatında çəkilib.
Cavad Heyət yox, Qənirə Paşayeva yox, Zəlimxan Yaqub
yox. İbrahim Yıldırım yox... O sırada əyləşənlərin
arasında bircə mən varam...
Şəklə
baxıram...
Ankarada
XXI Yüzil İnstitutunda Ümid Özdağ Əli bəy
Hüseynzadə ilə bağlı tədbir keçirirdi. Qənirə
Paşayeva mənə dedi ki, sən İstanbula get. İbrahim
bəylə Feyzavər xanım səni orda gözləyəcəklər.
Ankaraya bir yerdə gələrsiniz. İstanbula getdim. Ankaraya
ordan gəldik... Taqor küçəsindəki oteldə yerləşdik...
Bir yerdə XXI Yüzil İnstitutunda keçirilən konfransa
qatıldıq. Dediyim kimi, söhbət Əli bəy
Hüseynzadədən getsə də, İbrahim bəy
bütün hallarda videogörüntülərin müşayiəti
ilə etdiyi çıxışlarında diqqəti öz
üzərinə cəmləyər və mütləq
Qarabağ və Qərbi Azərbaycan həqiqətləri barədə
danışardı. Hər iki tərəf onu
özününkü bilirdi. Bu mənada, İbrahim
Yıldırım Türkiyədə Azərbaycana çox
lazım idi. Yeri çox görünəcək...
Şəklə
baxıram. Zəlimxan Yaqub kitabımı vərəqləyir.
İbrahim bəy isə nə barədəsə fikirləşir.
2008-ci il mayın 18-də "Zəlimxangilə gedək",
dedi. Getdik. Həmin axşam Zəlimxan Yaqub evində
İbrahim bəyin şərəfinə ziyafət verdi...
Şəkildə
Cavad Heyət də var. O da kitaba baxır...
Turan
Cavidin yas yerində Cavad Heyət də var idi, İbrahim
Yıldırım da. Bu arada Cavad Heyətin telefonuna zəng gəldi.
Qızı idi. Telefonda fars dilində danışdılar. Hədsiz
kübar olan İbrahim Yıldırım heç gözləmədən
dərhal bunu Cavad Heyətə irad tutdu: "Türkcənin
böyüklüyünü aləmə car çəkirsiniz,
amma öz doğma qızınızla farsca
konuşursunuz", dedi.
Gidenlerden
kalan şey; Duvarlarda resimler, Mezarlarda isimler...
İbrahim
bəylə ilk görüşümüzü
xatırladım. Zəng vurub özünü təqdim
etmiş, mütləq görüşməli olduğumuzu
demişdi. Bunu o qədər təvazö ilə demişdi ki,
İbrahim bəyin gənc biri olduğunu zənn etmişdim.
Amma deyəndə ki, İstanbul Universitetində bölüm
başkanıdır, tibb professorudur, doğrusu,
çaşıb qalmış və dərhal
görüşünə tələsmişdim.
"Ambassador" oteldə qalırdı.
Görüşdük. Elə birbaşa söhbətə
başladı. Seyid Nigaridən, Əli bəy Hüseynzadədən,
Hüseyn Caviddən, bir də Türkiyədə yurd
salmış Azərbaycan cümhuriyyətinin
yaradıcılarından danışdıq.
Özü
də Azərbaycan kökənlidir. Sarılar adıyla məşhur
olan ata tərəfi Dağ Kəsəməndən idi. Əvvəlcə
Qarabağa, ordan da Zəngəzura köç etmişdilər.
İbrahim bəyin ensiklopedik yaddaşı vardı. Heyrət
etməmək mümkün deyildi. Yurd yeri kimi, Göyçə
gölünün şimalında yerləşən
"Darlıq dərəsi" barədə
danışırdı. Çaykənd, Gölkənd,
Əmirxeyir, Bəriabad, Qaraqaya, Yanıq Pəyə, Toğulca,
Çəmbərək, Cıvıxlı, Göyərçinli
- Salah, Poladlı, Meşəkənd adlarını İbrahim
Yıldırımdan dönə-dönə eşitmişdim.
Məndə belə bir inam vardı ki, İbrahim
Yıldırım Azərbaycan tarixi ilə bağlı hər
şeyi bilir... Qərbi Azərbaycanla bağlı bilmədiklərimizin
hamısını.... Köç yollarımızı, elat
yerlərimizi, etnoqrafiyanı, mühacirlərimizin tarixini...
Dövrünün
görkəmli cərrahı, Londondan İstanbula qədər
məşhur olan və Türkiyədə doğulmuş
İbrahim Yıldırım danışanda bilmək olmurdu, o
azərbaycanlı bir linqvistdir, yoxsa etnoqraf? Azərbaycan sevgisi
böyük olduğu kimi, Azərbaycan qarşısında
xidmətləri də çox idi. Azərbaycana ilk dəfə
hələ sovetlər dönəmində gəlmişdi. Burda
Türkiyə-Azərbaycan səhiyyə konqresi keçirilməsində
yaxından iştirak etmişdi. Müstəqilliyimizin ilk illərində
Türkiyədə tibb təhsili alan azərbaycanlı tələbələr
onu yaxşı xatırlayır. İndi o tələbələrin
çoxu tibb professorudur. Həmin tələbələri
seçmək üçün İstanbul Universiteti Azərbaycana
İbrahim bəyi göndərmişdi. İbrahim bəy
yüzlərlə tələbənin Türkiyənin ali məktəblərində
yüksək səviyyəli tibb təhsili almasını təşkil
etmişdi. Nadir adamlardan idi ki, onu, demək olar ki, hamı sevir
və əzizləyirdi.
Bunu isə
o illərdə Azərbaycanın səhiyyə naziri işləmiş
professor Rahim Hüseynov deyib mənə: Birinci Qarabağ savaşının
ən ağır vaxtlarında İbrahim
Yıldırımın başçılıq etdiyi cərrahlar
qrupu Bakıda Semaşko xəstəxanasında təmənnasız
olaraq, 300-ə yaxın hərbçimizim üzərində cərrahiyyə
əməliyyatı gerçəkləşdirmişdi.
İbrahim
bəy böyük tibb alimi idi. Plastik və rekonstruktiv cərrahiyə
üzrə dünyada tanınan bir həkim idi; İstanbul
Universitetinin professoru idi.
Sonradan
dostluğa çevrilmiş münasibətlərimizin təməlində
ikimizin də Cavid və Hüseynzadə sevdalısı
olmağımız dayanırdı.
Azərbaycandan
Amasiyaya yayılmış türk kültürü və
Türkiyədə yayılan şirvanlılar amili, XX
yüzilin əvvəllərində İstanbul Universitetini
bitirmiş azərbaycanlılar onun təkcə şəxsi
deyil, elmi, bəlkə də daha çox milli maraq dairəsindəydi.
İbrahim bəyin Azərbaycan mühacirlərinin həyatı
ilə bağlı bilmədiyi heç nə yox idi. Bir də
Mir Həmzə Seyid Nigarini əzbər bilirdi. Ozü də
oxuyub öyrənməmişdi; təlqin yolu ilə öyrənmişdi.
Söz
vaxtına çəkər, 2004-cü ilin sentyabrında Turan
Cavidin yas yerinə, dediyim kimi, Cavad Heyətlə birgə gəlmişdi.
Bu şəkil də o günün xatirəsidir. Turan Cavidin
evindəyik. Cavad Heyət, İbrahim Yıldırım və
mən...
"Xalid
Səid Xocayev" kitabımın təqdimatı günü
Atatürk Mərkəzindəki çıxışı həyatıma,
bəlkə də taleyimə ayrıca bir rəng qatdı.
Dedi ki, Azər bəyin türk ədəbiyyatı ilə bağlı
bu qədər araşdırmaları var, əcəba, biz
özümüzə sual veririkmi, Azər Turan İstanbulda
olub, yoxsa yox? Yox, olmayıb. Odur ki, onu ilk dəfə
İstanbula aparmaq indi mənim öhdəmə
düşür. Bu gecə İstanbula qayıdıram və
Azər bəyi də, razılıq verərsə,
özümlə aparıram... Elə həmin gün
İstanbula getdik. Təyyarədə yerlərimiz VİP
salondaydı, özü də yanaşıydı. Yolboyu
söhbətlərimizdən anladım ki, İbrahim bəy həm
də Ənvər Paşanın, Nazim Hikmətin
heyranıdır. Mən ona Sürəyya Şövkət Aydəmirin
"Ənvər paşa" kitabından danışırdım.
O isə xəfifcə dedi ki, mən Aydəmirin həkimi
olmuşam... Aydəmir barədə qısa xatirələrini
bölüşdü.
Röyalarımın
şəhərinə - İstanbula gecədən
keçmiş çatdıq. "Sənə gözəl bir
oteldə yer ayarlamışam. Ora gedirik". Maşın bizi
Saffatlı Paşa caddəsində yerləşən "Best
Nobel" otelinə gətirincə, Sultan Əhməd Camesi
öz zərifliyi, Aya Sofya məbədi öz ehtişamı
ilə gözlərimi qamaşdırdı... Otelin yerləşdiyi
küçə sanki rəngarəng, rəngbərəng bir
aləm idi və beləsini ilk dəfəydi ki,
görürdüm. Nargilə və qəhvə ətirli küçə.
İbrahim bəy, "Gedib dincəl, yarın gəzərik, səni
Nazim Hikmətin Gülhanə parkına da aparacam", dedi.
Ertəsi
gün gəldi. Bir yerdə Ayasofiyaya, Sultan Əhmədə,
Topqapı sarayına, Gülhanə parkına getdik. Sonra
İstanbul Universitetinin Bəyazid meydanında yerləşən
Mərkəz Binasına. İbrahim bəyi tanıyanlar bilir, ərkinin
hüdudu yox idi. Muzey mislində olan Mərkəz Binanı gəzirdik.
Qəfil, üstünə "rektor" sözü
yazılmış salona tərəf döndü. Ardıyca
getməyə tərəddüd etdim. O isə, "mən bu
odaya sənə görə gəldim", - deyib rektorun
otağına daxil oldu.
- Bura
Ənvər Paşanın odasıdır...
...Donub
qalmışdım. İbrahim Yıldırım
danışırdı:
- Burada
heç nəyə toxunulmayıb. Gördüyün hər
şey Ənvərin vaxtında necəydisə, elədir, -
dedi.
Möcüzə
bir dünyanın müsafiriydim. Ənvər Paşa Türkiyənin
Hərbi Naziri olanda bu naxışlı, süslü, bəzəkli,
şəbəkəli romantik otaqda otururmuş. Kürsü
Ənvərin kürsüsüdür. Masa Ənvər
Paşanın masasıdır... İbrahim Yıldırım
bu tarixi otaqda şəklimi çəkməyi də
unutmadı. Ənvər Paşanın (bu gün rektorun)
otağı ilə üzbəüz dəhlizin o biri tərəfində
rəsm qalereyasının önündə Səlim Turanın
ayaqüstə çəkilmiş iri, adamboyu bir şəkli
vardı. İbrahim bəy dedi ki, Şahiqa xanım Səlim bəyin
223 tablosunu və Səlimə məxsus olan əşyaları
İstanbul Universitetinə bağışlayıb...
İstanbulda
1 həftə qaldım. Və İbrahim bəy hər gün
mənimlə ilgiləndi. Gülhanədə gəzdik.
Hüseyn Cavidin tələbəlik illərində
qaldığı, Köşəmsultanın tikdirdiyi
binanı göstərdi mənə. Qapalı
çarşıya gəldik. Burdakı qızıl
dükanlarında Azərbaycan mühacirlərinin - (ikinci
mühacirətin) övladları zərgərlik məmulatları
satır. Onlardan birinin - əslən daşkəsənli
Muradın dükanında bir az dincəldik, Murad bəy bizə
çay ikram etdi. İbrahim bəy Azərbaycan Cümhuriyyətinin
sonuncu Daxili İşlər Naziri, sonralar mühacir həyatı
yaşamış Mustafa Vəkilovun nəslindən idi.
Həmin
günlərin birində, İbrahim bəylə və
Bakıdan bir yerdə gəldiyimiz, xətrini İbrahim bəyin
övlad qədər istədiyi Xasayla birgə hava alanına gəldik.
Londondan müalicədən qayıdan Bəhruz həkimi və
onun həyat yoldaşı Gülşən xanımı
qarşıladıq. Axşam İbrahim bəygilə gəldik.
İbrahim
Yıldırımın evi İstanbulun Ləvənt səmtindədir.
Yaraşıqlı, gözəl və əzəmətli bir
evi var. Bizi İbrahim bəyin ömür-gün yoldaşı
Fügen xanım qarşıladı... Fügen Molla Vəli
Vidadinin kötükcəsidir. Türkiyəli tarixçi Veli
Orkunun qızıdır...
Həftənin
sonunda məni öz maşını ilə hava limanına gətirib
yola saldı...
İbrahim
Yıldırım yaddaşımda işıq daşıyan
bir varlıq kimi qalacaq. Sevib-sevindirməyi bacaran nadir insanlardan
biriydi. Həm də ədalətli adam idi. Feyzavər Alpsarla mənim
aramda dərin bağlantı qurmuşdu və heç kəs
bu bağlantıya müdaxilə edə bilmirdi.
2008-ci
ilin 4 noyabrında - yağışlı bir gündə zəng
vurdu mənə. Bakıdaydı. Mənə çatası əmanətlər
gətirdiyini dedi. Görüşdük. Amma nə gətirdiyini
demirdi. Həmin gün ayrılarkən mənə misilsiz
töhfələri çatdırdı. Əli bəy
Hüseynzadənin qızı Feyzavər Alpsar mənə bir
məktub yazmış, özünün çəkdiyi
"Evrende şahmeran" tablosunu rəsmin arxasına avtoqraf
sözlər yazaraq mənə göndərmişdi. O nadir
şəkil elə o vaxtdan evimin divarındadır.
İşıqlı bir Şahməran. İndi İbrahim bəy
barədə yazdıqca Feyzavər Alpsarın çəkdiyi
həmin "Evrendə Şahməran" əsərinə
baxıram. O, mənə Feyzavərin və İbrahim bəyin
yadigarıdır.
İnsanlar
barədə yalnız yaxşını danışardı.
Qeybət etməzdi. Onunla söhbət əsnasında kiminsə
barəsində xoş olmayan söz söyləmək, sadəcə,
mümkün deyildi...
Bunu
gündəliyimdən köçürürəm. "5
noyabr 2008. Slavyan Universitetindən Etimad Başkeçid zəng
vurdu: Burada Hüseyn Cavidlə bağlı tədbir
keçirilir və Türkiyədən gəlmiş prof.
İbrahim Yıldırım sənsiz bu tədbirə
qatılmaq istəmədiyini bildirir. Təcili gəl".
İbrahim Yıldırım istisnasız olaraq hamıya
münasibətdə beləydi.
İbrahim
bəy dərin ədəbiyyat bilgisinə sahib idi. Hüseyn
Cavidi elə dərindən bilirdi ki, 2010-cu ildə çapdan
çıxmış "Cavidnamə" kitabımın rəyçisi
olmuşdu. Seyid Nigari barədə "Ədəbiyyat qəzeti"
üçün məqalə yazmasını istəmişdim.
O, sadəcə, Seyid Nigari demirdi. Nigarini "Məndəki
Seyid Nigari" adlandırırdı.
İstanbula
yolum düşəndə mütləq əvvəlcədən
İbrahim Yıldırıma xəbər edərdim. Bir dəfə
onunla bir yerdə Feyzavər xanımın Şişlidəki
evinə gəldik və mənim xahişimlə bizi - Feyzavər
xanımla məni Qaracaəhməd məzarlığına -
Əli bəy Hüseynzadənin ziyarətinə apardı.
Feyzavər xanımla ikimizin çoxlu şəkillərimizi
çəkdi. Geri dönərkən, maşını
birbaşa Ləvənddəki möhtəşəm evlərinə
sürdü. Və həmin gün Feyzavər xanım
üçün də, mənim üçün də
unudulmaz bir gün oldu.
İbrahim
bəy Bakıya tez-tez gələrdi. 2010-cu ilin avqustunda
elektron poçtuma məktub yazdı. Oktyabr ayında Bakıda
olub-olmayacağımı soruşurdu. Gələcəyini
yazmışdı. Mən də cavab yazdım ki, kaş ki
sentyabrda gələydiniz. "Niyə"sini soruşdu.
Qızımın düyünü olacağını dedim...
Toydan bir gün əvvəl şəhərdə, bulvar səmtindəydim.
"Hilton" otel tərəflərdə. Mahir Alıyevi
gördüm. Sən demə, o da məni görüb,
maşını saxlayıb. Elə uzaqdan gileyləndi:
"İbrahim bəy İstanbuldan toya gəlib, bizim burdan-bura
xəbərimiz yoxdur", dedi. İbrahim bəy
maşındaydı. Görüşdük. Ertəsi gün
toyda ürək sözlərini söylədi. Dedi ki, mən
öz toyumda "Birinizin xatirinə hamınıza qurban mən
olum" mahnısına oynamışam. Bu gün də o
mahnıya oynamaq istəyirəm". Qollarını
qaldırıb toya unudulmaz bir rəng qatdı.
Uşaq
kimi sadə, genişqəlbli İbrahim Yıldırım
Türkiyədə Əli bəy Hüseynzadənin son
yadigarı Feyzavərə həyan idi. Bütün problemlərində
yanındaydı. Feyzavər xanımın səhhət problemi
ilə professor İbrahim Yıldırım məşğul
olurdu.
Dedim
axı, İbrahim bəydə uşaq saflığı
vardı. O saflığın hesabınaydı ki, adam bu
böyük müasirimizlə ünsiyyətdə olanda kifayət
qədər sərbəst davranırdı. 2018-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyev Feyzavər Alpsarı
"Dostluq" ordeni ilə təltif etdi. Xəbəri oxuyan
kimi dərhal Feyzavər xanıma zəng vurdum. Təbrik
etdim.. Hiss elədim ki, təltif olunmasından xəbəri
yoxdur. "Mən yapdım ki... Sağ olsun sayın Aliyev, bunu
Türk Kültürünün büyük mütefekkiri babam
için sevinçle karşıladım" dedi. Feyzavər
xanımla sağollaşıb İbrahim bəyin telefonunu
yığdım. Rica etdim ki, Feyzavərgilə getsin. Onun
ürək sözlərini lentə alıb mənə
göndərsin. O boyda insan, dünya çapında çox məşhur
olan tibb professoru özünü elə apardı ki, sanki
"Ədəbiyyat qəzeti"nin sıravi əməkdaşıdır.
Axşama qədər, yəni qəzet çapa gedənə
qədər Feyzavər Alpsarla görüşdü və
söhbətinin səs yazısını və
özünün qələmə aldığı "Ali bey
Hüseyinzade ve Son Yadigarı Feyzaver Turan Alpsar'ın Asaleti ve
Liyakat Nişanı" adlı yazısını mənə
göndərdi. Feyzavər xanımın müsahibəsi və
İbrahim Yıldırımın yazısı qəzetin sabah
çıxacaq sayında dərc olundu. İbrahim bəyin elə
də gözəl üslubu vardı ki... Əsl
yazıçı üslubu. Özü kimi aydın və zəngin...
İstanbulda
keçirilən və bir neçəsində mənim də
iştirak etdiyim tədbirlərə mütləq
qatılardı. İstanbul Universitetinin Seyid Həsən
Paşa mədrəsəsi salonunda Hüseyn Cavidlə
bağlı keçirilən konfransda, Əli bəy Hüseynzadənin
140 illiyində TÜRKSOY xətti keçirilən konfransda o
da, mən də çıxış etdik. Bu şəkil də
həmin unudulmaz günün yadigarıdır.
2014-cü
ildə Əli bəy Hüseynzadənin Salyanda keçirilən
yubiley tədbirində iştirak etmək üçün
İstanbuldan durub Bakıya, ordan da Salyana gəlmişdi. Həmin
tədbirdə ikimiz də çıxış etdik.
Fügen
xanıma münasibəti İbrahim Yıldırımın
obrazını tamamlayır. Bir dəfə Fügen xanıma
elə İbrahim bəyin yanında soruşdum: "İbrahim
bəy sizin üçün kimdir?" Cavabı belə oldu:
"İbrahimlə eyni kökəndən oluşumuz, eyni
yörədən olmağımız, eyni gələnək və
görənəkləri paylaşmağımız çox
önəmlidir. Evlilik əslində ortaq dəyərləri
paylaşmaq deməkdir. Biz İbrahimlə ortaq dəyərləri
paylaşırıq. Eyni şarkılara ağlayırıq,
eyni şarkıları dinləyirik".
Türkiyədə
Azərbaycan qədər, Azərbaycanda Türkiyə qədər
əziz olan İbrahim bəylə sonuncu dəfə
İstanbulda görüşdük. Kitab fuarının Azərbaycan
guşəsinə gəlmişdi. Çox
qocalmışdı. Sanki əvvəlki qıvraq, həyat dolu
İbrahim Yıldırım deyildi. Sakitcə əyləşib
Azərbaycan guşəsinə gələnləri seyr edirdi.
Yenə də məni adəti üzrə evinə dəvət
etdi. Bu dəfə gedə bilmədim. Amma o ev hər zaman mənə
Azərbaycanın bir parçası kimi əziz olub. Bu da
sonuncu şəklimizdir... İstanbul kitab fuarında...
İndi Bəhruz
həkimlə əlaqə saxladım. O, İbrahim bəyin son
nəfəsinə qədər yanında olub. Bəhruz bəylə
tez-tez danışırdıq. İbrahim Yıldırım
yeni əməliyyat olunmuşdu. Əməliyyatdan yaxşı
çıxmışdı. Polkovnik-həkim Bəhruz Səfərəliyev
dedi ki, İstanbulda vida mərasimi dünən oldu. İstər
Türkiyədən, istər Azərbaycandan bütün tələbələri
(hamısı professordur) vida mərasimində iştirak etdilər.
Gecəykən Merzifona yola düşdük. İndi
Merzifondayıq. Paşa Camesində cənazə namazı
qılındı. İbrahim bəy öz vəsiyyətinə
görə Amasiyada - Merzifonda anası Telli xanımın
yanında dəfn edildi...
Geçti,
geçti mevsimler... Süpürüldü takvimler. Gidenlerden
kalan şey; Duvarlarda resimler, Mezarlarda isimler...
11
sentyabr 2025
Azər
TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, №32-33.- S.16-17.