33-ün hikməti
Hekayə
Özümə söz vermişdim ki, daha onlayn alış-veriş etməyəcəyəm. İnternet üzərindən hansısa mağazaya daxil
oldunsa, bir də onda ayılırsan ki, dəyərli vaxtın
və kifayət qədər pulun yoxa çıxıb.
Əslində onlayn alış-veriş də pis vərdişlərdən
biridir, birinci istifadədən sonra mütləq ikincisi,
üçüncüsü olur və insanda
bağlılıq yaranır.
Lənətə
gəlsin! "Trendyol"dan yenicə qurtulmuşdum, indi də
"Temu" çıxdı qabağıma. Heç olmasa,
"Trendyol" Türkiyənindir, beş malı zay gəlsə
də, biri isbatlı olur. "Temu" isə birbaşa
Çinin alış-veriş məkanıdır. O ölkənin
mallarını gözlə görüb, əllə toxunanda
ehtiyatlı olursan ki, aldanmayasan, o da qala görüb-yoxlamadan nəsə
alasan. Söz, "Temu"dakı 33 manatlıq malım gəlsin,
daha heç nə sifariş etməyəcəyəm!
Telefonumu
açıb "Temu" alış-veriş mərkəzinin
saytına daxil oldum və saytın müştəri ilə
müqaviləsini bir daha gözdən keçirdim. Dönə-dönə
qeyd edirdilər ki, malın bir ay ərzində sənə
çatmasa, pulun kartına qayıdacaq. Fikir məni apardı
ki, ay yarımdır nə malımdan, nə də pulumdan bir xəbər
yoxdu. Onlayn mağazanın əlaqə bölümünə
keçərək şikayətimi bildirdim, hətta "Sizi
məhkəməyə verəcəm, siz mənim pulum üzərindən
qazanc əldə edirsiniz!" - deyərək, onları təhdid
də etdim. Gülmək məni tutmuşdu, öz-özümə
pıçıldadım ki, 33 manatımla ha, mənim 33
manatımı dövriyyəyə buraxıb pul qazanırlar.
Yaxşı ki, "Temu"nun operatoru ilə sadəcə
mesajlaşırdım, səsli danışıq olsaydı, qəhqəhəmi
eşidib, ciddiyyətimə şübhə edəcəkdi.
"Tək mən deyiləm axı, gör neçə minlərlə,
bəlkə də yüz minlərlə mənlər var, hərənin
cəmi 33 manatını ləngidib dövr etdirsələr,
xeyli puldu", düşünərək, şikayətimə
davam elədim. Bir müddət sonra bank kartıma bildiriş gəldi
ki, bəs, "Temu" 33 manatını geri qaytarıb. Elə
bu vaxt qapım da döyüldü, kuryer idi, "Temu"dan
sifariş etdiyim malları gətirmişdi. Həm pul, həm
də mal, ikisi bir gündə gəlmişdi. Heç nə
demədən malları götürdüm. Pulu kuryerə iadə
edəsi deyildim ki?..
Bağlamanı
açdım, sifarişim olduğu kimi
çatdırılmışdı. Keyfiyyətdən bəhs
etmirəm, Çindən gəldiyini gözə alaraq
sifariş eləmişdim. Onsuz da dolabımda onlayn
alış-verişlərin bəhrəsi, həqiqətlə
fotodakının tam əksi, arxadan pioner, üzdən
"pensioner" o qədər paltar var ki... Nə isə...
malları yerbəyer elədim. Amma ürəyim rahat deyildi,
özümü "Temu"ya borclu sayırdım və bu
borcu necə qaytaracağımın yollarını
arayırdım. Düşündüm ki, ən
yaxşısı, yenidən 33 manatlıq mal sifariş edim. Gəlsə
də, gəlməsə də, borcumdan çıxmış
olaram. Və sayta daxil olaraq bir neçə saatımın bədəliylə
33 manatlıq mal sifariş elədim...
Bu yay
havalar yaman isti keçir. Əslində hər il belə olur,
sadəcə, fəsil dəyişəndə deyinməyimiz adətdəndir.
Mən şair Musa Ələkbərlinin ən qiymətli əşyası
kitabdan ibarət olan balaca ofisində havanı
yıxıb-sürüyürəm, şair də təsdiqləyirdi.
Həlim xasiyyətli, heç kimi incitməyən,
oturuşu-duruşu, davranışı səmimiyyətin
özü olan şair mənim dediklərimlə birə-bir
razılaşırdı. Hərdən başımızı
qaldırıb pəncərəyə bərkidilmiş,
canının yarısı eşikdə, yarısı da
içəridə, ləhləməkdən boğazı gərləşən
"Sovetski kondisioner"ə baxsaq da, gileyimizə xitam
vermirdik. Şairin iş masasına, kompüterlərin
yan-yörəsinə, pəncərələrin
qarşısına səpələnmiş kitab-dəftərlərin
səhifələri də kondisionerin havası dəydikcə
bizim qeybətə qoşulurmuş kimi yerində
qurcalanırdı. Ən az 60 yaşı olan kondisioner isə
nə havalardan, nə də onu əldən salmış
qocalıqdan şikayət etmədən işini
görürdü. Qəribədir, indiki kondisionerlərin dərəcəsini
salanda xəstələnirsən, qaldıranda istidən nəfəsin
kəsilir. Altmış il papiros çəkən, sinəsi
tütündən qat bağlayan qocalar kimi illərin
toz-torpağı ilə dolu kondisioner isə bu illər ərzində
tövrünü pozmadan çalışırdı -
dondurmadan, yandırmadan...
- Rayona
gedəsiyəm, yaman gözümə durub, - şair
könülsüz və yorğun halda dedi.
-
Şair, bu istidə necə gedəcəksiniz o uzaqlıqda
yolu? - soruşdum.
- Birtəhər
getməliyəm, yas yeri var.
- Zəng
edin, başsağlığı verin və rahatsız
olduğunuzu deyin, belə havada yola çıxmayın.
-
Yaxın adamım rəhmətə gedib, mütləq getməliyəm.
- Allah rəhmət
eləsin! - dedim və susdum.
- Sürət
qatarı ilə getmək istəyirəm, deyirlər, o
rahatdı. Dəllərə qədər gedərəm, oradan
da maşın taparam.
- Olar,
Şəmkirin dördyolundan Gədəbəyə hər dəqiqə
maşın çıxır.
- Gərək
gedim vağzaldan bilet alım.
- Nə
vaxt gedirsiniz, şair?
- Ayın
13-ü, səhər obaşdan getsəm, 14-ü yasa
çataram...
Çöldə
ən azı 40 dərəcə istilik var idi. Şairə
qıymadım ki, belə istidə dəmir yoluna getsin. Dedim:
-
Şair, gəlin onlayn sifariş edək, ora getməyə nə
ehtiyac?
Sevincək
soruşdu:
- Onlayn...
telefonla, eləmi? Nə yaxşı olar...
Doğrusu,
heç vaxt qatara bilet almamışdım, həm də
onlayn. Telefonu açdım və araşdıraraq Azərbaycan
Dəmir Yollarının saytını tapdım. Qeydiyyatdan
keçdim, sonra şairlə birlikdə oturacaqları və
qiymətləri araşdırmağa başladıq. Qiymətlər
yerə və xidmətə görə 15-100 AZN arasında dəyişirdi.
Şair 33 AZN-lik yeri seçdi. Pul ödəmək
bölümünə çatanda baxdım ki, kartımda 33
manat yoxdur, şair də sağ olsun, kart işlətmir ki,
onun kartından istifadə eləyim...
Pəncərədən
çölə boylandım, bircə ağac tapmadım ki,
görüm, bircə yarpaq tərpənirmi? Yəni meh
varmı, çölə çıxsam, nəfəsim kəsilməz
ki?! Həyətdəki adamların qaş-qabağından, tələsik
yerişlərindən, hərdən dayanıb boş əlləri
ilə özlərini yelpikləmələrindən hiss elədim
ki, çölə çıxılası deyil. Şairə
də söz vermişdim, axı... Dedim:
-
Şair, kartda pul yoxdur, gedim aparat tapım, karta pul yükləyim.
- Düzü, kartımda 33 manatın olmadığı məni
utandırdı, tələm-tələsik əlavə elədim:
- Bilirsiniz də, ölkənin birinci bankı mənə pul
atdı. Ondan sonra gözüm qorxub kartda pul saxlamaqdan...
- Necə
yəni "atdı?" Nə oldu ki? - şair təəccüblə
soruşdu:
- Uzun məsələdir,
şair. Qısaca danışım, bir qohumum evindən
köçürdü və paltaryuyan maşınını
mənim dostumun iş yerinə qoydu ki, bəlkə
müştəri tapıb satdıq. Mən paltaryuyanın
şəklini onlayn satış saytlarından birinə
yüklədim, altına da qiymətini yazdım. Aradan 20 dəqiqə
keçməmiş telefonuma Rusiya nömrəsindən zəng
gəldi. Bir qadın maşını almaq istədiyini bildirdi
və pulunu yükləmək üçün məndən
bank kartı istədi. Düşündüm ki,
fırıldaqçı olar, kartımdakı pula müdaxilə
eləyər. Ona görə də dostuma zəng edib dedim ki, səndəki
boş kartın şəklini o qadına at, həm də
maşın sənin iş yerindədir, elə sənlə əlaqə
saxlayıb, götürərlər. Dostuma dönə-dönə
tapşırdım ki, nəbadə, əlavə məlumat verəsən,
internet fırıldaqçı ilə doludur. Dostum
maşın almaq istəyən qadınla əlaqə saxlayar,
telefonda xeyli söhbət edərlər, qadın dostumun
boş kartının məlumatları ilə bizim birinci bankın
aplikasiyasına daxil olar və oradan dostumun adında olan iki min
manatı çıxarar.
- Necə
yəni, "çıxarar?" - şair həyəcanla
soruşdu.
- Dostumun
adına içində pul olan başqa bir kart var imiş...
-
Başqa kartdan necə çıxarıb, axı, bank qoruyur kart
məlumatlarını...
-
Şair, görünür ki, bank yaxşı qorumur, ya da elə
bank əməkdaşlarının əli var bu işdə.
Eh, şair, belə cinayət bir deyil, beş deyil, camaatın
yüz minləri gedib e, bu yolla... - deyərək əlimi
havada yellədim.
- Polisə
şikayət etmədiniz? - şair soruşdu.
- Əlbəttə,
etdik. Elə onda bildik ki, gündə onlarla adam belə
şikayətlə polisin qapısını döyür.
İşə bax e, banklar qazanır, vətəndaş pul
itirir, polis isə işi-gücü yoxmuş kimi kibercinayətlə
məşğul olur...
-
Kibercinayət nədir? - şair sual dolu
baxışlarını mənə zillədi:
-
Kibercinayət - internet üzərindən adamların
canına, malına, puluna qəsd edilən cinayət
növüdür. Onlayn şəkildə adamlarla əlaqə
qururlar, müxtəlif cinayətlər üçün, məsələn,
terror, soyğunçuluq, killerlik, insan alveri, narkokuryerlik və
bu kimi əməllərin həyata keçməsində
istifadə eləyirlər, azyaşlıları intihara
sürükləyirlər, insanların banklardakı pulunu,
malını ələ keçirirlər.
- Bəs
sonra necə oldu? Polis tapdı
fırıldaqçıları?
-
Araşdırır. Hətta Daxili İşlər Nazirliyi səviyyəsində
kibercinayətkarlığa qarşı qurum da
yaradılıb. Belə cinayətlər dünyanı
başına götürüb. Mən bu hadisədən sonra
sosial şəbəkədə məsələni ictimailəşdirdim.
Yüz minlərlə adam mənə qoşuldu və eyni
bankda, eyni hadisənin başlarına gəldiyini yazdı. Məncə,
polis ilk olaraq həmin bankı araşdırmalıdır...
- Elə
yaxşı ki, kartdan istifadə eləmirəm, - şair əsəbi
səslə dedi.
- Elə
o gündən sonra mən də karta pulu yalnız lazım
olandan-olana qoyuram. Nə isə, şair, gedim karta 33 manat
yükləyim, sonra bileti sifariş eləyək.
Şair mənə
33 manat verdi və yaxınlıqdakı "Milliön"
aparatından kartıma pul yükləyib, döndüm
şairin sərin otağına. Bütün əməliyyatı
yenidən təkrarlayaraq bilet sifariş eləməyə
çalışdım. "Bilet al" bölümünə
çatanda telefonumdakı internet paketim bitdi. Əməllicə
pərt olmuşdum. Yeni internet paketi almaq istədim,
balansımda kifayət qədər məbləğin
olmadığını gördüm. "Əstəğfürullah!
Bu nədir başıma gəlir?" -
pıçıldadım. "Bu istidə bir də eşiyə
çıxım?" Bir dostum ağlıma gəldi, ona zəng
etdim ki, mənim telefonuma iki manat qoy, mən sənə verərəm,
indi vacibdir. Bir az sonra telefonuma mesaj gəldi ki, nömrəmə
18 manat pul yüklənib. Dostuma dedim, axı səndən cəmi
iki manat istədim. Cavab verdi ki, əlim dəydi, səhv getdi.
Nə isə, "yanlış da bir naxışdır",
düşünərək internet paketi götürdüm.
Şair səbirsizliklə bilet gözləyirdi, yenidən
bilet almaq əməliyyatına başladım, yenidən
qeydiyyat, yenidən Musa Ələkbərovun şəxsiyyət
vəsiqəsinin məlumatları, yer seçmək və s.
təkrarlandı. "Bilet al" bölümünə
çatanda dəmir yolunun saytı işləmədi. Mənə
bir istilik gəldi ki, sovetin zəhmətkeş kondisioneri də
havamı almaqda çətinlik çəkdi.
Özümü tox tutmağa çalışdım və
sayta daxil olmaq üçün təkrar-təkrar cəhdlər
elədim. Tam bir saatdan sonra sayt açıldı. Yenidən
qeydiyyat, yenidən Musa Ələkbərovun şəxsiyyət
vəsiqəsinin məlumatları, yer seçmək və s.
təkrarlandı. "Bilet al" bölümünə
çatanda telefonumun enerjisi bitdi...
Sakitcə
yerimdən qalxaraq kondisionerin qabağına keçdim.
- Oldumu,
düzəldimi bilet? - şair nigaran halda soruşdu.
- Yox,
şair, olmadı. Telefon söndü. - Hirsimdən və
bacarıqsızlığımdan az qalırdım
ağlayım. Ürəyimdə deyinməyə
başladım: "Sənin bu çoxbilmişliyin, adamlara
yardım etmək istəyin, hər yerə burnunu
soxmağın nə qədər davam eləyəcək? Bu
yaxınlarda itirdiyin iki mini unutdun? Hələ də dostunun
üzünə baxa bilmirsən. Nə olsun ki, dostun pulu səndən
istəmədi, sənin ucbatından oldu də, ödəməlisən
xalxın pulunu. İndi də belə... Sən bilet alan
olmusan?" Amma onu da deyim ki, özümə ləzzət edən
bir xasiyyətim də var, nə qədər böyük səhv
eləsəm də, hərləyib-fırlayıb
özümü haqlı çıxarıram. Yoxsa, vicdan əzabı
məni çoxdan öldürmüşdü. Elə bank
hadisəsində də özümə haqq vermişdim, dostum
gözüaçıq olmalı idi. Mən ona dönə-dönə
tapşırmışdım ki, ehtiyatlı ol.
- Canın
sağ olsun, eybi yox, gedib vağzaldan alaram, - şair mənə
təskinlik verməyə çalışdı.
Halsız
şəkildə dedim:
-
Şair, gedim evdən telefonu zaryadkaya qoyum, sonra sifariş edib,
biletin PDF-ini sizə ataram.
- Sən
Allah, özünü yorma, qoy qalsın, - deyərək,
şair təkid eləsə də, razılaşmadım.
İsti başımdan döyə-döyə evə gəldim
və telefonu şarja qoşdum. Telefon açılan kimi Dəmir
Yolunun saytına daxil olaraq əməliyyatı təkrarladım,
həyəcanlı idim, tezcə bilet alıb şairə
göndərmək üçün tələsirdim. Yenidən
Musa Ələkbərovun şəxsiyyət vəsiqəsinin
məlumatları, yenidən yer seçmək və s. təkrarlandı.
"Bilet al" bölümünə çatdım və
tıkladım. Telefonun ekranında "Əməliyyat
uğurla başa çatdı" yazısını oxuyanda
çox sevindim. Nəhayət, əməliyyat uğurla
başa çatmışdı. Şükr edərək,
e-mailimə gələn onlayn biletin PDF-ini telefona yüklədim
ki, şairin vatsapına göndərim. Bütün
günün əziyyətinin bəhrəsi idi bu bilet.
İçimdəki rahatlığa sevinə-sevinə biletə
göz yetirdim. Bəh-bəh, onlayn bilet necə səliqəli
idi. Ləzzət ala-ala oxumağa başladım, Bakı-Dəllər
sərnişin qatarı filanıncı vaqon, filanıncı
yer... birdən gözüm qatarın çıxış
saatına sataşdı - 18:00. Gözlərimə
inanmadım, bir də oxudum, bir də, bir də... Bəli, mən
səhər 8:00 əvəzinə, axşam 18:00 reysini
seçmişdim. Bir müddət yerimdəcə donub
qaldım. Özümə gələndən sonra şairə
zəng elədim, utana-utana:
- Musa
müəllim, siz mütləq səhər tezdən getməlisiniz?
Bəlkə axşam reysi ilə gedəsiniz, hava da sərinləyər,
- dedim.
Cavabı
qısa və qəti idi:
- Yox,
İradə xanım, səhərə alın, gecəyarı
Gədəbəy yolunda qalmayım, - dedi.
Zəng
başa çatandan sonra üzgün halda dəmir yolunun qaynar
xəttinə zəng elədim. İncəvara, tez cavab verdilər,
gözləməyə səbrimmi var idi? Nəzakətli
operator qaytarmanın mümkün olduğunu söylədi. Onu
da əlavə elədi ki, sizin puldan xidmət haqqı
tutulandan sonra qalıq pul üç iş günündə
kartınıza qayıdacaq. Operatorun nəzakətindən
istifadə edərək soruşdum:
- Sizin
sayt niyə tez-tez işləmir? Bu gün saatlarla sayta daxil ola
bilməmişəm.
- O bizim
saytın deyil, sizin brauzerin problemidir, elə olanda başqa
brauzerə keçid edin, zəhmət olmasa.
Ürəyimdə
"yaxşı mənə başa saldınız, bəs hər
gün yüzlərlə bilet almaq istəyən, əziyyət
çəkən adamlar hardan bilsin ki, brauzeri dəyişməlidir?"
desəm də, nəzakətli operatorla sağollaşdım.
Qaytarmaqdan
başqa əlacım yox idi. Düşündüm ki,
çıxıb yaxınlıqda aparat taparam və karta yenidən
33 manat vuraram. Qaytarma əməliyyatını birtəhər
başa çatdırdım. Şükürlər olsun ki,
pul elə həmin an kartıma qayıtdı, aparatdan pul
yükləməyə ehtiyac qalmadı. Yenidən dəmir
yolunun saytına daxil oldum və yenidən Musa Ələkbərovun
şəxsiyyət vəsiqəsinin məlumatlarını
yüklədim, yenidən yer seçdim, "Bilet al"
bölümünə çatanda məlum oldu ki, həmin
günün biletləri bitib. Əsəbdən əllərim
titrəyirdi, yenə də deyinməyə başladım,
"sənə qalıb yaxşılıq? Oturardın də,
oturduğun yerdə! Şair nə fikirləşəcək?
Deməzmi, bu qız pulu kartına yükləmək
üçünmü oyun çıxarırdı? Mən
indi şairə necə anladım ki, bilet qurtardı?"
Peşmanlıq hissi məni bürüsə də,
özümü ələ almağa çalışırdım.
Onu da deyim, etdiyim ən böyük səhvə görə
belə peşman olmuram. Etdiklərimin deyil, etmədiklərimin
peşmançılığı məni daha çox
yandırar. Özümü danlaya-danlaya, xəcalət çəkə-çəkə
yenidən şairə zəng etdim:
- Musa
müəllim, olarmı ayın 14-ü, səhər tezdənə
alım bileti?
- Yox, yox,
o çox gec olacaq. Yasa çatmaram, axı... - Şairin budəfəki
cavabı daha ağır oldu.
Asta səslə:
-
Şair, həmin saata biletlər bitib... - dedim.
- Onda
alma, başqa vaxta lazım deyil. Eybi yox, yol maşını ilə
gedərəm, - deyən şair, halımdan anlamasa da, həmişəki
həlimliyi ilə cavab verdi.
Şairin
həlimliyi mənə zülüm kimi göründü.
Ürəyimdə, "bu Musa Ələkbərlinin
zalımlıq damarı məni gördü elə bil.
Başqa vaxt hamıyla razılaşan, kimsəni incitməyən
adam indi "Nuh deyir, peyğəmbər demir".
İnsafın olsun, adam, görürsən ki, dardayam", -
desəm də, dilimdə: - Şair, yenə tez-tez baxacam, ola
bilər ki, kimsə həmin saata qaytarma-filan edər, onda
alacam və bileti sizə atacam, - dedim.
Gecəni
səhərə qədər yatmadım, "bu nə iş
idi başıma gəldi? Niyə, axı, niyə? Nə
günah işləmişdim ki, şairin yanında
üzüm qara oldu?" - düşüncələri məni
sakit buraxmırdı. Səhər tezdən telefonuma gələn
mesaj səsinə oyandım. "İradə, Musaya bilet alma,
mənim maşınımla gedəsi olduq". Şairin dostu
Çingiz Abbasov Xızır kimi dadıma yetişmişdi.
Ürəyimdə Abbasova alqış eləyə-eləyə
şairi yığdım:
-
Şair, Çingiz müəllim dedi "bilet alma..."
- Hə,
onunla gedəsi oldum...
- Bu
gün işə gedəcəksiniz? - soruşdum.
- Bilmirəm,
bəlkə getdim, - dedi.
- Hə,
mən də gələcəm, pulunuzu verərəm...
- Ay
qız, lazım deyil, biletin puluydu o, onsuz da pulsuz gedirəm. Xərclə,
halalın olsun, - dedi.
Hə, əvvəldə
deməyi unutdum, bizim şair həm də səxavətlidir. Hər
ay təqaüdünü alanda mütləq kiminləsə
bölməlidir. Bu dəfə də mənimlə bölmək
istəyirdi.
- Yox, ay
Musa müəllim, nə danışırsınız, pulunuzu
qaytaracam, - dedim.
- Vallah,
üzünə baxmaram, qızım, sənə dedim ki, o pulu
sənə halal edirəm. Nə fərqi var, elə bil ki,
bilet almısan, - deyərək, sağollaşıb telefonu
qapatdı.
Öz-özümə
danışmağa başladım, 33 manatda nəsə hikmət
var. Mən 33 manatlıq nə iş görürəmsə,
pul hərlənir-fırlanır, yenə də üstümə
gəlir. Elə bu düşüncədəydim ki, telefonuma
"Trendyol"dan mesaj gəldi, 20 faizlik yay endirimlərinə
start verilmişdi. Çoxdan idi onlayn dükandakı səbətimdə
yataq üçün çarşaf dəsti
saxlayırdım. Endirimi gözləyirdim ki, sifariş edim.
Saytı açıb çarşaf dəstinin qiymətinə
baxdım, 41 manatdan 33 manata düşmüşdü.
Çaşıb qaldım, yenə 33 manat! Kartımdakı 33
manat yadıma düşdü və sevincək halda dəsti
sifariş elədim...
16.07.2024
İradə
AYTEL
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, №32-33.- S.24-25.