"Biz ölkədə
deyil, dildə yaşayırıq"
İon Deaconescu ilə söhbət
Hərfləri
ay tozunun zərrəcikləri kimi duyan Ion Deaconescu 7 mart 1947-ci
ildə Rumıniyada anadan olub. O, şair, esseist, tərcüməçi
və ədəbiyyat tədqiqatçısı kimi, mədəniyyət
diplomatiyasında fəal bir simadır. İon Deaconescu
yalnız Rumıniya ədəbiyyatının deyil, həm də
Balkan poeziyasının beynəlxalq aləmdə
tanıdılması istiqamətində mühüm
addımlar atıb.
Deaconescu
şeirlərində sevgi, yaddaş, zaman və insanın mənəvi
taleyi kimi mövzulara toxunur. Onun poeziyası həm fərdi
hissləri, həm də bəşəri dəyərləri
birləşdirən bir körpü rolunu oynayır. Mihai
Eminescu Dünya Poeziya Festivalının qurucusu Deaconescu,
poeziyanı yalnız yazılı söz kimi deyil, həm də
mədəniyyətlərarası dialoqun dili kimi təqdim
edir.
İon
Deaconescunun poeziyası müasir Rumıniya ədəbiyyatının
həm milli köklərlə, həm də universal dəyərlərlə
qovuşduğu nadir nümunələrdəndir. Onun şeirləri
dil baxımından sadə, lakin mənaca
çoxqatlıdır, sevgi və yaddaş, insanın zaman
qarşısındakı kövrəkliyi kimi mövzular onun
poetik dünyasının əsas sütunlarını təşkil
edir. Deaconescu, Mihai Eminescu irsini davam etdirən bir ruhla, Balkan mədəniyyətinin
fəlsəfi dərinliklərini qlobal poeziya kontekstinə
daşıyır.
Onun
misralarında insan həm fərdi, həm də bəşəri
taleyini dərk etməyə dəvət olunur. Şair, sadə
obrazlarla dərin metafizik mənalar yaradır, sözü mənəvi
bir məkana çevirir və oxucunu yalnız müşahidəçi
deyil, həm də mənəvi yol yoldaşı kimi
poeziyasına daxil edir.
Budəfəki
"Oxucu-yazıçı söhbətləşməsi"
layihəm çərçivəsində mən onunla zaman,
yaddaş, poeziyanın ölümsüzlüyü və dəyişən
dünyada dəyərlərin taleyi barədə danışacağam...
- Dəyərli
İon Deaconescu, sizcə, insan yaddaşı zamanı məğlub
edə bilər?
-
Dünyanın qapılarında başlanğıcı və
sonu olmayan Zaman, insanları və qumu qızıl ulduzlara
çevirməyə, piramidalar tikməyə, susuz toxumlar səpməyə
və üsyankar kölgələri ram etməyə
çağırırdı. Ümumilikdə həyatın
özü də yaddaşdır, çünki hər bir
varlığın və hər bir şeyin öz
yaddaşı var. Amma həyat nədir? Cioranın dediyi kimi:
"keçici bir dəlilik, ünsürlərin
fantaziyası, materiyanın nəbzvari dəyişikliyi."
- Sizcə,
cismin və gəncliyin faniliyi qarşısında şeir həqiqətən,
insanı ölümsüz edə bilər?
- Şeir
yazmaq azad olmaq deməkdir. Əgər poeziya özünü
zorla qəbul etdirmirsə, sadəcə üzə
çıxırsa, onun müəllifi azad bir varlığa
çevrilir - yorğun, amma son dərəcə xoşbəxt.
İstərdim ki, bir gün kimsə məndən soruşsun:
"Tənha həyatın necə gedir?" Tanrı isə
bizə doğulduğumuz andan deməli idi: "Yazın,
yazın, ey şairlər, həyat sizdən daha sürətlidir!"
- Sizcə,
toz dənəcikləri hərflərin də üzərinə
qona bilər?
- Ədəbiyyatın,
mədəniyyətin, incəsənətin öz sərhədləri
var. Poeziya isə bütün dünyanı təmsil edir.
Şeirin hərfləri bir dəli-dolu dənizdir, incə bir
duyğunun mənbəyidir, ay tozunun zərif hissəcikləridir.
- Sizcə,
milli kimliyin qorunmasında dilin rolu nə qədər önəmlidir?
- Biz bir
ölkədə yox, dildə yaşayırıq. Bu isə hər
şeydən böyük və daha zəngindir. Buna görə
də dili sevmək, zənginləşdirmək və şərdən
qorumaq lazımdır. Çünki məhz dil vasitəsilə
bizim yolumuz dünyada eşidilir.
- Əgər
Tanrı sizdən "Kimsən?" deyə soruşsaydı,
ona hansı cavabı verərdiniz?
-
Zaman-zaman Tanrı bizə bir işarə verir, amma həyatın
sürəti bizi bunu görməkdən saxlayır. Əgər
O, məndən soruşsaydı, mən təvazökarlıqla
cavab verərdim: "Mən idim."
-
Müsahibəmizi necə bitirək?
- O
ümidlə ki, göy mövcud olduqca, bir quş azad və
maneəsiz uçacaq.
Söhbətləşdi:
İlahə ÜMİDLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, №32-33.- S.27.