Ailə məsələsi
Hekayə
Salvador
Garmendia - venesuelalı
yazıçı, radio ssenaristi
və hekayə ustasıdır. O, gündəlik
həyatdakı adi hadisələri maraqlı
və düşündürücü
bir dillə yazmağı bacarırdı.
Əsərlərində ailə,
ölüm, yaddaş
və zaman kimi mövzulara toxunur. Onun hekayələri həm kədərli, həm də qəribədir.
O zamanlar səyahət edən fotoqraflar, çox vaxt bərbərlər qədər
tanınır, amma onların uça bildikləri söylənilirdi.
Amma o vaxtı heç
kim onları havada görməmişdi.
Heç indiyə qədər də görən olmayıb. O, balaca, gurultulu bir adam idi;
paltarları müqəddəslərin
rəsmləri və yellənən güzgülərlə
örtülmüşdü, addımlarının ritmindən
sanki şən bir musiqi doğurdu.
Atı xatırladan çöhrəsi, uzun saralmış dişləri
və kürəyindən
aşağı şərbət
kimi süzülən
sarımtıl hörükləri
ilə əslində arıq, yorğun bir heyvan təsiri
bağışlayırdı.
Fotoaparatını dəhlizdə quraşdırdı.
Başını və
çiyinlərini qara
yorğanın altına
salanda, bu obraz daha da tamamlanır,
doğrudan da, bir at kimi görünürdü.
Aparatın bir tərəfi açıq
idi; içərisində
isə qırışmış,
tünd qara, qurdabənzər bir cisim titrəyirdi.
Uşaq
vaxtı, yastığın
üstündə oturaraq,
daha doğrusu, diz çökərək
əllərimi bir-birinə
yapışdırmış, dua oxuyurdum. Anam - kök və kreslonun bütün oturacağına
yayılan iri bir qadın - başımı əllərinin
arasına almış,
mənə müqəddəs
bir varlıq kimi baxaraq şəklimi
çəkdirmək üçün
üzümə diqqətlə
baxırdı. Düşünürdüm
ki, Guido de Fongaland kimi
parıldayacaq, çini
kimi təmiz və cilalanmış görünəcəyəm. Amma nəticədə albinosu xatırladan solğun, yuxulu, boş baxışlı bir uşaq olaraq çıxmışdım.
Atam, bir əli sinəsində,
heyrətlə hamımıza
baxaraq şəklə
daxil oldu. Ardınca bibim - Hildegardis kimi tanınan Qardita - kadra düşdü. Qara xallı paltarı solmuşdu, başı una bulaşmışdı.
Nəhayət, Xuan əmimi
də şəkil çəkdirməyə məcbur
etdilər. Onu divara söykəyib, sağ qolunu qara dul qadın
qurşağı ilə
bağladılar və
şəklini çəkdilər.
Ertəsi
gün, fotoqraf bazarda dolaşır, küçədəki oğlan
uşaqları və itlər onun arxasınca qaçarkən,
əmim qəfil huşunu itirdi. Başında qan laxtası əmələ
gəldi və o, yerə yıxılaraq öldü. Birdən-birə
yerə çırpılmış,
bədəni bir an içində bərkimişdi.
Səsi o qədər
güclü idi ki, evin bütün otaqlarında əks-səda
doğurmuşdu. Qardita
bibim cildçi idi, dəftərləri tikərkən qışqırdı
ki, guya əmim tavandan düşərək
işlədiyi böyük
stolun ortasına çırpılmışdı.
Onu dəfn etdilər. Ertəsi gün fotoqraf yenidən çağırıldı. Gecə,
dəhlizdə insanlar
dua edərkən, mən otağımda ağlayırdım. Elə
o vaxt o, ön dırnaqlarını bağçaya
baxan pəncərənin
üstünə qoyub,
uzun, sümüklü,
at sifətli başını
şüşəyə söykəyərək
içəriyə baxmışdı.
Sonra əmimin portretini
özü ilə apardı və təxminən, bir həftə sonra - günlər hələ uzanır, evin içi səssizliklə dolu idi - geri
qayıtdı. Bu dəfə
əlində böyük
bir böyüdücü
vardı və portreti gətirib qonaq otağının divarına asdı.
Tamölçülü portret idi. Əmim kök, dərisi çəhrayı rəngdə,
saçlarının yarısı
tökülmüş halda
ağ paltar geyinmişdi. Əllərini
əsgər kimi yanlarına sıxmış,
sakit və təmkinli bir duruşla baxırdı.
Həmin
gün fotoqraf əlini başıma elə bir ağırlıqla
qoydu ki, onun sərinliyini saçlarımda
günlərlə hiss etdim.
Ondan sonra onu bir daha
görmədik.
Bir gün, burnu damarlarla dolmuş, əlləri yapışqanlı
Qardita xalam mənə dedi ki, əmimin portretdə geyindiyi qara kostyum, jilet və çəkmələr
onun toy günü üçün nəzərdə
tutulmuşdu və o gündən sonra bir daha geyinilməmişdi.
Həmin kostyum hələ də otağındakı qapının
arxasında asılmış
vəziyyətdə dururdu.
Əgər kimsə qorxusuzca onu silkələsəydi, içərisindən
tarakanlar çıxar,
tozlu, qaranlıq parçanın üstündə
kor-koranə sürünərdilər.
Zaman keçdikcə portretdəki
əmim arıqladı.
Üzü daraldı,
qara saçları daranmış və yağlı kimi parıldayırdı. Tünd
cins şalvar geyinmişdi, əlləri
uzun və bəyaz idi. Anam onun çox
gənc yaşda ölən Roberto əmimə
bənzədiyini deyirdi,
lakin Roberto əmimin alnı daha geniş, boynu isə daha uzun
idi.
Bir gün əmim at belində peyda oldu - çəkməli, taytlı, keçə papaqlı. Uzunboylu, əzələli, heykəl
kimi möhkəm görünürdü. Üzü
yumrulaşmış, bədəni
kökəlmişdi. Anam
dedi ki, diqqətlə
baxsan, portretin arxa fonundakı zəif tüstü içində, at belində
onu seçmək mümkündür. Lakin bu,
dəqiq isbat olunmadığı üçün
az sonra unuduldu.
Təxminən, həmin vaxt Serviliya xalam ortaya çıxdı və evə həyat qayıtdı. O, əmimin kresloda oturduğunu, damarlarla dolu nəhəng boynunun döyündüyünü,
şişmiş sinəsini,
ağır əllərini
gördüyünü və
onun vaxtsız ölümünə heyfisləndiyini
söylədi.
Serviliya
xalam bütün günü evin içində dolaşırdı.
Heç bir mövzuda danışmırdı,
amma sanki danışırmış kimi
davranırdı. Hərəkətlərini
danışır, bəzən
isə öz fikirlərinə qəhqəhə
ilə gülürdü.
Onun gecə paltarının altından
çıxan balaca, dəli adamlar stulları, çiçək
qablarını, əllərinə
keçən hər şeyi götürüb qaçırdılar. Ev səs-küylə dolmuşdu,
günlər sel kimi axıb keçirdi. O isə hər şeyi yerbəyer etmək üçün yollar tapır, otaqları təmizləyir, vitrinləri
sökərkən ortaya
çıxan kərtənkələləri
qovur, toz buludları içində
əsrlər əvvəl
itirilmiş əşyaları
ortaya çıxarırdı.
Portreti endirmək üçün
əl uzadanda çərçivənin bir
hissəsi qopub yerə düşdü. Qaçıb baxdım - şüşəsi sınmışdı,
portretin üstü tozla örtülmüş,
qaralmışdı. Çərçivənin
bir küncündə
mismar da yox idi. Anamla bibim
qışqırırdılar. Portret o qədər qaranlıq və ləkəli idi ki, içindəki silueti güclə seçə bildim. Əmimin üzünə baxmağa
çalışdım, lakin
çoxdan öldüyü
üçün onu xatırlaya bilmədim.
Serviliya
xalam dedi ki, artıq bu portreti
geri qaytarmağa dəyməz. Və əlavə etdi:
- At onu bağçaya...
Salvador
QARMENDİA
Tərcümə etdi: Malik
ATİLAY
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, №32-33.- S.29.