İşığı axtaran yazıçı
– Dostoyevski
Dostoyevski
haqqında birinci söhbət...
Dostoyevski... Oxuyan da peşman,
oxumayan da... Oxuyan da özünü şanslı
sayır, oxumayan da... Oxuduqlarımı unutmağa
tələsirəm, oxumadıqlarımı
tez oxumağa.
Dostoyevski... İllər öncə
"Başqasının arvadı
və ya çarpayı altında ər" povestini oxuyub gülmüş,
"Bəyaz gecələr"i
oxuyub depressiyaya düşmüşdüm. "Dürüst oğru" isə Herman Melvillin "Katib Bartlebi"sindən 5
yaş böyükdür,
amma ikisi də məni "döydü". "Döyüldüyüm"
yerlərdən ağrımadım,
ağladım...
Oxuyacağım və sirlərini öyrənəcəyim
nə qədər əsəri var Dostoyevskinin!
Onun haqqında söhbət edə biləcəyim yeganə insana - Kəmalə xanım Umudovaya üz tuturam. Söhbətlərimizi silsilə
şəklində yazmaq
və oxucularla paylaşmaq ümidi ilə uzun bir
yola çıxdığımı
düşünürəm.
***
- Kəmalə xanım, özünüzü oxuculara
necə təqdim edərdiniz?
- Umudova Kəmalə Aydın qızı, Bakı Slavyan Universitetinin dosenti. Müəllim və filoloq. Höte deyirdi: "Əgər insan hər hansı bir peşəyə (lap dərzi
olsun!) əsl ustalıq səviyyəsində
yiyələnibsə, o zaman o, Kainatı dərk etmişdir". Yəni məşğul olduğun
işin dərinliyinə
getməyi təklif edirdi. Ətrafdakılar üçün kim olduğumu soruşursunuz -
müəllimlik məsləyimdir,
ana tərəfdən və
çox keçmişlərdən
gələn ənənəni
daşıyıram, filoloq
kimi, bu sahədə müəyyən
dərinliyə nüfuz
etməyə can atıram.
Və hansı dərinliyə nüfuz edə bilirəmsə, özümlə birgə oxucunu da mətnin dərinliyinə çəkməyə
cəhd edirəm. Filoloq kimi düşüncəm
və niyyətim budur. Bir kitabımla bunu etməyə çalışdım: "Adı
soyadını eşidən
şair - Qulu Ağsəs" adlı monoqrafiyamla. Ədəbiyyatın
Dostoyevski ümmanına
qərq olacağıq
sizinlə, oxucularla birgə. Güman edirəm, maraqlı olacaq. Onun adı
ilə bağlı yubiley medalım da qəlbimi isindirir.
- Bəzi insanların
Dostoyevskini oxuyanda depressiyaya düşməsinin
səbəbi nədir?
- Bu sual oxucularda tez-tez yaranır. Dostoyevskinin bu cür təsir etməsi anlaşılandır.
Buna pis cəhət kimi deyil, əksinə,
müsbət hal kimi yanaşmaq lazımdır (şəfqətlə
gülümsəyir). Deməli,
yazıçı əsas
məqsədinə nail ola bilib:
onu bu cür
qəbul edən oxucunu öz tənhalığından çıxararaq,
ona başqa bir "mən"də yaşamalı olduğu barədə müjdə verir, refleks oyadır. Oyanmaq istəyirikmi? Bizə var olduğumuz çərçivə,
büründüyümüz qılaf bəs edir, bəlkə... Lakin Dostoyevski həyatın sınaq meydanı olduğunu daim düşünən, İblisin
Tanrı ilə savaşdığını və
bu savaşın məqsədini bilən, yaradıcılığını bu fəlsəfə üzərindən şəkilləndirən
sənətkardır. O, əslində,
qaranlıqdan deyil, qaranlığın bağrını
dəlib insanı sabaha çıxaran işıqdan yazır.
2000-ci illərin əvvəllərində
"İşıqlı, həyatsevər
Dostoyevski" adlı
kitabça da dərc
olunub. Oskar Şults adlı alman əsilli alim
1931-1932-ci illərdə Helsinki Universitetində oxuduğu
mühazirələrdən belə nəticəyə
gəlmişdir ki, "Dostoyevskidən
işıqlı və
həyatsevər yazıçı
yoxdur". Dostoyevski işığa, ahəngə
və həyatsevərliyə
bağlılığı ilə Puşkinin yeganə birbaşa varisidir.
- Bu həyat eşqi haradadır?
- Bu həyat eşqi Dostoyevskinin qəlbinin dərinliyindədir. Bu eşqi,
bəlkə də, ən yaxşı Mitya Karamazov ifadə edib: "Yüzlərlə
əzabın içində,
bütün bədbəxtliklərdə
mən varam". Yəni nə olursa-olsun, mən hər zaman varam; varlığın hiss olunmasının
özü həyat sevincidir, fərəhdir. Varlığın məhv
olduğu yerdə dəhşət yaranır.
Bu zaman Dostoyevskidə, doğrudan
da, qaranlıq və qorxu başlayır; kim olsa, bu
situasiyada onu üzərində hiss edəcək,
əlbəttə. Lakin Dostoyevskidə
"mən varam" sahəsi başqa yazıçılardan daha
genişdir. Dostoyevski bütün qara qüvvələri, əcinnələri,
cinləri insana yaxınlaşdrmaqdan qorxmur,
çünki onları
dəf edəcək gücün özü də elə insandadır. Qəlb, könül başqa aləmlərlə bağlı
deyilsə, o zaman ölüm
başlayır, həyat
mənasını itirir.
"Qara rəng" yəqin, həm də, qavrayış formasıdır, qavrayanın
baxışıdır. Mən
Dostoyevskini işıqlı
və həyatı təsdiq edən, işığı axtaran
yazıçı kimi
görmüşəm. Bir də,
İsa Məsihin hekayəsi
də olduqca ağır, kədərlidir
axı. Xristianlar üçün bu, dünyada baş verə biləcək ən işıqlı hadisədir. Dostoyevskinin dörd ili ancaq
İncil oxumaqla keçib, çünki katorqada digər kitablar əlçatmaz idi. Katorqadan sonra o, İncil üslubuna uyğun olaraq yazmağa başlayıb. Məhz həyatın qaranlığında,
cahillikdə, qaranlığın
və cahilliyin dərinliyində o, parlayan
şəfəqi görə
bilirdi. Yəni Dostoyevskinin həyatsevərliyi
məsələsi bir
çox halda bizim baxış bucağımıza, gözümüzə
bağlı məsələdir.
Dostoyevskinin ardınca
gedə bilərikmi?
Bu zülmətdə işıq
görə bilərikmi,
işığın zülmətə
qalib gəldiyini, cahillikdən üstün olduğunu görə bilərikmi? Yoxsa, bizim buna gücümüz,
yetmir, biz buna qadir deyilik?! Qadir deyiliksə, hər şey bizə qaranlıq görünəcək. Dostoyevski
bütün əsərlərində,
- ilk romanından sonuncusuna
qədər, bütün
gücünü sərf
edir ki, biz onun ardınca gedək.
- Dostoyevskini doğru anlamaq üçün onu necə oxumalıyıq?
- Dostoyevskidə hadisələr
və obrazlar düz xətt boyunca oxunmamalıdır. Onun əsərlərinə
çəkilən filmlərin,
tamaşaların uğursuzluğu
da bununla bağlıdır.
Fabulanı gözləmək,
məzmuna sadiq qalmaqla doğru nəticə almaq mümkün deyil. Çünki Dostoyevskinin həqiqəti, insanla bağlı çözmüş
olduğu ən böyük sirr görünənlərdə deyil,
arxa planda, üst mənada, başqa aləmlərdədir.
"Cinayət və cəza" romanında
Sonya kimdir? Zahirən qədim peşə sahibi. Bəs əslində? İblisə
qəlbini satmamış,
Tanrıdan başqa təzahürə inanmayan,
hər an qarşısında
başqa, işıqlı
yolun açılacağına
inanan, müəllifə
ən doğma obraz. Romanın ilk dəfə dərc olunduğu "Russki vestnik"
jurnalının redaktoru
Mixail Katkovun bütün etirazları, romanı çap etmək istəməməsinin
səbəbi də
Sonya obrazı ilə bağlı idi. Əlində İncil, dilində Raskolnikova qarşı ittiham, onu düşdüyü yanlış yoldan çəkindirmək istəyən,
onun məhv olmuş qəlbini diriltməyi, ruhunu Tanrı ilə birləşdirməyi özünə
borc bilən Sonyanın eyni zamanda öz bədənini satan qadın olması yazıçı üçün
problem kəsb edən
məsələ deyildi.
Unutmaq olmaz ki, çox çətin ömür yollarından keçmiş, epilepsiya xəstəliyindən əziyyət
çəkən, ölüm
hökmü və əfv qərarı arasında yaşadığı
beş dəqiqədə
əbədiyyəti qazanmış
yazıçının əzabları
həyatı şərtsiz
sevməklə, sevginin
qaçılmazlığının etirafı ilə bağlıdır. 29 yaşlı
yazıçının bu
dünyanın başqa
aləmlərlə qarşılıqlı
bağlılığını hansı əzablarla qazandığını bilsək,
onun zülmətin arxasında gizlənən
işığa həsrətini
də anlamış olarıq. Bilirsiniz, Dostoyevskinin "Karamazov qardaşları"
romanının konsepsiyası
niyə Alyoşa obrazı ilə bağlıdır? Çünki
bu obrazda o, 3 yaşında vəfat etmiş oğlu Alekseyin gələcəyini,
həyat amalını,
tutduğu, gedəcəyi
yolu göstərmək
istəmişdi. Bu, İsa peyğəmbər
nümunəsi ilə
işıqlanmış yol
idi. Övlad itkisinin acısını ancaq belə ovuda bilmişdi. Optina Pustın abidi Amvrosi Atanın
verdiyi məsləhət
- roman yazmaq və oğlunu baş qəhrəman obrazında
canlandırmaq - yazıçını
həyata belə qaytarmışdı. Baxın,
budur Dostoyevskinin əsl üzü. Ruhun uca aləmlərlə
bağlılığını, Tanrının simasının
insanların simasında
necə təcəlla
tapdığını bədii
əsərdə təsvir
etmək, adi sözlə anlaşılması
çətin mətləblərin
bədii ifadəsi məsələsinin həllini
tapmaq Dostoyevskinin tale yazısı idi. 17, ya 18 yaşı vardı, onu narahat edən düşüncəni qardaşına
məktubda dilə gətirəndə: "İnsan
sirri-xudadır. Onu açmaq lazımdır. Və əgər bütün ömrün boyu bu sirri
açmağa çalışsan,
zamanın hədər
getməyib, deyə bilərsən; mən bu sirlə əlləşirəm,
çünki insan olmaq istəyirəm". Yaradıcılığının iki böyük, şərti olaraq, mərhələsində Dostoyevski
insan ruhunun axtarışlarını fərqli
bədii şəkildə
həyata keçirir.
Bu haqda başqa söhbətimiz başqa vaxta qalsın.
(Ardı var...)
Kəmalə UMUDOVA
Söhbətləşdi: Şəfa
VƏLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 12 sentyabr, №32-33.- S.30.