"Turanlının
dəftəri"ndə yazılanlar,
yaxud Türkiyənin
Nyu-York Baş
konsulu Mehmet Ali Tevfik Yüksələn...
Bu yazı unudulmuş Mehmet
Ali Tevfik barədədir.
O, 1912-ci ildə Füzulinin
türkçülüyündən yazır, Nadir şahı türk Napoleonu adlandırır, Əli bəy Hüseynzadəni türk milli məfkurəsinin
atası hesab edirdi...
***
1941-ci il sentyabrın 24-də Amerika qəzetləri
Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Mehmet Ali Tevfikin vəfatı barədə
xəbər yaydı.
İntihar etdiyini deyənlər də var.
1949-cu ildə Nyu-Yorkdan
İstanbula qayıtmış
həyat yoldaşı
Jalə İsmət xanım da 1951-ci ildə Səlimiyyə səmtində
vapurdan atılıb özünü Boğazın
sularında qərq etmişdi. Bunun də səbəbi məlum deyil. 1923-cü ildə evlənmişdilər. Övladları
da yoxdur, olmayıb...
Ali Canip Yöntəm 1941-ci ildə "Cümhuriyyət"
qəzetində yazdığı
"Əski bir Türkçü: Mehmet Ali Tevfik"
adlı yazısında
bildirirdi ki, "Otuz
il öncə biz Selanikdə
"Gənc qələmlər"i
çıxararkən oraya
gəlmiş, bizə
qatılmışdı. Yeni lisan, milli ədəbiyyat və türkçülük
mücadiləsində başda
Ziya Gökalp olmaq üzrə həpimiz onun şəxsində qüvvətli
bir yardımçı
bulduğumuzu dərhal
anlamışdıq". Ali Canipin sıraladığı
özəlliklər diqqəti
cəlb edir: Yeni lisan, milli ədəbiyyat və türkçülük
mücadiləsi... Mehmet Alinin
o dönəmdə 22 yaşı
vardı və Ziya Gökalpın, Ömər Seyfəddinin təmsil olunduğu dərgidə yazarlar heyətinin üzvü idi...
Əfsus
ki, bioqrafiyası və
yaradıcılığı yetərincə öyrənilməyib.
Bilinənlər çox
azdır. Haqqında çox az yazılıb.
Azərbaycanda isə heç yazılmayıb. Həyatı barədə
əsas bilgiləri
Ali Canip, Alaaddin Govsa və Ali Birinci verir.
1889-cu il aprelin 1-də Çanaqqalada
dünyaya gəlib.
Ali təhsilinə 1908-ci ildə
başlayıb. İstanbul Darülfünununa
bağlı Hüquq Məktəbinə daxil olub, 1911-ci ildə savaş səbəbiylə
təhsilini, yenə də İstanbul Darülfünununa
bağlı Selanik Hüquq Məktəbində
davam etdirib. Selanikin işğalından
sonra İsveçrəyə
gedib. Ali məktəbi
orada bitirib. Qeyri-adi hafizəsi varmış. Orta təhsilini tamamlayanda fransız dilini fransız qəzetlərinə
məqalələr yazacaq
qədər mükəmməl
bilirmiş. Birinci Cahan Hərbi illərində Təşkilati-Məxsusənin
xətti ilə Berlində, Vyanada və İsveçrədə
konfranslar vermiş, Türkiyənin Vyanadakı,
Buxarestdəki, Moskvadakı
səfirliklərində baş
katib, yaxud müşavir olmuşdu.
1937-ci ildən etibarən,
Türkiyə Cümhuriyyətinin
Nyu-York baş konsulu olan Mehmet Ali Tevfik 1941-ci ildə 52 yaşında elə bu vəzifədə çalışarkən vəfat
edib.
"Akşam" qəzeti 23 sentyabr 1941-ci il tarixli sayında yazırdı:
"Nyu-York başkonsulumuz
Mehmet Ali Yüksələnin Nyu-Yorkda vəfat etdiyini təəssüflə
xəbər aldıq.
Mehmet Ali Yüksələn geniş məlumatlı, əcnəbi lisanlara haqqıyla vaqif, çox dürüst və qiymətli bir zatdı".
Heç
bir qaynaqda məzarının yeri barədə məlumat yoxdur. Ölümünün
səbəbi bilinmədiyi
kimi, məzarının
yeri də bilinmir. 1941-ci ildə İkinci Dünya müharibəsi illərində
qərib bir diplomatın cənazəsini
əhalisi 7 milyondan çox olan Nyu-Yorkdan İstanbula kim gətirəcəkdi ki?!. Həmin illərdə Amerika Birləşmiş
Ştatlarında Türkiyə
Cümhuriyyətinin səfiri olan Münir Ertegün də 1944-cü ildə Vaşinqtonda vəfat etsə də, cənazəsi vətənə
yalnız iki il sonra - amerikan zirehli gəmisi ilə gətirilmişdi...
Amma Mehmet Ali Tevfik barədə
belə bir məlimat yoxdur. Deməli, Mehmet Ali Tevfik məzarının yeri bilinməyən fikir adamlarımızdandır... Bir düşüncə
adamı bu şəkildə qeyb olub gedib; həm
türk düşüncə
tarixindən, həm millətinin hafizəsindən
silinib. Ən mühüm məqalələrindən
birini "Milliyyətin
zirehi - Hafizə" başlığı ilə
yazan adam, özü də türk fikir həyatında ən parlaq imzalardan biri kimi yaşamalıykən,
qısa müddətdə
unudulub. Amma zamanında
türkçülüyün əsas simalarından biriydi. Buna rəğmən,
Hilmi Ziya Ülkenin "Türkiyədə
çağdaş düşüncə
tarixi" əsərində
adı belə çəkilmir. Nihat Sami Banarlının
"Rəsmli Türk
ədəbiyyatı" kitabında
hamı var, o yoxdur.
İndi bu sətirləri
yazarkən, Vikipediada haqqında məlumat axtardım. Heç Vikipediada da "Mehmet Ali Tevfik"
məqaləsi yoxdur. Deməli, diqqət mərkəzində deyil. Görüşləri əsaslı
şəkildə tədqiq
olunmadığı kimi,
külliyyatı da bu günə qədər nəşr olunmayıb. Sağlığında çap
olunan yeganə kitabı 1914-cü ildə
İstanbulda "Dərsaadət:
Kütüphanei-lslam və
Askeri" mətbəəsində
basılmış "Turanlının
dəftəri" əsəridir.
Son nəşr olunan kitabı da elə "Turanlının dəftəri"dir.
Kitab 1971-ci ildə latın
qrafikası ilə təkrar nəşr olunub. O da 1912-ci ildən
1914-cü ilin mayına
qədər yazdığı
məqalələrdən ibarətdir.
Baxmayaraq ki, 1920-ci illərin
sonuna qədər də Türkiyənin yazı həyatında fəal iştirak edib. "Tanin", "Təsviri-əfkar", "Bəsirət"
qəzetlərində, "Rəsmli kitab", "Müsəvvər
mühit", "Türk
yurdu", "Gənc
kalemler" dərgilərində
şeirləri, kifayət
qədər ciddi araşdırma və portret yazıları dərc olunub. Elə 1941-ci ildə dünyasını dəyişdiyi
günün sabahı,
Ali Canip "Cümhuriyyət"
qəzetində dərc
etdirdiyi yazısını
bu sözlərlə tamamlayırdı: "Məcmuələrdə,
qəzetlərdə çıxan
yazıları toplansa
ki, həpsi çox faydalı şeylərdir,
bir kaç cildi tutar"...
"Turanlının dəftəri"
Türk-İtaliya (Trablisqərb)
savaşında türklərin
məğlubiyyəti illərində
yazılıb. Romantik
bir türk mücahidinin kitabıdır.
Məğlubiyyət acısını
millətin içindən
qovan, onu sabaha, dirilişə səsləyən böyük
bir fikir adamının əsəridir.
1912-ci ildə Ali Canip Selanikdəki Osmanlı mətbəəsində onun
"İntiqam şeirləri"
adıyla yazdığı
7 sonetini ayrıca kitabça kimi çap edib. Sonetlər italyan ordusu Trablisqərbi işğal edərkən
yazılıb. Poeziyada
estetika zamanı deyildi. Hərçənd,
o bunu həmin sonetlərdə bir sıra mənalarda - istər nəzəri, istərsə də mənəvi baxımdan etmişdi. Əsasən, lirik duyğular bəsləyən bu şeir növünə müharibə və qisas motivini gətirmiş, hələ
üstəlik, sonetin vətənini elə sonet dilində lənətləmişdi. Çünki
özünün dediyi
kimi, "Sevda, qadın, çiçək...
Bana bunlar deyil məram". Səlib məfkurəsi Turan məfkurəsi ilə ölüm-dirim savaşına
girmişdi. Türk millətinin tarix səhnəsindən silinməsi
təhlükəsi vardı.
Mehmet Ali Tevfik yazdığı
yeddi sonetlə savaş apofeozu yaradır, müharibəni
ilahiləşdirirdi. Müharibə
apofeozunu isə yalnız bu ruhda və bu
ritmdə yaratmaq olardı. "Pislik yeri iftiraçı Romaya" nifrin yağdıraraq: "Bir gün
üfüqlərində hilal
görünəcək, türkün
bayrağı dalğalanacaq,
bir böyük budun - bir Çingiz
ordusu torpağını
tapdayacaq, qorxunc məbədlərin çökəcək"
deyərək. "Səndən
qisas almaq ruhumun şəfasıdır"
söyləyərək. "Roma məzarlarla dolsun, Tiber çayında su əvəzinə qan axsın" deyə dua edərək, intiqam hissini qutsallaşdıraraq, müqəddəsləşdirərək.
Əli bəy Hüseynzadənin və Ziya Gökalpın eyniadlı "Turan" şeirlərinin intonasiyasında
yazılan bu poetik parça Trablisqərbi işğal
edən Romaya xitabdır:
Ta uzaqda qeyz ilə
vəhşətlə sarsılan
Ey fuhşi-məlanət yeri
ey muftəriz Roma!
Türk
kavminin doğar yarın ilhanı mütləqa,
Qalmaz qürur səltənətindən
yarın nişan.
Bir gün üfüqlərində
hilal aşikar olur,
Pamal edər zəminini bir Çingiz ordusu.
Heybətli xaçların yıxılır
möhtəşəm ulu
Məbədlərin çöküverir...
Bir parça bəklə
dur!
Bir müdhiş infilaka (partlayışa) içim
səhnə daima,
Asi qanım dimağıma saçmaqda ihtilal
Öc almaq... İştə dərdimə yalnız budur şəfa.
Türk
qövmü - ey şərəfli nəsil,
ey böyük budun,
Bir gün unutma sən, bu əziz
intikamı al.
Dolsun məzarla həp Roma, axsın Tiberdə hun!
Yaxud:
Öc almaq... İştə qəlbimi aşqıyla dolduran,
Əzmək səfil İtalyayı...
Görmək o milləti
Səhrası qan, dənizləri
qan, asimanı qan...
Ahəngindən bəllidir ki, Mehmet Ali Tevfik bu misraları
əsəb içində
yazıb. Romaya hiddət püskürəndə
şair, həqiqətən,
xəstələnmişdi. Bu barədə bir az sonra ətraflı
bəhs ediləcək.
Mehmet Ali Tevfik "Türk Ocaqları"nın qurucularından
biriydi. Hətta təşkilatın rəhbərliyində
təmsil olunurdu.
"Türk Ocaqları"nın
tarixindən bəllidir
ki, 1911-ci ildə İstanbul Universitetinin 190 tələbəsi
- Tibbiyyəli gənclər,
"fikirlərindən yararlana
biləcəkləri" insanlara
məktub yazaraq, "türk qövmünün
məhvolma dövrünü
yaşadığını" bildirir və "türk millətinin millət kimi formalaşmasına çalışmaq"
arzusunda olduqlarını
bəyan etmişdilər.
Onlara ilk səs verənlər arasında
22 yaşlı Mehmet Ali Tevfik
də var idi. Deməli, o da fikirlərindən tələbələrin
yararlana biləcəkləri
adamların sırasındaydı.
1911-ci ildə "Türk
Ocağı" Cəmiyyətinın
ilk təsis toplantısında
qəbul edilən qərara görə, Ocağın qurucuları olaraq milli şair Mehmet Emin Yurdakul (başqan), Əhməd Fərid Tək, Əhməd Ağaoğlu,
Fuad Sabit, Yusuf Akçura
(ikinci başqan) və Mehmet Ali Tevfiqin (katib) adları göstərilir.
Ömər Seyfəddinin çağırışı
ilə Yeni Lisan hərəkatının tribunasına
çevrilmiş "Gənc
qələmlər"in baş
yazarı Ali Canip onu dərginin yazı heyətinə Əli bəy Hüseynzadənin tövsiyəsi
ilə dəvət edir. Yaxud Ali Canipin yazdığına görə, "Mehmet Ali Tevfiki
Əli bəylə mənim tövsiyələrimiz
və mədhimiz üzərinə, Mərkəzi-Ümumi
bilxassə Selanikə
dəvət etdi".
Mehmet Ali Tevfik bütün hallarda "İttihad və
tərəqqi"nin ideologiyasını
təmsil edir. İstanbulda "Türk ocaqları"nın rəhbər
heyətində olduğu
kimi, Selanikdə "Gənc qələmlər"in
də əsas simalarından biri odur. Amma əfsus ki, Türkiyə ədəbiyyatşünaslığında
Mehmet Ali Tevfikin "Gənc
qələmlər"dəki fəaliyyəti də,
Yeni lisan hərəkatındakı
xidmətləri də
xatırlanmır. Ya
da ən yaxşı halda epizodik xatırlanır. Ali Canipin
əvvəldə xatırlatdığım
"Yeni lisan, milli ədəbiyyat
və Türkçülük
mücadiləsində başda
Ziya Gökalp olmaq üzrə həpimiz onun şəxsində qüvvətli
bir yardımçı
bulduğumuzu dərhal
anlamışdıq" fikri
əsaslı şəkildə
şərh olunmur. Yaxud yenə Ali Canip Ziya Gökalpın
"Yeni lisan ictimai türklükdə, mənəvi
yurd məfkurəsində
böyük bir yardımçı buldu"
qənaətini xatırladır
və "Gökalp bu qənaəti irəli sürərkən
Mehmet Ali Tevfiki nəzərdə
tuturdu" deyir, amma yenə də Mehmet Ali Tevfikin xidmətləri xatırlanmır.
Buna rəğmən, harda
türklüyü qorumaq
lazımdırsa, harda
milliyyət fikri varsa, Mehmet Ali Tevfik ordadır. 1912-ci il yanvarın
18-də Selanikdə İttihat
və Tərəqqi Rıhtım Klubunda
"Yeni Həyat: Mənəvi
Yurd" mövzusundakı
məruzəsi türk
gəncliyinin fikri istiqamətinə yön verəcək təsirə
malik olmuşdu. Ali Canip
yazır ki, "Qayət
gözəl konuşan
Mehmet Ali Tevfikin yaşından
bəklənməyən bir
olğunluqla verdiyi bu konfransı klubun böyük salonunda binlərcə kişi dinlədi və alqışladı".
Türkcənin sadələşdirilməsi Mehmet
Ali Tevfikin idealları
sırasındadır. "Hədiqətüs süəda"ya,
xüsusən, əsərin
"Dibaçəsi"ndə Füzulinin türk dili ilə bağlı
iltimaslarına Yeni Lisanın,
az qala, manifesti
kimi baxan Mehmet Ali Tevfik Balkan hərbi sıralarında yazırdı
ki, sonradan türk qramerinə qayıtdıq.
Fəqət onun qızıl kəlmələri
yerinə yabançı
ifadələr qoyduq. Türkcə unuduldu. Sonra türk ərəbcəsi,
türk əcəmcəsi
oldu. Və sonra türk fransızcası adlanan mənəvi canavara keçdik".
O, dildə sadələşmə
mücadiləsinə, yeni lisan
uğrunda mübarizəyə
Füzulini örnək
alaraq başladı...
Maraqlıdır ki, "Turanlının
dəftəri" kitabında
Füzuli ilə bağlı bir deyil, bir neçə
yazısı var. Hətta
Füzuli ilə bağlı yazılarından
birini "Milliyyətçiliyin
müjdəçisi" adlandırıb.
Sonralar Türkiyədə
bu xətt davam etdirilsə də, məncə, bu, Füzuliyə türkçülük nöqteyi-nəzərindən
yanaşmanın ilk örnəyidir.
Özü də necə? "Füzuli bir lisan ustadıdır.
Bir böyük şairdir.
Alman şairi Heynedən
daha sevdalı bir aşiqdir. Qüdrətli bir şeir qurucusu və gerçəkdən
parlaq bir şeir ustasıdır.
Bu sifətlərin yalnız
biri Füzuli adının böyüklüyünü
qəbul etməyə
yetərlidir. Bununla bərabər böyük
Bağdadlının digər
bir ünü vardır ki, sahib olduğu
sifətlərin hamısını
unutdura bilər. Füzuli böyük bir dahi olmaqla
bərabər, səmimi
bir milliyyətçidir".
Mehmet Ali Tevfik, hətta Vətəni qorumağın
da Füzuli düsturunu
bəyan edirdi:
Verməyən canın sana bulmaz həyati-cavidan,
Zindeyi cavid ona derlər
ki, qurbandır sana.
22 yaşlı Mehmet Ali Tevfik
"şimdi kahrolmayan
ümid yenə varlığıma həyatverici
iksirini tökmüşdü.
Üfüqə doğru
qollarımı uzatdım
və əzmkar bir səslə Füzuliyə dedim ki:
"Yarın sənə
türk şəhərlərinin
hər birində möhtəşəm abidələr
vəd edərək və önündə diz çökərək
əfv diləyirəm".
O, bu sətirləri
1912-ci ildə yazır.
Bunu heç unutmayaq.
Xronoloji
sıralamaya əməl
etsək, inanmalıyıq
ki, Türkiyədə XX yüzil Füzulişünaslığının
əsasını Mehmet Ali Tevfik
qoymuşdur. Məqaləsində
də buna bir işarə vardır:
"Füzuli şimdiyə
qədər heç incələnmədi. Deniləbilir
ki, o şeir və gözəllik dünyası
bizə fəzanın
dərinliyində gəzən
uzaq bir günəş qədər
məchuldur..." Bu qeydləri
edərkən, bu yaxınlarda Bakıda nəşr olunmuş
"Məhəmməd Füzuli.
Biblioqrafiya" kitabına
da baxdım. Türkiyə
ədəbiyyatşünaslığına
aid füzulişünaslıq nümunələrinin siyahısında
Mehmet Ali Tevfikin 1912-ci ildə
çap olunmuş və Füzuli yaradıcılığından bəhs edən "Satır zait gibi..." və "Milliyyətçiliyin müjdəçisi"
məqalələri yoxdur.
Hərəmiz onu bir az unutmuşuq.
(22 yaşlı Mehmet Ali Tevfikin
1912-ci ildə Füzuli
barədə yazdığı
məqalələrindəki üslub heyrətamizdir.
"Fəzanın dərinliyində
gəzən uzaq bir günəş qədər məchul"
ifadəsini 1912-ci ildə
kim yaza bilərdi ki?.. Hələ 19 yaşındaykən
Türkiyənin ilk modern astronomlarından
və ruhanilərindən
Xacə Təhsinin astronomiya barədə yazdığı bir mənzuməsinin şərhinə
həsr etdiyi məqaləsi Mehmet Ali Tevfikin
erudit zəkasından
soraq verirdi).
Mücadiləsinin əsas ideoloji məramı Rumeli torpaqlarını yenidən
Türkiyəyə qazandırmaqdır.
1912-ci ildə Balkan savaşlarında
bolqarlar tərəfindən
işğal olunmuş
Ədirnə də o sıradaydı. "Milliyyətin
zirehi - Hafizə" məqaləsini tamamlayarkən
yazırdı ki, "Bu konuya
son vermədən öncə
bu gün otuz yaşını keçən bir evli arkadaşımın dərin bir acı içində bana söylədiyi şu həyəcanlı soruyu da unutmamalıyam:
"Qardaşım, bu
günlərdə bir
çocuğum olacaq...
Əcəba, adını
Ədirnə qoysam, olurmu?"
Ədirnə yalnız Ənvər
Paşanın, yaxud Atatürkün hərbi zəkası ilə deyil, həm də məhz belə ədəbiyyat təlqinlərinin hesabına
fəth olundu. Mehmet
Ali Tevfikin yön verdiyi məfkurə, hətta uşaq ədəbiyyatını da yurdu
işğaldan azad etmək naminə səfərbər etdi. Səkkiz yaşlı Pakizələr əldən
getmiş yurd üçün yasa batdılar. Gəlinciklərinin
paltarını dəyişib
onlara qara libaslar geyindirdilər. Səkkiz yaşlı Səidlər oyuncaq gəmilərinə "Ədirnə"
adını verdilər,
"Bəybaba, mən
admiral olacağam, düşmənlərin
gəmilərini batıracağam",
dedilər.
Balkan savaşındakı məğlubiyyətin
acısını millətə
sindirməyən Mehmet Ali Tevfik
1913-cü ildə "Turanlının
dəftəri" silsiləsindən
"Tanin" qəzetində
dərc etdiyi "Böyük hicran" məqaləsində yazırdı:
"Dünyada behişti
qeyb edən bir adam varsa,
bugünkü Türk
gəncidir" və
Mehmet Ali Tevfik türk
gəncliyini behişt
uğrunda savaşa hazırlayırdı...
***
Yahya Kamal
Bayatlının "Siyasi
və ədəbi portretlər" kitabında
kifayət qədər
ilginc bir məqam var. Bu barədə
əvvəllər "Əli
bəy Hüseynzadə"
kitabımda da yazmışdm:
1915-ci ilin aprelində
Canaqqalanın ardıcıl
və şiddətli bombardman olunduğu, İtilaf dövlətləri
(Antanta) ordularının
İstanbula hücumu gözlənildiyi günlərdə
Daxiliyyə naziri Tələt Paşanın
təklifi ilə xalqın etimadını qazanmış ziyalılar
Cəlal Sahirin Ayasofiya səmtindəki evində toplantı keçiriblər. Bu, İstanbulun
gələcək taleyinin
müzakirə olunduğu
tarixi toplantılardan biridir. Yahya Kamalın bildirdiyinə görə,
müzakirədə Tələt
Paşa, Əli bəy Hüseynzadə, Cəlal Sahir, Fuad Köprülü, Yahya Kamal Bayatlı,
Ziya Gökalp, Xalidə Ədib Adıvar, doktor Adnan, Ömər Seyfəddin,
Yusuf Akçura ilə
yanaşı, bir də Mehmet Ali Tevfiq iştirak edib. Aralarında ən kiçiyi də odur - 26 yaşı var. Nəyi müzakirə edirdilər? Əgər hökumət Anadoluya köçürülərsə, İstanbulun idarəsi bu insanlara əmanət
olunacaqdı.
Və toplantıda
bəziləri İstanbulu
tərk etməmək,
bəziləri ailələrinin
təhlükəsizliyi səbəbilə
Anadoluya keçmək
fikrini tərcih edir. Yalnız Mehmet Ali Tevfik hamının
İstanbul uğrunda son damla
qanına qədər
vuruşmasını təklif
edir.
***
Mehmet Ali Tevfikin imzasına ilk dəfə 2007-ci ildə Əli bəy Hüseynzadənin "Müxtəsər
Bioqrafik Məlumat"ını
oxuyarkən təsadüf
etdim. Haqqında yazılmış önəmli
yazıların sırasında
Hüseynzadə Mehmet Ali Tevfiqin
"Təsviri-əfkar"da çap olunmuş məqaləsini xatırladırdı.
Sonra "Təsviri-Əfkar"da çap olunmuş həmin yazını da tapdım və "İrqin mükəmməl
bir ənmüzəci"
adlanan həmin məqaləni Əli bəy Hüseynzadə haqqında dərc olunmuş məqalələrin
toplusundan ibarət "Milli məfkurənin atası"
kitabına daxil etdim (kitabın adını da Mehmet Ali Tevfikin
məqaləsindəki bir
cümlədən götürmüşdüm.
O, Hüseynzadəni "Milli məfkurənin validi (atası) adlandırırdı).
Sonra İstanbulda Bəyazid meydanındakı Sahaflar çarşısında Mehmet Ali Tevfikin 1914-cü ildə nəşr olunmuş
"Turanlının dəftəri"
kitabının nəfis
bir nüsxəsinə
rast gəldim və kitabı aldım. Xalidə Ədib Adıvarın
1912-ci ildə nəşr
olunmuş "Yeni Turan"
romanından sonra sərlövhəsində "Turan"
sözünün göründüyü
ikinci kitabdır (üçüncü kitabı
isə Fuad Köprülü
1915-ci ildə dərslik
olaraq nəşr etmişdi: "Turanlının
kitabı").
Burda bir haşiyə çıxmağa ehtiyac duyuram. Hər iki əsər - istər Xalidə Ədibin "Yeni Turan"
romanı, istərsə
də Mehmet Ali Tevfikin
"Turanlının dəftəri"
kitabında toplanan yazıların bir qismi eyni illərdə
"Tanin" qəzetində
dərc olunub və Mehmet Ali Tevfikin məqalələri qəzetdə
elə "Turanlının
dəftəri" silsiləsindən
təqdim edilib.
Bu mənada, yəni ictimai fikrə Turan məfkurəsinin təlqini baxımından
da Mehmet Ali Tevfik çağdaş
düşüncə tariximizin
önəmli və örnək şəxsiyyətlərindəndir.
Mehmet Ali Tevfiki Fuad Köprülü
miqyasında bir yurdsevər adlandıran görkəmli yəhudi alimi Yakob Landau "Pantürkizm" kitabında
"Turanlının dəftəri"
barədə bunları
yazır: "Osmanlı
imperatorluğunun Liviya
və Balkanlardakı əsgəri yenilgisi ardından imperatorluq içindəki türk olmayan ünsürlərin
milliyyətçi və
ayrılmaya yönəlik
üsyan və gizli çalışmalarının
yaratdığı atmosfer
bir çox türkü pantürkizmi
son çıxış olaraq
mənimsəməyə vadar
etdi... Fuad Köprülü
çapında yurdsevər
bir türk olan Mehmet Ali Tevfik ilk olaraq 1914 yılında basılan anılarını "Turanlının
dəftəri" adıyla
çıxarmaqdan çəkinmirdi.
M. Ali Tevfik bu əsərində bir milliyyətçinin pantürkçülükdən ziyadə
indi Rumelinin gələcəyi ilə daha çox ilgilənməsi gərəkdiyi
düşüncəsini işləyirdi.
Bununla birlikdə o, hər zaman "kəndisinə
yönəlik mərmilərə
aldırmayan türk irqi" örnəyində
olduğu kimi qürurlandığını
göstərərək - kəndi Turan görüşünü açıqlayırdı."
Bəli,
o bir turançıydı.
Amma eyni zamanda onun üçün Vətən anlayışı
daha geniş bir coğrafiyanı qapsayırdı. Mənzərəni
aydınlatmaq və təsəvvür etmək
üçün bu mülahizələri oxumaq
yetərlidir: "Türklərin
cənnət kimi bir yurdu olmuş.
Fəqət nə yazıq ki, orda insanlıq adına yalnız fəzilətli qəlblər bulursun. Dimağlar dəmirdən bir qutu içində,
idrak və şüur tərkedilmiş
və nəsibsiz. O yurd şənlənmək
üçün səni
bəkliyor! Durma, get, Baburun, Əkbərin, Uluqbəyin Əbdülhəq
Hamidin irqindən olduqlarını isbat üçün sənin feyzli təlqinlərinə
möhtac olan yavrularımızın gözəllik
və yüksəkliyini
qafalarına yerləşdir.
Bu mərd insanların
diyarından bilgisizliyin
qaranlığını qaldır.
Uliss və Aşilin mənqəbələrinə
şahid olan Çingizin, axsaq Teymurun, Türk Napoleonu Nadir şahın -
Hind fatehinin cəngavərliklərini
yavrulara öyrət və həyəcanlandır.
Homerin məmləkəti
sənin himmət və qüdrətinlə
Türk yurdu olsun... " O, Ziya Gökalpın əbədi
və mənəvi vətən olaraq görmək istədiyi Turanın miqyasını belə düşünürdü.
Bura təkcə Türkiyə
və Türküstan
deyil, Balkanlar da, Krit adası da... daxil idi.
Buna görə də, Gökalpın "Türk
vətəni, Türklərin
oturduğu, türkcənin
konuşulduğu bütün
ölkələrdir" tərifinə
qarşı çıxır
və Gökalpa xitabən, "Böyük
və əsil qardaşım, mən buna
təhəmmül edəməm.
Türk qanının
töküldüyü hər
topraq, türk vətəninin bir cüzüdür, hər damla qan orada
bizim için bir haqq təsis
etmişdir və o topraq bizim nəzərimizdə
müqəddəsdir. İştə
mənim etiqadım!"
deyirdi. "Yaşadıqca
fəlakətinə acıyacağım,
kəndisini sevəcəyim
və üstündəki
sərmədi-hüququmuzdan kəndi hesabıma əsla farağat etməyəcəyim Krit
... Bu min kərə bədbəxt,
min kərə sevgili vilayətimiz ... Şübhə
yox ki, hələ bu gün, qardaşım
Gökalp, sənin tərifinə nəzərən
bir Türk toprağıdır. Fəqət
iyirmi sənə zərfində oradaki türklərin nə qorxunc bir nisbəti-həndəsiyəylə
azaldığını göz
önünə alınca
bir əsr sonra Krit toprağında
artıq heç bir türk qalmayacağına
hökm etmək zəruri deyilmidir?"
***
Mehmet Ali Tevfik türkçülüyün
yaranma səbəblərinə
aydınlıq gətirir,
dominant olaraq din anlayışını
da içərisində hifz
edən dil birliyini önə sürür.
1912-ci ildə yazdığı
bir məqalədə
üç il əvvəl
gördüklərini, yəni
Arnavutların, ərəblərin
təşkilatlandığını xatırladan Mehmet Ali Tevfik
"Birdən türk
düşüncəsi doğdu,
qərib və kimsəsizlər kəndilərinə
uzanan əli nə qədər minnətlə və səbirsizliklə sıxarlarsa,
biz də ruhumuza şəfqət, dimağımıza
aydınlıq vəd
edən bu sevgili duyğunu o qədər sıcaq aşq ilə mənimsədik", deyirdi.
O, məsələni labirintə
salmır, sadə və aydın danışır: "Birdən
türk düşüncəsi
doğdu". Qənaətində
isə israrlıydı:
Milli məfkurənin validi,
yəni atası Əli bəy Hüseynzadədir.
Onu İstanbulda İttihad və
Tərəqqinin sıralarına
sövq edən də, Selanikdə "Gənc qələmlər"in
yazı heyətinə
uğurlayan da Əli bəy Hüseynzadə olmuşdu.
...Yuxarıda "İntiqam şeirləri" ilə,
xüsusən, "Roma" soneti ilə bağlı yazarkən, bildirdim ki, şeirin ahəngindən bəllidir
ki, Mehmet Ali Tevfik onu əsəb içində
yazıb. İndi bəzi
məqamları əlavə
etmək istəyirəm.
İtalyanların Tarblüsqərbi
işğal etdiyi sıralarda şair, həqiqətən, xəstələnmişdi.
Bunu 1912-ci ilin payızında, yəni sentyabrın 4-də İstanbula,
doktor Əli bəy Hüseynzadənin
Nuri-Osmaniyyədəki ünvanına
yazdığı məktub
da təsdiq edir. Məktubu Çanaqqalanın
(Dardanelin) təsviri olan bir kartpostalda
(açıqcada) göndərib.
Kartpostalın üz tərəfində yazdığı
qeydlərdə bildirir
ki, çox yorğun olduğum üçün
İstanbulda sizə uğramadan birbaşa Çanakkalaya gəldiyim üçün əfvinizi
diləyirəm: "Sevgili
və muhtərəm ustadım, əsəbi hastalığım birdən-birə
nüksettiğinden temmuz
ibtidasında buraya ebeveynimin (ata-anamın) nəzdinə gəldim... İki aylıq bir tədavi nəticəsi olaraq əhvali-səhiyyəm hiss ediləcək
dərəcədə iyiləşdi.
İnşallah, yaxında
İstanbula avdət edəcəyim."
Məktubdan görünən bu
ki, 1912-ci ilin iyul-sentyabr
aylarında Mehmet Ali Tevfik
Çanaqqaladadır. Əsəb
xəstəliyindən əziyyət
çəkirmiş və
1912-ci ilin iyulunda xəstəlik yenidən baş qaldırıbmış.
İki aylıq müalicədən sonra hiss
ediləcək dərəcədə
yaxşılaşıbmış...
Burda bir neçə ciddi məqama aydınlıq gəlir. Məktub 1912-ci ildə yazılıb və bu onun səhhətindəki
problemlə - əsəb
pozuqluğu ilə bağlı ilk yazılı
qeyddir və bu hal ömrünün
sonuna qədər
Mehmet Ali Tevfiki təqib
edib. İyirminci illərin ikinci yarısında müxtəlif
diplomatik vəzifələrdə
çalışdığı dönəmdə də əsəb xəstəliyi
onu əldən salırdı. Hətta ölümündən 4 gün
əvvəl Nyu-Yorkdan
Türkiyə Xarici İşlər Nazirliyinə
yazdığı məktubda
da həkimlərin məsləhəti
ilə uzunmüddətli
istirahət etmək üçün İstanbula
dönüşünə izn
istəmişdi. 1912-ci ilin
sentyabrında Əli bəy Hüseynzadəyə
yazdığı bu məktub sübut edir ki, Mehmet Ali Tevfikin əsəblərini zədələyən
Türkiyə-İtaliya müharibəsində
baş verən hadisələrdir. Yuxarıda
bildirdiyim kimi,
"Roma" sonetindən də
bu, aydın şəkildə hiss olunmaqdadır.
Məktubdan görünən bir
də budur ki, Əli bəy Hüseynzadə ilə çox doğma münasibətləri varmış.
Bu üslubda yalnız
ən yaxın və munis adama
yazırlar...
Mehmet Ali Tevfik Əli bəy Hüseynzadəyə
kult kimi yanaşırdı. "Turanlının
dəftəri"ndəki istər
"Selanik və
İzmir", istər "Yenə Rumeli", istərsə də "Layəmit Poloniya" yazılarında Əli bəy Hüseynzadəni
"ustadım", "ustadi-zişanım"
deyə zikr etməkdədir.
"Yenə Rumeli" yazısından: "Milli məfkurə
Selanikdə doğmadımı?
Əziz ustadım Hüzeynzadənin ən mühəyyic (həyəcanlandırıcı)
təlqinlərinə, irşadlarına
təcəlligah olan yer şimdiki
"Thessaloniki" deyilmidir?"
Yaxud
"Selanik və
İzmir" məqaləsindən:
"Milli məfkurəyi həvariyunun
ən bəliğ və atəşinanə xas bir dərin
qənaət və qüdrətlə təlqin
edən və sağ ikən tarixə keçən böyük zümrə türklərin daimən dərin bir məftuniyyət və minnətdarlıq içində
xatırlayacağı mücahidəyə
Selanikdə başladı.
Bu müqəddəs irşadın
yalnız bir səhifəsini zikr edim.
1327 (1911) qış mövsümündə
ustadım Hüseynzadə
Əli bəy hörmətkar və mütəhəllik bir heyət hüzurunda altı əsrdən bəri bəklədiyimiz sözləri söyliyor. Türklərə yek bir üfüq göstəriyor, onlardan əqim və öldürücü yəsi
(ümidsizliyi) alaraq yerində zində bir ümid iqamə
ediyordu. Məzhəb vəz edərək əzim kütlələri
xüsrandan (ziyandan) qurtaran, barmağı onlara zümürridin (yamyaşıl) feyzli bir iqlim göstərən
mürşidlərin təlqinatda
bulunduqları yerlər
tabeləri (müridləri)
üçün nə
qədər qiymətli
isə Hüseynzadənin
unudulmaz nitqləri ilə ehtizaz edən Selanik türkləri nəzərində
o qədər müəzzəzdir".
Yaxud
"Layəmit Poloniya"
("Ölümsüz Polşa")
məqaləsindən: "Qafqazyada, Bakıda ustadi-zişanım Hüseynzadə
Əli bəyin vaxtilə nəşr etdiyi "Füyuzat" şimdi təkrar basılsa, həm mənim, həm də bir çoxumuzun
məfkurəmizi uzun müddət aydınladar."
Mehmet Ali Tevfikin "Təsviri-əfkar"da
çap etdirdiyi "İrqin mükəmməl
bir ənmuzəci"
məqaləsində Hüseynzadə
barədə yazdıqları
isə adi portret qeydləri deyil, türk düşüncə tarixinin
xülasəsi, özətidir:
"Ziya Gök Alp,
ilk şüurlu milliyyət
hissini Hüseynzadədən
iqtibas edən zümrə içində
idi... Hüseynzadəyə
Yalavaç ləqəbini
verən kəndisidir.
...Başladığı cihad
ilə ustad, az zaman içində bir əcəm əyalətini məfkurəli
və imanlı bir Türk yurdu
yapdı. Hüseynzadənin
Qafqazı Moskovlardan və əcəmlərdən
qurtarması bir vətənpərvər üçün
təhəyyül oluna
biləcək müvəffəqiyyətlərin
ən parlağı, hizmətlərin ən böyüyüdür. Ustad
1910 sənəsində ikinci
dəfə olaraq İstanbula gəldiyi zaman
bir az kəndi
övladı olan məfkurə yavaş-yavaş
iməkləməyə başlamışdı.
Bu gürbüz yavrunun
bir an əvvəl inkişafını təmin
etmək lazımdı....
"Türk yurdu"
ilə "Türk ocağı"nın təsisində
fəal bir amil olan Hüseynzadə nevzadın (körpənin)
çocuqluq və gənclik dövrlərini
heyrətverici bir sürətlə adlayacaq kühalət (olğunluq)
çağına gəlməsinə
bütün mövcudiyyətiylə
çalışanların ilk səfindədir. Milli məfkurənin
validi (atası) eyni zamanda Türklüyün
mükəmməl bir
ənmuzəcidir (örnəyidir)".
***
Fransız, ingilis, alman, italyan
və rus dillərində sərbəst
danışırdı.
Fransız dilində çıxan
qəzetə redaktorluq
edirdi, Amerika mətbuatında
ingilis dilində məqalələr yazırdı.
Fransız şairi Alfred de Müsse
və ingilis şairi Alfred Tennisonun yaradıcılıqlarını müqayisəli ədəbiyyatın
predmetinə çevirirdi...
Çağdaş türk ədəbiyyatı
klassiklərinin, məsələn,
Ömər Seyfəddinlə
Əhməd Haşimin
yazışmalarında adı
etibar ediləcək fikir adamlarından biri kimi keçir.
"Həyat və Hatiratım" əsərinin
müəllifi Rza Nurun təbiycə, Mehmet
Ali Tevfik "pək namuslu, pək tərbiyəli, alim, gözəl
fransızca və ingiliscə bilən, iyi mühərrir"dir.
Ali Canip də elə düşünür
və "Əski bir türkçü:
Mehmet Ali Tevfik" məqaləsində
yazır: "Mehmet Ali Tevfik
xalis bir milliyyətçi idi. Hər xalis milliyyətçi kimi, o
da şəxsi davalardan
uzaq, mütəvazi, göstərişsiz, fəqət
mütətəbbi (araşdırıcı)
bir adamdı. Bizim məmləkətdə
fransızcanı ən
iyi bilənlərdən
biri də o idi".
***
İyirminci illərin ikinci
yarısından başlayaraq
o, diplomatik vəzifələrdə
çalışdı. Türkiyənin
Vyana, Buxarest, Moskva səfirliklərində baş
katib, Nyu-Yorkda baş konsul vəzifələrində işlədi.
Türkiyənin Rumıniyadakı
səfiri və zamanında Türk Ocaqlarının başqanı
və Türkiyənin
Təhsil naziri olmuş yazıçı
Həmdullah Sübhi
"İyirmi ildən
bəri tanıdığı,
sevdiyi və hörmət etdiyi"
Mehmet Ali barədə Buxarestdən
Türkiyənin Xarici
işlər naziri Tevfik Rüştüyə
yazırdı: "Mehmet Ali Tevfik bəy burada qayət müsaid bir xatirə buraxmışdır.
Çalışqanlığı, dürüstlüyü, işlərə
vüqufu, uzun
bir araşdırmaçı həyatının
kəndinə vermiş
olduğu elmi ləyaqət rəsmi və əcnəbi heyətlər qədər,
səfarətdəki arkadaşlarının
nəzərində də
onu möhtərəm
və əziz qılmışdır".
***
İlk kitabı 22 yaşında
1914-cü ildə çıxıb.
Üstündən 111 il keçib.
Osmanlı imperiyası
çöküb, 101 ildir
ki, Türkiyə Cümhuriyyəti
yaranıb. İkinci kitabı, yaxud külliyyatı hələ
də yoxdur. "Türk Ocağı"nın qurucularından
olan, türk milli düşüncəsinin təşəkkülündə
və daha da dərinləşməsində böyük xidmətlər
göstərmiş Mehmet Ali Tevfikin külliyyatını
hazırlayıb nəşr
etmək doğrudanmı,
bu qədər çətindir?
***
Mehmet Ali Tevfik XX yüzilin əvvəlləri türk
düşüncəsi, ədəbiyyatı
və diplomatiyasının
ən önəmli simaları sırasında
tədqiq və təqdim olunmalıdır.
Onu unutmaq fikir həyatımızın
ciddi kəsiridir...
14 sentyabr 2025
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.2-4.