Ənvər Məmmədxanlı haqqında
Arxivdən bacım Fidanın və rəhmətlik Rauf Vəzirovun qızı Aysel Vəzirovanın Ənvər Məmmədxanlı
haqqında heç
yerdə
çap olunmamış qeydlərini tapdım. Yeniyetmə gözü ilə müşahidə edilənbu təəssüratı
oxuculara təqdim edirəm.
ANAR
Əgər 2020-ci il uzun il (366 gün) olsaydı, onun doğum günü sabah olardı. O, fevralın 29-da dünyaya gəlmişdi. Bu nadir tarix də onun kimi mənim uşaqlıq illərimdə müntəzəm şəkildə gah olur, gah olmurdu.
Yazıçı Ənvər Məmmədxanlı mənim babamın əmisı oğlu və ən yaxın dostu idi. Ənvər ingilis dilində "intellektual" kateqoriyasına aid adamlardan idi (təəssüf ki, bu sözün Azərbaycan dilində tam qarşılığı yoxdur.). O, bu anlayışa o qədər uyğun gəlirdi ki, bəzən, real adi adamdan çox, ədəbi personaja bənzəyirdi.
Onun Bakı və Xəzər mənzərəli təpədəki kiçik evi sanki künclər və həndəsi formalardan ibarət idi.
Son dövrkü Bakının miskin sovet istehlakçılığından qurtulmaq cəhdində o, sakit tərki-dünya həyatı yaşayırdı.
Boş divarlar, masa oturacaqları, içərisi kitablarla dolu ucuz taxta rəflər. Nə həyat yoldaşı, nə övladları...
İlin bütün fəsillərində həmişəki qara köynək, tünd şalvar. Nə qalstuk, nə qol düymələri.... Bəzən pencək. Yadıma gəlmir paltosu var idimi? Tez-tez başına qoyduğu şlyapa sankı 50-ci illərdə alınmış və dolabında on illərlə qalmışdı. Zahiri görünüşü üçün minimum səy göstərər, nadir hallarda özü üçün nəsə alardı.
Lakin unikal yaddaşının polad dolablarında o, külli miqdarda məlumat toplayar, sistemləşdirər və hifz edərdi.
O, öyrənməyi sevər, lakin sahib olmağı sevməzdi. Heç kimə borclu qalmamaq üçün çox az şeylə qane olmağa çalışırdı. O, heç də dövlətli adam deyildi, lakin onun görkəmində sovet "ziyalısı"nın nümayişkarcasına kasıbçılığından əsər-əlamət yox idi.
Öz mənəviyyatının bayrağını daşıyaraq, xalqı maarifləndirmək kimi iddiası da yox idi. O, sakit, aramlı müqavimət, nəcib asketizm və tənhalıq içində ömür sürür, yəni oxumaq, düşünmək, yazmaq kimi sevdiyi şeyləri etmək üçün heç nəyə ehtiyacı olmayan adam kimi yaşayırdı.
Kompartiya üçün Ənvər Məmmədxanlı, əlbəttə,
qıcıq mənbəyi idi. Lakin
ona təzyiq göstərmək asan deyildi. Çünki o, kommunistlərin partiyasından
bir şey istəmirdi.
İtirilmiş fürsətlər qorxusu
onun həyatına heç cür təsir etmirdi. O, özü üçün
paralel bir yaşam mühiti yaratmışdı ki, bu
da onun üçün
kifayət idi. Düşünürəm ki, ona
həmişə yanında
olan xarizmatik və güclü əmisi oğlu, mənim babam dəstək olurdu.
Babam o dövrün qaynar ictimai və ədəbi hadisələrinə
fəal qatılmış
insan idi. Sonsuz və çox vaxt təhlükəli vuruşlarda
babam qanayan yaraları, ağır medalları, zəfərləri
və səhvləri ilə bir-birinə atlı və atı kimi bağlı
ön cəbhənin döyüşçüsü idi.
Ənvər isə başqa
tərzdə adam idi - tərki-dünya və mütəfəkkir.
Onun aləmində yaraları kitabları arasında gizlənir, zəfərlər isə mənasını itirirdi.
Bəlkə ona kömək edən bir də onun
gözəl kişi olması, yaraşıqlı
və mehriban adam olması idi. O, qadınların xoşuna gəlirdi. Uşaqlar onu sevirdi. Onun nadir ad günlərinin birində
biz anamla ona dəyməyə gəldik.
Anam zarafatla soruşdu: "Sən dəqiq yadından çıxarmamısan ki, bu
günü?"
Mən onun kitabxanasında uca kitab rəflərinə
baxaraq dayanmışdım.
Və onun təbəssümünü görmədim.
Amma yavaş və dərin bir səs eşitdim. O gülürdü. "Əlbəttə,
unutmamışam. Çay
içək? Mənim
burada konfetim olmalıydı".
O bir an fikirləşdi:
- Amma qəndim dəqiq vardır.
Aysel Vəzirova
Təqdim
etdi: ANAR
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.11.