"Arşın mal alan" erməni dilində

 

(Resenziya əvəzi)

 

Fevralın 4-də Hökumət teatrında (Mailov teatrı) erməni artistləri tərəfindən müsəlman bəstəkarı Ü. b. Hacıbəyovun tanınmış "Arşın mal alan" operettası səhnələşdirilmişdi. Bilmirəm, operettanın bu şəkildə oynanması müəllifə məlumdurmu? Düşünürəm ki, həm əsərin, həm də əsərdə qabardılan adət və ənənələrin belə rüsvayçı şəklə salınmasına son qoymaq vaxtı gəlib çatmışdır.

Əvvəla, üçüncü pərdədə orijinaldan heç bir motiv yoxdur, əyər iki mahnı oxunursa, o da təhrif olunmuş şəkildə. Digərləri isə ordan-burdan yığılmadır. Fikrimcə, bu, yolverilməzdir. Mən soruşdum ki, nə üçün əsəri orijinalda olduğu kimi oynamırsınız? Cavab verdilər ki, həmişə belə oynayıblar və yenidən öyrənib dəyişə bilməzlər(?!). Bilmirəm, bu nə qədər inandırıcıdır, ancaq onu bilirəm ki, bu onlar üçün olduqca tipikdir.

Rejissurada rolların ifasında elə hoqqabazlıqlara (tryuklara) yol verilmişdir ki, bunlar həm əsərin,  həm də onun daşıdığı ideyanın təhqir olunması dərəcəsinə çatmışdır. Misal üçün, qulluqçu Vəli birinci dəfə Soltan bəyin zəngin bəzədilmiş otağına gələndə öz palçıqlı çarıqlarını çıxarıb kreslonun üstünə qoya bilməz axı. Bu nə deməkdir? Onun Soltan bəyin dizlərini qucaqlaması nə deməkdir?  Sonuncu minor triosunda Asiyanın rəqsi nə deməkdir?.. Bu, hədəfdən yayınmaq deyil, bu, qərəzli təhqirdir. Hər şey əlavə gülüş yaradılmasına qurban verilmişdi. Dünənki oyunbazlıqları görəndə mən qeyri-ixtiyari keçən il "Forum" sinematoqrafında bu populyar operettanın adı ilə göstərilən eybəcərlikləri xatırladım. Mən qeyri-ixtiyari Tiflisdə "Arşın mal alan" operettasının motivləri" adı ilə bu gün çap olunan o notları da xatırladım; mən qeyri-ixtiyari erməni truppasının Vladiqafqazda əsərin müəllifi haqqında bircə söz belə yazılmayan afişanı xatırladım; mən qeyri-ixtiyari tanınmış erməni xadiminin mənə  "Arşın mal alan"nın qədim erməni (?!) pyesi olmasını və hətta Türkiyədə çoxdan səhnələrdə oynandığını sübut etməyə çalışmasını xatırladım; mən qeyri-ixtiyari Hacıbəyovun əsərlərinin bütün qrammafon istismarını xatırladım...

Bütün bu rüsvayçılıqlara artıq son qoymaq vaxtıdır. Əgər kimsə əsəri götürüb tərcümədə göstərmək istəyirsə, onda onu orijinalda olduğu kimi göstərməyə borcludur. Rejissura quruluşun daha yaxşı olmasına xidmət etməlidir, nəzarət etməlidir ki, artistlər həqiqətən, real tipajlar yaratsınlar, klounluğa, oyunbazlığa yer olmamalıdır.

 

Müslümbəy.

8 fevral 1919-cu il.

"Azerbaydjan" qəzeti ¹29

 

Təqdim etdi:

Kamil ŞAHVERDİ

 

Ədəbiyyat qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.9.