Qardaşların
sarsılmayan əməl və əqidə birliyi
Üzeyir və Ceyhun Hacıbəyli
qardaşlarının yazışmaları əsasında)
Talelərinə fərqli idarəçilik və idarəetmə formaları olan dövlət quruluşlarında – monarxist Çar Rusiyasında, Azərbaycan Xalq Cümhuriyyətində, totalitar Sovet rejimində, demokratik Avropa ölkəsində yaşamaq nəsib olmuş Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının təzadlarla, təbəddülatlarla, təlatümlərlə dolu həyatı onların düşüncə tərzini, əməl və əqidə birliyini, inamını, mübarizə əzmini və qətiyyətini nəinki sarsıtmamış, əksinə, daha da möhkəmlətmişdir. Mədəniyyət tariximizin iki böyük siması –
Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının
yeniyetmə çağlarından başlayan və
ömürləri boyu davam etdirdikləri bədii, publisistik
yaradıcılığı, epistolyar irsi, fəaliyyət
göstərdikləri digər sahələr fikrimizi təsdiqləyir.
Ailəsinə bağlı, elinə, obasına vurğun olan
Hacıbəyli qardaşlarının missiyası millətə,
xalqa təmənnasız, sədaqətlə və sonadək
xidmət olmuşdur.
Hələ
XX əsrin əvvəllərində Bakının qaynar siyasi,
ədəbi-mədəni həyatına atılan Üzeyir və
Ceyhun Hacıbəyli qardaşları təxminən, eyni
vaxtda, eyni mühitdə jurnalistlik fəaliyyətinə, bədii
yaradıcılığa başlamışlar. Onların
dünyagörüşü, tərbiyə və təhsil
mühiti, müşahidələri, qarşılıqlı
fikir mübadiləsi, heç şübhəsiz ki,
qardaşların ortaq düşüncə tərzinin
formalaşmasına, yaradıcılıqlarına da bu və
ya başqa şəkildə təzahür etmişdir.
Nümunələrə nəzər salaq. Dahi bəstəkar,
opera sənətimizin banisi, istedadlı yazıçı
Üzeyir Hacıbəylinin (18 sentyabr 1885, Ağcabədi,
Şuşa qəzası – 23 noyabr 1948, Bakı) “İrşad” qəzetinin 1905-ci il
tarixli 6-cı nömrəsində “Pristav ağa” satirik hekayəsi
dərc edilmişdir. Bir müddət sonra C.Hacıbəylinin
(3 fevral 1891, Şuşa – 22
oktyabr 1962, Paris) “Proqres” qəzetinin
1907-ci il 6 və 7-ci nömrələrində
“Dağıstanski” imzası ilə eyniadlı felyetonu çap
olunmuşdur. Süjeti, kompozisiyası, məzmunu, qəhrəmanları
ilə bir-birinə bənzəyən bu əsərlər
arasında ideya, sənətkarlıq, dil, hadisələrin cərəyan
etdiyi məkan baxımından diqqəti çəkən cəhətlər
var. Birincisi Azərbaycan dilində, ikincisi rus dilində qələmə
alınmışdır. Çar rus hakimiyyətinə, onun məmurlarına
qarşı sərt tənqidi münasibətin əks
olunduğu bu əsərlər XX əsr bədii irsimizin
gözəl nümunələrindəndir və Hacıbəyli
qardaşlarının gələcək məram və
amallarının göstəricisi kimi nəzəri çəkir...
Qürbətdə,
heç bir mənbəyə, tarixi sənədə yox,
yalnız yaddaşın gücünə istinad edərək
ömrünün sonlarına yaxın Ceyhun Hacıbəylinin
qələmə aldığı, bir sıra ədəbi,
tarixi və mədəni hadisələrin tədqiqi və dəyərləndirilməsi,
eyni zamanda qardaşların əməl və əqidə
birliyinə dəlalət edən “Leyli və Məcnun
operası necə yarandı?”
xatirəsi mühüm əhəmiyyət kəsb edir.
Fikrimcə, Üzeyir bəylə Ceyhun bəy arasındakı
qardaşlığın, silahdaşlığın ötəsindəki
münasibətin, ünsiyyətin, yaxınlığın
parlaq nümunəsi olan məqalədən gətirdiyim
aşağıdakı cümlələrin şərhə
ehtiyacı yoxdur. Nə yazılsa, necə yazılsa, həmin
kəlmələrin, duyğuların kölgəsində
qalacaq: “Mən və qardaşım Üzeyir (o məndən
üç yaş böyükdür) ilk gənclik illərimizdən
musiqiyə meyil edirdik.”, “Mənim və qardaşım
Üzeyirin məlahətli səsimiz vardı və tezliklə
biz yalnız təcrübələr yolu ilə klassik musiqinin
(muğamların və ya “dəstgahların”) bütün incəliklərini
öyrəndik, “təsniflər” (ritmik oxuma) haqqında
heç demirəm”. “Deməliyəm ki, qardaşım
Üzeyir skripka çalmağı və not sistemini hələ
biz Şuşadan Bakıya köçəndən əvvəl,
Qori Müəllimlər seminariyasında oxuyan vaxt öyrənmişdi”.
“Həm Şuşada, həm də Bakıda bu təşəbbüs
(opera yaratmaq təşəbbüsü – T.A.) qardaşıma
məxsus idi. O, öz ideyalarını mənimlə
bölüşür, sonra isə yaradıcı işin əvvəlcə
ümumi şəkildə, daha sonra təfsilatı ilə rəsmiləşdirilməsi
üçün mənim fikrimi soruşurdu”. “Şərait
münasib idi: Üzeyirlə mən “İslamiyyə”
mehmanxanasında yaşayırdıq, ailəmiz isə əyalətdə,
böyük qardaşım Zülfüqarın yanında idi”.
“Qardaşım bu təsnifləri nota
köçürürdü. Tədricən o, xorun
çıxışları üçün polifonik
tendensiyaları tətbiq edirdi”. “Polifoniyanın tətbiqi
sonralar qardaşım tərəfindən təkmilləşdirilib.
Beləliklə, bu mühüm islahatın pioneri mənim
qardaşım olub”. “Qeyd etmək lazımdır ki,
bütün bu gərgin işin çox böyük hissəsini
qardaşım Üzeyir yerinə yetirirdi. Bəzən o, gecə
saat ikiyə-üçə qədər masa arxasında əyləşir,
heyrətamiz səbir və inadkarlıqla musiqili-vokal ifa
üçün harmonik səhnə ansamblı yaratmağa
çalışırdı”. “İsabəylə
“İrşad” qəzetindən dost idik. Mənim qardaşım
Üzeyir həmin qəzetin əsas əməkdaşlarından
biri (mən özüm də jurnalist fəaliyyətimə bu
qəzetdə başlamışam), İsabəy isə
naşir idi”.
Amma bu
cümlələr qələmə alınanadək artıq
Hacıbəyli qardaşlarının münasibətlərini
izhar edəcək, üzə çıxaracaq çox olaylar
baş vermişdi. Maddi sıxıntılar onlar və ailələri
arasında gərginlik yaratmamış, əksinə,
mehribanlığı və səmimiyyəti
artırmış, tarixin ağır sınaqlarına iradə
və dözümlə tab gətirmişlər. Qori Müəllimlər
Seminariyasını (1899-1904) bitirib bir müddət Hadrutda
müəllimlik edən Üzeyir Hacıbəyli 1905-ci ildə
Bakıya gəlir, “İrşad”, “Həyat”, “Həqiqət”,
“İqbal”, “Yeni İqbal”, “Kaspi” və digər mətbu
orqanlarla sıx əməkdaşlıq edir, “Səadət” məktəbində
dərs deyir, dərslik və dərs vəsaitləri
yazır. Böyük qardaş Zülfüqar Hacıbəylinin
(17 aprel 1884, Şuşa – 30 sentyabr 1950, Bakı) 1907-ci ildə
bacıları ilə Bakıya köçməsi, kiçik
qardaş Ceyhunun ali təhsilə yiyələnməsi məqsədi
ilə Peterburqa, sonra Parisə getməsi ailənin
qayğılarını artırmışdır. İş o
həddə çatmışdır ki, Üzeyir bəy
1911-ci ildə musiqi təhsilini inkişaf etdirmək məqsədi
ilə Moskvaya – xüsusi musiqi kursuna getsə də, maddi
çətinliklər səbəbi ilə təhsilini
yarıda qoyaraq Bakıya qayıtmışdır.
Tamaşalara görə “Nicat” Cəmiyyətinin müqavilə
əsasında verdiyi qonorar da böyük ailənin problemlərini
ödəməyə kifayət etmirdi.
Hacıbəyli
qardaşlarının müxtəlif illərdə bir-birinə
ünvanladıqları məktublar
onların həyat yolunu, maddi, sosial durumunu, ailədaxili
münasibətlərini, dövrün ictimai-siyasi proseslərini,
mühacirət problemlərini, tanınmış tarixi şəxsiyyətlərlə
əlaqə və əməkdaşlığını hərtərəfli
və dərindən öyrənmək, təhlil etmək və
dəyərləndirmək baxımından maraq doğurur.
Daha dəqiq, dolğun və sanballı qənaətlər
hasil etmək üçün Bakıdan, Moskvadan,
İstanbuldan, Parisdən, Münhendən yazılan məktubları
qələmə alındığı tarixlərə görə
aşağıdakı kimi qruplaşdırmaq məqsədəuyğundur:
– 1918-ci
ilədək yazılan məktublar;
– Azərbaycan
Xalq Cümhuriyyəti dövründə yazılan məktublar;
– Sovet
hakimiyyəti illərində yazılan məktublar.
Qardaşların
məktubları məzmun, mündəricə, yazılma şəraiti
fərqli olsa da, onları bir ana xətt birləşdirir: səmimiyyət,
həqiqət, sədaqət, ailənin hər bir üzvünə
diqqət, qayğı, nigarançılıq, vətənə
bağlılıq, millətə məhəbbət! Bəri
başdan deyək ki, Üzeyir Hacıbəylinin Ceyhun bəyə
yazdığı bütün məktublar “Nuri-didəm”
(gözümün işığı – T.A.), Ceyhun bəyin məktubları
isə “Bəradəri-mehriban” ilə başlayır.
1918-ci ilədək
olan məktubların sayı çox deyil, lakin onlar təsirli,
maraqlı, çox məlumatlıdır. Yazışmalar qələmə
alındığı dövrdə şəxsi, ailədaxili
münasibətləri, məişət problemlərini əks
etdirən məktub idisə, illər ötdükcə mühüm
tarixi, ədəbi, ictimai, siyasi məzmun kəsb edən sənədə
çevrilmiş və bu gün qardaşların arzu, istəklərini,
fəaliyyət sahəsini, cəmiyyətdə baş verən
prosesləri, eyni zamanda publisistlərin yaradıcılıq
manerasını öyrənmək baxımından nəzəri
çəkməkdədir. Bir-iki nümunəyə diqqət
edək. Ceyhun Hacıbəylinin 23 avqust 1912-ci ildə musiqi təhsilini
davam etdirmək məqsədilə Moskvaya gedən Üzeyir bəyə
ünvanladığı 1912-ci il oktyabr tarixli məktubda əvvəlcə
pulsuzluq ucbatından bu il bütün planlarının –
Peterburqa, Parisə getmək arzusunun alt-üst olduğundan
şikayətlənir, yardım üçün “Nicat” Cəmiyyətinə,
Hacı Zeynalabdin Tağıyevə, “Kaspi” qəzetinə
müraciət etdiyini yazır. Məktubda oxuyuruq: “Quran
haqqı borclular məni daha lap əldən salıblar. ...Mən
Zöhrədən (Ceyhun Hacıbəylinin həyat
yoldaşı – T.A.) utanıram. Vallah, yazığın geyməyə
paltarı, yatmağa təxti yoxdur. İndi ayın biri olan
kimi çörəkçi, bir yandan qəssab, bir yandan
suçu, neftçi, dükançı, ələlxüsus
ev yiyəsi...utanıb yerə girirəm. Evdə də
uşaqların əyin-başı tökülüb. Aişə
paltosuz və çəkməsiz gəzir. Məhbub (Ceyhun bəyin
bacısı Sayad xanımın qızları) naxoş, Sayad
naxoş – pis halət, gərək pul ola ki, bunların
hamısı düzələ”. Həmin ilin sonrakı məktublarında
da əsasən Ceyhun bəy maddi sıxntıdan, evlərin
darısqallığından giley-güzar edir.
Qardaşların
Azərbaycan Xalq Cümhuriyyəti dövründəki
yazışmaları məzmun, mövzu baxımından fərqlidir,
xoşovqatlıdır. Məktublardan milli dövlətin,
istiqlalın bəxş etdiyi ruh yüksəkliyi, istiqbala inam
və məhəbbət açıq-aydın duyulur.
Üzeyir bəy qardaşına yazdığı 1919-cu il 19
mart tarixli məktubunda [6] ailə üzvlərinin səhhəti,
sağlamlığı barədə “işlərinin
yaxşı”, “hər bir şeyin qaydasında olduğunu”,
“Bakıda tez-tez veçerlərin təşkil edildiyini”
yazdıqdan sonra Ceyhun bəyi “Azərbaycan” qəzetinin
formatını böyüdəcəkləri, hökumət
kabinetində baş verən dəyişikliklər barədə
ətraflı məlumatlandırır, qardaşına tezliklə
sağ-salamat Vətənə dönməyi (bu zaman C.Hacıbəyli
Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə
Paris Sülh konfransına yola düşən nümayəndə
heyətinin tərkibində səfərdə idi) arzulayır.
Üzeyir bəyin sonrakı yazışmalarında da 1919-cu il
8 oktyabr, 1920-ci il 13 yanvar məktublarında da xoş ovqat
aşkar hiss olunur. O, evlərində “Məhəmməd
Əminin, Nəsib bəy və arvadının, Şəfi bəyin
iştirakı ilə qonaqlıq təşkil etdiklərini”,
“onların da sağlığına içib yada
saldıqlarını” qeyd etdikdən sonra “qəzetin işinin
pis olmadığını”, redaksiya üçün təzə
mebel və telefon gətirtdiyini sevinclə xəbər verir.
Siyasi işlərdən bəhs edən Üzeyir bəy
yazır: “Əhvali-siyasimiz dedikcə yaxşıdır. Nəsib
bəy işi çox gözəl apardı və demək
olar ki, məmləkəti hər bir təhlükədən
qurtarmaqla bərabər, abad və qüvvətli bir hala
saldı. Bu saat tam mənası ilə müstəqil
dolanırıq. İçimizdə heç bir yad əl
yoxdur. Qarabağ və Lənkəran məsələləri
bizim nəfimizə qan tökülmədən həll edildi.
Bir əndişəmiz varsa da, o da Şimaldandır....Qərəz
işimiz “xod” gedir. Yalnız bir arzumuz var ki, siz gələsiniz,
tezliklə görüşək”. Başqa bir məktubunda
Üzeyir bəy “Azərbaycanın təsdiqi bayramına” hazırlaşdıqlarından,
qəzet işinin musiqi fəaliyyətinə çox xələl
gətirdiyindən qəzetdən çıxmaq istədiyindən
bəhs edir.
Hacıbəyli
qardaşlarının fəaliyyəti,
yaradıcılığı daim erməni millətçilərinin
məkrli müqaviməti ilə üzləşmişdir.
Ceyhun Hacıbəyli hələ XX əsrin onuncu illərində
“Kaspi” qəzetindəki yazıları ilə erməni qəzetlərinin
və ermənipərəst rus mətbuatının azərbaycanlılara
qarşı qərəzli, düşmən münasibətini
ifşa edir, onları çirkin və yalan məlumatlardan əl
çəkməyə çağırırdı. Bu mənada
publisistin “Sərhəddə” adlı məqaləsi çox ibrətamizdir. Erməni qəzetləri
İranla sərhəddə yerləşən
soydaşlarının – xristianların
silahlandırılmasını, şahsevənlərin
talanına qarşı yerli müdafiənin təşkilini
canfəşanlıqla təbliğ və müdafiə edirlər.
C.Hacıbəyli tutarlı faktlara istinad edərək opponentlərinin
yalanını, fitnəkarlığını, mənfur niyyətlərini
ifşa edir: “Hər hansı Qafqaz qəzetini
götürün və sərhəd
komissarlığının məlumatlarını izləyin:
şahsevənlərin hücumuna məruz qalan müsəlmandır,
mal-qarası sürülüb aparılan müsəlmandır.
Әn
yaxşı müdafiə işi görüldüyünə
görə bu günə kimi erməni kəndlərinə
heç bir ziyan dəyməmişdir”. C.Hacıbəyli
mühacirət illərində də ermənilərin
xalqımıza qarşı törətdiyi cinayətləri əks
etdirən yazılar qələmə almışdır.
Dahi bəstəkarın
çoxşaxəli fəaliyyəti,
yaradıcılığı erməni millətçilərinin
gözünə ox kimi batırdı. Üzeyir Hacıbəyli
1918-ci ilin mart qırğınlarından xilas olmaq
üçün çox sayda azərbaycanlı ziyalı kimi
Arazın o tayına keçməyə məcbur olmuşdur.
Ermənilər, həm də xalqımıza məxsus milli, mədəni,
maddi sərvətləri də hədəfə
almışlar. Onlar Mart qırğınları zamanı
soydaşlarımızı cismani məhv etməyə
çalışdıqları kimi, Bakıda və Azərbaycanın
bölgələrində mədrəsə, məktəb,
teatr, klub, kitabxana binalarını da yandırır, yer
üzündən birdəfəlik silməyə cəhd
göstərirdilər. Məkrli qonşularımız mədəni
xəzinəmizə məxsus dəyərli sənət əsərlərini
mənimsəmək üçün dəridən-qabıqdan
çıxmışlar. Üzeyir Hacıbəylinin Ceyhun bəyə
ünvanladığı 1920-ci il 16 yanvar tarixli məktubu erməni
oğurluğunu ifşa edən maraqlı mənbədir. Həmin
məktubu sakit, həyəcansız oxumaq olmur. Ceyhun bəy adəti
üzrə “nuri-didə”sindən hal-əhval tutduqdan, “Avropaya
səfər etmək” arzusunu, əsərləri ilə “Avropa əfkari-ümumiyyəsinin
diqqətini cəlb etmək” istəyini bildirdikdən sonra
yazır: “Və bir də bir neçə gün əvvəl
İstanbul səfirimiz Yusif Vəzirovdan bir məktub aldım.
Yazır ki, ermənilərin fransızca “Renesans” qəzeti
iddia edir ki, “Arşın mal alan”ı yazan ermənidir. Yusif bəy
bu işdən çox mütəəssir olduğunu yazır
və israr edir ki, mən əsərlərimin notlarını
çap edib ona göndərim ki, səfarət xərcinə
bütün Avropada, həmən Amerikaya belə
intişarına səy etsin. Hərgah mən Parisdə
olsaydım, notlarımı tezliklə və yəqin ki, ucuz
çap elətdirərdim”. Erməni oğurluğunu ifşa
edən bu tarixi məktubun daha bir özəlliyi var. Üzeyir
bəy qardaşına nəql edir ki, mən bu əhvalatı
Nəsib bəyə danışdım. O da mənə dedi ki,
ermənilərin bu iddiası Zəngəzur iddiasından daha
betərdir.
Qardaşların
Sovet hakimiyyəti illərindəki yazışmaları məzmun
baxımından əvvəlki məktublardan kəskin fərqlənir,
rejimin və funksionerlərinin mənfur simasını
açmaq, eyni zamanda Hacıbəylilərin iztirab, təlaş,
təşviş, daxili həyəcan, mənəvi əziyyət,
sıxıntı çəkdiklərini hiss etmək
nöqteyi-nəzərindən də böyük maraq
doğurur. Üzeyir bəyin Ceyhun bəyə
ünvanladığı 1921-ci il 26 noyabr, 1922-ci il 10, 18 mart,
24 iyul, 1923-cü il 18 dekabr, 10 iyun, 20 avqust tarixlərində və
digər məktublarında “Nuri-didəm Ceyhun” sözlərindən
başqa, demək olar ki, digər cümlələrin
hamısı sanki kiminsə diktəsi ilə
yazılmışdır. Məktubları oxuyanda sətirlərin
arxasından sovet komissarının qəzəbli siması
görünür. Ceyhun bəy xalq Cümhuriyyəti
dövründə Parisə yola düşəndə
Üzeyir bəy qardaşı üçün
darıxdığını, vəzifəsini yerinə yetirib
tezliklə Vətənə dönməsini sidq-ürəkdən,
bütün səmimiyyəti ilə arzulayırdı. Sovet
dövründə zorla, təhdidlə yazdırılan məktublarda
mehribanlığı, səmimiyyəti, məhəbbətli,
şəfqətli münasibəti sovet məmurunun məkrli,
hiyləgər, eyni zamanda şirin vədlərlə dolu
planları əvəz edirdi. Məktubların, az qala, hər
cümləsində Bakıya qayıtmağın vacib və
qorxusuz, perspektivli olduğu vurğulanır. Amiranə
yazdırılan cümlələr mövcud vəziyyəti
tam əks etdirir: “...sizə bildirirəm ki, buraya qayıtmaq məsələsini
qəti şəkildə həll etmişik. Əlbəttə,
tezliklə buraya qayıtmağınız yaxşıdır.
Məsul yoldaşlar tərəfindən SSRİ-yə
qayıtmağa izn verilir”, “Vacib budur ki, gələsiniz.
...başqa fikirlərlə vaxtınızı itirməyib səfarətxanaya
müraciət edin”, “Bakıda hər kəs azadcasına
yaşayır”, “O ki, qaldı buranın yaşayışına,
burada bizlər çox yaxşı yaşayırıq və
getdikcə də daha yaxşı dolanacağıq”. “Səni
inandırıram ki, əcnəbi qəzetlərində
oxuduqlarınız pis-pis xəbərlərdən burada
heç bir əsər də görməzsiniz”. 1930-cu illərin
əvvəllərinədək davam edən bu məzmunlu məktular
sovet milli və ailə siyasətini dərk etmək, dəyərləndirmək
baxımından da maraq kəsb edir. Repressiya, cəza edam
maşınının işə düşməsi
üçün qardaşı qardaşa, övladı
valideynlərə, qonşunu qonşuyla
qarşı-qarşıya qoymaq üçün rejim bu
çirkin metoddan yararlanmışdır və heç də
təsadüfü deyil ki, mühacir yazarlar, o cümlədən,
Ceyhun Hacıbəyli totalitar sovet rejiminin bu istiqamətdəki
mənfur siyasətini ifşa etmək üçün belə
faktlardan ustalıqla istifadə etmişlər. Mövzu, ideya,
sənətkarlıq baxımından mühacirət nəsrinin,
ümumiyyətlə Azərbaycan hekayəçiliyinin ən
gözəl nümunələrindən
saydığımız “Müəzzinin lənət” əsərində
bolşevik hakimiyyəti, sovet ideologiyası ata müəzzinlə
ateist övladı, ailənin bütün üzvlərini
üz-üzə qoymuşdur: “Qırmızı kafirlər məmləkətə
mütləq sahib kəsiləndən, hər şey bir-birinə
qarışmış, baş-ayaq olmuşdu: uşaqları
valideynlərinə, arvadları ərlərinə,
yaradılmışları Yaradana qarşı təlim edirdilər.
Yekunda ailə faciələri milli fəlakət həddinə
çatırdı. Hacıbəyli qardaşlarının
yazışmalarından da göründüyü kimi, rejimin
nökərlərinin bütün səylərinə
baxmayaraq, qardaşlar arasında nifaq sala bilməmiş, onlar
arasında isti, səmimi münasibətlər, əməl və
əqidə birliyi sona qədər davam etmişdir.
Hacıbəylilərin
məktublarının məzmunu, mahiyyəti onu deməyə əsas
verir ki, yazışmalar yalnız qardaşlar və ailədaxili
münasibətlər, məişət problemləri
haqqında məlumatla məhdudlaşmır, müəlliflərin
xarakteri, dünyagörüşü, əqidəsi,
yaradıcılıq üslubu haqqında kifayət qədər
təəssürat yaradır, onları əhatə edən
mühit, cəmiyyət həyatı və ünsiyyətdə
olduğu şəxsiyyətlər barədə əhatəli
bilgiyə sahibolma imkanı verir. Yüz il bundan əvvəl qələmə
alınan şəxsi məktublar hazırda tarixi, ictimai, siyasi
əhəmiyyət kəsb edən qiymətli mənbələrdir;
müstəqil Azərbaycan övladlarında sələflərin
keçdiyi çətin, lakin şərəfli həyata,
mücadilə yoluna bələd olmaq imkanı yaradır,
onlarda istiqlala sevgi, Vətənə məhəbbət, ailəyə,
dostluğa sədaqət, qədirbilənlik kimi məziyyətlərin
formalaşmasına yardım edir.
Abid TAHİRLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.10-11.