Zəhmli eynək
İki dəfə Anar müəllimlə bir salam qədər yaxın olmuşam. Bir dəfə Kastamonuda yanında oturub şəkil çəkdirəndə, bu dəfə də otağında. İş həyatımın qızıl dövrünü AYB-nin orqanlarında ("Ulduz", "Azərbaycan") çalışan vaxtdan hesablayıram. Binanın tarixi, içindən keçirdiyi şəxsiyyətlər haqqında xəbərim olduğu üçün buranı ədəbi məbəd hesab eləmişəm.
Birinci görüşdə Anar müəllim istəyimi qəbul eləmişdi, yanında oturub şəkil çəkdirməyə icazə vermişdi. İkinci görüşün mənim üçün ən böyük nəticəsi üz-üzə oturmaq idi. Mən ona yaxından, yazdığım məktubu oxuduğu müddətdə daha diqqətlə baxdım: Adamın qutudan siqaret çıxarmağından tutmuş, eynəyini alnına qaldırmağına, adamı yola salmağına qədər dahiyanədir. Oturuşu, ahəstəliyi, saçının ağ tonu, yaşına məxsus səs tembri, bədən dili...
Təsadüfən iş girişi, iş çıxışı binanın qarşısında, pillələrdə Anar müəllimlə rastlaşıram. Çox vaxt yolumuz kəsişməsin deyə, ya tələsirəm, ya gecikirəm. İstəmirəm göz-gözə gələk. Bilirəm ki, qapısını döyən çoxdu. Anar müəllimin məni də o sinfin şagirdlərindən hesab eləməsindən çəkinirəm.
Anar müəllimlə bir dövrdə yaşadığım, onu canlı-canlı gördüyüm, hətta birlikdə işlədiyim üçün bəxtimin dizindən öpürəm. Mənim üçün Anar müəllim milli dəyərdi, atributdu.
Bilirəm ki, hisslərimi ifadə eləmək üçün düzdüyüm allı-güllü sözlər Anar müəllimin mənəvi böyüklüyü, ictimai xidmətləri, bədii yaradıcılığı qarşısında çox aciz və adi görünəcək. Məqsədim Anar müəllimə tərif yağdırmaq, onu vəsf eləmək, böyütmək deyil, buna Anar müəllimin də, mənim də ehtiyacımız yoxdur. Məqsədim bir insana qarşı olan hisslərimi, duyğularımı məqamı gələndə etiraf eləməkdi, ürəyimi boşaltmaq, mənəvi rahatlıq tapmaq, bölüşməkdi. Ömür çox qısadı, axı. Gərək sevgini vaxtında etiraf edəsən, borcun kimi qaytarasan.
Anar müəllim AYB-nin sədri olmasa da, bundan sonra gedib Göyçayda baba yurdunda otursa belə, ordan bu Anar zirvəsi görünəcək. Çünki mən (misalları özümdən çəkəcəm), hələ lap uzaq kəndlərin birində üstünə Anar yazılmış kitabı götürüb romanı oxuyanda arzulamışdım ki, kaş bir gün bu adamı görə biləydim. Zirvə ordan görünürdü. İlk bədii yazılarım dərc olunanda eynimə gəlirdi ki, kaş Anar müəllimin gözünə sataşaydı. Kaş... Kaş... Bir oxucu kimi öz yazıçıma heyran olmuşdum. "Anar" adının ilk daşıyıcısı olduğunu biləndə də yaxşı mənada qibtə eləmişəm. Hətta ilk dəfə "Kitabi-Dədə Qorqud" dastanını Anar müəllimin təqdimatında oxuyub sevmişəm. Filmin sonunda adamların daşa dönmə səhnəsi o qədər xoşuma gəlmişdi ki, uzun müddət təsirindən çıxa bilməmişdim. Hətta mənə elə gəlmişdi ki, bu dastanı elə Anar müəllim yazıb, xalqın adına çıxırlar. Özü qəsdən adamları daşa çevirib, əbədi saxlayıb... Kəndin kitabxanasında Anar müəllimin imzası olan bütün kitabları qaldığımız evə daşıdım və tapşırıq, əmr yerinə yetirirmiş kimi, hamısını oxudum. Çoxunu qaytarmadım.
Anar müəllim Azərbaycan ədəbiyyatında yazıçı ucalığının, yazıçı sanbalının, yazıçı hörmətinin ölçü vahididir. Etiraf eləsələr də, eləməsələr də, ölkəmizdə yazıçılar Anar ucalığına (yaxşı və pis halda) qibtə eləyir, ona tay, bərabər olmaq üçün təkcə bədii yox, həm də aydınlıqda və qaranlıqda strateji mübarizə aparırlar (müşahidələrimin nəticəsi budur). Etiraf eləməsələr də, bu ucalığın kölgəsini üstündə görənlər var: kimini üşüdür, kimini istidən qoruyur. Kölgə ucalığın rəsmidir.
Bir dəfə Anar müəllimin otağında toplaşmışdıq. Heydər Əliyevin ildönümü idi. Yenə ən maraqlı çıxışı Anar müəllim edirdi, xatirə danışırdı. Yadımda qalanı ordan-burdan deyəcəm: deməli, Anar müəllim dedi ki, Heydər Əliyev onu çağırıb deyib ki, parlamentdə ilk çıxışı sən elə.
Gör Heydər Əliyev bu kişinin dəyərini vaxtında necə bilirmiş!
İstənilən ədəbi tədbirdə Anar müəllim iştirak edib söz deyəcəksə, deməli, günün ən yaxşı çıxışı edilmişdir, dağılışa bilərsiz (yəni heç nə itirməzsən), geridə qalanları dinləmək vaxta, istəyə bağlıdı.
Anar müəllimin əsərlərinin arasında ən, ən sevdiyim "Dantenin yubileyi"di (Kitabxanaya qaytarmadıqlarımdan biri). Bu əsəri oxuyanda hələ yazıçılığın "yaz"ına girməmişdim. Hələ dimdiyi sarı ətcəbalaydım, kənd kitabxanalarında söz dənləyirdim. Arada hecaladığım misralardan bəndlər düzəldirdim. Əsərə valeh olmuşdum. Elə bilirdim, Kəbirlinski göstərilən ünvanda yaşayır, əgər Bakıya əmimgilə getsəm, əmim oğlu məni bu aktyorla görüşdürə bilər. Lap elə gedib teatr binasının qarşısında duraram, çıxanda yaxınlaşaram. Kəbirlinskinin halına o qədər yanmışdım ki, içimdə uzun müddət onun ağrısını daşımışdım. Lap, lap sonralar artıq Bakıda yaşayırdım, əsəri bir də oxudum. Bu dəfə yaşım artmışdı, yeniyetməlik saflığından çıxmışdım, təcrübəm bir neçə mərtəbə qalxmışdı, əsəri bu dəfə fərqli tərəfdən görürdüm. Kəbirlinski sindromuna yoluxmuşdum, ailə təcrübəm olmasa da, hadisələrə doğmalıq prizmasından yanaşmışdım və sənətkara yazığım gəlmişdi.
Bu günə qədər Kəbirlinski obrazı
ağlımdan, yaddaşımdan çıxmır. Sonralar yollar məni
aktyorların arasına gətirdi. İncəsənət
Universitetində, teatrın çayxanasında, çəkiliş
meydanında, iş yerində nə qədər Kəbirlinskilər
gördüm.
Kişi
aktyorlarımızın içində ən sevdiyim Səyavuş
Aslandı, bir dəfə televiziya kanalının birində
belə bir söz dedi: "Populyarlıq - evdə bədbəxt
olanların çöldə xoşbəxt
görüntüsüdür". Bu söz məni
"Dantenin yubileyi"ni təkrar oxumağa məcbur eləmişdi.
Bu, əlbəttə, əsərin gücüdür. Mənə
elə gəlmişdi ki, Anar müəllimin qəhrəmanı,
axtardığım aktyor elə Səyavuş Aslandı.
Sonralar həyat mənə göstərdi ki, Rənası olan
kişilərin hamısında az-çox Kəbirlinskidən
nəsə var.
Kəbirlinskini
istedadsız və bacarıqsız hesab eləmirəm. O,
görünməyə, sevilməyə, ailəsinin yanında
ucalmağa, təqdir olunmağa çalışır. Bunu
kim istəmir?! Elə bunun üçün
çalışmırıqmı? İstəyirik evdə
ayaqqabımızı, çöldə özümüzü
tapsınlar.
Ətrafımızda
bizi ələ salmağa, alçaltmağa, qürurumuzla
oynamağa çalışan adamcığazlar yoxdurmu? Məncə,
bu əsər bir bədii sənətkarın, insanın, ailə
başçısının formuludu, düsturudu, konspektidi. Qəribəsi
burasındadır ki, Kəbirlinskini tam anlamaq üçün
onun yaşında olmalısan. Bu vaxt əvvəlki Kəbirlinski
yaddaşında dəyişir, bu dəfə başqa rakursdan,
başqa konseptdən yanaşırsan.
Bu səviyyədə
obraz yaradan bir yazıçı olmaq, məncə, ədəbiyyat
aləmində əli sözlü adamların arzusudur.
Sözsüz ki, ədəbiyyatımızda dəyərli əsərlər,
maraqlı və yaddaqalan, yaşayan obrazlar sayılacaq qədər
var. Ədəbiyyatımızı kasıb və yoxsul hesab eləmirəm.
Amma Kəbirlinski daha doğmadı, əcdaddı, babadı,
qandan, candandı. Poçt qutusunun altında gözləyən
etibarlı, sədaqətli Novruzəli babamız kimi.
Bu
obrazı yaradan yazıçının düşüncəsini,
həyata baxışını, fikirlərini
düşünmüşəm. O, necə, hansı halda,
hansı təsirdə bunu yazıb? Bir bu obrazı diriltmək
üçün neçə abzası silib? Necə söz
tapıb? Kimləri müşahidə eləyib? Kəbirlinskidə
müəllifdən nə qədər var? (Axı biz
xoşlayırıq əsərin qəhrəmanında
yazıçını axtarmağı.)
Bütün
bu sadə suallar deyir: fikrini Anar müəllimə yönəlt.
Sirr bu kişinin iri və zəhmli eynəklərinin
arxasında gizlənib. Sən bu eynəklərin
qarşısında illər sonra Kəbirlinski kimi əyləşmisən.
Yazıçı elə səni yazıb, sənsən Kəbirlinski!
Sənə elə gəlir, illər sonra gəlib
qarşısında əyləşmisən. Əslində, elə
həmişə onun qarşısında oturmusan. Bu,
zamanın oyunudur.
Həmişə
arzulamısan bir sətrinə baxsın, nəsə eşitmək
istəmisən ondan, buyur, bir səhifə yazını
gör necə diqqətlə oxuyur və indi eynəyini
gözlərinə qaytarıb deyəcək...
Anar
müəllim uzağa eynəklə, yaxına eynəksiz
baxır. Amma onun uzaqgörənliyinə heç kimin
şübhəsi ola bilməz. Bəlkə də,
ömrün 87-ci mərtəbəsindən uzaqlar daha aydın
görünür?!
Anar
müəllimin ədəbi işlərini, ictimai xidmətlərini
ədəbiyyatda bilməyən adam çətin tapılar.
Odur ki, Anar müəllimin hamıya məlum tərəflərini
təkrarlamaq istəmirəm. Mənə elə gəlir ki,
bircə Anar müəllimi təqdim eləməklə xaricdə
millətimiz haqqında dürüst və dolğun fikir
yaratmaq olar. Anar müəllim bu millətin kimliyi, pasportu
sayılan şəxsiyyətlərdən biridir.
Bəlkə
başqaları bilməz, amma yaxın olanlar bilir ki, Anar müəllimin
xarakterində qırmızı, sarı rənglərlə də
böyük hərflə, yasəmən ətriylə
yazılmış bir söz var: HUMANİST. Humanistlik Anar
müəllimin həyat tərzidir, yaşamaq üslubudur,
yanaşmaq düsturudur, - deyə bilərəm. Bildiyimə
görə, oxşar ictimai təşkilatlardan yalnız AYB
üzvlərinə, işçilərinə Anar müəllimin
sayəsində ev, mənzil verilir. Bu da Anar müəllimin
nüfuzu, xətri-hörməti və ən əsası,
humanistliyi sayəsindədir. Heç bir yazıçı,
şair və jurnalist cəmiyyətə həkim, mühəndis,
müəllim qədər gərəkli deyil. Amma Anar müəllimin
xahişiylə bir çoxları mənzil ala bilib, iş yeri
qazanıb, maaş alır, hansısa çətin işini
asan həll edir... Təbii ki, Anar müəllim ümid yeri
olsa da, hər umanın, əliqələmlinin biləyindən
yapışmağa mənəvi, fiziki gücü çatmaz.
Odur ki, elin ağzı bardan deyil ki, ipini dartıb
yığasan, ya da yel qayadan nə qoparar?
Anar
müəllimdən xeyli sitat gətirə bilərəm, ən
xoşuma gələnlərdən biri budur: "Mən ikinciyəm,
birinci olanlar çoxdur". Bu söz ən qısa romandı.
Bu sözün üstündə cərrahi əməliyyat,
arxeoloji qazıntı, elmi araşdırma, ekspertiza işləri
aparsan, görərsən ki, yenə ortaya çıxan suallar
var. Bu söz də onun humanistliyindən cücərib, boy
atıb. Bu söz bələdçidir, düş dalınca,
ömrün axırına arxayın get.
Müasir
dövrdə yazıçılığı ədəbiyyatın
barmağında üzük hesab eləsəm, mənim
üçün onun qaşı Anardı. Dəfələrlə
görmüşəm ki, bu qaşın parıltısı,
şəfəqləri, şöləsi hansısa
yarasanın gözünü qamaşdırır, (axı niyə
də?) daşa, palçığa basıb o qaşın
şəfəqlərini gizlətmək, ləkələmək
istəyib. Anar müəllimdən tərs şillə kimi
aldığı cavabı talisman eləyib boğazından
asıb. Dua kimi saxlayıb, oxuyur. Öyünür ki, ona Anar
cavab verdi.
Anar
müəllim həm də bir oğul kimi nümunədir. Rəsul
Rzanın müqəddəs xatirəsi qarşısında bəzən
ətirli çələng, bəzən oxkeçirməz
qalxan olur, bəzən yol...
"Azərbaycan"
jurnalında dərc olunan "Səməd Vurğun xatirələr
işığında" (№7-8. 2024) yazısında Anar
müəllim göstərir ki, təkcə atasının
yox, xain və istedadsız bir dəstədən
"Qızılı udsa da qara torpaqlar, yenə öz dəyərin
özündə saxlar" deyən Səməd Vurğunu da
qoruyur, keşik çəkir. Anar həm də ona görə
belə ucadır ki, keçmişinin, xatirələrinin,
yaşadıqlarının qədrini bilir. Onun
sakrallığını yeldən, küləkdən şam
odu kimi ovuclarında qoruyur. Müqəddəs odu qoruyan sonuncu
atəşbandı.
Sözümü
daha səlis, daha aydın və çəkinmədən deyə
biləcəyimə şübhəm olduğu
üçün Anar müəllimə "məktub"
yazmışdım. O da iri gözlü və zəhmli eynəyini
alnına, ağ saçlarının kölgəsinə
qaldırmışdı. O, başını aşağı
salıb sətirləri oxuyurdu, mən onun cizgilərini. Eynəyi
mənə baxırdı. Bu eynək o qədər saxta və
nadürüst adam görmüşdü ki, indi
qarşısındakı adamın kənd kitabxanasından gətirdiyi
səmimiyyəti analiz edirdi, bəlkə də,
inanmırdı. Eynək Anar müəllimin keşikçisi
kimi görünürdü və məni nəzarətdə
saxlamışdı. Səsini eşidirdim eynəyin:
"Gözüm üstündədi ha!"
Anar
müəllimin yadımda qalan bir xatirəsi də Türkiyənin
Kastamonu şəhərində olmuşdu. Biz arxada
dayanmışdıq. Öndə Anar müəllimlə şəkil
çəkdirmək, hədiyyə vermək, salam almaq
üçün düzülmüş bir neçə
türk ölkəsinin nümayəndələri növbə
yaratmışdılar. Həmən vaxt Anar müəllimin
doğum günü ərəfəsinə təsadüf eləmişdi.
Bu
münasibəti görəndə nəinki
yazıçı, bir sıravi azərbaycanlı da fərəhindən,
qürurundan qəhərlənər, duyğulanar, gözü
yaşarar.
Mən
baxıb, bir az fəxrlə, bir az qibtəylə deyirdim:
- Bax, əsil
yazıçı belə olar ey!
Vüsal
NURU
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, №34.- S.12-13.