Ülviyyətin tərənnümü
Görkəmli alim, professor Sabir Cümşüdün
həm də gözəl şair -
"Kamillik zirvəsi
(1980), "Göyün çıraqları"
(1981), "Günəş damcıları" (1983), "Bahar
nəfəsi" (1989), "Talış dağları"
(1997) kimi kitabların
müəllifi olduğunu
mənə Vaqif Nəsib demişdi. Ədəbi zövqünə
heç vaxt şübhə eləmədiyim
böyük ədəbiyyat
adamının Sabir Cümşüdlə
uzun illər dostluğu, əməkdaşlığı
məndə də onun yaradıcılığına
maraq yaratdı. Və ilk tanışlıqdan
gördüm ki, texnika
elmləri namizədi,
iqtisad elmləri doktoru olaraq 60-cı, 70-ci illərdən göstərdiyi
elmi- pedaqoji fəaliyyətini get-gedə
genişləndirməklə yanaşı, fitrətindən
gələn şairlik
istedadını da heç
zaman sönməyə qoymamışdır.
1986-cı
ildə "Azərbaycan
gəncləri" qəzetində
"Yaylaq" şeirinin
dərcindən on il sonra
- artıq qeyd etdiyimiz kimi, həmin illərdə onun bir neçə
şeir kitabları çıxıb müəllifinə
kifayət qədər
şöhrət qazandırmışdı
- ədəbi-ictimai proseslərə
son dərəcə həssas
münasibətilə seçilən
Xəlil Rzanın təşəbbüsü, hətta
demək olar, təkidi nəticəsində
Yazıçılar İttifaqına
qəbul edilmişdir.
"İstiqlal şairi"
onu ədəbi ictimaiyyətə özünəməxsus
bir ürək genişliyi ilə təqdim eləmişdi:
"Sabir Cümşüdün bədii yaradıcılığı
onun özü kimi tam səmimidir. O, bir şəxsiyyət kimi qüdrətli Azərbaycan oğludur. Şeirlərində obrazlılıq
və özünəməxsusluq
bizi sevindirir..."
Şairin
Yazıçılar İttifaqına
üzvlüyünə ikinci
zəmanəti "Azərbaycanın
ədəbiyyat filosofu"
Yaşar Qarayev vermişdi. O göstərirdi
ki, "Sabir Cümşüdün yaradıcılığındakı üslub özünəməxsusluğu,
həyəcan və emosiya zənginliyi, ideyalılığı və
daxili aləmin mənəvi zənginliyi ürək alovu ilə, bədii pafosla şeiriyyəti oxucuda estetik zövqün tərbiyə
olunmasına təsiri
inkaredilməzdir".
Üçüncü zəmanəti Xalqın şairi Hüseyn Arif vermişdi.
Və hər üç zəmanət, bir tərəfdən, Sabir Cümşüdün
ilk gənclik illərindən,
60- cı, 70-ci illərdə
isə artıq bir həvəskarın
"yaradıcılıq laboratoriya"sından
çıxaraq ictimai
maraq doğuran hisslərin, düşüncələrin
dəyərləndirilməsi idisə, digər tərəfdən, elə
bir tarixi məsuliyyət idi ki, şair ona heç
zaman biganə qalmamış,
Yaşar Qarayevə həsr elədiyi "Zəka məşəlinə"
şeirində etiraf etmişdi ki, yaradıcılıq
ağrılarına dözməyərək
"qələmi yerə
qoyub əl qaldırmaq istəyəndə"
bu zəmanət ona dözüm, güc, enerji verir:
Bir əlyazma - yadigar
Əmanətdən utandım.
Bir insana başarı
Yaşar
əmanətidi.
Bir qələmə yaşarı
Yaşar
zəmanətidi.
Sabir Cümşüdün bu günlərdə işıq
üzü görmüş
"Məhəbbət ülviyyəti"
kitabına, əslində,
şairin çoxdan gözlənilən "Seçilmiş
əsərləri", yaxud
"Külliyyat"ı kimi
də baxmaq olar. Hər şeydən əvvəl ona görə ki, burada müəllifin əlli ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq axtarışları
həm ideya-məzmunu,
həm də poetika-forması (və bütün təkamül
təfsilatı) ilə
öz əksini tapmışdır. İkincisi,
"Məhəbbət ülviyyəti"ndə
ədəbiyyatımızın elə səciyyəvi mövzularına müraciət
olunur ki, onlarda Sabir Cümşüd məhz özünə məxsusdur.
Və fikrimcə, bu cür mövzulardan
biri, bəlkə də, birincisi doğulub boya-başa çatdığı ailə,
mühit, diyar - təbiətindən cəmiyyətinə
qədər dərindən
duyub tərənnüm
etdiyi "müqəddəs
dünya", onun baş qəhrəmanı
isə "doğma kənd"dir:
Qucağında bəsləmisən məni
sən,
Ürəyimi ancaq sənə
açmışam.
Ağ günlərə səsləmisən
məni sən,
Ağ günlərin arxasınca
qaçmışam.
...Harda olsam, köməyimə
çatmısan
Qorxuzanda
duman məni, çən məni,
Çətin gündə əllərimdən
tutmusan,
Çətinlikdən çıxartmısan
sən məni.
...Bu yollardan qov dumanı,
çəni sən,
Mən gəlmişəm bu gün səni görməyə.
Eşitdim ki, çağırmısan məni sən,
Gəldim,
görüm, nə sözün var deməyə.
Sabir Cümşüd havası,
suyu, torpağı, gülü-çiçəyi ilə ona doğma
olan Talış dağlarını sonsuz məhəbbətlə tərənnüm
edirsə, bu onun öz yurduna,
elinə-obasına bağlılığının
hər cəhətdən
təbii (və bəşəri!) göstəricisidir.
Öz kiçik vətənini tanımayan
insanda "böyük
vətən"in təsəvvürü
də lazımı dərinlikdə ola bilməz.
Torpağın bağçalı, çölün
bəhərli,
Gündüzün günəşli, gecən
səhərli,
Küləyin sehrli, atın yəhərli,
Buluddan çətrin var, Talış
dağları.
Günəş camalını şəfəqlə
bəzər,
Zərif
çiçəkləri küləklər
üzər,
Gözəllər ətirli güllərə
bənzər,
Nə gözəl ətrin var, Talış dağları!
Zirvənə qalxanda bulud töyşüdü,
Şehində çiçəklər, güllər üşüdü,
Boran-qar
qorxutmaz Sabir Cümşüdü,
Yanında xətrin var, Talış
dağları.
Şair
"Talış dağları",
"Talış meşəsi",
"Talış qızları"
deyəndə, könlü
atlanır, Lənkəranın,
Astaranın, Lerikin gözəlliklərini sevə-sevə,
qürurla vəsf edir, Həzi Aslanovdan danışanda xəyalına sıra dağlardan biri gəlir... Bununla belə, tamamilə təbii olaraq Sabir Cümşüdün Vətən
anlayışı dünyaya
göz açdığı
diyardan çox-çox
genişdir: burada Bakı, Təbriz, Dərbənd, Gəncə
var; Kür, Araz var; Xəzər dənizi, Göyçə gölü,
Göygöl var...
Ona görə də şairin ən çox diqqətçəkən
mövzularından biri
Ali Baş Komandanın
öndərliyilə ərazi
bütövlüyü uğrunda
illərlə mübarizə
apardığımız (və
Zəfər qazandığımız)
Azərbaycandır ki, onu
Xocalı-Xocalı, Şuşa-Şuşa
tərənnüm edən
şairin hər misrasında hissiyyatlı bir ürəyin ritm-ritm döyündüyünü
duymamaq mümkün deyil:
Çapdı ağ atlı oğlanlar,
Etdi Zəfər yürüşünü.
Kəsdi
Bozqurd diyarından
Erməninin hürüşünü.
Doğma
torpaq yadsız oldu,
Düşmənin bilindi pak-zatı.
Adsız
oldu,
atsız
oldu, -
yeksan oldu yeddi qatı.
Ərlərim Daşaltını
İldırımtək aşdılar...
İgidlik meydanında
Ər kimi savaşdılar.
Daşaltı zirvəsində
düşmən
daş altı oldu...
Cıdır düzündə erməni
"böyüklər"inin oynadığı "yallı"ya
Azərbaycan şairinin
verdiyi "şərh"
isə bundan ibarətdir:
Qart düşmənimizin
pozuldu birlik rəqsi.
İgidlərimiz keçdi
onlara Yallı dərsi...
Sabir Cümşüd tarixin dərinliyinə vardığı
qədər də cəmiyyətin genişliyini
- insan mənzərəsini
müşahidə etmək
ustasıdır.
Heç
bir şübhə yoxdur ki, etnos dünyanı həmişə
miflə gerçəklik
arasında dərk edir, əhval-ruhiyyəsindən
asılı olaraq gerçəkliyə, gah da mifə
arxalanır. Sabir Cümşüd
yaradıcılığı da bu baxımdan istisna təşkil etmir. Və şairin şeirlərində
möhtəşəm, son dərəcə
parlaq bir Günəş obrazı
var, həmin obraz öz mənbəyini məhz atəşpərəstlikdən,
"Avesta" ideyalarından
alır:
Ömrü boyu Günəş
atam
Yer anama verir işıq.
Biz gördüyün bu atadan,
Bu anadan yaranmışıq.
Şairin
hər şeirinə,
hər misrasına, ümumən dil-üslubuna
bu Günəş işığı damla-damla
yox, bol-bol daxil olur.
Bütün istedadlı qələm
adamları kimi, Sabir Cümşüdün əsərlərində
də elə ifadə-obrazlar var ki, onlarsız
nə şeirə şeir, nə də şairə şair demək olar... Məsələn,
"Ömrün ilhamlı
ovqatından" şeirində
Sabir Cümşüd yazır:
"Leylilər saçını
yolan zamanlar, Aşıqlar bulud tək dolan zamanlar, Sazıyla qolboyun olan zamanlar
Özləri bir Kərəm, Əsli söz olur". Yəni aşıq - söz ustası bütün hallarda özündən danışır,
özünü yaradır,
Əsli də o baxımdan Kərəmin özüdür ki, onu Kərəmin məhəbbəti
yaratmışdır... Dağlara
qalxan cığırlar
barədə şair deyir ki, "izləri çiçək kimi Köksünə taxar onlar"... Boz çöllərə
gəldikdə isə,
onların taleyinə ayrı cür yanır: "Yazı yaz tək gəlməyəndə,
güllər ilə gülməyəndə, Çiçək
doğa bilməyəndə
qısır düzlərim
ağlayır".
Məlum
olduğu kimi, keçən əsrin
80-ci illərinin sonu,
90-cı illərinin əvvəlləri
Azərbaycana, bir tərəfdən, çoxdan
arzuladığımız azadlığı,
demokratiyanı, dövlət
müstəqilliyini gətirdi,
digər tərəfdən
isə, hərcmərcliyə,
mənəvi-etik deqradasiyalara,
özbaşınalığa hədsiz-hüdudsuz meydan açdı ki, bu cür naqis hallardan biri də "işbazlar"ın
hər işdə qabağa düşüb cəmiyyətə yeni iqtisadi,
sosial, əxlaqi "normalar" diktə etməyə göstərdikləri
cəhdlər idi. Şair belə bir "işbaz"ın
obrazını yaradır:
Təmtəraqlı belə ömür kimə gərəkdir?
Min-min adam dayanıbdır tabeliyində,
Hamı
ona səcdə qılır, bu nə deməkdir?
Bəlkə, elə şahlıq
edir o öz evində.
Görən kimdir, o nəçidir,
rütbəsi nədir?
Heç
bilmirəm lal dayanım, baxım hara mən?
Bununla kifayətlənməyən, nahaqqa
güzəştə getməyən
şair-mütəfəkkir haqq idealını da lirik bir ironiya
ilə ifadə etməkdən özünü
saxlaya bilmir:
Ev yiyəsi, icazə ver, evimə gedim,
Sığışmıram bərbəzəkli
saraylara mən.
Sabir Cümşüdün özünəməxsus
iki ifadə-obrazından
biri Astara çayına, ikincisi isə, Viləş çayına aiddir. Birincisində deyir:
Dəryada inci dəndi,
Suları
incidəndi.
Elləri
incidəndi
Bu ayrılıq küçəsi.
Gözlənilməz obrazdır, ancaq ikincisi bundan da gözlənilməzdir:
Bu Viləş coşanda
Dağları ovalar,
Götürüb əlinə
O dəmir ağacı
Daşlara sürtərək
Qovalar.
Bu yerə gələndə
Kimsə
görsə günəşi
O görər Viləşi.
Sabir Cümşüdün şeirlərinə
yazılmış mahnılar
var, uşaqlar üçün
yazdığı gözəl
şeirlər var... Bir də
fəlsəfi esseləri
var ki, onların barəsində
ən böyük fəlsəfi esseistimiz
Asif Əfəndiyev (Asif Ata) bir vaxtlar yazmışdı
ki, onun esselərində
məhəbbətin böyüklüyü,
aliliyi, ülviliyi haqqında romantika dili ilə əsl
inamla, ürək alovu ilə, bədii pafosla danışılır, onun
romantikası, şeiriyyəti
aşkara çıxarılır,
oxuculara sevgi hissinin müqəddəsliyinə,
paklığına hörmət
və heyrət hissi aşılanır. Həqiqi temperament, coşqunluq,
fikir-emosiya, obrazlılıq
yazının ruhuna hakimdir. Onun tərbiyəvi, estetik mahiyyətinə və əhəmiyyətinə əminəm..."
"Məhəbbət vəcdi",
"Əsillər və
naqislər", "Sənət
və məhəbbət"
esselərində Sabir Cümşüd
poeziya ilə fəlsəfəni eyni bir idrak məcrasında
birləşdirməyin uğurlu
örnəklərini verir.
Və yalnız kitabının adını
daşıyaraq qalmayan,
bütövlükdə, yaradıcılığının
mahiyyətinə işıq
salan "məhəbbət
ülviyyəti" anlayışını
bədii-intellektual konsept
səviyyəsinə yüksəldir.
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, №34.- S.15.