Zamana sığmamaq
örnəyi
İnam Ata (Asif Ata) - 90
Ürəyinizdə Günəş olsun!
Asif Ata haqqında yazmaq mənim üçün həmişə məsuliyyətli olub. Onun zəngin
yaradıcılığının hələ tam
anlaşılmamasının, öyrənilməməsinin nədənlərini
araşdırdıqca bu qənaətə gəlmək olar:
dünyaya, həyata, insana Mütləqə İnam
Dünyabaxışı ölçüsündə
yanaşan İrsi oxuyanlara çətin görünür;
baxmayaraq ki, Atanın üslubu sadədir, demək olar, terminlərdən
istifadə etməyib. Sadəlikdə qəlizlik mahiyyətcə
bu anlama gələ bilər, ancaq əsas məsələ onun
İnsan qarşısında qoyduğu güzəştsiz mənəvi
tələbdir: İnsan şəraitdən, mühitdən,
zamandan üstündür, o, hər bir şəraitdə
özü olaraq qala bilər. İnsanın Mütləqləşmək
- var olmaq, yəni kamilləşmək imkanı var. Cəmiyyət,
şərait, mühit İnsanı özüylə bir
olmağa qoymur, tarixdəki bütün gözəl əməllər
yalnız özündən keçənlərin hünəri
ilə baş tutub.
Atanın
yaradıcılığında fikri aydın, sadə
olduğu dərəcədə bənzərsiz demək
ustalığı aqibətinin aydınlığından gəlir,
mütləqilik üstə gerçəkləşən
halından doğur.
Asif
Atanın yaradıcılığa ədəbiyyat tənqidçiliyi
ilə başlaması təsadüfi deyildi. Uşaqlıqdan
fitrətən təbiətə bağlılığı
vardı, bu dönəmdə kənd mühitinin içində
olması onun yaddaşında əbədi, yaradıcı izini
qoymuşdu.
Təbiətdəki
sirri-sehri anlamaq onun mahiyyətcə insanı, dünyanı
anlaması demək idi. Bu duyğunu, düşüncəni ipə-sapa
düzmək, yetkin ifadə etmək, şübhəsiz, birdən-birə
olmur. Bu məqama yetmək əslində insanın
özünü öyrənməsi ilə təndir.
Atanın
1984-cü ildə - 49 yaşında yazdığı
"Ömrüm-Günüm" əsərinin dili xatirat
janrına uyğun, duyğusal olduğu dərəcədə
mahiyyət ölçüsündə qısalıq, habelə
bənzərsizlik ifadə edir. Atanın xatirəsini təbiətlə
başlaması təbiidir: onun dünyabaxışında təbiət-insan
birliyi ardıcıl mənalandırılır. Habelə əsərdə
insan-ailə ilişkiləri, sovet dövrü
ideologiyasının insanların psixologiyasında
yaratdığı ölümcül gərginliklər, hər
sahədəki aşıntılar çatdırılır.
Ata
yazır: "Dağların başından boylanır,
çayların sularında oynayır, düzlərə səpələnir,
sifətlərə qonur Günəş. Günəş rəngində
görünür Dünya! Günəş rənginə
boyanır Günlərim! Ürəyimdə günəş
mahnısı doğur. Günəş ahəngli günlərim
yaranır!"
Bu,
Günəşin ruhsal mahiyyətini - şəfqətini fitrən,
həm də özünəməxsus idrakilik yönü əsasında
ifadə etməkdir.
"Çaylar
daşır, ağaclar pöhrələnir, çiçəklər
açır, düzlər yaşıla bürünür,
meşələr yarpaqlanır, səma ulduzlanır,
aylanır. Ömrə bahar gəlir. Günlər bahar fərəhinə
qərq olur".
Bu,
çayların axarında, ağacların göylərə
dartınmasında, meşə pünhanlığında,
göy ucalığında, baharda - təbiətin yenidən
doğulmasında insanı görməkdir, insan-təbiət
birliyinin mütləq ifadəsidir.
Bu məqamları
ilk dəfə oxuyanda halımın Ata halına
doğmalığını duydum, gördüm, aqibət
yaradıcılığının nə olduğunu dərindən
anladım.
"Görəsən,
qayaların boynuna dolanan, kəndi kəndə, şəhəri
şəhərə calayan yolların sonu varmı? Yoxsa, o məni
hara çağırır? Sonsuzluğa! Qəlbimdə
Sonsuzluq ehtirası aşıb-daşır, yollara
qarışır!"
Atanın
Fəlsəfəsinin pıçıltısayaq ilk
işartıları təbiətdə yaranır,
özülünü burdan alır, sonradan, Moskvada təhsil
aldığı illərdə həmin ülvi duyğu seli
onu bir an da tərk etmir.
İnsanın
sirli-sehrli dünyasını anlaması, bilməsi
üçün təbiətdə var olması gərəkdir.
Ata bu ilahi məqama yetmişdi, uşaqlığının
verdiyi, yetdiyi hikmətləri ifadə etmək
üçün illərlə yol getməsi gərək
olmuşdu. Orta məktəbin yuxarı siniflərini Gəncədə
oxuması, ardınca Moskvadakı Ədəbiyyat
İnstitutunda təhsil alması; bütün müşahidələrinin
mayasında, özünün dediyi kimi, doğulduğu
Çaykəndin məftunedici təbiəti vardı. Təbiət
ona içdən özgür olmaq duyğusu vermiş, fitri
halını oyatmışdı.
İnsanı
görmək üçün özünü dərindən
tanımalısan. "İnsan - içində Mütləqilik
gəzdirən, şəraitdən, mühitdən, zamandan
üstün olan, Mütləqləşməyə qadir olan
ruhsal varlıqdır". Bu, Atanın Mütləq
haqqında qənaətidir.
Onu
ömrü boyu ruhsal döyüşlərə kökləyən
- kənddə fitrən yetdiyi, ancaq sonralar ifadə etdiyi bu
ideya idi: "Çay danışır, eşidirsənmi?
Sahillərə hekayət nəql edir. Gecənin qoynunda səslənən
etirafı anlayırsanmı? Həyəcanlı nəşə
vücudunu sarsıdırmı? Ürəyin oyaqdımı?
Səmada
nə var ki, məni belə cəlb edir, cəzb edir? Səmada
Yüksəklik var. Qəlb Yüksəkliyə
müştaqdır! Gecədə nə var ki, məni belə
cəlb edir, cəzb edir?
Gecədə
Sirr var. Qəlb Sirrə müştaqdır! Ulduzda nə var
ki, məni belə cəlb edir, cəzb edir? Ulduzda Məchulluq
var. Qəlb Məchulluğa müştaqdır. Ayda nə var
ki, məni belə cəlb edir, cəzb edir? Ayda Şəfqətli
Bakirəlik var. Qəlb Bakirəliyə müştaqdır.
Dağlı
günlərim: Gözlərimin qabağında dayanan, məndən
uca, mənə doğma! Sakit, məğrur, qorxmaz!
Şimşək nərildəyir - gözünü
qırpmır. Tufan qopur - gözünü qırpmır.
Başına qar qonur - dinmir. Ayağının altında dərələr
fəryad qoparır - dinmir, nəsillər gəlib-gedir -
dinmir. Mənəviyyatıma hakimdir. Sükutuyla,
Vüqarıyla, Qorxmazlığıyla!"
Bu
ideyanın ifadəsi üçün illər gərək
oldu. Moskvada dünya ədəbiyyatını, mədəniyyətini,
tarixini və s. öyrəndi. Kitabxana evi olmuşdu. Onunla
oxumağa gedənlərdən tamam fərqliydi. Daim öz
dünyasında, halındaydı. Deyirdi, dünya tarixi ilə
bağlı kitablarda Azərbaycanın adına rast gəlmədim.
Ata mahiyyətcə
Moskvada tələbəlik dövrü keçmədi,
kitabxanada özünüyaratma dövrü keçdi.
O zaman gənc
Asifin içində yaranan təlatümün
qarşısıalınmazlığının nədənini
təsəvvür etmək olar: elə bir yön yaratmaq ki, bənzərsiz
olsun. Elə yazmaq ki, poza bilməsinlər...
Zəngin
ruha, özünəməxsus mədəniyyətə, tarixə
malik olan Azərbaycanın bilinməsi, görünməsi
üçün insanlarının içdən köklənməsi
gərək idi. Sovet imperiyasının içində
dissidentlikdən artıq olan Ocaq əməlini yaratmaq birdən-birə
mümkün olmadı. Möhtəşəm, bənzərsiz
yaradıcılıq üçün ədəbiyyat Ataya
gözəl imkan verirdi. Ata bu haqda yazırdı: "İndiyə
qədər olan tənqiddə zirvə Belinski tənqididir,
eyni zamanda Brandes tənqidi də yüksək qiymətləndirilir.
Başqa tənqidçilər də var, ancaq bu iki qütb -
Belinski və Georq Brandes əsas sayılır. Bədiyyat da,
ayrı-ayrı fəlsəfi fikirlər, düşüncələr
də var, inkar etmək olmaz, ancaq mənə bunlar az gəldi:
oradakı bədiilik də, fəlsəfilik də az gəldi.
Onlar nə qədər istəsələr də, istəməsələr
də, hər halda ədəbiyyatın özündən
asılı oldular, hədsiz dərəcədə
asılı oldular və fəlsəfə də, bədiiyyat
da burada tam aşkara çıxmadı. Mən isə Şərq
adamı və fəlsəfəyə bağlı olduğum
üçün, eyni zamanda bədii ədəbiyyata çox
meyil elədiyim üçün elə ilk tənqidçiliyimdən
tənqidin yönünü tamamilə dəyişdim. Mənim
əsas məqsədim - ədəbiyyatı yaxşı mənada
vasitəyə çevirmək, ədəbiyyat vasitəsilə
dünyanın, həyatın böyük fəlsəfi
problemini həll etməkdir. Bunun ədəbiyyata qəti
ziyanı yoxdur".
Ədəbiyyatın
insani missiyası yalnız gerçəkliyi əks etdirmək
olsaydı, zamanında yaradılan örnəklər elə
oradaca ilişib qalardı, əbədiyyət üfüqlərinə
yetə bilməzdi. O deməkdir ki, ədəbiyyatın
işi əks etdirmək deyil, İnsaniliyi təsdiq etməkdir.
Ata yazır: "Ədəbiyyat hadisələri Mənaya
yüksəldir, Mahiyyətə qaldırır. Bu səbəbdən
də yaxşı ədəbiyyat mütləq şəraiti
ötür, mühiti ötür, yaxşı ədəbiyyat,
hətta realist ədəbiyyat belə, zamandan üstün
olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər
ki, ədəbiyyatı zaman yetişdirir, şərait
yetişdirir, mühit yetişdirir; bunu elə daim təkrar
edirlər və unudurlar ki, şərait, mühit, zaman - siyasət
yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən
hadisələr yetirir, ancaq ədəbiyyatı zaman
yetirmir".
Ata əmin
idi ki, ədəbiyyatın verdiyi imkandan bəhrələnib bənzərsiz
yön yaratmaq olar: "Yəni əgər filosoflar fikirlərini
təsdiq etmək üçün həyata müraciət
edirlərsə, burada sən həyatdan artıq olana - ədəbiyyata
müraciət edirsən: burada filosofluq üçün təzə
üfüqlər açılır".
"Sənət
və şəxsiyyət", "Sənət və kəşf",
"Fəlsəfə və poeziya", "Şeyx Nəsrullah
əsarəti", "Yerdəkilərin Göy Həsrəti",
"Həqiqət və Yarımhəqiqət", "İnam
və Şübhə", "Tilsim"... Onun özünəməxsus
fəlsəfi-tənqidi əsərləri üslub, təb-ilham,
vəcd, vəhy, fəlsəfi ümumiləşdirmələr
gözəlliyini ifadə edir.
Atanın
fəlsəfi-bədii tənqidində
üstünlüyün fəlsəfəyə verilməsi təsadüfi
deyil. Fəlsəfilik imkanı düşünə bilən hər
bir yaradıcı insanın içində var, Atanın Fəlsəfəsi
bu imkanı mahiyyət ölçüsündə göstərir,
ümumən insan yaradıcılığının hər
bir sahəsində ideyanın gerçəkləşdirilməsi
zəruriliyini bildirir. Ata: "Əgər Belinskidə ədəbiyyat
üstünlük təşkil edirdisə, burada fəlsəfənin
özü əsas olur və bu, ədəbiyyatın
xüsusiliyini inkar etmir, onu heç cür də
alçaltmır, əksinə, onu daha da böyüdür.
Onda rüşeym halında olan balaca fikirlər
böyüyür. O dərəcədə ki,
yazıçı özü bilmədiyini burada görür.
Burada ədəbiyyat öz imkanlarından artıq olur. Bu, həmçinin
bədiiyyata da aiddir".
İnsanın
İnsanlığına yetməsi zəruridir. Bunun
üçün onun özünü dərindən öyrənməsi
gərəkdir. İnsan hər şeyi öyrənir, dərindən
araşdırır, ancaq özünü, demək olar, ən
yaxşı halda səthi araşdırır. Sonucda
özünə müəmmalı qalır, qeyri-müəyyənlikdən
qurtula bilmir.
Atanın
ölçüsündə elmlər dünyanın necəliyini
açır, ancaq fəlsəfə "Nə
üçün?" sualına cavab verir. Əslində bunu
bacarmayan fəlsəfə fəlsəfə deyil.
Yaradıcılığında mahiyyətcə tənqidçilik
yoxdur, təhlilçilik var.
Yaradıcılığının ilk illərində
"Filosof-tənqidçi" təqdimatı vardı, o
dövr üçün bu, qaçılmaz
görünürdü. "Fəlsəfə elmləri namizədi,
dosent" idi, ictimai mühitdə özünütəsdiq
üçün bunlar vasitə kimi gərək olmuşdu.
Ancaq onun
amacı şöhrətə çatmaq deyildi,
yaratdığı aqibətinə uyğun yaşamaq idi.
1991-ci ilin avqustunda bütün diplomlarından imtina etməsi
zamandan ötəliyinin təsdiqi oldu.
O vaxtdan
başlayan gərginliklər ömrünün sonuna kimi
Atanı tərk etmədi.
1959-cu ildə
"Tənqid və zəmanə" adlı yazısı
çap olundu. Bu yazıda 25 yaşlı Asif Əfəndiyev ədəbi
tənqidlə bağlı fikirlərini ictimaiyyətə təqdim
etdi, tənqidi tənqid, əslində təhlil etdi.
1975-77-ci
illərdə indiki BDU-da "Etik-estetik tərbiyə
klubu"nu yaratdı, burada minlərlə insan iştirak etdi.
Ata yazır: "Mühazirəmə gəlirdilər:
dalğa-dalğa, sel-sel! Görüşümə gəlirdilər:
dalğa-dalğa, sel-sel! Yataqxanaya gəlirdilər:
dalğa-dalğa, sel-sel! Kitabxanaya gəlirdilər:
dalğa-dalğa, sel-sel!"
1979-cu ildə
Ocağını yaratması onun ömrünün mütləq
təsdiqi sayıla bilər. Qapanmalar, təqiblər, təhlükələr
selində belə, halından dönmədi, əsərlərinin
çoxunu həmin illərdə yazdı: "Yeni fəlsəfə
lazım idi. Yeni idrak lazım idi. Yeni mənəviyyat lazım
idi. "İnsan" kitabını yazdım.
"İnam" kitabını yazdım. "Cövhər"
kitabını yazdım. "Meyar" kitabını
yazdım. Biri oxudu - yüzü eşitdi. Üzünü
köçürtdülər. Ölkəyə
yaydılar".
Fikirlərinin
yenidən açıq şəkildə yayılmağa
başladığı 1989-cu ildən ömrünün sonuna
- 1997-ci ilə kimi İnam Atanın (Asif Atanın)
yaradıcılığı yeni bir mərhələdə
davam edir: qəzetlərdə, jurnallarda ardıcıl
müsahibələr, habelə fəlsəfi-tənqidi
yazıları çap olunur, Ocağın fəaliyyəti
genişlənir. "Bilik" cəmiyyətində "Azərbaycanımız
- Azərbaycanlığımız" adlı Fikir Evi fəaliyyətə
başlayır, televiziya-radio çıxışları olur.
Bütün bunlar Atanın xalqyaratma əməlinin təsdiqi
idi.
Ulusun
(xalqın) insanlığın - bəşəriliyin təsdiqi
ölçüsündə varlığının təsdiqi,
ömrünün yönünün əsilliyə,
özümlüyə biryolluq köklənməsi
çabaları ağıllarda silinməz iz qoydu. Ata deyirdi,
bizim yolumuz uzundur, çətindir, asan sayılan yollara
inanmırıq, yalnız çətin yol doğru yoldur.
Bu gün
90 yaşında İnam Ata (Asif Ata) yenilməz halıyla - zəngin,
bənzərsiz yaradıcılığıyla ardıcıl
ömürləşməkdədir. Bəşərin yeni
idrak zirvəsini yaradan, varlığını,
özümlüyünü təsdiq edən, ontologiyası
olan Atanın fikirləri sabahımızda daha aydın, daha
yaşarı, gərəkli, qaçılmaz görünəcək,
bilinəcək.
Biz bu anda
varıq, yaşayırıq. Bizdən öncəkilərin
yaşantıları, dünyaya, həyata, təbiətə,
insana yanaşmaları hər zaman diqqətçəkici olub.
İnam Ata (Asif Ata) kimi özünəməxsus həyatı
olan insanların duyğuları sabahkılara gərək
olacaq: ardıcıllığıyla, ümidiylə, insana
sevgisiylə, İnamıyla...
İşıqlı
ATALI
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, №34.- S.14.