Saqqız
Hekayə
- Allah haqqı, imam haqqı, Ətağa cəddi bu saqqızların ikisini də atam alıb. Dedi ki, birini də Çingizə verərsən.
- Zaur, doğru deyirsənsə niyə and içirsən?
- Səni inandırmaq üçün.
- Yalanına inandırmaq üçün?
- Əşi, sənə bundan sonra yaxşılıq edənin...
Yalanı işə keçməyən Zaur özünü incimiş kimi göstərib velosipedinə minib getdi.
Onlar bir binada yaşayır,
məktəbdə bir
sinifdə oxuyurdular. Zaurun atası Ruslan böyük bir mağazanın müdiriydi.
Hər şeyin talonla verildiyi bir vaxtda aztapılan
malları altdan ikiqat-üçqat bahasına
satır, pula pul demirdi. Təmtəzə
QAZ-24 maşını vardı.
Yaşadıqları binada
iki il qabaq 4 otaqlı mənzil alıb son dəblə təmir etdirmişdi. Yapon
videomaqnitofonunda filmlərə
baxmaqçün qonşular
tez-tez onlara yığışanda lovğa
Ruslanın köksü
qabarır, özünü
ölkənin birinci katibi yerində hiss edirdi. Ancaq bu
"zavmaq"da adamlıqdan
əsər-əlamət yoxdu.
Fırıldaqçının, kələkbazın, yalançının
biriydi. Bir manat qazancından ötrü özgənin min manatını
batırar, uf da deməzdi. İstər evdə, istər çöldə ağzından
söyüş əskik
olmazdı. Çox
zaman da rus söyüşləri
söyərdi. Doğru
deyiblər ki, it, başından
ayrı yatmaz. Arvadı "Eleanora xanım"
da xasiyyətcə ərindən
geri qalmırdı. Üst-başında yarım
kilo qızıl vardı.
Belə bir "kübar" ailədə
dünyaya gəlmiş
Zaur ata-ananın tək övladıydı.
Ərköyün və
ipəyatmaz böyümüşdü.
Hər gün ona ən azı
beş manat cibxərcliyi versələr
də bununla kifayətlənməz, atasının
cibindən də xəlvətcə pul çırpışdırar, özünü
göstərmək üçün
çoxlu saqqız alıb sinif yoldaşlarına paylardı.
Bunun üstündə atası
ona dəfələrlə
qulaqburması versə
də anası hər dəfə "qan-qada olmadı, dünya dağılmadı,
tifil beş-on manat götürüb də" deyə ona qahmar çıxardı.
Çingizin atası Adil müəllim
isə Akademiyada kiçik elmi işçiydi. Aspiranturanı
bitirib namizədlik dissertasiyası müdafiə
etmiş, evlənmiş,
5 il öncə ailəsini
də götürərək
Bakıya köçmüşdü.
Bir qədər kirayədə
yaşamışdılar. Sonra özünün və yoldaşının kənddəki
böyükləri birləşib
həyətin mal-qarasını
sataraq gənc ailəyə şəhərdə
9 qatlı binanın birinci qatında iki otaqlı alababat bir mənzil
almışdılar. Təmir
etdirməyə gücləri
çatmamışdı.
Adil müəllimin maaşı
160 manatdı. Arada-bərədə
qəzet-jurnallardakı yazılarından
aldığı 50 manata
yaxın qonorarı saymasaq ailənin dolanışığı bu
160 manatdan asılıydı.
Gənc alim öz sahəsinin ən savadlı və bacarıqlı mütəxəssislərindən
sayılırdı. Xarici
ölkələrin elmi
jurnallarında da məqalələri
çıxırdı. Ziyalılar
məclisində adı
daim hörmətlə
çəkilirdi. Ömür-gün
yoldaşı Gülər
xanım ali təhsilli müəllim olsa da işləmirdi - şəhərdə hələ
uyğun iş tapa bilməmişdi. Bir-birini ürəkdən sevən
ər-arvad özlərini
"boyunduruq yoldaşı"
adlandırır, ailə
yükünün bütün
ağırlığını birgə çəkirdilər.
Onlar hər çətinliyə qatlaşır,
əl-ələ verib
mələk kimi üç balanı böyüdürdülər. Qənaətcil
Gülər xanım xərclənəcək hər
qəpiyin yerini bilir, ailəni pis-yaxşı dolandırır,
dosta-düşmənə möhtac
olmağa qoymurdu. Hər iki ailə
başçısı hələ
kiçiklikdən uşaqlarına
halal-haram öyrətmiş, onlarda harama nifrət yaratmışdı.
Halal süd əmmiş,
halal çörəklə böyümüş uşaqlar
da ata-ana əməyinin
dəyərini bilir, aza qane olurdular.
Beşinci sinifdəki
Çingiz onların ilki, ikincidə oxuyan Sevinc ortancılı,
hələ bağçaya
gedən Toğrul sonbeşikləriydi.
Çingiz çox qaynar, yerə-göyə sığmayan
dəcəl olsa da düzgün, gözütox
və ürəyiyumşaq
uşaqdı. Yalan, söyüş bilməzdi.
Əmindi ki, Zaur ona vermək istədiyi saqqızları
atasından oğurladığı
pullarla alıb və onu da öz oğurluğuna ortaq etməyi düşünüb - atasına
deyəcəkdi ki, pulu
götürməyi Çingiz
təklif edib.
Yeri gəlmişkən, saqqız
məktəblərinin yanındakı
Məşədi Əzizbəyov
heykəlinin dibində
satılırdı. (İndi o heykəl Əzizbəyov Azərbaycan xalqının
düşməni Şaumyanla
əlbir olduğuna görə götürülüb).
Burada yaşlı bir qadın bütün günü oturar, məktəb uşaqlarına saqqız və tum satardı. Hamı ona "Tanya xala" deyirdi. Nə millətdən olduğu bəlli deyildi. Kimisi onu rus, kimisi
tatar, kimisi yəhudi bilirdi. Türklərlə türkcə,
ruslarla rusca, ləzgilərlə ləzgicə,
talışlarla talışca
danışırdı. Həm
çox bahacıl, həm də insafsızdı. Ömründə
nisyə mal verməz,
dediyi qiymətdən bir qəpik də aşağı düşməzdi. Burası
da var ki, ən ətirli
xarici saqqızlar, ən seçmə, iri tumlar onda
olardı, buna görə
Zaur da daxil bütün məktəblilər
saqqızı, tumu ondan alardı.
Allah Zaura insaf versin,
Çingizin də beyninə saqqız sevdası saldı. Əlbəttə, o, Zaurun
verdiyi haram saqqızı
almazdı. İş burasındadır ki, özünün
də almağa pulu yoxdu. Qiyməti
öyrənmək üçün
Tanya xalanın yanına
getdi. Gözü ən yaraşıqlı bir xarici saqqızı
tutdu. "Neçəyədir?"
soruşdu. "Bir manat"
cavabı aldı.
Bir manat Çingiz üçün böyük
puldu. Bu pula 3 çörək
düşür, 10 qəpik
də artıq qalırdı. Ailənin
"xəzinədarı" olan anasından saqqızdan ötrü bir manat istəməyə
insafı yol verməzdi. Bəs o pulu necə əldə etsin? Çox fikirləşdi, fikirləşdi, yalnız
50 qəpiyi "tapdı".
Hər gün anası ona məktəbə getmək
üçün 10 qəpik
verirdi - avtobusla gedişə 5 qəpik, dönüşə 5 qəpik.
Evləri Yasamalda
"Kommunist" (sonrakı
"Azərbaycan") nəşriyyatının
yanındaydı. Məktəbə
getmək üçün
nəşriyyatın qabağındakı
dayanacaqda avtobusa minərək Əzizbəyov
heykəlinin yanında
düşür, bu yolla da geri qayıdırdı.
Artıq avtobusla deyil, piyada gedəcək,
beləliklə, 5 gündə
50 qəpiyə qənaət
edəcəkdi. Qalacaqdı
50 qəpik. Əsas məsələ də ikinci 50 qəpiyi tapmaqdı...
***
Həyətlərində iri bir xar tut ağacı
vardı. Bu il faraş
gətirmişdi. Düşündü
ki, çıxıb həm
özüm yeyərəm,
həm də ailə üçün yığaram. Evdən kiçik bir sellofan torba götürüb cibinə
qoydu, ağaca dırmaşdı. Xeyli yeyəndən sonra sellofan torbanı da iri tutlarla doldurub
astaca aşağı
endi. Qapı qonşuları Kərəm
kişi dolu torbadakı iri tutları görüb sevindi - həkim ona çoxlu tut yeməyi məsləhət
görmüşdü. Çingizə
dedi:
- Oğul, həkim mənə tutu dərman deyib. O torbanı mənə satarsan?
- Ayıb sözdür ki, Kərəm dayı. Düzdür, evimizə yığmışdım, ancaq
Sizə qismətmiş.
Götürün, halal xoşunuz.
- Ancaq mən havayı istəmirəm
ha.
Kərəm kişi bunu deyib əlini cibinə atdı, ancaq oradan bir
15 qəpiklik, bir də 5 qəpiklik çıxdı. "Az olsa
da götür, halal puldur"
deyib Çingizə uzatdı. Götürmək
istəmədi, zorla cibinə basdı. Çingiz geri qaytarmadı. İndi 70 qəpiyi
oldu.
Ertəsi
gün Zaur velosipedin belində yanına gəldi:
- Sürmək istəyirsən?
Öncə "yox" demək
istədi. Nə fikirləşdisə cavab
vermədən tez velosipedin yəhərinə
oturdu. Qonşu məhəlləyədək sürdü.
Burada oğlanlar oynayırdılar. Biri Çingizə
yaxınlaşıb dedi:
- Qaqaş, 15 dəqiqə sürməyə nə qədər verim?
- 20 qəpik.
- Ata canı cəmi 10 qəpiyim var.
Çingiz bilirdi ki, yalan deyir, çünki pulu olmayan velosiped
sürmək istəməz.
Özünü o yerə
qoymadı:
- Yaxşı, ver gəlsin.
Ondan pulu alıb uzun müddət ovcunda saxladı. Bu 10 qəpik onu saqqıza daha da yaxınlaşdıracaq, cibində
80 qəpiyi olacaqdı.
Oğlan
bir dövrə vurub velosipedi qaytardı, Çingiz də sağ-salamat Zaura təhvil verdi.
Aradan üç gün keçmiş, ancaq Çingiz çatmayan 20 qəpiyi hələ də toplaya bilməmişdi. Düşünürdü
ki, yaşım çatsaydı
fəhləlik edib qazanardım. Bir ara hətta saqqızdan vaz keçmək fikrinə düşdü,
ancaq uşaq nəfsi bu qərarını
üstələdi.
Məktəbdən yenə piyada qayıdırdı. Gördü
ki, Politexnik İnstitutla
üzbəüzdəki "Ceyran" kafesinə bitişik binanın sol qanadında bir kişi həyətdə üst-üstə yığılmış
taxtaları bloka daşıyır. Kişinin
alnından tər damlayırdı. Yorğunluqdan
az qala ləhləyirdi.
Ona yazığı gəldi.
Yaxınlaşıb köməyini
təklif etdi. Adam 12 yaşlı uşağa baxdı, ağlı bir şey kəsməsə
də ağızucu
"buyur" dedi.
Üç metrlik taxtaları
beşinci qata çıxarmaq lazımdı.
Orada qapı taybatay açıqdı.
İçəridə beş
otaq görünürdü.
Hamısı da təmirə
gərəkli materiallarla
doluydu. Sən demə, kişi fəhlə yox, bu mənzilin yiyəsiymiş. İmkanlı
olsa da varyeməz adamdı, çünki pulu çıxmasın deyə taxtaları daşımağa fəhlə
də tutmamışdı.
Çingiz altıncı taxtanı
yuxarı qaldıranda
artıq taqəti qalmamışdı. Ayaq üstə güclə dururdu. Qapının ağzında dayanmış
kişiyə: "Dayı,
Allah mübarək eləsin.
Daha mən gedim", - deyə əlini uzadıb sağollaşdı. Bu zaman ovcunda
dəmir soyuqluğu
hiss etdi. Əlini açanda bir 20 qəpiklik gördü. Soruşdu:
- Bu, nədir?
- Fəhlə pulundur də. Fəhləyə verəsi pulu sənə verirəm.
Otaq sanki Çingizin başına fırlandı.
Yazığı gəldiyi
bu kişiyə təmiz ürəklə,
sadəlövhcəsinə kömək etmək istəmişdi. O isə nəinki bu köməyi insanca qiymətləndirmir, hətta
uşağı işlədib
zəhməthaqqını verməməsindən,
onu "hərifləməsindən"
ləzzət alırdı.
Çingiz bir istədi ki, pulu onun sifətinə çırpsın. Özünü
saxladı. Təkcə
bunu deyib otaqdan çıxdı:
- Mən sənə insan kimi kömək
etdim. Sənin insanlığınsa bu 20
qəpik qədərmiş!
***
Artıq
həftə bitmiş,
manat düzəlmişdi.
Çingiz qonşu mağazaya gedərək bütün xırdaları
verib əvəzində
dəmir manatlıq almışdı. Leninin
100 illik yubileyi münasibətilə 1970-ci ildə
buraxılan bu pulun üstündə
"dahi rəhbər"in
böyük keçəl
başı təsvir olunmuşdu. Çingiz
6-cı dərsin bitməsini
həsrətlə gözləyirdi.
Zəng vurulan kimi çantasını qapıb Əzizbəyov heykəlinin yanına cumdu. Tanya xala oradaydı. Çatıb şəstlə manatlığı
onun qabağına qoydu. "Bu saqqızı
ver" deyə "gəl-gəl" çağıran
xarici saqqızı göstərdi. Qadın manatlığa işarə
edib soruşdu:
- Bu, nədir, bala?
- Pul.
- Nə pulu?
- Saqqız pulu.
- Bu pula sən göstərən saqqız düşmür.
- Axı keçən həftə dediniz ki, bir manatadır.
- O, keçən həftəydi,
indi qiyməti qalxıb, manat yarım olub.
Çingizin başına sanki
bir qazan qaynar su tökdülər.
Axı o, bu bir manatı düzəldənədək nə
zülmlər çəkmişdi!
Bir həftə evdən
məktəbə, məktəbdən
evə piyada gedib-gəlmişdi. Çatmayan
50 qəpiyi əldə
etmək üçün
nələrə dözmüşdü!
İndi bu qədər
zəhməti havaya gedir, ondan, əlavə
50 qəpik də istəyirlər. Nifrətlə
əlindəki dəmir
manatlığa baxdı,
"sənin dəyərin
bir saqqız belə etmirsə nə Leninsən?" deyə hirsini keçəl kəlləyə
tökdü.
O, Tanya xalanı nə qədər yumşaltmağa
çalışsa da arvad
tovlağa gəlmədi.
Gördü ki, dediyi qiymətdən bir qəpik də enməyəcək. Birdən
pulu onun üstünə tullayıb,
seçdiyi saqqızı
qapdı və ildırım sürətiylə
Cəfər Cabarlı
kinoteatrına (indi orada "Speys" televiziyası yerləşir)
doğru qaçdı.
Həyəcandan az qala ürəyi ağzına gələcəkdi.
Düşündü ki, yəqin
indi Tanya xala haray-həşir salıb,
milisləri yardıma
çağırıb və
onlar da oğrunun dalınca düşüb
qovurlar. Buna görə
arxasına belə baxmadan, bir saniyə
də dayanmadan özünü kinoteatrın
çöl hasarına
yetirdi. Ora çatanda
çevrilib arxasına
boylandı. Qovub-eləyən
yoxdu, heç milis də gözə
dəymirdi. Hərə
öz işindəydi.
Kinoteatr hasarının
səkisində oturub nəfəsini dərdi. Hələ də bərk tövşüyürdü.
Boğazı tamam qurumuşdu. Susuzluqdan yanırdı. Cibini eşələmədi, çünki
orada bir qəpiyin də olmadığını bilirdi.
Bu zaman səkinin obiri
başında yarımçıq
su şüşəsi
gördü. Ətrafa
boylana-boylana gedib şüşənin yanında
durdu. Ona baxan yoxdu. Suyu götürüb
başına çəkdi,
bir az özünə
gəldi.
Burada yarım saatadək oturdu. Sonra durub gəzişməyə başladı.
Əlini cibinə salanda barmaqları saqqıza dəydi. Çıxarıb baxdı.
Saqqızı açıb
ağzına aparmaq istədi. Bu zaman sanki kimsə əlini tutub saxladı. Vicdanıyla nəfsi arasında gərgin savaş başladı. Vicdanı dedi:
- Çingiz, ağlını
başına topla. Nə etdiyindir?! Axı sən bu saqqızı yaşlı bir qadından oğurlamısan.
O, sənə haramdır.
Nəfsi
geri çəkilmədi:
- Niyə haram olur ki? Axı ona pul
vermişəm.
- Elədirsə niyə alıb qaçırdın?
- Qadın verməyəcəkdi
deyə.
- Ona görə verməyəcəkdi
ki, onun dediyi qiymətlə razılaşmadın.
- Axı o, insafsız qiymət dedi. Bir saqqızı da manat yarıma satarlarmı?
- Bu, onun günahıdır və sənin oğurluğuna əsla haqq qazandırmır. Saqqızı təcili qaytarmalısan.
Bu savaşda vicdan nəfsə üstün gəldi. Saqqız qaytarılası oldu.
Çingiz səkinin üstündən
düşüb heykələ
sarı üz tutdu. Tələsmədən
irəliləyirdi. Tərəddüddəydi.
Tanya xalanın onu necə qarşılayacağını
bilmirdi. Onu görüncə qışqırıb-bağıra,
"oğrunu tutun"
deyə şivən sala, milis çağıra
bilərdi. "Nə
olar olar" deyə özünə təskinlik verərək addımlarını yeyinlətdi.
Gəlib düz qadının qarşısında
durdu. Dik gözlərinin içinə
baxdı. Qadın onu belə görüncə
təəccübdən ağzı
açıla qaldı.
Yarım saat öncə saqqızını
alıb qaçmış
oğlan indi onun qarşısında sanki heç nə olmamış kimi dururdu.
Çingiz saqqızı cibindən
çıxarıb Tanya xalaya
uzatdı. İncik səslə, bir qədər də amiranə dilləndi:
- Al saqqızını, qaytar pulumu.
Gözləyirdi ki, arvad sevinəcək,
tez saqqızı götürüb keçəl
başlı pulu ona qaytaracaq. Ancaq belə olmadı. Çingizin nə mənəvi əzablar çəkdiyinii
üzündən oxuyan
qadın saqqızı
yüngülcə geri
itələdi və dedi:
- Saqqız sənin, pul mənim olası oldu.
- Niyə belə? Axı 50 qəpiyim çatmır.
- O da sənin kekilinə qurban. Apar, halal xoşun.
- Yox, mənə nəzir gərək deyil.
- Oğul, vallah-billah nəzir vermirəm. Sən ki bu yaşda halalı harama qurban vermədin,
apardığın saqqızın
haram olduğunu dərk
etdin, o 50 qəpik sənin halalındır! Nə zaman istəsən gəl, o saqqızı sənə manatdan verəcəyəm.
Çingiz inad göstərmək
istəsə də,
Tanya xalanın səmimiliyinə
tam inandı. Bu səmimiyyət
qarşısında geri
çəkildi. "Çox
sağ olun. Allah razı olsun" deyib heykəldən uzaqlaşdı. İncəsənət
məktəbinin yanındakı
dayanacağa çatanda
kağızı açıb
saqqızı ağzına
apardı.
Gerçəkdən dadlı saqqızmış! Düz
bir həftə çeynədi...
03.09.2025
Xırxatala
Ədalət TAHİRZADƏ
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, №34.- S.16-17.