İftixarın qeyri-səlis teatr sistemi
SƏHNƏ SƏNƏTİ VƏ
ELMİ ZƏKANIN PARALELLƏRİ
İFTİXAR PİRİYEV – 65
Əvvəli ötən sayımızda
İftixarın rejissor quruluşu
verdiyi “Siluet” tamaşası avanqard aktyor oyununa qeyri-səlis məntiqin tətbiqi ilə səciyyələnir. Bu tamaşada
rejissor düşüncəsinin
“ali ideya”sını
tamaşaçıya çatdırmaq
üçün klassik
binar məntiqin tətbiqi İftixara yetərli olmur. O, cıxış yolunu simvolik ifadə vasitələri və improvizasiya sərbəstliyini təmin
etmək üçün
Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsini teatra
adaptasiya edib onun tətbiqində görür. Səhnə sənətində “İftixarın
qeyri-səlis məntiq
teatr sistemi” bir kəşf kimi çoxlaylı
bədii materialla çalışmağa geniş
imkanlar spektri yaradır. Bu sistem tamaşanın ali ideyasının təcəssümü,
habelə mükəmməl
aktyor oyunu üçün həyatın
çoxmənalı aspektlərinin
kodlaşmasında innovativ
rejissor metodologiyası
kimi dəyərləndirilə
bilər. Pyesin qeyri-səlis məntiqə
dayaqlanan rejissor quruluşu tamaşaçıları
düşünməyə və müxtəlif interpretasiyalar verməyə
təşviq edir.
Teatrşünas-tənqidçi, avanqard teatr tədqiqatçısı
Nərminə Ağayevanın
“Siluet” tamaşasında
rejissorun tətbiq etdiyi bədii prinsiplərinin riyazi dəqiqliklə verdiyi şərhi gözdən yayınmır: “Səhnə
ilə tamaşaçı
salonu arasında yaranan teatral kommunikasiya və improvizasiya elementli psixoenergetik hadisələr
çoxxətli, çoxşaxəli
variasiyalarda qeyri-səlis
çərçivədə təqdim olunur. ... tamaşanın kompozisiya-struktur
həlli, metateatr kodu qeyri-adekvatdır; buradakı janr müxtəlifliyi, çoxşaxəli
oyun prinsipi, müxtəlif teatr elementlərinin bir tamaşada birləşməsi
mətndən irəli
gələn hərəkətlərin
mizanlaşdırılması zamanı səhnə əsərini müxtəlif
mimikalar, jestlər, göz təması, bədən dili elementləri vasitəsi ilə zənginləşdirərək,
nəticədə mətnin
məntiqi ilə birləşmə çevrəsində
qeyri-səlis məntiq
nəzəriyyəsinin teatr
sənətində yaranan
sinergetik harmoniyasını
təcəssüm etdirir”.
Bu ilk baxışdan mürəkkəb
görünən kəlmələrdə
“İftixarın teatr sistemi”nin düsturu əksini tapır. Budur günün
nəbzini tutan hazır formula! “Siluet” tamaşası milli teatr tariximizdə rejissor İftixarın adı ilə bağlı yeni istiqamətin, yeni paradiqmanın
təşəkkülünün bəyanatıdır.
Peşəkar teatrşünas təhlilindən
dərhal sonra kulturoloq eynəyimi taxıb, tamaşada aşkarladığım kulturoloji
məqamların teatral
eskizlərini çəkməyə
ilhamlandım. Məlumdur
ki, bəşəriyyətin bədii-kulturoloji refleksiyası
incəsənət və
ədəbiyyat vasitəsilə
daima bir-birinə ifrat dərəcədə
əks olan qütbləri:
şəhvət və
etinasızlığı, azadlıq
və təslimiyyəti,
həyat eşqi və ölgunlüyü ifadə vasitələrinin
axtarışındadı. Elə məhz bu da
insan varlığının
əbədi dramını
ifadə edir. Rejissor İftixar “Siluet” vasitəsilə cəmiyyətə ötürmək
istədiyi fikirləri tamaşaçıya
həyatın fəlsəfəsini
açan Şərq müdrikliyindən tutmuş,
XXI əsrin müxtəlif
fəlsəfi-kulturoloji paradiqmalarını
simvolik metaforalar vasitəsilə çatdırmağa
cəhd edir. Tamaşada rejissor ideyası riyazi hesablama, həndəsi fiqurlar, musiqi və rəng simvolikası vasitəsilə kodlaşdırılmış
mesaj formasında cəmiyyətə ünvanlandırılır:
insan müqəddəratının
yalnız uca Tanrının əlində
olduğu – “0” –
İlahi mütləqiyyət
(absolyut, tamaşanın
sonunda Allaha təşəkkür səhnəsi),
İnsan ruhunun tənhalığı – “1” (“həyatın
mənası” problemi,
ekzistensial fəlsəfə,
Qadın obrazı), Şərqin müdrikliyindən
qaynaqlanan dünyanın
binar ölçüsü
– “2” – (İn-Yan fəlsəfəsi, real və irreal dünya, Qadın və Kişi obrazı), səhnədə təsvir
olunan üçbucaq
– maddi və mənəvi dünyanın
üçölçülülüyünün
rəmzi –
“3” – (üçölçülülük
maddi dünyanın məhdud qavrama çərçivəsidir
ki, insana dar gəldikdə təfəkkürün
daha yüksək ölçülərinə və
zəka aydınlığına
can atır;
Freydin psixoanalizi)
və beləcə sonsuza qədər... Sanki rejissor müasir “trendlər”in ardınca qaçan insanların düşdükləri çətin,
dolaşıq durumlarını
sadə anlayışlar
vasitəsilə
izah edir: “Ey İnsan, istər Qadın ol, istər Kişi – insanlığa qayıt, bəşəriyyətin müqəddəs
ali mənəvi dəyərlər kodeksinə
sığın!”
Tamaşanı izləyərkən və
izlədikdən sonra belə, sonsuza qədər həyat fəlsəfəsinin məna
və məna çalarlarını aşkarlayıb
hər kəs öz həyat fəlsəfəsinin, öz
baxış bucağının
və bilik potensialına söykənib
bu səhnə əsərinin interpretasiyanı davam
etdirə bilər. Soyuq binar məntiqindən
çıxış edən
“Siluet”in tamaşaçısı
əvvəl zavallı
Qadının mənəvi
iztirablarını cəmiyyətin
qoyduğu tabular nisbətində
dəyərləndirib onu
sərt qınayır,
bir az keçmiş,
sərt qənaətlər
burulğanı yatan
kimi Siluetə mərhəmət
göstərir, hətta
ziddiyyətli düşüncələrin
emosional təsiri altında Şəhvətə haqq qazandırır və
... elə həmin anda da öz azad fikirlərindən
qorxub daxili ziddiyyətə qapılaraq təfəkkürünün
səlisliyinə şübhələnir,
dərk edir – dünya qeyri-səlisdir. Budur ustad İftixarın
rejissor sənətkarlığı.
Rejissor tamaşaçının
dünyagörüşünün çevrilişinə və
təfəkkürünün təkamülünə nail olur.
Tamaşanı seyr edən izləyici əvvəl binar məntiqinə sığınan
tənqidçiyə, daha
sonra səhnənin sehrinə düşüb
həyatın qeyri-səlisliyini
dərk edən və taleyinin mühəndisinə (Sadhquru
təlimi) çevrilir.
İftixarın tamaşalarında musiqi
tərtibatı sadəcə
fon və ya müşayiət elementi deyil. Rejissor İftixar tamaşada musiqini
fəal dramaturji faktor kimi təqdim
edir. İftixarın daxili aləminin dinamikasını əks etdirən (onu da qeyd edək ki, İftixar şeirlərinin
sözlərini yazmamışdan
öncə əsərin
avazını, melodiyasını
artıq yaratmış
olur) musiqi nömrələri tamaşanın
fəal dramaturji faktoruna çevrilir. “Siluet”in sonunda ifa olunan “Ağlama”
mahnısı (söz
və musiqisi İftixar Piriyevindir) qəhrəmanların sözlə
deyə bilmədiyi
hiss və həyəcanlarını,
onların daxili aləmini açır. Hətta deyərdim, ayrıca olaraq səhnədə baş verənləri təkrar tamaşaçıya nəql
edir, süjetin dolğun qavranılmasını şərtləndirir.
Rejissor
aktyorlara qara-qırmızı libas
geyindirərək tamaşaçıya
cəmiyyətin
növbəti fəlsəfi-kulturoloji
dilemması barədə
ekzistensial mündəricatlı
mesaj ötürür.
Stendalın “Qara-qırmızı”
əsərində “qırmızı”
– ehtiras, inqilab, azadlıq,
barışmazlıq, “qara”
rəng isə insanın taleyi, müqəddəratı ilə
barışmasını, asketizmi
(bədən və psixikaya həzzi zövq verən ehtiyaclardan könüllü
imtina) ifadə edir. İftixar bu iki rəngi
Qadın və Kişi münasibətlərindəki
sevgi, şəhvət
və ölgunlük arasında faciəvi təzad və ziddiyyətləri nümayiş
etdirmək üçün
məharətlə istifadə
edir.
İftixar Çin fəlsəfi
ənənəsinə məxsus
İn (kölgəli tərəf)
– Yan (günəşli tərəf)
bütövlüyü formalaşdıran
ikilik anlayışını
qeyri-səlis məntiq
gücünə yeni interpretasiyada
verir. Tamaşada İn-Yan dilemması Şərq təfəkkürünə məxsus dual fərqli başlanğıcların harmoniyası kimi deyil, Qərbin
insanlara sirayət etdirdiyi texnogen düşüncənin fəsadı:
faciəvi ayrılma, uyğunsuzluqların dramı
kimi təqdim edir. Burada Qadın – ənənəyə söykənərək
modernləşən Şərqi,
evli Kişi isə fərdiyyətçi
ruhlu mənəvi simasını itirən texnogen Qərbi təcəssüm etdirir.
Freydin psixoanalizində azadlıq
və məhdudiyyət
(tabu) dilemması Eros – yaşamaq
eşqi, şəhvət
(qırmızı rəng,
Şəhvət obrazı)
və ölüm, ölgunlük, darmadağınlıq
– Tanatos (qara rəng, Siluet) – iki fundamental instinkt üzərində qurulur. Bu qarşıdurma insan və cəmiyyətdəki yaradıcı
və dağıdıcı
qüvvələr arasındakı
ziddiyyəti ortaya qoyur. Bəs onda bu səlis
məntiqlə asanlıqla
dərk olunan dual dünyada Qadının yeri və missiyası
nədir? Qadın – elə qeyri-səlisliyilə
duallığın qarşıdurmasından
əmələ gələn
xaosa nizam gətirən
qüvvədir. Qadın
– “Fövqəl-Mən”dir. Freydə görə,
insan “Mən”, “O” və “Fövqəl-Mən”
üçlüyünün qarşılıqlı əlaqəsindən
törənən şəxsiyyətdir.
Paralellər aparaq. Tamaşada “Mən” şəxsiyyətdə fərdiliyini
hiss etdirən emosional
hiss və həyəcanlar
qalağıdır (Siluet
personajı – emosional duruma qapanıb özünə qəsd etmək qərarına gəlir); “O” – kortəbii,
heyvani instinktlər, şəhvət meyli və istəkləridir (Şəhvət personajı
– qadını ictimai qınağa səbəb
ola biləcək addımı
atmağa sövq edir) və “Fövqəl-Mən” – şəxsi
əxlaq senzoru, insan psixikasında ideal və “düzgün olanı” ehkamlaşdıran
büt (Qadın personajı – evli kişi ilə münasibətdə olmayacağına
söz verə biləcək qədər
iradəyə malik olan
ideal insanın təcəssümü).
Tamaşaya cızdığım kulturoloji eskizlər belə qənaətə gətirir ki, Qadın, Siluet və Şəhvət üçlüyü
arasındakı konfliktinin
əslində cəmiyyətin
ümumi disbalansından
xəbər verir. Səhnədə qəhrəmanın
daxili konfliktinin təcəssümü olan
gərgin, psixoemosional
oyun əslində rejissorun alarmist mövqeyidir,
insanlara çağırışdır:
Ayıq olun! Oyaq olun! Qərbin
mədəni dominantlığı
ənənəvi cəmiyyətlərə
bir təhlükədir.
Mənəvi dəyərlərin
transformasiyası dövründə
Qərb həyat tərzinə təhrik modelləri (şəhvətə
tamah) Şərq mentallığına, mədəni
identikliyə, sosial-mədəni
həyata, xüsusilə
kişi-qadın, ailə
münasibətlərinə təhlükə doğura
bilər.
Tamaşanın alarmist – tamaşaçını gərgin və həyəcanlı vəziyyətdə
saxlayan süjet xətti nikbin – insan iradəsinə sonsuz inam ilə bitir.
Rejissor əbəs yerə baş qəhrəmanı Qadının
Allaha təşəkkürü
ilə bitirmir. Allaha təşəkkür
insanın ali humanist mənəvi dəyərlərə
sadiqliyin təcəssümüdür.
Allaha təşəkkür
– insanın şükranlığı,
Yaradanın lütfünə
bağlılığını, iman və sədaqəti,
ümid və təsəllinin ifadəsidir.
Allaha təşəkkür
– İnsanın mənəvi
ucalığıdır.
2012-ci ildə “Müstəqillik dövrü teatrımızın
inkişafında Elçin
dramaturgiyasının mövqeyi”
adlı dissertasiya işini müdafiə edərək, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru elmi dərəcəsini alan İftixar Piriyev tədqiq etdiyi mövzunun miqyasını
genişləndirmək niyyətindən
bir an belə daşınmadı. Azərbaycan
Milli Elmlər Akademiyasının
Memarlıq və İncəsənət İnstitutunun
“Teatr, kino və televiziya” şöbəsində
elmi araşdırmalarını
davam etdirən İftixar “Qeyri-səlis məntiq nəzəriyyəsinin
teatr sənətində
sinergetik adaptasiyası”
(Elçin teatrı əhatəsində) mövzusunda
sənətşünaslıq elmləri doktoru elmi
dərəcəsi almaq
üçün dissertasiya
üzərində çalışmaq
qərarına gəldi.
Məqsəd – səhnə
məkanında realizə
etdiyi “Qeyri-səlis teatrı” sistemini elmi müstəvidə əsaslandırmaqdır.
Artıq
bir neçə ildir ki, İftixarın tədqiqat apardığı
mövzu üzrə alınan
mühüm qənaətlər nüfuzlu respublika və xarici jurnallarda dərc olunur. Ölkə və beynəlxalq elmi-praktiki konfranslarda fəal iştirak edən İ.Piriyev
yaratdığı “qeyri-səlis
teatr sistemi”nin əhəmiyyətini, ümumiyyətlə
teatr sənətinə
“qeyri-səlis məntiq”
nəzəriyyəsinin tətbiqinin
nəzəri və praktiki əhəmiyyətini
elmi dəlillərlə
əsaslandırmağa müvəffəq
olur. O, qeyri-səlis məntiqin köklərini Azərbaycan
şifahi xalq ədəbiyyatında, daha
sonra Elçinin absurd teatrı
nümunəsində dramaturgiyada
axtarıb araşdırır.
İftixar XXI əsrin bədii
paradiqmasının sürətli
dəyişiklikərə məruz
qaldığı şəraitdə
teatr sənətinin ənənəvi kateqoriyalarının
yenidən dərk olunmasına zəruri ehtiyacın olduğunu xüsusi
vurğulayır. O, Lütfi
Zadənin “Qeyri-səlis
məntiq” nəzəriyyəsi
kontekstindən müasir
teatrın öyrənilməsinin
vacibliyini bədii nəqlin məntiqəsığmaz
strukturlarını interpretasiya
edə biləcək
yeni elmi metodologiyanın
yaradılması üçün
zamanın yetişməsilə
izah edir. İ.Piriyevin tədqiqat metodologiyası multidissiplinar yanaşmaya əsaslanaraq, teatrşünas təhlillərini
“qeyri-səlis məntiq”
nəzəriyyəsi ilə
üzvi şəkildə
birləşdirməyə nail olur.
İftixar Piriyev, demək
olar ki, bütün elmi araşdırmalarında
Lütfi Zadənin
Fuzzy logic – “qeyri-səlis
məntiq” nəzəriyyəsinin
humanitar sahə, xüsusilə də teatr sənəti üçün nə dərəcədə mühüm
olduğunu sübut etməyə çalışır.
Lütfi Zadənin “Qeyri-səlis
məntiq – tolerantlıq
məntiqidir; ...bütün
elm sahələrini dəyişdirmək
funksiyasını yerinə
yetirir” fikri İ.Piriyevin elmi araşdırmalarında qırmızı
xətlə cızılan
ideya kimi təqdim olunur. Razılaşmaq olar ki, “qeyri-səlis məntiq” nəzəriyyəsinə qədər
bütün elm sahələri,
elmi yanaşmalar binar məntiq çərçivəsində öz faydalılıq əmsalını saxlaya bilirdilər. İftixar “qeyri-səlis məntiq” nəzəriyyəsini bütün
elmi və ədəbi nəzəriyyələr
içində ən müasir, nəzəriyyələrin
sinergetik bağlılığını
tənzimləyən, bünövrəsi
keçmişə gedib
çıxan unikal bir yenilik kimi
təqdim edir.
İftixar klassik və novator rejissorları bir-birindən fərqləndirən
cəhətləri müəyyən
edərkən vurğulayır
ki, klassik üslubda çalışan rejissorlar
Aristotelin binar məntiq məcrasını
aşa bilmədiklərinə
görə onların
yaradıcılığı konkret dar çərçivə
ilə məhdudlaşır.
Lakin “qeyri-səlis məntiq”in
ardıcılları olan
novator rejissorların yaradıcılığı
sərhəd tanımır.
Məhz qeyri-səlis məntiq müasir teatrın
və dramaturgiyanın
bədii və estetik prinsiplərinin funksionallığını təmin
edir. Elçinin absurd
dramaturgiyası nümunəsində
bu tezisi “Elçin teatrı: absurd
dram “qeyri-səlis məntiq”
nəzəriyyəsi kontekstində”
(2022, Bakı: Apostrof-A.
– 168 s.) adlı monoqrafiyasında
İftixar geniş şəkildə şərh
edir.
Görkəmli incəsənət xadimi
İftixar Piriyevin 65 illik yubileyi ərəfəsində –2025-ci ildə
işıq üzü
görən növbəti
“Qeyri-səlis məntiq
və teatr” (2025, Bakı: Apostrof-A. – 240 s.) adlı monoqrafiyası İftixarın çoxşaxəli
elmi-yaradıcı və
ədəbi-bədii fəaliyyətinin
əsas mərhələləri
üzrə yol
xəritəsidir. Bu xəritə
bizi bütün dünyanı dolaşdırıb,
sonda Vətənimizə,
doğma teatr məkanımızda təşəkkül
tapan, bütün bəşəriyyət üçün
işlək ola biləcək
universal “İftixarın qeyri-səlis
məntiq teatrı sistemi”nə gətirib çıxartdı.
YEKÜN
SÖZ ƏVƏZİ VƏ YA EPİLOQ
XXI əsrin teatr rejissoru incəsənət
xadimidir, yoxsa, elmi axtarışda olan tədqiqatçı?
Postmodern teatr yeni tip aktyor
və rejissor nəslini yetişdirir. XXI
əsrin yaradıcı
intellektualı sadəcə
incəsənət xadimi
deyil, o həmçinin
daima axtarışda olan tədqiqatçı olmalıdır. XX əsrin
ikinci yarısından
bəri teatr ənənəvi mənada
incəsənət sahəsi
olmaqla yanaşı, həm də tədqiqat ocağına çevrilib. Bu gün isə teatr ağlasığmaz eksperimentləri,
ideyaları sınaqdan
keçirən bir elmi-yaradıcılıq laboratoriyadır.
Praktik fəaliyyətdə
olan aktyor və rejissorların axtarış imkanları
fundamental nəzəri araşdırmalar
aparan teatrşünaslardan
daha genişdir.
İftixarın, ilk növbədə, aktyor, daha sonra
rejissor olması onun elmə bir eksperimentator nəzəriyyəçi kimi
gəlişini şərtləndirir.
“İftixarın qeyri-səlis
məntiq teatrı sistemi” ənənəvi ustad-şagird varislik yolu ilə ötürülmür,
məhz rejissorun praktiki fəaliyyətinin qənaətlərindən ibarət
nəzəri sistem kimi elmi əsərlərində
əksini tapır.
EPİLOQDAN
SONRA
Görkəmli teatr xadimi İftixar
Piriyevin 65 illik yubileyi elmi-yaradıcılıq
fəaliyyətinin yeni mərhələsinin
başlanğıcına işarət
edir. Onun təcrübəsi, sənətkarlığı,
teatral ideyaları
milli səhnə sənətinə
yeni üfüqlər açır.
Səhnə ustadı
İftixarın teatr təşkilatçılığı təcrübəsi, rejissor,
aktyor, şair-dramaturq
və elmi-tədqiqatçı
kimi fəaliyyəti Azərbaycanın intellektual-mədəni
irsidir.
Yubilyarı təbrik edirik!
Tükənməz sənət eşqi
və elmi axtarışlarda yeni nailiyyətlər
arzu edirik!
Yeganə Əliyeva
AMEA-nın aparıcı elmi işçisi,
kulturologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.23.