Seyran Səxavət ucalığı
Kimsə
yuxudadır, mışıl-mışıl
yatıb... Əslində
bu, Füzuli rayonunun yuxusudur, onun mışıl-mışıl
yatmağı var, xudmani
bir ölkənin xudmani bir şəhəridir
Füzuli. Arazın qıjıltısı, küləyin
vıyıltısı, yarpaqların
xışıltısı ona lay-lay çalanda yamanca çimir eləyər bu rayon. Adda-budda yuxularını mənə nağılladığı məqamlar da olub. Şair, yazıçı
Seyran Səxavətdən eşitdiyi,
daha doğrusu, romanlarının birinin sonunda oxuduğu cümləni yuxusunda min kərə təkrar eyləyər, heç usanmaz. Allah saxlamış
"Dünya Tanrının
çin olmuş yuxusudur", - deyib tutdurub. Hə, tutaq ki, şair Seyran Səxavət düz söyləyib. Bunun sənin
yuxuna nə aidiyyatı var ki, ay qədimim
Füzuli - 17 oktyabr yuxusuna?! Son dəfə röyasında gördüyü
adalardan danışıb
mənə. Suları
dağıdıb, didirmiş
həmin adalar.
Sular adaları dağıdır,
didir,
Adalar dənizdə həyat diləyi.
Adalar səhrada tək ev kimidir,
Adalar torpağın qərib gileyi...
Demə
adalarçün bu torpaq darmış,
Suda yaşamağın mənası
varmı?
Dünyanın qəribə işləri
varmış,
Torpaq da
torpağa həsrət
qalarmı?
Adalardan
təmiz dünyada nə var?
Adalar ömrünü salıb çətinə -
Bax, buna
görə də bütün insanlar
Gəlsin
adaların ziyarətinə!
Yağış-çisək bilməz, qar bilməz, isti bilməz, ayaz bilməz, çovğun bilməz, boran bilməz. Bu şəhər bütün
günü yuxu görər, hey bir sitatı gündə min dəfə təkrar eyləyər: "Dünya
Allahın çin çıxmış yuxusudur".
Oktyabrın 17-ində gördüyü
yuxusunu isə el hey sağıma-soluma keçib danışacaq,
danışacaq. Kim bilir,
sevgidən, sevgilidən
nələr görəcək
yeddinci yuxusunda?! Kim bilir, hansı qıza özünü də, sözünü də, gözünü də "sevirəm" deyəcək?!
Şair
Seyran Səxavət təki:
Evinizin tuşundan
Sonsuz göylərdə yanan
O parlaq ulduzları,
Xəzan
vaxtı bağçanda
Yerə
bir-bir tökülən
Yarpaqları sevirəm.
Sənin
könül verdiyin
Can dərmanı yetirən
Torpaqları sevirəm.
Qəlbinə həmdəm olan
Sirdaşını sevirəm.
O atanı, ananı
Qardaşını sevirəm.
Görürsənmi, gözəl qız,
Neçənizi sevirəm?!
O daşlı, o kəsəkli
Küçənizi sevirəm.
Evinizin başına
Mənim
kimi dolanan,
Barını da sevirəm.
Keçən yay bağçanızda
Məni
dilintək sancan
Arını da sevirəm.
Qonşunuzda yaşayan
O sifəti qırışmış
Qarını da sevirəm.
Hərdən məni duymayıb,
Gözümə düz baxmayan
Gözünü də sevirəm.
Lap mənə acı gəlib
Ürəyimə od vuran,
Sözünü də sevirəm.
Məndən incimə, ay qız,
Yeri gəlmişkən, deyim,
Özünü də sevirəm,
Özünü də sevirəm...
Doğma
Qarabağdan pərvaz
eyləyən, 1946-cı ilin
bir bahar günündə Füzuli
rayonunun Yuxarı Yağlıvənd kəndində
doğulan birisinə,
yəni - Seyran Səxavətə
söyləsək ki, "ömrünüz
bir göz qırpımında keçib"
- bizi quru yuyub, yaş sərər. Bilxassə, böyründəki Araz çayını daha aydın eşidən müəllifin yumor damarı tutsa, elə sözlər deyər ki, dəymişimiz
dura-dura, kalımız tökülər.
Ona görə də yaxşısı budur ki,
biz hələ susmağımızda
olaq...
"Yayda əsər yazanda cümlələrdən
tər qoxusu gəlir", - deyən
Seyran Səxavət yaxşı
ki, yayda doğulmayıb,
yoxsa kim bilir, bu fəslin
ünvanına nələr
söylərdi. Füzulidə
"Qızıl Araz"
qəzetində nəşr
olunan ilk şeirinin kəsərindən bəlli.
Sizdən
bir cavab istədim,
Rusca mənə "net" dediniz.
Saf eşqimi lağa qoyub,
Hərdən "privet" dediniz.
Ancaq düşünmədin, ay qız,
Gördüyün iş necə işdi.
Mən biləni, anan sənə
Rusca layla deməmişdi.
"Cümlə qurmaq dövlət qurmaq qədər çətindir"
- Bunu isə Seyran müəllim çox sonralar deyəcəkdi. Bəlkə bu səbəbdəndir lap gənc
yaşlarından şeiriyyata
üz tutmuş, bəlkə elə ona görə öncə ona şair demişlər, sonra yazıçı.
"Şairlərin xoşbəxtliyindən,
yazıçıların bədbəxtliyindən
Seyran poeziyadan nəsrə
keçdi lap gənc yaşlarından" - bunu
da dostu Ramiz Rövşən
demiş olsun. Amma xatırladım ki,
hələ buna qədər
geridə qalmış
"60-cı
illər" -
ilıq dönəmlər
vardı. Gənc nəsil ola, kənd uşaqları ola, Seyran kimi
qos-qoca şəhərə
meydan oxuyasan, hələ sallanmağa
yar qolları da tapasan,
ağac budaqları yox, haaa, yar qolları.
O qaldı kənddə-kəsəkdə,
Seyran Səxavət. Yar qolları
olsa... O qollar naminə, lap gilyotin edamını da seçmək
mümkündür. Ən
azından üzülən
boynumuzun düşəsi
qolları olacaq.
Gəzirsən dünyada səssiz-səmirsiz,
insan azdırmağa duman kiçikdir.
Yenə
qarşılaşdıq bir
döngədə biz,
Dedim, yer kürəsi yaman kiçikdir!
Gah yerə baxırsan, gah da
ki göyə,
Niyə
bu dünyada gərək çaşaq
biz?!
Niyə
qarşılaşdım səninlə,
niyə? -
Mən
ki istəmirdim qarşılaşaq
biz...
Uzaqlar uzaqdır, güldün yaxınla,
Oğlanın qolundan sallanmısan
sən.
Hərəni bir dəfə aldatmağınla
Dünyada ömürlük aldanmısan
sən.
Düşmürsən, düşmürsən
ağızdan, dildən,
Eh!.. Taylı tayıyla tapışa bilmir!
Qollar
var - sürüşüb çıxırlar
əldən,
Əllər var - bir qoldan yapışa bilmir!..
İnsan
- uzaq mənzil. Böyükdür adı,
İnsanlar ən uzaq mənzilə yetdi,
Səninsə mənzilin uzaq olmadı,
Bu qoldan başlayıb, o qolda bitdi.
"Əsgərxan bulağı"
deyirik, "Qara quzey", "İnşallah
bağı", "Çuxurlu
dərə" deyirik.
Muradxanlı tayfasının
oğul balası Seyranın coşğun, dəli-dolu yeniyetməliyi
deyirik. Üstəgəl,
Seyran Səxavətin Füzuli
eşqi, Yağlıvənd
sevgisi. "Tanrı bütün dünyanı Yağlıvənddən
idarə edir" - deyən Seyran Səxavətin
Tanrısına qurban,
bizi Füzuliyə qovuşdurduğu üçün.
Məhəmməd Füzuli
də deyərəm, Füzuli rayonu da. Hələ polkovnik Pavel Qaryagin kimi çar
naxələflərini gözəlim
Qarabulağa pərçim
edənlərin 7 nəsil
arxa dönənini rüsvayi-cahan da edərəm,
"ufff" da demərəm...
Bir halda ki, girəvə
düşüb əlimə.
Seyran Səxavətin tələbə
vaxtı yazdığı
"Girəvə axtarıram"
şeirini oxumağa girəvə axtarıram:
Mən öz doğma xalqımın ürəyində
qalmağa,
Araz adlı çay üstdən böyük körpü salmağa,
Əliqabarlıların yekəqarınlılardan
intiqamını
almağa
girəvə axtarıram.
18 yaşında idi Seyran, bu şeiri yazanda.
Girəvə axtarırdı,
özü də nələrə,
Gəncə şəhərinin
adını qaytarmağa
girəvə axtarırdı
şair.
Qasım
Qasımzadə "Uğur
olsun" - deyib onu şeir mərəzinə
yoluxduranda Seyran Səxavət
çoxları üçün
gənc də olsa, ustad sayılırdı.
Yaşıdı, mərhum
şairimiz Nüsrət
Kəsəmənli məhz
onun şeirini və şəklini qəzetdə görüb
şəhərə üz
tutmuşdu. Vaqif Bəhmənliyə, Maarif Soltana, Elçin İsgəndərzadəyə
ədəbiyyatda yol göstərən də
Seyran Səxavət idi.
"Daş evlər" romanında alverçi Zəminənin dəfn səhnəsində oxuculara
həyati ismarışlar
verən də, "Nekroloq" romanında
"özünə çəki-düzən
ver" - deyib ikidə-bir toplumun ətəyindən dartan
da, "İt intervüsü"ndə
köpəkdən müsahibə
alan gənc jurnalist kimi qabağa getməyə cəhd göstərən
də Seyran müəllim
olub. "Kenquru" hekayəsində mərhum
yazıçımız Yusif
Səmədoğlu ilə
söhbətləşməyi də vardı Seyran Səxavətin, lakin bu dialoqları olmasaydı da olardı. Zatən, 10 il "Ulduz"
jurnalında birgə işləmiş, Yusif Səmədoğlunu dostdan
artıq birisi saymış şairin yaddaşına hopan xatirələri heç də az deyil.
Heç
bir güllə füzulililəri qorxutmadı,
həmçinin də
Seyran Səxavəti. Bu gün
Qarabağın azad, abad günlərində özünü ikiqat hürr sayır şair.Onun bu azadlığını qurban
verdiyi yeganə varlıq isə nəvələridir. Onlara
öz asudəliyini könüllü şəkildə
qurban verən Seyran Səxavət babaları nəvələrə tay-tuş
bilər, bu xüsusda, izahı da özünəməxsus şəkildə
olar. Deyər ki, hər ikisinin ağlı bir olur. Ona görə baba nəvə ilə, nəvə baba ilə yaxşı yola gedir. Əslində, Seyran Səxavət düz olan, peşəkar olan, dilimizə yiyə çıxan, millətimizi sevən hər kəslə yaxşı yola gedir. Özündən müştəbeh, özünü
dartan qart insanlardan isə min yol uzaqdır, min ağac gendir. Seyran Səxavət səxavətli
insandır. Bəzi həmkarlarının paxıllığından
zərrə qədər
pay düşməyib ona.
Seyran müəllim hər
dəfə müsahibələrində
öz tay-tuşlarının
adını çəkir,
bütün söhbətlərimizdə
dostlarını xatırlayır,
onların ünvanına
xoş sözlər söyləyir, geninə-boluna
iltifatlar etməyə
xəsislik etmir. Ölüləri anan, diriləri sayan yazıçı isə bəzən bu hörmətin qarşılığını
görmür. Olsun!
Seyran Səxavəti bütün
ədəbiyyat cameəsi,
oxucu auditoriyası sevir. Tez-tez görüşə bilməsək
də, qardaşım
Vasif Ayandan xəbər yollayanda ki
"Turan Uğura de,
Seyran əminin üzü
yaman tüklənib", artıq başa düşürəm.
Başa düşürəm
ki, ustadı yoluxmaq, onunla söhbət etmək vaxtı çoxdan çatıb.
Ömürboyu məsləhət alan,
amma məsləhət
verməyə vaxtı
olmayan insan - Seyran Səxavətin sözü
bu gün də ucaboylu, yaraşıqlıdır.
İnsan
(özünü) iki dəfə - bir doğulanda, bir də öləndə xoşbəxt sayır. Ölümü həyatdan
çox-çox qüvvətli
bilir. Seyran müəllim
yazı-pozusu ilə hər gün bizi xəbərdar edir, özümüzü
yığışdıraq deyə. Adam balası kimi yaşamalı olduğumuza nişanə verir. Yoxsa, - Bəşəriyyətin boynu
"günah anbarı"na
çevriləcək, bir
gün bu anbar partlayanda onun qəlpələri yer üzünə səpələnəcək və
bu qəlpələr
- uşağa, qocaya, hamıya çatacaq.
Bax, onda, bax, onda,
Seyran Səxavət ucalığı
əngin səmalardan bir daha özünü
göstərəcək və
deyəcək ki,
"Dünya Allahın çin olmuş yuxusudur".
31 iyul 2025-ci il,
Bakı
Turan UĞUR
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.18.