Elm və yaddaş
işığında: Professor
Nadir Məmmədlinin
yeni kitabı haqqında elmi-publisistik mülahizələr
Bir
xalqın tarixi yalnız siyasi hadisələrin salnaməsi
deyil, həm də onun elm ocaqlarında yetişən
ziyalıların işığında yazılır. O
ziyalılar ki, uzaq şəhərlərdə, yad mühitlərdə
ömürlərinin ən məhsuldar çağlarını
elmin xidmətinə həsr edərək, həm öz
adlarını əbədiləşdiriblər, həm də
millətin yoluna işıq salıblar. Onlar çox vaxt
unudulmuş, bəzən təhrif edilmiş, bəzən də
tarixdən silinməyə çalışılmış
simalardır.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya
elmləri doktoru, professor Nadir Məmmədlinin yenicə
işıq üzü görmüş "Moskva Şərqşünaslıq
İnstitutlarının azərbaycanlı tələbə,
müdavim, alim və pedaqoqları" adlı monoqrafiyası
həmin unudulmuş simaların səsi, itmiş portretlərinin
bərpası, milli elmi yaddaşın dirçəlişi
kimi dəyərləndirilə bilər. Müəllif təkcə
tədqiqatçı dəqiqliyi ilə deyil, həm də
publisist qəlbin hərarəti ilə göstərir ki, Azərbaycan(lı)
zəkası hər zaman qaranlığı yara bilən, yol
göstərən, gələcəyi işıqlandıran
bir məşəl olub.
İki hissədən ibarət olan monoqrafiyanın birinci hissəsi Rusiya Şərqşünaslıq
İnstitutlarında təhsil almış azərbaycanlı tələbə
və müdavimlərin həyat yoluna işıq tutur. Bu hissəni
milli şərqşünaslıq elminin intişar
dövrü adlandırmaq da olar. Burada oxucu görür ki, XIX əsrdə
təhsil alan hər bir azərbaycanlı gənc təkcə
elm öyrənmirdi, onlar həm də milli ideyanın, milli
özünüdərk prosesinin daşıyıcıları
idilər. Məsələn, müəllif qeyd edir ki, Nurulla bəy
Ağarəhim bəy oğlu Məlikov, Qurbanov Əhməd
Hacı Qurban oğlu, Əbülfət ağa Nəcəfqulu
ağa oğlu Şahtaxtlı, Cahangir bəy Qayıbov və
digər tələbələr yalnız fərdi
uğurlarına görə deyil, həm də Azərbaycan
ziyalılığının gələcək üfüqlərini
işıqlandırdıqları üçün xüsusi dəyər
daşıyırlar. Onların fəaliyyəti bir daha
sübut edir ki, Azərbaycan gəncliyi XIX əsrin
sonlarından etibarən artıq dünya şərqşünaslıq
elminin geniş məkanına daxil olmuş, öz mövqeyini
təsdiqləmiş, sözünü demişdir.
Bu hissədə oxucu üçün xüsusi diqqətəlayiq məqam
odur ki, müəllif o tələbələrin qiymət vərəqlərinə,
arxiv sənədlərinə qədər enərək,
onların hansı fənlərdən üstün,
hansılardan zəif olduqlarını belə göstərir.
Beləliklə, professor Nadir Məmmədli tarixi simaları
yalnız "böyük adlar" kimi deyil, həm də
canlı, nəfəs alan, sevinən və çətinliklərlə
üzləşən real insanlar kimi təqdim edir. Belə
yanaşma elmi araşdırmanı daha da
doğmalaşdırır, oxucu ilə tarix arasında səmimi
bir körpü yaradır.
Kitabda Rusiya şərqşünaslıq
institutlarında Azərbaycan izləri
yalnız tələbə və müdavimlərin zəhməti
və uğurları ilə deyil, həm də institutun tarixi
vasitəsilə əbədiləşdiyinin şahidi oluruq.
"Son söz əvəzi"ndə müəllifin göstərdiyi
bir fakt bunu xüsusilə vurğulayır: Sovet İttifaqı
Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin
20 mart 1925-ci il tarixli qərarına əsasən, Moskva Şərq
Dilləri İnstitutuna həmin il vəfat etmiş
böyük dövlət xadimimiz Nəriman Kərbəlayi Nəcəf
oğlu Nərimanovun adı verilmişdir (s. 207). Qərar 21
avqust 1925-ci il tarixində qüvvəyə minmiş və
institut uzun illər boyu onun adını daşıyaraq elmi
ocağın tarixində əbədi bir iz qoymuşdur. Bunu
yalnız inzibati bir addım deyil, institutun divarlarına
vurulmuş milli yaddaşın möhürü saymaq olar.
Beləliklə, həm gənc
azərbaycanlı tələbə şərqşünasların
zəhməti, həm də Nəriman Nərimanovun
simasının institut tarixində əbədiləşməsi
göstərir ki, Azərbaycan ziyalıları yalnız milli məkanla
məhdudlaşmayıb, elmin böyük səhnəsində
sözünü demiş, gələcək nəsillərə
yollar açmışlar.
Monoqrafiyanın ikinci hissəsi
- "Alimlər və pedaqoqlar" - adını
doğruldaraq, Azərbaycan şərqşünaslığının
unudulmuş nəhənglərini dirildir, onları yenidən
elmi məkana qaytarır. Bu hissə təkcə faktların
toplusu deyil, həm də xüsusi bir elmi salnamə kimi
çıxış edir. Burada Mirzə Cəfər Rzayev,
Mirzə Cəfər Topçubaşov, Mirzə Abdulla Qafarov,
Mirzə Əbdülhəsən bəy Vəzirov (Zui) kimi həm
unudulmuş, həm də çox zaman səhv
tanıdılmış simaların ömür yoluna
işıq salınır. Rusiya şərqşünaslığın
yüksək səviyyədə inkişafına böyük
töhfələr vermiş bu elm adamları və pedaqoqlara
borcludur. Rus və Şərq dillərini mükəmməl
bilən bu azərbaycanlı şərqşünaslar
Rusiyanın bir çox görkəmli ziyalı və alimlərinin
- akademiklər A.A. Semyonov, V.A. Qordlevski, A.E. Krımski, eləcə
də məşhur türkoloqlar N.K. Dmitriyev, V.M. Nasilov, ərəbşünas
X. Baranov, iranşünas, monqolşünas, türkoloq və
islamşünas V.F. Minorski, Vs. Miller, A.A. Starikov, leksikoqraf
N.İ. Aşmarin və başqalarının - müəllimi
olmuş, müvafiq dilləri öyrənməkdə onlara
yardım etmişlər (s. 211). Söylənilən, nə təsadüfi,
nə də ötəri bir detaldır - milli elmi
yaddaşımız üçün taleyin sanki öncədən
yazdığı, tarixi baxımdan önəmli və simvolik
bir faktdır. Daha düşündürücü olan isə
budur ki, həmin faktı müəllif azərbaycanlı şərqşünaslara
qarşı qərəzli münasibəti ilə tanınan A.
Baziyansın əsərindən çıxarır.
Dünyaşöhrətli alim, akademik Vladimir Fyodoroviç
Minorski 1960-cı ildə Moskvaya XXV Beynəlxalq Şərqşünaslar
Konqresinə dəvət alır. 44 illik ayrılıqdan sonra,
83 yaşında vətənə qayıdarkən, o, Lazarev
Şərq Dilləri İnstitutunun binası önündə
dayanır, xatirələrə dalır və sevimli müəllimlərinə
dərin məhəbbətini, əbədi hörmətini
kövrək hisslərlə belə ifadə edir:
"...Yaddaşıma Vs.F.Millerin,
A.E.Krımskinin, M.O.Attayanın, Mirzə Cəfərin, Mirzə
Abdulla Qafarovun kölgəsi düşür: - Allah onlara rəhmət
eləsin!" (s. 212-213). Bu, bir etirafdır və göstərir
ki, azərbaycanlı şərqşünasların əməyi
yalnız kitab səhifələrində deyil, böyük
alimlərin vicdanında və yaddaşında da əbədi
yaşayır. Digər tərəfdən, bu nümunə təkcə
bir alimin nostalji duyğusu deyil, həm də bir həqiqətin
sübutudur: Azərbaycan alimlərinin fəaliyyəti
yalnız milli elmi məkanla məhdudlaşmayıb,
bütöv bir imperiyanın elmi düşüncəsinə
təsir göstərə, onun gələcəyini
formalaşdıra biləcək qədər miqyaslı,
geniş və əhatəli olub.
Monoqrafiyada müəllifin ən
mühüm xidmətlərindən biri
Rusiya şərqşünaslıq elminin görkəmli
nümayəndələri - fundamental tədqiqatları və
özünəməxsus pedaqoji fəaliyyəti ilə
seçilən iki azərbaycanlı şərqşünas
alimin - Mirzə Cəfər Rzayevlə (Rusiya şərqşünaslığı
ənənəsinin banisi hesab edilən) Mirzə Cəfər
Topçubaşovun (s. 20) qarışdırılması
faktına son qoymasıdır. İndiyə qədər bir
sıra mənbələrdə bu iki böyük şəxsiyyətin
bioqrafiyası qarışıq təqdim olunur, əsərləri
yanlış ünvanlara yazılırdı. Professor Nadir Məmmədli
arxiv sənədlərinə istinad edərək illərdir
davam edən yanlışlığı elmi əsaslarla təkzib
edir, hər iki alimin portretini ayrılıqda bərpa edir və
onların layiqli yerlərini elm tarixində təsbit edir.
Digər
diqqətçəkən faktlardan
biri Mirzə Abdulla Qafarovla
bağlıdır. Onun tərtib etdiyi "Farsca-rusca
lüğət" uzun illərdir ki, dünya şərqşünaslarının
stolüstü kitabına çevrilmişdir. Müəllif
akademik F.Y.Korşa istinadən haqlı
olaraq qeyd edir ki, bu lüğət yalnız rus
leksikoqrafiyası üçün deyil, həm də fars
dilçiliyinə mühüm yenilik gətirmiş, Rusiya sərhədlərindən
uzaqlarda belə, şərqşünaslar arasında müəllifinə
dərin hörmət qazandırmışdır (s. 22).
Sözünə davam edən müəllif yazır: "Təsadüfi
deyil ki, ilk çapından 62 il sonra da dəyişilmədən,
əlavələr edilmədən təkrar nəşr olunan
lüğət oxuculara "fars dilini öyrənmək və
klassik fars ədəbiyyatını tərcümə etmək
üçün qiymətli vəsait" kimi təqdim
olunmuşdur" (s. 22). Bu fakt bir daha göstərir ki, bir əsər
bəzən müəllifini əbədiləşdirən ən
etibarlı abidəyə çevrilə bilir. Mirzə Cəfər
Rzayevin, Mirzə Cəfər Topçubaşovun, Mirzə
Abdulla Qafarovun timsalında isə biz yalnız ayrı-ayrı
şəxslərin elmi xidmətlərini deyil,
bütövlükdə Azərbaycan şərqşünaslıq
məktəbinin miqyasını, onun rus və dünya elminə
bəxş etdiyi ölməz töhfələri
görürük.
Əsərdə azərbaycanlı şərqşünaslarla
bağlı elmi həqiqətin bərpası,
təhriflərə qarşı mübarizə ideyası
ön plana çəkilir. Kitabın dəyərini artıran
əsas cəhətlərdən biri də məhz budur, yəni
erməni müəlliflərinin saxtalaşdırmalarına
qarşı Nadir Məmmədlinin elmi qələmlə
apardığı mübarizə. Tarixin səhifələrinə
qəsd edənlər, qərəzli yazarlar Azərbaycan
adını kölgədə qoymaq istəsələr də,
Nadir Məmmədli bu əsəri ilə onların üzərinə
işıq salır, həqiqəti ucaldır. Məsələn,
A. Baziyansın Lazarev İnstitutu ilə bağlı
yazdığı bir məqalədə Mirzə Cəfər
haqqında qərəzli, hətta "məhvedici" ifadələr
işlədilir. Lakin Nadir Məmmədli arxiv sənədlərinə
söykənərək sübut edir ki, bunlar qəsdən
uydurulmuş böhtanlardan başqa bir şey deyil. Burada istər-istəməz
monoqrafiyaya Ön söz yazmış akademik Rafael Hüseynovun
fikirləri ilə razılaşmaq lazım gəlir. O haqlı
olaraq qeyd edir: "Öz ermənisinə aid mənfi rəyləri
Mirzə Cəfərin adına culayan A.Baziyans
kimi tarix təhrifçilərinin əksinə olaraq, Nadir Məmmədli
unudulmuş bir azərbaycanlı şərqşünası
bizə əsl əzəməti ilə yaxından tanıtmaq
kimi nəcib vəzifəni gerçəkləşdirib"
(s. 11).
Bu, artıq sadəcə elmi faktların dəqiqləşdirilməsi
deyil, milli ləyaqətin müdafiəsi, tarixin ədalət
tərəzisində bərpasıdır. Oxucu burada yalnız
bir alimin həyat hekayəsini deyil, həm də millətin
qürurunun, kimliyinin qorunmasını görür. Belə
halda sözügedən monoqrafiya milli elm və milli vətənpərvərliyin
bir-birinə qovuşduğu bir amalın ifadəsinə
çevrilir.
Nadir Məmmədlinin kitabı
göstərir ki, azərbaycanlı alimlərin
fəaliyyəti yalnız quru elmi nəticələrlə
ölçülə bilməz. Onların hər biri öz
ömrü ilə milli kimliyi, milli qüruru, milli
mövcudluğu qoruyan bir qalaya çevrilmişdir. Müəllif
özü də məhz bu mövqedən
çıxış edir. Ön sözdə deyildiyi kimi:
"az da olsa, Nadir Məmmədli kimi başını
aşağı salaraq fəhlə zəhməti çəkən,
elmə sədaqətlə qulluq edən, daha dərinlərə
baş vura bilməkçün çalışmaqdan,
axtarmaqdan usanmayanlar da var" (s. 4).
Bu sözlərdə müəllifin
cəfakeş elmi yoluna verilmiş yüksək
qiymətlə yanaşı, kitabın ruhu da
açılır: zəhmətlə, sədaqətlə, fədakarlıqla
qurulan bir yolun, milli yaddaşın və həqiqətin qorunub
yaşadılmasının ruhu.
Monoqrafiyanın Azərbaycan humanitariyası
və şərqşünaslığı
üçün doğurduğu və ya doğuracağı
ictimai rezonansı, gələcək tədqiqatlara
açdığı yolları da xüsusi olaraq qeyd etmək
lazımdır. Çünki bu kitab sadəcə
keçmişin salnaməsi deyil, həm də gələcəyin
proqramıdır (həm monoqrafiyanın, həm də Ön
sözün). Müəllif(i) göstərir ki, mövzu
tamamlanmır, əksinə, yeni istiqamətlərə, yeni
araşdırmalara yol açır. SSRİ Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutunda fəaliyyət göstərmiş azərbaycanlı
alimlərin də ayrıca monoqrafik tədqiqata ehtiyacı
olduğunu vurğulaması əslində bir alim
çağırışı deyil, bir milli proqramın
başlanğıcıdır.
Əsərin ictimai rezonans doğuran ən mühüm tərəflərindən
biri isə milli ideologiya ilə bağlılığıdır.
Nadir Məmmədli, "Azərbaycançılıq"
mövzusunda yazdığı məqalələrdə
olduğu kimi, bu monoqrafiyada da milli özünüdərki
gücləndirən bir mövqedən çıxış
edir. Burada yalnız quru faktlar deyil, həm də milli qürur,
milli dirəniş, milli yaddaşın qorunması ideyası
ön plandadır.
Bu əsərdən çıxarılmalı
əsas nəticə birmənalıdır:
unudulmuş, yaddan çıxarılmış, tarixdən
silinməyə çalışılmış azərbaycanlı
şərqşünasların ömür yolu üzə
çıxarılır və tarixi sükutun sinəsini yaran
elmi tədqiqat kimi tarixə həkk olunur. Oxucu bu kitabı vərəqlədikcə
yalnız bir qrup azərbaycanlının bioqrafiyasını
öyrənmir, o, millətin yaddaşına hopdurulmuş
ağır susqunluğun necə dağıldığına,
necə aradan qaldırıldığına şahidlik edir.
Sanki tarixin toz basmış səhifələri silkələnir,
sükutun bağrı yarılır və hər bir azərbaycanlı
alimin səsi günümüzün qulaqlarına yetişir.
Professor
Nadir Məmmədlinin əsəri
bir daha göstərir ki, tarix bəzən susa bilər, amma həqiqət
heç vaxt susmur. Həmin həqiqəti üzə
çıxarmaq üçünsə yalnız tədqiqatçı
zəhməti deyil, həm də vətəndaş vicdanı
gərəkdir. Bu monoqrafiya həm zəhmətin, həm
vicdanın, həm də milli borcun məhsuludur.
Bu kitab
milli elmimiz üçün sadəcə
bir mənbə deyil, həm də gələcək nəsillərə
ünvanlanmış bir çağırışdır:
unutmayın, öyrənin, davam etdirin! Çünki bu xalq
yalnız şairləri və qəhrəmanları ilə
deyil, həm də alimləri ilə böyükdür, nəhəngdir.
Və nə qədər ki, belə əsərlər
yazılır, nə qədər ki, tarix susqunluqdan
qurtarılır, Azərbaycan(lı) zəkasının
işığı əsla sönməyəcək - əksinə,
nəsildən-nəsilə, ürəkdən-ürəyə
yol alaraq parlayacaq!
İlham TAHİROV
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, №34.- S.22-23.