Ağlın
özünə getməsin...
Ömrünün
ən müdrik çağlarını yaşayan, eyni zamanda
da gənclik həvəsilə yazıb-yaradan qələmdaşım
Güləmail Muradı "Ağlın özünə getməsin,
Güləmail gül kimidir" misralarıyla
tanımışam. Şəxsi
tanışlığımızın da təəssüratlarını
üstə gəlsəm, mən onun simasında adının
mənasıyla şəxsiyyəti, insani dəyərləri
üst-üstə düşən sənət dostumu
tapmışam. Onun son dərəcə səmimi, duyğusal təbiəti
həmişə mənim üçün əziz olub.
Zarafatla dediyim "bacılar sırasının əbədi
sakini" sözlərimi xoş bacı təbəssümüylə
qarşılayıb həmişə. Eyni zamanda da
kitablarını dönə-dönə oxumuşam, o kitablar
barədə təəssüratlarımı ifadə edən
bir neçə məqalələr yazıb çap
etdirmişəm. Yaradıcılığını müxtəlif
yönlərdən dəyərləndirmişəm. Və mənim
üçün xoş olub ki, Xalq yazıçısı
Anar, Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı
Çingiz Abdullayev, akademik Nizami Cəfərov və
başqalarının da Güləmail xanımın sənəti,
vətəndaşlıq mövqeyi barədə söylədikləri
fikirlərimi tamamlayıb. Yanılmadığımı
görmüşəm.
Millət
vəkili, Milli Məclisin komitə sədri Fazil Mustafa 75 illik
yubileyi münasibətilə Güləmail xanıma
ünvanladığı təbrik məktubunda haqlı olaraq
qeyd edir ki, siz Vətənə və sözə könül
vermiş qələm adamısınız:
"Yaradıcılıq yolunuz həm də ictimai
şüurun formalaşdırılmasına, vətənpərvərlik
təbliğatına, milli kimliyimizin, mənəvi dəyərlərimizin
təməl sütunları olan tarix və mədəniyyətin
yaşadılmasına xidmət edən ədəbi-vətəndaşlıq
missiyası təsiri bağışlayır. Siz müəllim
kimi çalışarkən də, nəşr etdirdiyiniz
onlarca kitablarınızda da ictimai məsuliyyətinizi
unutmamısınız... Əsərlərinizdə milli
yaddaşın səsi, ana torpağın harayı, şəhidlik
zirvəsinin əzəmətli, lirik duyğuların hayku və
vaka bədii jarnlarda yenilənməsi, mədəni irsimizə
lətafətli baxış - hər bir özünəxas
poetik keyfiyyətlə zəngindir. Özəlliklə,
Qarabağ mövzusu, Aprel döyüşləri, tarixi Zəfərimiz
və Milli Qəhrəmanlara həsr etdiyiniz, əsərlər
gələcək oxucular üçün həm də tarixi
önəm daşıyacaqdır... Təmsil olunduğunuz təşkilatlar,
layiq görüldüyünüz ödüllər,
yaradıcılıq örnəklərinizin müxtəlif
dillərə çevrilməsi - bütün bunlar təqdirəlayiqdir.
Əminəm ki, öz vətəndaş mövqeyimizlə
bundan sonra da milli-mənəvi dəyərlərimizin
qorunmasına, gənc nəslin mənəvi tərbiyəsinə
və mədəni mühitimizin zənginləşməsinə
töhfə verəcəksiniz".
Əlbəttə
ki, belə olacaq. Çünki Güləmail xanımın səmimi,
duyğulu yaradıcılıq yolu bu dəyərlərə
hesablanıb. Öz xalqının mədəniyyətinə,
milli dəyərlərinə, tarixinə və ədəbiyyatına
xidmət işiylə bağlı olub. Məhz bu baxımdan ədəbiyyatşünas
alim Salidə Şərifova Güləmail Muradın "Nuru
Paşa dastanı" əsərindən bəhs edərkən
yazır ki, bu poema Türk dünyasının birliyini əks
etdirən poema nümunəsi kimi dəyər kəsb edir:
"O, irəli sürdüyü ideyaların əsas ifadəçisinə
Nuru Paşanı çevirə bilir... Poemada maraqlı məqam
Güləmail Muradın zəfərin bədii təsvirini təqdim
etməsidir. Şair vətən müharibəsində zəfər
əldə etməyimizi əks etdirməklə yanaşı,
bu məqamı qəhrəmanların xarakteri ilə yanaşı, əsərin əsas
ideyası kimi təqdim edilə bilməsinin
labüdlüyünü əks etdirir. Qələbənin əldə
edilməsini tarixin təkrarlanması kimi əks etdirən
müəllif bu fikirlərində haqlı olmasını
poetik dillə təsdiq edir".
Tanınmış
şair, AYB-nin katibi Səlim Babullaoğlu G.Muradın
yaradıcılıq özəlliklərindən bəhs edərkən
haqlı olaraq vurğulayır ki, onun kimi vətəndaş
şairlərin qələmi və istedadı, ən
başlıcası isə, həqiqi vətəndaş sevgisi
sayəsində xalqımızın zəfər dolu
çağdaş tarixi bədii tarixə çevrilir: "Şairə
Güləmail Muradı haqqıyla, ürəklə
çağdaş Azərbaycan "vətəndaş
şeiri"nin öndərlərindən hesab etmək olar,
xüsusən, son illərdə yazdığı əksər
şeir və poemaları, publisistik əsərləri məhz
millətimizin uzaq və yaxın tarixindən, qəhrəman
oğullarımızın saf düşüncə və
arzuları, azadlıq duyğusu, ictimai problemlər, doğma
yurda, elə-obaya sevgi ilə dolub-daşır".
Xalq
yazıçısı Anar G.Muradın
yaradıcılığından sonsuz səmimiyyətlə
söz açır: "Siz öz mövzusu olan şairsiniz və
bunu yazıçı, şair üçün önəmli
sayıram. Siz şəhid analarının dilindən
yazdığınız şeirlərdə
xalqımızın böyük kədəri, eyni zamanda,
qüruru, dəyanəti, əyilməzliyinin bədii ifadəsini
verirsiniz. Bəzən tədbirlərdə sizə Güləmail
Ana deyə müraciət edirlər və haqlıdırlar.
Çünki siz şeirlərinizdə bütün Azərbaycan
analarının sözçüsü kimi
çıxış edirsiniz... Redaktorluğunu unudulmaz Fikrət
Qocanın elədiyi yapon hoykularından ibarət
kitabınız isə sizin dünya poeziyasına olan
marağınızı göstərir..."
Güləmailin
şeirlərində məzh onun öz pünhan
dünyasına məxsus, onun olan, onunla bir uyuyan, bir oyanan bir
Günəş obrazı var. Bu sevdalı günəş
eynilə qarabağlı Ağabəyim Ağanın unudulmaz
"yarım gecə gəldi, gecə getdi, heç bilmədim ömrüm necə
gəldi, necə getdi" misralarında təqdim edilən
könül dostunun bənzəri, ekiztayı kimidi. Eyni
ovqatı, yaşamı sərgiləyir bu misralar:
O gün
Günəş
məndə
gecələdi.
Dan
söküləndə getdi...
Getdi...
Ancaq imisti nəvazişini, xatirəsini özüylə
aparmadı. Sevən bir könülü, yol gözləyən
bir aşiqi ilin hər fəslində, gecəbəgündüz
gözləri yol çəkən qəm pəncərəsinə,
bir şam işığına çevirib getdi... Bu
gedişin ayrılıqlar ünvanına döndərdiyi qəlbin
"üstündən karvan yeriməz
dağları"nı, "diri olduqca libas, ölüncə
kəfən" olan qiyafəsini bir yeni biçimdə
göz önünə gətirir Güləmailin poetik təsvirləri.
Bu poetik təqdimatlarda olduqca vəfalı, fədakar,
ümidli bir aşiq obrazı sərgilənir. Bu aşiq
çəkdiyi cəfalardan bezmir, usanmır, Məcnunanə,
Fərhad misallı bir tale yaşayır. Dalana dirəndiyi hər
bir məqamda vüsala yetməyin yeni yollarını
arayır. Gözləri yeni yollar "çəkir".
Baxışları yeni ümidləri qonaq eləyir. Eşqin
ölməzliyini, dönəriliyini gecə
qaranlığından doğulan səhər şəkillənməsilə
təqdim edir. Və bu təqdimatlar Güləmailin təsvirində
son dərəcə cazibədar, təbii, yaddaqalandı...
Ədəbi
tənqidin dəyərləndirməsi bu baxımdan
özünü yüzdə-yüz şəkildə
doğruldur ki, həqiqətən də Güləmailin hətta
yapon şeir tərzində qələmə aldığı
haykularında belə "Azərbaycan şeirinin bədii təsvir
və bədii ifadə üsulları obrazlı deyim tərzi
ilə diqqəti çəkir".
Güləmail
öz mövzularına sadiq, bu mövzularda özünü
tapa bilən, özünü bu məkanda rahat hiss edən
söz adamıdı. Deyək ki, vətənpərvərlik
mövzusu, yurd uğrunda savaşmış qəhrəman
oğullarımızın əziz xatirəsi onun ən
başlıcası öygü yeridi. Bu mənada Güləmailin
"Döyüş yolları" kitabında yer alan
eyniadlı poeması, "Canını Vətənə sərhəd
elədi", "Günküt zəfəri" və s.
kitablarına daxil etdiyi poetik nümunələr xüsusi diqqət
çəkir. Sözügedən kitablarda yer alan poetik
nümunələrdə "Əlində avtomat,
çiyin-çiyinə Vətən sərhəddində
duran əsgərlər"imizin cəsur, şanlı həyat
və zəfər yolu yüksək vətəndaşlıq
duyğuları, dərin ehtiram hissilə qələmə
alınır.
Sərvaz
HÜSEYNOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 19 sentyabr, ¹34.- S.25.