Dilçiliyimizin sabahına gənc nəfəs
Dil haqqında elm - ümumi dilçilik - çoxəsrlik
yol keçmiş, bu yolboyu böyük
məktəblər və
görkəmli alimlər
öz izlərini qoymuşdur: Qədim Mesopotamiya və Misirdə yazı ilə bağlı ilkin təsəvvürlər,
Çində nitqin fəlsəfi mahiyyəti barədə düşüncələr,
Paninidən başlayan
hind qrammatika ənənəsi,
Qədim Yunanıstanda
fəlsəfə və
ritorika müzakirələri,
orta əsrlər ərəb-müsəlman-türk dilçiliyi, Por-Royal rasionalizmi,
Avropada müqayisəli-tarixi
metodun doğuluşu,
Humboldtun dil fəlsəfəsi, Sössürün
struktur konsepsiyası,
XX əsrin strukturalizm
məktəbləri, N.Xomskinin
generativ nəzəriyyəsi
və nəhayət, müasir multidisiplinar yanaşmalar... Hər biri dil adlı
sirli kainatın müxtəlif qatlarını
işıqlandırmışdır.
Bu işıq dalğaları
yalnız nəzəriyyədə
qalmamış, monoqrafiyalarda,
dərsliklərdə, müntəxəbatlarda
sistemləşdirilmişdir. Dilçilik laboratoriyalarda
deyil, həm də auditoriyalarda - müəllimin səsində,
lövhədəki izahda,
tələbə qeydlərində
yaşamışdır. Hər
yeni kitab, hər yeni kurs
minillik elmi yaddaşın bugünkü
nəfəsi olmuşdur.
Azərbaycanda da bu ümumbəşəri
ənənənin davamı
formalaşmışdır. B.Çobanzadədən başlayaraq
N.Məmmədov, A.Qurbanov,
A.Axundov, A.Babayev, Z.Verdiyeva, F.Ağayeva, M.Adilov, Ə.Rəcəbli,
N.Cəfərov və
başqalarının dərslikləri
bu yolun Azərbaycan dilçiliyindəki
ifadəsidir. Onlar həm dünya nəzəriyyələrinin sistemli
təqdimatını, həm
də milli elmi düşüncəmizi zənginləşdirmişdir.
Bu gün həmin ənənəni gənc tədqiqatçı Qismət
Cəfərov davam etdirir: onun "Ümumi dilçilik mühazirələri" tələbələrin
ixtiyarına verilir. Müəllif bundan əvvəl də "Ümumi dilçilik müntəxəbatı", "Ümumi dilçilik etüdləri", "Ümumi
dilçilik oçerkləri"
(şərikli) kitablarını
yazmışdır.
Adətən belə dərslikləri
təcrübəli və
daha yaşlı alimlər yazır. Lakin bəzən elm üçün
gərəkli olan yeni
nəfəs məhz gəncliyin cəsarətində
tapılır. Qismət
Cəfərovun təşəbbüsü
də göstərir
ki, Azərbaycan dilçilik
elminin sabahı üçün ümidverici
qüvvələr yetişməkdədir.
Onun sözügedən
mühazirələr kitabı,
əslində, qədimdən
gələn elmi dalğaların Azərbaycan
auditoriyasındakı yeni əks-sədası
sayıla bilər. Bu
da göstərir ki, dilçilik
təkcə elm deyil, həm də ənənədir; təkcə
nəzəriyyə deyil,
həm də nəsildən-nəslə ötürülən
mənəvi mirasdır.
"Ümumi dilçilik mühazirələri" müəllifin
həm elmi araşdırmalarına, həm
də BDU-da apardığı
mühazirələrə əsaslanır.
Kitabın strukturu ardıcıllığı ilə
seçilir: dilçiliyin
predmeti, tarixi, metodları, dilin mahiyyəti, ekstralinqvistika,
interdisiplinar yanaşmalar
- hamısı bir-birini
tamamlayan zəncirin halqalarıdır. Kitab müəllifi
tələbəyə yalnız
faktları təqdim etmir, müqayisə etməyə, nəticə
çıxarmağa da yönləndirir.
Kitabın girişində müəllif
deyir: "Dilçiliyin,
yəni dil haqqındakı elmin üstünlüyü odur
ki, o, öz baxışlarını
tənzimləyə bilir;
hətta yanlış
nəzəriyyələr müəyyən
bir dövrdən sonra maraqlı nəticələr verə,
redaktə oluna bilir. Bu mənada dilçilikdə tam səhv
nəzəriyyə yoxdur".
Bu fikir yalnız elmi tezis deyil,
həm də gənc bir tədqiqatçının
nəzəriyyələrin dialoquna verdiyi dəyərin göstəricisidir.
Müəllifin izahında dilçilik
tarixi sadəcə faktların xronologiyası
kimi yox, poetik-metaforik bir yol kimi təqdim
olunur: qədimdən gələn işıqlar
birləşərək müasir
dilçiliyin bilik səmasında yeni şəfəq
yaradır. Burada Panini
qrammatikası ilə Xomskinin generativ nəzəriyyəsi arasında
qurulan əlaqə də diqqətəlayiqdir
- gənc müəllif
yalnız tarixi ardıcıllığı izləmək
deyil, müasir nəzəriyyələrin köklərini
göstərmək istəyir.
Əsərin güclü cəhətlərindən
biri mürəkkəb
nəzəriyyələrin sadə, aydın və bəzən poetik izahıdır. Məsələn, Sössürün
"dil və nitq" konsepsiyası belə şərh olunur: "Nitq fəaliyyəti, əslində,
dil + nitq deməkdir. Dil ona görə lazımdır ki, nitq anlaşılan olsun, nitq isə ona
görə lazımdır
ki, dil təşəkkül
tapsın". Bu izah mürəkkəb nəzəriyyəni
bədii bir metaforaya çevirir.
Kitabda ənənə ilə yeniliyin dialoqu aydın görünür.
Yuxarıda adları çəkilmiş Azərbaycan
dilçilərinin ümumi
dilçiliyə aid dərslikləri
dilçiliyimizin bu sahəsinin elmi təməlini təşkil
edir. Qismət Cəfərovun kitabı (və adlarını çəkdiyimiz digər
tədqiqatları) isə
bu təməl üzərinə qoyulmuş
yeni daş, gənc bir filoloqun elmi
mozaikaya əlavə etdiyi yeni rəngdir. Klassik dərsliklər əsasən sistemi bütöv təqdim edirdisə, Qismət Cəfərovun işində
müəllifin şəxsi
müşahidə və
təhlilləri də
öz yerini tutur. Bu isə dərsliyi təkcə tədris vəsaiti deyil, həm də müasir dilçilik tədqiqatlarına
töhfə kimi dəyərləndirməyə imkan verir. "Ümumi dilçilik mühazirələri" həm
də elmi tədqiqatlar yolunun başlanğıcında olan
bir gənc filoloqun öz səsini eşitdirmək cəhdi də sayıla bilər. Və bu səs,
zənnimizcə, artıq
eşidilməkdədir - həm
tələbə auditoriyasında,
həm də ümumən Azərbaycan elmi mühitində.
Əsərin dili canlı, üslubu səmimidir. İzahlar həm akademik, həm də maarifləndiriçi
səciyyəsi ilə
seçilir. Müəllifin
təhkiyə dilinin diqqətçəkici cəhətlərindən
biri tələbələrlə
birbaşa ünsiyyət
və müraciət formalarından istifadə etməsidir: "əziz tələbələr", "tələbə dostlar",
"İndi sizə elə
bir məktəb haqqında danışacağam
ki...", "Bir az da Sössürün
müqayisələrindən danışaq". Bu cür
müəllif təhkiyəsi
oxucunu passiv müşahidəçidən fəal iştirakçıya
çevirir. Bu xüsusiyyət
kitabı həm tələbə üçün
"dərs otağında
işıq", həm
də elmi ictimaiyyət üçün
"gənc bir nəfəsin sorağı"na
çevirir.
Əminliklə demək olar ki,
Qismət Cəfərovun
bu əsəri Azərbaycan dilçilik elminin davamlı inkişafına verilən
dəyərli töhfədir.
Kitab həm müəllifin
gələcək fəaliyyətinə
stimul olacaq, həm də tələbələr üçün
mürəkkəb elmi
yolları asanlaşdıran
bələdçi rolunu
oynayacaq.
Gənc
bir filoloqun açdığı bu cığırın sonunda
geniş elmi üfüqlər boylanır;
o üfüqə doğru
atılan hər addım isə günbəgün daha da möhkəmlənir.
İlham
TAHİROV,
filologiya elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.- 2025.- 19 sentyabr, №34.- S.27.