Ramiz Qusarçaylının
"Vətən" və
"Şuşalı
Vətən" poemalarında zəfər motivləri
Müasir
Azərbaycan ədəbiyyatının
ən oxunaqlı və vətənpərvər
şairlərindən biri
olan Ramiz Qusarçaylının
ədəbi irsi olduqca zəngindir və yaradıcılığının
məzmununu əsasən
lirik-fəlsəfi və
vətən mövzuları
təşkil edir.
"Azərbaycan bayrağı"
şeiri ilə oxucuların qəlbinə
yol açan şairi vətən mövzusu daim düşündürmüş, məşğul etmişdir.
Qarabağ, Şuşa,
Xocalı, işğal
dərdi, şəhid
taleyi, erməni xəyanəti, xəyanətə
rus havadarlığı
və s. kimi məsələlər şairin
bu mövzulu əsərlərinin tərkib
hissəsi kimi şaxələnir. "Vətən"
poemasında Azərbaycanın
ta qədimdən bu günə kimi keçdiyi tarixi yolu elmi aspektdən
araşdıraraq bədii
əsərə çevirən
şair paralel şəkildə işğal-zəfər
tarixi səhifələrinə
də işıq tutur. 2017-2021-ci illərdə
qələmə alındığı
üçün əsərdə
müəllifin işğalla
bağlı hiddət,
təəssüf, ağrıtək
duyğuları nə
qədər canlı əks olunubsa, 44 günlük tarixi zəfərdən sonra sevinc, qürur, fəxarət kimi hissləri də o qədər qabarıq şəkildə inikas edilib. "Şuşalı
vətən" poeması
isə birbaşa olaraq zəfər tarixinin təntənəsinə
ucaldılmış bədii
nümunə kimi xarakterikdir.
Ramiz Qusarçaylını ədəbiyyatımızda
geniş oxucu kütləsinə daha çox tanıdan və sevdirən onun "Azərbaycan bayrağı" şeiri
olmuşdur. Hər sətri mübarizlik ruhunun nərəsi ilə cilalanmış, ədəbiyatşünas alim Vaqif
Yusiflinin təbirincə
desək, "vətən
sevgisindən barınan,
doğma yurda dərin məhəbbətlə
misra-misra hörülmüş"
bu şeir ədəbiyyatımızda bayrağa
həsr olunan ən gözəl bədii nümunələrdən
biri hesab olunur. Misralarında Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza mübarizliyi duyulan şairin yaradıcılığından vətən mövzusu, Qarabağ mövzusu ana xətt kimi keçir:
Davam nə can davasıdı,
Nə də yorğan davasıdı,
Azərbaycan davasıdı,
Ayrı
dava mənlik deyil.
Qarabağın erməni işğalında
olduğu otuz il müddətində şair
mütəmadi şəkildə
bu məsələni əsərlərində əks
etdirmiş, vətənin
kədərini şəxsi
kədəri kimi qəbul etmiş, yaşamış, misralarında
yaşatmış, vətən
dərdinin oxucular üçün adiləşməsinə
imkan verməmişdir.
Vətən mövzusunun
Ramiz Qusarçaylı yaradıcılığındakı
çəkisi haqqında
tənqidçi, ədəbiyyatşünas
Əsəd Cahangir yazır: "O, dünyaya
vətəndən yazmaq,
şeirə "Vətən"i
yazmaq üçün
gəlib".
Asmışam Vətəni kirpiklərimdən,
-
Gözümdən Xocalı, Şuşa
tökülür.
Şair
periodik olaraq bu mövzuya müxtəlif aspektlərdən
yanaşmış, problemin
həllinə fərqli
tərəflərdən işıq
salmağa çalışmışdır.
O, gah hiyləgər düşmənə
nifrət hissinə köklənir, gah vətəni
qoruya bilmədiyi üçün özünü
günahkar bilən hər bir vətəndaş
kimi təəssüf
edir:
Tanrı
səni nurdan var eyləmişdi,
Cənnətin gözündə yer
eyləmişdi,
Çopur daşını da pir
eyləmişdi,
Mən səni qoruya bilmədim, Vətən.
Gah xalqın oğullarını
mübarizəyə səsləyir,
gah da Şuşa arzusunu
bədii predmetə çevirir:
Şuşada sən qonduğun
daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə
kölgən düşən
torpağı,
Azərbaycan bayrağı!
Hər bir sətri ayrılıqda məzmun və məna tutumu ilə fərqlənən Ramiz Qusarçaylı
oxucu sevgisi ilə yanaşı, dövrün ədəbiyyatşünasları
tərəfindən də
diqqəti cəlb etməyi bacarmışdır.
Müasir dövr ədəbiyyatşünas alimi,
professor Nizami Cəfərov
Ramiz Qusarçaylı ədəbi
irsini yüksək dəyərləndirərək yazır: "Ramiz Qusarçaylı
müasir Azərbaycan
poeziyasının o görkəmli
nümayəndələrindəndir ki, qələmindən çıxan
hər bir şeirdə son dərəcə
aydın duyulan özünəməxsus yaradıcılıq
enerjisi var. Və heç bir tərəddüdsüz demək
olar ki, illər keçdikcə bu enerji daha da güclənir, şairin ruhi-mənəvi dünyasının
daha dərin qatlarından gəlir, daha mühüm sosial-ideoloji mətləblərin
ifadəsinə xidmət
etməklə, bütövlükdə,
bugünkü bədii
sözə hörmət,
nüfuz gətirir".
Şairin
2017-2021-ci illər ərzində
yaratdığı "Vətən"
poeması ədəbiyyatımızda
Azərbaycan tarixinin
ta qədimdən müasir
dövrümüzədək tarixi-siyasi mənzərəsini
bədii çalarlarla
əks etdirən bənzərsiz poetik nümunədir. Şair poemada hələ "Azərbaycan" və
"azərbaycanlı" məfhumunun yaranmadığı
dövrdən bu günümüzədək yol
gələn milli kimliyimizin
formalaşma, dərkedilmə
tarixini, xalqımızın
qələbələrini, başına
gətirilən faciələri,
işğal səhifələrini
tarixi dəqiqlik və estetik zövqün mütənasibliyində
təqdim edə bilmişdir. Torpaqlarımızın
işğal altında
qaldığı son illər
yazılmağa başlayan
poema qızıl hərflərlə tariximizə
yazılan zəfərdən
sonra tamamlanmışdır.
Məhz bu səbəbdən də poemanın bir hissəsində əsas qafiyələrdən biri kimi aktuallaşan "İtirdim, vətən!"
nidası poemanın sonuna yaxın "Qaytardım, vətən!"
sevinci ilə tamamlanır.
Səni
qazi-qazi qaytardım, Vətən,
Qəhrəman-qəhrəman qaytardım səni.
Səni
şəhid-şəhid qaytardım,
Vətən,
Cana-can, qana-qan qaytardım səni.
Ramiz Qusarçaylı 2022-ci ildə
qələmə aldığı
"Şuşalı vətən"
poemasında da bu missiyanı uğurla tamamlaya bilmişdir. "Şuşalı
vətən"i öz
sələflərindən fərqləndirən
əsas məziyyəti
bütövlükdə zəfər
ab-havasında qələmə
alınmasıdır. Poema
Şuşanın qələbə
təbəssümünün bədii tablosu kimi təsvir edilib. Poemada Şuşa onomastik vahid olmağın hüdudlarından çox-çox
kənara çıxıb,
daha çox ədalətin təcəllisinin
fəlsəfi və mistik obrazı kimi yaradılıb. Bu
zaman o, bəzən işğal
taleyini xatırlayaraq bağrının şan-şan
olmasının acısını
hiss edir, təəssüf
və ağrı hissi ilə qovrulur, dərdini özünə danışır,
zəfər gətirən
oğulların gəlişi
ilə qamətini dikəltməyə, erməni
xislətinin doğurduğu
vandal izlərinin, ruhundakı
mənəvi və fiziki yaralarını sarımağa çalışır.
Bu tabloda hər bir hiss bütün detalları ilə çəkilib: otuz illik nisgil, gözlənti,
alnımıza sürülən
ləkənin təmizlənmə
istəyi, mübarizlik
ruhu, şərəfli
döyüş yolu keçərək haqqı
olan qələbəni
qazanmış əsgər
oğulları ilə
qürur duyan ana təbəssümü. Poemada
Şuşanın Azərbaycan
siyasi-ictimai, bədii fikir tarixində bir şəhərdən daha artıq əhəmiyyət kəsb
etməsi bənzərsiz
tərzdə ifadə
olunur:
Şuşa şəhər deyil,
-
Azərbaycanın
Ürəyi içində sınan
şüşəydi,
Bu nə oyunuydu başına gəldi,
Bu nə vahiməydi,
nə əndişəydi?..
Böyük zəfərin əsas
memarı olan müzəffər Ali Baş
Komandan cənab Prezident İlham Əliyevin
dilindən deyilən
"cəhənnəm oldu"
ifadəsinin qafiyələşməsi
əsərin intonasiyasına
xüsusi ahəng qatır:
"Dağlarda toy" adlı
Şuşa döyüşü
"Dənizdən dənizə"
hay xülyasının
İlkin
təməliydi,
çin
olmasıydı.
Varıb
Xankəndidən İrəvanacan,
Varıb
Ağrıyacan,
Varıb
Vanacan
Erməni
mifinin yayılmasıydı,
-
cəhənnəm oldu...
Ramiz Qusarçaylı əgər "Vətən
poemasında xronoloji şəkildə işğaldan
əvvəlki və sonrakı taleyini, buna paralel olaraq torpaqların itirilməsinin
bir vətəndaş
kimi milli heysiyyətində
yaratdığı təlatümləri,
qələbənin ruhunda
yaratdığı vulkanları
əks etdirirsə,
"Şuşalı vətən"
poemasında artıq bu cəhətlər iç-içə təqdim
edilir, qarşılaşdırılır.
Şair bədii proyeksiyanın istiqamətini
Şuşanın işğal
olunması ərəfəsindəki
faciəli günlərdən
birbaşa zəfər
günlərinə çevirir.
Şairin poetik ustalığı bu tip
ani keçidlərin belə
estetik alınmasına
imkan yaradır...
Şair
Şuşanın yaşadığı
faciələri və
bugünkü fəxarətli
qayıdışı səthi
qarşılaşdırma kontekstindən
çıxararaq dərin
məna yüklü poetik konsentrasiya yaradır. Bədii tabloda qara rənglərlə
əlvan və parlaq rənglərin təxminedilməz uyğunluğu
ərsəyə gəlir.
Dilə gətirilməyə
utanılan həqiqətlər
yada salınır, ədalətin
gözlənilən təcəllisi
tərənnüm olunur:
Boylanır cənnətin təmas
yerindən,
Namusun, qeyrətin xilas yerindən,
Xofun, xəyanətin iflas yerindən...
Poemada Azərbaycan əsgərinin
mətinliyi, qorxmazlığı,
vətənin azadlığı
uğrunda, ədalətin
bərpası uğrunda
ölümü belə,
gözə alaraq vuruşması nüansı
qabarıq ştrixlərlə
əks olunub. Bu cəhət qələbənin
qarantı kimi dəfələrlə vurğulanır.
Yalın əllə Şuşaya daxil olan, hər biri özlüyündə
alınmaz qala kimi xarakterizə olunan Azərbaycan əsgəri lirik-epik poemanın əsas obrazlarından biridir. Bəzən Şuşa obrazı ilə Azərbaycan əsgərinin
bir çox xüsusiyyətləri eynilik
təşkil edir. Bu məqam ana-övlad bənzərliyi kimi təbii təəssürat
oyadır:
Hər daşın üstündə
şəhid nəfəsi,
Hər daşın altında şəhid qanı var.
Şuşanın nəfəsi igid
nəfəsi,
Şuşanın ər şözü,
hürr dastanı var!
Müəllif qələbədən sonra şəxsən Şuşaya səfər etmiş, canlı gördüyü mənzərələrin
poetik tablosunu yaratmışdır. Sairin
ilhamla qələmə
aldığı "Şuşalı
vətən" poemasında
şəhərin məhəllə-məhəllə,
oba-oba, divar-divar, hətta məzar-məzar özünə qayıdışı,
bu qayıdışın
müqəddəs qürurunu
təsvir etmək üçün misraların
ahəngi oxucunu valeh edir. Şeirin
sadə və axıcı dili əsərin daha oxunaqlı olmasını təmin edir.
Ədəbiyyatımızın yeni yaranan zəfər poeziyası istiqamətində vətənin
qələbəsi, zəfəri
haqqında çoxsaylı
əsərlər yaranır
və yaranacaq. Bu yöndə yaranan əsərlər içində
"Vətən" və
"Şuşalı vətən"
poemaları xüsusi bir çəkiyə malikdir və oxucular tərəfindən
hədsiz sevilir. Vətənpərvərlik ruhunda
yazılmış bu əsərlərin daha geniş oxucu kütləsinə çatdırılması,
ali və orta məktəb proqramlarına salınması,
daha geniş miqyasda təhlil edilməsi məqsədəuyğundur.
Kəmalə BAYRAMOVA
Ədəbiyyat qəzeti.- 2025.-
19 sentyabr, ¹34.- S.28.