"Məni
şeirə bənövşələr
gətirdi"
Məstan Günərin 90 yaşına
Məstan Dəmirçioğlu. Məstan Əsrikli. Məstan Məsum.
Məsum Əliyev. Məstan. Məstan Günər.
Bu imzalar əlli ildən artıq poeziya yolçusu olan bir
şairin tanıtmaları idi. Amma hansı imzaynan
çıxış etməyinə baxmayaraq bir şeirindən,
hətta bir misrasından bilirdik ki, bu şeir Məstanındır.
Bəli,
o, dəmirçi oğlu
idi. Sonralar onun misraları da, elə bil dəmirçi kürəsindən
çıxmışdı - möhkəm, özüllü.
İsti.
Bəli,
o, Tovuzun Əsrik -
Cırdaxan kəndində anadan olmuşdu. Atası müharibədə
həlak olmuşdu. Anası böyütmüşdü onu.
Sonralar ən gözəl şeirlərindən birini
anasına həsr etmişdi. O şeiri Azərbaycan
poeziyasında ən lirik, ən həzin, ən duyğulu ana
şeirlərindən biri hesab edirik.
Səndən ötrü qəribsədim,
a saçları yovşan anam.
Yaş ötdü, yaşın hökmünə
öyrəşən, uyuşan anam.
Yeri
taxıllı, tənəkli,
zər naxışlı, gül döşəkli,
göyü göyərçin bəzəkli
çöllərə yaraşan anam.
Sellər
ilə süpürləşən,
çətin günlərdə kürləşən,
göyçək əli kömürləşən,
birçəyi qarlaşan anam.
Fikirli
yatsa gecələr -
yuxusunu qatsam əgər,
gördüyünü səhər-səhər
sulara danışan anam.
Şeir
insan hisslərinin poetik ifadəsidir və bu şeirdə
poeziyanın bütün komponentləri öz əksini
tapmışdır. Birincisi; təsvir olunan Ana obrazına diqqət
yetirək. Son dərəcə milli və koloritlidir. Ona
yaraşdırılan təşbehlər çox dəqiq
seçilmişdir: ana saçlarından yovşan iyi gəlir.
Yovşan elə bir bitkidir ki, çöllərdə bitir. Qəribə,
gözəl qoxusu var. O qoxunu ancaq çöldə, kənddə-kəsəkdə
yaşayanlar duya bilər. Saçın yovşana bənzədilməsi
oğul həsrətinin bir ifadəsi deyilmi? Kənddən
ayrılıb şəhərdə yaşayanlar həmişə
çölü, çəməni xatırlamışlar.
Çöl genişlikdir və təbiətin gözəlliklərini
özündə əks etdirir. Ananın çöllərə
təşbeh edilməsi də maraqlı tapıntıdır.
"Birçəyi qarlaşan ana" - orijinal səslənir.
Şeirdə Ana mənəvi planda da görümlüdür:
Nə
inciyən, nə kin bilən;
ürəyini tez-tez silən,
ağladığı dəmdə gülən,
küsüb, tez barışan
anam.
Yola
çıxar köç görəndə,
uçmaq istər quş
görəndə,
qollarını boş görəndə,
hərdən qubarlaşan anam.
Məstan
şeirə elə çöllərdən, kənddən-kəsəkdən,
eldən-elatdan, anaların - ağbirçəklərin,
ataların - ağsaqqalların mehrindən,
aşıqların sazında dillənən havalardan,
bulaqların zümzüməsindən, bənövşələrin
yaz qoxusundan gəlmişdi. Deyirdi ki: "Mən bənövşə
vurğunu idim. Bənövşələr yanında
ağlayardım. Niyə ağlayardım, özüm də
bilmirəm. Yayda yaylaqlara gedərək çay
qırağında köç salardım, ocaq
çatardıq və mən o ocaq işığında
çaya baxardım. Görərdim ki, dalğalar bir-birini
qova-qova gedirlər, Ay da sularda üzür. Bu mənzərə
ürəyimi titrədərdi. Məni şeirə, bax, o
yanında diz çöküb ağladığım bənövşələr,
bir də Ay işığı gətirib". Ancaq o,
yalnız ilk gənclik illərini kənddə
yaşamışdı, uzun illər şəhərdə - nəşriyyat
işində, Radio və Televiziya Şirkətində. Mətbuatda
çalışdı, bir də ömrünün son illərində
Tovuza qayıtdı. Heç vaxt kənd, təbiət onun
yaddaşından silinmədi. Məstanın şair
ömrü xalq ruhu ilə və xalqın yaratdığı
poeziya ilə heç vaxt ayrılmadı.
Məstan
Günər ədəbiyyata
əllinci illərdə gəlmişdi.
Ürəyi dolu idi. Amma bu dolu ürəyi boşaltmaq
üçün təkcə təbii ilham, istedad kifayət
etmirdi, öyrənmək, müşahidə etmək,
şeirdə öz fərdi dəst-xəttini yaratmaq,
seçilmək, fərqlənmək lazım idi. O, xalq
şeirindən, folklordan öyrənə-öyrənə,
müasir şeirin də qarşıya qoyduğu tələblərə
cavab verməyə çalışdı. Onun yetmişinci illərə
qədər yaradıcılığını məhz
axtarış dövrü kimi səciyyələndirmək
olar. Məstan bu illərdə həm xalq şeiri ənənələrini
davam etdirirdi, qoşmalar, gəraylılar yazırdı, həm
də müasir heca şeirinin müxtəlif şəkillərinə
müraciət edirdi. Mövzuları da rəngarəng idi, həyatın,
gerçəkliyin hər yönünə baş vururdu, kəndi,
təbiəti, eli-obanı unutmurdu, xalqın sevinci ilə
yaşayır, qəmi ilə üzülürdü.
Yetmişinci-səksəninci illərdə isə artıq o,
yetkin bir şair kimi diqqəti cəlb edirdi. Məstan şeiri
artıq formalaşmışdı. Xalq şeiri ilə
müasir şeirin vəhdətini əks etdirən bu poeziya
özünün məxsusi ahəngini, ifadə özünəməxsusluğunu
yaratmışdı. O, hamının müraciət etdiyi
mövzulara üz tuturdu, amma deyilmiş, təkrar olunmuş
fikirlərdən, ifadə üsullarından qaçmağa
çalışırdı. Müharibənin
ağrı-acılarından o illərin uşaqları - gələcəyin
şairləri çox yazdılar. Atasızlıqdan,
boysuzluqdan, anaların intizarından Məstan da yazdı. Budur,
şair, əsgər məzarları
qarşısındadır:
Yüz
otuz məzar var,
Yüz otuz dəfə
yüz otuz kürədə yanır əllərim.
Acı fəryadımı necə
eşitsin
qəbirlərdə oda bürünənlərim, -
beşiklərdə daşa bələnənlərim?!
Əsgər məzarda yox, yatar beşikdə;
enirəm
sükutla daş pillələri,
yüz otuz beşikdən
durub gəlirəm,
ümidəm yüz otuz evdə-eşikdə.
Yerləri, göyləri, təbəssümləri
Qopardım yüz otuz dərdin əlindən.
Yüz otuz ananı həsrət qoymuşam,
yüz otuz gözəlin sevinclərinə,
yüz otuz görüşə gecikmişəm mən.
Məstan
şeiri kifayət qədər poetik sənətkarlıq
nümunələri ilə zəngindir. Təkcə orijinal təşbehlər,
metaforalar bir yana, bu şeirləri oxuyanda qarşında insan
hisslərinin, duyğularının coşqun
çaylarına, dənizlərinə baş vurursan. Məsələn,
sazın insan həyatına, varlığına necə hakim kəsildiyini
çox şairlər ifadə edib. Amma Məstan Günərin
ifadəsində bənzərsiz bir mənzərə
yaranır:
Gecələr
vadini kimdir ağladan,
orda sevənlərin bağrımı
qandır?
Bir saz tüstülənib nə istər ondan,
sədəfli köksündə yoxsa
tufandır?!
Ay
qalxır uzaqdan, gecədir yenə,
görəsən, o kimdir, vadidə
təkdir?
Sazını döndərib Kərəm
könlünə,
qəsdi
çöllərimi kül
eləməkdir?
Orda
Usuboğlu tənha dolanır,
o el nəğməkarı,
el aşığıdır.
Sağa
göz gəzdirir,
sola boylanır,
qolları sazının sarmaşığıdır.
Bura qədər
Saz və Aşıq obrazları təsnif edilir,
"qolları sazının sarmaşığı" olan
Usuboğlunun "sədəfli köksündə"ki
tufanın naləsini, hayqırtısını eşidirik.
Ancaq sonra mənzərə dəyişir,
düşünürük: "Bülbüllər susanda,
güllər yatanda aşığı vadiyə gətirən
nədir?" Və birdən "Qızıl qaya"nın
daşına dəyən durnalar xatırlanır,
"Qayanın dibində durna qanından aşığın
sinəsi qırmızılandı". Ona görə də:
"Sazı sinəsində, özü yerdəsə,
aşığın xəyalı göy üzündədir.
Qalan durnalarla verib səs-səsə, ölən durnaların əvəzindədir".
Həmin o durnaların qanadları vaxtsız gedənlərin
başdaşlarına bənzər.
Məstan
Günərin əksər
şeirlərində xalqın adət-ənənələri,
mərifət dünyası, əxlaqi görüşləri
öz əksini tapır və hətta heyrətlənirsən
ki, bu qədər bilgi və məlumatı necə əxz
edib?! O, təbiətdəki hər gülün, çiçəyin,
hər daşın, təpənin, bağın,
gülüstanın görünüşündə incə mənalar
axtarırdı. Ocaq daşında nərgiz ətrini duyur,
"aylı buluddan ot tayasına mirvari
töküldüyünü" görürdü.
Şairliklə rəssamlıq - bu iki sənət sahəsi
bir-birinə həmişə qoşa qanad kimi yaxın olublar.
Məstanın elə şeirləri var ki, orda sözlərin
yaratdığı məna rəssam fırçasından
yaranan tabloya çevrilir. "Yaz çağı gilanar
çiçəklənəndə zirvədən gədiyə
ağ duman enir. Təmiz dağ nəfəsi gətirir kəndə,
tayalar şehlənir, çör-çöp nəmlənir".
Bu, adi təbiət təsviridir. Amma baxın: "Simləri
ağlağan, sevgisi körpə, Kərəm cürəsiydim
o yerlərdə mən. Kərəmə
dönmüşdü yanıq bir təpə, qolları
cığırdan, mizrabı mehdən". Bu isə sözlərin,
duyğuların yaratdığı mənzərədir.
Məstan
müasir şeirimizdə
qoşma ustası kimi özünü
sevdirə bildi. Heca şeirimizin bu forması Məstan
şeirində özünün yeni ifadə tərzi ilə
yaşayır, - desək, yanılmarıq. Onun qoşmaları
XX əsr insanının, daha doğrusu, sevən aşiqin
könül çırpıntılarını əks
etdirir. Bu qoşmalarda Vaqif şeirinə məxsus nikbinlik sanki
yenidən üzə çıxır. Gözəllikdən
zövq almaq, sevdiyi gözəlin həm daxili, həm də
zahiri portretini yaratmaq, məhəbbətin, sevginin ötəri
hiss olmadığını sübut eləmək bu
qoşmaların mahiyyətini təşkil edir.
Söylə,
yadındamı, yaz aylarıydı,
Tutmuşdun əlində dəstə
gülləri.
Gördün yaranışdan gül
xəstəsiyəm,
Verdin ki, qoxlasın xəstə
gülləri.
Canımda
qırx ilin intizarıdı,
Taxtı
dönsün, nə deyəsən, tanrıdı.
Güllər ağ göyərçin
yadigarıdı,
Hara qoyum bu şikəstə
gülləri?
Unutmaq
çətindir o boy-buxunu,
Görür hər gün el sinəmin oxunu.
Ötürübdü Məstan ömrün çoxunu,
Kimə
verim son nəfəsdə
gülləri?
Məstan
Günər həm də tanınmış bir uşaq
şairi idi. Bu sahədə də uğurları az deyildi və
Azərbaycan Dövlət Mükafatına layiq
görülmüşdü. Heyif ki, bugünkü ibtidai sinif
dərsliklərində onun şeirlərinə rast gəlmirik.
Onun bir qoşmasının qəribə taleyi olub. Aşıqlar onu
böyük şairimiz Səməd Vurğununku hesab edirdilər.
Amma çap olunandan sonra əsl müəllifi məlum oldu. Elə
sözümüzü də o qoşmayla bitirək. "Ruhu
şad olsun Məstanın", - deyək:
Gedirəm,
ay ellər, sözüm-söhbətim,
Neçə şirin-şirin dillərə
qaldı.
Cüyürlü yamaclar, ceyranlı
çöllər
Körpə çiçəklərə, güllərə qaldı.
Gözümün
önündə durar həmişə
Otlu biçənəklər, yamyaşıl
meşə.
Mən
ki, aparmıram şehli
bənövşə,
Çöllərdə bitmişdi, çöllərə qaldı.
Elə
çalma, çoban qardaş, tütəyi,
Bir də görüşərik
dağlar küləyi!
Məstanın bu yerə qonaq gəlməyi
Deməyin aylara, illərə
qaldı.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2025.- 19 sentyabr, №34.- S.29.