Arabadakı adam
Romandan
parça
(Əvvəli
ötən saylarımızda)
Zahirən
çox yaraşıqlı olan Səlimin həm də
güclü təsir qüvvəsi, cazibəsi, adama tez
yovuşmaq, tez dil tapmaq bacarığı var idi. Təbii ki, mən
də hər bir insan övladı kimi, kimisə sevməli, ailə
qurmalı, necə deyərlər, kiminsə evinin
çırağını yandırmalı idim. Səlim mənə
öz sevgisini bildirəndə ona heç bir cavab verməmişdim.
Amma Səlim hərəkətlərimdən,
baxışlarımdan hiss etməyə bilməzdi ki, mənim
üçün onun təklifi xoşdur və qəbul ediləndir.
Bəlkə də, ona deyə bilmədiyim sevgimə
arxayın olub, istəyini bu yolla həyata keçirmişdi Səlim!
Hər bir halda o, kişiyə yaraşmayan şərəfsiz
bir iş tutmuşdu. Buna görə də cavabını
almalı idi bir gün. Düşünürdüm ki, ürəyimi
yandıran qisas alovunu nə vaxtsa söndürə biləcəm.
Günlər
keçirdi. Vaxt dayanmadan hərəkətdə idi. Hərə
öz həyatını yaşayırdı. Elə bil Səlimlə
mənim aramda heç nə olmamışdı. Heç bir
hadisə baş verməmişdi sanki. Bircə ona sevinirdim ki,
uşağa qalmamışdım. Amma bu mənim içimdəki
nifrəti söndürmək üçün bir damla su qədər
də yetərli deyildi. Səlim bilirdi ki, mən abrıma
bükülüb onun murdar əməlini heç kimə deməyəcəm,
gizli saxlayacam. Axı, bu hadisə nə vaxtsa bütün
detalları ilə hamıya tam aydın olsa belə, yenə əsas
zərbəni mən alacaqdım.
Nə
üçün? Çünki insanlar belə
düşünürlər. Baş verən bu cür olaylarda
onlar həmişə zərif cinsi təmsil edənləri
günahkar sayırlar. Bütün bunlar acı olsa da, həqiqətdir.
Amma
"çoxbilmiş quş dimdiyindən tora düşər"
deyiblər. Səlim bir az ağıllı olsaydı, mənim
susmağımın dəhşətli sonluqla bitəcəyini
duyar, anlayardı. Axı, dünyanı az-çox dərk eləyən
adam çörəyi qulağına yemir. Və heç bir əməl
heç nə olmayıbmış kimi, ötüb
keçmir. Hardasa, nə vaxtsa mütləq üzə
çıxır, partlayır. Səlim, hətta müqəddəs
Qurandan don geyinib, ayaqlarıma yıxılsa belə, onun məni
xoşbəxt edəcəyinə yüz faiz inansam belə, mən
artıq onu qəbul eləməzdim.
Ürəyimdə
ona olan kin-küdurətim hər gün, hər saat
artırdı. Necə olur-olsun, onun cavabını verməliydim
və bunun üçün əlverişli məqam gözləyirdim.
Həmin məqam mütləq yetişməliydi. Səlimin
zahirən gözəl, amma yüngül xasiyyətli,
ayrı-ayrı kişilərlə adı hallanmış,
Rusiyada taxta-şalban biznesi ilə məşğul olan
atasının göndərdiyi pulları sağa-sola səpələyib
şeşələnən Bəyimlə təzə sevgi
romanı da, onların tezliklə ailə qurmaq istəyi də
günün məsələsinə çevrilmişdi və
kənddə hamı bundan danışırdı. Mənim
maraq dairəm isə öz düşüncələrimə,
hədəflərimə yönəlmişdi.
Səlimlə
Bəyimin toy gününü səbirsizliklə gözləyirdim.
İstəyirdim ki, elə həmin toy ərəfəsində
Səlimdən qisasımı alım. O, məni çox sadəlövh
və qorxaq hesab edir, ona axıradək heç bir ziyan
vurmayacağımı düşünürdü. Elə ona
görə də tam arxayınlıqla toyuna
hazırlaşırdı.
Mən isə
öz işimlə məşğul idim. Yenə yuxarı
siniflərdə Azərbaycan dili və ədəbiyyatı fənnindən
dərs deyir, şagirdlərə ülvi, saf məhəbbəti
vəsf edən poeziya və nəsr nümunələrindən
danışır, onlara söz sənətimizi sevdirməyə
çalışır, bədii zövq
aşılayırdım. Yəqin ki, törədəcəyim
cinayətdən sonra məni sevən şagirdlərimin
yaddaşında çox təzadlı, yalançı və
bəlkə də, qaniçən adam obrazı kimi
qalacaqdım. Amma bir sınanmış həqiqət də
var: gec-tez hər şey öz yerini alır. Zaman su kimi
axıb gedir, pisləri çıxdaş edir,
yaxşıları duruldub təmizə çıxarır.
Bu gün
hamı tərəfindən qəbul olunan bir hadisəyə, hər
hansı bir əmələ insanların baxışı
beş il sonra dəyişə bilər. Zaman yalanların
epoxalara keçməsinə imkan vermir. Bəlkə də,
vaxt gələcək, mənim atdığım bu addım, yəni
törətdiyim cinayət hamı tərəfindən birmənalı
yozulmayacaq. Kim bilir, bəlkə mən bu hərəkətimlə
Səlimin sonralar törədəcəyi neçə
nadürüst əməlinin qarşısını alırdım.
Əlbəttə,
mən onu qanunla da tənbeh edə bilərdim, tutdura bilərdim.
Amma bunu eləmədim. Suda boğulan saman çöpündən
yapışan kimi, mən də fikirləşib, ürəyimdə
baş qaldıran hansısa bir ümidin istisinə
qızınıb özümə təsəlli verirdim. Bir də
adımın ləkələnməsi, işimi itirmək
qorxusu, ailəmizdə yaranacaq dərin sarsıntılar,
atamın adına söylənəcək tənələr,
üstümüzə dolutək yağacaq iradlar, iftiralar əlimi-qolumu
bağlayırdı. Səlim də bütün bunları
sanki əvvəlcədən bilirmiş kimi, ciddiyə almadan,
məsuliyyət daşımadan, "heç nə
olmayıb" fikriylə yaşayırdı öz həyatını.
Bəli,
Səlim tezliklə evlənəcəkdi. Özü də
kiminlə? Bütün hallarda məndən qat-qat
aşağıda dayanan Bəyimlə. Niyə? Nəyə
görə? Bəlkə, atasının Rusiyadan Bəyimə
göndərdiyi pullar idi bu gəzəyən kişini çaşdıran,
şirnikləndirən?! Bəlkə, Bəyimlə intim
münasibətləri olmuşdu, o da yəqin Səlimi polislə
qorxudurdu. Elə bu üzdən Səlim onunla evlənməkdən
vaz keçməzdi. Bəli, suallar çox idi və bu suallar
kənddə ildırım sürətiylə
dolaşırdı.
Səlimin
toyuna üçcə gün qalırdı. Bəyimin
atası Fariz Samaradan bir neçə dostu ilə, həmçinin
nikahlı arvadını boşayıb evləndiyi Mariya
adlı sarışın, ucaboylu rus qadınla gəlmişdi
kəndə. Qarşıdakı toya böyük
hazırlıq görülürdü. Fariz bütün
içkiləri Samaradan alıb gətirmişdi. Toyun
yaxşı keçməsi üçün Bakıdakı ən
məşhur müğənnilərlə danışıb,
onlara beh də vermişdi. Çox təntənəli bir toy
gözlənilirdi.
...Kəndə
qaranlıq çökürdü. Mən evdə tək idim.
Atam təzəcə əsgərlikdən qayıtmış
qardaşı oğlunu görmək üçün anamı
da, Seymuru da götürüb qonşu kəndə getmişdi.
Bilirdim ki, gec gələcəklər. Çünki atam mobil
telefonla zəng vurub mənə demişdi ki,
"qapıları bağla, özün də evdən
çölə çıxma. Biz burda gecələyəcəyik,
qayıdarkən mən sənə zəng edəcəm".
Beləcə,
arın-arxayın idim. Həyətdəki iri ot
tayasının altında çox çətinliklə dərin
bir çala qazdım. Vaxt itirmədən, qan-tər
içində işləyirdim. Sonra çox böyük tərəddüdlə
Səlimə bir neçə dəfə zəng elədim,
amma ondan cavab gəlmədi. Ona mesaj göndərdim: "Evdə
təkəm, heç kim yoxdur. Gəl görüşək.
Narahat olma, artıq mən taleyimlə
barışmışam. Qapı açıq olacaq.
Yatağımda uzanıb səni gözləyirəm".
Bir
neçə dəqiqədən sonra Səlimdən mesaj gəldi:
"Bilirəm,
məni çox sevirsən. Mən də səni sevirəm. Gəlirəm,
gözlə".
Tez gedib
darvazanın kiçik qapısını açdım.
Bilirdim, Səlim gələcək, mütləq gələcək.
Çünki onun mənə təcavüzünü indiyə
qədər açıb-ağartmadan, heç kəsə demədən,
bir sirr olaraq mübhəm saxlamışdım. Bu üzdən
mənə inanırdı və çox arxayın idi.
Həyət
qapımız açıldı. Əyilib pəncərənin
lap qırağından pərdəni aralayıb qapıya
baxdım. Səlim idi. O, həyətə girib ehtiyatla
sağa-sola boylandı, evə tərəf irəlilədi. Mən
tez qaçıb otağıma girdim. Çarpayıma
yaxınlaşıb döşəyin ucunu qaldırdım.
İti ət bıçağı yerində idi.
İpək
xalatımı soyunub yerə atdım. Gecə köynəyində
çarpayıya uzandım. Otağın işığı
yanılı olduğundan Səlim birbaşa
çağırılan yerə asanlıqla gəlib girə
bildi. O, heç nə demədən, tələm-tələsik
paltarını soyunub otağın işığını
söndürdü. Yanımda uzanıb, məni bərk-bərk
öpməyə başladı. Əhvalı göylə
gedirdi. Həmin dəqiqələrdə dünya Səlimin
gözlərində qövsi-qüzeh rəngindəydi.
İçmişdi, sərxoş idi, ağzından araq iyi gəlirdi.
Elə buna görə də mən ürəklənib, onu qətlə
yetirəcəyimə tam əmin oldum. Ehtiyatla sağ əlimi
döşəyin altına saldım, bıçağı
ordan çıxarıb var qüvvəmlə Səlimin sol
qabırğasının altındakı boşluğa
sancdım. O, qəfil bıçaq zərbəsindən
qışqırdı və əlini zərblə sifətimə
çırpdı. Səlimin bədənimi məngənətək
sıxan qollarından birtəhər çıxıb evin
arxasına tərəf qaçdım. O, güc-bəla ilə,
xırıldaya-xırıldaya arxamca gəlirdi.
Mən
böyük əziyyətlə qazdığım
çalanın kənarında dayanmışdım. O,
çalaya çatanda isə mən artıq orada yox idim. Lap
yaxınlıqdakı su çəninin arxasında gizlənib
onun hərəkətlərini izləyirdim. Hiss edirdim ki, o,
çox qan itirdiyindən getdikcə zəifləyir. Əlini
qarnına tutub, ayaq üstə güclə dayanaraq,
qazılmış quyuya baxırdı. Elə bil məni orada
axtarırdı. Onun əlindən qurtulanda
başmaqlarımı unudub, həyətə ayaqyalın
qaçmışdım. Yavaş-yavaş, səssiz-səmirsiz
Səlimə yaxınlaşıb onun arxasında dayandım.
O, gecənin səssizliyində hənirtimi, nəfəsimi
duyub, mənə tərəf çevrildi. Bir an üz-üzə,
göz-gözə qaldıq. Onun rəngi
ağarmışdı, ayaq üstə güclə
dayanırdı. Zəif səslə:
"Toyum
qaldı. Evlənə bilmədim. Axx, səni şeytan! Axx, səni
iblis! Sənin var-yoxunu..." - deyib məni ədəli-dədəli
söydü və əllərini qarnından aralayıb
boğazımdan yapışdı. Mən əlimdəki
qanlı bıçağı təkrar onun qarnına
sancdım. Səlimin əlləri boşaldı, mən onu zərblə
sinəsindən itələyib quyuya saldım. Səlim vurnuxur,
dərin çaladan çıxmağa
çalışırdı. Amma cəhdi əbəs idi, hərəkət
elədikcə qanı bir az da sürətlə axırdı.
O, xırıltılı səslə,
qırıq-qırıq dedi:
- Məni
öldürmə... Yalvarıram, çıxart burdan.
-
Artıq gecdir, - dedim.
Törətdiyim
qətlin yaratdığı stress bütün vücudumu
sarmışdı. Daha qansız, amansız olmuşdum. Su
çəninə söykədiyim beli götürüb Səlimin
üstünə torpaq atmağa başladım. O,
çabalayır, ayağa qalxmağa cəhd edirdi. Amma
alınmırdı, çoxlu qan itirmişdi. Mən
qalaqlanmış torpağı çalaya atdıqca o, bir az da
görünməz olurdu. Amma hələ də tərpənirdi
və mən birdən necə dəhşətli bir cinayət
törətdiyimin fərqinə vardım. Dizlərimi yerə
qoyub, əlimlə torpağı onun sifətindən kənara
atmağa başladım. Eybəcər hala
düşmüş üzünü axırıncı dəfə
gördüm. Amma, doğrudan da, gec idi. O, artıq
ölmüşdü.
Səlimi
torpağa basdırdım. İzi itirmək üçün
ot tayasını da üstünə yığdım. Həyəcan,
təşviş içində olsam da, otağa və həyətə
tökülmüş qan ləkələrini çox diqqətlə
təmizləməyə başladım. Səlimi vurduğum
bıçağın qanını yuyub mətbəxdə
yerinə qoydum. Atamın iri çöl fənərini
götürüb yandırdım. Həyət-bacanı təkrar-təkrar
yoxladım. Yoxladım ki, bu cinayətdən iynənin ucu qədər
əlamət qalmasın. Hər şeydən tam arxayın
olandan sonra fənəri necə götürmüşdümsə,
aparıb yerinə - atamın otağına qoydum.
Pəncərənin
qarşısında dayanıb darvazamıza baxdım. Yeriyəndə
qarışqanı belə tapdayıb keçməyi
özünə rəva bilməyən, daim haqqın tərəfində
dayanan, dərs verən, tərbiyələndirən müəllim
indi adam öldürmüşdü. Qətlə yetirilən,
necə deyərlər, payını alan adam isə bir saat
öncə qapısı açıq darvazadan içəri
keçib mənimlə sevgi anları yaşamaq, sonra da
heç nə olmayıbmış kimi, arxayınca
çıxıb getmək, ozünə toy çaldırmaq,
başqasıyla evlənmək istəmişdi. Amma "sən
saydığını say, gör fələk nə
sayır".
Mən
iki-üç gündən sonra bu kənddə nələr
baş verəcəyini düşünürdüm. Nələr
olacağını göz önünə gətirib dəhşətə
gəlirdim. Hətta bu işin üstü açılsa, məni
tutsalar belə, bilirdim ki, peşman olmayacam. Əslində,
peşman olmaqdan keçmişdi artıq. Mən özüm
öz gözümdə rəhmsiz, qaniçən adam kimiydim.
Amma bir təsəllim vardı: adamlıqda haqqı olmayan
birisinin başı əzilmişdi. O həm də zəhərli
ilan idi. Əks təqdirdə, o ilan hələ nə qədər
günahsız adamı zəhərləyə bilərdi.
Səlimin
yoxa çıxması təkcə Yaşıllıda deyil,
bütün rayonda çox böyük səs-küy
yaratmışdı. Küncdə-bucaqda, yolda-rizdə,
çayxanada söhbətlərin gündəlik mövzusu Səlim
idi. Bu hadisəyə yanaşmalar da birmənalı deyildi. Vaxt
keçdikcə həmin hadisə ilə bağlı durum daha
da mürəkkəbləşirdi.
Ən
böyük gərginlik polisin işə müdaxiləsindən
sonra yarandı. Sorğu-suallar başladı. Rayon polis
şöbəsindən gələn müstəntiq
üçün kənd bələdiyyəsinin binasında
xüsusi otaq ayrılmışdı, kişili-qadınlı
bütün sakinlər orada dindirilirdi. İstintaq başa
çatana qədər camaatın kənddən
çıxmasına qadağa qoyulmuşdu.
Bəy
itdiyinə görə toy təxirə
salınmışdı. Bu işdə ən çox
sarsıntı keçirən, əsəbiləşən,
özünün dediyi kimi, "on ildən sonra bu kəndə
gəlməyinə it kimi peşman olan" Fariz idi.
Çünki onunla bir yerdə Samaradan toya gələn
curlarının yanında özünü xəcalətli
sayırdı. Qəribə idi ki, müstəntiqin ən
çox sorğu-sual etdiyi şəxslər də bəlli
idi: Fariz və onunla kəndə gələn dostları.
Baş verən hadisə çox böyük səs-küy,
söz-söhbət yaratdığından xüsusi nəzarətə
alınmışdı. Kənd adamları təşvişdə
idi: bu işin necə qurtaracağını, kimin
başında çatlayacağını həyəcanla
gözləyirdilər.
Səlim
tapılmırdı ki, tapılmırdı. O itmişdi,
ölmüşdü, yoxsa oğurlanmışdı, bunu bilən
yox idi. Bircə mən, yalnız mən bilirdim əsl həqiqəti!
Onu mən öldürmüşdüm və hələlik məndən
heç kim şübhələnmirdi. Heç məni
istintaqa da çağırmadılar. Adamlar ən çox Səlimin
oğurlanması fikrində dayanırdı. Çünki
Farizin çoxlu pulu var idi və bu yolla ondan pul qoparmaq
versiyası, doğrudan da, ağlabatan idi. Bu sayaq oğurluqlar
başqa ölkələrdə daha çox baş verdiyinə
görə, məhz ən çox dindirilən də Farizin
Samaradan gələn dostları idi. Səlimin gec də olsa,
qeyrətə gəlib, yüngül əxlaqlı bir
qadından qaçıb uzaqlaşması fikri də adamlar
arasında hallanırdı. Müstəntiqin işi gündən-günə
daha da çətinləşirdi. Bir aydan çox müddətdə
axtarışda olan Səlim sanki "yağlı əppək
olub, göyə buxarlanmışdı".
Bizim evdə
də hər gün bu mövzuda söhbət gedirdi. Anam kəndin
qız-gəlinlərindən, atam isə kişilərin
söz-söhbətindən eşitdiklərini gəlib evdə
danışırdılar. Bir xəbər də
ağızdan-ağıza dolaşırdı: Səlim
öldürüləndən iki ay sonra Bəyim Samaraya
yollanaraq, atasının Robert adlı köməkçisinə
ərə gedib.
***
Bir
yağışlı payız günündə günorta
vaxtı atamın gətirdiyi xəbər içimdə
rahatsızlıq yaratdı. O, evə nahar eləməyə gəlmişdi,
çox fikirli görünürdü. Atam əllərini
yuyub, süfrəyə əyləşəndə anam onun
qarşısına yemək qoyub soruşdu:
- Nə
olub, ay Səməd, niyə belə dilxorsan?
Atam bir
müddət cavab vermədi. Çörəyi tikələyib
şorba dolu boşqaba tökdü. Şorbadan iki qaşıq
yedi və salfet götürüb ağzını sildi. Sonra dərindən
köks ötürüb dedi:
- Həyətləri
axtaracaqlar. Polis deyir ki, Səlim itən gün kənddən kənara
çıxmayıb. Ona nə olubsa, bu kənddə olub. Odur
ki, bütün evlərdə, həyət-bacalarda yoxlama aparacaqlar.
Anam bu
sözləri eşitcək:
-
Yoxlasınlar da. Biz niyə narahat olmalıyıq? Maşallah,
aydan arıyıq, sudan duru.
Atam:
- Mənim
köməkçilərim var ee... iki qardaş - Valehlə Vəli,
onları da aparıblar polisə, - deyib ayağa qalxdı.
- Nə
danışırsan?! Onları niyə? - Anam təəccüblə
atama baxıb ondan cavab gözlədi.
- Son illər
Səlimin kimlərlə söz-söhbəti, davası olub,
hamısını aparırlar dindirməyə... Bircə bu
iş açılsaydı, camaatın canı dincələrdi,
- deyib otağına getdi.
***
Mən bütün
gecəni həyəcanla keçirdim. Səhərə qədər
bir dəqiqə də olsun gözlərimi yuma bilmədim.
"Yəqin bizim həyəti də yoxlayacaqlar. Onda necə
olacaq? Mənim hər şeyi etiraf etməkdən başqa bir əlacım
qalmayacaq. Bu da çox böyük
biabırçılığa gətirib
çıxaracaq", - deyə düşünürdüm.
Amma ürəyimin lap dərinliyində bir rahatlıq, bir təsəlli
də var idi. Mən nəyəsə arxayın idim elə bil.
Ertəsi
gün bir qrup polis işçisi xüsusi öyrədilmiş
itlərlə kənddəki evləri, həyətləri
yoxlamağa başladı. Onlar qonşuda yoxlama aparıb, küçə
boyunca irəliləyir, bizim evə
yaxınlaşırdılar. Mən evimizin eyvanında
dayanmışdım, içimə bir qorxu dolmuşdu. Evdə
məndən başqa heç kim yox idi. Atam kəndimizin
"yuxarı məhəllə" deyilən hissəsində
ev tikirdi. Həmin gün anam evimizdən bir qədər
aralıdakı torpaq sahəmizdə işləyirdi.
Qardaşım Seymur isə məktəbdə idi.
Birdən
küçədən səs gəldi:
- Bu kimin
evidir?
Tanımadığım
bu səsdən sanki ürəyim üzülüb
ayağımın altına düşdü.
- Usta Səmədin
evidir, rəis.
Bu səsi
tanıdım. Kənd bələdiyyəsinin sədri Kamilin səsi
idi.
Kamil
atamı təriflədi:
-
Çox nəcib, xeyirxah adamdı. Kənddə
böyüklü-kiçikli hamı ona hörmət eləyir.
Tikdiyi evə də söz ola bilməz, top vursan,
dağılmaz.
- Ailədə
neçə nəfərdilər? - mayor soruşdu.
Kamil:
- Həyat
yoldaşı Gülsüm xala, qızı Ləman, oğlu
Seymur, bir də Səməd dayı özü - dörd nəfər!
Mayor yenidən
xəbər aldı:
-
Oğlunun neçə yaşı var?
- On
dörd. Məktəbimizdə oxuyur, özü də əlaçıdır.
Ləman isə müəllimədir, hamı onun xətrini
çox istəyir, - deyə Kamil cavab verdi.
Mayor uca səslə:
- Mənə
elə gəlir ki, buranı yoxlamasaq da olar. Vaxtımız da
azdı. Bir də bizə tapşırıblar ki, əsasən
şübhələndiyiniz adamların həyətinə
baxış keçirin.
Kamil
onunla razılaşdı:
- Nə
deyirəm, siz necə istəsəniz, elə də olsun.
Onlar
yollarına davam edib, qonşu həyətə keçdilər.
Mən
belə başa düşdüm ki, Kamilin "mayor" deyə
müraciət elədiyi adam Səlimin ölümü ilə
bağlı yaradılmış axtarış qrupunun rəhbəridir.
Əməliyyat dəstəsi bizim evdən uzaqlaşdıqca,
ürəyim yavaş-yavaş yerinə gəlirdi. Amma
narahatlığım tam keçməmişdi. Çünki
hər dəqiqə yenidən qayıdıb bizə gələ
bilərdilər. Amma nə yaxşı ki gəlmədilər.
Gərginlikdən
əsəblərim tarıma çəkilmişdi. Bir az
özümə gəlim deyə, yatağıma uzandım.
Yerimə girən kimi yuxu məni apardı.
***
Günlər
keçirdi və hər gün bir az da qəlizləşirdi
kənddəki ab-hava. Sakinlərin dincliyi büsbütün
pozulmuşdu. Adamlar bir-birindən müştəbeh gəzir,
hər kəs kimdənsə şübhələnirdi. Kənddə
polisə çağırılmayan adam qalmamışdı.
Farizdən və onunla birgə Samaradan gələn
dostlarından xarici vətəndaş olduqlarına görə
izahat alınmış, mobil telefonlarının nömrələri
qeyd olunmuşdu. Yalnız bundan sonra onların Rusiyaya
qayıtmalarına icazə verilmişdi.
Amma kənddə
Valeh və Vəli qardaşlarını, eləcə də, Səlimlə
həmişə pis münasibətdə olan digər
üç nəfəri polis göz altına
almışdı. Söz-söhbət gəzirdi ki, bu hadisə
bir nəfərin yox, bir neçə nəfərin qrup
halında törətdiyi ağır cinayətə
oxşayır. Haqsız tutulan, saxlanılan adamlara görə
kənd camaatı ilə polis arasında narazılıq
yaranmışdı. Buna görə də, hər iki tərəfi
başa düşmək olardı. Yəni, polis cinayətin
üstünü açmaq üçün bütün
variantlardan yararlanır, şübhəli görünən
adamları saxlayırdı.
Çox
cansıxıcı və əzabla dolu günlər
yaşayırdım. Ətrafımda mənə görə
yaranmış anlaşılmazlıq, sarsıntılar, stresslər,
əsəb, göz yaşları və yağdırılan
qarğışlar bütün kənd sakinlərinin
rahatlığını pozmuşdu. Hiss edirdim ki, psixoloji
böhran keçirirəm. Nə evdə, nə də məktəbdə
özümü ələ alıb, günümü normal
başa vura bilmirdim. Yuxum ərşə çəkilmişdi,
bu da məndə güclü baş ağrıları
yaratmışdı. İştahım kəsilmişdi,
arıqlamışdım. Tez-tez gözlərim
qaralırdı. Evdə hamı, ən çox da anam səbəbini
bilmədən mənə görə üzülürdü.
"Yazıq balam gözümün qabağında şam kimi
əriyir", - deyirdi. Atam bir gün axşam işdən gəlib
mənimlə hal-əhval tutandan sonra anama sakitcə: "Bu
qız hər gün geri gedir. Sabah onu rayona, həkimə
aparacam", - dedi. Mən anamın doluxsunduğunu, sonra
yaylığı ilə göz yaşlarını silib, dərin
bir ah çəkdiyini gördüm və çox pis oldum.
Rayon mərkəzi
xəstəxanasında bir saatlıq müayinədən sonra
həkimlər qərara gəldilər ki, mən mütləq
stasionarda qalmalı, ən azı on gün müalicə
almalıyam. Atam əvvəlcə razı olmadı. Amma tibb
işçiləri vəziyyətin çox ciddi olduğunu
başa salandan sonra o, xəstəxanada qalmağıma
razılıq verdi.
***
Həkimlər
məni ikinci mərtəbədə, təkadamlıq palatada
yerləşdirdilər. Atam sağollaşıb ayrılanda
gözləri dolmuşdu. Birinci dəfə idi ki, atamı bu qədər
qəmli görürdüm. O, iri, qabarlı əlləri ilə
məni qucaqlayıb: "Özündən muğayat ol",
- dedi. Sonra gözlərimin içinə baxdı. Elə bil
ürəyinə dammışdı ki, biz bir daha
görüşməyəcəyik. O, məni öpüb
palatadan çıxdı.
Pilləkənləri
enəndə onun addım səslərini eşidirdim. Atam gedəndən
sonra özümü uzaq, çox uzaq, mənə yad olan
adamların arasına düşmüş bir qərib kimi hiss
elədim. Ağlamaq, hönkür-hönkür ağlamaq istəyirdim.
Axı, niyə? Nəyə görə mənim başıma
bu müsibət gəlməli idi? Düşünürdüm
ki, lap mən olmayım, yerimdə bir başqası olsun,
ata-ananın min bir əziyyətlə böyüdüb tərbiyə
elədiyi, ərsəyə gətirdiyi, hamıya nümunə
göstərilən bir qız niyə hansısa bir
murdarın, manyakın qurbanı olmalıdır? Niyə
insanlar bu qədər gərginlik, həyəcan
yaşamalıdır?
Səhər
tezdən anam gəldi. O, mənə meyvə, xörək və
öz əlimlə bağladığım heyva kompotu gətirmişdi.
Mən iştahla xörəyi yeyib, kompotu açıb
içdim. Xoş bir ovqat yaranmışdı məndə.
Görünür, kənddən çıxmağım,
sıxıntıdan, hər cür üzüntüdən bir
qədər kənar olmağım səhhətimə müsbət
təsirini göstərmişdi. Palatada xeyli yanımda qalan
anam ayağa qalxıb qapıya yaxınlaşdı:
- Kənd
dağılır, dünən iki nəfəri də
apardılar. Yaxşı, qızım, mən gedim.
Axırıncı avtobusun çıxmasına az qalıb, -
dedi və mənlə sağollaşıb getdi.
Təmiz,
saf adamlar heç vaxt çamurda qala bilməzlər, ya bu
durumdan qurtulur, ya da batıb yox olurlar. Mən də belə bir
vəziyyətdə idim, çirkabdan xilas olmalıydım,
çıxmalıydım. Mənim üçün nə qədər
çətin olsa belə, mütləq
çıxmalıydım. Bütün sarsıntılara,
çəkdiyim iztirablara tezliklə nöqtə qoymalıydım.
Əks halda, mən dəlixanaya düşə bilərdim.
Hər
halda, haqq-nahaq, mən bu cinayəti törətmişdim və
qanunla cəzamı almalıydım. Günahsız
adamların mənə görə yaşadıqları əzab-əziyyəti
heç vaxt özümə bağışlaya bilməzdim.
Gecəni
birtəhər keçirdim, səhər tezdən durub yeməyimi
yedim. Marketə getmək bəhanəsi ilə
paltarımı dəyişib xəstəxanadan
çıxdım. Qarşı səkidə ilk gözümə
dəyən taksiyə yaxınlaşdım, arxa
qapısını açıb əyləşdim.
Sürücü məni güzgüdən süzərək
soruşdu:
- Hara gedəcəksiz?
Mən ağır-ağır:
- Polis şöbəsinə, - dedim.
Maşın yerindən tərpəndi. Pəncərədən
küçəyə baxıb düşünürdüm: bu
da axırı, bu da son. Oxuduğum çoxsaylı kitablardan
bir həqiqəti də çox aydın dərk eləmişdim.
Həyat yollarında büdrəyib yıxılmaq o qədər
də faciəli deyil. Ən önəmlisi yıxılanda
ayağa qalxmaq və yoluna davam etmək
bacarığıdır.
Həmişə düşünürdüm
ki, layiq olana ürəyimi verərəm, layiq olmayana
yoxluğumu. Anlayanla dost oldum hər zaman. "Kimsəni
qırmayım, incitməyim" deyə, özümə mesaj
verərdim. Kimsəyə boyun əymədim, heç kimə
haqsızlıq etmədim. Sadəcə insanlara həddən
artıq güvəndim və bu üzdən çox şey
itirdim. Bir də gördüm ki, özüm param-parçayam.
Anam mənə deyərdi ki, insanlar səni
tanımadısa, bundan narahat olma. Sən insanları
tanımadığın üçün narahat ol. Doğru
deyirmiş anam.
Zemfira
MƏHƏRRƏMLİ
Ədəbiyyat qəzeti.- 2025.- 26 sentyabr, №35.-
S.24-25.