Mir Cəlal yaradıcılığında
müharibə mövzusu
Sentyabr ayının 28-i unudulmaz
ədib və alim Mir Cəlalın dünyasını
dəyişdiyi gündür.
Hər kəs bu gözəl dünyada çox "ləngiməyə" çalışır.
Lakin bu arzuya yalnız böyük əməllərlə çatmaq
mümkün olur. Xatirələr və əsərlər bu cəhətdən əvəzsizdir.
Böyük əməllər
və əsərlər
sahiblərinin ömrü
onların yadigar miraslarında davam edir, həsrətlə xatırlanır. Yaşanmış
ömrün xatirələrdə
bir növ təkrarı, yada düşməsi
və əzizlənməsi
əslində böyük
təsəllidir, ehtiramdır!.. Həqiqi sənət əsərləri isə mövzu və ideya uyğunluğu etibarı ilə ikinci ömrünü yaşamış olur, yeni
aktuallıq qazanır.
Tarixlərin və talelərin ən ağır dəhşət
sınağı olan müharibələr mövzusu
bəşəriyyətin əsas
nigarançılığı olmuşdur. Bu cəhətdən
Mir Cəlal yaradıcılığı
da xüsusi aktuallığa
malikdir.
Bu gün bəşəriyyətin
müxtəlif məramlı,
məqsədli müharibə
vahimələri yaşadığı
bir vaxtda tarixin ibrətli məqamlarını yada salmaq
xüsusilə vacibdir.
Tarix boyu bütün müharibələr - elan olunmasından,
yaxud olunmamasından asılı olmayaraq - insan qırğınına,
fəlakətlərə, dağıntılara
səbəb olub, şəhərlər, kəndlər
xarabalığa dönüb,
analar oğulsuz, gəlinlər dul, körpələr gözüyaşlı
qalıb. Müharibənin
vurduğu yaralardan bağrı param-parça
olan torpağın ağrısını da insan
çəkib. İnsan
həm öz itkilərinə dözməli,
həm psixoloji sarsıntılarını aradan
qaldırmalı, həm
də üstündə
həyat qurduğu, ömür sürdüyü
torpağın yaralarına
məlhəm olub, dağılan şəhərləri,
kəndləri yenidən
nizama salıb, bərpa etməlidir. Ədalətsiz müharibələrdə
təcavüzkar tərəfin
döyüşçülərində mənəviyyat amili həmişə arxa plana keçib, qəddarlıq,
yırtıcılıq, qəsbkarlıq
şüurlarının alt və üst qatlarına hakim kəsilib,
öldürdüklərinin, dağıtdıqlarının fərqində belə olmayıblar. Ədalətli
müharibə etmək
zorunda qalanlar isə öz torpaqlarını, dövlətlərini
təcavüzkardan qorumaq
məcburiyyəti qarşısında
ayağa qalxmışlar.
Əslində, yer üzündəki bütün
torpaq bölgüləri,
bütün sərhədlər
şərtidir, mənafe
toqquşmalarının sonucudur.
İnsan bütün bunların hamısının
fövqündə dayanır.
İnsan müharibədə
döyüşçü kimi, həkim kimi, mühəndis kimi, jurnalist kimi, sənət adamı kimi də iştirak edir. Müharibənin psixoloji təzyiqini də insan olaraq
öz xarakteri və iradi keyfiyyətlərinə
görə hiss edir. Döyüşlər bitəndən,
quruculuq-bərpa işləri
başa çatandan sonra belə, müharibə insanın canında "gəzir",
şüurunda, yuxularında,
davranış və yaşam tərzində vaxtaşırı "fırtınalar"
qoparır.
Müharibə zaman-zaman şair və
yazıçıların, incəsənət adamlarının
müraciət etdiyi mövzu olub. Müharibə mahiyyətcə
ölüm-itim, dağıntı,
fəlakət olsa da, hər yazıçı qələmində "özünəməxsusluq"
qazanıb, müəllifin
"öz müharibəsi"
kimi təqdim olunub.
Alman faşizminə qarşı
1941-1945-ci illər müharibəsi
ədəbiyyatımızda çox geniş əksini tapıb. Bu mövzuda saysız hekayələr, povestlər,
romanlar, şeir və poemalar yazılıb. Bu əsərlər
içində böyük
ədib Mir Cəlal Paşayevin yaradıcılıq
nümunələri də
xüsusi əhəmiyyət
kəsb edir. Həmin müharibə illərində yazdığı
"Xalqın ürək
sözü", "Vətən
hekayələri", "İlyas",
"İsrafil", "Vətən
yaraları", "Vətən"
kitabları və digər əsərləri
maraqla qarşılanıb.
Mir Cəlal yaradıcılığına
bələd olan hər kəs yaxşı bilir ki, lakonik fikir, yığcam cümlələr
onun bütün əsərlərinə xasdır.
Müharibə mövzusunda
da belədir.
Mir Cəlalın müraciət
etdiyi müharibə çox fərqlidir. Böyük ədib oxucunu birbaşa odun-alovun içinə atmır, güllə, mərmi səsləri çox-çox uzaqlardan gəlir... Ancaq müharibənin bütün
dəhşətini oxucu
öz qanı-canı
ilə hiss edir və bu ağrıları
yaşaya bilir. Üzbəüz dayanmasa
da, işğalçının - faşistin qatil, yırtıcı baxışlarını
görə bilir, səngərdə, mərminin
yaratdığı uçqunlar
altında inildəyən,
köməyə möhtac
olan yaralılarımızın,
xəyalən də olsa, yardımına can atır.
Mir Cəlalın müharibə
mövzusu yaradıcılığındakı
aparıcı xətlərdən
biri qəhrəman soydaşlarımızın tanıdılmasıdır.
O zamanlar ümumi vətənimiz sayılan
SSRİ-nin alman faşizminə
qarşı apardığı
müharibədə Azərbaycanın
da oğul və qızları iştirak edib və qəhrəmanlıq
zirvəsinə ucalanlar,
canlarını fəda
edənlər, indiyə
qədər də doğmalarının gözünü
yolda qoyub, itkin düşənlər
çox olub. Böyük ədibin Sovet İttifaqı Qəhrəmanı İsrafil
Məmmədova həsr
etdiyi "İsrafil"
(1942) əsərində, həmçinin
"Vətən yaraları"
(1943), "Vətən" (1944),
"İlyas" (1942) kitablarında Azərbaycan övladının
qəhrəmanlığı, müxtəlif millətlərdən
olan döyüşçülərin
faşizmə qarşı
çiyin-çiyinə, mərdliklə
döyüşmələri böyük ustalıq və vətənpərvərlik
duyğuları ilə
qələmə alınıb.
Bu əsərlər oxucuda
düşmənə nifrət,
qəhrəman döyüşçülərimizə
sevgi, güvənc hissləri oyadır. Böyük ədibin müharibə mövzusundakı
əsərlərinin xarakterik
xüsusiyyətlərindən biri də odur
ki, o, azərbaycanlını rusdan, gürcüdən, belorusdan və digər döyüşçülərdən
milli-etnik baxımdan ayırmır, onların hər birini Vətənin gərəkli
övladı, xilaskarı
hesab edir və onları eyni məhəbbətlə
tərənnüm edir.
Ədib
çalışır ki, müharibənin
vurduğu mənəvi
və fiziki yaraları, eyni zamanda təbiətin, torpağın ağrılarını
insanın timsalında
oxucuya çatdırsın.
Dağıntıların, fəlakətlərin
ağrısı, göynərtisi
insandan keçəndə
daha təsirli və daha unudulmaz
olur. Yazıçı
heç bir döyüş səhnəsindən
bəhs etmədən,
palatada çarpayılar
arasında bir ayağını mərmi
aparmış, qoltuqağacı
ilə gəzişən
bir əsgərdən
danışırsa, bunun
oxucuya təsiri daha çox olur. Oxucu bütün
emosional duyğularını
səfərbər edib,
əsgərin bir ayağını qoyub gəldiyi, itirdiyi yerlərə "baş çəkir", onun həmin yaralanma anındakı ağrılarının
"səsini" eşidir,
düşmənin yaxasından
tutub ondan "itirilmiş" ayağın
qisasını, intiqamını
almaq istəyir. Bu istək müharibəyə,
təcavüzkara, insan,
torpaq qatillərinə
nifrətlə çulğaşır.
Bu qeyd edilən məqam böyük ədibin "Qayğı"
("Döyüşən ordudan") hekayəsindəndir.
Bu hekayədə cəbhəyə
yaxın, gecəsi-gündüzü
olmayan bir xəstəxanadan söhbət
açılır. Hekayə
bir "Gürcüstan
qızı Fəridənin"
fədakar tibb bacısı fəaliyyətinə
aid cümlələrlə başlayır. Doktor fasiləsiz çalışan
Fəridəni dincəlmək
üçün istirahətə
göndərmək istəsə
də, o: "Nigaranam",
- deyir, - "doktor, xəstəm əməliyyat
olunur, necə dözüm?" Bir-iki cümlədə xəstəxanada
tibb işçilərinin
ağır fəaliyyəti,
fədakarlıqları, hər
bir xəstənin - yaralının üzərində,
necə deyərlər,
tir-tir əsmələri,
onları sevgi və qayğı ilə sağaldıb, yenidən döyüşən
orduya göndərmələri
böyük ustalıqla
tərənnüm olunur.
Mir Cəlalın haqqında söz açdığı
döyüşçülərin heç kimin torpağında, malında
- sərvətində gözü
yoxdur. Onlar öz torpaqlarının təcavüzkardan azad edilməsi uğrunda döyüşürlər. Döyüşürlər
ki, hərə öz torpağında sülh şəraitində yaşasın,
körpələr gözüyaşlı
qalmasın, şəhərlər,
kəndlər xarabalığa
çevrilməsin. Elə
bu yolda, bu müqəddəs amal uğrunda "uf" demədən sinələrini düşmən
güllələrinə sipər
edirlər, inanırlar
ki, tezliklə düşmən
üzərində qələbə
çalıb onları
öz yuvalarına qədər qovacaqlar. Bu qalibiyyət arzusu və inamı həmin xəstəxanada hər kəsin - həkimin də, xəstənin də, yaralının da, adi tibb işçisinin də baxışlarından
oxunur. Bu məqam Mir Cəlal yaradıcılığının
xarakterik xüsusiyyətlərindəndir.
Heç vaxt nə yaratdığı obrazı, nə təsvir etdiyi hadisəni işıqsız,
çarəsiz qoymur.
Oxucu səmimiyyətlə
inanır ki, yaman günün ömrü az olar.
Hekayənin başqa bir yerində deyilir: "Bacılar burada zəhmətkeşlərin şərəfi,
vəzifələrinin müqəddəsliyi
ilə fəxr edirlər. Azad Azərbaycan
qızının başının
ucalığını, onun
qəlbini dolduran şəfqət və qayğıkeşlik hisslərini
burada yaxşı görmək olar". Bu azad Azərbaycan qızlarının sıralarında
Gürcüstandan gəlmiş
Fəridədən başqa,
Nuxa Tibb Məktəbindən Pakizə
və Zinət, Bakıdan Mariya Ağamirova, Tamara Rəsulova
və digərlərinin
də bircə amalı, məqsədi var
- yaralılar şəfqətlə,
qayğı ilə əhatə olunsun və tezliklə öz silahını götürüb yenidən
düşmən üzərinə
yürüsün. "Bu qızlar
öz fədakar işləri, yorğunluq,
solğunluq bilməyən,
ayıqlıq, cəldlik,
intizamlılıqla keçən
fəaliyyətləri ilə
bəzən xəstəyə
xəstəliyi, yaralıya
yaranı unutdururlar. Ağrıların yüngül
keçməsinə səbəb
olurlar".
Bu xəstəxanada "bir qılçasını itirmiş,
gözəl, ukraynalı
bir oğlan" yastığa dirsəklənib
döyüş zamanı
başına gələnlərdən
danışır. İrəvandan
gələn həkim onu müalicə edir, gürcü qızı, Azərbaycan qızı onun qayğısını çəkir,
qoca rus qadını oğul məhəbbəti ilə
onun qanlı paltarlarını yuyur...
İlk baxışdan döyüş
xəttindən uzaqda olsalar da, burada - bu palatalarda müharibə bütün
dəhşətləri ilə,
mənəvi və fiziki ağrıları ilə hiss olunur. Mir Cəlal böyük ustalıq və həssaslıqla bu mənzərəni yaradır.
Adətən, müharibədə
bir ölüm, ayrılıq xofu, daxili yalqızlıq təbəddülatları olur
və bu neqativ yaşantılara qalib gəlmək düşmənlə vuruşmaqdan
o qədər də asan deyil. Bu psixoloji gərginlik aradan qalxmasa, əsgər bütün əzmi və iradəsi ilə döyüşə girə
bilməz. Bu məqamları
alt qatlarına qədər
nəzərə alan böyük ədib təsvir etdiyi xəstəxananı döyüşə
hazır bir poliqon ovqatına qədər yüksəldir.
Yaralılara arxa cəbhədən
gələn məktublar,
bağlamalar Mir Cəlal
qələmində adilikdən
çıxıb, obrazlaşır,
onların sağalmasında,
bərpa olunmasında
mühüm rol oynayır.
Böyük ədib yazır:
"Əsgərin arxasınca
gələn, himayə
kölgəsi kimi onu izləyən böyük qayğını
həmişə, hər
yerdə görürsən.
Bunun üçün də
əsgər, arxasının
dağlara dayandığını
düşünür. Bunun üçün o, başını,
bayrağını uca
tutur; bunun üçün irəliləyir,
bunun üçün
də onun sıraları silsilə dağlar kimi möhkəmdir".
Az qala, hərbi nizamnamə keyfiyyəti daşıyan bu cümlələr yüz
il əvvəllərdə yazılmasına
baxmayaraq, bu gün üçün də çox aktualdır. Erməni işğalçılarına
qarşı Birinci Qarabağ müharibəsində,
44 günlük Vətən
savaşında belə
deyildimi?.. Müharibənin
mahiyyətini, Qələbəyə
gedən yolun əlçatanlığını böyük yazıçı
ordu ilə xalq birliyində görür və bunu peşəkarlıqla ədəbi məhsula, tarixi mənbəyə çevirir.
Mir Cəlalın müharibə
mövzusuna həsr olunmuş əsərlərindən
biri də "Sorağın gəlsin"
hekayəsidir. Bəlli
həqiqətdir ki, müharibə
başlayanda çox işlər yarımçıq
qalır. Toylar, nişanlar, xeyir işlər, hətta təhsillər... Əlbəttə,
başqa cür ola da bilməz. Vətən dara düşəndə bütün diqqətlər
cəbhəyə yönəlir,
oğullar and içib
döyüşə getmək
üçün silaha
sarılır. Belə
bir məqamda hekayənin qəhrəmanı
Hacıbaba müəllim
də orduya yazılıb, müharibəyə
- ön cəbhəyə
yollanır. İlk baxışdan
düşünürsən ki, bir çox müəlliflərin əsərlərində
olduğu kimi, Hacıbaba müəllimin
şagirdləri də
başsız qalacaq, məcbur olub əkin-biçin işlərinə
dağılışacaq - təhsil
arxa plana keçəcək.
Ancaq Mir Cəlal təhsili, onun gərəkliliyini öz mərtəbəsindən endirmir.
Hacıbaba müəllimi
nişanlısı əvəz
edir, onun dediyi dərsləri indi sevgilisi deyir və bundan
qürur duyur. Qürur duyur ki, şagirdlər dərssiz qalmır, qürur duyur ki, sevdiyi oğlan Vətən uğrunda döyüşlərə
gedib, qürur duyur ki, İsrafil Məmmədov kimi qəhrəmanlardan biri də Hacıbaba müəllim olacaq.
Mir Cəlal yaradıcılığının
önəmli xüsusiyyətlərindən
biri də müəlliflə oxucu arasındakı səmimiyyət
və inam körpüsüdür. Bu körpünün
təməli çox
möhkəm, "get-gəli"
çox nizamlıdır.
Bu inamın, səmimiyyətin
yaranmasında Mir Cəlalın
müəllif təhkiyəsi
böyük əhəmiyyətə
malikdir. Şübhəsiz,
təhkiyəçi müəllif
özü olanda bütün personajların,
surətlərin kimliyinin
mənəvi-psixoloji qatlarına
enmək, oxucunu da bu dolanbac yollardan
keçirib bədii və ideya məqsədinə
çatdırmaq, həmçinin
obrazı və oxucunu "körpü"də
görüşdürmək daha imkanlı olur. Mir Cəlal təhkiyəsi şirin, anlaqlı və cəlbedicidir - bir anlığa da olsa, oxucunun fikrini dağılmağa, yorulmağa
qoymur. Bu keyfiyyətlər
böyük ədibin
bütün yaradıcılığına,
o cümlədən, müharibə
mövzusundakı əsərlərinə
də xasdır. Müharibədən bəhs
edən hekayələrində
- istər "Vətən
yaraları", "Vətən",
"İlyas", "İsrafil",
"Sorağın gəlsin",
"Döyüşən ordudan",
istərsə də digər əsərlərində
təhkiyə dili daha da həssaslaşır,
mövzu elementləri
və xatirə notları ilə cilalanır: "Dünən
Hacıbaba müəllim
idi. Narlı-heyvalı,
armudlu, almalı Şirvanın bağlı-bağçalı
kəndlərində uşaq
oxudurdu. Başına yığılan, həyat
və bilik şövqü ilə böyüyən uşaqlara
baxdıqca, özünü
onların əhatəsində
gördükcə həvəsi
gəlir, sənətinə
sevinirdi. Bunları, yenicə pərvazlanan quşlar kimi səs-səsə verən
vətən balalarını
öyrətmək Hacıbabaya
ləzzət verirdi.
Sabah onların hər
biri bir hünər sahibi, hər biri bir
sahənin adl-sanlı
adamı olacaqlar"
("Sorağın gəlsin").
Mir Cəlalın gənclik illərində şeir yazması nəsr yaradıcılığına da təsirsiz ötüşmür.
Müharibə mövzusu
ağır mövzu olsa da, obrazların istər nitqlərində,
istərsə də düşüncə tərzində,
keçmişə və
gələcəyə pərvazlanan
xəyallarında, həyəcanlarında,
sevinc və kədərlərində şair
Mir Cəlalın "müdaxiləsi"
şifahi və yazılı mətnin bədii siqlətini artırır. Eyni zamanda, mövzunun ağrı və sıxıntısını oxucuya
yük eləmir. Mir Cəlal təhkiyəsinin
şirinliyini, axıcılığını
və cəlbediciliyini
təmin edən amillərdən biri də ədibin obrazlı poetik düşüncə tərzidir.
"Qayğı" hekayəsində
hərbi tibb bacılarından bəhs edən Mir Cəlal yazır: "Bunlar döyüş şəraitinə,
cəbhə tələblərinə,
vəzifələrinə əla
alışmışlar ki, fitrətən döyüşçü
yarandıqlarını güman
edirsən. Bunlar, ehtimal ki, heç bir zaman indiki kimi dolğun məzmunlu həyat keçirməmişlər. Sanki hərbi libas bu qızlara, dünən arxada "incə" deyilən adamlara möhkəmlik, sağlamlıq, güc-qüdrət,
mətanət gətirmişdir.
Bunu libas gətirmişdir. Bunu hərbi vəzifə duyğusu, vətən eşqi, xalq eşqi gətirmişdir".
Yaradıcılığın elə məqamları var ki, Mir Cəlal
müəllif təhkiyəçiliyindən
"ayrılıb" obrazın
təhkiyəsinə üstünlük
verir. Bu da böyük
ədibin hadisənin və ya hadisə-faktın
təqdim olunmasında
ən optimal variantın
seçimi ilə bağlıdır. Müəllif
təhkiyəsi ilə
yazılan "Döyüşən
ordudan" hekayəsində
müəllif-obraz təhkiyəsi
paralellikdən çıxıb
eyniləşir: "Bir qılçasını
itirmiş, gözəl,
ukraynalı bir oğlan gördüm. O, yastığa dirsəklənərək
başına gələnlərdən,
faşistlərin başına
güllə yağdıran
avtomatından danışırdı".
Müəllif bu məqamda təhkiyəçilikdən
çıxıb bir ayağını itirmiş
ukraynalı oğlanın
yanındakı - palatadakı
personajlardan birinə
"çevrilir". Şübhəsiz,
yaralı ilə bir yerdə olmaq, onunla bir
yatıb, bir durmaq, mövcud palata ab-havasının bütün çalarlarını
yaşamaq üçün
obrazın təhkiyəsini
- söyləntilərini oxucu
daha əhatəli və daha səmimi
qəbul edir.
1941-45-ci illər alman faşizminə
qarşı müharibənin
ilk illərində yazılmış
"Vətən yaraları"
hekayəsində Mir Cəlal
təhkiyəni obrazlardan
birinə "etibar"
edib. Üç Azərbaycan övladı,
üç uşaqlıq
dostu, üç orta məktəb yoldaşı döyüş
xəttində də bir yerdə olur, düşmənə
qarşı birgə vuruşurlar. Düzdür,
bu hekayədə də güllədən, mərmidən ön planda mənəviyyat amilidir. Gənclərin dostluğu daha da möhkəmlənir və
cəbhə dostluğuna
çevrilir. Dostlar ayrı-ayrı məqamlarda
düşmən gülləsinə
tuş gəlib yaralanır və bir-birindən ayrı düşür. Ancaq sağaldıqdan sonra yenidən əldə silah çiyin-çiyinə
dayanırlar. Hərbi
hospitaldan çıxandan
sonra dostlardan biri qısa müddətə evə buraxılır, kəndə
gedir. Yenidən cəbhəyə qayıdanda
isə anasının
hər üç dostun birgə açması şərti
ilə göndərdiyi
bağlama bir xeyli müddət açılmalı olmur -
üç dostun ikisi rastlaşanda biri cəbhənin başqa tərəfində
olur. Beləcə, bağlamanı gah bu dost yanında saxlayır, gah ikinci, gah üçüncü
dost... Necə deyərlər,
bağlama bütün
cəbhəni dolaşır
və nəhayət, bir gün üçü
bir yerdə olanda bağlamanı açırlar... Böyük
ədib bu bağlamanı azərbaycanlı
anaların ürək
dolu sevgisi kimi rəmzləşdirir və övladlarının
qoruyucusuna çevirir.
Döyüşcü övladlar
əmin olurlar ki, onların arxasında dağ kimi dayananlar,
onları qələbəyə
ruhlandıranlar, onları
qələbə ilə
gözləyənlər var. Düşmən nə qədər qəddar olsa da, yırtıcı olsa da, siz daha
güclü, daha yenilməzsiniz. Çünki
siz işğalçıya
qarşı vuruşursunuz
və haqq sizin tərəfinizdədir.
Qeyd edək ki, "Vətən
yaraları" hekayəsində
də məzmunun tələbinə uyğun
olaraq təhkiyə
"əldən-ələ" keçir - müəllifdən
obraza, obrazdan müəllifə...
Ordusunun
şəxsi heyət üzvlərinin sayı qarşı tərəfdən
çox olan ölkə döyüşlərdə
həmişə qalib
gəlmir. Ordunun gücü, döyüş
qabiliyyəti kəmiyyətdən
daha çox, keyfiyyətdən asılıdır.
Hər əsgər, hər zabit döyüşdə öz
yerini və ona verilən tapşırığı dəqiq
bilməlidir. Yoxsa, xaotik bir vəziyyət
alınar və məğlubiyyət qaçılmaz
olar. Bədii əsərdəki surətlərin
"missiyası"nı da ordudakı döyüşçülərin
nizamına və ya nizamsızlığına
bənzətmək olar.
Yerində olmayan, ümumi qayəyə, mərama xidmət etməyən, zəif surət (surətlər) də əsəri uğursuzluğa aparar. Surətlərin "ali baş komandanı" da həmin əsərin müəllifidir. Bu baxımdan,
mübaliğəsiz deyə
bilərik ki, Mir Cəlalın
əsərlərindəki surətlər
"nizami ordu" kimidir - hər şey öz yerində, öz fəaliyyətində, başqa
sözlə, müəllif
"tapşırığı"nın
icrasında...
Böyük ədibin yaradıcılığında
surətlərin sayı
çox olan əsərləri, hətta
kiçikhəcmli hekayələri
də var. Ancaq bu surətlər o qədər dolğun, fərdi xarakterik xüsusiyyətlərə malik, eyni zamanda obrazlı,
bədii siqlətli,
"ölçülü-biçili"dir
ki, hansısa bir surəti kənara qoya bilmirsən. Müəllif məqsədinin
oxucuya çatdırılmasında
hər surətin öz əhəmiyyəti
var. Digər yandan, surətlərin nitq xüsusiyyətləri də
çox önəmlidir
- ilk baxışdan, müəyyən
yaxınlıqlar, bağlılıqlar
olsa da, hər birinin öz "pasportu" var. Və bu "pasport"a, bu "vətəndaşlığa"
uyğun nitq tutumları, çeşidli
söz "baqaj"ları
var. Bütün bunlar
isə surətlərin
rəngarəng talelərin
daşıyıcıları kimi, hərtərəfli təqdimatında, oxucu ilə ünsiyyətində
və dostluğunda gərəkli rol oynayır.
"Vətən yaraları"
hekayəsində tibb bacısının nitqindən:
- "Yoldaş əsgərlər,
xəstə yuxudadır,
oyada bilmərəm..."
Və ya: - "Həkim bilsə, mənim atamı yandırar..." Burada söhbət yaralı silahdaşlarına baş
çəkməyə gələn
döyüşçüləri belə, palataya buraxmayan, hər bir xəstə, yaralı əsgər, zabit üzərində tir-tir əsən, qayğıkeş, eyni zamanda məsuliyyətli
bir tibb bacısından - müharibəni,
döyüşləri bütün
ağırlığı, həyəcanı, ümidi
ilə hiss edən, yaşayan şəfqət
bacısından gedir.
Bu tibb bacısının
nitqini heç bir surətin danışığı ilə
eyniləşdirmək, qarışdırmaq
olmaz.
"Sorağın gəlsin"
hekayəsindəki dialoqa
fikir verək: "Serjantlıq məktəbini
bitirha-bitirdə komissar
Hacıbabanın təhsili
ilə yenə maraqlandı. Komandirlər
bir ağızdan
"Hacıbaba" deyib
durdular. Komissar, əmr ilə, rəsmiyyət ilə yox, yoldaşlıq yolu ilə onu
yanına çağırdı:
- Məmmədov, - dedi, - leytenantlıq məktəbinə
meylin varmı?
Hacıbaba öz komissarının
hər sözünü
vacib əmr sayırdı:
- Hara əmr etsəniz, - dedi, - getməyə hazıram!
Komissar gülüb əlini onun kürəyinə qoydu:
- Axı, - dedi, - Mamedov İsrafil də leytenantdır! Mamedovlar gərək seçilsin!
- Hər əmrin icrasında seçilməyə
səy edəcəyəm,
yoldaş komissar!"
Misal gətirdiyimiz bu parçada hər iki surət - komissar və Məmmədov bir-birinə
bağlı, mahiyyətcə
eyni söz baqajından, nitq "fondundan" istifadə edən surətlərdir. Hər ikisi hərbçidir. Ancaq Mir Cəlal bu surətlərin
nitq fərdiliyini o qədər ustalıqla təqdim edir ki, oxucu danışıq, nitq səmimiyyətini inamla və rahat qəbul edir. Oxucu üçün
əminlik yaranır
ki, komissar bu cür danışmalı,
onun tabeliyindəki hərbçi bu cür cavab verməlidir. Böyük ədib hər surəti, onun nitqini, xarakterini, hətta davranış tərzini öz baxış bucağından
keçirir, özününküləşdirir
və bu surətin "adamlığına"
tam əmin olandan sonra ona əsərdə
"iş" verir və oxucuya təqdim edir.
Başqa
bir hekayədən -
"Qayğı"dan Pakizə
adlı şəfqət
bacısını xatırlayaq:
"Evlərini xatırlayanda
Pakizə deyir: - Anam arxayındır. Ona demişəm ki, cəbhədə
baş feldşer olmayınca, qayıtmayacağam".
"Vətən yaraları"
hekayəsindəki tibb
bacısının həyəcanlı
və bir az da hirs-qəzəb dolu danışığından
fərqli olaraq, bu hekayədəki tibb bacısı Pakizə daha təmkinli, daha sakitdir, bu sakitlik
onun danışığına
da sirayət edir. Çünki Pakizə arxa cəbhədəki anası barədə, qoyub gəldiyi həyat barədə düşünür. Mir Cəlal
ölümdən, müharibənin
odundan-alovundan uzaq bir düşüncənin
dilə gətirilməsinə
də sakit nitq fərdiliyi seçir. Bu sakitliyi, əlbəttə, "Vətən
yaraları" hekayəsindəki
şəfqət bacısının
danışığından ummaq düzgün olmaz. Çünki bu tibb bacısı
ağrılardan qıvrılan,
hər an, hər dəqiqə ölümlə
çarpışan bir
yaralı əsgərdən
bəhs edir və onu yoluxmağa
gələn döyüşçü
yoldaşlarına verdiyi
cavab da elə bu cür olmalıdır
- qayğı və qəzəbqarışıq; "Yoldaş əsgərlər,
xəstə yuxudadır,
oyada bilmərəm!"
Mir Cəlalın istənilən
əsərini oxuyanda səlis təhkiyə ilə yanaşı, dilin poetik gözəlliyi
də diqqətdən
kənarda qalmır. Böyük ədibin o qədər axıcı və şirin dili - təhkiyəsi var
ki, oxucu heç bir cümlənin yaddaşa ötürülməsində
əziyyət çəkmir.
Mövzu dairəsindən
asılı olmayaraq, onun bütün əsərlərində poetik
üslub belədir. Xalq şairi Bəxtiyar Vahabzadə Mir Cəlal yaradıcılığının
dili haqqında yazır: "Mir Cəlal yaradıcılığının üstün cəhətlərindən
biri də onun təmiz, şaqraq və büllur dili idi. Onun dili
xalq danışıq
tərzinə uyğun,
son dərəcə canlı,
təbii ifadələrlə
zəngin və bədii dildir".
Bəlli
həqiqətdir ki, bədii
əsərin dili oxucu üçün həm də bir açara çevrilir, bu "açar"ın vasitəsilə
"sirli qapılar"
açılır. Mir Cəlal
dilini cəlbedici və yüksək emosional təsirli edən amillərdən biri də obrazlılıqdır.
Şübhəsiz, bu
keyfiyyət böyük
ədibin təbii obrazlı düşüncə
tərzindən, həyata,
ətraf mühitə,
təbiətə, insanlara,
həmçinin hadisələrə,
obrazlı baxışından
irəli gəlir. Mir Cəlal heç vaxt obrazlı cümlə yazmağı,
surətlərin dilini
obrazlı ifadələrlə
yükləməyi qarşısına
məqsəd qoymayıb.
Əks halda, oxucu hansısa məqamda bu "calağı" hiss etməmiş
olmazdı. Maraqlıdır
ki, müharibə mövzulu
əsərlərində də
Mir Cəlalın dili
"yüksüz" deyil,
az qala, bütün cümlələri,
dialoqları obrazla keyfiyyətlənib.
Ədibin
maraqlı əsərlərindən
biri olan "Vətən yaraları"
hekayəsinin başlanğıcına
fikir verin: "Səngərdən çıxanda
üzgüçü suya
atılan kimi, ön xəttin atəşinə atılmışdım.
Nə gurultu, nə alov, nə
də sanki dəhşətləri örtmək
istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün
boz və kəsif üfüqlərinə
bir bayraq kimi açılıb örtülən alov da mənəm".
Şübhəsiz, müharibə mövzusunda
çox əsərlər
yazılıb. Məkanından,
məzmun və mahiyyətindən asılı
olmayaraq, müharibə
əsərlərində qəhrəmanların
(əsas surətlərin)
təqdimatında, adətən
cəsurluq, qorxmazlıq,
düşmənə nifrət
kimi keyfiyyətlər
önə çəkilir.
Mir Cəlalın təqdim
etdiyi surətin qəhrəmanlıq keyfiyyətlərinin
üzə çıxması,
aşkarlanması isə
oxucunun öhdəsinə
buraxılır. Oxucu bilir ki, səngərdən
güllə kimi özünü odun-alovun içinə atan bu gənc vətən
sevdalısının sinəsində
əsl qəhrəman
ürəyi çırpınır.
Bu hekayələrdə dilin obrazlılığı o qədər
tutumludur ki, bu obrazlılıq bədii enerjiyə çevrilərək
oxucunu emosional şəkildə cazibəsinə
çəkir, hadisənin
iştirakçısına - döyüşçüyə, yaralıya çevirir. Oxucu onu da görür
ki, Mir Cəlalın qəhrəmanı
yenə üzü işığa doğru -
qələbəyə doğrudur.
Yaralansa da, odun-alovun içində çırpına-çırpına
qalsa da, mübarizəni
dayandırmır, ağrılara
əyilmir, yenə döyüşlərə can atır.
Mir Cəlalın poetik sənətkarlığı dildəki
obrazlılığı ən
üst səviyyəyə
qaldırır, sözün,
cümlənin faktoloji
təqdimatından sıyrılıb
fikrin, hadisənin bədii mahiyyətinə enir və oxucunu
daha duyğusal qatlarda qarşılayır.
"Uşaqlar bəzən
onu qayğılı görür, simasında ayrılıq kədərinin
əlamətlərini axtarmaq
istəyirlər. Ancaq
gənc müəllimə
işindən, vəzifəsindən
o qədər şad və razıdır ki, Hacıbabanı öz yanında hiss edir"
("Sorağın gəlsin").
Və ya "Əllərində torpağın
ətri, gözlərində
ulduz parlaqlığı,
təbəssümündə sabah təravəti, mülayim deyilən sözlərində lirik şeir zərifliyi görürdüm".
Bəli,
oxuduqca, dilin obraz yükünə, obrazlılığın şirinliyinə
və səmimiyyətinə
valeh olursan. "Ulduz kəndinin şəfəqləri" hekayəsində
kəndin təqdimatına
- tanışlığına fikir verin: "...qar sularının səsinə alışan
Ulduz kəndi..." Qar sularının səsi oxucunu ovsunlayıb haralara aparmır!?
Mir Cəlalın müharibə
qəhrəmanları - Azərbaycanın
vətənpərvər oğul
və qızları düşmənə qarşı
döyüşlərdə mərdliklə vuruşmaqla
yanaşı, fəhmi
və zəkaları ilə də seçilirlər. Komandirlər
onların döyüşçü
peşəkarlığından, çətin məqamda uğurlu qərar qəbuletmə qabiliyyətlərindən
razılıq edirlər.
"Sorağın gəlsin"
hekayəsinin qəhrəmanı
Hacıbaba müəlim
üç ay ərzində
komandanlıqdan beş
dəfə təşəkkür
alıb. Bu qəhrəman
Azərbaycan oğlu əvvəlcə serjant məktəbinə, oranı
bitirdikdən sonra isə yüksək zabit məktəbinə göndərilir. Böyük
ədibin öz qəhrəmanına belə
yanaşması, Azərbaycan
övladının hərbi
sınaqlardan ləyaqətlə
keçib mərtəbə-mərtəbə
ucalması, reallıq
öz yerində, həm də arzu olmaqdan əlavə,
gələcəyə ünvanlanan
ismarıcdır. Başqa
sözlə, Azərbaycanın
oğul və qızlarının potensialı
səngər qazmaqla, nişan almaqla və ya yara
bağlamaqla məhdudlaşmır.
Onun əsərlərində
azərbaycanlı gənclər
hərbi idarəetmədə
də yetərincə
qabiliyyətlidirlər. Göründüyü
kimi, böyük ədib hadisələri təsvir etmək və ya dialoqları
çatdırmaqla kifayətlənmir,
alt qatda olan perspektiv imkanları da qiymətləndirir və oxucunun diqqətinə çatdırır.
Bu keyfiyyətlər Mir Cəlalın
müharibə mövzusunda
yazdığı bütün
əsərlərinə xasdır.
Oxucu bu əsərləri oxuyanda müharibəyə, işğalçıya
nifrət etməklə
yanaşı, inanır
ki, haqqın, ədalətin
tərəfində, torpağının
uğrunda döyüşənlər
sonda mütləq qalib gəlir. Yetər ki, övladlar da
"Vətənin yaşadığı
arzu ilə" yaşasınlar.
Telman NƏZƏRLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, №35.- S.4-5.