"Cahangiranə
bir dövlət
çıxardıq bir əşirətdən"...
"Babalarımız oğuzlar-türkmənlər"
silsiləsindən
Böyük türk şairi
Namiq Kamalın bu məşhur misrası yüzillər boyu dünyaya hökm etmiş Osmanlı imperiyasının
yaranma və formalaşma mexanizmini əks etdirməklə yanaşı, tariximizin qaranlıq səhifələrinə,
o cümlədən, türkmən
bəyliklərinin inkişaf
qanunauyğunluqlarına, onların
Osmanlılarla qarşıdurmalarına
işıq tutur, türkmən ulusunun iki böyük qolunun ayrılması, oğuz ellərində başlayan mürəkkəb
etnik differensiasiya proseslərinin erkən mərhələsi haqqında
ipucları verir...
Tarixi nonsens: "konfederativ
tipli"
əşirət dövlətləri
- türkmən bəylikləri
Monqol istilası ilə əlaqədar XIII əsrin
ortalarında Asiyanın
içərilərindən qərbə doğru yeni oğuz köçü başladı və nəticədə Anadolu Səlcuqi
dövlətinin daxili
nizamında dəyişiklik
baş verdi. Oturaq şəhərli-kəndli
əhali ilə yarımköçəri türkmənlər
arasında balans pozuldu. Əksər ərazilərdə əkin
sahələri yenidən
otlaqlara çevrildi, iqtisadiyyatın inkişafı
ləngidi, şəhərlilərlə
onların köçəri
qonşuları arasında
ziddiyyətlər kəskinləşdi.
Bu dövrdə dövlətin
əsas gəlirləri
oturaq əhalidən alınan vergilər, qismən də gömrük rüsumları
hesabına formalaşırdı
və Konya sultanları
əkinçiliyin və
ticarətin inkişaf
etdirilməsində maraqlı
idilər. Odur ki, artıq formalaşmış
iqtisadi ukladın köçəri türkmənlər
tərəfindən mümkün
qədər az zədələnməsinə səy
göstərir, köçləri
mərkəzdən kənarlara
yönləndirir, məqsədyönlü
məskunlaşdırma siyasəti
yeridirdilər. Anadolu yaylasını
çevrələyən sıra
dağların yamaclarında,
sərhəd bölgələrində
yerləşdirilən köçərilər
heyvandarlıqla məşğul
olur, qışda obalarda yaşayır, yayda yaylaqlara qalxır, sürülərinə
geniş otlaqlar axtarır, eyni zamanda "uc boyları"nın təhlükəsizliyini
təmin edirdilər. Türkmən oymaqlarının
əsas gəlir mənbələrindən birini
də Bizans kənd və qəsəbələrinə axınlardan
əldə etdikləri
qənimətlər təşkil
edirdi. Axınçılıq
Anadoluda türkmən
bəyliklərinin yaranmasında
və genişlənməsində
müstəsna rol oynayırdı. Axınçılar
vaxtaşırı olaraq
güclü tayfa başçılarının rəhbərliyi
altında yeni torpaqlar
əldə etmək, yaxud bir-birlərindən çox uzaqda yerləşən yaylaqlar
və qışlaqlar
üzərində siyasi
nəzarəti ələ
keçirmək uğrunda
vuruşur və olduqca geniş ərazilərdə uluslar
və ya bəyliklər yaradırdılar.
Əsrlərcə ucsuz-bucaqsız bozqırlarda
köçəri ömür
sürmüş türkmənlər
Mərkəzi Asiyadan Anadoluya təkcə həyat tərzlərini deyil, babalarının mənəvi mirasını-
inanc, vərdiş və gələnəklərini
də gətirmişdilər.
Uclarda cəmiyyətin
siyasi təməlini türkmən ənənələri
təşkil edirdi. Bəyliklərin dövlət
quruluşu da başlanğıcda
əşirət təşkilatından
ibarət idi. Beynəlxalq hüquqda buna
"tribal state" (tayfa/əşirət
dövləti), yəni
bir və ya bir neçə
əşirətin əsasında
meydana çıxan dövlət təsisatı
deyilir. Bəyliklər
əşirət və
qəbilələrin, əşirətlər
bir-birinə qan qohumluğu ilə bağlanan müxtəlif ailə, nəsil və tirələrin birləşməsindən əmələ
gəlir və bu kiçik vahidlərin hər birinin başçısı
da "bəy" adlanırdı.
Göytürklərdən etibarən
türk əsilzadələri
arasında "bəy"
ünvanı həmişə
(məs., Qaraxanilərdə
"Bəybörü", "Bəybars") işlənmişdi.
Anadolu bəylikləri də,
adından göründüyü
kimi, bəy əsaslı dövlətlər
olub, bir və ya bir
neçə bəyin
iyerarxiya nərdivanı
şəklində fəaliyyət
göstərir, ailə,
nəsil, elat başçılarının qarşılıqlı
münasibətləri şaqulu
və ya vertikal bağlılıqla
şərtlənirdi.
Doğrudur, Anadolunun şərqində
və qərbində yaranmış uluslar arasında müəyyən
tipoloji fərqlər nəzərdən qaçırıla
bilməz; qərbdəki
bəyliklərdə tezliklə
oturaq həyat tərzi üstünlük
qazanmışdı. Con Vudsun,
qərbdəki "ərazi
bəylikləri"ni "yarıoturaq", şərqdəkiləri
isə "yarıköçəri
tayfa konfederasiyaları"
kimi xarakterizə etməsi təsadüfi deyil. Amma orası da var ki,
necə səciyyələndirilməsindən,
hansı adla anılmasından, şərqdə,
ya qərbdə yaranmasından asılı
olmayaraq Anadoludakı bütün türkmən
uluslarının sosial-siyasi
quruluş etibarilə
bir-birindən o qədər
də fərqlənmədiyi
açıq-aşkar ortadadır
və bunları "bəylik" də, "konfederasiya" da adlandırsaq,
eyni dərəcədə
haqlı olarıq.
Zira tipik daxili quruluşa və iyerarxiyaya malik olan, möhkəmləndirilmiş istehkamlardan
ibarət ərazilərdə
məskunlaşmış hansısa
konkret tayfa(lar) tərəfindən yaradılmasına
rəğmən, bəyliklərin
sonrakı mərhələdə
konfederativ təsisata çevrildiyi məlumdur. Osmanlı bəyliyi buna bariz nümunədir. Kayı/Qayı/Qayığ boyuna mənsub Osman bəy Anadolunun qərbində uc bəyi (ərəb
qaynaqlarında "sahibül-ucat")
mövqeyinə yüksəlmiş,
ətrafına müxtəlif
türkmən boylarından
olan bəyləri toplayaraq onları qəza (müqəddəs
savaş) uğrunda təşkilatlandırmışdı. Bu, kökləri Hunlar, Göytürklər, Səlcuqilər
dövrünə qədər
işləyən klassik
konfederativ təşkilat
modelidir: bir nüvə (ailə, tayfa) və onun ətrafında birləşən çox
sayda əşirət
(tayfa və qəbilələr). İlbər
Ortaylının fikrincə,
"qədimdən mövcud
olmuş" bu struktur Əmir Teymur zamanında Orta Asiya və
İranın türk etnik-coğrafi arealında
daha möhkəm oturuşmuş və qərarlaşmışdı. Bəyliklər
üçün "konfederasiya"
terminini yalnız şərti anlamda, sırf oxşarlıq, analogiya mülahizəsi ilə işlətmək mümkündür. Tayfa əsaslı türkmən
konfederasiyaları tərkibcə
qeyri-sabit və dəyişkən olub klassik dövlət tipindən prinsipial şəkildə fərqlənir.
Tarixçilərin müşahidələri
göstərir ki, XV əsrin
əvvəllərində- Ağqoyunlu
Qara Osmanın hakimiyyətə başladığı
dövrdə Bayandurilər
Bozdoğan, Dögər,
Əfşar, İnallu
və Bayat tayfaları ilə birləşmişdilər və
onların bağlılıq
əlaqələri nisbətən
zəif idi. Sonralar isə bu konfederasiya Pörnək, Mosullu, Həmzə-hacılu, Heydərlü,
İvaz, İzəddin-hacılu,
Tabanlu və Yurdçu tayfalarının
da qoşulduğu güclü
bir ittifaq idi. Aydın məsələdir ki, tayfa
birliyinin genişlənməsi
ilə siyasi şərait də dəyişir, ortaya
yeni-yeni qarşılıqlı öhdəliklər və
tələblər çıxır.
Əslində, "tarix
boyunca köçəri
həyat və quruluş tərzinə
malik əşirət və
qəbilələr klassik
dövlətlərə alternativ
(antiteza) təşkil
etmişdir" (Yəhya
Başkan). Türkmən
bəyliklərində də
konfederantların ən
dəyişməz xüsusiyyəti
mərkəzdənqaçmaya, sərbəstliyə, bir qədər də özbaşınalığa meyllilikdir,
- desək, yanılmarıq.
Bu isə hər şeydən əvvəl köçəri həyat
tərzi ilə şərtlənir.
Anadoluda
yaranmış bəyliklərin
özlərini Səlcuqilərin
(Qərbi və Mərkəzi Anadoluda) və Hülakuların (Şərqi Anadoluda) hüquqi-siyasi varisləri
saymasına baxmayaraq, türkmənlərin köçəri
ənənələrini yüzillər
boyunca qoruyub saxlaması onların xarakterik milli-etnik xüsusiyyəti kimi qiymətləndirilə bilər.
Hətta C.Vuds
Qara Yülük Osmanın "Öyüdnamə"sinə
(o da digər Qərb müəllifləri kimi bu qeydlərdən "Oğluma məsləhətlər"
adı ilə bəhs edir) əsaslanaraq Ağqoyunluların
köçəri həyat
tərzini qanun və prinsip səviyyəsinə qaldırdıqları
və bütöv bir "köçərilik
ideologiyası" belə
yaratdıqları qənaətinə
gəlir. Onun fikrincə, "köçərilik
ideologiyası" oğuz
törəsi, türklük
və sərbəstlik
(müstəqillik) mənası
daşımışdır ki, bu da türkmənlərin
dünyagörüşünə, ilk növbədə əcdad
kultuna uyğundur. Türkmənlər qədim
dövrlərdən əfsanəvi
Oğuz xaqanı özlərinin cəddi hesab edirdilər. Bu mənada Qara Yülük Osmanın Ağqoyunlularının soykökünü
Oğuz xan oğullarından Bayandur xana (konfederasiyanın hakim
tayfası olan bayandur/ bayındırların
ulu babası) bağlaması
tamamilə anlaşılandır.
C.Vuds yazır: "Xanlar xanı Bayandur xanın törəməsi olması
Ağqoyunlu hökmdarına
Anadolu, Suriya və Azərbaycanın siyasi cəhətdən dağınıq
olan türkmən tayfalarından sədaqət
tələb etmək üçün zəmin yarada bilərdi". Seyfəddin Ərşahin Qara Yülük Osmanın türkmən (köçəri) prinsiplərinə
önəm verməsini
onun müstəqil türkmən əşirətlərini
öz bəyliyinə
cəlb etmək üçün göstərdiyi
səylərlə əlaqələndirir.
Bu istək, demək olar, irili-xırdalı bütün bəylərə
xasdır.
Qara
Osman türkmənlərin gücünün
başlıca qaynağını
köçəriliyə bağlılıqda
görür, oturaq həyatın türklüyə
və azadlığa
(müstəqilliyə, özgürlüyə)
zərər verəcəyini
vurğulayır. Bu fikir
də yeni deyil.
İbrahim Qəfəsoğlunun qənaətincə, Göytürklər
dövründə köçəri
həyat tərzindən
üz çevirmənin,
şəhərlərə qapanmanın türklərə
xeyir gətirməyəcəyini
Bilgə Tonyukuk da söyləmişdi. "Öyüdnamə"
Ağqoyunlu bəyliyində
nizamın qorunub-saxlanılması
üçün onlu sistemi ən optimal quruluş kimi təqdim edir ki, bu da türklərin ordu-millət xarakterindən
doğan bir sistemdir və təkcə hərbi deyil, həm də sosial-siyasi xarakter daşıyır. Onlu sistemə əsasən, Ağqoyunlu ulusunda boylar onbaşı, yüzbaşı,
minbaşı və onminbaşıya (tümənbaşı)
bağlı vahidlər
kimi təşkilatlanmışdı.
Elxanilərin süqutundan sonra
onun keçmiş ərazilərində heç
bir dövlətə bağlanmaq istəməyən
xeyli türkmən əşirəti yerləşmişdi.
Onlar bəyliklərə
biət etmir, azad və sərbəst
yaşamağa üstünlük
verir, siyasi-iqtisadi müstəqilliklərini hər
vəchlə qoruyurdular.
Yeddicildlik "Azərbaycan
tarixi"ndə qeyd olunduğu kimi, XIV əsrin sonlarına doğru Azərbaycanın
bir çox ərazilərində köçəri
tayfaların nüfuzu
artmış və siyasi dominantlıq onların əlinə keçmişdi. Bəyliklər
həm döyüşçülükdə,
həm də heyvandarlıq və toxuculuqda böyük məharət sahibi olan bu əşirətləri
öz tərəflərinə
çəkmək istəyir,
onlarla əməkdaşlığa
çalışır, bu
məqsədlə köçərilik
prinsiplərinə sadiq
olduqlarını, törə
ilə hesablaşdıqlarını
vurğulayır, onlara
geniş imtiyazlar vəd edir və
əlbəttə ki, onların
təbəəçiliyini qazanmaq uğrunda bir-birləri ilə mübarizə aparırdılar.
Bəyliyin gücü
digər amillərlə
birlikdə ona qoşulan əşirətlərin
sayı və sanbalı ilə ölçülürdü. Köçəri
tayfalara zorakı təsir imkanları isə yolverilməz sayılırdı. Əşirətlərin
bir bəylikdən başqasına keçməsi
mütləq şəkildə
könüllülük əsasında
baş verə bilərdi. Hətta hər hansı bəyliyin müharibədə
məğlub olub dağılması belə
onun tərkibinə daxil olmuş tayfaların avtomatik surətdə qalib tərəfin hökmünə
keçməsi ilə
nəticələnmirdi. Bunun üçün nüfuzlu
əmirlərin (tayfa,
bəzən də qoşun başçıları)
yanına elçilər
göndərir, xüsusi
yazılmış "nəvazişnamə"
məktubları ilə
onları qalib bəyliyə qoşulmağa
dəvət edirdilər.
Həsən bəy Rumlu Uzun Həsənin
Cahanşah üzərində
qələbəsindən bəhs
edərkən bu prosedurlardan da söz açır. Lakin bildiyimiz
kimi Uzun Həsən ilk vaxtlarda Qaraqoyunlu konfederantlarından
yalnız ikisinin- Hacılu və Alpavut (Bağdadı alpavutlar nəzarətdə
saxlayırdı) tayfalarının
başçılarına sədaqət
andı içdirə
bilmişdi. Çepni,
Ağacəri, Sədlu,
Bayramlu, Duxarlu tayfaları Ağqoyunluların
tərkibinə sonradan
qatılmışdı. Baharlu
əmirlərinin isə
Uzun Həsənin hakimiyyətini ümumiyyətlə
qəbul etməyib, teymurilərin himayəsinə
sığındıqları məlumdur.
Bəyliklərdə sosial-siyasi piramidanın başında
"ulu(q) bəy" (rəsmi
vəsiqə və sikkələrdə işlənən
"əmirül-əzəm", "sültanül-əzəm" ibarələrinin
ekvivalenti) durur. Bəyliyin qurucusu bəzən onun özü, əksər hallarda isə atası və ya babasıdır. Hər bir halda
ulu bəy əcdad kultuna uyğun şəkildə dövlətə
(bəyliyə) adını
vermiş sülalənin
(xanədanının) tam hüquqlu
təmsilçisidir. Ulu bəy,
xüsusən, hakimiyyətinin
ilk dövründə öz
tayfası ilə yanaşı, ona mənsub olmayan sosial qrupların hərbi-siyasi dəstəyinə
böyük ehtiyac duyur və tayfa
başçılarının sədaqətini qazanmağa
cidd-cəhd göstərir,
əşirətləri bəyliyinə
birləşdirdikdən sonra
da "real və ya yardımçı qohumluq
bağları və nigah müttəfiqliyinə
söykənən şəbəkə
vasitəsilə" (C.Vuds) onların dəstəyini möhkəmləndirməyə
can atır. Osman bəy,
sonra isə Orxan Qazi həm tutulan torpaqların təhlükəsizliyinin təmin
olunması, həm də bəyliyin demoqrafik tərkibinin genişləndirilməsi mülahizəsi
ilə zəbt olunan ərazilərdə köçəri türkmən
tayfalarını yerləşdirirlər
ki, bu da Səlcuqilərdən
gələn "iqta"
təsisatına yeni nəfəs
verir. Vaxtilə oturaq həyat tərzi keçirən şəhərli-kəndlilər və hakim sülalənin
hərbi-siyasi gücünü
artıran köçəri
türkmənlər arasında
balans yaratmaq problemi ilə qarşılaşan Səlcuqilər
çıxış yolunu
iqta təsisatında tapmışdılar. Nizamülmülkün
"Siyasətnamə" əsərində
də qeyd olunduğu kimi oğuz birliklərinin komandanlarına böyük
torpaqlar, bütöv vilayətlər iqta olunmuşdu. "İqta"
termini ərəb dilindən
"kəsim", "pay" kimi tərcümə edilir. Hökmünə iri inzibati ərazilər
verilən iqta sahibləri əşirətini,
tayfasını həmin
torpaqlara köçürür,
yurd salırdılar.
"İqta" və ondan törəyən digər hərbi-bəxşiş
torpaq təsisatları
Ağqoyunlu və Qaraqoyunlu konfederasiyalarında
da geniş yayılmışdı.
Bu təsisatlar, Tofiq Nəcəflinin qeyd etdiyi kimi, dövlətə
xəzinədən əlavə
vəsait xərcləmədən
böyük və güclü ordu yaratmağa imkan verirdi. Vaxt keçdikcə
iqta institutunu soyurqal əvəz etmişdi: "Azərbaycanda
soyurqal torpaqları
ilk dəfə XIV əsrin
sonuncu rübündə
ortaya çıxmışdı...
Hərbi və mülki xidmət müqabilində paylanmış
bu mülklər feodalların irsi istifadəsində olurdu. Ancaq soyurqal torpaqları hərbi-inzibati
qulluq əyanlarına
yeni üstünlüklər və imtiyazlar verirdi: bu əyanlar
soyurqal torpaqları üzərində inzibati və məhkəmə hakimiyyəti səlahiyyəti
alır, dövlət
xəzinəsinə vergi
verməkdən azad olunurdular. Mərkəzi hakimiyyət məmurlarının
nəzarəti soyurqal
torpaqlarına aid edilmirdi...
Hərbi-köçəri əyanlara- tayfa və əyalət əmirlərinə soyurqal
adı ilə bütöv mahal və əyalətlər bağışlanırdı".
Göründüyü kimi,
ulu bəy tayfa və əşirətləri
öz tərəfinə
çəkmək üçün
müstəsna səlahiyyətlərinin
bir qismindən boy bəylərinin xeyrinə
imtina edirdi.
Bu və bənzəri tədbirlər, habelə təhlükəsizlik zərurəti
tayfa başçılarını
("sərdarani-el") da cəlb edir, onları bəylik və konfederasiyalarda birləşməyə, dövlət
himayəsinə girməyə,
yaşadıqları ərazinin
iri siyasi ittifaqında yer almağa həvəsləndirirdi.
Amma onlar da ulu bəyin
hakimiyyətini tanımaqla
öz sərəncamlarında
olan hərbi qüvvə və iqtisadi resursların müəyyən qismini
"mərkəzi hakimiyyətə"
təslim etməli olurdular. Beləliklə, tərəflərin hər
ikisi bu birliyə mövcud siyasi statuslarının müəyyən qədər
ixtisar edilməsi hesabına daxil olur və qarşılıqlı
münasibətlərində daim bu itkini
kompensasiya etməyə
cəhd göstərirlər.
Bu mənada konfederasiya
başçısı ilə
ortaq tayfaların razılaşması bəlkə
elə yaranışdan
qüsurludur. Amma onun hər iki tərəf
üçün sərfəli
və faydalı olmasına da şübhə
yoxdur. Tayfaların həyati maraqları, ən əsası isə təhlükəsizlikləri
təmin olunur. Dövlətin həmtəsisçiləri
sırasında yer almaq- işin mənəvi tərəfi
bir yana- onlara sırf maddi üstünlüklər
vəd edir, daha böyük qüvvə ilə axınlara çıxmaq,
basqınlar etmək, bol qənimət qazanmaq (buraya əsirlər və çox zaman işğal olunan ərazilər də daxildir), dinc dövrdə isə ulu bəyin hədsiz səxavətindən
bəhrələnmək imkanlarını
qat-qat artırır. Göründüyü
kimi, bəyliklə onun tərkib hissələrini təşkil
edən tayfalar arasında yaranan münasibəti spesifik sosial saziş, ortaqlıq əhdnaməsi
kimi nəzərdən
keçirmək mümkündür
və bu saziş, əhdnamə pozulmadığı müddətcə
hər iki tərəfin maraqlarına
xidmət edir. Burada daxili münasibətlər
adi müttəfiqlikdən
daha sərt və dərindir. Ortaqlığa girən tayfa və onun
başçısının dövlətə adını
verən təsisçi
tayfanı (xanədanı)
təmsil edən ulu bəyə itaət və biət etməsi əsasdır. Əsasdır, amma eyni zamanda "yumşaq" və nisbidir, müəyyən mənada hətta şərtidir.
Bəyliklərdə ortaqlıq, ümumiyyətlə, mürəkkəb
bir institutdur. Nə qədər ki tayfa müstəqildir, dövlətə bağlı
deyil, onun rəisi suveren hüquq və səlahiyyət sahibi, obasının, elatının
mütləq hakimidir.
O, öz boyu ilə tam bir vəhdət halındadır.
Çox vaxt ona öz adını
belə verir. Boyu məhz bəyinə görə tanıyır, dəyərləndirirlər.
Bəy də özünü boyundan ayrı təsəvvür
etmir, onun mənafeyini hər şeydən yüksək
tutur. Boy ona babalarının əmanətidir.
Eyni səbəbdən
bəy də boyu üçün şəriksiz və əvəzolunmaz liderdir, onun əmr və
istəklərinə danışıqsız
əməl etmək boyun hər bir fərdi üçün müqəddəs
borcdur. Ənənə
və inanclarla əsaslandırılan bu qarşılıqlı münasibət
zənciri hüquqi müstəvidə eyniləşmə
səviyyəsində gözlənilir,
məxsusi bir ictimai sistem doğurur və tayfa daxilində praktik fəaliyyətlər
həmin sistem çərçivəsində həyata keçirilir. Tayfa, bəyliyə daxil olduqdan sonra da bəy-boy eyniyyəti əhali tərəfindən əvvəlki
qaydada gözlənilir.
Əhali üçün
bəy yenə də bəydir, əsas odur ki, tayfanın rəisi odur. Onun öz
hüquq və səlahiyyətlərinin bir
qismini "könüllü
şəkildə" ulu bəyə
güzəştə getməsi
əhali üçün
önəm daşımır.
Boy bəyinin vəziyyəti
isə daha ağırdır. Əvvəla,
o, "özbaşına" deyil. Tayfanın digər bəyləri, ağsaqqallar da var və bəy öz davranışlarını onlarla
razılaşdırmağa borcludur. O biri tərəfdən, konfederasiyaya
daxil olduqdan sonra boy bəyi artıq yalnız öz tayfasının deyil, bütövlükdə
bəyliyin və onun digər ortaqlarının maraqlarını
qorumaqla da mükəlləfdir
və bu mənada qərarlarını
məhdudlaşdırmaq məcburiyyətindədir.
Maraqlar toqquşanda isə o, mövqeyini ulu bəyin, digər tayfa bəylərinin maraqları ilə uzlaşdırmalıdır. Beləliklə,
boy bəyi daim tayfasının və dövlətin mənfəətləri
arasında seçim etmək, balans yaratmaq zorundadır və təbii olaraq, düşdüyü
asılılığı maksimum azaltmağa zərurət duyur, fürsət düşdükcə
ulu bəydən yeni-yeni imtiyazlar
qoparmağa can atır.
Bunun üçün müvafiq
təsir rıçaqları
da yox deyil.
Türkmən bəyliklərinin siyasi
spesifikası onların
erkən və ibtidai demokratiya qanunları ilə idarə edilməsində əks olunur. Burada ulu bəy də ortaqları ilə hesablaşmağa borcludur, hətta demək olar ki, o, bəyliyin mütləq hakimi də deyil, "bəylərin ulusu"dur. Üzərinə
tayfalararası münasibətlərin
nizamlanması, onların
hər birinin mənafelərinin qorunması,
konfederantlar arasında
siyasi balansın yaradılması kimi öhdəliklərlər götürən
ulu bəy Böyük
Divanla (Dövlət Divanı) yanaşı Bəylər Məclisi (Qaraqoyunlularda və Ağqoyunlularda Kəngəş
və ya Məşvərət Divanı)
qarşısında da məsuliyyət
daşıyır, başqa
sözlə, öz suveren hakimiyyətini könüllü şəkildə
digər bəylərin
(xanədan üzvləri,
hərbi elita nümayəndələri), o cümlədən,
tayfa başçılarının
yarımsuveren hüquqları
ilə məhdudlaşdırır.
Əşirət rəisləri
də ulu bəyin qardaşları, oğlanları,
xanımları, ordu başçıları ilə
birlikdə müharibə,
sülh, varislik kimi mühüm dövlət məsələri
ilə bağlı məşvərətlərdə həlledici səs hüququ ilə iştirak edir, beləliklə, ulu bəyin
şəriklərinə çevrilirdilər.
1281-ci ildə Ərtoğrul
bəyin vəfatından
sonra qardaşı
Dündar bəyin ciddi-cəhdlərinə
baxmayaraq ulu bəy seçimində Osman bəyin
dəstəklənməsini, Ağqoyunlu Qara Yülük Osmanın qardaşı Əhməd
bəylə siyasi mübarizədən məhz
konfederant əşirətlərin
müdaxiləsi nəticəsində
qalib çıxmasını
yada salmaq, zənn edirik, kifayətdir. Bircə onu əlavə edək ki, sonrakı dövrlərdə
əşirətlərin təşəbbüsü
və yaxından iştirakı ilə baş vermiş xanədan savaşları bəyliklər tarixinin ən çox təkrarlanan mövzularındandır.
Bəyliklərdə siyasi həyatın tənzimlənməsi
əksər hallarda
ulu bəy və əşirət başçılarının
iradəsindən asılı
olsa da, müəyyən
ənənəvi nizamlayıcı
mexanizmlərin mövcudluğu
qeyd edilməlidir. Törə əzəli və əbədi imperativlər toplusu, əxlaq normativi kimi sistemin fövqündə
durur. Törəyə
əsaslanan konfederant tayfalarının iyerarxiya
qaydası "orun",
hakimiyyətdən pay almaq
üsulu isə "ülüş" ənənələri
ilə tənzimlənir.
Qara Osman bəyin
"Öyüdnamə"sində də bəhsi keçən orun prinsipinə əsasən,
boyların siyasi mövqeyi və sambalı onların dövlət (bəylik) üçün hərbi,
sosial və iqtisadi əhəmiyyət
dərəcəsi ilə
ölçülür. Boy döyüşçülərinin bəylik ordusunun hansı cinahında vuruşması, tayfa başçılarının siyasi
toplantılarda (toy və
şölənlərdə) hansı ardıcıllıqla
yer alması məhz orun prinsipi ilə müəyyən olunur və ülüş zamanı nəzərə
alınır. Müasir
siyasi təcrübə
ilə paralellik aparsaq, orun- bəyliklərdə daxili
siyasi etiket və protokol qaydalarını əvəz
edir. Əhalisi sayca daha artıq
və daha döyüşkən olan,
orduya daha çox əskər verən boyların bəyləri toy və şölən masasında
ulu bəyə daha yaxın əyləşdirilir.
Bu yalnız simvolik məna daşımır,
bəyin səs hüququna, sözünün
keçərliliyinə də
birbaşa təsir göstərir. Yeri gəlmişkən, onu da qeyd edək ki, orunun prototipi bizə "Kitabi-Dədə
Qorqud"dan yaxşı
tanışdır ("oğlu
olanı ağ otağa, qızı olanı qızılı otağa"...).
"Ülüş/üləş"
(-mək)" sözü
"bölüşmək, paylaşmaq" mənasında
işlənib, hakimiyyətdən
pay bölgüsünün olduqca geniş spektrini ehtiva edir. Adlar müxtəlif
ola bilər, təsisatlar
dövlətə və
dövrə görə
fərqlənə bilər,
amma türkmən törəsinin hakim olduğu
bütün ölkələrdə
iqtisadi bazisin və ordunun çəyirdəyinin məhz
bölüşmək, paylaşmaq
prinsipinə əsaslanması
dəyişməz həqiqətdir.
Döyüş qənimətlərinin
bərabər və ədalətli bölgüsü
konfederativ dövlət
quruluşunun ilkin, davamlı və pozulmaz qanunlarındandır.
Türklərin ordu-millət
xarakterindən irəli
gələn hərbi-torpaq
sisteminin məhz ülüş üzərində
qurulduğunu da qeyd etmək vacibdir.
Məlumdur ki, türk cəmiyyətində
ictimai həyat lap qədim vaxtlardan cəngavərlik qanunları
ilə idarə edilir (hərbiləşmiş
icma="orda"), döyüşçülərin, komandan və bəylərin müəyyən
gəlir qaynaqlarına
malik olması vacib sayılırdı. Ülüş
prinsipinə uyğun
İlk hərbi təsisatlardan
olan sipahilik Qaraxanilər dövründə
(IX-XIII əsrlər) meydana
çıxmış, Səlcuqilərdə
davam etdirilmiş, onlardan Qərbi Anadolunun türkmən bəyliklərinə, o cümlədən,
Osmanlılara keçmiş,
XVI əsrin sonlarına
qədər hərbi-torpaq
sisteminin onurğa sümüyünü təşkil
etmişdi. Yaranış
mərhələsində əşirət
birliklərindən təşkil
olunan Osmanlı ordusunda sipahilik institutu döyüşlərin
(qəzanın) əsas
ağırlığını öz üzərində daşıyan hərbçilərə
dövlət torpaqları
fondundan (yüksəliş
dövründə əkinə
yararlı torpaqların
60-80 faizini təşkil
edən "miri" torpaqları)
"dirlik" (dolanışıq
mənbəyi) və ya "timar" (nisbətən daha kiçik dirlik) deyilən gəlir qaynağı ayrılmasını
nəzərdə tuturdu.
Bu təxminən, Səlcuqilərdəki
iqta təsisatının
nisbətən kiçik
miqyaslı analoqu sayıla bilər. Sonralar isə dirlik torpaqlarının idarə olunması "sipahi" adlanan süvariyə tapşırıldı.
Sipahilər dirlik torpaqlarını icarəyə
verir, toplanan məhsulun onda bir hissəsini osür vergisi şəklində xəzinəyə
ödəyir, qalan gəlirlə hər kənddən tam təchiz
olunmuş döyüşçülər
("cəbəlü") yetişdirib müharibəyə
hazırlayırdılar. Faktlar
göstərir ki, sipahilər
Osmanlıda nizami ordunun nüvəsini, qapıqulu əskərləri
təsisatı yarandıqdan
sonra isə onun əsas zərbə qüvvələrindən
birini təşkil etmiş, önəmini heç vaxt itirməmişdir. Bəzi
tədqiqatlarda qapıqulu
əskərləri dedikdə
yeniçərilər nəzərdə
tutulur. Halbuki yeniçərilər qapıqulu
ordusunun yalnız sayca ən böyük
bölüyü idi. Ordunun ən nüfuzlu təbəqəsini
("elit qoşunları")
isə sipahilər təşkil edirdi. 6 bölükdən ibarət
olduğu üçün
"6 bölük xalqı"
deyə tanınan sipahilərə saraylarda təlim görmüş
"içoğlanları", göstərdikləri şücaətlərə
görə mükafatlandırılan
yeniçərilər də
daxil edilirdi. Qapıqulu sipahilərinə
verilən dirliklər
həcmcə daha böyük olurdu. Fateh
Sultan Məhmədin 1458-ci ildə
sipahilərin sayını
artırmaq üçün
torpaq islahatı keçirdiyi, 20 mindən artıq kənd və qəsəbəni iqta kimi onlara
paylatdığı bəllidir.
İlk dövrdə başqa hərbçilərə də
dirliklər paylanırdı.
Gəliri daha yüksək olan qəsəbələr "zəamət"
("komandan" mənasında
işlənən "zaim"
sözündəndir) adı
ilə subaşı rütbəsi daşıyan
zabitlərə, şəhərlər
isə "xass" adı ilə bəy ailəsi üzvlərinə, paşalara
ayrılırdı. Bunların
da çoxu "cəbəlü"
döyüşçülər saxlayırdılar. 1330-cu illərdə
hələ subaşıların,
timar və dirlik sahiblərinin sayı çox deyildi. Orxan bəy döyüşə
gedəndə qoşunun
əksəriyyətini dirlik
sahiblərindən yox,
əli silah tutan sakinlərdən toplayırdı. Ölkə
böyüyüb müharibələr
daha uzunmüddətli
olunca onların əsas işlərindən
(əkin-biçindən, təsərrüfatdan)
ayrılması çətinləşirdi.
Bu isə dirlik sahiblərinin əlavə
qüvvələr yaratmasını
şərtləndirdi və
bir qismi piyada ("yaya"), bir qismi isə atlı ("müsəlləm")
olmaqla yeni döyüşçü
birlikləri quruldu. Müharibə vaxtı bu əskərlərə müəyyən muzd ödənilir, dinc dövrlərdə isə
onlar vergidən azad edilir, əkin
yerləri alırdılar.
Tarixçilərin çoxu
"yaya" və "müsəlləm"
bölükləri Osmanlı
nizami ordusunun başlanğıcı hesab
edir.
Bəy özü də dirlik sahibi sayılır, onun "xass"ı "xəvasi-humayun" adlanırdı. Osman və Orxan bəylərin də döyüşçü hazırlığında iştirak etdikləri məlumdur. Vaxt keçdikcə Osmanoğulları hərbi-torpaq aristokratiyasının başqa üzvlərindən fərqlənməyə və xüsusi status qazanmağa başlayır. Bəylərbəylik vəzifəsinin təsis olunması Orxan bəyin məqamının artıq hərbi idarəçilikdən daha yüksəyə qalxdığını göstərir. Söz yox, əsl komandan yenə o özüdür; bildiyimiz kimi, Osmanlı bəy və sultanları bu statuslarını XVII əsrə qədər davam etdirmişlər. Amma Orxan bəydən etibarən ulu bəyin artıq yalnız orduya başçılıq etmədiyi şəksizdir.
Bəyliklərdə ordunun özəyini konfederant tayfaların "çıxardığı" hərbi qüvvələr təşkil edirdi. Ordu quruculuğunda köçəri elatlar xüsusi yer tuturdu. Müharibələr zamanı əmirlər döyüşə mənsub olduqları tayfalardan toplanmış qoşunlarla ("çərik") girir, tayfalar daha çox qənimət almaq üçün bir-biri ilə rəqabət aparır, şövqlə vuruşurdular. Amma ordu yalnız çəriklərdən ibarət deyildi. Döyüşlərdə ulu bəylərə, şahzadələrə və yüksək vəzifəli əmirlərə bağlı muzdlu "xassə" əskərləri də ("xəvas", "nökərani-xassə") fəal iştirak edirdilər. Çəriklərə onlardan fərqli olaraq yalnız döyüşə çağrıldıqları hallarda müəyyən məbləğdə maaş verilirdi. Bəzən onların ələ keçirdiyi torpaqlar komandanlarına, başqa sözlə, tayfa başçılarına bağışlanır, təth olunan əksər şəhərlərdə isə vilayət hakimləri (əmirlər) və qarnizon rəisləri əşirət rəislərinin arasından seçilib təyin olunurdu.
Ümumiyyətlə, tayfa ittifaqı siyasi cəhətdən inkişaf edib hərbi gücünü artırdıqca, mühüm şəhərlər üzərində nəzarət ələ keçirildikcə boy bəyləri üçün yeni sərvət mənbələri yaranır. Əmirlər çox zaman tranzit ticarət əməliyyatlarından şəriətdə günah sayılan vergilər toplayıb, varlanır, ulu bəyi təhdid edəcək dərəcədə iqtisadi və siyasi güc əldə edirlər. Ulu bəy də öz növbəsində mütləq suverenliyini tam həcmdə bərpa etmək üçün səylərini dayandırmır, şəxsi silahlı dəstələrinin yardımı ilə özü üçün əlverişli olan az-çox sabit idarə sisteminin yaradılmasına çalışır. Onun tədbirlər menyüsündə ortaqlarının siyasi və iqtisadi mükəlləfiyyətlərinin artırılması, imtiyazlarının azaldılması və ya ləğv edilməsi, zəruri hallarda tayfa ittifaqının demoqrafik əsasının dəyişdirilməsi (köçürmələr, yeni gələnlərin məskunlaşdırılması və s.) kimi alətlər həmişə mövcud idi. Lakin sonrakı mərhələlərdə ulu bəy köhnə nizamı dağıdıb müxtəlif tayfaların üzvlərindən yeni sosial və ya "etnik qruplar" təşkil etməyə də cəhd göstərə bilirdi. Aydındır ki, qarşılıqlı münasibətlərdə yaranan gərginlik və əksliklərin aradan qaldırılması üçün hərbi güc və siyasi balanslaşdırma bacarığı ən zəruri faktorlar olaraq qalırdı, bununla belə ulu bəyin mükafatlandırma, tayfalararası ziddiyyətlərdən yararlanma kimi vasitələrdən də tez-tez istifadə etdiyi məlumdur. Y.Başkanın təbirincə, vaxt gəlir ki, "boy və dövlətlərin qarşılıqlı mübadiləyə əsaslanan birgəyaşayışı labüd böhran" həddinə yüksəlir. Bunun əsas səbəbi "dövlətin mübadilə üzərində nəzarəti monopoliyaya götürmək və köçəriləri özündən asılı vəziyyətə salmaq istəməsi, qarşı tərəfin isə buna yağma və talanlar yolu ilə müqavimət göstərməsi"dir və "yaranmış dialektik əkslikləri çözə bilməyən sivilizasiyalar sağlam və uzunömürlü olmur, tez bir zamanda sıradan çıxır".
Beləliklə, gördüyümüz kimi, qarşılıqlı mübadilə mənbələrinin şaxələndirilməsi, saziş subyektlərinin artan tələbatının dinamik və davamlı təminatı tayfa birləşmələrinin başlıca mövcudluq şərtidir və bu şərt onların hansı tərəfindənsə ödənilməyəndə gec-tez dövlətin tənəzzülə yuvarlanmasına, ardınca da daxili və ya xarici hərbi müdaxilələr nəticəsində süquta uğramasına səbəb olur. Tarix göstərir ki, tələb-təklif balansının pozulması türkmən bəyliklərinin tarix səhnəsindən silinməsi proseslərində müstəsna rol oynayıb. Bir tərəfdən ulu bəylərin tam suverenlik ehtirası, digər tərəfdən əşirət rəislərinin tayfa mənafelərini konfederasiya mənafelərindən uca tutmaları ("üçüncü", "dördüncü" tərəflərin təsiri də gözardı edilməsin) daxili münaqişələri körükləyir, dövlətləri gözlənilməz problemlərlə üzləşdirir və taqətdən salır. Uzun Həsənin ölümündən sonra onun minbir əziyyətlə ərsəyə gətirdiyi qüdrətli imperiya məhz daxili çəkişmələr nəticəsində uzunmüddətli çökmə mərhələsinə qədəm qoymuş, Təbriz taxtının sahibləri müxtəlif əmirlərin istəyi ilə əlcək kimi dəyişdirilmişdi. Ağqoyunlu tayfaları iki yerə bölünmüş, bir hissəsi Həmzə bəyin qardaşı Şeyx Həsəni, qalanları isə qardaşı oğlu Cahangir Mirzəni dəstəkləmişdilər. 90-cı illərdə isə Sultan Baysunqura asi çıxan qacar, mosullu və pornək tayfaları birləşərək Rüstəm bəyi Əlincə qalasındakı zindandan çıxarıb hakimiyyətə gətirmişdilər. Sultan Rüstəm bu tayfaların nüfuzlu əmirlərinə vəzifələr və soyurqallar paylamış, onların etimadını doğrultmağa çalışmışdı. Amma tayfalar çox idi, maraqlar toqquşurdu və hamının rəğbətini qazanmaq mümkün deyildi...
Nizaməddin MUSTAFA
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, ¹35.- S.6-8.