"Retro" kafesində naməlum adam
Taleyə
boyun əyənlərin
yığışdığı çayxanada
qədimi
aktyorlar,
nimdaş
rejissorlar
günlərini keçmişə səyahətlə
keçirirlər,
sanki
"Yada düşər xatirələr"
verilişinə çəkilirlər.
Qoca bir şair ədəbiyyata
gəldiyi günü
bəlkə mininci dəfə
xatırlayır,
"Çubuş"dan içdikcə
ayılır,
ötən əyyamlara bayılır,
Kəbirlinski bu dəfə
nərdtaxta üzərində bəxtini
sınayır,
zərlər onu "dü bir"lə mükafatlandırır,
əsəbindən ağlayır
epizodik rolların mahir ifaçısı,
teatr tənqidçisi imiş
bu kafenin çayçısı,
cib kəsməkdə mahirdi qayçısı,
aktyorlar
məşqsiz oynayır
burda,
həyat
özü mizan verir bu tamaşaya,
sonra kənardan baxır bu qarğaşaya,
pərdə enir,
sərxoş şairin qoluna girib səhnəyə,
bağışlayın, çölə
çıxarırlar...
Çayxorlar başlarını bulayıb
arxasınca baxırlar
tale oyununda uduzan zavallının...
Sən demə, o, heç şair deyilmiş,
İnkoqnito imiş...
Panik atak
Diaqnoz -
nevroz,
taksidə kuryoz;
ünvana
çatmamış atdım
özümü
Fəhlə parkına,
sürücü zənn etdi dəliyəm,
kənardan baxa bilsəydim
özümə,
görərdim ki, necə gülməliyəm...
Hardan tapdı məni panik atak?!
Hücuma
keçir səbəbsiz
qorxular,
içimdə bir səs elə hey çığırır:
sən bu mənasız qorxuya qalib gəl!
Təmizlə şüuraltı adlı
zirzəmini,
odur qorxuların zəmini.
Sarıl
bu gözəl həyata,
Son qoy panik ataka,
Odisseyə bənzə -
gözləyir səni İtaka.
İqlim dəyişikliyi
Onda Yer kürəsi cavan idi,
göylərin təvazökar dahisi
keşiş Evans
gecələr ulduz ovuna çıxırdı,
qalaktikaların hərəkət tempini
hesablayırdı,
Yer kürəsi molekullar cənnəti idi.
Yerdə
inkoqnitumlar dolaşırdı,
göydə uçan boşqablar.
Teleskopun
antennasına qonmuş
poçt
göyərçinləri öz ifrazatları ilə
puça
çıxartdı bütün
fərziyyələri,
məlum
oldu ki,
kainatın uşaqlıq şəkillərini
Günəş yandırıb.
Kosmik dövrün ikonası Laykanı xatırlayın,
Xruşşovun zavallı qurbanını,
bu sirrin izinə düşmüş köpək
elə ordaca canını tapşırdı
ağılsız kosmoloqlara,
münəccimlərin ehtiyacı vardı oftolmoloqlara...
İqlim
dəyişir - Yer kürəsi özünü
yeniləyir,
Dünyanın yaşını kim
bilir?
Lövhi-məhfuzda gizlidir o sirr...
Pandora qutusu
Bütün pisliklər
dünyaya Pandoranın əliylə
yayıldı,
onun qutusunda bircə ümid qaldı -
kül altda köz kimi,
milyon illik toz kimi,
daşlaşmış söz kimi...
Dünyanı ikiyə böldü
Pandora;
zülmət bir tərəfdə,
nur bir tərəfdə,
xeyir bir tərəfdə, şər bir tərəfdə,
nə o
tərəfdə dur, nə
bu tərəfdə,
yaşa
Ərafda...
Sülh
çubuğunu
savaş
tütünüylə dolduranlar
ləzzət alsa da tüstüsündən,
sən dünya üçün
bir Zəfər nəğməsi
oxu,
bütün sərhədlərdən,
məntəqələrdən
səmaya
pərvazlansın
göyərçinlər,
qoy Pandoranın qutusu
bütün pisliklərin məzarı
olsun.
Kənan HACI
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, №35.- S.8.