Biz niyə varıq?
Uzun
zamandan sonra ilk dəfə bir kitabı oxuyarkən özümə
bu sualı verəsi oldum: "biz niyə varıq?" Sanki
dünya bu sualı duymaq istəmir, bu sualdan bir az kənar gəzir
indilərdə. Mənə bu sualı özümə verdirən
kitabdan danışmaq istəyirəm bir az.
İlqar
Fəhminin "Şeyx
Səfiyəddin - İrşad yolunun
başlanğıcı" kitabı oxucunu yalnız bir tarixi
şəxsiyyətin həyatına aparmır, əslində
oxucunu uzun illərdi uzaq düşdüyü, əldən
qaçırdığı öz mənəvi köklərinə
qaytarır. Bu əsəri oxuyarkən adam anlayır ki, tarix,
sadəcə, hadisələrin ardıcıllığı
deyil, eyni zamanda ruhun yaddaşıdır. Adı üstündə
"başlanğıc" bizi hər insanın deyil,
yalnızca duyan, fiziki dünya ilə metafizik dünyanın
yolayrıcını görən, varlıq ilə yoxluğun,
gizli ilə aşkarın rüzgarını hiss edənləri
bir yolun başlanğıcına aparır. Sual yarana bilər
ki, bu başlanğıc nədəndir, nəyə
lazımdı?
Müəllif kitabda olduqca usta bir şəkildə metafizikadan, mənəvi
dünyadan qopan cəmiyyətlərin hansı hallara
düşdüyünü, necə əslində məğlub
olduqlarını göstərir. Şeyx Səfiyəddinin
adı isə əsrlər boyu Azərbaycan tarixində, mədəniyyətində,
düşüncəsində çəkilib, məktəb dərsliklərindən
tutmuş, bir çox televiziya verilişində adı
qarşımıza çıxan bu şəxsiyyətin
çox vaxt kimliyini və əsl yolunu yalnız səthi
bilmişik. İlqar Fəhmi isə bu kitabda həmin səthiliyin
pərdəsini qaldırır, görmədiyimiz Şeyx Səfiyəddin
obrazı göstərir bizə, oxucuya Şeyxin irşad yolunu
həm tarixi dəqiqliklə, həm də bədii dərinliklə
təqdim edir.
Əsərin ən gözəçarpan
xüsusiyyətlərindən biri budur ki,
müəllif oxucuya sadəcə məlumat ötürmək
istəmir, hətta burda məlumat verməkdən boyun
qaçırır, desək, yalan olmaz. Sərrast oxucu isə
burda kitabın və müəllifin nə istədiyini
görür. Həm kitab, həm müəllif oxucuya məlumat
vermək yox, yazılanları hiss etdirməyə
çalışır. Tarixi, xronoloji əsər yox, bir
xalqın mənəvi aramlıq yolunun kimdən, necə və
hardan gəldiyini usta bir rəssam kimi göstərir bizə.
Kitabın məqsədi ruha səslənməkdir. Və usta qələm
sahibi İlqar Fəhmi bunu şeirlərində etdiyi kimi,
çox sərrast atışlarla həyata keçirir. O
göstərir ki, Şeyx Səfiyəddinin "irşad
yolunun başlanğıcı" təkcə XIII-XIV əsrlərə
aid deyil, bu başlanğıc hər əsrdə, hər
insanda, hər zamanda yenidən doğulur, yenidən güclənir,
yenidən aramıza qatılır. İnsanın öz daxili
ilə tanış olması, mənəvi səyahətə
çıxması, haqqı və haqqa aparan yolu tapması,
qara dünyanın qara dumanını qovub ruhun necə
aramlıq tapması, gücün əslində fiziki yox, mənəvi
bir kökə sahib olması - bütün bunlar əsərin əsas
xəttini təşkil edir. İlqar Fəhmi oxucunu sanki bir dərgaha
dəvət edir: o dərgahda söhbət kitabdan yox, ruhdan
gedir, mənəvi dünyadan danışılır, fiziki
dünyanın uydurma çətinlikləri bizdən
uzaqlaşdırılır, orada verilən dərs isə sadəcə
bilik deyil, həm də könül oyanışıdır, həm
də bir insanın rahatlıq, aramlıq tapa biləcəyi
bir köşədir.
Şeyx
Səfiyəddin haqqında
danışarkən, müəllif onu
yalnız dini rəhbər kimi təqdim etmir. O, həm də
böyük bir xalqın gələcək taleyini
formalaşdıran ideya adamıdır. Bəli, bəli,
düz oxuduz. Ərdəbildə qurduğu sufi dərgahı
zamanla bir məktəbə, məktəbin ruhu isə dövlətin
təməl daşına çevrilməyibmi... İlqar Fəhmi
bu keçidi incəliklə göstərir: bir müridin qəlbinə
toxunan sözlərin əsrlər sonra bütün bir
imperiyanın qapısını açdığını
oxucuya çatdırır. Bu, təsadüfi deyil.
Çünki mənəvi başlanğıc olmadan siyasi və
mədəni yüksəliş möhkəm ola bilməz.
Kitab bu həqiqəti sadə, amma çox təsirli bir dillə
ortaya qoyur. Mənəvi aramlığa, rahatlığa insan
övladının nə qədər ehtiyacı varsa, müəllif
bu ehtiyacı bütün varlığı ilə ortaya qoyur.
Müəllifin üslubu xüsusi
vurğulanmalıdır. Nə əxlaqi-didaktik
bir əsər, nə də quru, ruhsuz tarixi bir roman, nə də
ancaq faktlardan ibarət əsər deyil bu. İlqar Fəhmi
oxucunu sanki Ərdəbilin dar küçələri ilə gəzdirir,
orda yaşananları göstərmir, oxucu özü
birbaşa hiss edir hər şeyi, Şeyxin dərgahının
qapısından içəri salır, müridlərin zikr səsini
eşitdirir, ocağın işığını göstərir.
Bu təsvirlər bir roman havası daşımır, amma romanvari
canlılıq yaradır. Burada təsvirlərlə bədii təsir
gücü, elmi mənbələrlə faktların dəqiqliyi
elə birləşir ki, oxucu həm öyrənir, həm də
hiss edir.
Kitabın ən böyük
özəlliyindən biri də odur ki, o,
oxucunu düşünməyə vadar edir: "Mənim
irşad yolum hardan başlayır?" Şeyx Səfiyəddinin
həyatına baxarkən, görürsən ki, hər
böyük yol kiçik bir başlanğıcdan doğur. Bu
gün atmadığımız addım sabah bizə necə
baha başa gələ bilər, onu hiss etdirir, bu gün
atdığımız addımınsa sabah bizim
üçün nələr gətirə biləcəyini
yaşadır bizə. Yenidən Şeyxə qayıdası
olsaq, həyat hekayəsində təsadüf yoxdur, hər
addım iradə, hər söz hikmət, hər
davranış bir məktəbdir. İlqar Fəhmi bu hekayəni
elə təqdim edir ki, oxucu burada tarixi öyrənmir, duya bilənlər
bir dərvişə çevrilib Ərdəbildə zikrə
qoşulur, sonra isə özünə sual verir:
"hazırammı?"
Əsər həm də
milli-mədəni özünüdərk
baxımından çox əhəmiyyətlidir. Biz çox
zaman Qərb filosoflarından, Şərq alimlərindən
danışırıq, amma öz irfan tariximizi yetərincə
öyrənmirik. Özümüzü daima kiçik görməyimiz
təəssüf ki, bu sahədə də yaxamızdan əl
çəkmir. Halbuki bizim klassik poeziyamızın,
muğamımızın, hətta gündəlik həyat fəlsəfəmizin
kökündə təsəvvüf dayanır. Biz çox adamın bizə təlqin etməyə çalışdığı
kimi köksüz ağac, dərinliyi olmayan, sıradan bir xalq deyilik.
Əsrlər boyu mənəvi və irfani yollardan keçən, öz fəlsəfəsini formalaşdıra
bilən nadir millətlərdən
biriyik. Nəsiminin
"Həqq mənəm"
fəryadı, Xətainin
şeirlərindəki ruhani
coşqu, muğamlarımızdakı
dəruni kədər
və ilahi işıq - hamısı
həmin irfan məktəbinin əks-sədasıdır
ki, indinin özündə
belə, ruhumuzun bir küncünə qısılıb, onlara tərəf ayaq açacağımız günü
gözləyirlər. İlqar
Fəhmi bu kitabda həmin əks-sədaları bir araya gətirir, oxucunun qulağına köhnə, amma unudulmaz bir səsi
qaytarır.
Müəllif həm də göstərir ki, mənəviyyat
olmadan tarix yaradıcılığı mümkünsüzdür.
Bəzən biz dövlətlərin
gücünü yalnız
orduda, qılıncda,
siyasi taktikalarda axtarırıq. Halbuki Səfəvilər nümunəsi
göstərir ki, hər
böyük gücün
kökündə mənəvi
ideya dayanır. İlqar Fəhmi bunu çox gözəl şəkildə
oxucusu üçün
hazırlayıb təqdim
edir. Çünki müəllif çox gözəl bilir ki, Səfəvi dövləti
yalnız siyasi quruluş deyildi, o, həm də bir mənəvi başlanğıcın davamı
idi. Əgər Şeyx Səfiyəddin olmasaydı, bəlkə də belə bir dövlət də yaranmazdı.
Kitab oxucuya həm də təsəvvüfün
incəliklərini anlamaq
imkanı verir. İrfanın mahiyyəti
- nəfsin islahı, insanın özünü
tanıması, dünyaya
təkcə zahiri gözlə baxmaması - əsərdə aydın şəkildə izah edilir, üstəlik, oxucuya bunu duymaq
üçün də
bəs edincə güc verilir. İlqar Fəhmi bunu nə çətin
terminlərlə, nə
də yorucu fəlsəfi təhlillərlə
yazır. Əksinə,
o, sadə, axıcı
üslub seçib. Bu
üslub oxucunun qəlbinə rahatlıqla
yol tapır, insanları əlavə suallarla, çətin terminlərlə yormaqdansa,
özünə verməyi
lazım olan suallar üçün zəmin hazırlayır.
Əsərin təsiri kitab bitəndən
sonra da davam edir, hətta daha da güclənir. Kitabı bağlayırsan,
amma düşüncələr
davam edir. Sanki müəllifin səsi qulağında qalır:
"Sənin də irşad yolun var, sən də öz yolunu axtar." Bu çağırış
oxucunun içində
yeni suallar doğurur. İstisnasız kitabın
ən böyük uğuru da budur - o, insanı sadəcə oxumağa deyil, düşünməyə, dəyişməyə
dəvət edir, ruhuna səslənir, itirdiyi və heç cür tapa bilmədiyi mənəvi rahatlıq yoluna işıq salır.
Ümumiləşdirsək, İlqar Fəhminin "Şeyx Səfiyəddin - İrşad
yolunun başlanğıcı"
kitabı üçqatlı
bir əsərdir: tarixin özünü və formalaşmasını
təqdim edən tədqiqat, bədii dildə yazılmış
estetik mətn və ruhani yolçuluq üçün
bələdçi. Bu əsər
oxucunun zehninə bilik, zövqünə estetik həzz, qəlbinə isə işıq verir. Onu oxuyan hər
kəs bir daha anlayır: millətimizin gücü yalnız torpağında deyil, həm də mənəvi köklərindədir. O, mənəvi
köklərdəki işığı
indi də ruhumuzu, biz görməsək
belə, sarır, bizi fiziki dünyaya
əsir olmaqdan xilas edir, irfan
qapılarını bircə-bircə
açır bizim üçün...
Məncə, bu kitab hər bir oxucunun kitabxanasında
olmalıdır. Çünki
o, bizə sadəcə
keçmişi öyrətmir,
həm də gələcəyimiz üçün
yol göstərir. Şeyx Səfiyəddinin yolu - daxili işığın,
mənəvi dirənişin,
iradənin yoludur. İlqar Fəhmi isə bu yolu
günümüzə elə
gətirir ki, oxucu bunu hiss edir, yaşayır, həm də öz mənəvi yolunu düşünməyə başlayır.
Bu isə hər kitabın edə biləcəyi bir iş deyil.
Malik Atilay
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, №35.- S.10.