Sükut-2
Həyatımın
ən xoşbəxt anıymış, bilmirdim...
Orxan Pamuk
Sofiyaya...
2022-si ilin yay aylarıydı. Bekarçılıq idi, vatsapda kitab qruplarından birində təsadüfən
bir xanımla tanış oldum. "Vəzifə"miz hərdən
hansısa əsərlərdən
sitatlar tirajlamaq idi. Açığı,
onunla doğru-dürüst
söhbətimiz belə
olmamışdı. Hətta
uzun müddət eyni universitetdə oxumağımızdan belə
bixəbərdik. Elə
hər şey də o gün başladı...
Tanışlığımızdan ay yarım
vaxt keçmişdi. Boşluqdan ürəyim sıxılırdı. Dərslər
başlamışdı deyə
qanım qara idi. Yenə hansısa mövzunu müzakirə edirdik. Bərk darıxdığını
dedi. Əslində, mən də həmsöhbət axtarırdım.
Fürsətdən istifadə
edib onu şəhər kitabxanasına
dəvət elədim.
Razılaşdıq. Dərhal
ünvana yollandım,
çatıb gözləməyə
başladım və tezliklə peşman oldum.
Ağlımdan yüz cür fikir keçirdi. Özümü söyməyə
başladım. Burada axı nə itim azmışdı? Üzünü belə görmədiyim birinə görə əbəs yerə vaxt itirirdim. Bir az götür-qoydan sonra qərara gəldim ki, əşi, gəlsin, kitabxananın yerini göstərim, özümsə
bir bəhanəylə
evə qayıdım.
Bu dəm bir nəfər
yaxınlaşıb məni
salamladı. Telefondan başımı qaldıranda
eşitdiyim o şirin
səs, gördüyüm
ecazkar mənzərə
qarşısında quruyub
qaldım.
Gözlənilməz idi. Həqiqətən, belə
bir adamın gələcəyini fikirləşməmişdim.
Məsələ, bəlkə,
onun xarici görkəmində deyildi.
Ancaq onun iri gözləri olduqca diqqətimi cəlb etmişdi. Bir anlıq duruxdum, özümü birtəhər
ələ alıb
"salam, xoş gördük!" - deyərək,
- birlikdə kitabxanaya
daxil olduq.
- İlk dəfədir buraya gəlirəm, - deyə dilləndi.
İlıq təbəssümlə cavab verdim:
- Mən nə vaxt darıxsam, kitabxanaya üz tuturam.
Nəsə, bəzi kitablara
nəzər saldıq.
Əvvəlcə ona müəllifi olduğum kitabı göstərdim. Kitabxananın əməkdaşları
məni yaxşı tanıyırdılar. Lazımi
kitabları əldə
etməkdə mənə
kömək etdilər.
Bəyəndiklərimizi götürüb
oxu zalına keçdik.
Fəqət gözümü hələ
də onun şux əndamından çəkə bilmirdim. Ulduz kimi parlaq,
sarımtıl, uzun saçları və ürkək baxışları
məni özünə
heyran etmişdi.
Hərdən təsirli kitab oxuyanda
kövrəlir, qaşları
çatılıb, gözləri
dolurdu. Belə daha şirin görünsə də, onun qəmgin olmasını rəva bilmirdim.
Arabir oğrun-oğrun məni süzməyindən çox
şey bəlli olurdu. Məsum baxışların mənə
zilləndiyini hiss edəndə
daxilimdə qəribə
istilik yaranır, çoxdan solmuş xoşbəxtlik rüşeymləri
cücərirdi.
Düzü, xarakterlər, düşüncələr,
maraqlarımız kəsişirdi.
İşin qəribə
tərəfi məni çoxdan tanıyırmış
kimi səmimi və yad adamlara xas utancaq təbiətli
olması idi.
Bir saat sonra onu
çaya dəvət
etdim. Tərəddüdlüydü,
lakin qəbul etdi. Yaxınlıqdakı
kafelərin birində
əyləşdik.
O, riyaziyyat, mənsə Azərbaycan dili müəllimliyini oxuyurdum.
İxtisasımızdan söz
salırdıq ki, söhbətimiz
yekunlaşmasın.
Görünür, birlikdə vaxt
keçirməkdən çox
məmnun idik. Hərdən ona gözucu nəzər salanda fikrini məndən yayındırır,
yanaqları qızarır,
utanır, başını
aşağı dikirdi...
Çayımızı içib parka getdik. Parkda çiçək satan yaşlı xalayla rastlaşdıq. O bizim nişanlı olduğumuzu
zənn edib inadla: "sevgili"mə
gül almağımı
istədi. İkimiz də qızardıq, amma xalaya heç
nə deməyə lüzum yox idi. "Sevgili"mə bir dəstə qızılgül aldım.
...Tədricən danışıqlar,
görüşlər artırdı.
Biz iyirmi bir yaşlı iki uşaq idik. Bəxtimizdən tələbəlik
illərində şəhərdə
tez-tez kitab sərgiləri
təşkil edilirdi. Bütün kitab sərgilərində
iştirak edir, müxtəlif kitablar alırdıq. Bunu artıq hobbiyə çevirmişdik. Ona şeir
oxumağımı çox
sevirdi. Adətən çağdaş şairləri
atəşin həvəslə
dinləyirdi.
Sonralar
"Ədəbiyyat qəzeti"ndə
haqqında silsilə şeirlər dərc etdirmişdim. Dediyinə görə, qəzetin həmin sayını hələ də saxlayır...
Bir sərgidə C.Londonun
kitablarını gördük.
Onu "Martin İden"
əsərindəki Ruf
obrazına bənzətdiyimi
söylədim. Çünki
Ruf da M.İdeninin
həyatına təsadüfən
gəldi və onu çox "dəyişdi". İdeni
yaşadan da, öldürən
də məhz Rufun sevgisiydi. Ruf olmasaydı, bəlkə də, o, ömrünün sonunadək
heç kəsi onun qədər sevməyəcək və
heç vaxt tədricən yüksələrək
bir andaca yerə çaxılmayacaqdı...
Get-gedə o mənimçün
xoş bir vərdişə çevrildi.
Kiməsə vərdiş
eləmək çox
təhlükəlidi. Bu, siqaret,
alkoqol... aludəçiliyindən
də betərdi. Vərdiş elədiyin adama əlin çatmayanda nə etməli? - Bu, çətin
məsələdir. Əvvəllər
yanımda olduğuna görə o qədər xoşbəxtdim ki, nə vaxtsa əvvəlki monoton həyatıma geri dönəcəyimi düşünmürdüm. Bunu
heç təsəvvür
belə etmək istəmirdim. Heyif, qorxduğum, başıma gəldi.
Sözün açığı, səbəbini heç vaxt bilmədim, fəqət birdən-birə
hər şey çox dəyişdi...
Sanki aramıza qara pişik girdi. O məni özündən soyutmaqçün ən iyrənc üsullardan istifadə elədi; başqalarıyla danışdı,
hətta şəkil çəkdirib gözümə
soxdu. İyrəndim, ögüdüm... Ona acıq
verməkçün mən
də min hoqqadan çıxdım, fərqli-fərqli
xanımlarla münasibətdə
oldum. Amma uşaqlıq
eləməyin adı
yox idi. Bizə özgəsi lazım deyildi...
Ali məktəbi bitirib bir müddət baş qatmağa Bakıya yollandım. Xeyiri olmadı, onu unuda bilmədim.
Üstəlik, Bakıda
olanda mənə zəng vurdu. Emosiyalarıma aldanıb bir neçə ay danışdıq. Son dəfə
görüşmək istədiyini
dedi. Mənim də, əslində, ondan sarı burnumun ucu göynəyirdi.
Əliboş getmək
olmazdı, Qismət Rüstəmovun "Qumru əlifbası" kitabını
da qoltuğuma vurub iş yerinə yollandım. İlahi, necə sevindi, necə sevindi. Bəli, xoşbəxt olmağımız bu qədər sadəydi.
Sonrası isə məlumdu.
Son görüş adıyla
bu proseslər üç il davam etdi... İkimiz də düz üç il bu tilsimdən çıxa bilmədik. Həyat qarşımıza çoxlu
maneələr çıxarsa
da, bizi müxtəlif
vaxtlarda yenidən üzləşdirdi.
Hərbi
xidmətdə olanda
toy xəbərini eşitdim.
İndi isə bir oğlu var. Hardan-hara gəldik... Sanki hansısa
fövqəltəbii qüvvə
bizimlə oyun oynayırmış. Qismət,
yoxsa həyatın ironiyası? Bilmirəm, ancaq xoşbəxtlik arzumuz puç oldu.
Ötən gün təsadüfən
onunla bir ticarət mərkəzində
rastlaşdıq. İkimiz
də quruduq. Boynumuzu büküb bir-birimizə baxa-baxa qaldıq. Qışqırmaq
istədim, səsim çıxmadı. Qucaqlamaq
istədim, ayaqlarım
kilidləndi, addım
ata bilmədim. Bu dəm onu həyat
yoldaşı səsləyib
"gecikirik", - dedi.
Ticarət mərkəzində qəribə
sükut yarandı. Bayıra çıxıb
bir siqaret alışdırdım və
göyə baxdım,
hava buludlu idi, deyəsən, yağış yağacaqdı.
İlkin ÖZ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, №35.- S.13.