Elə
yazmalıyıq, bizi düşmən də oxusun...
Əsəd Cahangirin yazıçı Kamil
Əfsəroğlu ilə müsahibəsi
- Kamil müəllim, son vaxtlar nə üzərində işləyirsiniz? Nə yazırsınız?
- Xalq
yazıçısı Sabir Əhmədlinin bir sözü
vardı. Deyirdi, "yazıçı yazdığı kimi,
pozmağı da bacarmalıdır". Bu mənada,
yazdığımı pozduğum məqamlar da olur.
Alınmayan, zəif yazının oxucuya
çatmağındansa, çatmamağı
yaxşıdır. Əgər son bir neçə ili
götürsək, "Çadır",
"İttiham", "Kandar" kitablarım
çıxıb, hekayələr yazmışam. Publisistik
yazılarım da işıq üzü görüb. Nəsr
qısqanc janrdır, ondan uzaqlaşanda, geri dönmək
çətin olur, zaman istəyir. Hazırda yeni kitab üzərində
işləyirəm.
- Əsərlərinizi
müxtəlif dillərə çeviriblər. "İt
qanı" romanınızın Rostovda dərci də
çox önəmlidir.
-
Özüm də daxil, yazıçı və şairlərimizin
imzalarını xarici mətbuatda görəndə iftixar
duyur, fərəhlənirəm. Dünya bizi həm də bədii
söz sənətimizdən, ədəbiyyatımızdan
tanıyır. Yetmişinci illərin ortalarında Moskvada hərbi
xidmətdəydim. Bir rus ailəsinin qonağı idim. Süfrə
arxasında oturmuşduq. Divardan asılmış radioda diktor
növbəti verilişi elan elədi: "Azərbaycan
yazıçısı Anarın "Mən, sən, o və
telefon" əsərinin radiotamaşasını dinləyin!"
Dinlədik, özü də çox maraqla. Anarın
yaradıcılığı barədə mənə suallar
verdilər. "Yazıçını yaxından
tanıyırsınız?" - deyib soruşanda iftixarla cavab
verib dedim: "Anar mənim dostumdur". Bu sözlərdən
sonra mənə münasibət daha da istiləşdi. Ürəyimdə
özümü toxtadırdım ki, yanlış söz
danışmamışam, əsərləri maraqla oxunan
yazıçını hər bir oxucu özünün dostu
bilir.
Xaricdə ədəbiyyatımızın oxucularının, dostlarının çox olmağı yaxşıdır. Belarus Yazıçılar İttifaqının katibi, yazıçı-dramaturq Georgi Marçuk da elə dostlardan biri idi. Ədəbiyyatımızın pərəstişkarı, təbliğatçısıydı. Azərbaycanda olmamışdı, amma elə məlumatlıydı, elə danışırdı, deyirdin bəs, buraları su yoluna döndərib. Uzaqdan-uzağa dostluğumuz vardı. Belarusda çıxan "Neman" jurnalı Mansur Vəkilovun şeirlərini, mənim də hekayələrimi vermişdi. Marçuk redaksiyaya məktub yazmış, redaksiya da o məktubu mənə göndərmişdı. Rus dilində çıxan "Ostıvşiy oçaq" kitabımın Ön sözünün müəllifi də Georgi Marçukdur. Telefonla danışanda ədəbi personajlarımdan söz salır, Cığal Əlini, İlan Ajdını, Şokolad Oqtayı, Mirağa Monolitskini soruşurdu... Sonralar onunla Minskdə rastlaşdıq. Georgi Vasilyeviç iki ildir dünyasını dəyişib. Azərbaycan ədəbiyyatı Marçukun simasında yaxın dostunu itirdi.
- Hər gün yazırsınız, yoxsa?..
- Yazmaq elədir ki, məncə, plan sevmir. Yəni çox vaxt yazıçının özündən asılı olmur. "Ağ yel" hekayəm sizin sualınıza cavabdır. Yazıçı yazmaq istəyir, amma yaza bilmir. Ovqatı dəyişsin deyə, səhər tezdən şəhərə çıxır. Küləkli boş küçələri dolaşır və ona elə gəlir hər küçənin boyuna biçilmiş öz küləyi var: biri güclü, biri zəif, biri isti, biri soyuq... İrəlidə bir qız gedir. Əyninin paltarı havaya bab deyil, yüngül geyinib, sanki külək qızı başqa, isti bir küçədən gətirib. Yazıçı qızın dalınca gedir. Əslində isə küçə bomboşdur və yazıçı yazacağı hekayənin qəhrəmanının, xəyali qızın dalınca düşübmüş... "Ağ yel" hekayəm beləcə yazıldı və "Azərbaycan", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc edildi, Belarusun ədəbi portallarında işıq üzü gördü..
- "Dəryaya atdığım tora
Qızıl balıq düşsəydi və balıq dil
açıb desəydi ki, ey bəni-insan, məni burax suya, nə
diləyin var, yerinə yetirim..." Sizin hekayənizdəndir.
- Bəli.
- Həqiqətənmi, deyərdiniz:
"Heç nə istəmirəm, istəyirəm kasıb
bir daxmam olsun, oturub yazılarımı yazım?"
- Bu sözlər "Biri vardı" hekayəmdəndir. Tələbə dili ilə desək, "kvartirant" qaldığım vaxtlar belə diləyim həqiqətən, olub. Sonra hər şey yavaş-yavaş yoluna düşdü, qayğılardan qurtuldum. Amma bütün bunlar Qızıl balığın sayəsində hasil olmadı. Mən nağılı sevirəm, amma nağıllarla yaşamıram.
- Necə hesab edirsiniz, sevgi şeirindən
sevgi ətri, təbiət şeirindən təbiət qoxusu həqiqətənmi,
gəlməlidir?
- Sevgi, məhəbbət təkcə poeziyanın mövzusu deyil ki... Bu mövzu ümumilikdə ədəbiyyatın aparıcı temalarından olub. Gül-çiçək ətri bir yana, Floberin sözü olmasın, yazıçı əsərdə qəhrəmanını zəhərləyəndə o zəhərin acısını özü də duymalıdır. Sevgi mövzusunda yazılarım deməzdim çoxdur. Yazı-pozu fəaliyyətimə elə bu mövzuyla başlamışam. "İlk səhər" adlı ilk hekayəmin qəhrəmanları ömürlərinin keçid dövrünü yaşayan, sevib-sevilmək istəyən yeniyetmə gənclərdir. O hekayə 1974-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxdı. Bunun tələbədən ötrü nə demək olduğunu qələm adamları yaxşı bilər. İnanmıram ki, məhəbbət mövzusuna biganə qalan yazıçı olsun.
- Gənc yazarların
yaradıcılığını izləyirsiniz?
- İzləyirəm. Gənclər yaradıcılığa iddialı gəlirlər, bu xüsusiyyət onlardan ötrü xarakterikdir. Mətbuatda, ədəbi dərgilərdə maraqlı, yeni imzalara rast gələndə inanırsan ki, söz tükənməyib, ədəbiyyata yeni nəfəs gətirənlər var. Maraqlı yazmaq, yeni söz demək isə çətindir. Gənclərdən - Aqşin Evrenin, Allahşükür Ağanın, Nihat Pirin, Müşfiq Şükürlünün, Təvəkkül Boysunarın yaradıcılığını maraqlı görürəm. Azərbaycan Radiosunda apardığım "Çağdaş qələmlər" proqramında gənclərin yaradıcılığına tez-tez müraciət edirdim. Gənclər arasında istedadlılar az deyil, sadəcə, ədəbiyyatdakı kütləviliyin fonunda, kölgəsində o qədər də gözə çarpmırlar.
- Son dövrlərdə ədəbiyyata gələn
cavanlar hansı xüsusiyyətləri ilə seçilirlər?
- Gənclər daha qlobal düşünürlər. Düşüncənin dərinliyinə dalan qələm adamının sözü də səmimi, inandırıcı olur. Onlar ədəbiyyata iddialı, öz mövzularıyla gəlirlər. Təəssüf ki, zəif yazılarla da az rastlaşmırıq. Plagiatlığa meyli də daha çox gənclərdə görürük. Avropa ədəbiyyatından mövzu çırpışdırmaq dəb düşüb. Mən bir müsahibəmdə elələrini ədəbiyyat tramvayının cibgirləri adlandırmışam və indi də o fikirdəyəm. Söz oğrusuyla ev oğrusunu eyni gözdə görməliyik. Azərbaycan ədəbiyyatı hər dövrdə öz milli ənənələrilə seçilib, odur ki, kənar təsir, yad söz bu ənənəçiliyin, milliliyin fonunda aləm-aşkar görünür. Ədəbiyyat duruluq, paklıq sevir, söz duru olanda maraqlıdır, mənalıdır. Bulanıq yolla özünü sənət dünyasına pərçimləyənlər papağı günə yandırırlar. Ədəbiyyatın naşılar meydanı olmadığı təəssüf ki, çoxlarına çatmır.
- Bununla belə, naşıların da
yazıları mətbuata yol tapır.
- Naşir elə yazıları verməkdənsə, o səhifələri ağ saxlasa yaxşıdır, bundan ədəbiyyat qazanar. Bədii söz sənətimizi mövcud bəlalardan qorumaq hər birimizin borcumuzdur. Ədəbi müsabiqələrdə mükafatlar verildiyi kimi, qoy antimükafatlar da təqdim edilsin. Litva Yazıçılar İttifaqında bunun şahidi olmuşam. Ədəbi qınaq, ədəbi cəza vacibdir. Qoy, bizdə də ən zəif yazı, ən istedadsız yazar üçün "Ucluqsuz qələm", "Qırıq karandaş", "Qulpsuz çanta", "Yazısız kitab" antimükafatları təsis edilsin...
-
Modernizm, postmodernizm sizin yaradıcılığınıza
hansı formada təsir göstərir?
- Deyərdim
ki, bu cərəyanlardan uzağam. Özümü az-çox
realist yazıçı hesab edirəm. Ədəbiyyatda gəldi-gedər
cərəyanlar az olmayıb, realizm isə dəyişməz ədəbi
yön, ruh olaraq qalmaqdadır.
-
Qarabağ münaqişəsi
yaradıcılığınızın nə dərəcədə
prioritet mövzusudur?
- İstərdim
ki, Qarabağ haqqında daha çox maraqlı əsərlər
yazılsın və yazılacaq da. Qələbə ruhlu
yazıçılarımız Qələbə ədəbiyyatımızı
yaradırlar. Qarabağ müharibəsinin məşəqqətlərini,
bu müharibənin mahiyyətini, onun nə demək
olduğunu yazıçılarımız bədii ədəbiyyata
bundan sonra da gətirəcəklər. Bu, ədəbiyyatımızın
tükənməz, hətta deyərdim, əbədi
mövzusudur. Mən də Qarabağ mövzusundan kənarda
qala bilmərəm. Əvvəla, özüm də
qarabağlıyam və o diyar, o mühitin insanları mənə
yaxşı tanışdır. Qarabağ mövzusunda
yazılarım az deyil. "İt qanı",
"Çadır" romanları, "Nırx",
"Qladiator", "İnam", "Tüfəng
açıldı", "Ağrı", "İlan
öcü" hekayələrim, "Alın
yazısı" pyesim bu səpkidəndir. Türkiyə
radiosu "Alın yazısı"nın
tamaşasını hazırlayıb.
-
Müharibə nədir, necə faciələr gətirir, bu
suallara cavabı həm də bədii ədəbiyyat verir.
-
Mövzunu qloballaşdırmağı bacarmalıyıq.
"Çadır" romanımda belə bir epizod var, azərbaycanlı
ilə erməni döyüşdə üz-üzə gəlir.
Erməni Sağatel kirvəsi Xalıqı uzaqdan
tanıyır və onu vurmur, amma səngərə yemək gətirən
on dörd yaşlı yeniyetməni alnından vurur. Ədəbiyyat
sözünü həm də təzadlardan, kolliziyalardan, kəskin
situasiyalardan boylanaraq deməlidir. Tarix, həm də söz sənətində
yaşayır. Milli qəhrəman Mübariz İbrahimov kimi mərd
oğullarımız həm də roman və povestlərdə,
hekayələrdə, poemalarda heykəlləşməlidir. Bədii
əsərlər yalnız bu gün üçün yox, həm
də gələcək nəsillər üçün
yazılır. Elə yazmalıyıq ki, bizi dünya, hətta
düşmən də oxusun. Lev Tolstoyun "Hərb və
Sülh" əsəri Fransa-Rusiya müharibəsindən bəhs
edir. Bu əsəri iki əsrdir məğlub fransızlar da
maraqla oxuyurlar.
- Bu
gün cəmiyyətdə zövqlərin
korlandığını dilə gətirirlər.
-
Zövqlərin korlanmasında televiziyaların günahı az
deyil. Əsasən özəl kanalların efirlərində
şou tipli bayağı, heç bir informasiya yükü
daşımayan, maarifləndirici yönü, ideyası olmayan
verilişlər yayımlanır; həyət-bacada
yığışıb qeybət qılanların söhbətini
xatırladır: "Neçə dəfə ərə
getmisən, niyə övladın yoxdur, ərindən niyə
boşandın, həyat yoldaşına neçə dəfə
xəyanət etmisən, toylardan ən çox neçə
min dollar götürmüsən?" Bu kimi mənasız,
gülünc sorğu-suallar televiziya rəhbərlərinin, dədələr
demiş, ətini tökmür ki? Belə verilişlər
ancaq tamaşaçının səviyyəsini endirməyə,
zövqünü korlamağa xidmət edir və bunun
qarşısı alınmalıdır. Hər verilişin
ideyası olmalıdır. Hər yetəni də
aparıcı kimi efirə çıxarmaq olmaz. Elə
aparıcıların efir davranışına baxanda, nitqini,
bayağı danışığını eşidəndə
əlifbadan savayı bir kitab arası açdıqlarına
şübhə edirsən. Digər yandan da efirləri
saqqallı üzlər - sifətlər götürüb
gedir. Bu nə dəbdir belə, baş açmaq olmur.
- Sizin
istər irihəcmli əsərlərinizdə, istərsə
də hekayələrinizdə siqaret çəkən qəhrəmana,
personaja rast gəlmirik.
- Deyirlər,
hər bir yazıçı hardasa, həm də
özünü yazır. Bu fikirlə razıyam. Siqaretin nə
olduğunu bilmirəm, mənim dünyamda belə vərdişə
yer yoxdur. Düşünürəm ki, siqaret çəkən
qəhrəmanımın nikotindən nə həzz
aldığını təsvir etməklə mən oxucunu aldatmış
olaram. Hansısa yazımda varsa da, bu, ötəri olaraq
keçir. Yalnız bədii ədəbiyyatı yox, həyatı
da bu lüzumsuz vərdişdən xali görmək istərdim.
- "İnşallah",
"Maşallah" və sair kimi ifadələri də
yazılarınızda oxumur, müəllifin dilindən də
eşitmirik.
- Bizim nəsil başqa bir dövrdə yaşayıb, təhsil alıb. O vədə belə ifadələr xalq dilində qalsa da, dövlət strukturlarında, təhsil ocaqlarında, rəsmi bayram tədbirlərində, ictimai yerlərdə eşidilməzdi. Bir də o sözlər nəyi dəyişir ki? Belə bir ifadə var, deyir, "qaçan da Allahı çağırır, qovan da". Bir dostum vardı, ədəbiyyat xiridarı idi, deyirdi, Tanrının elə işlərini-işləklərini bilirəm, desəm, qan düşər... Mənim qəhrəmanlarım, personajlarım mövhumatdan, xurafatdan uzaqdırlar. Onlar öz hədəflərinə, arzu və istəklərinə çatmağın yolunu göylərdə yox, yerdə axtarır, öz iradələrinə güvənirlər.
- "Qorxulu tayqa" romanını
bitirmisiniz. Əsərin adı da maraqlıdır.
- Roman ilkin variantda kiçik həcmdə "Kandar" adıyla kitabda çıxıb. Sonradan əsər üzərində yenidən işləməyə ehtiyac duydum. Bu ehtiyacı zaman diktə edirdi. "Qorxulu tayqa" özündə simvolika daşıyır. Belə bir fikir keçir: "Sibirə sürülmüş, sümükləri çürümüş insanların ruhu dilə gəlir. Ruhların fəryadı susmaq bilmir, titim-titim titrəyən yerin altı elə bil məzarlıq, tayqadakı ağaclar da başdaşlarıydı..." Tayqa bu gün insanları yalnız vəhşi Sibir ayısı ilə xoflandırmır, o həm də bağrında gizlətdiyi hərbi bazaları, ölümsaçan silahlarıyla qorxuludur. Moskva da daş evləri, göydələnləriylə "Qorxulu tayqa"dır. 1976-1977-ci illərdə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin xüsusi ehtiyat batalyonunda qulluq etməyim mənə pərdə arxasındakı çox məsələlərə aydınlıq gətirməyə imkan verib. Xidmət obyektlərimizdən biri nazirliyin inzibati binası idi - "Oqaryov-6". Bu ünvan Yulian Semyonovun əsəri əsasında çəkilmiş eyniadlı filmdən çoxlarına tanışdır. "Qorxulu tayqa" romanındakı hadisələr bu günlə səsləşir və aktualdır. Rusiya-Ukrayna müharibəsi, Kremlin keçmiş sovet respublikalarına qarşı apardığı açıq və gizli siyasət yalnız bu günün ideyası deyil, kökü gedib ötən illərə çıxır və o illərin siyasi olayları, ab-havası çağdaş dövrümüzün nəhəng aynadakı əksidir sanki.
O vaxtların əlamətdar hadisələrindən biri respublikamızın rəhbəri Heydər Əliyevin Siyasi Büro üzvlüyünə namizəd seçilməsi idi. Batalyondakı azərbaycanlı əsgərlərin qüruru yerə-göyə sığmırdı. Başımızı uca tutur, təpərli davranırdıq. O vaxt ölkə başçısı Leonid İliç Brejnevin 70 illiyi keçirilmiş, ona marşal hərbi rütbəsi verilmişdi. Moskva metrosunda törədilən, insan tələfatıyla nəticələnən erməni terroru, "Rossiya" mehmanxanasındakı yanğın da hərbi xidmətdə olduğum o bir ilə təsadüf edirdi. Roman sənədli faktlara söykənsə də, düşünürəm ki, bu, əsərin bədii məziyyətlərinə xələl gətirmir. Bu gün beynəlxalq aləmdə siyasi gərginliyin artdığı, işğalçılıq meyillərinin baş alıb getdiyi bir vaxtda bədii ədəbiyyat da dövlətçiliyimizin, ölkə başçımızın yanında olmalıdır.
- Niyə
metroda, avtobuslarda əvvəlki təki kitab, qəzet, jurnal
oxuyanlara rast gəlmirik. Oxumağa yadırğamşıq,
yoxsa?
- Əvvəllər, durğunluq dövrü dediyimiz vaxtlarda belə bir ifadəni tez-tez eşidərdik - "Kitabın kitabı bağlanıb". Ağır ittiham idi. Ədəbiyyatda baş verən estetik tənəzzül, sənət, əxlaq meyarlarının aradan qalxması çox problemlər yaratdı. Şükür ki, insanlar nələri itirdiklərinin fərqinə vardılar. Bu xüsusda ölkəmizdə çox işlər görülür, kitab yarmarkaları açılır, festivallar və müsabiqələr keçirilir. Danmağın adı yoxdur, kitab bolluğu olsa da, oxucu bolluğunu hələ ki görmürük. Belə bir fikir var: "Kitabın missiyası böyükdür, bizi məlum keçmişə, naməlum gələcəyə qovuşdurur". Bir yol işdən gedəndə avtobusda kitab oxuyan qız diqqətimi çəkdi. Doğrusu, çox sevindim. Amma digər yandan da ovqatım korlandı, kitab oxuyan qızı görən yox idi. Ürəyimdən keçirdi ki, o qızı hamı görsün, görmək azdır, ondan ibrət götürsünlər, itirdikləri vərdişi qaytarsınlar... Bəziləri bəhanə gətirir ki, bədii əsərləri kompüterdə, telefonda oxuyuruq. Kompüterdə, telefonda "Hərb və sülh"ü və digər irihəcmli romanları necə oxumaq olar? Fiziki cəhətdən buna adamın gücü yetməz. Bir də ki, kitabın verdiyi istiliyi kompüter, telefon vermir, axı... İlf və Petrovdan soruşublar ki, yaxşı oxucu kimdir, onlar deyiblər, tramvayda kitab oxuyan oxucu, çünki tramvaydakılar o basabasda, o sıxlıqda həvəsdən, maraqdan oxuyurlar, qatardakılar isə darıxmaqdan.
- Son olaraq oxuculara sözünüz...
- Ədəbiyyatı sevsinlər. Ədəbiyyat adamı başqa təbdə-tərbiyədə, özgə zövqdə olur, bir ağac uzaqdan tanınır.
Əsəd Cahangir
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, ¹35.- S.14-15.