Panik atak
Hekayə
Qəfil
alnından tər açılıb telefonun ekranını
isladanda başa düşdü ki, yenə başlandı. Hər
dəfə belə olurdu: durduğu yerdə tər basır, nəfəsi
daralır, suya batıb-çıxırdı.
Ardınca sol döşünün altından ağrı qalxır, boynunun
arxasına keçir, başında hərlənib-fırlanıb
iki qaşının arasında qərar tuturdu. Sanki beyninin
içini burur-burur, ancaq durub bir az hərəkət edəndən
sonra, hayandan-hayana ötüşürdü.
Bu dəfə də ardıcıllıq pozulmamışdı.
- Hikmət, ay Hikmət, -
Rafiq adını çağıranda dik atıldı. Təri
yenicə soyumağa başlamışdı. - Dur, bir az gəzək,
havamızı dəyişək.
Hava da o
qədər isti deyildi, deyəydin, gün
döyüb. Payız havası idi, əksinə, əvvəlki
günlərə baxanda xeyli sərinləmişdi havalar.
Üstəlik, gün axşama
dönmüşdü, bir az o yanda da hava
buradakından fərqli deyildi. Amma Rafiq də bilirdi - dostunun gəzəndə
özünü yaxşı hiss etdiyini. Özü də
çox düşmüşdü oxşar situasiyaya.
O da
yeni-yeni özünə gəlirdi.
Bir-birinə qoşulub gəzəndə, ya baş-başa
verib söhbət edəndə və heç nə
danışmayıb nərd oynayanda hər şey
yadlarından çıxırdı. Belə məqamlarda onu
Rafiqdən yaxşı başa düşən olmazdı.
Əməliyyatdan sonra dönmüşdü
Hikmətin dönəlgəsi. Bir də
görürdün, gecənin bir yarısı kondisionerin
altındaca yatdığı yerdə qan-tərə batıb
çıxırdı.
Durub həyət-bacanı dörd
dolanmasa, ondan adam olmurdu. Bəlkə də
"sonsuz çarx" kimi fırlanmaq idi dərdinin əlacı.
Nə özü bilirdi...
Hə, heç həftə səkkiz-mən doqquz gedib-gəlib pul
tökdüyü həkimlər də baş çıxara
bilmirdilər. Tapa bilmirdilər dərdinin dərmanını.
"Səndə heç nə yoxdur, dəf kimisən,
maşallah!" demişdi axırıncı dəfə
yarasını tutub yanına getdiyi həkim.
"Özünü qorxudursan!"
Yeni söz tapmışdılar.
Hər gələnə eyni şeyi deyib yola verirdilər.
"Necə ola bilər ölüb-ölümdən qayıdım, məndə
bir şey olmasın! De, başım çıxmır, bu
başqa məsələ..."
- Bu tərəfdən gəl,
- Rafiq qoluna girib rayonun mərkəzi stadionuna tərəf
dartanda başını qaldırıb gördü, səssizcə
iki kilometr yol qət ediblər. İki qaşının
arasındakı küt ağrı getdikcə şiddətlənir.
- Burada da bir neçə "kruq" vurub
dağılışarıq.
- Evə getmək istəmirəm, - dedi Hikmət. - Bu gün
içmək istəyirəm.
Rafiqin də ürəyindən idi. Stadionun qapısından içəri
keçəndə razılıq əlaməti olaraq səssizcə
başını tərpətdi.
Stadionda
onlardan başqa heç kim yox idi. Bircə arada
başlarının üstündə çölgöyərçinləri
uçuşurdu. Qoz ağacının təpəsindən
uçub, onlar da idman edirmiş kimi, stadionun üzərində
dövrə vurur, yenidən qayıdıb ən hündür
budağa qonurdular.
Bu halda evə getsə, vəziyyəti daha da
ağırlaşardı. Bir həftə qabaq beləcə
sağollaşıb avtobusa necə mindiyini, necə
düşdüyünü bilməmişdi.
Bir də onda gözünü
açmışdı ki, darvazanın qabağında yerdə
uzanıb. Sən demə, tir-tap yıxılanda səsə
qonşu çıxıb evdəkiləri
çağırıbmış. Onlar da yerindən tərpətməyə
qorxub təcili yardıma xəbər veribmiş.
Təcili
yardım həkimi də dərman-zad iylədəndən sonra
özündən əvvəlkilərin dediyini təkrarlamışdı
ürək kordeqrammasına baxaraq: "Gül kimidir. Heç
nəyin yoxdur. Məncə, özünü qorxudursan.
Pandemiyadan sonra çox adamda belədir". Hikmət
başını tutub qaçmağa hazırlaşanda bircə
cümlə əlavə etmişdi: "Hər halda
başını MRT-yə saldır, bəlkə
başında nəsə var?!"
İndiyəqədərki heç bir həkim bunu məsləhət
görməmişdi. Bu cümlə ona bəs etmişdi
"yeni yarası"nı tutub həkimə qaçmaq
üçün. Öz-özünə fikirləşdi:
"Halaldır, o boyda həkimə getdim, biri demədi,
başını da yoxlat. Başqaları əzbər
danışırdı, başından edirdi sanki. Evdəkilər
də..."
Axır
vaxtlar evdəkilərdən
şübhələnmişdi. Bu qənaətə
gəlmişdi ki, ola bilsin, nəsə ciddi xəstəliyi
var, sadəcə evdəkilər qabaqcadan tənbehlədiyinə
görə həkimlər ona heç nə demirdilər.
Əks təqdirdə, bu qədər eynilik ola bilməzdi. Yolaverdi bir
neçə cümlə deyib, hamısı da bir-biri ilə danışıbmış
kimi, ancaq sakitləşdirici yazırdı. Ona görə
heç bir sözləri inandırıcı gəlmirdi.
Ağrı ki başladı, hamının
əl-ayağını yeyirdi it kimi... Vəziyyəti dəyişəndə
heç kimi gözü görmürdü. Sadəcə
sakitlik axtarırdı.
Təklik
yox, sakitlik. Tək
olanda daha da pis olurdu. Əksinə, ona ağrının hirsini
üstünə tökə biləcəyi adamlar lazım idi.
Qırıq val kimi, danışır, danışır,
danışır... zəhərini qusurdu. Özünə gələndə
it kimi də peşman olurdu. Özündən asılı
deyildi. Ondan olsa, heç kimi incitməzdi.
"Təcili
yardım həkimi düz deyir, MRT-yə saldırmaq
lazımdır. Gərək birinci gün gedim. Kim bilir, bəlkə
də başımda pis nəsə yaranıb?! Mənim xəbərim
yoxdur. Nə xəbərim olsun, həkimlər popuqay kimi eyni
şeyləri təkrar edir... Bəlkə də özgə
bir şeydir, başımda deyil, ciyərimdədir azar. Belə
bir şey varsa, böyük ehtimalla həkimlərdən
hansısa evdəkilərə deyib, məndən gizlədirlər",
beyninə yeni məşğuliyyət tapmışdı.
Bayaq tər açılanda da
bunları fikirləşirdi, deyəsən. İşdən
icazə alıb gedə bilmədiyi üçün elə
hey fikirləşir-fikirləşir, yarasına duz
basırdı. Gah özündə, gah evdəkilərdə,
gah həkimlərdə günah görürdü ki, niyə
bu günə qədər ağıllarına gəlməyib
MRT?
- Sən məndən heç nə gizlətməzsən, hə? -
Ayaq saxlayıb Rafiqin qarşısında dayandı.
- Qətiyyən gizlətmərəm,
- Rafiq altdan yuxarı havada uçuşan çölgöyərçinlərinin
dalınca baxmaq üçün başını
qaldırdı.
- Gözümün içinə
bax, - Rafiqin başını ovcunun
içinə alıb gözünü onun gözlərinə
zillədi. - Gözümün içinə bax və de, məndən
sənə nəsə deməyiblər?
- Yox. Kim? - Rafiq bu qəfil hərəkətdən
bir az çaşmışdı. Yenə də birtəhər
özünü düzəltdi. - Nə misal üçün?
- Anam, atam, qardaşım...
Mənim səhhətimdə ciddi bir şey yoxdur ki?
Rafiq Hikmətin əllərini sərt hərəkətlə sifətindən
götürüb yeriməyə davam etdi. Hikmət də onun
arxasınca.
- Mən ölüm, dəlisən, - dedi Rafiq addımlarını
sürətləndirərək. - Mən heç e... Mən
yad adamam, kimsə elə bir şey desə, bəlkə də
gizlədərəm. Evdəkilərdən necə elə bir
şey gözləyirsən? Axı, bilirsən, onlar səndən
ötrü əldən-ayaqdan gedirlər...
- Bilirəm, sadəcə arada başım xarab olur.
- Xarab olmur, qaqa,
vallah, - Rafiq dayanıb ona sarı çevrildi. - Sənin
başın xarabdır.
- Məzələnmə də...
- Hikmət əli ilə zarafatyana yaxasından itələdi.
- Vallah, məzələnib eləmirəm. Guya bilmirsən? Eyni mərhələni
mən də keçmişəm. Hər axşam elə
bilirdim, ürəyim tutub, - Hikmətin qoluna girdi, iti
addımlarla gəzməyə davam etdilər, - təcili
yardım çağırırdım. Yazıqlar bezmişdilər.
Artıq nömrəmi də tanıyırdılar. Bilirdilər,
mən zəng etmişəm, zəngi götürəndə
məzələnirdilər ki, yenə ölürsən?
- Yadımdadır... Bəs, necə keçdi?
- Bu haqda qabaqlar da sənə
demişəm axı. Hər axşam işdən evə gedəndə
iki "Xırdalan" pivəsi alır, soyuducuya qoyurdum. Elə
ki "təb gəldi", çıxarıb soyuq-soyuq
içirdim, heç nəyim qalmırdı. Məncə, sən
də yoxla...
- Gəzintini bitirib gedəcəyik, - Dayanıb bir anlıq duruxdu.
- Yox e, heç ağlıma gəlmir. Mənə pivə
içmək olmaz, - dedi handan-hana.
- Niyə? - soruşdu Rafiq.
- Sənə baxma, qaqa, məndəki başla bağlıdır.
Dedim axı, təcili yardım həkimi... - Rafiq onun
sözünü kəsdi.
- Əşşi, başını
burax o axmağın, - dedi. - Sənin
başında yüngülvari miqrendən başqa heç nə
yoxdur... Pivəni çox soyuq içməsən, heç nə
olmaz.
Hikmətin danışmağa da taqəti qalmamışdı. Bu dəfə
cavab vermədi. Rafiq də yorulmuşdu iti addımlarla yeriməkdən. Axırıncı
dairəni bitirəndə stadiondan çıxıb
üzü pivəxanaya getdilər.
***
Axşam
pivəxanada Rafiq çox israr etsə də, Hikmət
içməmişdi. Aralarında yüngülvari çəkişmə
olmuşdu. O demişdi-bu demişdi, - səs-küy dünyadan
çıxmışdı.
Ofisiant gələndə Rafiq üzrxahlıq
edib geri göndərmişdi cibinə pul qoyaraq. Bayaq ötkəm
səs tonu yer cıran ofisiant bircə cümlə:
"Çalışın, sakitliyə riayət edəsiniz,
mənə qalsa, problem deyil, müdiriyyət narazılıq
edir", demişdi.
Səs-küydən Rafiqin də içmək həvəsi
qırılmış, kirimişcə hesabı ödəyib
qalxmışdılar. Hikmət Rafiqdən xahiş etmişdi
ki, bazar ertəsi MRT-yə gedəndə ona yol yoldaşı
olsun.
Bayaq maşını işə
salıb mühərrikin
qızmasını gözləyəndə ona zəng vurdu.
Hiss etdi ki, hələ indi oyanır. Deyəsən, Rafiq verdiyi
sözü də unutmuşdu, özünü o yerə
qoymadı: "Səsini tanımadım.
Hazırlaşıram... hazırlaşıram, beş dəqiqəyə
götür..."
On dəqiqədən artıq
idi Rafiqgilin talvarının altında
oturub gözləyirdi. Rafiq hələ indi çay içməyə
başlamışdı. Anası bir stəkan da ona
süzmüşdü. Deyəsən, evdəkilər kimi Rafiq
də bezmişdi Hikmətin bu "zorən xəstə"
davranışlarından. İllərdir dost olduqları
üçün başından edib könlünü
qırmaq istəmirdi, həm də o eyni şeyləri
yaşayanda Hikmət ona çox dəstək olmuşdu.
Problem burada idi ki, Hikmətin
"sayrışan halları" çox uzun çəkmiş,
uşaq kimi dəymə-düşər adam olmuşdu. Deyiləni
də eşitmirdi. Bu zibil panika belədir. Özünü ki
qorxutdun, söz eşitmədin, ya hər deyilən
sözü ürəyinə saldınsa, düzələn
deyil.
Eləcə də kimsə sənin nazınla oynadı, hər dediyinə
"baş üstə" dedi, "gözün üstə
qaşın var" demədi, özünü dəli
oğlanlığa qoyursan.
"Bu zibili başa düşən adam əslində
qarşısındakına ziyan vermiş olur, onu
inandırır ki, həqiqətən, xəstədir". Bu
sözlərin daha mədəni formasını Rafiqə
Bakıda görüşüb uzun-uzadı söhbət etdiyi
psixoloq dostu demişdi.
Əvvəllər o da inanmamış, sonralar bir
müddət təkliyə çəkiləndə
anlamışdı dərdinin əlacını
tapdığını. Hikmətə də çox
danışmışdı, faydası yox idi, heç cür
özünə yığılmırdı.
Hər dəfə psixoloq adı gələndə cəmdəyinə
qor dolurdu: "Sən allah, psixoloq nədir, yenə psixiatr
olsa, dərd yarıdır. Sözlə müalicə olur?
Danış, danış, danış... axırda da
sözündən söz tutub yuxarılara məlumat versin,
qanını batırsın!" deyirdi.
Cəhənnəm, psixiatra da getmirdi
axı, deyəsən, heç olmasa, ona pənah aparıb, əlac
umub. Özündəkini nevroloji məsələ hesab etmirdi,
nəsə çox ciddi xəstəliyi olduğuna
inandırmışdı çünki özünü.
Rafiq ayaqqabılarını ayağının
burnuna keçirib sürüyə-sürüyə:
- Getdik, - dedi, sonuncu
loxmanı ağzına tıxışdırıb
çayından bir udum alandan sonra.
Hikmət
qalxıb dalınca qapıya tərəf gedəndə Rafiqin
anasının "Uğurunuz xeyir olsun!" dediyini eşitdi.
Bir anlıq ona elə gəldi, bu gün gözlədiyi o
cavabı ala biləcək. Nəhayət, dərdinin dərmanının
nə olduğunu deyəcəklər.
Hərçənd hiss edirdi, hətta
əmin idi ki, ondakı hər nədirsə,
başındadır. Yenə də bu söz niyəsə onu
xeyli ümidləndirdi.
- Çox sağ olun! - deyib tələsdi.
...yeni yığdırılmış sovet maşını ovuna
şığıyan ilan kimi şütüyürdü asfalt
yolda. Yolboyu ötüb keçdiyi yarpağı
tökülmüş ağaclara, otu saralmış səkilərə,
suyu qurumuş çaylara baxır, köks
ötürürdü.
- "Bravo"da saxla, bir-iki enerji içkisi götürüm, -
Rafiqin səsini eşidəndə Şəmkirdə idilər.
Ətrafa baxanda dairəvi yolu görüb təəccübləndi.
Rafiqin niyyəti sükan arxasına keçmək idi. Hikmət bayaqdan
yolboyu sağa-sola əyilir, Tovuzdan sonra, az qala, o sürətlə
ikisini də götürüb yol kənarına atırdı,
bir balaca qaldı.
Elə bil, hansısa görünməz əl boynunun arxasından
şillə çəkdi, yuxudan oyandı, yenidən yola
düzəldi. Allah bilir, arxadakı sürücülər nə
qədər söymüşdülər.
Əlində enerji içkiləri
ilə qayıdanda:
- Bir az da mən sürüm, - dedi dəmir
butulkanın birini Hikmətə verəndən sonra əlini
uzadıb. - Çoxdan sürmürəm, bir az
gözümün qurdunu öldürüm.
Hikmət
maşının sağ
qapısını açıb
ayağının birini içəri qoydu:
- Açar üstündədir,
- dedi. - Səsini eşitmirsən?! Heç söndürməmişəm
də, - Əlindəki siqareti atıb tələm-tələsik
əyləşdi.
Rafiq axırıncı dəfə
yenə halı pisləşib
uçurumun burnundan qayıdanda tərgitmişdi
maşını. Söz vermişdi bir daha sürməyəcəyinə.
Yolboyu sürətlə ötüb keçdiyi, arxada
qoyduğu şeylər ürəyini bulandırır, diqqətini
dağıdırdı. Çox uzun çəksə,
özündən gedirdi.
Bayaqdan fikir vermişdi, ara-sıra köhnə kadrlar gözünün
qabağına gəlib-getsə də, əvvəlki kimi hiss
etmirdi sanki. Həm də bu halda nə qədər diqqəti
dağılsa da, başında nəsə əmələ gəldiyini
fikirləşən adamdan daha ehtiyatlı davranardı.
Deyəsən, gecə çox
fikirləşmişdi Hikmət.
Başını maşının pəncərəsinə
söykəyən kimi yatdı.
***
- Cavab iki
saatdan sonra çıxacaq, - Aparatdan çıxanda həkim
diskin üstünə nəsə yazıb dedi. - Bir az şəhərdə
gəzin, mən sizə xəbər verəcəm.
- Daha tez olmaz?
- Hikmət harasa tələsirdi sanki.
- İki saata ancaq çıxır, - həkim özündən
əmin şəkildə dedi. Gülümsündü. -
Gözləməli olacaqsınız. İnşallah,
yaxşı olacaq.
- Əlbəttə, həkim,
biz də ona ümid edirik, - Rafiq Hikmətin qoluna girib
qapıya sarı apardı. - İki saat sonra burada
olacağıq!
- Bəs... - Hikmət əsəbiləşib nəsə
demək istəyirdi, Rafiqin əlindən çıxan
qapı arxasınca çırpıldı.
- Nə uzadırsan, prosedur budur, - dedi Rafiq. - Hövsələn
olsun! Qazaxdan Gəncəyə dözmüsən, bir o qədər
də dözsən, biləcəksən nə var-nə yox. -
Gülən gözlərlə sözünə davam etdi. -
Daha yaxşı, iki saat boş vaxtımız var, bir az gəzək,
cavanlıq edək.
Yenə
nəsə demək istədi, amma sözünü uddu Hikmət.
Rafiq maşını icra hakimiyyətinin ətrafındakı
dayanacaqlardan birində saxlayanda hirsi soyumuşdu.
Parkın
ortasında dənlənən
göyərçinləri görüb
onu sakitləşdirdiyi üçün ürəyində
dostuna təşəkkür də etdi. Skamyalardan birində
oturub bir müddət beləcə göyərçinlərə
baxdılar. Köşkdən aldıqları günəbaxan
tumunu təmizləyib onlara səpdilər.
- Rafiq, - Hikmətin səsi qəfil açılan
güllə kimi Rafiqin qulağında cingildədi. Amma
gözünü göyərçinlərdən ala bilmədi.
- Rafiq, məni eşidirsən?
- Əlbəttə, - göyərçinlərin
bir-birinin üzərindən hoppanıb dən
axtarmağına baxa-baxa cavab verdi. Əlini çırpıb
üzünü ona tərəf çevirdi, - eşidirəm səni.
- Məndə ciddi nəsə çıxsa...
- Çıxmayacaq, - Rafiq istədi dostunun
fikrini dağıtsın, olmadı.
- Rafiq, - səsini yüksəltdi Hikmət. - qulaq as,
xahiş edirəm. - Səsinin tonunu aşağı salıb
davam etdi. - İşdi-şayət, məndə ciddi nəsə
çıxsa və həkim bunu mənə deməyə
ürək eləməsə, gizlətmirsən.
- Yaxşı, - dedi. -
Söz verirəm.
- Sonrası var, - əlini Rafiqin kürəyinə
qoydu. - Söz ver ki, mənim müalicəm üçün
camaatdan bir qəpik də yığmayacaqsınız.
- İraq
olsun!
Hikmət
Rafiqin çiynini sıxdı:
- Ayə, cavab o deyil.
Yığmayacaqsınız, deyirəm, vəssalam, - dedi.
- Yaxşı, söz verirəm.
- Evdəkilərə də
bunu tənbehləyəcəksən,
heç kimə əziyyət vermək, heç kimə
yük olmaq istəmirəm. Bu mənim səndən son istəyimdir.
- Son istək nədir, sən
allah!
- Sən mən deyənə qulaq as, sənə nə qədər
inandığımı bilirsən...
- Söz verirəm, elə bir şey olsa, sizinkilərə də
deyəcəm, - dedi əlacsız şəkildə.
Qısamüddətli sükut çökdü araya. Rafiq yenə
dostunun fikrini dağıtmaq istədi. - Bu yaxında
yaxşı çay verirlər, nərd də var.
- İstəmirəm.
- Necə istəmirən?!
Dur, ə, dur, - Rafiq qoluna girib skamyadan qaldırdı Hikmətin
alnında puçurlayan təri görəndə. - Sənin
nazınla oynadıqca lap ağ edirsən. - Etiraz etmirdi. Rafiq
bundan ilham alıb üstə qoydu, onu üzü
"Xanbağı"na tərəf darta-darta. -
Ölünü özbaşına qoysan, kəfəni
cırıb qaçar...
Sol döşünün altından
başlayan ağrı ürəyinə
sancı versə də, Rafiqin zarafatına laqeyd qala bilmədi.
Üzü gülürdü.
- Heç yadıma düşmədi, gəlmişkən gərək
ürəyimin kordeqrammasını bir də burada
çıxartdırardım.
- Qələtini elə... Gəz,
açılacaqsan...
***
Həkim
zəng edəndə çoxdan nərdi yarımçıq
qoyub artıq xəstəxananın həyətində siqaret
çəkirdilər.
- Alo! Həkim, biz burdayıq, indi
qalxırıq, - dedi Rafiq, siqaretini barmaqlarının
arasına alıb iki metrə o yandakı zibilqabına tolazlayanda.
- İkinci mərtəbə? Hə, ikinci mərtəbə,
yadımdadır.
Həkim
kompüterin qabağında
idi. Hikmətin kəlləsinin şəkli
də qabağında. Hikmət həyəcanla qapıdan
içəri girəndə az qaldı ayağı ilişib
yıxılsın. Həkim arxaya çevrilib onun hələ
də səndələdiyini görəndə
gülümsündü.
- Həyəcanlanmağa ehtiyac
yoxdur, - dedi. - Hər şey tərtəmizdir.
Gəlin, özünüz də baxın.
Hikmət
ürək etmirdi.
Əvvəlcə Rafiq yaxınlaşıb baxdı, hər
halda bir şey başa düşmədiyi üçün tez
də uzaqlaşdı ekrandan.
Dalınca da Hikmət qorxaq
addımlarla yaxınlaşdı, uzun-uzadı baxdı. Bir
anlıq ona elə gəldi,
beyin qıvrımlarından biri fərqli
görünür. İstədi şəhadət
barmağını uzadıb həkimə göstərsin,
fikrindən daşındı.
Bu müddətdə həkimin
ürəyi çəkildi.
- Yaman uzun baxdınız,
- dedi.
- Üzrlü sayın, doğrusu, heç nə başa düşmədim.
Hikmət
geri çəkilər-çəkilməz
həkim diski çıxarıb konvertə
qoydu.
- İstəsəniz, aparıb
rayonda başqa həkimlərə də
göstərə bilərsiniz. Onlar da mən deyəni deyəcək,
- dedi. - Gül kimi beyniniz var. Heç nəyiniz yoxdur, narahat
olmayın!
- Heç miqren də yoxdur? - Nəsə inanmağı gəlmədi.
***
Maşın
"Dilbaz" at heykəlinin yanına çatana kimi səssiz-səmirsiz
gəlmişdilər Qazaxa. Bu qədər yolu nə Hikmət
ağzını açıb bir kəlmə demişdi, nə
Rafiq o tərəfə baxıb danışdırmağa çalışmışdı.
Qaşı-qabağı yerlə gedirdi, bıçaq vursan,
qanı çıxmazdı Hikmətin.
Başını yoldan ayırıb
sağa çevirəndə heykəlin həndəvərində
yem axtaran göyərçinləri görüb bir az
qırışığı açıldı, elə bil:
- Sabah diski də
götürüb Bakıya gedirəm, - dedi. Rafiqə tərəf
çevrilib qətiyyətlə əlavə etdi. - Bu dəfə
tək...
Rafiq dinmədi.
Yeni yığdırılmış sovet maşını ovuna
şığıyan ilan kimi şütüyürdü asfalt
yolda. Ona elə gəldi, indicə maşın həqiqətən
də, bir əfi ilana çevrilib göyərçinləri
dənləyəcək. İstədi sükanına əl
atıb dayandırsın, ərindi.
Pəncərəyə söykənəndə
istəyirdi kəndə
qədər gözünü yumub dincini alsın. Başı
tərdən islanmış şüşədən
sürüşəndə anladı ki, yenə
başlandı...
9 iyun
2025-ci il, Qazax
Hikmət ORHUN
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, №35.- S.18-19.