Dostoyevskinin
obrazyaratma metodu
Dostoyevski haqqında
üçüncü söhbət
Kəmalə
UMUDOVA ilə söhbət
(Əvvəli
32-33, 34-cü saylarımızda)
Hamımız
bəyaz sevirik! Rəngi
demirəm, öz daxilimizdə tapdıqlarımızı deyirəm...
Parıldayana umsunan da olar, qızarana aldanan da, amma
hamımızın sevgisinin ünvanı odur - bəyaz! Hətta
öz içimizdəki qaratəhərlikdən belə,
qaçıb sığınmağa bir bəyaz ruh, bəyaz
niyyət axtarırıq. Bəs bəyazı necə
görürük? Onun varlığından necə əmin
oluruq? Hə... Əlbəttə! Qaranı tanıyaraq, qaratəhərdə
dəfələrlə azaraq...
Dostoyevski
qaranı olduğu kimi təqdim edən, amma bəyazın
sevilməsi və qədrinin bilinməsi üçün də
qaranın mütləqliyini ehtiramla vurğulayan
yazıçıdır. İlin əvvəlində qərara
gəldim ki, özümə bir vaxt təyin edim, Dostoyevskinin
yaradıcılığındakı qara-ağ vəhdətinin/təzadının
axtarışına çıxım. Təbii, Dostoyevski
yaradıcılığının bilicisi olan bir bələdçiylə
- Bakı Slavyan Universitetinin dosenti Kəmalə xanım Umudova
ilə!
-
"Zavallılar"da iki qəhrəmanın
yazışmasında Dostoyevski müəllif kimi hardadır?
Onun obrazını necə görmək olar?
-
Dostoyevski ilk romanını - "Bednıye lyudi"
("Bednıe lödi") 1846-cı ildə yazıb. Bu
dövrdə rus mədəni düşüncəsində
yazıçı, onu rolu, müəllif və qəhrəman
haqqında təsəvvürlərə yenidən
baxılırdı. Eyni ildə İ.A.Qonçarovun,
A.İ.Qertsenin də romanları işıq üzü
görmüşdü, yeni ədəbi proseslə
bağlı Belinskinin geniş məqalələri dərc
olunurdu. Qəhrəmanın sözünün, mövqeyinin əsas
təsvir predmeti olaraq önə çəkilməsi
Dostoyevski yaradıcılığını səciyyələndirən
əsas cəhətdir. Söhbət, mahiyyət etibarilə,
yaradıcılıq prosesinin obyektivləşməsindən
gedir. Dostoyevskinin qəhrəmanı öz düşüncəsini
dilə gətirən subyekt kimi çıxış edir, onun
mövqeyi müəllifin mövqeyindən asılı olaraq təsvir
olunmur, sərbəstdir. O, yaradıcı şüurun
variantı kimi, təhkiyə çərçivəsində
müəlliflə yanaşı yer tutur, bərabər deyil.
Romanda müəllif obrazını görmək asan məsələ
deyil. Təsadüfi deyildir ki, "Bednıye lyudi"
romanı iki qəhrəmanın - Makar Devuşkinin və
Varvara Dobrosyolovanın məktublarından ibarətdir. Əsərin
bütün bədii mənzərəsini onlar yaradır.
Məktublaşma,
yazışma baş qəhrəmanın daxili
dinamikasını daha dolğun göstərməyə imkan
verirdi. Makar özünü məktublarında, sözdə
ifadə etdikcə ruhən formalaşır,
böyüyür, yetişir. Makar Devuşkin Dostoyevskinin
böyük romanlarında daha qabarıq əks olunan, ilk əsərlərindən
mənaca deyil, bədii ifadə forması ilə fərqlənən
dahi ideyasının ilk təcəssümü idi.
-
Hansı ideyanın?
- Bu,
insanın əzəli simasında, əsl ləyaqətində
yenilənməsi, dirilməsi ideyasıdır. Dostoyevski Qoqol ənənəsi
işığında, "Ölü can"ların
davamını, onların canlanması və dirilməsi hadisəsini
sonuna qədər yazmaq əzmində sanki onun arzusunu həyata
keçirir. Dostoyevski özünün ilk romanında ona xas
novatorluğu ilə "kiçik insan" adının
üzərindən inciklik, küskünlük
damğasını götürməyə müyəssər
oldu. Makar Devuşkin "İdiot" romanında adı
baş hərflərlə "İnsan" deyə yazılan
və çağırılan Mışkin obrazına təkamül
yolunda yazıçının ilk "böyük"
insanına, daha sadə desək, ruhani miqyası fiziki
ölçüyə sığmayan "insana"
çevrildi. "Şinel" povestində Qoqol mühitin,
xarici aləmin "kiçik insan" üzərində
hakimiyyətini göstərməklə xristianlığın
təməlində duran qardaşlıq qanununun zədələndiyini
önə çəkir. Dostoyevski isə məsələyə
əks tərəfdən yanaşır: "kiçik
insan"ın mühit, cəmiyyət üzərində
hakimiyyətini, gücünü ifadə edir - insan öz ətrafında
dünya yaradır. Makar Devuşkinin ad və soyadına da diqqət
yetirsək, onun zahiri yoxsulluğu arxasında əsil bir divanənin,
"yurodivı"nın, mütəvazi və sadiq mömin
obrazının əks olunduğunu görürük.
Makar
adı yunan mənşəlidir, "xoşbəxt",
"bəxtiyar" deməkdir. Makarı xoşbəxt edən
onun ruh halıdır, qəlbin yaddaş yolu,
yaddaşının bakirəliyidir. Soyadında
"devuşka" ("qız") kəlməsi də onun
mənəvi bütövlüyünə, saflığına
işarədir. Atasının adı isə (Alekseyeviç)
"qoruyan" deməkdir. O, Qoruyan Tanrının
övladıdır. Məvacibini Varvaraya, Qorşkovlar ailəsinə,
çəpər dibində əl açıb sədəqə
diləyən səfilə təmənnasız, tərəddüdsüz
xərcləməsi onu sonsuz xoşbəxt edir, çünki
Tanrıdan üzərinə düşən vəzifəsini
yerinə yetirir - insanları mühafizə edir, mərhəmət
göstərir, könülləri şad edir, çünki hər
kəs yer üzündə Mərhəmətli Tanrının
övladıdır. Yaradana bənzəmək hamını
sevmək deməkdir, xidmətkarlıqdır.
Makar
adı, həm də dərin irfani məna daşıyır,
ilahi mərhəməti və daxili xoşbəxtliyi ifadə
edir. Romanın ilk cümləsi bu obrazın daxili, gizli
qatından, yəni mahiyyətindən xəbər verir:
"Dünən xoşbəxt idim, xoşbəxtliyimin həddi-hüdudu
yox idi!". Makarın ilk məktubu və Varvaranın cavab məktubundakı
mülahizələri ilə tanış olduqda, əslində,
qəhrəmanın xoşbəxtliyi üçün zahiri səbəbin
olmadığını görürük. Makar kommunal evin mətbəxində,
arakəsmənin arxasında bir küncə
sığınıb, onu "mənzilim", "guşəm"
adlandırır. Makar guşəsində
sığındığı böyük ürəyi ilə
xoşbəxtdir. Guşədə ikona asılıb. Bu simvolun
əsərdə yer alması göründüyündən
daha böyük və dərin əhəmiyyət
daşıyır və yazıçının obrazyaratma metodu
ilə bağlıdır.
- Bəs
Varvara?
- Varvara
adı da təsadüfi seçilməmişdir, yunan dilindən
gəlir, "özgə", "yadelli" deməkdir. Qədimdə
yunanlar dilini anlamadıqları insanları, gəlmələri
"barbar" adlandırırdılar. Düzdür, onun da
soyadı Alekseyevnadır, familiyası da (Dobrosyolova, iki
sözdən ibarətdir - "xeyir" və "səpmək",
"ürək", "məkan" olaraq yorumlanır)
müsbət cəhətlərini önə çəkir,
lakin əsərin dərin konsepsiyası fonunda Varvara obrazı
ilə bağlı fərqli baxışlar irəli sürmək
olar. Mənim fikrimcə, o, Makar kimi bütöv xarakter deyil,
onun həyatı anladan və anlayan başqa dili var - Makardan fərqli,
"özgə". Bu, çox maraqlı məqamdır.
Makar obrazı öz adı, soyadı və ata adı ilə
xristianlığın insan ağlından üstün hesab
olunan Üç üqnum - Ata, Oğul və Müqəddəs
Ruhun vəhdəti - əqidəsinin bədii ifadəsidir.
Varvaranın "özgə" dildə, "yadelli" kimi
danışması isə, zənnimcə, çox fərqli,
geniş bədii funksiya daşıyır. Yəni belə
görünür ki, bu ad başqasının nitqinin
anlaşılmaması ilə bağlıdır (daha geniş mənada
- başqasını anlamamaqla). Və digər tərəfdən,
adın mənası romanın ən əsas mövzuları
ilə birbaşa əlaqədardır. Romanda öz üslubunu
formalaşdırmaq, özgə sözünü öz
sözü kimi oxumaq və əksinə, özgə
sözünü düşmən sözü kimi hiss etmək
kimi mövzular mühüm yer tutur. Makarın məktublarında
etiraf etdiyi kimi, Varenkanın sayəsində nitqi, ifadə
üslubu yaranır. Varvara onun bədii sözə yol göstərən
bələdçisidir. "Yadelli" həm düşmən
(mənim kimi olmayan), qarşı tərəf, həm də
insanın dünya haqqında təsəvvürünü
genişləndirməyə qadir (və bu hər kəsə
şamil olunur) olandır. Seçim fərqli ola bilər, mən
birinci tərəfə baxardım.
-
Makarın ədəbiyyatla bağlı fikirlərini oxuyarkən
məndə belə təəssürat yarandı: Dostoyevski
öz fikirlərini obrazın diliylə verir. Və təbii,
tezcə də şübhəyə düşdüm... Nə
də olsa, "qarşımdakı" müəllif
Dostoyevski idi - anlaşılmaz, daim şübhə yaradan, hətta
oxuyanları depressiyaya salan...
- Yəni
məndən qəhrəmanın ədəbiyyata
heyranlığının, Puşkin və Qoqola fərqli
münasibətinin, sonra Şekspirə ironiyasının
izahını istəyirsiniz?
- Bəli!
Qəhrəmanın bu düşüncələrini həyatda
başına gələnlərin nəticəsi olaraq dəyərləndirə
bilərikmi?
- Makar
Devuşkinin ədəbiyyata münasibəti ilə
bağlı sual ciddi və geniş cavab tələb edir.
"Ədəbiyyat isə, Varenka, ədəbiyyat, yaxşı
şeydir, çox yaxşı şeydir. Dərin şeydir!
İnsanların qəlbini möhkəmləndirən,
ağıl öyrədən şeydir. Ədəbyyat - şəkildir,
yəni müəyyən mənada şəkil və
güzgüdür; ehtirasların ifadəsidir, belə incə
bir tənqiddir, öyüd-nəsihət öyrədəndir
və sənəddir". Makarın ədəbiyyat
haqqında söylədikləri, əlbəttə, 24
yaşlı yazıçının hələ roman müəllifi
olmadığı zamanlarda formalaşmış, öz qəlibini
tapmış düşüncələridir.
- İlk
dəfədir Dostoyevski haqqındakı ehtimalımda haqlı
çıxıram...
-
Yaxşı oxumusunuz əsəri... (gülümsəyir) 24
yaşlı yazıçının bu düşüncələri
bədii üslubun, sözün funksionallığını
ifadə edir. Əsərdə digər qəhrəmanlar da
birbaşa və də dolayısı ilə ədəbiyyata
münasibət bildirirlər. Ədəbi müstəvidə
söhbət obrazların formalaşmasından gedir. Qəhrəmanları
"oxucu" və "yazıçı" rolunda dəyərləndirə
bilərik. Varya Dobrosyolovanın oxucu maraqları daha dərin və
incədir. O, Puşkin və Qoqolun əsərlərini eyni dərəcədə
qiymətləndirir, psevdoədəbiyyatı qəbul etmir.
Makar Devuşkinin isə ədəbi zövqü əsər
boyu dəyişir, kamilləşir. Əsəri diqqətlə
oxuduqda bu dinamikanı izləmək olur.
"Yalançı" ədəbiyyata həvəsdən
uzaqlaşaraq, o, Puşkinə, Qoqola maraq göstərməyə
başlayır. Onların əsərlərini ruhuna, qəlbinə
yaxın görür və sonda onları bir-birindən tamamilə
fərqləndirməyi bacarır. "Kiçik
insan"ın həyatını həqiqətə uyğun
göstərdiyi üçün Puşkini göylərə
qaldırır, Qoqola isə, əksinə, qəzəblənir,
ona qarşı öz narazılığını bildirir.
Makar hesab edir ki, Başmaçkin haqda həqiqəti
bütün çılpaqlığı ilə təsvir edərkən,
yazıçı əsas məqamdan yan keçib. Makar Qoqolun
yanlışını düzəldir. Onun izahına görə,
povestin qəhrəmanı ölməməliydi, şər
xeyirə qalib gəlməməli idi, o zavallı məmurun
şineli də tapılmalı idi, şikayət
üçün üz tutduğu general onun yaxşı əməllərindən
xəbər tutub vəzifəsini də qaldırmalı idi.
İnsanlar uşaq kimi hər zaman xoşbəxt sonluğa
inanırlar. Uşaq kimi qəlbipak qalmaq İsanın bəşəriyyətə
tövsiyəsidir - seçim insana bağlıdır.
Dostoyevskini cansıxıcı, qüssə aşılayan
yazıçı hesab edənlər onu doğru oxumağa cəhd
etsinlər. Devuşkinin fikrinə görə, sonda, əgər
qəhrəmanın ölməyi müəllifə mütləq
lazım idisə, heç olmazsa, dalınca ağlayanı, yas
saxlayanı olduğunu göstərərdi.
Puşkinin
"Stansiya gözətçisi" və Qoqolun
"Şinel" povestlərinə qəhrəmanın fərqli
münasibəti müəlliflərin mövqeyi ilə
bağlıdır. Birinci halda müəllif Samson Vırinin dərdinə
şərik çıxır, şəfqət göstərir,
bu, Makara xoş gəlir, ikinci halda isə o, Qoqolu
Başmaçkinə mərhəmət göstərməməkdə
günahlandırır və onu ifşa edir.
- Bəlkə
hər iki kitabda o, öz həyatını görür?
- Təbii
ki! Amma burada da fərq var. Makar Puşkinin əsərini
özündə saxlayır, Qoqolu isə geri qaytarmağa tələsir.
Qoqol onun dünya ilə bütün bağlarını
qoparır. "Mən az kitab oxumuşam deyir", lakin onun
oxuduğu kitabların içində Qaliçin "İnsan
mənzərəsi" kitabının olduğunu deyir.
Qaliç Puşkinin liseydə müəllimi və tərbiyəçisi
olmuşdu. Puşkin əsərdə Petenka, ona atalıq edən
Pokrovski, onu sevən Varvara üçün ünsiyyət,
könül bağı üçün vasitədir, vəsilədir.
Puşkin qəlbin üzünü astarına çevirir,
Qoqol isə şüurun gizlinlərini açır -
Devuşkin bununla barışmaq istəmir. "Bəzən
gizlənirsən, gizlənirsən, qüsurlu tərəflərini
gizlədirsən, bəzən hardasa burnunu belə göstərməkdən
qorxursan, çünki dedi-qodudan zağ-zağ əsirsən,
çünki dünyada nə varsa, hər şeydən sənə
həcv düzəldəcəklər və budur, sənin
bütün o vətəndaş və ailə həyatın ədəbiyyatda
gəzir, hər şeyi çap eləyiblər, oxuyublar,
lağa qoyublar, o ki var qeybətini ediblər!"
Qoqolun
mövqeyinin ifşası ilə bağlı bir çox tədqiqatçılar,
hətta ən ciddi məqalələrdə belə, bir məqamı
nəzərdən qaçırırlar. Makar Qoqoldan niyə
narazıdır? Əlbəttə, kiçik məmurun maddi əziyyətləri,
ətrafdakıların rəhmsizliyi, sevgisizliyi,
yadlığı Makar üçün tanış mənzərədir.
Şinelin Başmaçkin üçün əhəmiyyəti
nədirsə, Devuşkin üçün də çəkmələri
o dərəcədə önəm daşıyır. Lakin
Devuşkin kasıblığın üzqaralığından
danışarkən öz dərdini dilə gətirmir. Onu
narahat edən mövzu mənəviyyat, daha doğrusu, mənəviyyatsızlıqla
bağlıdır. İnsanlar yer üzündəki mövqelərini
bir-birinə görə deyil, Tanrı ilə münasibətlərinə
görə dərk etməlidirlər: "Sizə
xatırladıram, anam, insanın qismətini uca Yaradan verir. Məhz
buna görə, kimisi general epoletləri taxır, kimi də
titulyar müşavir işləyir, kiminin qismətində
hökm etmək var, kiminin də alnına dinməz-söyləməz,
səbrlə itaət etmək yazılıb. Hər şey
insanın qabiliyyətinə görədir, hərənin əlindən
bir iş gəlir, biri bir işi bacarır, digəri başqa
bir işi. Bacarıqları isə Tanrı özü
verir".
Əsl ədəbiyyatı
hiss etməsi, ədəbi zövqünün inkişafı
Makarın məktublarında özünü büruzə
verir, onun qələmi püxtələşir, sözü
daha inamlı, israrlı şəkil alır. Sözün
gücü Həqiqətin qüdrətini ifadə etməlidir.
Həqiqət isə şinel və çəkmələrdən
ibarət deyil. Zahiri parıltısı olmayan, lakin "qəlbi
və düşüncələri olan insan" Dostoyevskinin
ilk romanından başlayaraq son romanına qədər
yazıçının antropoloji
araşdırmalarının mərkəzini təşkil edir.
- Mənə
ən maraqlı Şekspirlə bağlı fikirlər oldu...
-
Şekspirlə bağlı məsələyə gəldikdə...
"Şeytanlar" romanının qaralamalarında
Şekspir haqqında deyilir: "O, peyğəmbərdir,
Tanrı tərəfindən bizə insan haqqında, insan qəlbi
haqqında sirri agah etmək üçün göndərilmişdir".
Ardınca Dostoyevski öz yaradıcılıq metodunun əsas
prinsiplərindən birini dilə gətirir: "Bütün
həqiqət görünənlərdən ibarət deyil,
çünki onun böyük hissəsi söylənməmiş
gələcək Sözdə gizlənir. Nadir hallarda peyğəmbərlər
gəlir, həmin bütöv sözü tapır və dilə
gətirir". Bunun ardınca bu cür peyğəmbərlərdən
biri kimi Şekspirin adını çəkir.
Dostoyevski
Şekspiri yeniyetməlik illərindən oxuyurdu. Gənc
Fyodoru, xüsusilə, Hamlet obrazı cəlb edirdi. On altı
yaşlı Dostoyevski qardaşı Mixailə Hamletin cəsarətli,
alovlu, çılğın sözlərindən
ilhamlandığını, qəlbini sıxan kədərdən,
inamsızlıqdan onların köməyi ilə
qurtulduğunu yazırdı. "Karamazov
qardaşları"nda, "Yazıçının gündəliyi"nin
qaralamalarında və son məqalələrinin birində dəfələrlə
"Hamlet"ə müraciət etməsi Danimarka şahzadəsi
ilə Dostoyevskinin mənəvi yolçuluğundan xəbər
verir.
Dostoyevski
Şekspiri həyatının mühüm mərhələlərindən
birində, Petropavlovsk qalasında petraşevçilərin
işi üzrə ittihamı gözlədiyi günlərdə
oxuyurdu. Bu, mühüm faktdır. Kitabları ora
qardaşı göndərirdi. Cavab olaraq, "minnətdaram,
xüsusilə, Şekspirə görə", - Dostoyevski
yazırdı. Maraqlıdır ki, Dostoyevskinin ilkin
yaradıcılığında, hətta qaralama
variantlarında Şekspirin, onun əsərlərinin və ya
qəhrəmanlarının adına, demək olar ki, rast gəlinmir.
Elə Petropavlovsk qalasında yazılmış "Balaca qəhrəman"
hekayəsində (yeri gəlmişkən, bu hekayə
E.Başkeçidin tərcüməsində 2023-cü ildə
nəşr olunub) Şekspir komediyalarının iki qəhrəmanının
adı çəkilir, başqa bir əsərində isə
onun adı yumorla xatırlanır. Və yalnız "Cinayət
və cəza" üzərində işləməyə
başladıqdan sonra və artıq ömrünün sonuna qədər
Şekspir və onun müasiri, insan talelərinin digər
peyğəmbəri Servantesin obrazları Dostoyevskinin
yaradıcılıq qaynaqlarından birinə çevrilir.
Makar
Devuşkinin dilində isə Şekspir haqqında həyəcanlı
şəkildə söylədiyi sözlər faciəvi-komik
çalar daşıyır: "Onlara nə var, əgər
onlar hansısa bir Şekspir vasitəsilə başınızı
qatsalar, yəni görürsənmi, ədəbiyyatda
Şekspir var, lap elə Şekspir də boş şeydir,
bütün bunlar boş-boş şeylərdir və
hamısı da yalnız və yalnız həcv xatirinə
yazılıb!" (tərc.M.Qocayev). Bu sözlər insan həyatını
mərhəmətsizcəsinə və həyasızcasına
"ifşa edən" və onun həyatına soxulan ədəbiyyat
qarşısında Devuşkinin ümidsizliyini ifadə edir.
Bu ümidsizliyin dərəcəsi səviyyəsindən
asılı olmayaraq, hətta Şekspir olsa belə, ədəbiyyata
inamsızlığı ifadə edir. Yəni burda Şekspir
inkar olunmur, Şekspirin inkarı vasitəsilə inamın
qırılması dərəcəsi, miqyası göstərilir.
Yəni insan həyatının yalnız və ya heç də
görünən tərəfləri deyil, görünməyən
tərəfləri ədəbiyyat mövzusudur. İnsanı
kiçik, rəzil göstərən əsərlər,
müəllifi hətta Şekspir olsa belə, həcvdən
başqa bir şey deyildir.
- "Zavallılar"da
"üslub" məsələsi, qəhrəmanın
öz məktublarında üslubunun formalaşmasına önəm
verdiyi diqqətimi çəkdi. Bu narahatlığın
arxasında nə dayanır? Yazıçının epistolyar
janra müraciətini təsadüfi hesab etmək olmaz,
doğrudurmu?
- Bayaq da
qeyd etdim, "Zavallılar"- "Bednıye lyudi"
Dostoyevskinin ilk romanıdır. Yazıçının sonuncu
romanı "Karamazov qardaşları" ilə aralarında
sıx bağlılıq var. İlk roman və son roman onun
yaradıcılığının əsas sütunları
kimi dəyərləndirilə bilər. Hər iki əsərin
xüsusi yerini qeyd etmək lazımdır. İlk roman Belinski
tərəfindən "natural məktəb"in təyinatına
uyğun qiymətləndirilsə də, ikinci və sonrakı
əsərdən sonra Dostoyevskiyə münasibət dəyişdi.
"Oxşar"dan ("Dvoynik") başlayaraq
yazıçının bütün əsərləri anlaşılmaz
olaraq qiymətləndirilirdi. "Zavallılar" bu mənada
istisnadır. Əsas problemi Makar özü dilə gətirir.
İlk məktubundan
sonuncuya qədər Makarı bir məqam narahat edir: üslub,
sözə münasibət, yaradıcılıq
özünüdərk prosesi kimi... Bu məsələlərin
ilk romanda qoyuluşunu təsadüfi hesab etmək olmaz.
Romanın girişini xatırlayın: "Dünən mən
xoşbəxt idim, hədsiz xoşbəxt idim, xoşbəxtliyimin
həddi-hüdudu yox idi!" Ümumiyyətlə, əsəri
bu cür başlamaq artıq yazıçının
böyük istedadından xəbər verir. İstedad
sözün həqiqət gücünü və bu gücə
sahib olmağın səadətini dərk etmək, qədrini,
dəyərini bilmək deməkdir. Romanın
anlaşılması ilə bağlı bütün sirli məqamların
açarı bu başlanğıcdadır. Qəhrəman
mütləq xoşbəxt olduğunu bəyan edir, onun problemi
yoxdur. Əsər sonda söylənilməli sözdən
başlayır. Bu problemin həlli bütün problemləri həll
edə bilər - söhbət üslub problemindən gedir.
İlk məktubdan
sona qədər Makar üslubunun olmamasından şikayətlənir,
onu formalaşdırmalı olduğunu etiraf edir. Varvara
çıxıb gedəndə də onun ən böyük dərdi
söz söyləmək, özünü ifadə etmək,
üslubunu cilalamaq dərdidir. Hadisələrin əvvəlində
Varvaranın pəncərəsinin pərdəsinin
küncünü qaldırması da onun üçün
ümumi dil tapmaq istəyidir. Dil vasitəsilə onun qəlbinə
əziz olan insanla ünsiyyət quracaqdı. Dil, üslub
problemi, siqnallar dilinin formalaşması məsələsi əsasdır.
Makar ətrafında öz dilində danışan adamları
görmür. Makar Varvaraya xəyallar qurduğunu, onu quşla
müqayisə etdiyini söyləyir, əsərdə bu
sözü müxtəlif variantlarda işlədir: "Niyə
quş deyiləm, niyə yırtıcı quş deyiləm mən?!".
O, bu haqda bir kitabda oxuduğunu qeyd edir, ardınca isə o
kitabda başqa şeylərdən də
yazıldığını və yazılanların onun
düşüncələri ilə uyğun gəlmədiyini
deyir. O, dünyanı quşların qayğısız, azad
uçuşunda görür.
- Makar
və Varvara Dostoyevskinin "doğma qəhrəmanlar"ıdır...
Oxucu olaraq qənaətim belədir. "Ögey qəhrəmanlar"ın
taleyi yazıçıdan çox oxucunu narahat edir... Bu da mənim
yazıçı fikrimdir... Və məncə, Makarın
"gördüyü" azadlıq belə, insan münasibətlərinin
tikanlı məftilləri ilə sərhədlənib.
- Makar və
Varvara eyni atanın qardaşlaşmış
övladlarıdırlar. Əsərdə onların uzaq
qohumluğuna işarə olunur. Bu qohumluqda sədəqə,
yardım qəbul etmək, qayğıya qalmaq doğru,
dürüst anlaşılmır. Ona görə hamı
Makarı şorgözlükdə ittiham edir. Makar isə
özünü günahsız quşların xoşbəxtliyi
ilə müqayisə edir. Makar dünya ilə fərqli dildə
danışır. Həyatın ona təqdim etdiyi
situasiyanı o, başqa transformasiya, baxış səviyyəsinə
çıxarır. Ətrafdakılar Makarın
başqasını özü kimi sevməsində qazancının,
mənfəətinin nə olduğunu anlamırlar. Axı bir
maddi qazancı, "xeyiri" olmalıdır: bir tənha
kişinin bir tənha gənc qadına
bağlılığının arxasında başqa nə
dura bilər ki?! Varvara da bir az təəccüb edir: "Bəs
mən necə edim ki, sizdən pul almayım?" - deyərək,
onun təmənnasızlığına şübhəsini
dilə gətirir. Makarı isə başqa şey narahat edir:
iyul məktubundakı sözləri ilə o, insanların
bir-birinə faydalı olması haqqında düşüncələrimizi
dəyişdirir. "Mənə çox faydanız dəyir,
Varenka. Sizə baxanda əhvalım durulur". Varvara
Makarın özünü faydalı hiss etməsi
üçün vəsilədir, yoldur. Bəzən
yazdığı məktublarda bütün hisslərini etiraf
edə bilməsi, Varvaradan da ətraflı cavab alması, bəzən
ondan tapşırıqlar alması Makarı xoşbəxt etməyə
yetərlidir, çünki bütün bunlar ona
özünü yaxından tanımağa, özünə
inanmağa kömək edirdi. Varvaranın həyatından
gedişini Makar ölümlə müqayisə edir. Dostoyevski,
əslində, İsanın zamanından bu yana insan haqqında
son həqiqətin başqasına sevgi ilə birbaşa
bağlanmaq olduğunu ifadə edir. İnsanlar elə o vaxtdan
sevginin xidmət olduğunu bilirlər. Sevgi ehtiyacdır, ehkam
deyil. Bu, insanın bütün həyatını dəyişdirir.
İsanın həvarilərinə dediyi fikirləri
yazıçı bədii şəkildə oxuculara
çatdırır: "Mən ona görə gəlmədim
ki, mənə xidmət edəsiniz, ona görə gəldim
ki, Özüm başqalarına xidmət edim (Matta. 20:28)".
İnsanların vəzifəsi sevgini paylaşmaqdır, bu,
haqq işidir, biz haqqımızı yerinə yetirə
bilmiriksə, necə xoşbəxt ola bilərik? Bu, insanın
böyüklüyünü, qüdrətini göstərməkdir.
Makar sevgisiz yaşadığı illəri ömürdən
saymır, yuxuda olduğunu, sanki indi
ayıldığını, özünü
tanıdığını dilə gətirir məktublarında.
- Bir də
kitabların obrazlaşdırılması var
"Zavallılar"da...
-
Özünüdərk, insanın qadir olduğu sevgi problemi
üslub, yəni ifadə tərzi, kitab problemi ilə
bağlıdır. Romanda elə mətnlər var ki, süjeti
dəyişdirir, kitablar qəhrəmanlar arasında münasibətlərin
və qəhrəmanların dil, ünsiyyət mərkəzinə
çevrilir.
Varvaranın
həyatında hər şey kitabların üzərində
qurulub. Pokrovskinin evində olanda o, hər hansı bir kitabı
deyil, bütün kitabları oxumaq istəyir, çünki
anlayır ki, bunu etsə, sevdiyi gəncə, Petenkaya daha
yaxın olar. Gördüyümüz kimi, kitab
yaxınlaşmaq, ünsiyyət vasitəsidir. Kitablar ona yeni təəssüratlar,
hisslər gətirirdi, xəyalpərəstliyinə daha da
qanad verirdi. Kitab insanın daxili dünyasını dəyişən
vasitədir; Varvara bunu artıq bilir. Kitab insana fərqli təsir
göstərə bilər. Kitab qəlbinə girdisə, o, səni
dəyişir. Dostoyevski özü də bu müəllif vəzifəsini
anlayır. "Zavallılar" onun özünün də
üslub axtarışıdır. Daxili inkişaf
dinamikasına görə Makar obrazı Dostoyevskinin
yaradıcılığında misilsiz yer tutur.
- Sonda,
Dostoyevskinin Azərbaycan dilinə tərcüməsi ilə
bağlı fikirlərinizi öyrənmək maraqlı
olardı.
-
Dostoyevski tərcüməçilər üçün
çətin yazıçıdır. Dilini bilmək və
dil bilmək fərqli mənalardır. "Məcazi dildə"
danışıram deyirsə qəhrəman, bu ifadə tərcümədə
itirilməməlidir. Neçə dəfə deyilirsə, hər
dəfə tərcümə olunmalıdır. Dostoyevskidə
rast gəlinən təkrarlar yüksələn xətlə hərəkət
edən fikrin hansı "dildə" ifadə
olunmasını hər dəfə fərqli ölçülərdə
dəstəkləmək üçündür. Hər kəlmə
mühümdür. Yanlış tərcümə və kəlmə,
ifadə boşluqları yolverilməzdir.
Dostoyevskidə
"yazıçı gözü" ifadəsi var.
Yazıçı öz gözü ilə bizim görmədiklərimizi
göstərir. Bu, ali mənalardır, səthi deyil. Biz
onları görmürük, o isə görür. Səthi təbəqə
suallar vermək üçündür, cavab isə dərinlikdədir.
Dostoyevskinin tərcüməsi məsələsi bu səbəbə
görə çətinlik yaradır. Dostoyevski mətni
böyük işarələr mətnidir, "İncil"ə
gizli istinad edən, böyük göndərmələri
ehtiva edən sakral mətndir. Üzdə görünən
daxili plandakı, təməldə duran üst dili, mənanı
ifadə etmək üçündür. Dostoyevskinin adekvat tərcüməsi
məsələsi də buna görə çətindir. Məsələn,
orijinalı oxumaq imkanı olmayan oxucuya Makarın "azad
düşüncə"si, "sərbəst fikri" tərcüməçi
tərəfindən "qarayaxa fikirlər" (tərcüməçinin
adını bu məqamda gizli saxlayaq) kimi təqdim olunursa, biz
nə obrazı, nə əsərin qayəsini anlaya və
anlada bilərik. Tanrının insana verdiyi azadlıq şəkk-şübhələrin
içindən sıyrılıb "təktərkibli"
(Dostoyevski) insana çevrilməkdir. Bu inamın simvolu İsa
Məsihdir.
-
Yazıçının bədii məramının tərcümədə
itməsi məsələsi... Problemli məsələ
olduğunu etiraf etməliyik... Onu da etiraf etməliyik ki, problem
həll olunmamış nəsildən-nəslə
ötürülür... Dostoyevskinin də bu "itik
sahibi" siyahısında olması labüddür, fikrimcə...
Oxucular üçün yazıçının bədii məramını
da aça bilərsinizmi?
-
Dostoyevskinin bədii məramı "məhv olmuş
insanı" diriltməkdir, onun qəlbini bərpa etməkdir.
Orijinal mətndə hər bir detal bu mərama xidmət etdiyi
kimi, tərcümədə də hər bir incəlik nəzərə
alınmalıdır. Məsələn, "xarakterlər
romanı" adlandırılan "Şeytanlar"
romanında hadisələr gizli məqamlar, faktlar üzərindən
inkişaf edir. Bu bədii mənzərə
bütövlükdə ən sıx ilmələrlə
toxunulmuş xalçanı xatırladır. Haradasa kiçik
bir epizod, söz, xatırlatma bütöv bir insan xarakterinə
işıq salır, yazıçının birbaşa
açıb söyləyə bilmədiyi mətləblərdən
xəbər verir. Bu məqam tərcüməçidən
çox böyük diqqət tələb edir. Qeyd edim ki,
prof.Məmməd Qocayev tərəfindən dilimizə
çevrilən "Şeytanlar" və "Yeniyetmə"
romanlarının tərcüməsinə iki məqalə həsr
etmişəm və məqalələr sözügedən əsərlərin
dilimizdə işıq üzü görməsindən dərhal
sonra onlara münasibət bildirmək istəyimdən
yarandı.
-
Dostoyevskinin tərcüməsindəki çətinliklər
barədə oxuculara konkret məqamlar göstərməyinizi
xahiş edirəm.
- Məsələn,
"Şeytanlar"da özünü Tanrı-insan elan
etmiş Kirillov obrazının bütün faciəvi mahiyyəti
onun "dilində" öz əksini tapır. Roman səhnəsində
ilk göründüyü andan rus dilində ağır
danışan, qısa, çox vaxt xəbərsiz, yəni
nominativ qısa, yanıltmacabənzər cümlələr
quran Kirillovun dili tərcümədə oxucu üçün
"qəribə" olaraq saxlanılmalıdır. Məsələ
burasındadır ki, Kirillovun dili onun daxili dünyasında
baş verən və ya artıq öz yerini tutmuş dərin
transformasiyadan xəbər verir. Kirillov Tanrının
tanınmasının əzəli və son işarəsi olan
ölüm qorxusundan və əbədi həyat eşqindən
qurtuluş ideyasını "sevib" və onu yaşatmaq
üçün həyatına son verməyi
düşünür. Özünəqəsdi
qarşısına məqsəd qoymuş insan
üçün həyatda, ətrafda baş verən hər
şey ötəri, lüzumsuz, mənasız
görünür. Onun dili yalnız ideyası haqqında
danışanda "açılır", ətrafdakı
insanlara ünsiyyətdə, adi situasiyada isə onun dili
dolaşır, topuq vurur. Obrazı xarakterizə edən onun
cümlələrinin sintaktik natamamlığıdır və
tərcümədə bu məqam nəzərə
alınmadıqda, obrazın özünəməxsusluğu,
xarakterin koloriti sıfırlanır. Əsərin birinci hissəsinin
üçüncü fəslində çayla bağlı
epizodu nümunə gətirə bilərəm: Şatova məktub
gətirən Salnaməçi onu evdə tapmayaraq Kirillovla
qarşılaşır. Zərfi verib geri dönmək istəyəndə,
Kirillov onu içəri dəvət edir. "Elə bilirdim
siz çay... mən çay almışam. İstəyirsiniz?"
- deyə təsadüfi qonağa müraciət edir. Tərcümə
orijinalı olduğu kimi, doğru çatdırır: "A ə
dumal vı çaö, - skazal on, - ə çay kupil.
Xotite?" Daha sonra çayı sevdiyini, gecələr
sübhədək çay içdiyini qeyd edir. Çay
söhbətinin davamında Salnaməçinin "Siz
işıqlananda yatırsınız?" sualı səslənir
("işıqlaşanda" daha doğru kəlmədir,
yeri gəlmişkən). Kirillov yenə öz nitq tərzinə
sadiq qalaraq qonağın verdiyi suala natamam şəkildə
cavab verir. Orijinalda: "- Vı lojitesğ na rassvete? - Vseqda;
davno. Ə malo em; vse çay". Göründüyü
kimi, cümlə tərcümədə "Mən az yeyirəm;
elə hey çay" kimi saxlanılmalı idi, lakin
"çay" sözündən sonra "içirəm"
feili əlavə olunmuşdur. Onun burda istifadəsi mütləq
kimi görünə bilər, lakin bu, o zaman doğru olardı
ki, "çay" bilavasitə susuzluğu yatırmaq
üçün seçilmiş hərəkət obyekti
xarakteri daşısın. Kirillovun məqsədi içmək
deyil, zamanla, özü ilə mücadiləsidir, elə hey
davam edən məna axtarışıdır, onun
dünyanı sevən qəlbində dünyadan üz döndərməyin
mütləq olduğunu, həqiqət olduğunu əsaslandırmaq
istəyidir. Həyatı sevdiyi halda ondan uzaqlaşıb, ona
absurd damğası vurmaq üçün Kirillov "elə
hey çay" - içməsə belə.
- Yəni
çay bəhanədir...
- Bəli,
bəli! Çay bəhanədir, aldanışdan qaçmaq
üçün vasitədir, yoldur, anturajdır, həyata
qayıtmaq üçün qəhrəmanın gizli
ümididir və s. Sonuncu fikrimi həm də qəhrəmanın
ölüm səhnəsi təsdiq edə bilər. Mən o səhnəni
qrafik rəsm tablosu kimi görürəm, onu çəkməyi
bacarmasam da (amma belə cəhdim olub, kaş ki o albom vərəqini
qoruyub saxlayaydım, qəfil qalxıb kağız-qələmə
sarılmağımı və nəyi cızma-qara etmək
istədiyimi isə indi də dəqiq xatırlayıram,
üstündən 30 ildən çox vaxt keçib). Bu, o deməkdir
ki, Dostoyevski mətni görünməz hesab edilən həqiqətin,
əslində, görünən olduğunu ifadə etmə
xüsusiyyətinə malikdir. Təsadüfi deyil ki, Dostoyevski
adətən "yazıçı" sözündən
sonra sinonim olaraq "xudojnik" (sənətkar, rəssam)
sözünü işlətməyi sevirdi.
Kirillov
kimi spesifik, fərdi bir xarakteri səciyyələndirən
personajın danışıq üslubunun tərcümədə
qorunmasının vacib olması barədə tərcüməçinin
(M.Qocayev) redaktorlara tövsiyələr
ünvanladığının bilavasitə şahidi
olmağım Dostoyevskinin tərcüməsinin çətinliyi
ilə bağlı yuxarıda səsləndirdiyim
düşüncəni təsdiq edir. Sözügedən
epizoda gəldikdə isə, qeyd etmək istəyirəm ki,
Dostoyevski üslubuna tərcüməçi və redaktorun fərqli
münasibəti faktı səciyyəvi xarakter
daşıyır. Tərcüməşünaslıq elmi bu
cür halları üzə çıxarmalı və dəyərləndirməlidir.
Dostoyevskini Azərbaycan dilində səsləndirmək
üçün onun ifadə üslubunu sıfırlamaq və
təhrif etmək ən təhlükəli yoldur. Müxtəlif
tərcümələri müqayisə etmək və
hansının orijinala daha yaxın olduğunu üzə
çıxarmaq hər iki dili yaxşı bilməklə
yanaşı, Dostoyevski realizminin, obrazyaratma metodunun incəliklərinə
dərindən bələd olmağı tələb edir.
Söhbətləşdi:
Şəfa VƏLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, №35.- S.20-22.