“Aşıq Ələsgərdən
Üzeyir Hacıbəyliyə:
Türk dünyasının
mədəni kodları”
mövzusunda
beynəlxalq elmi simpozium öz işinə başlayıb
Sentyabrın 25-də AMEA-nın Əsas
binasının Dairəvi
konfrans zalında Azərbaycan Milli Elmlər
Akademiyası, AMEA-nın
Folklor İnstitutu, AR Mədəniyyət Nazirliyi,
Türk Mədəniyyəti
və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının birgə
təşkilatçılığı “Aşıq Ələsgərdən
Üzeyir Hacıbəyliyə:
Türk dünyasının
mədəni kodları”
mövzusunda beynəlxalq
elmi simpozium öz işinə başlayıb.
Əvvəlcə simpozium iştirakçıları
Fəxri xiyabanda xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin və onun ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın xatirəsini
ehtiramla yad edib, məzarları önünə
gül dəstələri
qoyublar. Həmçinin
dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin məzarını
ziyarət ediblər.
Daha sonra konfrans iştirakçıları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
fəaliyyət göstərən
Məhmət Akif Ərsoy,
Məhtimqulu Fəraqi,
Çin və Pakistan
mərkəzlərində, həmçinin Elektron zalda olub, onların
fəaliyyətləri barədə
məlumat alıblar.
Beynəlxalq simpoziumun açılış
mərasimində AMEA-nın
prezidenti akademik
İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AR mədəniyyət
nazirinin müavini
Murad Hüseynov, Türk
Mədəniyyəti və
İrsi Fondunun prezidenti prof. Dr. Aktotı Raimkulova, Azərbaycan Milli
Konservatoriyasının rəhbərliyi,
AR Milli Məclisinin deputatları,
AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları,
əməkdaşları, həmçinin
Türkiyə, Qazaxıstan,
Özbəkistan, Qırğızıstandan
alimlər və media nümayəndələri iştirak
ediblər.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq
qeyd edib ki, dövlət başçısının
3 fevral 2025-ci il tarixli
Sərəncamı ilə
bu il ölkəmizdə
və beynəlxalq miqyasda dahi Azərbaycan
bəstəkarı, Şərqdə
ilk operanın yaradıcısı,
böyük musiqişünas-alim,
tanınmış ictimai
xadim, akademik Üzeyir Hacıbəylinin
140 illiyi qeyd olunur.
Akademik
İsa Həbibbəyli bildirib
ki, Üzeyir Hacıbəyli
dünyanı heyrətə
gətirən zəngin
yaradıcılığında Azərbaycanın xalq musiqisindən istifadə etməklə, əslində
xalq aşıq musiqisinin peşəkar musiqi ola bilmə baxışını meydana
qoyub və nəticə etibarilə aşıq musiqisi peşəkar musiqimizin mənbəyi və böyük mərhələsidir.
AMEA rəhbəri dahi
Üzeyir Hacıbəylinin
“Azərbaycan xalq musiqinin əsasları” adlı monumental əsərinin
bunu isbat etdiyini söyləyib.
Üzeyir
Hacıbəylinin böyük
sənətimizin, mədəniyyətimizin,
incəsənətimizin, ictimai
fikrimizin və elmimizin görkəmli nümayəndəsi kimi dünya miqyasında qəbul edildiyini deyən akademik İsa Həbibbəyli onun 140 illik yubileyinin bu günlərdə özünün də iştirakı ilə
UNESCO-da yüksək səviyyədə
qeyd olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, Üzeyir Hacıbəyliyə, Aşıq
Ələsgərə yenidən
qayıtmaqla bütün
dünya xalq musiqimizin, aşıq sənətimizin nə qədər zəngin, bənzərsiz və orjinal, eləcə də həm milli, həm də bəşəri olduğunu
çox aydın şəkildə gördü.
Dünya
musiqi tarixində bir çox tanınmış bəstəkarlar
olmasına baxmayaraq, Üzeyir Hacıbəylinin
öz universal yaradıcılığı
ilə onlardan fərqləndiyini və onunla müqayisə edilə biləcək şəxsin olmadığını
deyən AMEA prezidenti qeyd edib ki, görkəmli
xadimimiz Şərqdə
ilk operanın yaradıcısı,
eləcə də Azərbaycanda konservatoriyanın,
simfonik orkestr və xor məktəbinin
təsisçisi kimi bu səviyyədə musiqi sənətində dahi yaradıcı göstərmək çətindir.
“Biz fəxr edirik ki, Azərbaycan xalqının
Üzeyir Hacıbəyli
kimi böyük mütəfəkkiri, musiqiçi
alimi, elm xadimi var. O, həm də Azərbaycan Milli Elmlər
Akadedmiyasının ilk 15 təsisçisindən
biridir və Akademiyanın bugünkü
Memarlıq və İncəsənət İnstitutunun
ilk direktoru olmuşdur”,
- deyə akademik
İsa Həbibbəyli diqqətə
çatdırıb.
Aşıq Ələsgərin yaradıcılığına
da diqqət çəkən
AMEA prezidenti qeyd edib ki, görkəmli söz ustadı Azərbaycan aşıq sənətini yüksək
səviyyədə inkişaf
etdirib, tarixi Azərbaycan torpaqlarında
– Qərbi Azərbaycanın
Göyçə mahalında
aşıq sənətini
özünün zirvəsinə
çatdırıb.
Aşıq Abbas Tufarqanlı, Xəstə
Qasım, Molla Cümə, Sarış Aşıq və bir çox dillərə dastan olan aşıq ustalarımız
olmasına baxmayaraq, Aşıq Ələsgərin
onların zirvəsində
dayandığını deyən
AMEA prezidenti böyük
söz ustadının
yüksək ifaçılıq
mədəniyyəti, aşıq
havaları üzərində
rəqs etməsi, bədii qiraəti ilə fərqləndiyini vurğulayıb.
“Aşıq Ələsgər
aşıq ədəbiyyatının
nizamnaməsini yazmışdır
və zəngin yaradıcılığı ilə
onu Azərbaycan aşıq ədəbiyyatının
Məhəmməd Füzulisi
hesab edirəm. Aşıq Ələsgərin
və Üzeyir Hacıbəylinin ortaq nöqtəsi hər birinin öz sənətinin zirvəsində
dayanmasıdır. Həmçinin
Aşıq Ələsgər
tarixi torpaqlarımızda,
Göyçə mahalında
yazıb-yaratmış, Üzeyir
Hacıbəylinin şah
əsərlərindən olan
“Koroğlu” operasının
baş qəhrəmanı
isə həm də tarixi Qərbi Azərbaycan torpaqlarımız uğrunda
mübarizə aparmış,
nəticə etibarilə
görkəmli bəstəkarımız
bununla bütövlüyümüzü
əks etdirmişdir. Həmçinin Aşıq
Ələsgər də
Üzeyir Hacıbəyli
kimi rəngarəngliyə
üstünlük vermiş,
aşıq sənətinin
bütün növlərində
- qoşma, gəraylı,
deyişmə, gözləmə,
dastan, rəvayət, qıfılbənddə
gözəl nümunələr
yaratmışdır”, deyə
akademik İsa Həbibbəyli
qeyd edib.
Bugünkü beynəlxalq tədbirin
həm də türk xalqlarının musiqi mədəniyyətinə
nəzər salacağını
deyən akademik
İsa Həbibbəyli simpoziumun
işinə uğurlar
arzulayıb.
Sonra çıxış edən
AR mədəniyyət nazirinin
müavini Murad Hüseynov
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin
təşəbbüsü ilə Üzeyir Hacıbəylinin 140 illiyinə
həsr olunmuş geniş tədbirlərin keçirildiyini, 2009-cu ildən
başlamış Üzeyir
Hacıbəyli Beynəlxalq
Musiqi Festivalının
bu il 17-nin baş tutduğunu bildirib. Qeyd edib ki, həmçinin
dahi bəstəkar Üzeyir Hacıbəylinin
140 illik yubileyi dünyanın müxtəlif
ölkələrində qeyd
olunur, beynəlxalq miqyasda konfranslar, seminarlar, simpoziumlar keçirilir.
“Bugünkü tədbirlə
Türk dünyasının
iki görkəmli şəxsiyyətinin milli mədəniyyətimizə
və bəşəriyyətə
bəxş etdikləri
dəyərləri öyrənəcəyik”,
- deyən Murad Hüseynov
beynəlxalq simpoziumun
işinə uğurlar
arzulayıb.
Sonra çıxış edən
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti prof. Dr. Aktotı Raimkulova qeyd edib ki, dahi
Üzeyir Hacıbəyli
Şərq və Qərb musiqisini birləşdirməklə Azərbaycan
və dünya musiqisinə yeni nəfəs
gətirib, xalq yaradıcılığından istifadə etməklə
milli kimliyi gücləndirib.
Aşıq Ələsgərin
isə qoşma və dastanları ilə gələcəyə
yol göstərdiyini deyən Aktotı Raimkulova vurğulayıb
ki, bugünkü tədbirlə
türk xalqlarının
musiqisini öyrənəcəyik
və bu, gələcək tədqiqatlar
üçün geniş
imkanlar açacaq.
O, həmçinin rəhbərlik
etdiyi Türk Mədəniyyəti və
İrsi Fondunun tarixi, üzv ölkələr və fəaliyyət istiqamətləri,
Türk dünyasında
həyata keçirdiyi
layihələr barədə
iştirakçılara məlumat
verib.
Daha sonra tədbir öz işini plenar məruzələrlə
davam etdirib. Azərbaycan Milli Konservatoriyasının
rektoru prof. Dr. Kamilə
Dadaşzadə, Qırğızıstan
Milli Elmlər Akademiyasının
Ç.Aytmatov adına
Dil və Ədəbiyyat İnstitutunun
direktoru akademik Abdıldacan Akmataliyev, Türkiyənin Egey Universitetinin Türk Dünyası Araşdırmaları
İnstitutundan prof. Dr. Metin
Ekici və AMEA-nın Folklor İnstitutunun direktoru f.e.d. Hikmət Quliyev plenar məruzələrlə çıxış
ediblər.
Həmçinin AR Milli Məclisinin deputatı
Hikmət Babaoğlu, Qazaxıstanın M.Auezov adına Ədəbiyyat və İncəsənət
İnstitutunun baş direktoru akademik Kenjexan Matjanov, Türkiyənin
Ankara Musiqi və Gözəl Sənətlər
Universitetinin rektoru
prof. Dr. Erhan Özden və
Özbəkistan Fənlər
Akademiyası Ə.Nəvai
adına Ədəbiyyat
Muzeyinin direktoru prof.
Dr. Jabbor Eshonqulov çıxış edərək
türk xalqlarının
musiqi mədəniyyətindən
danışıb, simpoziumun
işinə uğurlar
arzulayıblar.
Sonra bir sıra hədiyyə
və sertifikatlar təqdim olunub, xatirə şəkilləri
çəkdirilib.
Qeyd edək ki, simpozium işini 25-26 sentyabr tarixlərində Azərbaycan
Milli Konservatoriyasında davam
etdirəcək.
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, ¹35.- S.15.