Onlar 1926-cı ildə İstanbuldan
Bakıya - Birinci Türkoloji Qurultaya bir yerdə gəlmişdilər:
Fuad Köprülü, Dyula Messaroş, Vasili Bartold, Teodr Menzel
və Əli bəy Hüseynzadə. Qurultayın
aparıcı simaları da onlar idi. Qurultayda hamısı
çıxış edib. Əli bəy Hüseynzadə və
Menzel isə, həm də gündəlik qeydlər
yazıblar. Menzelin qeydləri Almaniyada nəşr olunub. 1927-ci
ildə Bakı qəzetlərində professor Menzelin "Der 1.
Turkologische Kongre in Baku" əsəri barədə məlumatlar
dərc olunub. Amma Əli bəy Hüseynzadənin qeydləri
yalnız 1969-cu ildə ortaya çıxıb və ilk dəfə
1970-ci ilin yanvar ayında "Yeni İnsan" dərgisində
Hilmi Ziya Ülkenin təqdimatı ilə dərc olunub.
Hilmi Ziya "Türkiyədə
çağdaş düşüncə
tarixi" kitabında "1926-cı ildə Bakıda toplanan
Birinci Türkoloji Konqresinə qatılan Hüseynzadə, bu
konqresə aid qeydlər buraxmışdır... Bu qeyd dəftəri
basılmamış olaraq kitabxanamızdadır" yazır.
Əlyazmasının taleyini 2009-cu ilin oktyabrında Əli bəy
Hüseynzadənin qızı Feyzavər xanımdan
soruşmuşdum. "Hilmi Ziya Ülkenin qızı Fatma
Gülserendedir. Onun mənzilindəki salonda böyük bir
sandıq var. Həmin sandıqdadır", - deyə cavab
vermişdi. "Niyə geri almırsınız?"
soruşduğumda "Məsələ burasındadır ki,
Hilmi Ziya bəyin qızının oğlu qərib bir şəkildə
dünyasını dəyişdi. Belə bir vaxtda ondan sənəd
istəmək münasib deyil. Nə vaxt istəsəm, verəcəyinə
əminəm..." demişdi. İndi ikisi də
dünyasını dəyişib. Fatma Gülsərən də
yoxdur, Feyzavər Alpsar da...
Hilmi Ziya Ülkenin
"Yeni insan" dərgisindəki "Ali Turan"
yazısına istinadən, Əli bəy Hüseynzadənin
Bakı Türkoloji Qurultayındakı qeydlərini 15 fevral
2008-ci ildə "Ədəbiyyat qəzeti"ndə təqdim
etmiş və bildirmişdim ki, Hüseynzadənin qeydləri
qurultayın 1926-cı ildə rusca nəşr olunmuş
stenoqramını dolğunlaşdıran sənəddir. Məsələn,
stenoqramda qeyd olunur ki, məruzədən sonra təbrikləri
oxumaq üçün söz yoldaş Zifeldtə və
Çobanzadəyə verildi. Əli bəy isə
xatırladır: "Çobanzadə Vilhelm Tomsenin Kopenhagendən
göndərdiyi təbrik teleqrafını oxudu". Yaxud
stenoqramın 6 mart 1926 tarixli səhifəsində
"Keprölö-Zade vıstupaet s dokladom na tureükom əzıke.
(Applodismentı)" yazılıb. Hüseynzadənin gündəliyində
isə "Sonra təkrar Fuad Köprülü söz
aldı. Konuşması radio ilə sokak xalqına
eşitdirilirdi. Bu münasibətlə "Ərəb mədəniyyəti
yox, İslam mədəniyyəti, müsəlman millətlərin
ortaq çalışmalarıyla meydana gəlmiş bir mədəniyyət
vardır", - dedi". Yaxud tutaq ki, 1926-cı ildə -
türkoloji qurultay günlərində çəkilmiş sənədli
kadrlarda ziyafət masası arxasında Mustafa Quliyev,
Ağamalıoğlu, Samoyloviç, Messaroş, Əli bəy
Hüseynzadə, Fuad Köprülü ilə yanaşı
opera müğənnisi H.Sarabski də
görünür. Onların bu ziyafət məclisində nədən
danışdıqları heç bir sənəddə öz əksini
tapmayıb. Əli bəy isə bu barədə yeganə və
nadir məlumatı gündəlik qeydlərində verib,
1926-cı ildə çəkilmiş səssiz kinolentlərə
"danışmaq" imkanı qazandırıb: "Bir
toplantıda Mustafa Quliyev nitq söylədi. Fuad
Köprülü onu tamamladı. Ağamalıoğlu Mustafa
Kamal Paşanın səhhətinə içdi. Sarabski musiqi
ilə "Mustafa Kamal Paşa" şarkısını
söylədi. O sırada mən də nitqimi verdim.
Samoyloviç türkcə nitq irad etdi. Messaroş konuşdu:
"Özünün yabançı olmadığını
söylədi, belə söyləyənləri protesto etdi.
Macar milləti bu torpaqdan getmişdir", - dedi". Yaxud
Hüseynzadə Qurultay nümayəndələrinin
sayını və milli tərkibini də qeyd edib ki, bu say
göstəricisi stenoqramda göstərilən say tərkibindən
fərqlidir. "Qurultayda 127 üyə (nümayəndə)
bulunmuş olub bunlardan 82-si türk (18 Azəri, 3 Anadolulu, 6
Krımlı 4 Türkmən, 13 Kazanlı, 5 Başqurd
türkü və s. Doğu türklərindən Uyğur,
Oyrat, Yakut və Çuvaş bulunmuşdur. İkinci qrup
Moğol, Fin və Uğor qrupudur (3 üyə).
Üçüncü qrup Yafəs qrupudur (ki burada Çərkəs,
Çeçen, Qafqaz üyələrindın 6 kişi
vardır). Dördüncü qrup İranlılardır (13
üyə). Beşinci qrup Avropalılardır (ki 3 Alman, 16 Rus,
3 Ukraynalı). Ayrıca iki Yəhudi ilə 5 əsllərini
bilmədiyim kimsələr vardır" Məsələ
burasındadır ki, stenoramda
çıxışçı, bəzən hətta məruzəçi
kimi təqdim olunan elə iştirakçılar var ki, qurultay
nümayəndələrinin siyahısında adları yoxdur.
Bu isə ayrıca araşdırma mövzusudur.
Bir sözlə, Hüseynzadənin
bu qeydləri Türkoloji Qurultay barədə
aydın təsəvvür yaradan nadir mənbədir.
Türkoloji Qurultayın 100 illiyi
ilə bağlı hazırlayıb çapa təqdim etdiyim
üç kitabdan biri Əli bəy Hüseynzadənin
kitabıdır. Həmin kitabdan onun qurultayın qısa
icmalını verən yazısını "Ədəbiyyat
qəzeti"nin oxucularına yenidən təqdim edirəm...
Azər TURAN
Əli bəy Hüseynzadənin I Türkoloji
Qurultayda yazdığı qeydlər
16 fevral
1926
İstanbuldan hərəkət etdik.
Fuad Köprülü, Etnoqrafiya muzeyinin müdiri Messaroş,
Leninqrad professorlarından Bartold, Strasburqdan professor Menzel bərabərdik.
26 fevral cümə günü Səməd
Ağamalıoğlu Qurultayı açdı. Bir qaç nitq
irad edildi. Məclisdən sonra Əliheydər Qarayevlə
görüşdüm.
27 fevral 1926
Cümə ertəsi saat
10-da Bartold ərəbcə və farsca qaynaqlara dayanaraq Teymur
tarixindən bəhs etdi. 7-ci yüzildə Orxon
yazılarıyla özlərinə türk deyən bir
qövm meydana çıxır. Yeni araşdırmalara görə,
Çin ədəbiyyatında indiyə qədər bilinməyən
bir çox vəsiqələr meydana
çıxarılmışdır ki, bunlar türk tarixinin
ilk dövrlərini aydınlatmaqdadır. Bundan sonra
qırğız filoloji kökündən bəhs etdi. Bartolda
görə, türklər islamiyyəti öz arzularıyla,
heç bir zorlama olmadan qəbul etdilər. Çin, Cava,
Sumatra və Afrikada islamiyyətin yayılması da belə
olmuşdur. İslamı hər qövm qəbul edə bilər.
Bartold burada "türkmən" kəlməsinin
etimologiyası ilə məşğul oldu. İkincisi
Borozdinin raportu idi. Mövzusu Kazan və Volqa tarix və abidələrinə
aid idi. Bu münasibətlə Kazan tarixində ən yeni
araşdırma və buluşlardan bəhs etdi. 1924-1925 illərdə
Volqada yeni qazıntılar olmuşdur. Altun Ordaya dair rus və ərəb
tarixlərindəki küçümsər hökmlərə
rəğmən burada yüksək bir mədəniyyət
olduğu görülür. Bu araşdırmalardan sonra
artıq Altun Orda mədəniyyətindən və incəsənətindən
bəhs etməyə imkan vardır. Bundan sonra 1925-ci ildə
Krım və Baxçasarayda yapılan araşdırmalara
keçdi: 1) Bu araşdırmalar indiyə qədər bilinənlərdən
başqa, tamamən yeni şeylərdir. 2) Abidələr,
daşlar və b. yüksək sənət əsərləri
Səlcuq və Məmluk təsirlərini göstərməkdədir.
Bu qazıntılar arasında bir də karvansaray
çıxarılmışdır. Orada bir çox əşya,
keramiklər və bir emalatxana bulunmuşdur. İndiyə qədər
Bizans keramiki zənn edilən bəzi əsərlər bu
emalatxanaya aiddir. Bu dövrdən qalma ipək qumaşlar,
14-cü yüzilə aid bir türbədə bir çox əsərlər
ələ keçmişdir. Araşdırmalara davam edilməkdədir.
Əziz
Abidolinin referatı türkcədir. Ruscanın türkcəyə
və türkcənin ruscaya tərcüməsinə ehtiyac
olmadığına çoxunluqla qərar verildi. Rudenkonun
referatı türkcə yeni xalq ləhcəsinə aid
olduğu üçün mütaliə daha asanlaşır.
Türk
qövmlərinin etnoqrafiya
xəritəsi iki rənglə göstərilir:
Qüzey-doğu və güney batı. Çadırların
(kudumku), türklər və moğollarda əlbisələrin
çeşidləri, başlıqlar, ayaqqabıları,
köynək, qadınların baş örtüləri, mətbəx
və yemək isimləri, adətlər, qadınların
yaşayış tərzi və qiyafəti, ləhcə tədqiqi
vəsiləsiylə gözdən keçirildi. 10 dəqiqə
fasilədən sonra Messaroş konuşdu. Ankarada Türk
Muzeyinin son illərdəki çalışmalarından bəhs
etdi. Anadolunun ən əski qövmlərinin, elamların əski
Qafqaz qövmləri ilə münasibətlərinə təmas
etdi. Çursin Qafqaz dillərindən bəhs etdi. Qafqazda 50-ə
qədər dil var. Bunlardan Qafqaz türkləri 10 ləhcədə
danışırlar və nüfuzun 25% nisbətindədirlər,
- dedi. Miller nitqini rusca oxudu. Diletantlığın zərərindən
bəhs etdi. "Xoşa gəlir, yaxud gəlmir", - deyərsək,
elm irəli getməz, - dedi.
Qalimcan Şərəf ayrı-ayrı
hər türk qövmünün iqtisadi
durumlarından və sosial təbəqələrindən bəhs
etdi. Nemət Hakim tatarca deyilən türk ləhcəsiylə
konuşdu. Milli həyat içində buddizm, marksizm təsirlərini
və bunların əkslərini incələdi.
Öglədən sonra Savaşkin
konuşdu. Özü Oyrat qövmündəndir.
Diqqətə dəyər sözləri arasında
başlıca bunları söylədi: "Bilmirdim hansı
millətdənəm. Başqalarıyla təmasa girdikdən
sonra anladım ki, nə kalmıkam, nə monqolam, dosdoğru
bir türkəm. 1) Türk olduğumun tarixi dəlilləri,
2) adətlər halındakı dəlillər, - deyə iki tərzdə
açıqlama yapdı. Bu girişdən sonra Oyratlar məmləkətinə
yapılmış üç elmi səyahəti (expedition)
anlatdı. Sonra ümumi rica üzərinə nitqini oyratca təkrar
etdi. Daha sonra Yakovlev dil məsələsini ələ
aldı. Alim Yunusov doğma ləhcəsi olan özbəkcə
konuştu. Özbəkcənin sart şivəsi ilə
münasibəti üzərində durdu. Sayları 32 olan özbək
uruğları arasında özlərinə macar deyənlər
vardır. Qoçlu Odabaşı, Krımda Etnoqrafiya malzəməsi
toplamaq məsələsini ələ aldı. Orada bu işlə
məşğul olan bir araşdırma cəmiyyəti var, -
dedi. Keçən il, Porosdinenin dediyi kimi, Krım içərsində
bir elm heyəti dolaşdırdıq...
...Daha sonra kumık
Eyubov konuşdu. Başqa hatiplərin tədqiq
yoxluğundan şikayətlərini tənqid etdi.
"Qurultayın tarixi dəyəri bundan sonra çeşidli
sahələrdə çalışılacaq şeyləri
proqramla təyin etməkdir", - dedi. Başqırd
Şakirov başqırdca söylədi. Təbliğində
başqırdcada başqa türk ləhcələrində
olmayan səslər və hərflər olduğuna işarət
etdi. Petrov tovariç rusca konuşdu. Əsli
çuvaşdır. Çuvaşların tarixi və
etnolojisindən bəhs etdi. Çuvaşların ölkəsi
ruslarla tatarlar arasında savaşlara səhnə olmuşdur.
Bu sırada aydınlar məhv olmuş, orta təbəqə
nəfh (sürgün) edilmiş, yalnız xalq təbəqəsi
qalmışdır. Aşmarin çuvaş
qrammatikasını yapmış. Biz dəvət ediləcəyimizi
ümid edirdik, təşəkkür edirik. Marrın
araşdırmalarına görə, çuvaşlar çox əski
bir qövmdür. Nümayəndələrin ricası üzərinə
nitqini çuvaşca bitirdi və alqışlandı.
Rudenko Leninqradda etnoqrafiya muzeyi müdiridir. Oyratlar haqqında konuşdu.
"Altay dağları türklüyün
qaynağıdır, - dedi. Tarix baxımından sayları az
olan qövm və qəbilələrin də əhəmiyyəti
vardır. Yakut Cümhuriyyətində yakutlara aid
çalışmalar olduqca irəliləmişdir. Fəqət
indiki halda bir muzey qurulması olduqca çətin bir işdir,
çünki çox material toplanmışdır".
Krımlı Çobanzadə türkcə konuşdu.
"Birinci qurultay dil və ədəbiyyat məsələləri"
üzərində toplanmış bir qurultaydır. Orxon kitabələrindən
Osmanlı şivəsinə qədər bir çox lacuneler
(boşluqlar) vardır. Bunlar meydana çıxmadıqca fərziyə
sahəsindən qurtula bilmərik. Mahmud Kaşqaridən
zamanımıza qədər keçən səkkiz yüz il
zərfində elmi baxımdan şivələrin siniflənməsi,
praktik baxımdan dilin istifadə vasitələrinin
hazırlanması (sözlük və b.) lazımdır. Dil və
ədəbiyyat araşdırmasında mərkəzlər
İstanbul, Bakı, Daşkənd, Kazan və başqa şəhərlərdir.
28 fevral 1926. Bazar
Poppe konuşdu. Altay dillərinin müqayisəli
elmindən bəhs etdi. Bu sahədə hənuz kəsin
hökmlər vermək zamanının gəlməmiş
olduğunu və daha çox həll ediləcək nöqtələrin
bulunduğunu işarət edərək sözlərini bitirdi.
Genko türk dillərilə moğolca və başqa qonşu
dillər arasındakı fərqlər və münasibətlərdən
bəhs etdi. Çobanzadə Vilhelm Tomsenin Kopenhagendən
göndərdiyi təbrik teleqrafını oxudu. Zifeldt,
Şuraların İran təmsilçilərinin təbrikini
oxudu. Bu arada daha bir çox teleqraflar və Marrın
teleqrafı oxundu. Başqırd Qabitov nitqini başqırdca
verdi. Eston əslindən olan Zifeldt eston dilinin özəlliklərindən
bəhs etdi. Filoloji baxımından eston dili ilə türk
dilləri arasında qarşılaşdırma yapdı.
Çeşidli türk ləhcələrində man, min, men,
ben kəlmələri var, bu, estoncada da vardır, - dedi. 10 dəqiqə
tənəffüsdən sonra Şerba Samoyloviçin tezinə
dair konuşdu. Özbək Xalid Səid fasih türkcə
nitqini verdi. Ona görə, konuşma fərqlərinin
hüdudunu təyin etmək çətindir, ləhcələrin coğrafiya
baxımından bir-birinə
qarışmaları, türklərin
bir-birini anlamaları üçün ümumi bir ədəbi dil zəruridir. Abidov başqırd ləhcəsiylə konuşdu:
Başqırdcada iki şivə vardır ki, biri tatar başqırdcasıdır.
Özəl səsli hərfləri olan başqırd ədəbiyyatı
proleter ədəbiyyatı
olub yenidir.
Həsən Musayev uyğur kültüründən bəhs
etdi. Türkcəsi iyi anlaşılırdı.
İstanbulda Qalatasaray
lisəsində oxumuşdur.
Turfan, Pamir, Tyan-Şan ölkələrində
yaşayan türklərdən
bəhs etdi. "Sarı uyğurlar həp kaşqarlıyıq
deyirlərmiş. Əskidən
uyğuruq deməkdən
utanırkən indi uyğurluqla iftixar edirlər. Dilləri sadə qalmışdır".
Erməni
türkiyyatçılarından Acaryan türkcə konuşdu. Mövzusu türkcənin ermənicəyə,
ermənicənin türkcəyə
təsirləri məsələsi
idi. Türkcənin ermənicəyə təsiri
çox böyükdür.
69-dan 99-a qədər sayı
isimləri bəzi yerlərdə sırf türkcədir... Bir çox
yerlərdə ermənicə
hərflər ilə türkcə yazırlar.
Bir çox erməni şairləri türkcə
şeir yazmışlar.
Erməni əlifbası
ilə türkcə də yazılırmış.
Bir tarixçi bir çox türk şəhərləri gəzmiş
və bu təsirləri tədqiq etmişdir. Ermənilərdə
bulunan türkcə kəlmələrin toplanması
türkoloji baxımından
bir hizmət ola bilər...
Son sözü Çobanzadə
söylədi: Başqırd
qövmünün Mahmud Kaşqari
tərəfindən zikr edildiyindən
bəhs etdi. Müştərək ədəbi
dil məsələsi
də ayrıca bir dartışma mövzusu oldu.
Öglədən sonra Samoyloviç
rusca konuşdu. Divardakı xəritəni
göstərərək canlı
türk şivələri
haqqındakı tədqiqlərini
saydı. Yakutlar xəritədə qəhvəyi rəngdə
göstərilmişdir. 400 insandan ibarət Karakaslar, Salınqurlar, daha aşağıda Altay
tərəflərdə Radlovun
araşdırmalarını zikr etdi. Sonra Tobol tatarlarına
və qırğızlara
keçdi. İndi öz
aralarından da bilginlər
yetişməkdədir, - dedi.
Xarəzm özbəklərdən
şivə baxımından
bir az fərqlidir.
Uyğurlara gəlincə,
onların şivəsini
Atov Kamanol çox yaxşı tədqiq etmişdir. Bunların arasında türkmən şivələri
qrupuna girənlər vardır. "Fəqət
bunu indilik buraxaraq Ural dağlarına
keçirəm, - dedi.
Burada bir qism şivələr var
ki, Şərq türkcəsiylə
Qərb türkcəsi
arasında keçid təşkil edir. Başqırdlar haqqındakı
bəyanatı dolayısı
ilə ətraflı araşdırmaları zikr edilən
Messaroş alqışlandı.
Son zamanlarda Fin alimləri
Çuvaş dilini tədqiq etmişlər. Noqaylar əskidən geniş sahələrdə
yaşarlarkən indi dağınıq adacıqlar
halında qalmışlar.
Ləhcə baxımından
qazaxlara bənzəyirlər.
Buralarda bir də türkmən adacığı var. Kumıklar
adlandırılan bu etnik zümrə haqqında Çobanzadənin
araşdırmaları vardır,
- dedi. Nəticə:
madam ki, türk şivələri
və filolojisi ilə türklər özləri ilgilənirlər,
o halda hər yerdə araşdırmalar
üçün mərkəzlər
qurulmalıdır təmənnasında
bulundu. Malov rusca konuşdu. Türk runik yazılarından, Orxon yazılarındakı dilin
fonetikasından bəhs
etdi. Prof. Aşmarin
19-cu yüzil yarısından
sonra həqiqi elmi türkolojinin başladığını, dil
sahəsindəki ciddi
araşdırmaların yakut
dil qaydalarını tədqiqdən sonra gəlişdiyinə işarət
etdi. Özbək Qazi Yunusov özbəkcə söylədi. Samoyloviçin
bəzi mütaliələri
haqqında düşüncələrini
irəli sürdü.
Kazanlı Sədi asan anlaşılmayan bir tatarca ilə
konuşdu... Kazanlı
Nemət Hakim də tatarca nitqini verdi. Bir çox türk qövmlərini saydı, türk ləhcələrinin bir sinifləməsini yapdı.
Canıbəyov noqayca
söyləyir, kəndisi
də tam bir türk tipidir. Noqay türklərindən
bəhs etdi. Onların bir az şakaçı (humoriste) olduqlarına işarət etdi və buna dair misallar verdi. Oyrat Sabaşkin oyratların kiçik ədəbiyyatlarında və
dil qaydalarında iki cərəyan olduğunu söylədi.
"Bir qramer yapmalı
ki, ictimai həyata uyğun olsun", - dedi. Qazax Osman Umarov rusca konuşdu. Türk dillərinin təsnifinin fonetik əsası üzərinə
yapıldığını, fəqət bir də ayrıca ələ alınmamış
olan sintaksis (nəhv) məsələsi
üzərinə diqqəti
çəkdi. Qazaxıstanlı
Suleyev kəndi dilində konuşdu. Qazaxcanı bilənlər
tərəfindən alqışlandı.
Fəqət anlaşılmırdı.
Şerba filolojinin sinifləmə prinsiplərindən
bəhs etdi. Son sözü Samoyloviç aldı.
2 mart 1926
Salı
Çobanzadə rusca söyləyir.
Zeynallı türkcə
anladır. Zifeldtin panislamizm, pantürkizm haqqındakı mütaliəsini
tənqid edir. Kazanlı Bay Tursun rusca söyləyir. Yusuf Akçuraya bənzəyir
və terminoloji məsələsindən bəhs
edir. Maksudi tatarca söyləyir, lisanda xalqa doğru
hərəkatından bəhs
edir. Ağamalıoğlu
"Osmanlı" təbiri
yerinə "Anadolu türkü"
təbiri işlətməyi
təklif etdi. Şevqi Bektörə krımlı bir şairdir. Pək fasih türkcə ilə söyləyir.
Prof. Yakovlev Qafqaz dilləri
uzmanıdır. Özəl
olaraq Qüzey Qafqazı iyi bilir. Türkcə terminlər qurularkən nə kimi əsaslara
baş vurula bilər? Dürlü ləhcələrin səslərinə
şəkil vermək
üçün nə
kimi əsaslara riayət etməli? Bunları (etnik zümrələri) xəritədən
təqib edərək
göstərir. Qüzey
Qafqaz qövmlərində
çeşidli əlifba
tətbiqi təşəbbüslərinin
tarixini anladır. Şəhər xalqının
köy xalqına nisbəti Azərbaycanda ən yüksək dərəcədə (10%), Kazanda
4%-3%-dir. Rus əlifbasının bəzi özəl vəsflərindən dolayı
qəbula əlverişli
olmadığını anladır.
Hətta bundan dolayı bu əlifba bir çox slav qövmləri tərəfindən
qəbul edilməmişdir.
Ərəb əlifbasını
xristian olan millətlərə təklif
etmək mənasız
olardı. Bundan dolayı latın əlifbasının üstün
vəsfləri üzərində
durur.
Axşam
Pedaqoji İnstitutunda müsamirə verildi. Ərtoğrol Muhsinin anlatdığı tərzdə,
yəni səhnədə
iskələlərlə oynanan
bir əsər seyr etdik.
3 mart 1926
Çərşənbə
Öglədən sonra kazanlı Alparov tatarca söyləyir. Əlifba haqqında mühafizəkar
bir görüş savunmaqdadır. Əlifbanın
gözəlliyindən, ərəb
hərflərinin estetik
üstünlüyündən bəhs edir. Cami divarlarındakı son dərəcə
gözəl lövhələri
xatırladır. Vəlhasil,
ona görə hərf dəyişdirməyə
lüzum yoxdur. Ərəb hərfləri
dilin bünyəsinə
uyğundur. Tovariş
Qazaxıstanda islah edilmiş ərəb hərfləri sisteminin iflas etdiyini söyləyərək ona
etiraz etdi. O, sırf inqilab baxımından
radikaldır. Latın
hərfləri türk
dilinin bünyəsinə
əlverişlidir.
Ömər Əliyev qaraçaylıdır.
"Qüzey Qafqazda latın hərfləri ilə ögrətimin ərəb hərfləri
ilə ögrətimdən
daha başarılı
və qolay olduğunu söylədi.
"Minlərcə il öncə
icad edilmiş əski alətlər və makinalar bugün necə işə yaramırsa, minlərcə il öncə
icad edilmiş yazı alət və araçları olan ərəb əlifbası da bugün işə yaramamaqdadır",
- deyə sözünü
bitirdi.
Türkmən Berdiyev rusca konuşdu. Latın əlifbası ilə yazı soldan sağa, ərəb yazısı daima sağdan sola getməmiş, gah geri, gah
irəli, bəzən
aşağı doğru
yazılmışdır. Yəni
ərəb hərflərində
bir sabitlik yoxdur. Ayrıca texniki qüsurları vardır. Bütün terminolojinin dəyişdirilməsi
lüzumsuzdur. Xivəli
Rahimi xivə ləhcəsiylə
söylədi və ərəb əlifbasından
bəhs etdi. Özbəkistanda latın
əlifbasına meyil vardır. Halbuki ərəb əlifbasının
islahı ilə uğraşılarsa, bu iş illərcə, hətta yüzillərcə
sürəcək və
tam nəticə alınmayacaqdır.
Türk qövmləri
arasında ortaq əlifba latın əlifbası olmalıdır.
Alimcan
İbrahimov türkcə və
rusca konuşdu. Ona görə Kazanda latın hərflərinə
qarşı bir hərəkət yoxdur. Bizdə islah olunmuş hərflərlə
basın və yayın mövcud olduğu üçün
latın hərflərinin
qəbulu birinci məsələ halını
ala bilmir. Alimcan bu münasibətlə Kazandakı yayın fəaliyyətindən bəhs
etdi. "Biz buraya hərflər haqqında dartışma üçün
gəlmədik, hər
ikisinə də tərəfdarıq. Yerinə
görə hər ikisi də işlənə
bilər", - dedi.
Bir toplantıda Mustafa Quliyev nitq söylədi. Fuad Köprülü onu tamamladı. Ağamalıoğlu
Mustafa Kamal Paşanın səhhətinə
içdi. Sarabski musiqi ilə Mustafa Kamal Paşa şarkısını
söylədi. O sırada
mən də nitqimi verdim. Samoyloviç türkcə
nitq irad etdi. Messaroş konuşdu: "Özünün
yabançı olmadığını
söylədi, belə
söyləyənləri protesto
etdi. Macar milləti bu torpaqdan getmişdir", -
dedi. Günortadan sonra prof. Zirkov "Ərəb hərflərini
qəbul edən, hərf dəyişdirmədə
əcələ etməməmiz
lazım, bir qaç sənə bəkləmək və bu xüsusda çalışmaq doğrudur",
- şəklində mütaliədə
bulundu. "İki reallıqdan ən yaxşısını intihab
edin", - dedi.
5 mart 1926
Ümumi
ədəbi türk dili haqqında toplantı oldu. Samoyloviç ümumi ədəbi türkcə lehində uzun-uzun konuşdu. "Yalnız şivədə deyil xalqca söylənən dildə belə dürlü türk zümrələrinin bir-birinə
yaxınlaşdıqları görülür. Misal: Daşkənd sokaklarında
gəzərkən məktəb
görən yeni nəslin
şivəsində həmən
bir dəyişmə fərq edilir". Təhsilini Sarbonnda yapmış olan Feyzi Krımlı türkcə konuşdu. Ümumi ədəbi türk dilindən bəhs etdi və bunun türk
qövmlərini birləşdirəcəyi
nöqtəsində Samoyloviçi
təyid etdi. Krımlı Şevqi Bektörə bu mütaliədə bulundu:
Özəl şivələrlə
yazı yazmaqdan məqsədim bu ki, hər ləhcə varını-yoxunu material halında
meydana qoysun. Bundan sonra ortaya
böyük və ümumi bir dil çıxa bilsin. Bu surətlə Şevqi Bektörənin özəl ləhcələrlə
yayın yapma haqqındakı görüşü
regionalizmə deyil, əsasda türk ədəbi dilini birləşdirmək istəyənlərin
fikrinə qatılır,
yalnız metodda onlardan ayrılırdı.
Həbib Cəbiyevə
görə, ümumi türk dili məsələsi hər şeydən öncə terminoloji məsələsidir.
Çeşidli türk
qövmləri və camaatları terminoloji birliyini təmin edərlərsə ortaq ədəbi dil qurula bilər. Bugünkü halda bu, hənuz təmin edilmiş olmaqdan uzaqdır.
Rusca qonuşan Ömərova görə, ümumi ədəbi dil qonusunda birləşmək
mümkündür. Ancaq
bu həmlə yuxarı təbəqələrdən
deyil, aşağı
təbəqələrdən gəlirsə! Çünki
məhdud sayda olan aydınların eyni ədəbi dillə yazması məsələni həll
etməz. Xalq yenə kəndi ləhcələriylə bir-birindən
ayrı qalır. Özbəkcə qonuşan
Qazi Alim Can bu mütaliədə
bulundu: "Azəri türk şairi Sabiri Türküstanın
hər yerində oxuyurlar, anlayırlar, dad alır və gülərlər. Demək
ki, xalqa yaxınlaşdıqca
anlaşma imkanı artır. Nəvaini nədən anlayırıq?
Çünki xalq dilinə yaxın yazmışdır. Bu halda
ümumi ədəbi dildə həmlənin aşağıdan gəlməsi
ehtimalı qüvvətlidir.
Dilin özü birləşməyi və
yaxınlaşmağı təmin
edir. Buna heç bir şey, heç
bir kimsə mane ola bilməz. Bunun üçün
ümumi bir mərkəz lazımdır.
Xalq dilindən nə qədər kəlmə gəlir və ədəbi dil onlarla nə
qədər zənginləşirsə
türklər arasında
ortaq dil o qədər daha asan qurulmuş olur.
Çobanzadəyə görə, iki cərəyan vardır: "Biri Samoyloviçin
ifadə etdiyi obyektiv cərəyan, ötəki əskidən
Qəyyum Nasiri tərəfindən savunulmuş
olan subyektiv cərəyandır. Elm yolu
və sağlam yol, obyektiv yolu
tutmağı gərəkdirir.
Nəvaidən sonra ən çox oxunan İsmayıl Qaspıralı xalqa nüfuz etdiyi, xalq kəlmələrini ortaq ədəbi dilə qaynaşdırdığı üçün
populyarlığını təmin etmişdir. Ondan sonra Qabidov
tatarların Başqırd
istiqlalına qarşı
özümsəyici (assimilateur)
hərəkətlərindən şikayət edən bir tövr aldı.
Nemət Hakim ona cavab verdi. Osmanlıca
(yəni İstanbul türkcəsiylə)
yazılmış kitabdan
bir qaç sətir oxudu. Bu ikisini qarşılaşdırdı.
İkincinin yalnız birincini bilənlər tərəfindən anlaşılamayacağını
göstərdi. Fuad Köprülü
bu sırada ikinci təbliğini oxudu. Burada islamdan
öncəki İranın
türklər üzərində
təsirindən bəhs
etdi. Oğuz türkləriylə peçeneqlər
arasındakı qövmi
yaxınlığa aid dəlillər
göstərdi. Anadolu xalqının,
türk yerləşməsindən
sonra və tarix boyunca ethnique
təbəqələr halında
təşəkkül etdiyini
anlatdı.
Bu münasibətlə başqa
bir məsələyə
təmas etdi: "Xalq ədəbiyyatı müqayisəli bir surətdə tədqiq ediləcək olursa dürlü türk qövmləri arasındakı
yaxınlıq meydana çıxar. Dilin ərəbcə və farscadan qurtularaq türkçülüyə doğru
getməsi geriləmə
deyil, kəndi ruhunu, mənliyini bulmuş bir lisanın irəliyə hərəkətidir. Mədəni
bir addım və gəlişmədir.
Ədəbi dilin ümumiləşməsi amilləri
siyasi degildir. Bunun dərin kültürəl
- tarixi səbəbləri
vardır. Yabançı
kəlmələr xalqın
vicdanında yer etmişsə qalacaqdır.
Bütün insanlar
elm sayəsində dağılmağa
doğru deyil, birliyə doğru gedirlər. Kiçik millətlərin, bir-iki milyonluq qəbilə zümrələrinin yüksək
mədəniyyət yaratması
ehtimalı yoxdur",
- dedi və çox alqışlandı.
6 mart
1926. Cümə ertəsi
Öncə Akademiyadan Oldenburq
konuşdu. Sonra təkrar
Fuad Köprülü söz
aldı. Qonuşması
radio ilə... xalqa eşitdirilirdi. Bu münasibətlə
"Ərəb mədəniyyəti
yox, İslam mədəniyyəti,
müsəlman millətlərin
ortaq çalışmalarıyla
meydana gəlmiş bir mədəniyyət vardır", - dedi. Alman professoru Menzel (rusca və türkcə olaraq) Anadolu və Balkan türklərinin ədəbiyyatı
üzərinə konuşdu.
Abdurrahman Sadi oğuzların
təsirində qalmış
olan qıpçaq ədəbiyyatından bəhs
etdi. Bu münasibətlə
uyğur ədəbiyyatının
"Qutadqu Bilig"ə,
Mahmud Kaşqariyə... Xoca
Əhməd Yəsəvinin
gənclik dövründə
türk ədəbiyyatına
təmas etdi (Bu münasibətlə sosializm,
romantizm konularına toxundu). Özbək ədəbiyyatından (Əbülqazi
Bahadur Xan), sonra Krımda
İsmayıl Qaspıralıdan,
nəhayət, Azərbaycan,
tatar ədəbiyyatlarından
keçərək türk
qövmləri ədəbi
tarixinə bir baxış yapdı.
Öglədən sonra mənim təbliğim vardı.
Sonra bir sibiryalı tərəfindən oxunan qısa bir təbliği
dinlədik.
Hatay türkləri tərəfindən
qurultaya göndərildiklərini
və ancaq bu gün yetişə
bildiklərini üzr diləyərək söylədi.
Özbək Rəhminin qonuşmasından
sonra buxaralılar, özbəklər başqana
hədiyyələr təqdim
etdilər.
Qapanış nitqini Ağamalıoğlu
rusca oxudu. Burada bunlardan bəhs etdi: "Tarixdə bundan öncə heç bir təcrübə olmadığı halda,
ilk dəfə qurultayı
dəvət edə bilmək çətin bir məsələ idi. Şərqdə iki mühüm inqilab oldu. Birincisi: Anadolu türkləri xəlifəliyi
qaldırdılar. İkinci
inqilabı Azərbaycan
yapdı: Yeni əlifbanı
aldı. Qurultay icad edilməmiş, bir qafadan çıxmamış,
fəqət onu həyatın özü doğurmuşdur". Ağamalıoğlu
eyni nitqi bir də türkcə
kəndi ləhcəsiylə
təkrar etdi...
8, 9, 10,
11 martda özəl gəzintilər yapıldı,
okullar gəzildi.
11 martda klubda Fuad Köprülünün, mənim
və Mustafa Quliyevin nitqləri vardı.
12 mart
1926 cümə günü
Bakıya dönüldü.
25 mart
1926 Pərşəmbə günü
Odessa limanına saat
4.40-da hərəkət edərək
İstanbula döndük.
Əli bəy Hüseynzadə
Təqdim etdi:
Azər Turan
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, ¹35.- S.16-18.