Sevgi, Unutqanlıq və
Zaman
Payız
düşüncəsi: Hər zaman içimdə qəribə
bir xatırlama və eyni zamanda unudulma hissi oyadan bir
düşüncə var. Yenə düşündüm: sevgi,
unutqanlıq və zaman. Bu üçlük niyə mənim
beynimdə bu qədər dolaşır?
Sevgi...
İnsan üçün ən böyük qüvvə. O, hər
şeyin başlanğıcıdır. Bir insanı, bir
varlığı, hətta bir ağacı sevməsən,
yaşam da darıxdırıcı olar. Həyat sevgisiz dəyərini
itirər. Amma sevgi ilə yanaşı insanın ən
böyük yükü də başlayır. Çünki
sevəndə itirmək qorxusu, ayrılıq ağrısı
gəlir.
Unutqanlıq...
Əvvəl mən onu xəyanət bilirdim. Niyə insan
sevdiyini, ya da ən dərin bir hissi unudur? Amma indi anlayıram
ki, unudulan nə sevgi, nə sevdiyindir. Unudulmaqdan daha çox,
təsiri azalan, yaddan çıxan ayrılığın,
itkinin ağrısı, həsrətidir. Bu azalma, unudulma
olmasa, adam nə nəfəs ala bilər, nə də yoluna
davam edə bilər. Unutmaq, bu sevməyi silmək deyil, sadəcə
sevməyin yanğınına dözə bilməkdir.
Və
zaman... Zaman bütün bunların hakimi kimi dayanır. Sevgini
də sınayır, unutqanlığı da cilalayır. Zaman
hər şeyi öz axarına salır, ağrını
yumşaldır, həsrəti soyudur, bəzən də
yaddaşı bulanıqlaşdırır.
Düşünərkən
anlayırsan ki, həyatın özü də bu
üçlüyün içində gizlənib. Sevgi
insanı yaşadır, unutqanlıq insanı xilas edir və
zaman isə hər ikisinə hökm edir.
22.09.2025
Samir
ƏSƏDLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 26 sentyabr, №35.- S.22.