Neujeli
Bəxtiyar Vahabzadənin anım gününə
Oxumaqdan
payımız yox,
yazıdan
qismətimiz.
Allah sənə
rəhmət eləsin, Sabir
Bu, bir
növ avtobioqrafik yazıdır.
Tam
avtobioqrafik yazı olmasa da, atamla bağlı, onun verdiyi tərbiyə,
onun keçdiyi dərslər, öyüd-nəsihətləriylə
bağlıdır.
***
Yerevan.
1969-1970-ci illər idi. Dəqiq yadımda deyil, deyəsən,
Ermənistanda Sovet hakimiyyətinin qurulmasının 50 illiyi
qeyd olunurdu. Yaz ayları idi. Həmin o tədbirə Azərbaycandan
İmran Qasımov, Osman Sarıvəlli, Nəbi Xəzri, Bəxtiyar
Vahabzadə, Tofiq Bayram və daha kimlərsə dəvət
olunmuşdu. Atam məni də özü ilə aparmışdı.
Yenə də deyirəm, dəqiq yadımda deyil. Orta məktəbin,
ya 7-ci, ya da 8-ci sinfində oxuyurdum. Səhv etmirəmsə,
"Armeniya" mehmanxanasında qalırdıq. O zamanlar
"otel" sözü işlənilmirdi.
Ertəsi
günü mehmanxananın foyesində atamı saçları
vız-vız və olduqca eybəcər bir qadınla ayaq
üstə durub söhbət etdiyini gördüm. Mən də
onlara yaxınlaşdım. Atam mənə:
- Ay
oğul, tanış ol. Silviya Kaputikyan. Yəqin ki, eşitmisən?
- Əlbəttə.
- Hə,
bu həmən o qadındır.
Qadın
gülümsəyərək mənimlə əllə
görüşdü və nəsə rus dilində dedi.
Atam dedi
ki, oğlum Azərbaycan məktəbində oxuyur, Azərbaycan
dilində təhsil alır.
Qadın
təəccüblə bir də mənə baxdı. Sifətində
bayaqkı gülümsəmədən heç bir əsər-əlamət
qalmadı. Bayaqkı eybəcər sifəti bir az da eybəcərləşdi.
Və bir kəlmə:
- Neujeli.
Sonra bir nəfər
kişi də gülə-gülə bizə
yaxınlaşdı. Atam məni onunla da tanış etdi. -
Oğul, bu, həmişə telefonla
danışdığım, hələ indiyə kimi
üzünü görmədiyim Ermənistanın
böyük şairi Paryur Sevakdır.
(Mən hər
ikisinin adını eşitmişdim. Bizim sinif rəhbərimiz,
həm də rus dili müəllimimiz milliyyətcə erməni
idi - Yelena Stepanyan. Dərs vaxtı yerli-yersiz Paryur Sevakdan, Sero
Xanzanyandan misallar çəkərdi. Mən də yerimdən
durub deyərdim ki, bura Azərbaycan məktəbidir. Siz
yaxşı olardı ki, Əhməd Cavaddan, Almaz
İldırımdan misallar cəkəsiniz. Bunların
adını isə, təəssüf ki, məktəbdə məndən
başqa heç kim bilmirdi; nə məktəb müəllimləri,
nə də şagirdlər. Bəs, bu erməni
qadınında bu cəsarət hardan idi ki, Azərbaycan məktəbində
erməni şair və yazıçılarını təbliğ
etsin? O kimə arxayın idi? Həə... Çünki,
Bakı şəhər Təhsil İdarəsinin müdiri
Balayan adlı bir nəfər erməni idi. Və bununla bizim
Dövlət Təhlükəsizliyi Komitəsindən
heç kim maraqlanmazdı. Bu hələ 60-cı illər
idi).
Atamın
mənimlə Azərbaycan dilində
danışığını eşidəndə, Silviya
Kaputikyan üzünü həminki kişiyə tutub erməni
dilində nəsə dedi. O da təəccüblə mənə
baxdı. Sonra atama dedi:
- Ara,
Baxtiyarcan, neujeli?
Atam da
başını tərpətməklə təsdiqlədi: - Bəli,
mənim övladlarım Azərbaycan dilində təhsil
alırlar və burada təəccüblü heç nə
yoxdur. Paryur Sevak da söz altında qalmadı.
- Yoox... təəccüblü
çox şey var, - dedi.
İndi
bütün bu hadisələr çox dumanlı şəkildə
gözlərimin önündən gəlib-keçir. Bir də
yadıma gələni odur ki, hündürboy, yaraşıqlı,
cavan bir kişi də bizə yaxınlaşdı. O iki nəfərlə
salamlaşıb dərhal üzünü atama tutdu.
- Ay Bəxtiyar
müəllim, xoş gəlmisiniz, - dedi.
Silviya
Kaputikyanla Paryur Sevak həmin cavan oğlanla atamın Azərbaycan
dilində danışığını eşidən kimi, -
yaxşı, sonra görüşərik, - deyərək, bizdən
uzaqlaşdılar.
Atam məni
o cavan kişi ilə də tanış etdi.
Axşam
atamdan soruşdum ki, - ay ata, onlar axı niyə belə təəccübləndilər?
Axı, Azərbaycan dilində təhsil almaqda təəccüblü
nə var ki? Axı, onlar niyə Azərbaycan dilində təhsil
almağımı eşidəndə "neujeli"dedilər?
-
Oğul, o bizə yaxınlaşan cavan kişi bilirsən,
kimdir? O burada - Yerevanda yaşayır. Hidayət Orucovdur.
- Həə...
indi bildim. Sən onun haqqında çox danışmısan.
-
Oğul, Hidayət olduqca milli, qeyrətli bir oğuldur. O bizə
yaxınlaşıb görüşəndə onlara görə
rus dilində də danışa bilərdi. Amma, o qəsdən
Azərbaycan dilində danışdı. Bu bir jest idi. Bu erməni
canavarlarının içində ancaq Hidayət kimi
oğullar baş çıxara bilər. Oğul, burada
hamının övladı, ziyalının da, fəhlənin
də, mühəndisin də, həkimin də, bir sözlə,
hamının övladı erməni dilində təhsil
alır. Sənin fikrin özünə getməsin.. Hətta,
bunların birinci katibinin övladı da (o zaman səhv etmirəmsə,
Ermənistanın birinci katibi Koçinyan idi) erməni dilində
təhsil alır. Bizdə isə, bunun tam əksi
olduğundan, mənim övladımın Azərbaycan dilində
oxumağına bunlar təəccüb etdilər,
"neujeli" dedilər (Elə bu gün də, bizdə
heç nə dəyişməyib. Elə indinin özündə
də, övladını rus dilində oxutdurub, əslində,
özləri aşağı təbəqə olub, özlərini
isə yuxarı təbəqə sayanlar da
"neujeli"deyir).
(Öz
dilində təhsil almayanların, öz dilini bilməyənlərin
bir adı var: Cəmiyyətin tör-töküntüsü.
K.Uşinskiy).
Bunlara qəribə
gəldi. Bizdə valideynlər övladlarının rus dilində
təhsil almağını özlərinə iftixar mənbəyi
sayırlar.
Həə...
İndi bu hadisənin üstündən 60 ilə yaxın bir
vaxtın keçməsinə baxmayaraq, o iki erməninin o
dedikləri "neujeli" kəlməsi indiyə kimi
qulağımdan çəkilməyib. Elə bil ki, indi də
eşidirəm. Bu sözlər möhür kimi beynimə həkk
olunub: "Neujeli"...
Atam mənim
dərslərimlə, necə oxumağımla maraqlanmazdı.
Yoox... Qətiyyən maraqlanmazdı, demək də
düzgün çıxmır. Hərdən görürsən
ki... Sinif rəhbərimiz evimizə zəng edib - Oğlunuz yenə
də dərsdən qaçıb, oğlunuz yenə də
"2" alıb, oğlunuz yenə də müəllimlə
mübahisə edib, ona cavab qaytarıb, - deyəndə atam
ağızını açıb gözünü
yumardı. Bir-iki dəqiqə üstümə
qışqırıb:
- Yenə
də nə oyun çıxartmısan... Bəsdir də...
Adam ol da... Oxu da... deyərdi. Gətir gündəliyini.
Mübahisənin, "2"almağımın səbəbini
biləndə, bir az sakitləşib, sonra üzümə
baxıb gülümsəyər, daha sonra isə gülərdi.
Çünki
səbəb məlum idi. Lakin, əvvəlcə üstümə
qışqırmağının, məni danlamasının
arxasında isə, gizli bir qürur hissi keçirdiyini də
duyardum, hiss edərdim.
Atam mənimlə
xüsusi məşğul olardu. Yuxarıda dediyim kimi, gündəlik
dərslərimlə yox, indi nə bilim, ölən millətlərdən,
unudulan dillərdən, bütöv-bütöv türkdilli
millətlərin əridilməsindən danışardı,
yox olmasından danışardı. Atamın mənə
keçdiyi dərslərlə, məktəbdə müəllimlərin
mənə dediyi dərslər, dərslik kitablarında
yazılanlar, bir-birinə qətiyyən uyğun gəlmirdi.
Ondan da başqa, evimizə gedib-gələn atamın
dostlarından eşitdiklərimlə də, məktəb
müəllimlərinin dedikləri arasında zəmin-asiman fərq
görürdüm. Bunlar bir-birinə qətiyyən uyğun gəlmirdi.
- Bu ikini
niyə almısan? Sonra da müəllimlə mübahisə
edib ona cavab qaytarmısan. Sinif yoldaşınla da
dalaşmısan. Niyə?
- Ay ata,
müəllim deyirdi ki, Şaumyan Azərbaycan xalqının fəxridir.
Böyük rus xalqı Azərbaycanın böyük
qardaşıdır. Erməni xalqı isə Azərbaycanın
əsl qardaşıdı. Böyük rus xalqı Azərbaycanı
həmişə yadellilərdən qoruyub.
Mən də
dedim ki, Şaumyan Azərbaycan xalqının ən qəddar
düşmənidir. Rus xalqı Azərbaycan xalqının əbədi
və əzəli düşmənidir. Çünki, məni
əsrlərdir ki, işğal altında saxlayır. Mən
rusun əsarətindəyəm. Erməni xalqı isə rus
xalqının zəncirli küçüyüdür. Rus istədiyi
vaxt mənim əl-ayağımı bağlayıb məni bu
küçüyə döydürür. Düz 1724-cü ildən
ta bu günə kimi (O zaman 1967-ci il idi).
-
Yaxşı, yaxşı, bəs sinif yoldaşlarından kim sənin
tərəfində oldu? Kim sənə tərəf
çıxdı? Heç səni müdafiə edən oldu?
- Yox, ay
ata, heç kim. Hətta, müəllimə xoş olsun deyə,
mənimlə mübahisə də, etdilər.
- Hə...
ay oğul, yadında qalsın, kiməsə xoş getsin deyə,
tək qalan adamı təkləyənlər daha təhlükəli
olurlar. Belələrindən özünü qoru. Onların
qabağından qaçma. Qoy elə bilməsinlər ki, sən
onların qabaqlarından qaçırsan (Heç kimin
qabağından qaçmamaq atamdan aldığım ən
böyük dərslərdən biri idi).
Sonra atam
güldü. - Demək, sən də dədən kimi həmişə
təklənirsən.
- Həə,
ay ata, təklənirəm. O gün də tarix müəllimimiz
bizə rusların İzmayıl qalasına olan hücumundan,
rus-osmanlı müharibəsindən dərs keçirdi. Və
utanmaz-utanmaz, iftixarla deyirdi ki, "ruslar qəhrəmancasına
İzmayıl qalasına hücum edirdilər, türklər isə
xaincəsinə qaçıb müdafiə olunurdular".
(Həmin
o illərin tarix dərslərindən ta bu son illərin, yəni
müstəqillik illərimizin tarix kitablarına qədər
bu cümlələr işlədilirdi. İndi bilmirəm, dəyişdirilib,
ya yox. İnanmıram ki, dəyişdirilə. Çünki dərsliklərimizə
salınan bu cümlələr çox böyük məhəbbətlə,
çox böyük şövqlə salınıb.
İnanmıram ki, bu sözlər dərslik kitablarından
götürülə. Çünki bəzi müəllimlərimiz,
nəinki müəllimlərimiz, hətta bir çox vəzifəli
"məxluqlarımız" hələ indiyə kimi rus
imperiyasının qayıdacağı günə ümid bəsləyir
və səbirsizliklə həmin o günü gözləyirlər.
"Bəlkə də, qaytardılar" məsələsi.
Əgər bu cümlələr götürülübsə,
lap yaxşı. Əgər götürülübsə, yəqin
ki, bu, son illərə təsadüf edər. Yox, əgər
götürülməyibsə:
"Dünyada
əsarətlə bütün kam alırız biz" (Sabir).
Çünki
son vaxtlara qədər tarix kitablarımız Moskvanın
göstərişi ilə hazırlanırdı. Bəlkə
də, elə indi də hazırlanır, deyə bilmərəm.
Çünki nə tarix kitablarımızda, nə də ədəbiyyat
dərsliklərimizdə Rusiyanın bizi işğal etməsi
sözü yazılmır. Azərbaycanın Rusiyaya ilhaq
olunması sözləri yazılır. Ruslar tərəfindən
işğal olunması yazılmır. Rusiyanın ömrü
boyu işğalçı bir millət olması
yazılmır.
Müəlliməyə
də etiraz edəndə sənə "2" yazır. Mən
də "2" alanda sən üstümə
qışqırırsan. Atam əsəbi halda bir siqaret
yandırdı.
-
Yaxşı, yaxşı, sonra nə oldu?
-
Sonrası heç nə. Sonrasını sən bilirsən.
Apardılar məni direktorun yanına. Direktor üstümə
qışqıran kimi, mən də dilimi dinc qoymadım. Dedim
ki:
- Siz Azərbaycan
məktəbində direktorsunuz. Özünüz də bizə
Azərbaycan dilində dərs deyirsiniz. Övladlarınız
isə, rus məktəbində təhsil alır. Əgər,
biz hamımız gedib rus məktəbində təhsil
alsaydıq, siz kimlərə dərs deyib pul qazanardınız
və rus məktəbində təhsil alan
övladlarınızı saxlayardız? Atam təəccüblə:
- Nəə...
ə...ə... Bu sözlər sənin sözlərin deyil,
bunu sənə kim deyib, kim öyrədib?
Başımı
aşağı salıb yavaş səslə:
- Məmmədcəfər
müəllim (Akademik Məmmədcəfər Cəfərov).
O gün
sən mənə bir yazı verib onlara göndərmişdin.
O da mənimlə oturub bir xeyli dərslərimlə
maraqlandı. Onda mən də ona bəzi şeyləri
danışanda bunları dedi. Yox, o bizim məktəbin
direktorunu tanımırdı, əlbəttə, yox. Məmmədcəfər
müəllim hara, məktəb direktoru hara?
Atam əlini
əlinə vuraraq şaqqanaq çəkib güldü.
Telefonu götürüb Məmmədcəfər müəllimə
zəng etdi. Əhvalatı ona danışdı. O, da bir xeyli
güldü. Sonra bir qədər kədərlə dedi ki: - Ay
Bəxtiyar, mənim övladım yoxdur (həqiqətən, Məmmədcəfər
müəllimin övladı yox idi). Bəs, mən də bəzi
bildiklərimi kiməsə deməliyəm, kiməsə izah
etməliyəm, ya yox? Bir qədər söhbətdən sonra
xudahafizləşdilər.
Dedim, - ay
ata, o vaxtdan sonra Məmmədcəfər müəllimin bu
sözləri də mənim beynimə həkk olundu (Elə bu
günə kimi də mənə rahatlıq vermir).
Məsələyə
coğrafiya müəllimi də qarışdı.
- Siz, bir
buna fikir verin, o gün mən dərsdə xəritəni
göstərib deyirəm ki, "vətənimiz SSR-i", bu
isə yerindən durub deyir ki, SSSR-i hardan mənim vətənim
oldu? Mənim vətənim Azərbaycandır. SSSR-i isə
Rusiyanın imperiyasıdır. Mən də asta-asta onu
başa salıb deyirəm ki, biz 15 respublika birləşib
bütöv bir xalq olumuşuq. Yəni, sovet xalqı. Bu isə
mənə deyir ki, məni o 15 mənasız xalqlar birliyindən
çox, millət maraqlandırır. Eston, gürcü,
latış, sərxoş Rusiya hardan mənim qardaşım
oldu? Atam sakit-sakit soruşdu:
- Bunu sənə
kim deyib? - Sərxoş Rusiya sözünü.
- Kim deyəcək?
Sən və Əziz müəllim (akademik Əziz Mirəhmədov).
Orada
başqa bir müəllimə də var idi. Tarix müəllimi
idi. Nifrətlə məni süzüb dedi ki - elə xalis dədəsinin
tayıdır. Bu tarix müəlliminin övladları da rus
bölməsində təhsil alırdılar, evlərində
rus dilində danışırdılar.
(Saldıqca
nəzər millətə heyrət edəcəksən. Sabir).
Diqqətlə
mənə baxıb dedi ki:
- Vaxt gələcək,
səni Sovetlər Birliyində nifrətlə
xatırlayacaqlar. Sən sovet quruluşunun xalis düşmənisən.
Və Sovetlər Birliyində ən arzuolunmaz adam olacaqsan. Mən
də gülüb dedim ki: - Mənə verdiyiniz "Sovet
quruluşunun düşməni" sözünə görə
çox sağ olun. Vaxt gələcək, mən bu sözlərlə
fəxr edəcəyəm, elə indinin özündə də
fəxr edirəm. Siz isə, Azərbaycan xalqının
düşmənisiz.
Həə...
İndi müəllimlərimizin vaxtı ilə iftixarla dedikləri
o Sovetlər Birliyi yox oldu, məhv oldu, yoxdur artıq. Amma, əvəzində
daha təhlükəli, indi isə dağılmaqda olan Rusiya
var ki, o da, inşaallah, dağılacaq, yer üzündən
silinəcək. Amma mənim üçün çox
maraqlıdır, o, ruspərəst tarix müəllimimiz
bütün bunları hardan bilirdi? Hardan bilirdi ki, mən gələcəkdə
Rusiya üçün (Sovetlər Birliyi) ən arzuolunmaz bir
adam olacağam və mənim adım nifrətlə çəkiləcək?
Deyəsən, Azərbaycandan Rusiya üçün arzuolunmaz
şəxs tək elə bircə mənəm (Mən bununla fəxr
edirəm).
Məsələ
böyüdü. Mənim məktəbdən qovulmaq məsələm
qaldırılmışdı. O zaman, bayaq yuxarıda dediyim
kimi, Bakı Təhsil İdarəsinin müdiri Balayan
familiyalı bir nəfər erməni idi. O özü şəxsən
təkid edirdi ki, mən məktəbdən qovulum. Hmmm...
Sözsüz ki, mən qovulmadım.
Amma...
Ədəbiyyat
müəllimimiz isə, tanınmış alim Məmmədhüseyn
Təhmasibin həyat yoldaşı, milliyyətcə türk
olan, əslən İstanbuldan olan Bilqeyis xanım idi. Hansı
rüzgar onu Azərbaycana gətirmişdirsə, mən bunu
bilmirəm. Bircə o yadıma gəlir ki, bizə dərs
dediyi vaxtlar hərdən özündən asılı
olmayaraq türk kəlmələri də işlədirdi.
Deyirdi ki, - Məktəbdən qovmaq olmaz, o hələ
uşaqdır, düzələr, bir də belə şeyləri
deməz.
Ümumiyyətlə,
mən məktəbimizdə ən islaholunmaz bir şagird idim.
Amma, o illərin şagirdlərindən də, yeganə elmlər
doktoru, professor da mən oldum. Çox cavan yaşlarımdan səfir
rütbəsi aldım. Çox cavan yaşlarımdan müxtəlif
yüksək vəzifələrə təyin olundum. Mən
bütün bunları canımla, qanımla əldə
etmişdim. Çünki müharibədən yayınanlardan
fərqli olaraq mən müharibə
iştirakçısı idim (Əfqanıstan müharibəsi).
Atamdan və onun dostlarından nəinki elm və savad əxz etmişdim,
mübarizliyi, döyüşməyi, döyməyi və
döyülməyi də öyrənmişdim. Hər halda ata
gücünə qalxandan deyildim. Familiyamı da dəyişmişdim.
Sənədlərimdə şəkili gedirdim.
Amma...
Və
bütün bunlar hardan başlanmışdı.
50-ci illərin
axırları idi. Həmin o dövrün ən üzdə
olan, 30-34 yaşlarında artıq tanınmağa başlayan,
məşhurlaşan, sevilən yazıçı və
şairlərinə, Bakının ən mərkəzi
küçələrinin birində, Hüsü Hacıyev
küçəsində, həmişə dediyim kimi, o müqəddəs,
sehrli binada ev vermişdilər: "Hüsü
Hacıyev-19".
O
dövrün yazıçıları, şairləri, cavan
olmaqlarına baxmayaraq, beş-altı ildi ki, (bəlkə də
daha da əvvəl) artıq xalq tərəfindən sevilir,
oxunulurdu, kitabları az da olsa, əl-əl gəzərdi.
Hamısı da cavan, bütün ömürləri də, təltifləri
də, tənqidləri, tərifləri də hələ irəlidə
idi, onları gözləyirdi. Bu, bir start idi. Hamı startda
eyni idi. İndiki bəzi yazı yazanlar (yazıçı
demirəm, çünki yazıçı deyillər, özlərini
yazıçı sayanlar, oxunulmayanlar, sevilməyənlər,
tanına bilməyənlər, özlərini göstərə
bilməyənlər, ev almaq xatirinə yazıçı
olmaq istəyənlər, hətta rus dilində olsa belə,
deməliyəm ki, "bezdarnılar" (çünki Azərbaycan
dilində bu sözün tərcüməsi olduqca zəif
çıxır) bir-iki hekayə yazıb, "mən tarixdə
qalacağam" deyən, yaşları 50-ni ötən, hələ
də özlərini cavan yazıçı adlandıranlar
kimi, şair ilə yazıçı sözünün fərqini
bilməyənlər, öz uğursuzluqlarını onun-bunun
boynuna qoymurdular, Belə yazı yazanlar təəssüf ki, hələ
də hal-hazırda çoxdur. Və heç olmasa,
az-çox tanınsınlar deyə və öz murdar
adlarını eşitdirmək üçün onu-bunu tənqid
etməklə nəyisə deməyə
çalışırlar. Nəyə ümid bəsləyirlər,
bilmirəm. Belə bir yazanlar diri ikən yaddan
çıxırlar).
Bəli...
Gənc istedadlı yazıçı nəsli yetişirdi. Biz
də onların övladları idik. Həyətimizdə 100-ə
yaxın uşaq var idi. Hamımız da təqribən, eyni
yaşda idik. Çünki valideynlərimiz cavan idilər.
Bir-iki ildən sonra hamımız məktəbə getməyə
başladıq. Şübhəsiz ki, Azərbaycan bölməsinə
(bir-iki nəfəri çıxmaq şərti ilə). O
dövrün ən məşhur məktəbləri
sayılan, ya 190, ya da 132 saylı məktəbdə təhsil
alırdıq. Bunlardan biri ərəb, digəri isə fars təmayüllü
məktəb idi. Valideynlərimizin dediklərinə görə,
bizim hər birimizin ərəb və fars dilləri haqqında
təsəvvürmüz olmalı idi. Hətta, musiqi məktəbinə
də gedirdik. Biz sinifdən-sinfə keçdikcə, görürdük
ki, evdə valideynlərimizin bizə verdiyi dərslərlə
(ev təhsili və ev tərbiyəsi) məktəbdə
müəllimlərimizin bizə keçdiyi dərslər
arasında fərq vardır. Daha doğrusu, heç buna fərq
də demək də olmazdı. Böyük bir uçurum,
ziddiyyət var idi. Fərqi görüb və hiss edirdik. Nəyin
düz, nəyin səhv olduğunu isə əvvəl-əvvəl
bilməzdik.
Məsələn,
müəllimimiz deyirdi ki, böyük rus xalqı. Biz isə
deyirdik ki, böyük turan birliyi, türkdilli xalqların
dostluğu. Müəllimimiz deyirdi ki, Lenin, Şaumyan. Biz isə
deyirdik, Rəsulzadə. Hətta, onu da deyirdik ki, inqilab belə
fərli zibil idisə, Şaumyan gedib onu öz xarabasında edərdi.
- Kəs
səsini, sənə "2"yazıram.
Atam:
-
Yaxşı, bunu bildik. Bu başqa dərslərdir. Tarixdir, ədəbiyyatdır.
Bəs anatomiyadan niyə "2"almısan?
-
Çünki müəllim deyirdi ki, Darvinin təkamül nəzəriyyəsinə
görə, insan meymundan əmələ gəlib. Mən də
deyirdim ki, Darvinin təkamül nəzəriyyəsi-filan,
hamısı boş-boş şeylərdir. Nə oldu, daha
meymunlar heç nəyə əmək sərf etmirlər? Bəs
indi niyə yerdə qalan meymunlar insana çevrilmir?
Bütün meymunlar daha tənbəlləşiblər?
İnsan Yerdən kənar sivilizasiyanın məhsuludur.
Atam təəccüblə:
- Ay bala,
bunu sənə kim deyib? Bu da sənin öz sözün deyil.
Sakit səslə:
- Xudu əmi
(Xudu Məmmədov).
-
Yaxşı, daha keçib, fikir eləmə. "2"
almısan, almısan da. Çalış, gələcəkdə
həyat dərslərində "2" almayasan.
Sonra həyətə
düşüb həyət uşaqları ilə
oynayardıq.
Aha... Bu
isə əsas məsələ idi. Məktəbdə sinif
yoldaşlarımdan fərqli olaraq, həyət
yoldaşlarımla həmfikir idik. Hamımız eyni cür
fikirləşirdik. Sözümüz uyğun gəlirdi,
mübahisəmiz olmurdu, çünki eyni dərsləri, eyni
tərbiyəni evdə valideynlərimizdən alırdıq.
Çünki valideynlərimiz hamısı ziyalı idi. Vətən
deyirdilər, millət deyirdilər, dil deyirdilər. Biz də
onların övladları idik. Məktəbdə isə tam
başqa şeylər eşidirdik. Müəllimlərimizdən
bildiklərimizin əksini eşidirdik. Biz Rəsulzadəni,
Düdənginskini təbliğ edirdik. Məktəbdə isə
nə Rəsulzadəni, nə də Düdənginskini
tanımırdılar. Elə ona görə də, biz
hamımız orta məktəbdə zəif oxuyurduq.
Çünki bizim bildiklərimiz, dediklərimiz, onların
bildikləri və dediklərinə uyğun gəlmirdi, qətiyyən
uyğun gəlmirdi.
Biz həyət
uşaqları, 28 Aprel gününü özümüz
üçün matəm günü hesab edirdik və həmin
gün hamımız bir nəfər kimi qara köynək
geyinirdik. Məktəbdə isə bizə bunu bayram etdirirdilər.
Hələ, heç kimin bilmədiyi vaxtlarda biz 28 May
gününü bayram edirdik. Məktəbdə isə nə
şagirdlər, nə də müəllimlər bunu bilmirdilər.
Biz - həyət uşaqları 15 sentyabr gününü
bayram edirdik (Bakının bolşeviklərdən azad
olunduğu günü). Bir-birimizi təbrik edirdik. Bunu isə
məktəbdə heç kim bilmirdi. Hələ 60-cı illərdə
biz 31 mart gününü ermənilərin azərbaycanlılara
soyqırımı günü etdiklərini bilirdik, məktəblərdə
isə müəllimlər deyirdilər, "ermənilər
bizim qardaşımızdır".
Bizim həyətimiz
sanki dövlət daxilində bir dövlət idi.
Olmuş
bir hadisə. Bir dəfə 6-cı, ya da 7-ci sinifdə
oxuyurduq. İki nəfər həyət dostumla - Yusif və
Arif ilə (Ənvər Yusifoğlunun oğlu və Hüseyn
Arifin oğlu) gecə vaxtı "26-lar
bağı"nın yanından keçəndə
Şaumyanın heykəlinə mürəkkəb (çernil)
atmışdıq. Rəng əməlli-başlı heykəlin
sifətinə yayılmışdı. Sonra da qaçmaq istəyəndə
milis bizi yaxaladı. O zaman polis yox idi. Bizi bölməyə
apardılar. Pahoo. Məsələ böyüdü, çox
böyüdü. Hətta, məsələyə vaxtı ilə
Azərbaycana rəhbərlik etmiş İmam Mustafayev də
qarışdı. Hətta, Mirzə İbrahimov da məsələyə
müdaxilə etdi. O zaman Azərbaycana İmam Mustafayev rəhbərlik
etmirdi, elmlə məşğul idi. Amma, sözü
keçirdi. Sanballı adam idi. Respublikanın
ağsaqqallarından idi. Mən indi o hadisəni tam təfərrüatı
ilə yazmıram, çünki buna ehtiyac da yoxdur. Birtəhər
qurtardıq. Atam məni bir xeyli danladı.
Həmin
ilin yayı biz istirahətə - Şəkiyə getmişdik.
Elə oldu ki, atamla Qaxa da getdik. Atam məni rəhmətlik
İmam Mustafayevlə tanış etdi. Çox gözəl
yatımlı səsi var idi. Mənə baxıb gülə-gülə:
- Bəxtiyar,
qəhrəman budur?
Həə. O zaman söz-sözü çəkdi, atamla bir xeyli ordan-burdan söhbət etdilər. Sonra İmam Mustafayev mənə dedi ki, - Bala, vaxtından əvvəl açılışma, bildiklərin özündə qalsın. Sən hələ uşaqsan. Özünü indidən belə tanıtma. Belə hərəkətlərlə mübarizə aparmaq olmaz. Bu, əsl xuliqanlıqdır. Adam mübarizəsini öz sahib olduğu kabinetində aparar. Söz sahibi, nüfuz sahibi olanda aparar. Yoxsa, belə-belə işlər etmək, sənə, gələcək arzularına bir sədd çəkər. Çalış, həyatda özünə bir mövqe tut, sonra mübarizə apar. Çalış, düşmənin gözünə şirin görün. Sonra düşmənin içinə daxil ol. Ağacı qurd içindən yeyən kimi onu ye.
Bu sözlər də beynimə ömürlük həkk olundu. Başa düşdüm ki, arzularımı, istəklərimi kabinetimdən başlayıb həyata keçirməliyəm...
Olmuş
bir hadisə.
Səbayıl rayonu. (keçmiş 26 Bakı Komissarları adına rayon) İcraiyyə Komitəsinin sədriyəm. Cavan oğlan idim. 32-33 yaşım var idi. "26-lar bağı"nda 26-ların tünd-qırmızı rəngli barelyefini traktorun qarşısına qoyub sökdürdüm. Sanki ürəyimdən tikan çıxdı. Həmin bağa skamya düzdürmək olmazdı. Hamı o bağda ayaqüstə gəzməli idi. Ora mən skamyalar düzdürdüm. Mən Şaumyanın heykəlinə mürəkkəb atdığım vaxt heç ağlıma da gətirə bilməzdim ki, vaxt gələcək, elə bunu mən özüm sökdürəcəyəm. Demək, ağacı qurd içindən belə yeyər.
***
İllər ötdü, biz məktəb və
universiteti bitirdik. Hərəmiz
bir iş dalıyca getdik. Mən işdən-işə
keçdikcə, kabinetdən-kabineti dəyişdikcə,
ürəyimdə qalmış arzularımı bir-bir həyata
keçirirdim və müvəffəqiyyət
qazanırdım. Mən bunların hamısını
canımla, qanımla əldə etmişdim.
Sonra
sovetlər çökdü, rus imperiyası
dağıldı. Tez-tez küçəyə
çıxdığımda yenə də rusca
danışıqlar eşidirəm. Ay aman, heç dəyişməmişik
ki. Azərbaycan dilinin yenə də
sıxışdırıldığını görürəm.
Azərbaycan dilində heç bir reklamın
olmadığını görürəm. Bilən də, bilməyən
də, hamı rus dilində danışır. "Afərin
bizə".
"Əlyaum
uruslaşmaq ilə zişərəfiz biz" (Sabir)
Sabir, sənə
min rəhmət.
Yenə də
yadıma Paryur Sevakla, Silviya Kaputikyanın
"neujeli"sözləri gəlir. Sanki mənə
baxıb deyirlər: "neujeli". Mən də onlara deyirəm:
"da, vı bıli pravı".
İndi
bütün bunları yekunlaşdırıb bir sual vermək
istəyirəm: uşaq təhsili kimdən almalıdır?
Evdə valideynlərindən, yoxsa məktəbdə müəllimlərindən,
yoxsa həyatda cəmiyyətdən?
Mustafa
Kamal Atatürkün 1933-cü ildə Müəllimlər Konqresində
etdiyi çıxışı bir də oxuyun. Dediklərim bu
qədər.
İsfəndiyar
VAHABZADƏ
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, №5.- S.2-3.