Ən böyük vaqifşünaslardan biri
Araz Dadaşzadə-90
Orta məktəbdə oxuyanda elə bilirdim ki, ən böyük
vaqifşünas Səməd Vurğundur. Dahi şair-mütəfəkkirin
(sonralar ədəbiyyatşünas-akademikin) müasir Azərbaycan
ədəbiyyatının (və ədəbiyyatşünaslığının)
yarandığı keçən əsrin hər cəhətdən
gərgin 30-cu illərində XVIII əsrin şairini bu qədər
yüksəltməsi, Azərbaycan türkcəsinə ad
axtarıldığı həmin illərdə onu özünəməxsus
cəsarətlə "Vaqifin şirin dili"
adlandırması, əlbəttə, orta məktəb müəllimlərinə
haqq vermişdi ki, sözügedən fikri bizə inamla
aşılasınlar...
Universitetin filologiya fakültəsində
təhsil aldığım ilk illərdə
anlamağa başladım ki, Səməd Vurğun Vaqifin
"tərcümeyi-hal"ında nə qədər möhtəşəm
rol oynamış olsa da, XVIII əsr şairinin ən
böyük araşdırıcısı akademik Həmid
Araslıdır.
Doğrudan da, 30-cu illər repressiyasından
sonra Həmid Araslı M.P.Vaqifin əsərlərinin
ilk elmi-tənqidi mətnini hazırlayıb nəşr
etdirmiş, onun həyatı, yaradıcılığı ilə
bağlı araşdırmalar aparmış, o dövrün
elmi-metodoloji imkanları daxilində son dərəcə dəyərli
işlər görmüşdür. Ən əsası isə
odur ki, M.F.Axundzadə, A.Berje, H.Vəzirov, H.Qayıbov,
F.Köçərli, S.Mümtaz kimi
araşdırıcıların şairin
yaradıcılığı barədə
formalaşdırdıqları təsəvvürləri
düzgün metodologiya ilə təqdim edərək bu
gün, haqqında cəsarətlə bəhs etdiyimiz
vaqifşünaslığı mühüm elmi səviyyəyə
yüksəltmişdir. Həmid Araslının hələ gənc
ikən bu sahədə apardığı araşdırmalar
dahi Səməd Vurğunun da diqqətini çəkmiş,
Elmlər Akademiyasındakı
çıxışlarının birində "əgər
bu araşdırmalardakı məlumatlarla əvvəllər
tanış olsaydım "Vaqif" dramını, bəlkə
də, başqa cür yazardım" demişdi. Görkəmli
alimin "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı
tarixi" (1956) monoqrafiyası, heç şübhəsiz,
yalnız vaqifşünaslığın yox, ümumən
"Vaqif dövrü" (Nizami, Nəsimi, Füzuli dövrlərindən
sonra!) adlandırılan möhtəşəm milli ədəbi
hadisənin şah əsəridir.
Universiteti bitirdikdən sonra
Vaqifə (və
vaqifşünaslığa) marağımı genişləndirərək,
tamamilə təbii olaraq, Araz Dadaşzadənin
araşdırmaları ilə tanış olmağa
başladım. "Molla Pənah Vaqif (həyat və
yaradıcılığı)" (1966) kitabından "XVIII
əsr Azərbaycan lirikası" (1980) kitabına qədər
onun M.P.Vaqif haqqındakı düşüncələrinin,
demək olar ki, bütün təfərrüatlarını
öyrəndim. Müəllimim, görkəmli dil
tarixçisi (və Araz Dadaşzadə kimi, onun da bu il 90
illiyi keçirilən) Tofiq Hacıyevin elmi məsləhətçiliyi
ilə "XVIII əsr Azərbaycan ədəbi dili"
mövzusunda doktorluq dissertasiyası üzərində işlədiyim
1985-1990-cı illərdə mənə aydın oldu ki, Araz
Dadaşzadə vaqifşünaslıqda sıradan bir tədqiqatçı
deyil. İlk növbədə ona görə ki, geniş elmi-nəzəri
dünyagörüşü olan ədəbiyyatşünas
öz sələflərindən fərqli olaraq Vaqifə həm
dünya ədəbiyyatı, həm də 60-cı illərdən
etibarən meydana çıxan yeni ideya-estetik mühakimə
(və mükalimə)lər kontekstində baxa bilmişdir.
Dünayadan vaxtsız getmiş
görkəmli ziyalının
yaradıcılıq taleyi haqqında düşünərkən
mən, görünür, çoxlarına məlum
üç cəhəti xüsusi qeyd etmək istərdim ki,
onlardan birincisi, Araz Dadaşzadənin fərdi (və fitri)
istedadıdır. Universitetin fəlsəfə fakültəsinə
daxil olması, fakültə bağlandığından təhsilini
başqa fakültədə - tarixdə davam etdirməsi,
aspiranturaya Elmlər Akademiyasında ədəbiyyatşünas
kimi başlaması, sonra isə uzun illər Ensiklopediyada
çalışması həmin istedadın hər hansı qəlibə
sığmayan təzahürləridir... İkinci cəhət
odur ki, Araz Dadaşzadə "Azərbaycan ədəbiyyatının
vicdanı" Məmməd Arif Dadaşzadənin ailəsində
dünyaya gəlmiş, ədəbi
yaradıcılığı həmişə "insan və
zaman", "sənətkar və vətəndaş"
münasibətləri səviyyəsində dəyərləndirən
ustad atanın unudulmaz dərslərini almışdır...
Üçüncü cəhət isə, görkəmli
şəxsiyyətin məhz öz dövrünün -
60-cı illər nəslinin səciyyəvi övladı
olmasıdır ki, bu barədə həmin nəslin liderlərindən
xalq yazıçısı Anarın maraqlı (və son dərəcədə
təsirli) xatirələri, yəqin ki, hamıya məlumdur...
Azərbaycan Milli Elmlər Akademiyasının
altı cildlik fundamental "Azərbaycan ədəbiyyatı
tarixi"nin üçüncü cildindəki (2009)
"XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı"
icmalı ilə yanaşı, "Molla Vəli Vidadi" və
"Molla Pənah Vaqif" portret-oçerklərinin müəllifinin
məhz Araz Dadaşzadə olması o deməkdir ki, görkəmli
alimin mülahizələri yarım əsrdən çoxdur,
öz aktuallığını qoruyub saxlamaqdadır. Və
yeni Azərbaycan ədəbiyyatının banisinin, milli Azərbaycan
İntibahının bayraqdarının son dövrdəki
araşdırıcılarından biri kimi deyə bilərəm
ki, ən görkəmli vaqifşünaslardan birincisi dahi Səməd
Vurğun, ikincisi akademik Həmid Araslı,
üçüncüsü professor Araz Dadaşzadədir...
Dördüncüsünü isə deməzlər...
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, №5.- S.4.