Tarix təhsilli,
ədəbiyyat
genetikalı filosof alim
Araz Dadaşzadə-90
1977-ci ildə mən təyinat sürgünündən
azad olub, Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
əyani aspiranturasına
qəbul olunarkən o
artıq İnstitutdan
ayrılmışdı və
başqa müstəvilərdə
qələm çalırdı.
Sonralar cəmi bir dəfə - o, Azərbaycan Sovet Ensiklopediyasının, ya baş redaktoru, ya da baş redaktor müavini olduğu zaman kabinetində
üz-üzə görüşmüşdük.
Az qala, 18 il yaş fərqimiz olsa da, mənimlə tay-tuş kimi danışmağı,
özünün daha bilikli, daha təcrübəli,
daha yüksək vəzifəli olduğunu qabartmamağı xoşuma
gəlmişdi.
Deyəsən, ensiklopediya üçün
klassik ədəbiyyat
sahəsində hansısa
oçerk sifariş etmək istəyirdi mənə, ancaq elə davranırdı ki,
sanki mən həmin mövzunun ən böyük araşdırıcısıyam və o da həvəslə
bu barədə bilgiləri məndən öyrənmək istəyir...
Docendo discimus - qədim romalı alimlər belə deyirdilər: öyrədərkən özüm
də öyrənirəm
və bir də dahi Nizaminin
bu anlamda olan məşhur beytləri yadıma düşdü:
Hər kəs öyrənməyi
bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxarar.
Ancaq öyrənməyi ar bilən insan
Məhrumdur dünyada bilik almaqdan.
Çox
itizehinlər yatan oldular,
Axırda
saxsı qab satan oldular.
Təlimə həvəskar çox
korazehin
İqlimlər qazisi olmadı,
deyin?
Əsərlərini hələ tələbəlik illərindən
tanıdığım Araz
Dadaşzadə ilk əyani
insanlıq və ziyalılıq dərsini beləcə verdi mənə: heç zaman müsahibini özündən
aşağı səviyyədə
görmə! Ola bilər,
onda elə bir bilik olsun
ki, sən ondan öyrənə biləsən!
Akademik Məmməd Arif Dadaşzadə ocağının layiqli yetirməsi məhz bu cür yüksək
dərəcəli ziyalı
olmalı idi və başqa cür də ola bilməzdi!
Və nə yazıq ki, bu möhtəşəm ocaqdan qalxan bu qor çox
tez söndü: cəmi 54 il yaşadı.
54 yaş bir alim ömrünün çiçəkləndiyi
dövrdür və
fundamental "XVIII əsr Azərbaycan
lirikası" monoqrafiyasından
sonra Araz müəllim hələ çox əsərlərlə
ədəbiyyatşünaslıq elmimizi zənginləşdirəcəkdi.
Ancaq tarix feilin şərt
və arzu formasını sevmir və qəbul etmir; ona görə
də görkəmli yaradıcı insanların
nə qədər yaşaması ilə deyil, hansı parlaq izləri qoyub getməsi ilə barışmalı
oluruq: məgər cəmi 29 il ömür sürmüş Mikayıl
Müşfiqin sənət
həyatı davam etmirmi? 49 il yaşamış
Mirzə Ələkbər
Sabirin ölməz əsərləri indi də dillər əzbəri deyilmi? 50 illik yubileyini ölüm yatağında
qeyd etmiş Səməd Vurğunun poetik irsi yaşamırmı?
Araz Məmməd Arif oğlu Dadaşzadənin də gərgin zəhmət və səmərəli axtarışlar
hesabına ərsəyə
gətirdiyi tədqiqatlar
bu gün də ədəbiyyatşünaslığımızın
sanballı əsərləri
kimi ədəbi toplumda yaşayır və bundan sonra da yaşamağa davam edəcəkdir. Bəs nə durur bu yaşamın
əsasında?
Əlbəttə, hər şeydən
öncə, araşdırma
obyektinə qarşı
dərin və ciddi məsuliyyət, saysız-hesabsız faktların
və informasiyaların
içində doğru
yönü müəyyən
edib düz yolla irəliləməklə
obyektiv nəticə əldə edə bilmək bacarığı...
Sadə
bir örnəklə Araz Dadaşzadənin
fundamental monoqrafiyasının öz aktuallığını
bu gün də saxlamasını göstərmək istərdik.
Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illik
yubileyində və daha sonra yerli
televiziya kanallarına
verdiyi geniş müsahibəsində Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Azərbaycan
dilinin müstəqil dövlətçilik şəraitində
inkişafına və
zənginləşməsinə, yad ünsürlərdən təmizlənərək
saflaşmasına böyük
önəm verərək,
bu baxımdan humanitar elmimizin qarşısında məsul
vəzifələrin durmasına
xüsusi diqqət ayırmışdır. "Azərbaycanlı
olması ilə həmişə fəxr edən" (ümummilli lider Heydər Əliyev) böyük bir azərbaycanlı kimi cənab Prezident öz narahatlığını ifadə
edərək demişdi:
"Azərbaycan dilinin saflığının qorunması
hər bir Azərbaycan vətəndaşının
işi olmalıdır.
Yəni, dövlət,
alimlər, dilçilər,
yazıçılar, şairlər,
jurnalistlər, siyasətlə
məşğul olanlar
bu məsələyə
çox böyük diqqət verməlidirlər.
Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki
bu məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü
ki, biz dilimizi kənar
kəlmələrdən qoruya
bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında,
- buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi
qorumasaq, onda yavaş-yavaş bizim milli
kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu
məsələ ilə
bağlı məşğul
olacağam, izləyəcəyəm,
lazımi tədbirlər
görəcəyəm. Azərbaycan
alimlərindən də
bax, bu məsələyə
də öz münasibətini və dəstəyini göstərmək
çağırışını edirəm."
Azərbaycan dilinin təmizliyi,
saflaşması probleminə
tarixi müstəvidə
nəzər salan Araz Dadaşzadə isə hələ 45 il bundan öncə yazırdı:
"XIX əsrdə Seyid Əzim Şirvani, XX əsrdə Sabir, sovet dövründə isə Əliağa Vahid kimi görkəmli nümayəndələrinə
baxmayaraq, XVIII əsrdən
etibarən əruz vəzni yeni mədəni-estetik
qanunauyğunluqlar sayəsində
tədriclə öz mövqeyini itirməyə
başlayır. Əruzun
get-gedə zəifləməsi
Azərbaycan dilinin inkişafı, saflaşması,
sadələşməsi, milli sözlər hesabına zənginləşməsi ilə
də əlaqədar idi".
Şübhəsiz ki, milli dilin tarixi
inkişaf və doğma materiallar əsasında zənginləşməsi
prosesinin izlənilməsi
və qanunauyğunluqların
üzə çıxarılması
bu gün Respublika Prezidentinin irəli sürdüyü ağrılı
problemlərin həllində
öz yardımını
göstərə bilər.
Professor
Araz Dadaşzadə klassik
ədəbiyyatşünaslığımızın
görkəmli nümayəndələrindən
biri kimi, öz elmi yaradıcılığında
akademiklər - Məmməd
Arif Dadaşzadə, Mirzə İbrahimov, Həmid
Araslı, Məmməd
Cəfər Cəfərov,
professor Mir Cəlal Paşayev;
rus alimlərindən
- Yevgeni Bertels, Aqafangel
Krımski və b. elmi məktəblərinin
layiqli davamçısı
kimi çıxış
edir. Bu elmi məktəblərin əsas
özəlliyi isə
mötəbər elmi
faktlara söykənməklə
obyektiv nəticələr
əldə etmək, populizmdən, sxolastikadan uzaq durmaq, humanitar
elmi düşüncəyə
öz töhfələrini
verməklə dünya
səviyyəsində ciddi
qəbul edilmək cəhdlərindən ibarətdir.
Əlbəttə, bu sırada polemika mədəniyyətini də
yaddan çıxarmaq
olmaz.
Bu baxımdan Araz Dadaşzadə özündən
öncəki alimlərin
fikirlərinə tənqidi
yanaşaraq öz mövqeyini əsaslı dəlillərlə sübuta
yetirməyə nail olur.
Çağdaş anlamda
elmi ədəbiyyat tarixçiliyinin prinsiplərinə
böyük önəm
verən Araz Dadaşzadə bu baxımdan ədəbiyyat
tarixçiliyimizin beşiyi
başında duran Firidun bəy Köçərli və
Salman Mümtaz kimi görkəmli ədəbiyyatşünasların
yaradıcılığına da tənqidi baxımdan yanaşmağı lazımlı
sayaraq yazır:
"Firidun bəy Köçərli və
Salman Mümtazın XVIII əsr
poeziyasının tədqiqi
sahəsində gördükləri
işlər bütün
sonrakı mətnşünaslıq
və ədəbiyyat
tarixi kitabları üçün bünövrə
rolu oynasa da, nə Firidun bəy Köçərli,
nə də Salman Mümtaz hələ sistemli, ardıcıl ədəbiyyat tarixi yaratmaq işinə girişməmiş, müəyyən
əsrlərdəki bədii
inkişaf lövhəsinin
təsvirindən daha çox, məhəlli prinsip üzrə ayrı-ayrı görkəmli
ədiblərdən söhbət
açmağı üstün
tutmuşlar."
Əlbəttə, bu, başqa cür ola da bilməzdi: Şərq təzkirəçiliyi
ənənəsində təlim-tərbiyə
almış ilk ədəbiyyatşünaslarımız
məhz bu ənənəni rəhbər
tutmalı idilər və tuturdular da! Yalnız bolşevik işğalından sonra dünya və rus ədəbiyyatşünaslıq
elminin təsiri altında Azərbaycan ədəbiyyatşünasları da həmin modeldən istifadə yolu ilə öz elmi tədqiqatlarını
yaratmağa başladılar.
Araz Dadaşzadəni klassik ədəbiyyatşünaslıq məktəblərinə yaxınlaşdıran
cəhətlərdən biri
də onun ərəb
əlifbasına dərindən
bələdliyi və
bu əlifbada heç də asan görünməyən
əlyazma əsərlərini
asanlıqla oxumaq bacarığı olmuşdur.
Bəlkə də doğru olaraq güman edirəm ki, bu bacarığı ona məhz ata
ocağında akademik
Məmməd Arif Dadaşzadə aşılamışdır.
Alim özü bir çox əsərlər
üzərində işini
məhz əlyazma nüsxələri əsasında
aparmasını göstərməklə
gözlərimiz önündə
həm də istedadlı bir mətnşünas kimi canlanır.
Onu da qeyd etmək istərdim ki, Araz Dadaşzadənin əlyazma
nüsxəsi əsasında
araşdırdığı bir çox əsərlər sonralar çağdaş əlifbaya
transfoneliterasiya edilərək
çap edilmişdir
ki, bu da, ilk növbədə,
Azərbaycan Milli Elmlər
Akademiyası Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
əməkdaşlarının xidmətinin məhsuludur.
Professor Araz Dadaşzadə bütün istedadlı adamlar kimi dar
bir sahəyə qapılıb qalmamış,
başqa sahələrdə
də qələmini sınayaraq uğur qazanmağa nail olmuşdur.
Bu gün bizim istifadəmizdə onun gözəl tərcümələri,
müxtəlif filmlərə
yazdığı ssenarilər,
ədəbi-tənqidi məqalələri
və başqa əsərləri vardır.
Araz Dadaşzadə tay-tuşları
arasında sayılıb-seçilən,
dostlarının hörmət
və məhəbbətini
qazanmış, gözəl
ailə başçısı
olmuşdur. Mən onun oğlu, gözəl ədəbiyyatşünas
Aqşin Dadaşzadə
ilə uzun müddət eyni institutda çalışmış
və bu nəslin ən gözəl xüsusiyyətlərini
onda görməklə
ziyalılıq ənənəsinin
yaşarılığının şahidi olmuşam. Anasının adını
şərəflə daşıyan
qızı Zümrüd
xanımla da yaradıcılıq
əlaqələrimiz az
olmayıb.
Azərbaycan humanitar elminin və ədəbiyyatının
60-cılar nəslinin görkəmli
nümayəndələrindən biri olmuş Araz Dadaşzadənin adı bu gün
həmin nəslin Anar, Elçin, Vaqif Səmədoğlu, Yaşar Qarayev, Azadə Rüstəmova və b. ilə bir sırada çəkilməkdədir. O bunu
öz əsərləri,
öz şəxsiyyəti,
vətənə, xalqa
böyük məhəbbəti
ilə haqq etmişdir. İnanırıq
ki, bundan sonrakı nəsillər də Araz Dadaşzadə adını həmişə
hörmət və izzətlə yad edəcəklər.
Teymur KƏRİMLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, №5.- S.5.