"Gizli Dədə
Qorqud"
- yeni mənalar
axtarışında"
Kamal
Abdullanın məşhur "Gizli Dədə Qorqud" əsərinin
özünəxas, diqqətçəkən odisseyası var.
Süjet
və fabula peripetiyaları baxımından deyil,
düşüncə və mətn səviyyəsində
qurulan "odisseya"dan, mətnin mənadan-mənaya, mifdən
yazıya, aşkar qatdan gizli qata doğru uzun və maraqlı
yolçuluğundan söhbət gedir. Mənə görə,
əsərin əsas hərəkətverici qüvvəsi də
məhz bu intellektual səfərdir.
Bu, əsərin
illər ərzində davam edən inkişaf tarixində də
özünü göstərir: 1991-ci ildən başlayaraq,
müxtəlif adlar ("Gizli Dədə Qorqud", "Gizli
Dədə Qorqud-2", "Taynıy Dede Korkud", "Mifdən
yazıya və yaxud gizli Dədə Qorqud", "Gizli Dədə
Qorqud" - yeni mənalar axtarışında"...), nəşrlər,
əlavələr, yeni fəsillər və dillər vasitəsilə
mətn daim "yolda" olmuş, tamamlanmış forma
iddiasından uzaq durmuşdur. Bu baxımdan, "Gizli Dədə
Qorqud" sabit nəticəyə çatmaq yox, davam edən
axtarış vəziyyətini qorumaq məqsədini sərgiləməkdədir.
Bu yanaşma tədqiqatı statik izah mətnindən
çıxararaq dinamik intellektual prosesə çevirir və əsərin
elmi, estetik dəyərini əhəmiyyətli dərəcədə
artırır.
Yenicə
çapdan çıxmış "Gizli Dədə
Qorqud" - yeni mənalar axtarışında" kitabı
müəllifin nəzəri ümumiləşdirmələrini
daha da dərinləşdirərək tədqiqatın
konseptual çərçivəsini bir növ tamamlayır.
Oxucuya təqdim edilən bu monoqrafiya əvvəlki
bütün nəşrlərin məntiqi və konseptual ümumiləşdirilmiş
formasıdır.
Kamal
Abdulla "Kitabi-Dədə Qorqud" mətninin dərin və
gizli qatlarını üzə çıxarmaq, bu qatlarda
formalaşan mənaların aşkar mətn strukturu ilə
qarşılıqlı əlaqəsini təhlil etmək və
dastanı dünya mifoloji düşüncəsi kontekstində
yenidən oxumaq kimi mübarək bir missiyanı həyata
keçirir. Bu, müasir Azərbaycan və Türkiyə
humanitar düşüncəsində "Kitabi-Dədə
Qorqud" irsinə münasibətdə formalaşmış ənənəvi
yanaşmaları yenidən nəzərdən keçirməyə
imkan verən fundamental tədqiqat əsəridir.
Kamal
Abdulla klassik eposu hazır və dəyişməz mətn kimi
deyil, açıq, dialoji və çoxqatlı mədəni
fenomen kimi oxuyur. Bu əsər Dədə Qorqudun
"gizli" tərəflərini üzə
çıxarmaqla yanaşı, oxucunu da fəal şərhçiyə,
hətta həmmüəllifə çevirir.
Kamal
Abdullanın "Gizli Dədə Qorqud"u onun həm filoloq,
həm də yazıçı kimliyinin sintez məhsuludur.
Müəllif bu əsərdə nə sırf akademik tədqiqatçı,
nə də yalnız bədii təxəyyülə söykənən
nasir kimi çıxış edir. O, Dədə Qorqudla dialoq
quran müasir düşüncə sahibidir.
Əsərin
mərkəzi anlayışı olan "gizli" sözü
yalnız sirr və ya ört-basdır edilmiş informasiya
anlamında işlədilmir. Burada "gizli" mətndə
mövcud olan, lakin açıq şəkildə ifadə
edilməyən mənalar sistemidir.
Əsərin
ən mühüm tərəflərindən biri onun milli
yaddaşa yanaşmasıdır. Kamal Abdulla Dədə Qorqudu
keçmişin donmuş abidəsi kimi yox, bu gün də
yaşayan düşüncə modeli kimi təqdim edir. Bu
baxımdan, Dədə Qorqud nə tarix kitabıdır, nə
də yalnız folklor nümunəsi; o, milli şüurun
canlı yaddaşıdır. Bu yanaşma "Dədə
Qorqud"u sabit həqiqətlər toplusu kimi deyil, dəyişən
mənalar məkanı kimi dərk etməyə imkan verir və
mədəni yaddaş, milli identiklik və epik
düşüncə ilə bağlı bir sıra fundamental
problemlərə yeni işıq salır.
Bu
xüsusiyyətlər əsəri Umberto Ekonun
"açıq mətn" konsepsiyası, Borxesin mətn-labirint
anlayışı ilə yaxınlaşdırır. Oxucu mətni
oxumur, mətndə yol gedir. Əsər klassik eposu yenidən
oxumağın, ona yeni suallarla yanaşmağın
mümkünlüyünü sübut edir.
Burada
Kamal Abdullanın "Dədə Qorqud və qeyri-səlis məntiq"
kitabını da xatırlamaq yerinə düşür: bu iki əsər
birlikdə götürüldükdə aydın olur ki, Kamal
Abdullanın məqsədi bir çoxları kimi Dədə
Qorqudu müasir elmi terminlərlə "izah etmək"
deyil, əksinə, müasir düşüncənin
özünü qədim mətnin çoxqatlı məntiqinə
uyğunlaşdırmaqdır. Məlum olur ki, hələ illər
öncədən "qeyri-səlis məntiq"
anlayışı müəllifin yalnız nəzəri
mövqeyini yox, həm də onun bədii interpretasiya
strategiyasını müəyyənləşdirirmiş.
Beləliklə,
"Gizli Dədə Qorqud" Kamal Abdullanın elmi və bədii
düşüncəsində yalnız bir tədqiqat obyekti
kimi çıxış etmir, bu, davam edən intellektual
yolçuluğun özüdür. Bu yolçuluq nə yekun
nəticə, nə də son söz iddiası
daşıyır; əksinə, klassik mətni hər dəfə
yeni suallar işığında oxumağın
mümkünlüyünü nümayiş etdirir. Müəllif
"Kitabi-Dədə Qorqud"u nə sadəcə milli epos,
nə də ümumbəşəri arxetiplərin lokal
nümunəsi kimi təqdim edir; o, bu mətni qlobal mifoloji
düşüncənin aktiv iştirakçısı səviyyəsinə
qaldırır. Müəllifin yanaşması göstərir
ki, "Kitabi-Dədə Qorqud" keçmişdə
qapanmış mətn deyil, bu gün də düşünən,
cavab verən və sual yaradan canlı mədəni
yaddaşdır. Məhz bu xüsusiyyətinə görə
"Gizli Dədə Qorqud" ümumən müasir humanitar
təfəkkür üçün mətnlə
düşünməyin, miflə dialoqun və milli irsi qlobal
kontekstdə yenidən dərk etməyin nümunəvi modelinə
çevrilir.
Musa
QARAXANLI
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, №5.- S.7.