Azad olmayan cəmiyyətdə
azad
insanın faciəsi, yaxud Təklik tilsimi
Xalq
yazıçısı Anarın
"Beşmərtəbəli evin altıncı mərtəbəsi" kitabı
haqqında
Bu günlərdə xalq yazıçısı Anarın
«Beşmərtəbəli evin
altıncı mərtəbəsi»
kitabı “Teas Press” nəşriyyatında
işıq üzü
görüb. Ötən
əsrdən bestsellerə
çevrilən eyniadlı
romanla yanaşı, kitaba «O gecənin səhəri» hekayəsi, dilogiyanın birinci hissəsi olan «Ağ liman» povesti və yazıçının son illərdə
qələmə aldığı
«Təhminənin son sirri»
hekayəsi daxil edilib. Kitabın redaktoru və Ön söz müəllifi Pərvin «Azad
olmayan cəmiyyətdə
azad insanın faciəsi, yaxud təklik tilsimi» adlı yazısında bu ardıcıllığın
təsadüfi olmadığını
qeyd edir. Həmçinin nəsil-nəsil ədəbiyyatsevərlərin oxuduğu
əsərlərin, kitabların
keçdiyi maneələri
də göstərməklə
gerçək sənətin
gücünü ifadə
edir. Ön sözü «Ədəbiyyat
qəzeti» oxucularına
təqdim edirik.
“Teas
Press” nəşriyyatı xalq
yazıçısı Anarın
məşhur, sevilən,
nəsil-nəsil oxucular
tərəfindən böyük
maraqla qarşılanan
əsərlərini çapa
hazırlayanda, bu
dəfələrlə oxuduğum, az qala, əzbərimdə olan hekayə, povest və romanlara yenidən qayıtdım. Daha öncə Türkiyədə
«Ketebe» nəşriyyatında
işıq üzü
görən bu ardıcıllıq yazıçının
nəsri haqqında bəlli həqiqəti yenidən dilə gətirmək, xatırlatmaq
ehtiyacı yaratdı.
Ötən il ustad Anarla yeddi saatdan
çox çəkən
podkast-söhbətlərimizdə («Anarla söhbətlər» kitabım üçün)
bu əsərlər, onların qəhrəmanları
haqqında müzakirələr
aparmışdıq. Onların
ustaddan ötrü sadəcə bir ədəbi qəhrəman
yox, canlı insan olduğunu; taleyini izlədiyi, halına acıdığı,
səhvini üzə vurmadığı dost-doğma
olduğunu anlamışdım.
Ona görə kitabda yer alan əsərlərə
dalıb, o sehri duymazdan
öncə yazının
əvvəlinə yerləşdirilmiş
QR kodu oxudub müəllifin öz dilindən verilən şərhləri dinləmək
yerinə düşər.
İndilikdə isə mənim
bir daha, dəfələrlə anladığım
odur ki, Anarın əsas qəhrəmanı
Şəhərin özüdür.
Və şəhər
sadəcə bu əsərlərdəki hadisələrin
cərəyan etdiyi məkan deyil, real personajdır. Onun özünün xarakteri, yazılmamış qanunları,
yaşam tərzi var. Və heç şübhəsiz ki, bu qəribə qəhrəmanı
canlı, koloritli, mənalı edən insanlardır; yazıçının
yaratdığı insanlar,
onun personajları. Çox maraqlıdır
ki, yazıçı bu
adamları eyni dünyanın, eyni mühitin adamları kimi yaradır. Və əsərdən-əsərə
oxucusuna bu eyni mühitin fərqli insan xarakterlərini görmək,
təhlil etmək imkanı verir. Yəqin elə əsas ideya da budur, eyni zamanda,
eyni məkanda, eyni qanunlar içərisində
dünyaya gələn,
yaşayan müxtəlif
adamları göstərmək.
Bəzən yazıçı
bu personajların qonşu, qohum, yaxın olmasını demir, dilə gətirmir. Amma bir əsəri oxuyarkən, hansısa fəhmlə,
lap bir tin aşağıda
yaşayan başqa qəhrəmanını yaxında
hiss edə bilirsən.
Bir neçə əsərində
isə, bəlkə də bilərəkdən,
məqsədli şəkildə
personajları yaxınlaşdırır,
doğmalaşdırır və
hər dəfə birinin taleyini qabardır, önə çəkir, ondan danışır.
Yay axşamlarında Qiyas Dilarəylə
bulvar səmasındakı
“müftə” ulduzlara
baxıb mübahisə
edəndə, Alya ilə Murtuz Zeynallıların süfrəsindən
danışanda, Nemət
maqnitofonun dinlənilməkdən
yeyilmiş lentini necə pozmağı düşünəndə, Mədinə
qonşuda çalınan
qammalara qarışmış
təyyarə uğultusu
dinləyəndə Təhminəylə
Zaur Pirşağıda
sahildə pıçıldaşırlar.
Ya da əksinə, Zaur Təhminənin eşqindən havalanıb
göylərdə uçanda
zavallı Feyzulla boyat dolmanı yeyə-yeyə arvadın tənələrini dinləyir.
Hə, elə bu vaxt Oqtay
da uzaq uşaqlıq illərində qalmış
Əsməri düşünür.
Fuad isə macal tapıb sabahkı tədbirdə onu bir addım daha qabağa çəkəcək məruzəsinin
mətnini hazırlayır.
Bu cür həm eyni, həm də müxtəlif zamanlarda baş vermiş hadisələri sadaladıqca sadalamaq olar. Və əsas
qeyri-adilik ondadı
ki, bu adamların hamısının bir ümumi dərdi var – mühit. Bu ümumi mövzunu göstərmək üçün
isə uyğun zaman, uyğun şərait lazım idi.
...Zaman
60-cı illərdi, sovetlərin
nəfəsliyi azca açıb azad havanı içəri buraxdığı vaxtdı,
insanın özü haqda fikirləşməyə
“icazə” verildiyi dövrdü. Amma ən əsası, ədəbiyyatın
adi adamları düşünməyə, onların
daxili aləmini, arzularını, sevgilərini,
ümidlərini yazmağa
başladığı vaxtdı...
Və bu cür zamanda yazıçı Anar üzdə adi, amma dərinliyinə endikcə qəlizləşən,
fərqliliyi, qeyri-adiliyi
üzə çıxan
adamlardan yazır. Onların balaca şəhərdəki böyük
ümidlərini, yaşantılarını,
sıxıntılarını qələmə alır. Bu şəhərdə
azad olan bircə dənizdi... Amma onu da “sahilləri sıxır”...
Dəniz
dedi ki,
Sahillər sıxır məni...
(Rəsul Rza)
Bu sahilin sakinləri “dənizi görməsələr belə,
varlığını hiss edirlər”, yuxularına girir dəniz... limanda durub qırmızı
gəmilərə tamaşa
edirlər, xəyallar
qururlar... Həyat zahirən adi qaydada gedir... Amma nədən belə tənhadılar hamısı?
Məncə, bu zəmanənin adamları
deyillər, ona görə. Dənizin belə “sıxıldığı”
mühitdə yaşayırlar,
ona görə. Zamanlarını qabaqlamış
insanlardılar, ona görə...
9 yaşlı Nərgiz də, 24 yaşlı Təhminə də, 33 yaşlı Nemət də, nəşriyyat qədər “qədim” mühasib Səftər də, Məmməd Nəsir də hamısı təkdi, tənhadı...
...“Ağ liman” 1965-ci ildə yazılıb... Təxminən, on il sonra isə “Beşmərtəbəli
evin altıncı mərtəbəsi” qələmə
alınıb. On il tarix
üçün elə
böyük zaman deyil.
Amma yazıçının insanlara baxışının,
qəhrəmanlarına yanaşmasının
dəyişilməsi üçün
kifayət edərdi, bəlkə də. Ancaq axı Anar özü də yaşını, zamanını qabaqlamış
insandı. Və 40-50
il öncə yazdıqlarının
indi də, bu gün də
belə populyar olmasının, onun özünün yazıçı
kimi, ictimai xadim kimi aktuallığını
itirməməsinin əsas
səbəbi budur. Təhminə 60-cı illərin
qadını deyil, XXI
əsrin Qadınıdı.
Nemətin dərdi keçmişdə qalmayıb,
indi də davam edir. Məmməd
Nəsirin içkibazlığının
səbəbləri hələ
də var. Məsələ
zamanın, zəmanənin,
mühitin durğunluğunda
deyil. Məsələ
insanın və onun zamanla əbədi
“ədavəti”nin dəyişilməməsindədi... Həm də yazıçının bunu
necə qələmə
almasındadı... Və
nə qədər qəribə səslənsə
də, bu qəhrəmanların əsər,
bədii süjet içərisindəki mübarizəsi
yazıçının şəxsi
mücadiləsinə, onları
anlatmaq uğrunda döyüşlərinə çevrilib.
Məsələ burasındadır
ki, ustad Anar ədəbiyyat tariximizdə,
bəlkə də ən çox tənqid, hətta qərəzli, haqsız tənqid
olunan müəllifdi.
Qısa da olsa, bu mübarizənin tarixçəsinə nəzər
salaq...
...1960-cı
ildə «Azərbaycan»
jurnalının 12-ci, dekabr
nömrəsində ilk iki
mətbu hekayəsi dərc olunan kimi, əlüstü «Azərbaycan gəncləri»
qəzetində «Keçən
ilin son gecəsi» hekayəsini kəskin tənqid edən yazı çıxdı.
Hekayə milli mentalitetə
yad olan, zərərli
əsər kimi səciyyələndirilirdi.
Az sonra, həmin hekayə Moskvada «Drujba narodov» juralında dərc edildi.
Moskvada nəşr olunan üçcildlik seçmə
sovet hekayələri almanaxına daxil edildi, əsasında teatr tamaşaları quruldu, radio variantı səsləndi, kino və
TV filmləri çəkildi.
Moskvanın Mərkəzi
televiziyası iki müxtəlif quruluşda
hekayəni Birinci proqramla nümayiş etdirdi. Bu gün də əsər dərsliklərə daxil edilib, orta məktəbdə
tədris olunur. Və nədənsə illərdir ki, «milli mentalitetə
yad olan» əsər əksinə, nəsil-nəsil
oxucunu yetişdirir, onlarda ailə dəyərlərinə sayğını
aşılayır.
Amma əsər özünü
sübut edənə kimi nələrdən keçməli imiş... Yazıçının ilk povesti
– «Ağ liman»ın
da, necə deyərlər,
var oluşu sadə deyildi. Əsər «Azərbaycan» jurnalında çap olunan kimi, «Kommunist» qəzetində dərc edilən üç sütunluq məqalə
povesti sovet ideologiyasına zidd olan, socialist realizminə
yad olan yazı kimi damğaladı. İndiki zamandan baxanda məqalə müəllifi haqlı idi, əsər sos-realizmdən min-min kilometr
uzaq, sovet ideoloji qəliblərinə
yad idi. Amma o dövrdə
belə yazıların
mötəbər mətbu
orqanlarda yazılması
açıq donos idi və belə
mükəmməl sənət
nümunəsini oxucunun
da gözündən salmaq
cəhdi idi. Həmçinin əsər
təkcə ideoloji yox, həm də
bədii-estetik cəhətdən
yamanlanırdı. Bu haqsız
tənqidlərə etiraz
edən böyük bəstəkarımız Qara
Qarayev mötəbər
bir iclasda gənc qələm sahibi Anarı müdafiə etdi, onu çox istedadlı yazıçı
adlandırdı və
«Kommunist» qəzetində
çıxan məqaləylə
qətiyyən razı
olmadığını bildirdi.
Daha sonra akademik Məmməd Arif Dadaşzadə də Anarın yaradıcılığını layiqincə qiymətləndirən
böyük məqalə
çap etsə də, iki-üç tənqidçi mətbuat
səhifələrində «Ağ liman»ı da, onun davamı olan «Beşmərtəbəli
evin altıncı mərtəbəsi» romanını
da sovet həyatını
təhrif edən kommunist ideologiyasına zidd olan əsər
kimi topa tutdular.
Amma nə yaxşı ki, bu tənqidlər əsərin taleyində maneə rolu oynaya bilmədilər. Sonralar «Ağ liman» nüfuzlu «Drujba narodov» jurnalında, «Beşmərtəbəli
evin altıncı mərtəbəsi» Moskva nəşriyyatlarında
yüksək tirajlarla
çapdan çıxdı,
rus mətbuatında yüksək qiymətləndirildi.
“Beşmərtəbəli evin
altıncı mərtəbəsi”
alman dilində Almaniya
Demokratik Respublikasında,
Almaniya Federativ Respublikasında, İsveçrədə
kitablar şəklində
çap edildi, bu ölkələrin mətbuatında maraqla qarşılandı.
«Ağ liman» Polşada, Macarıstanda, Bolqarıstanda, Estoniyada, Türkiyədə, İranda,
Özbəkistanda, Qazaxıstanda,
«Beşmərtəbəli evin
altıncı mərtəbəsi»
Çexoslovakiyada çex
və slovak dillərində, Macarıstanda,
Bolqarıstanda,Yunanıstanda,
Estoniyada, Gürcüstanda,
İranda, Qazaxıstanda,
üç müxtəlif
tərcümədə 4 dəfə
Türkiyədə, 5 dəfə
Özbəkistanda nəşr
edildi, bu ölkələrin mətbuatında
onlarla müsbət rəyli yazılar çıxdı.
«Beşmərtəbəli evin
altıncı mərtəbəsi»
romanı əsasında
«Təhminə və Zaur» teatr tamaşası
Azərbaycan Akademik
Milli Dram teatrı səhnəsində
200 dəfəyə qədər
anşlaqla oynanılıb,
habelə iki müxtəlif quruluşda
Rus Dram Teatrında tamaşaya
qoyulub. Pyes İstanbul
Bələdiyyə teatrında
da uğurla tamaşaya
qoyulub və türk mətbuatında geniş işıqlandırılıb.
Bu roman əsasında rejissor
Rasim Ocaqov türk aktrisası Meral Konrad və xalq artisti Fəxrəddin
Manafovun iştirakıyla
«Təhminə» filmini
çəkib. Bu film TV ekranlarında
ən çox nümayiş etdirilən fılmlərdəndir.
Bu statistik məlumatları ard-arda sadalamağım təsadüf deyil. Məsələ burasındadır
ki, bu əsərlərin
qəhrəmanlarının keçdiyi mübarizə
bütöv əsərin,
müəllifin haqq işinə çevrilib. Və ən qəribəsi budur ki, eyni ssenari, eyni
maneələr sanki ustad Anarın bioqrafiyası boyu onu izləyib...
Bu mənada, Anarın redaktorluğu ilə 69-cu ildən işıq üzü görən “Qobustan” incəsənət
toplusunun da öz mübarizə tarixi var. Dərgi işıq üzü görən kimi mətbuatda açıq, başqa ünvanlara gizli danoslara məruz qalıb. “Toplu” və “Qobustan”da
işlənən bəzi
başqa sözlərə
görə məcmuəni
pantürkistlikdə, türk
dilinin təsirinə düşməkdə, millətçilikdə
suçlayıblar. Bu tənqidi,
daha doğrusu, siyasi donos tipli
yazılar əsasında
Mərkəzi Komitənin
orqanları olan “Kommunist” qəzetində, “Azərbaycan kommunisti” və “Kirpi” jurnallarında yer alırdı. Artıq müstəqillik dövründə
Azərbaycan Yazıçılarının
X Qurultayında çıxış
edən ulu öndər
Heydər Əliyev “Qobustan”dan ona
nə qədər xəbərçilik edilməsi
haqqında ətraflı
danışdı. Jurnalı
millətçilikdə, türkçülükdə
ittiham edir, onun redaktoru Anarın babasının
da özünün də
antisovet olmaları barədə elə yazıçıların özləri
xəbərçilik edirmiş.
Amma Heydər Əliyevin
dediyi kimi, o özü jurnalı izləyir, oxuyur və görürdü
ki, burada donoslarda deyilən ideyalar yox, əksinə, oxucuların maarifləndirilməsi
yolunda faydalı məqalələr çoxdur.
Ulu öndər deyirdi:
“O vaxtlar “Qobustan” jurnalı həyatımızda
çox böyük rol oynayırdı. Bizim bu
milli dirçəliş, milli oyanış, milli
özünütanıma prosesində “Qobustan”ın
rolu çox böyük olubdur. Bunu o vaxtlar bəziləri, bəlkə
də dərk etmirdilər. Bəlkə indi də bəziləri
o qədər də dərk edə bilmir. Amma mən
bunların hamısını daim izləyirdim və hər bir
belə tədbirin həyata keçirilməsi
üçün lazımı şərait yaradırdım”.
Və ən
nəhayət, onu da qeyd etməliyəm ki, ustad Anarın kino fəaliyyəti
də daima müxtəlif maneələrlə
qarşılaşıb. Misal üçün, elə “Dədə
Qorqud” filmi çəkilməzdən öncə
qorqudşünas alim onun ssenarisi barədə 20 səhifəlik
etiraz yazıb, əsərin çəkilməsinə mane
olmaq istəyirmiş. Film çəkildi və o zaman, bəlkə
elə indi də yalnız dar dairədə, alimlərin xəbəri
olan möhtəşəm ədəbi abidəmiz, «Kitabi-Dədə
Qorqud» dastanımızı geniş tamaşaçı
kütləsinə tanıtdı. Həmçinin bu film
yasaqların bol olduğu zamanda xalqın milli kimliyini dərki
yolunda mühüm addım hesab edilir.
“Cavid ömrü” filminin çəkilməsinə də mane olmaq istəyənlər tapılıb. “Sübhün səfiri” filminin ssenarisi haqqında isə tarixçi alim mötəbər ünvanlara 37-ci il siyasi donosları səpkisində uzun bir məktub yollayıbmış. İndi illər keçdikcə bu əsərlərin də, ekran işlərinin də dəyəri artır. «Cavid ömrü» (rej:Ramiz Həsənoğlu) İMDB film platformasında illərlə ən çox izlənən Azərbaycan filmi seçilir. Böyük ideyaları və sənətkarların taleyini anlamaq, yeni nəsillərə çatdırmaq üçün ən gözəl məxəzə çevrilir bu əsərlər. Və bir anlıq müəlliflərin keçdiyi yola, apardığı mübarizəyə nəzər salanda söz tapmırsan deməyə...
... Sonra onu da başa düşürəm ki, axı bu əbədi mübarizə ustadın da, onun qəhrəmanlarının da taleyinə yazılıb. Belə olmasa, bu qədər oxunmaz, sevilməzdilər bəlkə!
Beləliklə, qarşınızdakı bu kitabda mövzu və personajlarla bağlı “Ağ liman” povesti, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı və “Təhminənin son sirri” hekayəsiylə birlikdə müəllifin daha öncələr yazdığı və bu silsiləyə aid olmayan “O gecənin səhəri” hekayəsi də daxil edilib. Yazının əvvəlinə QR kodunu yerləşdirdiyim söhbətimizdə bu ardıcıllığı izah edib ustad; “Ağ liman”da Nemətin gördüyü yuxu da, yatağının yanındakı, valideynlərinin sürgün edildikləri Qazaxıstanın xəritəsi də, Dadaşın o vaxt çuğulluq etməyi haqqında xısın söhbətlər də repressiya illərinə açıq işarələrdir. Əsas olan isə budur ki, illərlə irsən keçən qorxu, vahimə hissi personajların daima duyduqları tənhalığın səbəblərindəndir. “O gecənin səhəri” hekayəsinin bu kitaba salınmasının səbəbi və mənası bundadır; vahimə, qorxu içərisində yaşayan insanlardan sonralar Nemətlər, Dadaşlar, Kəbirlinskilər və daha kimlər «yaranacaqdı». Və bu qorxu, əslində, bütün başqa duyğuların bumbuz təməli olacaqdı. Məhz buna görə müəllif köhnə hekayəsinə yalnız bir abzas əlavə edib. Hekayədə hökmən həbs olunacağını gözləyən köhnə partiya işçisi Qurbanın bu abzasda familiyası Namazov kimi göstərilir və bu, “Ağ liman”dakı Nemətin atası olmasına işarədir. Beləliklə, aydın olur ki, 37-ci ilin dəhşətlərini keçmiş adamların övladları genetik yaddaşlarında bu qorxuları yaşadıqlarına görə içinə çəkilmiş təkliyə məhkum olunmuş tənha insanlardır.
Ümumiyyətlə, daha öncə qeyd etdiyim kimi, “tənhalıq tilsimi” yazıçının, demək olar ki, bütün yazılarından qırmızı xətlə keçən ovqatdır. “Ağ liman”da Nemətdən başqa Təhminə də, Məmməd Nəsir də, Səftər dayı da yalqızdırlar. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə Təhminə tənhalığını məhəbbət illüziyasıyla ovutmağa çalışır. Bununla da əsərin əsas mövzusu, ideyası bəlli olur; azad olmayan cəmiyyətdə azad insanın – Təhminənin faciəsi...
«Tənhalıq» mövzusunu kod olaraq götürsək, elə yada saldığım nə qədər personajlar göz önünə gələr; “Dantenin yubileyi”ndə Kəbirlinski iş yerində də, teatrda da, ailəsində də tənhadır. “Keçən ilin son gecəsi”ndə dörd övlad anası Həmidə xala da Yeni ili təklikdə qarşılayır. “Otel otağı”nın qəhrəmanı özgə şəhərdə, ucuz mehmanxana nömrəsində yalqızlıq içində can verir. “Əlaqə” povestində Tələbə metafizik tənhalığa məhkumdur. «Əcəl» və “Vahimə” povestlərinin qəhrəmanları izahsız dünya qarşısında aciz, tənha və yalqızdırlar. “Ağ qoç, qara qoç” povestinin bir ailənin üç müxtəlif zonaya düşmüş üzvləri hərəsi bir cür tənhadır. «Gürcü familiyası» hekayəsindən “kamikadze” Əsmər də zahiri rifah, uğurlu ailə həyatının içində təkdir, “Mən, sən, o və telefon” hekayəsində Mədinə də, ikiləşən Seymur-Rüstəm də tənhalıqlarını təsadüfi telefon danışıqlarıyla, yaxud uzaq təyyarə səsiylə ovutmağa çalışırlar. “Gözmuncuğu”nun ikiləşən Əhrimanının iki varlığı da tənhalıq içindədir... İlk gənclik yazılarından başlayaraq və bütün yaradıcılığı boyu davam edən tənhalıq ovqatı yazıçının son vaxtlarda qələmə aldığı əsərində “Qatardan qalan adam” hekayəsində bədbin bir finalla tamamlanır. Aktiv işgüzar həyatla yaşayan, uğur qazanmış və daha da böyük uğurların ərəfəsində olan insan birdən-birə, kül kimi havaya sovrulub gedir. Kimsəsiz. Soraqsız. İtirib-axtaranı olmadan. İnsan dünyaya tək gəldiyi kimi, dünyadan tək gedir.
Ön sözümün sonuna yaxınlaşdıqca düşünürəm, bəlkə əslində ustad Anarın müxtəlif qəhrəmanlarının da, şəhərinin də taleyinə səpələdiyi və ən fərqli üsullarla çatdırdığı Təklik, yalqızlıq ideyası xoşbəxtliyin açarıdır, kim bilir! Bu həqiqətlə barışdığın, onu qəbul etdiyin andan azadlıq, deməli, Xoşbəxtlik başlayır!
PƏRVİN
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, ¹5.- S.6-7.