Gözəllər bəxtəvər deyil, bəxtəvərlər
gözəldir
Rəna Rüfətqızının "Ay işığı"
romanı barədə düşündüklərim
Rəna Rüfətqızının yaradıcılığı
müasir Azərbaycan ədəbiyyatında motivasiya, psixoloji özünüdərk və şəxsi inkişaf mövzularının bədii ifadəsi baxımından
özünəməxsus yer tutur. İki
kitab müəllifi olan yazarın həm Azərbaycan, həm də
Qərb mediasında, eləcə də sosial şəbəkələrdə
fəal olması onun oxucu auditoriyası ilə birbaşa
ünsiyyət qurmasına imkan verir. Eyni zamanda,
"Aesthete" sağlamlıq jurnalının təsisçisi
və baş redaktoru kimi fəaliyyəti müəllifin
publisistik üslubunu genişləndirir. Jurnalda təqdim olunan
mövzular - insanların özünü və ətrafını
sevməsi, "sağlam bədəndə sağlam ruh
olar" prinsipi əsasında həyat tərzi - müəllifin
şəxsi fəlsəfəsini və
dünyagörüşünü əks etdirir.
Rəna
Rüfətqızının 2022-ci ildə nəşr olunmuş "Şans,
yoxsa iradə?" adlı kitabı daxili inkişaf, iradə
gücü və mənəvi təkamül
mövzularını sistemli və ardıcıl şəkildə
izah etməsi ilə oxucular tərəfindən böyük rəğbətlə
qarşılanmışdı. Kitabda "Pis vərdişləri
yaxşı ilə əvəz etmək", "Özünəinam",
"Mənəvi keyfiyyətlərin inkişafı",
"Qəzəbə nəzarət", "Komplekslərdən
azad olmaq" və digər mövzular sistemli şəkildə
təhlil olunur. Bu isə müəllifin yanaşmasının
elmi əsaslara söykəndiyini, analitik düşüncə
tərzinin isə yetkinliyini nümayiş etdirir. Bu
baxımdan, Rəna Rüfətqızının
yaradıcılığı həm də insanın daxili
potensialının reallaşdırılması,
özünüsevmə və özünəgüvən
anlayışlarının psixoloji, sosial və mədəni
aspektlərdən izahına yönəlmiş çoxşaxəli
tədqiqat nümunəsi kimi dəyərləndirilə bilər.
Mən bu yazımda Rəna xanımın bədii nəsrindən
- "Ay işığı" romanından danışmaq
istəyirəm. Romanda müəllif insanın öz daxili
işığını tapması, qaranlıqla mübarizəsi
və nəhayət, ruhi sabitliyə qovuşması kimi
mövzuları simvolik müstəvidə açır. Əsərin
qəhrəmanı Ayşa, iş həyatında uğur
qazanmış, ali təhsilli və güclü iradəyə
malik bir xanımdır. Lakin şəxsi həyatı,
xüsusilə, sevgi münasibətləri baxımından
çətinliklərlə doludur. Qəhrəmanın
atası dünyasını erkən dəyişmiş, onu
anası tərbiyə etmişdir. Bu psixoloji fon əsərdə
Ayşanın daxili mübarizəsini və şəxsiyyətinin
formalaşmasını dərinləşdirir.
Romanın əsas mövzularından
biri sosial bərabərsizlik və onun
şəxsi münasibətlərə təsiridir.
Ayşanın sevgi münasibətləri imkanlı ailənin
oğlu Zeyn ilə bağlıdır, lakin bu münasibət həm
sosial fərqlər, həm də bəzi xarakterlərin
müdaxiləsi səbəbindən çətinliklərlə
üzləşir. Bu elementlər müəllifin hadisələri
yalnız şəxsi dram kimi deyil, həm də sosial kontekstdə
izah etmək bacarığını göstərir.
Bədii
quruluş baxımından
əsər həm lineer, həm də
qeyri-lineer xronologiya ilə irəliləyir və qəhrəmanın
iç dünyasına fokuslanır. Ayşanın
qarşılaşdığı maneələr və daxili
konfliktlər onun psixoloji portretini və sosial mühitin təsvirini
ortaya qoyur, eyni zamanda müəllifin analitik və
müşahidəçi bacarıqlarını nümayiş
etdirir. Bu baxımdan əsər oxucu üçün
maraqlı olmaqla yanaşı onu düşünməyə
vadar edir.
Rəna
Rüfətqızının dili sadə, poetik və
axıcıdır. O, bədii təsvirlərlə psixoloji
müşahidələri ustalıqla birləşdirərək
oxucu ilə emosional əlaqə yaradır. Romanın strukturu,
hadisələrarası keçidlər və dialoqlar isə mətnə
həm dinamika, həm də ritmik axıcılıq
qazandırır. Müəllifin esse üslubundan gələn
analitik yanaşması personajların düşüncə xəttini
daha aydın və əsaslandırılmış şəkildə
təqdim edir.
Əsərin mərkəzində duran
qəhrəman Ayşa, gözəlliyi ilə
diqqət çəkən bir xanım olsa da, sonda gözəlliyin
xoşbəxtlik gətirmədiyini dərk edir. Müəllifin
əsərdə istifadə etdiyi psixoloji dialoqlar - qəhrəmanın
özü ilə etdiyi daxili monoloqlar - oxucunu Ayşanın mənəvi
sarsıntılarına və həyat dərslərinə
yaxınlaşdırır. Məsələn: "Bəzən
eşitmək istədiyin, amma yalan hesab etdiyin söz belə səni
sağalda bilər. Dürüstlük acıdır, amma
realdır. Bir dəfə incidir, sonra qaysaqlanır və bir
daha qanamır. Lakin onu qəbul etmək üçün cəsarət
lazımdır." Və yaxud "Ən şəxsiyyətsiz,
ən mənəviyyatsız insan belə bir anın içində
qəhrəman ola bilər. Amma hər kişi ləyaqətli
ola bilməz. Ləyaqətli olmaq üçün bir
ömür lazımdır". Və ya "Hə, nə
olsun ki, gözələm, nə olsun axı" kimi
düşüncələr oxucuya yalnız xarici hadisələri
deyil, həm də qəhrəmanın daxili dünyasını,
sosial və şəxsi reallıqları əyani şəkildə
göstərir. Bu xüsusiyyət, həmçinin müəllifin
fikirlərini real həyatdan götürərək oxucuya əyani
şəkildə göstərmək bacarığını
ortaya qoyur. Mənim bir zamanlar yazdığım "Gözəllər
bəxtəvər deyil, bəxtəvərlər gözəldir"
başlıqlı essemi xatırladan Ayşa obrazı ilə Rəna
Rüfətqızı düşüncələri yalnız
sözlə deyil, həm də bədii təsvir vasitəsilə
ifadəetmə qabiliyyətini nümayiş etdirir.
Rəna
Rüfətqızının romanında diqqət
çəkən məqamlardan biri də obrazların həyat
təcrübəsi nəticəsində xarakterlərində
baş verən dəyişikliklərdir. Xüsusilə, mənfi
obraz kimi təqdim olunan Ceyrin (Ayşanın rəfiqəsi)
romanın sonlarına doğru həyatın
reallığını dərk edir, etdiyi pisliklərə
görə peşman olur və daxili ağrı və əzablarını
açıq şəkildə ifadə edir. Həyatla
barışmayan, etdiyi səhvlərdən yorulan və
Ayşanın sevdiyi oğlanla ailə qurmasından sonra
sevginin pulla ölçülmədiyini dərk edən Ceyrin,
bu prosesdə dərin psixoloji böhran və
çıxılmazlıq yaşayır. Nəticədə o,
ata-anasına, əri Zeynə, rəfiqəsi Ayşaya və həyata
ünvanladığı məktublarla daxili iztirablarını
ifadə edərək həyatla vidalaşır. Ayşaya
yazdığı məktubdan: "Ayşa, səssiz
ağlamaq bilirsən, nədir? Səssiz ağlamaq...
hıçqırıqsız... sözsüz, sadəcə
ağlamaq. Otağın qaranlıq bir küncünə
sürünmək... Gecə... hamı yatarkən... ruhun belə
səni görmür, eşitmir. Bilmir ki, sən həqiqətən,
belə kiçik, müdafiəsiz və zəif məxluqsan..."
Bu son məktub, son üzrxahlıq göstərir ki,
başqalarını sevməyən insan da həyatın
ağır reallığı ilə üzləşdikdə
daxili yanğı və əzab yaşayır. Ceyrinin dəyişimi,
iç sarsıntısı və
peşmançılığı əsərin psixoloji dərinliyini
artırır, oxucuda həm empatiya, həm də insan təbiətinə
dair refleksiya yaratmağa xidmət edir.
Bu məktublar arasında xüsusilə diqqət çəkən isə
məhz həyata ünvanlanmış məktubdur. Məktubda
Ceyrin duyduğu kədər və hiddəti sanki bütün
bədbəxtlərin dili ilə yazır: "Nə qəribəsən
sən, həyat. Yaşadırsan yaşatmağına, amma
içimizə elə bir hiss salırsan ki, sevmədən-sevilmədən
yaşaya bilmirik... Mənə hər şey verdiyin, amma illər
uzunu özümü heç nəsiz hiss etdiyim
üçün günahkarsan! Səni
bağışlamayacam. Və içimdə olan dərdimi
heç kimə danışa bilmədiyim üçün səni
bağışlamayacam. Səni qoyub gedirəm, bunun nə qədər
ağır olduğunu hiss etməyin üçün səni
qoyub gedirəm". Bu məqamda bir anlıq dayanırsan və
özün-özünə sual verirsən: Ən böyük
intiqam sadəcə getməkdir? Və əsərin təsiri
altında elə özün-öz sualına cavab da verirsən.
"Bəli, ən böyük intiqam sadəcə getməkdir!"
Ceyrinin bu məktubu mənə Tolstoyun "Anna Karenina"
romanının açılış cümləsində yer
alan fikirləri xatırlatdı: "Bütün xoşbəxt
ailələr bir-birinə bənzəyir, hər bədbəxt
ailə isə öz bədbəxtliyində fərqlidir".
Eyni zamanda bu məktub mənfi obrazın iztirablarını və
həyatla mübarizəsini oxucuya hiss etdirir və onu sadəcə
tənqid obyektinə çevirmir, qəhrəmanın
xarakterindəki çatışmazlıqların haradan
qaynaqlandığını izah edir. Müəllif
özünün yaratdığı bu mənfi obraza
qarşı şəfqət və anlayışla
yanaşır, oxucuya isə insan təbiətinin mürəkkəbliyini
dərinliklə hiss etdirməyi bacarır və sübut etməyə
çalışır ki, əslində pis insan yoxdur, həyatın
pisliyə doğru dəyişdirdiyi çarəsizlər var.
Romanın ən təsirli
aspektlərindən biri ana-ata sevgisinin,
övlada bağlılığın, ailə institutunun mənəvi
dayaqları kimi təqdim olunmasıdır. Əsərdəki
ana obrazı həm qəhrəmanın psixoloji dayağı,
həm də romanın emosional dinamikasını
formalaşdıran əsas mərkəzlərdən biridir. Fədakarlıq,
sədaqət və mənəvi dözümlülük
motivləri müəllifin incə bədii müşahidələri
ilə tamamlanaraq mətnə lirizm və həyat fəlsəfəsi
qatır. Bununla yanaşı, müəllif valideyn-övlad
münasibətlərinin mürəkkəbliyindən də
söz açır. Çoxumuzun ehtiyat etdiyi bir məsələyə
toxunan və aydınlıq gətirən yazar qeyd edir ki,
valideynlər, hətta ən yaxşı niyyətlə,
övladlarının həyatına qarışaraq onları
bədbəxt edə bilərlər: "Anaların ən
böyük arzusu övladlarının xoşbəxtliyidir. Təəssüf
ki, ana-ataya xoşbəxtlik kimi görünən bəzi məqamlar
hərdən övladlara xoşbəxtlik gətirmir". Bu
fikirlər müəllifin psixoloji müşahidə qabiliyyətini
və ailə münasibətlərini dərindən təhlil
etmək bacarığını göstərir. Oxucu burada
yalnız xarakterlərin davranışlarını izləməklə
qalmır, həm də valideynlərin və övladların
psixologiyası arasındakı ziddiyyətləri görür
və bu məsələ üzərində düşünməyə
təşviq olunur.
Əsərin sonunda qəhrəmanımız
Ayşa azadlığını tapır və
bu azadlıqdan sonra həqiqi xoşbəxtliyə
çatır. Romanda vurğulanan ideyalardan biri də budur:
xoşbəxtlik azad olmaqdır.
Rəna
Rüfətqızının əsərində yalnız
qəhrəmanın həyat hekayəsi deyil, eyni zamanda müəllifin
şəxsi həyat dərslərindən və
müşahidələrindən əldə etdiyi fikirlər də
önəmli yer tutur: "Ümid bədbəxtlərin ikinci
ruhudur", "Sevgi insan ruhunun xəstəliyidir, həm də
xoşbəxtliyi", "İtki ölümdən
ağırdır. Çünki ucunda ümid var. Və hər
dəfəsində ümidin boşa çıxması
var.", "Cismə toxunmaq hər kişinin işidir, ruha
toxunmaq isə ürək istər", "Xoşbəxtlik
sevgi deyilmiş, xoşbəxtlik var-dövlət də
deyilmiş, xoşbəxtlik azad olmaq imiş", "Ümid
həyatda ən son bitən hiss, sevgi sağalmayan ruhi xəstəlikdir",
- bu qənaətlər həm psixoloji, həm də fəlsəfi
baxımdan əsərə dərinlik qatır.
İxtisasca həkim olan müəllifin tibbi biliklərdən
ustalıqla istifadə etməsi romanda həm maarifləndirici,
həm də realist təsvir qatının formalaşmasına
xidmət edir. Zərərli vərdişlərin insan
sağlamlığına təsirinin elmi əsaslarla izah edilməsi
bədii mətndə informasiya balansını yaradır və
müəllifin bu sahədə də peşəkarlığını
ön plana çıxarır.
"Ay işığı" romanının
digər seçilən özəlliyi Rəna
Rüfətqızının Avropa ölkələrinə
etdiyi səyahətlərin təsviri-estetik səviyyəyə
yüksəldilməsidir. Müəllif burada sadəcə məlumat
təqdim etmir, Avropa şəhərlərinin mədəniyyətini,
tarixi memarlığını və həyat ritmini həm təsvirçi
realizm, həm də müşahidə prizmasından təqdim
edərək, mətnə faktoloji zənginlik və bədii
dinamika əlavə edir.
Rəna
Rüfətqızının rəngarəng daxili aləmi
həm publisistik üslubunda, həm nəsrində, həm də
yaratdığı rəsm əsərlərində əks
olunur və bu, onun çoxşaxəli yaradıcılıq
imzasının formalaşmasına şərait yaradır.
Beləliklə, "Ay işığı" romanı Rəna Rüfətqızının
həm psixoloji, həm sosial, həm də estetik baxımdan məharətlə
qələmə aldığı bir əsərdir.
İradə AYTEL
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, №5.- S.17.