Mən bir diriyəm,
etdi məni dəfn təsadüf...
Avropada
belə taleyi yaşayan şairləri lənətlənmiş
şairlər adlandırırlar. Amma Hadi lənətlənmiş
şairlər zümrəsinə aid deyil. Hadinin
qarşısında zəmanənin özü
günahkardır. Yeniyetməlik çağlarından
öldüyü günə qədər, hətta
ölümündən sonra da Hadi əzab çəkir.
Qırx illik ömrünün xoş keçən illəri
barmaqla sayıla biləcək qədər az olub. Azərbaycan
Cümhuriyyətinin ilk məfkurəvi şairi olsa da,
bioqrafiyası tam araşdırılmayıb. Bundan sonra da
çətin araşdırıla. Harda, hansı səbəblə
öldüyü təxminlərə əsaslanır.
Mübahisəli qəbri üç dəfə
açılıb... Haqqında yazılan xatirələrin əksəriyyətində
küçələrdə sərgərdan və sərxoş
gəzir. Xatirələrdəki burulğanlardan xilas edilməsinin
zamanı isə çoxdan çatıb. Amma bunu necə etmək
olar?
Haqqında nə biliriksə,
Əbülqasim Əminzadənin xatirələrindən,
bir də Seyid Hüseynin 1923-cü ildə "Maarif və mədəniyyət"
jurnalında yazdıqlarından ibarətdir. Seyid Hüseyn
Hadinin vəfatından üç il sonra qələmə
aldığı "Ədəbiyyat tariximizdən" məqaləsini
bu sözlərlə başlayır: "Nə zaman və nerədə
vəfat etdiyi məlum olmayan Əbdülsəlimzadə Məhəmməd
Hadi bir vaxt Azərbaycan ədəbiyyatında mühüm bir
mövqe tutmuşdur. Hazırda xalqımız Hadini unutmuş
kimidir".
Melanxolik
tale müqəddiməsi...
Evin əziz-xələfi
olub. İki bibisi balaca Hadini qucaqlarından yerə
qoymayıblar. 10 yaşı olanda atasını itirib, anası
Hadini və iki bacısını atıb başqa kişiyə
ərə gedib. Ata-ana qayğısından məhrum olan
üç balaca uşaq nənələri Təyyibənin
himayəsinə sığınıblar. Təyyibə də
vəfat edib. Üç uşaq pərən düşüb.
Hərəsi bir qapıda, onun-bunun ümidinə qalıb. Hadi
əmisinə sığınıb. Sonra əmisini itirib.
Bundan sonra sevdiyi əmisi qızı Əminəni də
anası yeni ailə qurduğu adamın oğluna verib. Hələ
üstəlik, əmiqızının nikah mərasimində
şahid qismində Hadini dəvət ediblər. Əminə
xanım Hadi ilə evlənməməsinin səbəbini
sonralar belə izah etmişdi: "Səbəb onun
kasıblığı və kimsəsizliyi idi".
Ömrünün sonuna qədər ailə qurmayıb. Həyatını
qarışıq xəyallar qoynunda yaşayıb: "Bir
fatiheyi-nazini fırlat da, güzar et, / Ehya elə, ruhum, məni
həmtalər içində. / Vardır şu yatan kimsələrin
fatihəxani, / Mən kimsəsizəm xaki-siyəhzalər
içində".
Sonra da Şamaxıda zəlzələ.
Yurdu viran qalır. "Qarlı, şaxtalı havada adamlar
çöllərə düşür, doğma yurdunu tərk
etməyə vadar olurlar... Hadi də bu sərgərdan adamlarla
Kürdəmirə gəlir" (Manaf Süleymanov).
Və bu melanxolik tale müqəddiməsi
bütün həyatına yansıyır.
Əli
bəy Hüseynzadə amili
Hadinin tərcümeyi-halında
ziddiyyət yaradan səbəblərdən biri, bəlkə də
ən başlıcası Azərbaycan sovet ədəbiyyatşünaslığının
Əli bəy Hüseynzadə ilə barışmaz münasibəti
olub. Sovet dövrü ədəbiyyatşünaslığı
Hadinin bütün "qüsurlar"ını Əli bəy
Hüseynzadənin adına yazıb. Baxmayaraq ki, Məhəmməd
Hadini ədəbiyyata gətirən, yazdıqlarını təshih
edən, şeir dilini sadələşdirmək naminə ona
tövsiyələr verən Əli bəy Hüseynzadə
olmuşdu. Hadi İlk qonorarını "Həyat"dan, ilk
maaşını "Füyuzat"dan almışdı.
Seyid Hüseyn Əli bəyin 1906-cı ildə Hadiyə
yazdığı məktubun məzmununu təqdim edir: "Həftəlik
"Füyuzat" namında ədəbi bir məcmuə
çıxarırıq. Zati-alilərini də heyəti-təhririyə
(yazı heyətinə) namına qeyd etmişik". Bu məktubla
kəndisinə 75 rüblə maaş təyin edildiyi də
qeyd edilibmiş". Buna rəğmən, Əziz Mirəhmədov
"Məhəmməd Hadi" monoqrafiyasında
"Füyuzat"ın guya Hadiyə zərərli təsirlərini
ayrıca paraqrafda araşdırır: "Güman etmək
olar ki, Hadi başqa bir mühitə düşsə idi, onun
dünyagörüşü ardıcıl olaraq mütərəqqi
istiqamətdə inkişaf edəcək, oxuduğu nəğmələrdə
"xaric səslər" get-gedə azalacaq idi.
"Füyuzat" mühiti belə bir inkişaf
üçün əsla münasib deyildi". Bunu deyən Mirəhmədov
monoqrafiyasının başqa bir səhifəsində Hadinin
"Bir əməlim" şeirinin üzərində
xüsusilə dayanır və bu şeiri "Hadi
poeziyasının başlıca ideya-estetik əsasının
yüksək bədii ifadəsi, şairin proqram səciyyəli
əsəri" olaraq yüksək dəyərləndirirdi.
Amma xatırlatmırdı ki, həmin şeir 1907-cı ildə
elə "Füyuzat"ın 15 mart tarixli sayında dərc
olunub və:
Ey vətən!
Ey pəriyi-vicdanım!
...Səni sevmək deyilmi imanım?
-
misralarının da keçdiyi "Bir əməlim"
şeiri ilə Azərbaycan poeziyasında Vətən
estetikası gəlişməyə başlayıb. Hadinin
poeziyaya və ümumiyyətlə ədəbiyyata gəlişi
ilə Vətən sevdasının estetik ahəngi və rəngi,
ictimai məzmunu müəyyənləşib.
Əli bəy Hüseynzadə 26
yaşlı cavan dostunun qələmindəki qüdrəti
böyük yazıçıların qələmi ilə
qiyaslandırır, Məhəmməd Hadi isə 42
yaşlı insanpərvər ustadını "Dahi"
adlandırırdı. Hadinin "Firdovsi-ilhamat" adlanan ilk
kitabında "İzhari-qədrdani" başlıqlı
bir şeir var. Şeir "Ədibi-xəluq" Əli bəy
Hüseynzadəyə ithaf olunub. Hadi ustadına
"böyüksən, ən böyüksən", deyə
xitab edir. Hadinin şeirində Vətən Əli bəy
Hüseynzadədən mədət istəyən bir Kərbəla
şəklində simvollaşır.
Abdulla Şaiq yazır: "Əli bəy Hüseynzadə o vaxta qədər
bir beyt belə yazmamış olan Hadini dilləndirdi". Həmin
məqaləsində Şaiq həm də belə yazır:
"Hadi zəmanənin qabaqcıl ziyalıları ilə
oturub-dursaydı, şübhəsiz, dövrünün daha
böyük şairlərindən biri olardı. Lakin Hadi
yaradıcılığının lap əvvəlindən
"Füyuzat" mühitinə düşdü". Dili qəlizdirsə
- səbəbi "Füyuzat"dır. Guya sərxoşluq xəstəliyinə
tutulub, bunun da səbəbi yenə "Füyuzat"dakı
mühitdir.
Əsərlərinin
bütün nəşrlərində unudulan
"Övraqi-pərişan arasında"
1907-ci ildə
"Dəbistan" jurnalının 4-cü sayında dərc
olunmuş "Olmasın" rədifli qəzəlinin əvvəlində
yazdığı "Övraqi-pərişan arasında"
başlıqlı təqdimat nə üçünsə,
sonrakı bütün nəşrlərində -
"Seçilmiş əsərləri"ndə də,
"Əsərləri"nin külliyyatında da
unudulmuş və çap olunmamışdır.
"Övraqi-pərişan arasında" adlı mətndə
Hadi bildirirdi ki, "Bir gecə idi, saat iki radələrində
dövri-həyatın ən parlaq və şəşəəli
zəmanı bulunan əyyami-səbavətimi (uşaqlıq
çağlarımı) dər xatir etmişdim. Şöylə
ki, həngami-səbavətimdə (uşaqlıq
çağlarımda) qaraladığım bir xeyli əski-üski
vərəqləri qarışdırmaya yönəlmişdim.
Birdən-birə, kim bilir - neçə sənə bundan əqdəm
söylədiyim bu əşarim nəzərə yetişdikdə
məhv olub getməsin fikrilə "Dəbistan" cərideyi-müfidəsinin
sütuninə dərci münasib görüldü".
"Gülşəni-aləmdə bir gül varmı bixar
olmasın? / Hansı bülbüldür cəfayi-xardan zar
olmasın?" Hadi bu şeiri, özünün dediyinə
görə, həngami-səbavətində (uşaqlıq
çağlarında) qələmə alıb. Şeir 1907-ci
ildə dərc olunsa da, onu Hadinin ilk şeirlərindən biri
kimi qəbul etməliyik. Seyid Hüseyn isə bildirir ki, Hadi 25
yaşına qədər şeir yazmayıb. Amma Hadi
özü bu şeiri "həngami səbavət"ində,
yəni uşaqlıq çağlarında
yazdığını iqrar edir...
Hadi
Türkiyədə, yaxud Rza Tevfiq amili...
Hadi
1910-cu ildə Türkiyəyə gedir. Eyni ildə Əli bəy
Hüseynzadə də Azərbaycandan İstanbula
köçmüşdü. Türkiyəli hadişünas
Mehdi Gəncəlinin 2011-ci ildə İstanbulda nəşr
etdirdiyi "Azerbaycanlı Şair Mehemmed Hadi" kitabında
diqqətimi ilginc bir məqam cəlb etdi. Gəncəli
yazır ki, "Ustad ilə mənəvi şagirdi, 1910-cu ildə
İstanbula, həqiqi Dərsəadətə, aşiq
olduqları hürriyyətin paytaxtına gedirlər". Bir
yerdə getdiklərini güman etmək olarmı, bilmirəm.
Bəlkə də...
Gəncədə Əli Nəzminin
evində Salman Mümtaza İstanbul xatirələrini
anladarkən məlum olur ki, Hadinin İstanbuldakı
xeyirxahı Rza Tevfiq imiş:
Hadi
İstanbuldan edirdi söhbət,
Heç
kəsdən görməmiş
orada hörmət.
Ancaq Rza Tevfiq filosof,
müdam
Etmişdi Hadiyə artıq
ehtiram.
"Uyğunsuzluqları" atmış
keçmişə,
Hadini düzəltmiş yüngül
bir işə.
Həm də müdafiə etmişdir daim,
Bunu ondan başqa etməmiş heç kim.
Hadi sitayişlə bəhs edir ondan
- Təkdir İstanbulda, -
derdi, - bu insan!
Təbii
ki, Rza Tevfiq Hadini ən azı "Füyuzat"dakı
şeirləri ilə çoxdan tanımalıydı. Yaxud
Darülfünunda bir yerdə təhsil aldıqları
yaxın dostu Əli bəy Hüseynzadənin
araçılığı ilə Rza Tevfiq Hadiyə həyan
ola bilərdi.
Hadi
1914-cü ildə İstanbuldan
qayıtmış və yuxarıda da
xatırlatdığım kimi, Gəncədə dostları ilə
söhbət əsnasında Rza Tevfiqi şükranlıq və
sitayişlə, qibtəylə anmışdı. Rza Tevfiqin
yardımı ilə İstanbulda işə düzəlməsindən,
Rza Tevfiqin İstanbulda yeganə güvənilir insan olmasından,
onu qorumasından bəhs etmişdi. Belə çıxır
ki, Hadinin İstanbulda "Tanin" qəzetinə işə
düzəlməsinin də səbəbkarı Rza Tevfiq olub.
Rusiya türklərinin Rza Tevfiqlə əlaqəsi isə, adətən
Əli bəy Hüseynzadə vasitəsilə gerçəkləşirdi
və bunu Rza Tevfiqin özü də Ammandan dostu Rza Turquta
yazdığı məktubda xatırlatmağa ehtiyac duyurdu. Bu
barədə "Cavidnamə" kitabımda ətraflı
yazmışam...
Əziz
Mirəhmədov "Məhəmməd
Hadi" əsərində Əli Nəzminin
yuxarıda adıkeçən şeirinin yalnız ilk iki
misrasını ("Hadi İstanbuldan edirdi söhbət, /
Heç kəsdən görməmiş orada hörmət")
sitat gətirməklə kifayətlənir, Rza Tevfiqlə
bağlı misraların üzərindən sükutla
keçir. Əvəzində Rza Tevfiq haqqında əsası
olmayan qəribə məlumatlar verir: "Rza Tevfiq jandarm idarəsində
işə girib, inqilabçı fəhlələri
döydürürdü". Amma istər 1907-10-cu illərdə
Cavidi, istərsə də 1910-13-cü illərdə Hadini
himayə edən Rza Tevfiq Osmanlı Məclisi-Məbusanının
üzvü idi. Eyni zamanda, Osmanlının ən seçkin
şairlərindən sayılırdı. Üstəlik,
İstanbul Darülfünununda fəlsəfə professoru idi.
Bir professor, incə ruhlu bir şair, Məclisi-Məbusan
üzvü jandarm idarəsində işə girib fəhlələri
niyə döydürməliydi ki?!
Hadinin
İstanbul dövrünü araşdıran heç kəs Rza Tevfiq amilinin
üzərində dayanmır. Halbuki, Rza Tevfiqsiz Hadinin
İstanbul dövrü bütün hallarda tamamlanmamış
qalır. Bu barədə bir qədər sonra...
"Dekadent
şair" Əhməd Kamal
Hadinin
bioqrafiyasında Əhməd Kamalın müstəsna yeri var.
Əhməd Kamalla dostluğu sovet ədəbiyyatşünaslığında
sanki Hadinin zəif tərəfidir. "Ə.Kamal
gənc, istedadlı, filosof təbiətli şairin
yaradıcılığında və təbiətində olan
müsbət cəhətləri inkişaf etdirmək bir yana,
Hadini əvvəlkindən də gərgin, böhranlı bir vəziyyətə
saldı: onun həm ideya, bədii zövq cəhətindən,
həm də həyat tərzi etibarilə düzgün,
aydın bir yol tutmasına çox ciddi əngəl oldu".
Guya sərxoşluğa meyil etməsi də Əhməd
Kamalın təsiri ilə olub. Əhməd Kamalı Əli bəy
Hüseynzadə Türkiyədən Bakıya dəvət
etmişdi. "Füyuzat"da Hadi ilə bir yerdə
çalışırdı. Dost idilər. Əhməd Kamalın
Azərbaycan ədəbi tənqidinin gəlişməsində,
poeziyamızda yeni estetik meyillərin pərvəriş
tapmasında danılmaz xidmətləri var. Hadi ilə bu həssas
və incə zövqlü şeir bilicisinin dostluğu sona qədər
davam edir.
1911-ci ildə Əhməd Kamal
Azərbaycan naşirləri, redaktorları ilə bir yerdə
həbs olunanda bunu Türkiyə cəmiyyətinə
"Türklərə məzalim" məqaləsində
Əhməd Ağaoğlu və "Qafqaz xatirələri"
məqaləsində Məhəmməd Hadi
çatdırdı. Məhəmməd Hadi "Tənin"
qəzetində yazırdı: "Tam bu parlaq, bu əməlfüruzi-istiqbal
olan zamanlarda idi. Əli bəyin təhti-müdiriyyətində
bu gün ancaq namı yaşayan "Füyuzat" məcmueyi-ədəbiyyəsi
nəşr olunurdu. Naçiz də heyrəti-təhririyyəyə
daxil idim. Təsadüf bizə hür fikirli bir qələm
arkadaşı göndərmişdi. O, şimdi zindani-əsarətdə
yaşayır - Əhməd Kamal. Bu arkadaş da bizimlə
birlikdə çalışır, məhsuli-fikriyyəsini
evraqi-"Füyuzat"a nəşr edirdi... Bakı qəryələrindən
olan Balaxanıda millət tərəfindən güşad edilən
məktəbə müdir təyin olunaraq iki sənə ərzində
əhalini məmnun edəcək müvəffəqiyyətlər
göstərdi. Bir çox münəvvər dimağlar
yetişdirdi. Aqibət bu məktəbə də sair məkatibi-islamiyyə
kimi şayani-tətil görüldü... Məktəbin tətilindən
sonra ərbabi-şəbabın arzusuyla son zamanlar tətil edilən
"Yeni füyuzat" məcmuəsinin sərmühərrirliyində
bulunurdu. Şimdi arayişi-zindani-əsarətdir".
"Füyuzat"da Füyuzati
imzasilə "Həsbi-hal,
yaxud bizim Hadinin iztirabı" adlı bir şeir var. Şeir
Hadi ilə dialoqdur və burda Əli bəy Hüseynzadənin
"Məcnun və Leylayi-islam" məqaləsinə də
göndərmələr edilir. Şeirin Əhməd Kamala aid
olduğunu düşünməyə dəyər: "Bu
yanda bir dekadan zülməti xəyalilə / Nəzirəsaz
olur əlvahi-qəsvəti leylə". Əgər belədirsə,
deməli, Hadi barədə ilk bədii parçanın müəllifi
Əhməd Kamaldır.
Sovet ədəbiyyatşünaslığı isə Əhməd
Kamalı "Türkiyədən gəlmiş siyasi
fırıldaqçı", sərxoşluq azarına
tutulmuş dekadan şair adlandırırdı.
Əhməd Kamal Bakıdan Türkiyəyə
döndüyündə bu dəfə də Məhəmməd
Hadi "Əhməd Kamalın vətənə əziməti"
adlı məqalə yazdı... Güman etmək olar ki, Hadinin
Türkiyədəki son illəri həm də Əhməd
Kamalla bərabər keçib. Bakıda olduğu kimi, İstanbulda da ayrılmayıblar.
Hadi
Qərbçilik hərəkatının
təmsilçisi olduğuna
görə
Osmanlıdan sınırdışı edilib. Yaxud Selaniklə
bağlı gerçəklər
Araşdırılmamış, yaxud heç bir qaynağa
istinad edilmədən dövriyyəyə buraxılmış
məsələlərdən biri də onun Selanikdə
sürgündə olması ilə bağlı məlumatlardır.
Hadi Selanikdə sürgündə olubmu? Bunu təsdiq və təsbit
edəcək qaynaq hardadır? Bu barədə İlk məlumatı
Hadinin ölümündən sonra uşaqlıq dostu
Əbülqasim Əminzadə xatirələrində verir.
Sonra Seyid Hüseyn əhvalatı eyni ilə təkrarlayır.
32 il sonra da bu barədə Abdulla Şaiq yazır.
Sürgün həyatı ilə bağlı təxminlər
kitabdan-kitaba ötürülür.
Bəllidir ki, Osmanlı-İtaliya savaşı günlərində Məhəmməd
Hadi Türkiyədə "Tanin" qəzetində
İtaliyanın "abırsız və namərd" hərəkətlərindən
bəhs edən məqalələr yazır və
"Türklər mədəniyyət kisvəsinə
bürünənlərin nasıl kirli qəlbli, vəhşi
niyyətli, yaradılmışların xıltlı
olduqlarını bir daha öyrənmiş oldu. Xəndeyi-mədəniyyətin
nasıl bir qəhqəheyi-fahişanə olduğunu
bütün üryanlığı ilə anladı..."
deyirdi. Qəribədir, eyni mövqe "Tanin" qəzetində
Mehmet Ali Tevfikin də yazılarında bəzən eyni
üslubdadır. O da mədəniyyət kisvəsinə
bürünmüş İtaliyanın viran qalmasını
niyaz edirdi. Məsələ burasındadır ki, Məhəmməd
Hadi də Mehmet Ali Tevfik kimi "Tanin" qəzetinin
yazarıydı və ikisi də Əli bəy Hüseynzadənin
yetirməsiydi. Mehmet Ali Tevfik haqqındakı məqaləmdə
də bildirmişdim ki, Əli bəy Hüseynzadənin
tövsiyəsi ilə İttihad və Tərəqqi Partiyası
Mehmet Ali Tevfik Yüksələni Selanikə göndərmişdi.
O dönəmdə əksər türkçülər - Ziya
Gökalp da, Ömər Seyfəddin də, Abdulla Canip də
Selanikdəydilər. Əli bəy Hüseynzadə də
Selanikdə konfranslar verirdi... Tevfiqin "Turanlının dəftəri"
kitabında bu barədə ətraflı məlumatlar var...
Hadi də Selanikə bu məqsədlə gedə bilməzdimi?
Bir halda ki, Selanikdəki aydınların mürşidi Əli
bəy Hüseynzadə Hadinin ilk xeyirxahı, "Tanin"
mühərrirlərindən Mehmet Ali Tevfik isə yaxın
dostlarından biriydi və Hadi 1910-cu ildə "Tanin"
mühərriri olaraq İstanbulda Tofiq Fikrət haqqında
yazdığı bir məqalədə onun barəsində
"rüfəqayi-məsalikimdən, məktəbi-sultani
müəllimi, "Tanin" mühərrirlərindən
Mehmet Ali Tevfiq bəy" deyə ehtiramla bəhs edirdi...
Bizdə
isə Hadinin ittihatçıllar tərəfindən Selanikə
sürgün edildiyini, hətta sürgündə bazarlıq
edən yunan qadınlarına hamballıq etdiyini yazırlar.
Bunu Seyid Hüseyn də yazıb. Bütün bunları
küçədə təsadüfən Şaiqə rast gələn
"üstü-başı kirli", "yaxası
görünən, alt köynəyi qapqara və
yırtıq" Hadi özü "danışıb".
Sonra da sürgün və hamballıq mövzusu Hadinin
bioqrafiyasına əlavə edilib...
Ümumiyyətlə, Hadiyə münasibət xeyli
düşündürücü və müəmmalıdır.
Onu Türkiyədə, ya istibdad əleyhinə
yazılarına, ya da sərxoşluq etdiyinə görə
dönə-dönə polis idarəsinə
çağırırlar. Məsələn, Cəfər Xəndanın
yazdığına görə, guya Hadi Türkiyə
despotizminə qarşı açıq
çıxışlar edib. Bu işləri üçün
üç dəfə polis idarəsinə
çağırılıb, Nəhayət, bu
çıxışları və şeirlərinə görə
Hadini Selanikə sürgün ediblər. Abdulla Şaiq isə
yazır ki, Türkiyə istibdadına dözməyib yenə
şiddətli şəkildə içkiyə
qurşanıbmış. Dəfələrlə onu sərxoş
halda yaxalayıb polis idarəsinə aparıblarmış.
Başqa
bir versiya isə budur ki, Hadi guya 1913-cü ildə sədr-əzəm
Mahmud Şevkət Paşaya qarşı törədilmiş
sui-qəsddə şübhəli bilinərək Selanikə
sürgün edilib. Əvvəla, o sui-qəsdin
uzaqdan-yaxından Hadiyə heç bir dəxli yoxdur. Digər
tərəfdən, həmin sui-qəsdlə bağlı
şübhəli bilinənləri Selanikə deyil, Sinopa
sürgün edirdilər.
Hadinin Türkiyədə ardıcıl
çap olunduğu "Mehtap" dərgisi
1911-ci ilə qədər nəşr olunub. "Mehtap" qərbçilik
hərəkatının mətbu orqanıydı və Hadi bu
dərgidə qərbçiliyi tərcih edən yazılar
yazırdı və İstanbuldan
uzaqlaşdırılmasına da həmin yazıları səbəb
olmuşdu. Mehdi Gəncəlinin mənə fotosurətini
göndərdiyi məhkəmə qərarnaməsi barədə
ilk dəfə bu yazıda məlumat verirəm. Hərbiyyə
nazirinin və sədr-əzəmin birgə
imzaladığı həmin qərarnamədə Divani-hərb
tərəfindən qapadılan "Mehtab" dərgisində
"Rusiya təbəəsindən olan Qafqasiyalı Məhəmməd
Hadi"nin "Nisvani-islamənin əleyhinə" dərc
etdirdiyi yazının (əslində, müsəlman
qadınların Avropada təhsil almasına
çağıran məqaləsinin - A.T.) fikrən osmanlı
cəmiyyətinə mənfi təsir göstərəcəyi
bildirilir və Hadinin sonrakı fəaliyyətində bunu nəzərə
almasa idareyi-ürfiyyə qərarnaməsinin altıncı
maddəsinə əsasən hüdudi-Osmani xaricinə
çıxarılacağı izah edilir. Qərarnaməyə
nəzarət isə Hərbiyyə nazirliyinə
tapşırılır. Amma qərarnamədə onun Selanikə
sürgün ediləcəyi barədə fikir yoxdur.
Hadinin sürgün tarixini
1913-cü ilə aid edirlər. Bu, necə ola bilərdi ki?
1912-ci ilin noyabrından etibarən Selanik artıq yunanların
nəzarətindəydi... Bir halda ki, yunanlar Selaniki türklərdən
almışdılar, Türkiyə hökuməti onu öz nəzarətində
olmayan əraziyə necə sürgün edə bilərdi? Digər
tərəfdən, 1913-cü ilin mayında İstanbulda nəşr
olunan "Rübab" dərgisində Hadinin "Həqiqət,
ey bəşərin sərmədi ilahəsi, çıx, /
Görün bu zülmətə batmış mühitə
çöhrən açıq" deyə qərbçilik əhvali-ruhiyyəsində
olan bir şeiri dərc olunub. Həmin ilin dekabrında, ya
İstanbulda, ya da Bakıda yazdığı "Cinsi-lətifə"
şeiri "İqbal" qəzetində dərc olunub və
yəqin ki, Hadi bu şeirləri sürgündən yazıb
göndərmirdi... 1913-cü ilin sonunda, ya İstanbuldaydı,
ya da Bakıda. Hər halda, sürgündə deyildi...
Selanikdən
sonra Bakıda
"İqbal"
qəzetinin 19 fevral 1914-cü il tarixli sayında isə onun
"İzhari-təşəkkür" adlı xırda bir
qeydi dərc olunub: "Türkiyədən övdətimdə
Odessaya uğrarkən həmin şəhərin sakini
Şirvanın mötəbəran və tüccarından olan
Məşədi Məhəmməd Əliyev cənabları
insaniyyətin ortaya vəz edə bildiyi məhəbbətin ən
səmimi dərəcəsi ilə mənə ikram etdikləri
kimi, müavinəti-maddiyədə də dəxi
bulunduqlarından qəzetəniz vasitəsi ilə kəndilərinə
ərzi-şükran etməyi rica və istirham ediyorum".
Başqa heç nə. Və həmin xırda qeydində Hadi
"sürgündən qayıdarkən" demir,
"Türkiyədən qayıdarkən" deyir. Hələ üstəlik,
kübar və nazik davranır. Ona qayğı və maddi yardım göstərmiş adama yazılı təşəkkür
etməyi özünə
borc bilir. Əbülqasim Əminzadənin
yazdığına görə,
Məşədi Məhəmməd
Əliyev Hadinin pərəstişkarıymış, "Firdövsi-ilhamat"ı oxuyubmuş
və Hadi onun qonağı olarkən, şairi faytonla dəlləkxanaya, hamama aparıblar. Ona alt və üst paltarları - kostyum, palto və ayaqqabı
alıblar. Beş yüz manat da pul verib yola
salıblar.
Bakıya
isə fərqli bir Məhəmməd Hadi gəlir. Seyid Hüseyn bildirir ki, "1914-cü sənənin
nisan ibtidalərində
Məhəmməd Hadi
Bakıya gəldi...
O, adətən çıldırmış
bir halda bulunurdu. Bakıdakı dostlarının heç birinə yaxın düşmürdü. Pərişan
və səfil halda gəzirdi. Kəndisinə yaxınlaşan
arkadaşları təhqir
edər, "mən kainatın göyündə
bir adamam", deyə çıldırmış
bir halda, sərxoş meyxanələrdə
vaxtını keçirirdi..."
Hadinin eyni günlərdəki halını
Abdulla Şaiq bir qədər fərqli təsvir edir, Seyid Hüseynin təqdimatında ona yaxınlaşan arkadaşları
təhqir edən Hadi Şaiqə özü yaxınlaşır:
"Bir gün küçədən
keçərkən üstü-başı
kirli, halı pərişan bir şəxs əlimdən tutdu. Əvvəlcə tanımadım... O, titrək
bir səslə: - Şaiq, məni tanımadınmı? - deyə
soruşdu... Çəkməsi
yırtıq olduğundan
ayaqları dışarıda
qalmışdı. Və
yaxası görünən
alt köynəyi qapqara
və yırtıq idi... Alt və üst paltarlarını tamamilə dəyişdirtdirdim..."
Bir neçə gün əvvəl şirvanlı
tacir möhtərəm
Məşədi Məhəmməd
Əliyevin təzə
paltarlar geyindirib yola saldığı Hadinin üstü-başı
yenə kirlidir. Ayağındakı da Odessada
geyindiyi təzə ayaqqabısı deyil, yırtığından ayaqları
görünən köhnə
ayaqqabıdır.
Bir sözlə, bu Hadi, o Hadi deyil.
Hələ üstəlik,
hamı Hadiyə yardım edir. Hamı ona təzə
paltarlar alır. Hamı onu hamama
aparır...
Bir də əgər Seyid Hüseynin, yaxud Şaiqin dedikləri həqiqətdirsə,
o zaman Hadi 1914-cü ilin
fevralından oktyabrına
qədər qələmə
aldığı şeirləri,
məqalələri, "Eşqi-möhtəşəm"
və "Şükufeyi-hikmət"
kitablarını hansı
ruh halı ilə yazıb nəşr etdirib?
Əsərlərinin bütün nəşrlərində unudulan
"Şərqin yeganə filosofu Rza Tevfiq
bəyə" ithafı
1914-cü
ildə Hadi "Ümid səhneyi-tamaşayi-həyatın
ruhudur" şeirini Rza Tevfiqə həsr etsə də, istər "Seçilmiş əsərləri"nin
1978-ci il nəşrində, istərsə də "Əsərləri"nin 2020-ci il nəşrində ithaf qeydi ixtisar edilmişdir.
"İqbal" qəzetinin 15 sentyabr 1914-cü il tarixli sayında isə həmin şeir "Şərqin yeganə filosofu Rza Tevfiq
bəyə" qeydi ilə dərc olunmuşdu:
Mən bir günəşəm, yerdə əyandır ləməatım,
Şeirimdə parıldar duruyor
çöhreyi-zatım,
Yoxdur zərəri, keçsə
də fəqr ilə həyatım,
Kim olduğumu bildirəcək,
bil ki, məmatım.
Fərdayi-üfulumda bu qövm ağlayacaqdır,
Lakin gözümü dəsti-əcəl
bağlayacaqdır.
Mən solmalıyam, ta ki, açılsın
da baharım,
Mən sönməliyəm, şəşəələnsin
də nəharım.
Mən ölmədən əvvəl
vətənim oldu məzarım,
Ərbabi-zəka düşmənidir indi
diyarım.
Söndükcə zəka əhli-vətən
ağlayacaqdır,
Göz
- incisi yaşlar o
zaman parlayacaqdır.
Ən
son diləyim: məqbərim
olsun vətənimdə,
Təndir
vətənim, olmalı
canım da tənimdə.
Ruhum ki mənim qalmayacaq bu bədənimdə,
Quş şəklinə girsin, qanad açsın çəmənimdə,
Əndamımı ağuşi-ədəm saxlayacaqdır,
Fərdayi-məmatımda adım parlayacaqdır.
Bəxtim
kimi olsun kəfənim, yəni siyəhnak,
Heykəl
diləməm, heykəli-qəbrimdir
o əflak,
Millət
işıq olsun, məni udsun bu siyəh xak,
Ancaq dilərəm, qövmim
ola sahibi-idrak.
İdrakı olanlar məni sonra qanacaqdır,
Bir qövmü dirildən də cahanda qanacaqdır.
Mən ölmədən əvvəl
vətənimdir mənə
məqbər,
Çünki, vətənimdir! Buna olmam ki mükəddər!
Yurdum da
anamdır, bütün
övladı bəradər,
Mən istəyirəm, olmalıdır
həpsi münəvvər.
Qaldıqca qara əhl ziyanı qovacaqdır,
Bir gün gələcək, səhvini də anlayacaqdır...
Bu şeiri yazıb çap etdirdiyi 1914-cü
ildə Hadi "Ey mərifətin, fəlsəfənin mənbəyi-nuru"
misrasıyla başlayan
"Türklərin yeganə
filosofu Rza Tevfiq cənablarına"
adlı başqa bir şeir də
yazmışdı... Rza
Tevfiqə xitab edib:
Əqlin
də, kamalın da, fünunun da zəbundur,
İnsan
hələ Məcnun,
cahan səhni-cünundur.
...İştə mədəniyyət
deyiriz, vəhşəti-əkməl
İnsanda təkamül bumu?
Ey zati-mükəmməl!
- deyirdi.
Dikaya Diviziya
Baxmayaraq
ki, Hadi 1914-cü ildə
bir-birindən gözəl
kitablar nəşr etdirir, fikir həyatımıza ayna tutan möhtəşəm
şeirlər, dərin
məzmunlu məqalələr
yazır, tərcümələr
edirdi. Buna rəğmən,
xatirə yazılarında
1914-cü ildə "kəndisinə
yaxınlaşan dostlarını
təhqir edir, "mən kainatın göyündə bir adamam", deyə çıldırmış bir
halda, meyxanələrdə
vaxtını sərxoşluqla
keçirir".
Elə isə həmin ərəfələrdə necə
toparlanıb Vəhşi
Diviziyanın sıralarına
qatılıb?
Hadi
1915-ci ilin ilk aylarından
1918-ci ilin əvvəllərinə
qədər Birinci Dünya müharibəsinin
cəbhələrində Vəhşi
Diviziyanın tərkibində
müsəlman alayının
imamı olmuşdu. Avstriyada, Karpatlarda, Ukraynada xidmət etmişdi. Can verən, yaxud şəhid olan müsəlman əsgərlərin başucunda
Yasin və Ərrəhman
oxumuş, onların dəfnində mollalıq etmişdi... Karpatlardakı
günləri ilə bağlı belə bir passaj var: Stanislav şəhərində çeçen
Məhəmmədin başucunda
Yasin və Ərrəhman
surələrini oxuyub
çölə çıxanda
oradakı xaçpərəst
xanım - Məsiha Starovski əllərini Hadinin çiyninə qoyub təsirli və titrək səslə demişdi ki,
"Mamed Qadi, Quran oçen
krasivıy"...
Və bütün bunları dünənəcən sərsəm,
"kəndisinə yaxınlaşan
arkadaşlarını təhqir
edən, "mən kainatın göyündə
bir adamam", deyə çıldırmış
bir halda, meyxanələrdə vaxtını
sərxoşluqla keçirən"
əli Quranlı, dili dualı olan Hadinin özü
yazır. Özü də şairanə yazır: "Əzizim əfəndim. O günün
sabahı da müharibə
əsnasında qarnından
vəhim bir surətdə yaralanmış
olan krımlı Əbdülrəhim Əbdülhəmid
oğlu bir bədbəxti də libasıyla bərabər xabgahi-nisyana tərk etdilər. Bu iki kəfənsiz mədfənlərin
türabi-məzarı üstündə
dəsti-təbiət kəfən
sərmişdi. Qar yağdığı üçün
iki qərib məqbərləri puşideyi-səfidə
bürünmüşdü. Təbiət böyləcə
bir səxavət göstərmişdi". Buna rəğmən,
Cəfər Xəndan
Hadinin cəbhədə
olduğu illər barədə danışarkən,
"göydən tökülən
atəş yağmurlarının
törətdiyi faciələri
görməmək üçün
o, burda sərxoşluğa
qapılır", - deyir.
Hadi isə cəbhədə Azərbaycan
poeziyasının misilsiz
"Əlvahi-intibah"ını yaratmışdı. Necə
olurdu bu? Həm də bu necə olurdu
ki, həmin günlərdə
onu görənlərin
yaddaşında aşağıdakı
şəkildə qalmışdı:
"Hadi əynində
çərkəzi çuxa,
belində şəmşir,
papağının dövrəsində
nazik sarğı, yəhərli atın üstündə uzaqdan nəzərə çarpırdı".
Gəncədə
1918-ci ilin əvvəlində müharibədən Gəncəyə
qayıdır. Hadinin bacısı Gəncədə
yaşayırdı...
Cəfər Xəndan yazır
ki, "müharibədən qayıtdıqdan sonra Hadi daha pis
və səfil bir həyat keçirir".
Nağı Keykurun Şeyxzamanlının
xatirələrində isə
"hörmətli və
əziz şairimiz Məhəmməd Hadi"
həmin günlərdə
Gəncədə Milli Azərbaycan
ordusunu səfərbər
etməklə məşğuldur.
Milli Komitənin mitinqlərində
çıxış edir,
"sözləri xalq
tərəfindən sürəkli
alqışlarla" qarşılanır...
Əli bəy Hüseynzadə onu 1918-ci ilin 13 iyununda, yəni Cümhuriyyətin elanından
15 gün sonra Gəncədə görüb.
Görüşüblər. Məhəmməd Hadi türk əsgərini vəsf edən "Qəhrəman türk əsgərinə" şeirini
Hüseynzadəyə bağışlayıb.
Bakıda
"Azərbaycan" qəzeti
1918-ci ilin 15 sentyabrında
dərc olunan ilk sayında Qafqaz İslam Ordusu Komandanı Nuru Paşanın Bakının azad olunması barədə raportu ilə yanaşı, Hadinin "Türkün nəğməsi"
şeirini də dərc edir. Cümhuriyyət poeziyamız
bu şeirdən başlayır:
Türkün tökülən qanları
bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa
bu qan həpsi
hədərmi?
Dörd
ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən
qan hədər olmaz,
Qiymətli olan xuni-şəhidan
hədər olmaz...
İstərsə cahan çevrili
varsın da təməldən.
Türkün üzü çevrilməyəcək
səmti-əməldən,
Türklər geriyə dönməyəcək
müslih əməldən.
Yüksək yaşamaq istər
ikən cümlə miləldən.
Cümhuriyyət poeziyamız bu şeirdən başlasa
da, buna rəğmən, bilmək
olmur Əmin Abid hansı səbəbdən
belə yazıb:
"Osmanlı Türk
ordusunun ta Bakıya qədər gəlməsi
kimi böyük bir hərəkat ilə canlanıb qaynadığı bir zamanda Azərbaycan istiqlalının rəsmən
elan edilməsi Məhəmməd
Hadiyə təsir yapmadı, mühitin bir coşquda sel kimi axaraq
qüvvətli inikas yapdığı və bir çox gənc şairlərin zühuruna səbəb olduğu halda Məhəmməd Hadi bu həqiqətdən mülhəm olamıyor (ilhamlanmır)".
1918-ci ilin 6 oktyabrında "Azərbaycan" qəzeti
onun "Zəfəri-nihayətə
doğru" şeirini
dərc edib.
Mərd
olan əsgərliyi təqdir edər izan ilə,
Əsgər olmaq fərzdir hər möminə Quran ilə.
Əsgər olmaq bir şərəfdir türk
üçün, islam
üçün,
Əsgəriyyətlə yaşar millət həyatı şan ilə.
Ən işıq bir ömr istərsək günəş altında
biz
Durmalı əduya qarşı
qeyrəti-rəxşan ilə.
Daima türk oğlu hifz etmişdir öz namusunu
Əldəki seyfi-şücaət, dildəki iman ilə.
İlin
sonuna qədər Hadi "Azərbaycan" qəzetinin müəllifləri
sırasındadır, şeirləri
ilə, təhlil yazıları ilə Azərbaycan ədəbiyyatının
birinci simasıdır.
Elə "Əlvahi-intibah"
da 1918-ci ildə kitab şəklində
nəşr olunub.
1919-cu ilin fevralında Səməd Mənsura ithaf etdiyi "Hərarətli şeir və yaxud qızdırmalı
halımda saçmalarım"ı
yazıb.
"Azərbaycan" qəzetinin
23 aprel 1919-cu il tarixli
sayında "Əsgərlərimizə,
könüllülərimizə" şeirini çap etdirib:
Qorxutmamalı bizləri yollardaki
əngəl,
Məfkurəyə doğru yürü,
qoş, durma, çapıq gəl!
Millət
tikəcək namına
ölsən dəxi heykəl,
Qoyma toxuna yurduna naməhrəm olan əl!
...Amalımıza doğru şitaban olalım, gəl!
Millətlə Vətən rahinə
qurban olalım, gəl!
"Azərbaycan dövləti-növzadına"
- yeni doğulmuş Azərbaycan
dövlətinə ithafən
yazılmış "Məfkureyi
aliyəmiz" və
b. şeirlərini 1919-cu ilin
mart, aprel aylarında
"Azərbaycan" qəzetində
dərc etdirib. Hadi bura qədər
heç bir halda sərxoş və səfil deyil.
Amma
1930-cu illərin ədəbiyyatşünaslığı,
yuxarıda qeyd etdiyim kimi, onun
Cümhuriyyət və
türk ordusuna etinasız münasibətindən
yazır, hələ üstəlik, Hadinin sərxoş obrazını
yaradırdı: "Məhəmməd
Hadinin ta gənc zamanlarından bəri fazla içki düşkünü olduğu
və getdikcə bu düşkünlüyün…
mühlik təsirlər
yapdığı məlum
idi". Heç nə məlum deyildi. Sadəcə, onun sərxoş obrazını belə yaradırdılar.
"Bəsirət" qəzetinin
3 may 1919-cu il tarixli sayında
dərc olunmuş
"Qəmərə" şeiri
isə sağlığında
mətbuatda görünən
son şeiridir. Otuz doqquz yaşlı şair səmaların işıq ulduzuyla - Qəmərlə, yəni
Ayla danışır: "Çox diləfruz çöhrələr sönəcək.
/ Əbədi pərdələrlə
örtüləcək".
Bu şeirdən sonra kim onu görübsə
divanə görüb,
səfil və sərxoş görüb.
Sanki ssenari müəllifi
ona eyni vəziyyəti təklif edib.
Gəncədə Əli Nəzmi
küçədə Hadiyə
rast gəlir:
Yolu gedirdi o, hər iki yana.
Onu öz evinə çəkmək istədim.
- Hadi, mənziliniz harada? - dedim.
Mənzilimmi? - dedi - Qəbristandadır,
Artıq
nə Gəncədə,
nə Şirvandadır...
1919-cu ilin Qurban bayramı
günlərində Əli
Nəzminin evində
Salman Mümtazla qurban
ətindən bişirilmiş
kababla "araq içir". Dönə-dönə
Mümtazın köklüyünə,
şismanlığına lağ
edir. Məclisdə pərtlik yaşanır. Elə həmin günlərdə yeni kitabını
mətbəədən götürmək
üçün Əli
Nəzmidən 200 manat
borc pul alıb gedir və bir daha
geri qayıtmır, aldığı borcu qaytarmır. Bir ay sonra Əli Nəzmi onu Gəncədə tramvayda görür. Son kitabı "Əlvahi-intibah"dır.
Kitabı özünün
"Turan" mətbəəsində
çap edən Səməd Mənsur Hadini puldan ötrü
qısnayardımı? İnanmaq
olmur.
Bakıda
Hüseyn Cavidə rast gəlib, qolundan tutub onu saxlayır, tanımır və satılıq mal kimi beş manata şeirini təklif edir. Yaxud yenə
də küçədə
sərxoş halda Şaiqə rast gəlir, onu da tanımır, satmaq üçün əlindəki
kağızı uzadıb
beş manat pul istəyir. Bakının küçələrində,
indiki "Torqovı"
tərəflərdə, o zamankı
"Metropol" mehmanxanası, indiki Nizami muzeyi
səmtində vərəqələrdə
çap olunmuş şeirlərini satır.
Müsavatçılar onu döydürmüşdürmü?
Cəfər Xəndan hansısa
sənədlərə istinadən
yazırdı ki, "Bəzi
sənədlər Hadinin
Gəncədə müsavatçılar
tərəfindən təqib
edildiyini, xəstə
şairin vəhşicəsinə
döyüldüyünü, təhqir edildiyini də aydın göstərir". Cəfər
Xəndan hansı sənədləri nəzərdə
tuturdu, bilmirəm. Ümumiyyətlə, belə
bir sənəd varmı? Yəqin ki, yoxdur. Milli qüvvələr
öz milli şairlərini
niyə təqib etməli və niyə döydürməliydilər...
Cəfər Xəndan
Hadi barədə yazılarında bunu dönə-dönə təkrarlayır."Müsavatçılar onları
hər yerdə ifşa edən şairi təqib edir, döydürürlər".
Hadiyə Azərbaycanda
kimsə əl qaldırardımı? Bir halda
ki, Hadiyə hər iki tərəf - istər müsavat hökumətinin, istərsə
də bolşevik hökumətinin nazirləri
ehtiramla yanaşırdı.
Cümhuriyyətin baş
naziri Nəsib bəy Yusifbəyli küçədə onu görüb maşınından
düşür, Hadiyə
salam verib hal-əhval tutur, bolşevik hökumətinin
ədliyyə naziri Əliheydər Qarayev onu görəndə salamlaşmaq üçün
ayaq saxlayıb şairə yaxınlaşır.
Amma Əli Nəzmi "Keçmiş günlər"
əsərində Hadinin
Gəncədə Bağbanlar
bazarında layiqsiz işlərə səbəb
olduğunu, bu səbəblə də kəndlilərin onu öldürmək istədiyini
yazır... Yəqin Cəfər Xəndan da bu nöqtəyə istinad edib Hadinin
müsavatçılar tərəfindən
təqib edildiyini,
"xəstə şairin
vəhşicəsinə döyüldüyünü"
bildirib. O, layiqsiz işlər nədir? Əli Nəzmi yazır ki:
Var izdihamlı bir "Bağban bazarı",
Onda şəhrin bütün mərdimazarı...
Gündə bir bağbanla söz sözə durur,
Heç
bir iş olmadan mərəkə qurur..
Savaşır bağbanla, özünü
öyür,
İslamı zəmm edir, Allahı söyür.
Çox
küfr söyləyib,
çox edirdi səbb
Layiqsiz işlərə olurdu səbəb.
Öldürmək istərkən üç
yol kəndlilər
Tutmuş
fənalıqdan bir arif xəbər.
Etmiş
kəndliləri çox-çox
məzəmmət,
Demiş
ki, şairdir, eyləyək
hörmət.
Güc-bəla ölümdən etmişdi
xilas.
Hadinin şüuru edirdi iflas...
Bu misraların Hadi barədə yazıldığına
inanmaq olmur. Onu bu durumda
xəyal etmək belə çətindir.
Amma gəncəlilərin yaddaşında
başqa bir məqam qalmışdı:
Hadi islamı zəmm etmək, Allahı söymək deyil, bolşevizmi zəmm edirmiş və onu öldürmək
istəyən də kəndlilər deyilmiş,
bolşevizm tərəfdarı
olanlar imiş...
Hadinin şüuru iflas
edirdimi?
1919-cu ildə Məhəmməd
Əmin Rəsulzadə,
Üzeyir Hacıbəyli
və dövrün digər tanınmışları
ilə birgə çəkilmiş şəkildə
şuxdur, geyimi səliqəlidir. Digər
bir şəkildə isə pensne gözlük taxıb, hədsiz əsilzadə bir görkəmi var. Baxışları duru, dərin və aydın, saçı səliqə ilə daranmış, ağ köynəyinin yaxası səliqəli... Onun real, fotolardakı təsviri belədir, dostlarının
xatirəsindəki fiziki
yapısı isə başqadır: "Saç-saqqalı
ağarmışdı. İldırım
vurmuş, qol-budaqları
vaxtsız qırılmış,
şaxələri sınmış,
yarpaqları tökülmüş
palıd ağacına
oxşayırdı. Hərəkətləri
ağır, özü
yorğun, üzüntülü
bir görkəmi vardı...". "əynində
nimdaş çuxa, ayaqlarında köhnə çəkmə gəzərdi".
Otuz doqquz yaşında saç-saqqalı
ağarmış, hərəkətləri
ağır, özü
yorğun, görkəmi
üzüntülü", əynində nimdaş çuxa, ayaqlarında köhnə çəkmə
laübalı Məhəmməd
Hadi. Nə baş veribsə, çox qısa müddətdə baş verib. Hadini inanılmaz
və tanınmaz şəklə salan (əgər belə bir hal olubsa),
zahirən bu dərəcədə dəyişməsinə
səbəb olan hər nədirsə, içki deyil. Hadinin ağrısının,
sərgərdanlığının səbəbi nə Seyid Hüseynin dediyidir, nə Abdulla Şaiqin söylədiyidir,
nə də Cəfər Xəndanın
yazdıqlarıdır.
"Mən kainatın göyündəki adamam"
Yuxarıda dediyim kimi,
"Qəmər" şeirindən
sonra Hadidən səs-soraq yoxdur. Qəfil qarşımıza
"havalanmış" Hadi
çıxır. "Əlvahi-intibah"ın
timsalında, bəlkə
də ən böyük şairimiz bir gün dəlirmiş
halda yola çıxır. Harasa gedir və geri
qayıtmır... Amma...
Hadinin vəfatı
Manaf Süleymanov "Eşitdiklərim,
oxuduqlarım, gördüklərim"
kitabında Əliməmməd
Mustafayevin bir xatirəsini verir: "İyirminci il may ayının
ilk günlərində "Çanax Qala" kafesində oturub, Hadi ilə bərabər
qayğanaq yedik, kofe içdik. Birlikdə çıxıb
Nikolaysk küçəsinə
tərəf gedəndə
xalq ədliyyə komissarı Əliheydər
Qarayevə rast gəldik..."
Əli Nəzmi 1944-cü ildə
qələmə aldığı
"Keçmiş günlər"ində
Gəncə üsyanından
10 gün əvvəl,
təxminən, 1920-ci il mayın
15-də Bakıdan belə
bir soraq gəldiyini bildirir: "Hadi Göyçaydan dəlirmiş halda / Üsyandan bir həftə, ya on gün qabaq, / Gəncəyə yollanmış
çox ağır naçaq. Lakin o müddətdən
indiyə qədər
/ Məhəmməd Hadidən
yoxdur bir xəbər".
On gün ərzində Hadinin dəlirmiş bir hala düşməsinə
səbəb olan nə baş vermişdi? Əli Nəzminin yazdığına
inansaq, Hadi Göyçaydan Gəncəyə
gəlib. Ölümü
isə sovet işğalına qarşı
baş vermiş Gəncə üsyanının
bolşeviklər tərəfindən
yatırıldığı mayın son günlərinə
təsadüf edib. Əli Nəzmi o zaman Məhəmməd Əli Nasirin tapşırığı
ilə Gəncədəki
beş xəstəxanada
Hadini soraqlayır, xəstəxanaların yalnız
birindən Hadi ilə bağlı məlumat alır.
"Aldıq biz Hadini onlardan xəbər,
Onlar dedilər ki, üsyandan qabaq,
Hadi oradaca yatırmış naçaq.
Lakin başlananda şəhərdə
üsyan
Hamı
qaçmış, yoxdur
xəstəyə baxan.
...Bir həftə almamış
xəstələr yemək,
Acından ölən çox
olmuşdur, demək.
Etmişdir Hadi də o günlər vəfat,
Kimdir ölənlərə edən
iltifat"?
"Qəbri məlumdurmu? - deyə sordum mən,
Onlar dedilər ki, nə məzar, kəfən?
Bitdikdən az sonra şəhərdə üsyan,
Hər yerdən meyitlər toplanan zaman
Bizdə
ölənlər də
arabalara
Yığılıb atıldı xarabalara.
Seçmək, ayırd etmək,
qılmaq ehtiram
Əsla
deyil idi mümkün. Vəssalam".
Niyə
Gəncə üsyanında
öldürüldüyünə deyil, xəstəxanada baxımsız və aclıqdan öldüyünə
inanmalıyıq? Bir halda
ki, Hadinin ölümü
Gəncə üsyanının
silah gücünə
yatırıldığı günlərə təsadüf
edir. Bir halda ki, o da cümhuriyyət şairidir.
Hadinin məzarı
"Bakı" qəzetinin 4 iyun 1966-cı il tarixli sayında Əziz Mirəhmədovun "Məhəmməd
Hadinin xatirəsi"
məqaləsində belə
bir fraza var: "Bu yaxınlarda Kirovabad müəllimlərindən
Kərim Tağıyev
təsadüfən keçmiş
qəbirqazan, 90 yaşlı
Məhəmməd Şahmar
oğlu Rzayevlə görüşüb söhbət
etdiyi zaman, ondan Məhəmməd Hadini soruşub. Yaşına görə xeyli qıvraq olan Məhəmməd Rzayev deyib ki, bəli, bu "qərib şairi" mən özüm dəfn etmişəm. Sonra o, Hadinin
qəbrini də göstərib".
P.S. Qəribədir, Hadinin bacısı uşaqları
Gəncədə yaşayırdı.
Necə olub ki, Hadi xəstəxanada tənha və ac vəziyyətdə öləydi,
yaxud necə ola bilərdi ki, bacısı
uşaqları onun Gəncədə harda, hansı məzarlıqda dəfn olunduğunu bilməyəydi?
Əgər Əziz Mirəhmədovun
məqaləsindəki qəbirqazanın
dedikləri doğrudursa,
o zaman Əli Nəzminin
yazdıqları yalan olur. Yaxud əksinə...
Başqa
bir xatirə: Hadi xəstəxanada keçinəndə orda, yəni xəstəxanada fəhlə işləyən
Musa kişi Hadinin dəfnində iştirak etdiyini söyləyir və 1960-cı illərin
əvvəllərində elə
onun bələdçiliyi
ilə 46 ildən sonra Hadinin Səbzikardakı
məzarı (və üzərində, təbii
ki, üstü yazılı
başdaşı olmayan
məzarı) tapılır.
Hadinin olduğu güman edilən məzar açılır
və onu Gəncəçayın sağ
sahilinə köçürürlər.
Həmin prosesdə iştirak edənlərdən
biri və o zaman
Kirovabad Partiya Komitəsində
məsul vəzifədə
çalışmış ədəbiyyatşünas rəhmətlik
Xeyrulla Əliyevdən
soruşmuşdum: "Hadiyə
aid olduğu güman edilən məzar açılanda şairin qalıqları ordaydımı?" "Qəbir
açılanda, qalıqlar
vardı, amma yeniyetmə adamın qalıqlarına oxşayırdı"
- demişdi.
2015-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətində yenidən
Hadinin məzarının
əvvəlki yerinə
köçürülməsi barədə qərar qəbul edilir və Gəncəçayın
sahilindəki məzar
yenidən açılır.
Bu dəfə AMEA Gəncə
Bölməsinin akademik-katibi,
akademik Fuad Əliyev mətbuata belə bir açıqlama verir ki, "Komissiya tərəfindən şəhər
ziyalıları, Gəncə
Şəhər İcra
Hakimiyyəti və qəbiristanlıq nümayəndələrinin
iştirakı ilə
Məhəmməd Hadinin
Gəncəçayın sağ
sahilindəki qəbri
4-5 metr uzunluğunda,
2 metr dərinliyində
qazıldı. Büstün
altında beton plitələr qaldırıldı.
Ancaq oradan cəsəd qalıqları
tapılmadı".
Bəs Hadi necoldu?
Hadinin məzarının taleyini
bir-birini təkzib edən gümanlara etibar etmək olarmı? Hadinin ölümündən üç
il sonra, Seyid Hüseyn belə yazmışdı: "Məhəmməd
Hadinin ruhi xəstəliyi lazımınca
tədavi edilməmişdi.
O sərsəriyanə dolanmaqdan
əl çəkmək
istəmirdi. Xüsusilə,
sərxoşluğa ehmal
etmişdi. Hadinin son günlərində hər
kəs onu qoltuğunda çap etdirdiyi mənzumələri
satan bağda, bulvarda səfilanə bir halda gəzib-dolaşan
görərdi. Ən nəhayət, 1919-cu sənənin
nəhayətlərində Məhəmməd Hadi birdən-birə qeyb oldu. Kimsə onun qeyb olmasında
maraqlanmadı. Beləliklə,
Hadi vəfat etmiş oldu. Ehtimal Bakı xəstəxanalarından birində
vəfat etmiş olsun. Fəqət bu nə zaman idi, kim onu
dəfn etdi, nerədə dəfn edildi, bu günədək
bilinmədi".
Yüz ildən çoxdur ki, Azərbaycanda Hadi adlı bir şair
mifi var. Belə yalnız miflər barədə danışmaq
olar: "Hadi öz əcəli iləmi ölmüşdür,
yoxsa özü-özünümü
öldürmüşdür, yoxsa onu öldürmüşlər?
Aclıqdan, xəstəlikdənmi
ölmüşdür..?" (Məmməd Cəfər) Yoxsa Hadi doğrudanmı, Köprülünün təbiriycə,
"parasızlıq və
səfalətlə keçən
macəralı bir həyatdan sonra əsrarlı bir surətdə yox olub" getdi? "Heykəl diləməm, heykəli-qəbrimdir o əflak..."
"Ruhum uçuyor cənnəti-ülyalər içində..."
"Mən bir diriyəm, etdi məni dəfn təsadüf" deyən
Hadi. Dediyi kimi də oldu.
Əli bəy Hüseynzadənin
Hadi
barədə vida sözlərinə
bənzəyən şeiri
1923-cü
il avqustun 1-də Əli
bəy Hüseynzadə
"İctihad" dərgisində
"Hadiyi Şirvaninin
vəfatı şaiyəsi
üzərinə yazılmışdır.
Bir müddət İstanbulda,
aramızda yaşamış
və bura mətbuatında azacıq
çalışmış bulunan bu azərbaycanlı
şairin bir divani-əşarı Baküdə
təb və nəşr edilmişdir. Əşarından nümunə
olmaq üzrə məktəb vəsfində
söylədiyi şu
beyt xatirimə gəliyor:
Məktəb bir sədəfdir
qətreyi-naçizi dürr eylər.
Məktəb bir çəməndir,
sərvini azad-ü hürr
eylər"
- qeydi ilə "Xissət və Səxavət" adlı
şeirini dərc etdirir. Dərin bir şeirdir. İki bəndi türkcə, bir bəndi isə fransız dilindədir. Şeiri, sənəti ilahi nektarla bəsləməyin fəzilətindən
söhbət açılır.
Vergili, Horatsi xatırlanır. Onları
himayə edən Mesenin səxavəti təqdir edilir. Lafontenin nağıllarındakı
qarışqaları izləməməyi,
Mesenin nektarıyla almiləri gücləndirməyi
təlqin edir...
Daim bəsləməli şeiri,
sənəti
İlahi
nektarla bədayi sevən!
Virjili, Horası öylə yaşatdı
Mesenin səxası; yaşasın
Mesen!
Un sage me disait: Ne suivex jamsis
La mychante fourmis du fameux La Fontaine
Toujour fortiflez les poytes almys
Par du
nectar divin comme le fit Mycyne!
Əli bəy Hüseynzadə Hadinin vəfatı xəbərinə bu şeiri niyə yazmışdı? Bəlkə
ədnalar, rəzillər
Hadini yaşada bilmədi, o böyük sənətkarı sevmək
azdı, ona qarşı Mesen kimi səxavətli davranmaq gərək idi, demək istəmişdi...
P.S. Hadinin pessimizmi
Belə çıxır ki, Hadi ilk şeirlərini yazanda da, son şeirində də pessimist olub... Hənəfi Zeynallı Hadinin "yaradıcılığında əsas bir motiv varsa, o da pessimizmdir", - deyir. Məncə, ədəbiyyat tariximizin araşdırılmasına böyük zərurət olan problemlərdən biri Hadinin pessimizmidir. Pessimizm, ziştbinlik Hadinin fitrətindəydi. O, "Əlvahi-intibah"da Hartman, Şopenhauer səviyyəsində bir pessimistdir. Və bəzən, hətta Məmməd Cəfərin sözləri ilə desək, "Şopenhauerin sözlərini nəzmə çəkir", şeirlərində Şopenhauerə göndərmələr edirdi: "Ancaq cahanda müsbət olan iztirab imiş / Ümidlər vəsaili rəncü əzab imiş". Birinci Dünya müharibəsinin içindən yazdığı "Əlvahi-intibah"da Hadi həyatın mənası barədə "bu gün pis, sabah daha da pis olacaq və ən pisi olanadək bu beləcə davam edəcək" deyən Şopenhauerin, başqa sözlə, ziştbin - pessimist filosofların üslubunda düşünürdü. Dünyaya, bəşərə münasibəti fövqəlidrakın hüdudlarında cərəyan edirdi.
10-12 fevral 2026
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, №5.- S.20-23.