Əslən azərbaycanlı olan yazıçının
"Asılacaq qadın"
romanından parçalar
Əslən azərbaycanlı olan
Pınar Kür həm dili, həm də intellektual cəsarəti ilə türk ədəbiyyatında dərin
iz buraxan yazıçılardan biridir.
O, 1943-cü ildə Türkiyənin
Bursa şəhərində anadan olub. Azərbaycandan
olan atası Bəhram Kür Türkiyədə fransız
dili və riyaziyyat dərslərini tədris edərkən anası, uşaq və yeniyetmə ədəbiyyatının görkəmli
simalarından biri olan İsmət Kürlə tanış olaraq ailə həyatı qurub. Amerika və Fransada təhsil alan Pınar Kür Sorbon Universitetində
"20-ci əsr teatrında
reallıq və illüziya" mövzusunda
doktorluq dərəcəsi
alıb. Ankara Dövlət
Teatrında dramaturq kimi fəaliyyət göstərib, daha sonra isə İstanbulun bir neçə universitetində
mühazirələr deyib.
İlk dəfə "Sabah sabah" romanı ilə oxuculara ədəbi kimliyini tanıdan Pınar Kürün əsəri
1976-cı ildə, nəşr
olunduqdan 6 il sonra hərbi vəziyyət administrasiyası tərəfindən
qadağan edilib.
1977-ci ildə nəşr
olunan "Kiçik aktrisa" adlı əsərindən sonra qadınların sosial və cinsi təzyiqi
məsələsinə toxunan
"Asılacaq qadın"
(1979) romanı da ədəbsizlik
ittihamları ilə üzləşib və iki illik məhkəmə
prosesindən sonra yenidən bəraət alıb. Onun əsərləri qadınlıq,
azadlıq axtarışı
və ictimai təzyiqlərlə üzləşmək
kimi mövzuları araşdırır. Onun
"Axını olmayan
sular" adlı qısa hekayələr toplusu Sait Faiq
Qısa Hekayə Mükafatlarına layiq görülüb. "Ədəbiyyat
qəzeti" Pınar
Kürün real hadisələrdən
ilhamlanaraq yazdığı
"Asılacaq qadın"
romanından parçaları,
eləcə də müəllifin kitabın qadağan edilməsi prosesində məhkəməyə
təqdim etdiyi parçaları oxuculara təqdim edir.
Asılacaq qadın
Bir neçə il əvvəl
ictimaiyyətin diqqətini
cəlb edən və xalq arasında
"Malikanə cinayəti"
kimi tanınan işin məhkəmə prosesi dünən başa çatdı. Mələk Ebruzadə
edam cəzasına məhkum
edildi, onun ortağı Yalçın
Özverən isə ömürlük həbs cəzası aldı.
Xatırladığınız kimi, şəhərimizin ən
köklü (qədim)
ailələrindən birinin
üzvü, Ebru Mustafa Paşanın
nəvəsi, tanınmış
iş adamlarında biri olan Cəmil
Ebruoğlunun əmisinin
böyük əmisi oğlu Hüsrev (Xosrov - tərc.) Ebruzadə Boğaziçindəki malikanəsinin
bağçasında ölü
tapılmışdı; bir
neçə il əvvəl
gizlincə evləndiyi
məlum olan kişinin həyat yoldaşı Mələk,
gənc sevgilisi ilə əlbir olub yaşlı ərini öldürməkdə
ittiham olunurdu. Böyük bir qalmaqala səbəb olacağı gözlənilən
məhkəmə prosesi,
məhkəmənin qapalı
iclas keçirmək qərarından sonra hamı üçün sirli (gilzi) qaldı.
Dünən elan edilən qərardan
sonra təqsirləndirilən
şəxsin vəkili
apelyasiya şikayəti
verəcəyini bildirdi.
Faiq
İrfan Elveririn gecəyarısı
düşüncələri
Heç
nə demədi. Məhkəmə boyunca ağzından bir kəlmə də çıxmadı. Bu mümkündürmü?
Kimsə belə bir müttəhim görübmü? Onlar həmişə nəsə
deməyə çalışırlar.
Sənin soruşduğundan
on dəfə çox
şey izah etməyə çalışaraq,
az qala, özlərini parçalayırlar.
Onları susmağa məcbur etməlisən.
Amma bu adam heç nə danışmadı, bütün
sualları cavabsız
qoydu. Qoy, belə qeyd edilsin. Son sözləri soruşulanda da susdu. Məhkəmə boyu bir suala da cavab
vermədi. Həkim rəyi ilə onun kar və
lal olmadığı
təsdiqləndi. Daim
susdu. Eləcə, donuz kimi baxa-baxa
qaldı. Hətta son iclasda hökm oxunanda belə susdu.
Tak. Qələm sındı. Gözünü belə qırpmadı. Qələmin
sınmasının nə
demək olduğunu bilmirmi? Əlbəttə
ki, bilir. Amma yenə də donuz kimi
gözünü gözümə
dikib baxır. O baxışları yaxşı
tanıyıram. Nihal da illərdir
mənə belə baxır. Bu cür insanların yeganə müdafiəsi sükutdur.
Təhdid dolu baxışlarla baxmaq. Guya məni adam yerinə qoymur. O günlər keçib getdi. Bizlə insan kimi davranılmadığı
günlər çoxdan
geridə qalıb. Guya mənim də onun qədər
pis olduğumu bildiyini düşünür
və bildiklərini üzümə deyir. Qoy, bildiklərini izah etsin. Nə
bilə bilərdi ki?!
Əgər bir şey bilsəydi, həyatını xilas etmək üçün bir bəhanəsi olsaydı, bunu deməzdimi? (səh.11-16)
Kamerada Mələyin öz-özünə
düşündükləri
Heç
nə demədim, ağzımı da açmadım.
Nə deyə bilərdim ki? Qarşımda
qap-qara geyinmiş bir dəstə iri kişi dayanmışdı,
onlardan biri qadın idi. Qadın daha mülayim, mehriban görünürdü, amma
bütün kişilərin
gözləri kinli, üzlərindən zəhrimar
yağırdı. Xüsusilə
də ortada oturan, gözləri nifrət dolu olan o nəhəng kişi. Əgər ona icazə versəydilər, üstümə
hücum çəkib
məni boğardı,
eynilə Hüsrev (Xosrov - tərc.) bəy kimi, eynilə, ögey qardaşım kimi, digər bütün kişilər kimi, amma hamısından böyük, hamısından
üstün o idi. O danışanda hamı susurdu. Kimə danışmağı tapşırsa,
o da danışırdı. Nə deyə bilərdim? Belə bir kişiyə nə deyə bilərdim? Əlbəttə
ki, heç nə demədim də. Nə deyə bilərdim ki?! Özləri
hər şeyi, bir-bir, etdikləri hər şeyi danışdılar. Uşaqlara
nə etdiyimi heç kim soruşmadı. Hüsrev bəyi mən öldürmədim, Hüsrev
bəy ölmədi
ki. Pişikləri, anamın
əkiz körpələri,
yaşlı qadın haqqında soruşmalı
idilər. Bəli, onları öldürdüm,
yox, öldürməsəm
də, həmişə
deyirəm ki, kaş
ki, öldürə bilsəydim,
amma Hüsrev bəyi öldürməyə
nə haqqım var
ki... (səh.49)
***
Aman Allahım, haradan gəldim mən buralara? Ay Allah, kaş bu dünyaya heç gəlməyəydim.
Aman Allahım, bu həyatdan bezmişəm,
bütün ömrüm
boyu titrəməkdən
bezmişəm, canımı
al ki, azad olum...
Kim deyir ki, haqlısan, Mələk, günahın
yoxdur? And içsəm,
kim mənə inanar? Sən kimsən ki, andın qəbul edilsin? Xüsusilə də qara geyimli, daşürəkli,
ən yuxarıda oturan, zəhərli baxışlara hakim olan o adam dediklərimə heç inanarmı? O qədər xain adamdır ki, ağzından
bir söz çıxanda sanki qışın şaxtasında
küləklər əsir.
Onun qarşısında
səsimi qaldıra bilərəmmi? Bu illər
ərzində kimin qarşısında səsimi
qaldıra bilmişəm?
Guya səsimi çıxarsam nə faydası olardı ki?! Deyir ki, danış, nə deyə bilərəm? Deyir ki, izah et, nə izah edə bilərəm?
(səh.77-78)
Pınar Kürün müdafiəsi
İstanbul
İkinci Cinayət Məhkəməsinin hörmətli
hakimi
"Asılacaq qadın" romanımın əsasını
təşkil edən
real hadisənin hekayəsini
eşidəndə və
asılmış qadının
şəklini görəndə
iyirmi bir yaşım var idi. Bu faciəli hekayənin mənə verdiyi dərin şok effekti uzun müddət
davam etdi. Hekayə illərlə ağlımdan çıxmadı.
Bu, çox uzun formalaşma dövrünə,
iki il yarım intensiv masa başında işləməyimi də
əlavə etsək,
"Asılacaq qadın"
romanı on beş illik əməyin məhsuludur.
Roman ilk dəfə 1979-cu uldə
Bilgi Nəşriyyatı tərəfindən
nəşr olunub, bir neçə nüsxə çap ediləndən sonra
1983-cü ildə Yazko,
1984-cü ildə Can Nəşriyyatı
tərəfindən nəşr
olunub. 1986-cı ildə
Başar Sabuncu tərəfindən Uzman
Film prodakşn adına
çəkdiyi filmə
uyğunlaşdırılıb və 1987-ci ilin aprel ayında Dövlət Şurasının
qərari ilə ekranlara çıxıb.
Türk kinosunu xaricdəki festivallarda təmsil edən film hələ də sinema klubların göstərdiyi
filmlərin siyahısında
yer alır.
1979-cu ildən bəri yüz minlərlə insan kitabı oxuyub, milyonlarla insan isə filmi kinoteatrlarda, klublarda, video formatda izləyib.
"Asılacaq qadın" romanı müdafiəsiz, çarəsiz
və bədbəxt bir qadının, xarici dünyadan təcrid olunmuş, xəstə və dəhşətli dünyaya
həbs edilmiş, zülmə, istismara və müxtəlif işgəncələrə məruz
qalmış, nəticədə
özünü müdafiə
etmək üçün
ağzını belə
aça bilməyən
bir obyektə çevrilmiş bir qadının hekayəsindən
bəhs edir. Əlbəttə ki, o, bütün bunlara qarşı çıxır;
qadını bu qeyri-insani vəziyyətdən
xilas etməyə çalışan, lakin uğursuz olan bir gəncin dramını təsvir edir.
***
Romanımda bəzi
təəccüblü, şokedici
və narahatedici səhnələrin olduğunu
qəbul edirəm. Lakin bu, məhz
incəsənət və
ədəbiyyatın funksiyalarından
biridir: oxucunu şoka salmaq, xəbərdar etmək, onlara o günə qədər xəbərsiz
olduqları və ya kifayət qədər əhəmiyyət
vermədikləri müəyyən
həqiqətləri qavramağa
və anlamağa imkan vermək. Bu, əsrlər boyu adları xatırlanan sənətkarların
və böyük yazıçıların etdikləri
işdən başqa bir şey deyil.
***
Qərbdə keçmişdə kitab qadağaları olsa da, bu qadağalar
həmişə məhdud
və müvəqqəti
olub, sözügedən
kitablar sonradan "şah əsərlər"
hesab edilib. Nasist Almaniyası istisna olmaqla, orta əsrlərdən bəri Qərbdə kitabların məhv edilməsi müşahidə
olunmayıb. Hətta nasistlər tərəfindən
məhv edilən kitablar, rejim çoxdan məhv edilib tarixin qaranlıq səhifələrinə
məhkum edilsə də, hələ də yaşayır və ədəbi tarixin qızıl səhifələrini təşkil
edir. Çünki sənət, ideyalar və ədəbi əsərlər bəşəriyyətin
ən qalıcı yaradıcılığıdır. (səh. 147-151)
Pınar KÜR
Dilimizə uyğunlaşdırdı:
Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, ¹5.- S.24.