Sənətkar və şəxsiyyət
Bu mövzu hər zaman insanları düşündürür.
Sənətin zirvəsini
fəth edərkən
sənətkarlar şəxsiyyətini
qoruyub saxlaya bilirmi? Niyə bəzən Tanrının
mükafatlandırdığı böyük istedad sahibləri şəxsiyyətlərini
o yüksəkliyə qaldıra
bilmirlər? Ümumiyyətlə,
böyük sənətkarın
şəxsiyyəti insanları
düşündürməlidirmi? Bəziləri hesab edir ki, sənətkarın
şəxsiyyəti önəmli
deyil, əsas yaratdıqları əsərlərdir.
Mən belə hesab etmirəm. Dəfələrlə fikirlərinə
hörmət etdiyim insanlarla bu mövzuda
fikir mübadiləsi aparmışam. Şəxsiyyətin
keyfiyyəti bəzən
istedadın ölçüsünə
təsir edə bilir və edir
də.
Dünyanın ən məşhur
sənətkarları ilə
bağlı olan və onların şəxsiyyətlərinin göstəricisi
hesab edilən hadisələr yaddaşıma
həmişəlik həkk
olunub. Bu hadisələri
həmişə heyrətlə
və böyük sayğı ilə xatırlayıram.
Bu gün də dünyada ən çox ifa olunan görkəmli bəstəkar Lüdviq
van Bethoven 1812-ci ildə
böyük şair, dramaturq, filosof İohan Volfqan fon Höte ilə
Çexiyanın şimalında
yerləşən məşhur
Kurort şəhəri
Teplitsedə görüşürlər.
Şəhər parkında
gəzişərkən Avstriya
İmperator ailəsi üzvləri
ilə qarşılaşırlar.
Höte kənara çəkilərək, şlyapasını
çıxarıb təzim
edərək salamlaşır.
Bethoven isə əllərini arxada birləşdirərək İmperator ailəsi üzvləri ilə başını yüngülcə tərpətməklə
salamlaşır və
yoluna davam edir. Höte onun bu hərəkətinə
görə narazılığını
bildirəndə Bethoven
cavab verir ki, dünyada krallar çoxdur, Bethoven isə təkdir.
Rəssam
Karl Remlinq 1987-ci ildə
bu hadisəni əks etdirən məşhur "Bethoven və Höte Teplitsedə" tablosunu yaradır.
1920-ci ildə XI rus ordusu
Azərbaycanı işğal
edib Milli Hökuməti
devirdi. Sovetləşmənin
ilk illərindən ciddi
təzyiqlərlə üzləşən
Üzeyir bəy Hacıbəylinin həyatı
başdan-başa sarsıntılar
içində keçirdi.
Bir tərəfdən, AXC dövründəki
fəaliyyətinə görə
hər gün sorğu-suala tutulmaq, digər tərəfdən,
bolşeviklərin hər
şeyi yıxıb, öz ideologiyalarına uyğun yeni sistem qurmalarını ürək
ağrısı ilə
seyr etmək olduqca ağır idi. Hələ üstəlik, Moskva guya Azərbaycanda musiqi mədəniyyəti yaratmaq
üçün göndərdiyi
adamların qarşısında
durmaq, onların istədikləri kimi burada hərəkət etməsinə, Əliheydər
Qarayev və digər bolşevik dostlarına arxalanaraq özünü türk musiqisi üzrə yeganə mütəxəssis
elan edən Saşa Oqanezaşvilinin (Aleksandr Oqanesyan)
əl-qol atmasına, bu Tiflis ermənisinə qoşulan yerli manqurtlara imkan verməmək elə də asan deyildi.
Üstəlik, musiqi təhsilini formalaşdırmaq,
təhsil proqramını
yaratmaq kimi ağır yükü də çiyinlərinə
almışdı. Yeganə
silahdaşı Müslüm
Maqomayevlə başqa
millətlərin bir əsrdə gördüyü
işi, keçdiyi yolu bir neçə
ilə başa gətirdi. Moskva böyük
bəstəkar, görkəmli
pedaqoq Qliyeri göndərmişdi ki, Azərbaycanda
musiqi sistemi qursun. Qliyer həqiqətən, çox
nüfuzlu və dərin bilikli bəstəkar və pedaqoq idi. Ancaq
Üzeyir bəy başa düşürdü
ki, Azərbaycan musiqisinin
inkişaf yolu tamam başqadır və dostu, silahdaşı Müslüm
bəylə bu çətin və ağır işlərin altına girmişdi.
Üzeyir
bəy sovetlər dövründə 15 ildən
artıq bir müddətdə heç
bir əsər yazmadı. Sovetlərdən
əvvəl də sonuncu əsəri - "Arşın mal alan"
1913-cü ildə yazılmışdı.
Bolşeviklər hakimiyyəti
ordu gücünə zəbt etdikdən sonra görkəmli şəxsiyyət, böyük
bəstəkar bütün
gücünü, qüvvəsini,
enerjisini Oqanezaşvilinin
başına toplaşan
milli satqınlarla, bolşeviklərin
təyin etdiyi adamlarla mübarizəyə
və təhsil sistemi yaratmağa həsr etmişdi. Müxtəlif musiqi fənləri üzrə tədris proqramlarını
hazırlayıb, hansısa
kütbeyin bolşeviklə
məmuru inandırmağa
nə qədər vaxt, enerji sərf
olunurdu...
Bütün bunlar azmış
kimi, 1922-ci ildən başlayaraq rəsmi dövlət qəzetlərində
hücumlara, təqiblərə
məruz qalırdı.
Belə yazılardan bəzi nümunələrə
nəzər salaq:
"..."O
olmasın, bu olsun", "Ağa Məhəmməd şah Qacar", "Arşın
mal alan", "Xurşidbanu",
"Əsli və Kərəm", "Nuşirəvani
adil", "Leyli və Məcnun", "Əbül-üla". İştə
mədəni səhnəmiz.
Bığdığ, usandıq, qulaq asan varmı?
Zamanın mal "alan alan"
olmadığını qanmaq
istəyən varmı?..
("Teatrımızda bir yenilik varmı?" məqaləsi. "Kommunist"
qəzeti, ¹58, 14 mart 1922).
Başqa
bir yazıda üvey olunur:
"...Meydanda mövcud olan bir qüsur
daha vardır ki, o da teatr əsərlərinin qıtlığıdır. "Arşın mal alan" kimi eksimiş, yıpramış olan operettalar, bayağı bir arşın olaraq klubların qırtlağına keçmişdir..."
("Türklər arasında klub işləri" məqaləsi. "Kommunist"
qəzeti, ¹70, 22 aprel
1924. Müəllif: Q.)
Belə
məqalələrin, yazıların
sayı çoxdur.
1920-ci ilin iyun ayından başlayaraq, Azərbaycanda yeni qurulmuş
sovet hakimiyyətinin dəstəyinə ümid
edən bəziləri
Üzeyir bəyə və Müslüm Maqomayevə hücumlar edir və əsərlərinin
səhnələrdən yığışdırılmasını
təklif edirlər.
Erməni
kamança çalan
Saşa Oqanezaşvili
(Tiflis ermənisinin əsl
adı Aleksandr Oqanesyan
idi) Üzeyir bəy Hacıbəylini və Müslüm Maqomayevi "musiqidən xəbərsiz" adlandırır.
O, "Əxbari" qəzetindəki
məqaləsində yazırdı:
"Mənim tərəfimdən
tərtib edilən, musiqidəki ölçülər
həmin iyulun 14-də
vaqe olan iclasda müzakirə edilib müttəhidülqövl
Şərq musiqiçiləri
ittifaqı nümayəndələri,
o cümlədən, Cabbar
Qaryağdıyev, Həsən
Əliyev, Arsen Yaramişev, Fərəc Rzayev və qeyriləri tərəfindən
qəbul edilmişdir.
Yevropa musiqi professorlarından: Nikolayev, Paneyev
və Moroz tərəfindən dəxi
təsdiq edilmişdir.
Ancaq nə Şərq və nə də Yevropa musiqisini bilməyən Hacıbəyov
qardaşları və
Maqomayev tərəfindən
etiraf edilmədi..."
(S.Oqanezaşvili. "Əxbari" qəzeti, 26
iyul 1920.)
Acınacaqlısı budur ki, bizim bəzi musiqiçilərimiz də
bu erməni kamança çalanın
başına toplaşıb
Üzeyir bəyə və yaxın silahdaşı Müslüm
Maqomayevə hücumlar
təşkil edir, yeni
qurulmuş hökumət
nümayəndələrində rəy formalaşdırmağa
çalışırdılar.
Bəziləri Üzeyir bəydən
tələb edirdi ki, əsərlərinə sosialist
inqilabının qələbəsini
tərənnüm edən
səhnələr əlavə
olunsun, inqilabın gətirdiyi "azad, xoşbəxt həyat"
vəsf edilsin. Üzeyir bəy bütün bu basqılardan, hücumlardan,
əsərlərinə əlavələr
etmək təkliflərindən
canını qurtarmaq üçün Azərbaycanda
sovet hakimiyyəti qurulana qədər yazdıqlarını "şagird
təcrübəsi" adlandıraraq
onların səhnələrdən
yığışdırılmasını
xahiş edir. Dahi bəstəkar ömrünün ən məhsuldar dövrünü
qurban verdi. Yaradıcı insanın ən ilhamlı, ən kamil dövrü
35-50 yaş arası hesab olunur. Ölməz
bəstəkar 1920-1935-ci illər
arasında əsər
yazmadı. Bunun nə
demək olduğunu sənət adamları, yaradıcı insanlar yaxşı bilir. Sovet hakimiyyətinin təklif etdiyi ideoloji mövzulardan çətinliklə də
olsa, yayına bildi. Bütün gücünü, enerjisini
musiqi təhsilinə,
yeni tədris proqramının
hazırlanmasına, milli musiqini
düşməncəsinə məhv edib "hər şeyi bolşevik inqilabı nəticəsində qazanmış"
deyənlərə qarşı
mübarizəyə sərf
etdi. Yerli bolşeviklərin, Dadaş
Bünyadzadə, Əliheydər
Qarayev və digərlərinin himayəsinə
sığınanlar Üzeyir
bəyin, Müslüm
Maqomayevin əleyhinə
apardıqları amansız
kampaniyaya baxmayaraq dahi bəstəkar, görkəmli təşkilatçı,
böyük şəxsiyyət
əyilmədi, sınmadı.
Üzeyir
bəy əsərlərini
"şagird təcrübəsi"
adlandırıb səhnələrdən
yığışdırandan sonra məlum oldu ki, teatrlarda iş dayanıb. Çünki səhnələşdirməyə
əsər tapılmır.
Yazılan əsərlər
isə səhnələşdirilməyə
yaramır. Onda dövlət qurumları məcbur olub, yenidən Üzeyir bəyə müraciət
edib onun əsərlərinin teatrlarda
oynanılmasına imkan
verməsini istədilər.
Bax belə. Bir şəxsiyyət böyük,
nəhəng, yırtıcı
bir sistemi təkbaşına məğlub
etdi.
Bunu nə Rusiyada, nə də digər sovet respublikalarında heç
kim bacara bilmədi. Ona görə də bütün Sovet İttifaqında Üzeyir bəy yaradıcı insanlar arasında olduqca böyük nüfuza malik
idi.
1937-ci ildə "Koroğlu"
operasını yazmaqla
Üzeyir bəy Hacıbəyli nəinki ideologiyaya xidmət etmədi, əksinə, o,
qanlı-qadalı, görünməmiş
repressiyanın tüğyan
etdiyi bir zamanda elə bir əsər yaratdı ki, bu əsər millətin özünü qoruyub saxlamasında, özünüdərkində
misilsiz xidmət göstərdi. Həm də hər iki Azərbaycanda.
Görkəmli bəstəkar Aydın
K.Azim çox
dəqiq izah edir ki, Üzeyir bəyin "Koroğlu"
operasındakı mesajları,
kodları Stalin görə
bilmədi. İlk baxışdan
xalqın xanlara, şahlara qarşı mübarizəsinə həsr
olunduğu görünsə
də, əslində Üzeyir bəy millətin öz varlığı üçün
apardığı mübarizəni
qələmə almışdı.
Hətta Stalin kimi çox hiyləgər, ən dərinliklərdə
gizlədilən fikirləri
belə, açmağa
qadir bir tiran Üzeyir bəyin etdiklərini görə, sezə bilmədi.
Qüdrətli alman bəstəkarı və dirijoru Rixard Ştraus XX əsr bəstəkarları
arasında Puççinidən
sonra ən çox operaları oynanılan bəstəkar
sayılır. 1933-cü ildə
Almaniyada hakimiyyətə
gələn Nasional Sosialist
Almaniya Fəhlə Partiyası əsas fiqurlarından biri Qebbels bəstəkarla heç bir məsləhətləşmə aparmadan onu Üçüncü
Reyxin İmperiya musiqi palatasının prezidenti təyin edir. Baxmayaraq ki, Rixard Ştrausun nasional sosialistlərlə
heç bir əlaqəsi yox idi.
Müxtəlif səpkili irihəcmli
əsərlərin - 15 opera, iki balet, 10 simfonik
poema, kamera, kamera instrumental əsərlərin
müəllifi olan Rixard Ştraus zəngin yaradıcılıq
irsinə malikdir.
Əksər operalarının libretto müəllifi olan Quto fon Qofmanstal
1929-cu ildə dünyasını
dəyişəndən sonra
Rixard Ştraus tanınmış yazıçı,
dramaturq Stefan Sveyqlə
əməkdaşlıq etməyə
başlayır. 1934-cü ildə
bəstəkar Stefan Sveyqin
librettosu əsasında
"Susqun qadın"
("Die schweigsame Frau") əsərini yazır. Əsərin premyerasına
az qalmış Rixard Ştrausdan tələb olunur ki, afişalardan Stefan Sveyqin adı yığışdırılsın.
Bəstəkara bildirirlər
ki, Adolf Hitler premyerada iştirak
edəcək, ona görə də yəhudi müəllifin adı afişada ola bilməz. Ştraus qəti şəkildə cavab verir ki, ya afişada bütün müəlliflərin,
o cümlədən, libretto müəllifi Stefan Sveyqin
də adı qeyd olunacaq, ya da əsər nümayiş olunmayacaq. Bəstəkarın belə
prinsipial mövqeyindən
şaşıran Üçüncü
Reyxin rəhbərliyində
təmsil olunanlar məsələni Hitlerə
çatdırırlar. Hitler vəziyyətin çıxılmaz
olduğunu görüb,
məşhur bəstəkarla
açıq konfrantasiyaya
getməyin rasional sosialistlərin imicinə ciddi zərbə olacağını başa
düşərək bildirir
ki, Ştraus necə istəyirsə, elə də olsun. Əlbəttə ki, Hitler və
ətrafı premyeraya
gəlmirlər. Tamaşa
bir dəfə göstərildikdən sonra
teatrın repertuarından
çıxarılır və
nümayişi qadağan
olunur.
Hitler Almaniyasında yəhudi millətindən olan insanlara qarşı kampaniya getdikcə daha böyük vüsət alırdı.
1935-ci ildə Rixard Ştraus dostu Stefan Sveyqə məktub yazır və onu dəstəklədiyini
bildirir. Eyni zamanda Üçüncü
Reyxdə yüksək
vəzifə daşımasına
baxmayaraq, bəstəkar
narsistləri ciddi tənqid edirdi. Həmin məktub gestaponun əlinə keçir və onu dərhal tutduğu vəzifədən,
İmperiyanın Musiqi
Palatasının prezidenti
vəzifəsindən azad
edirlər. Bununla kifayətlənməyib, qardaşının
yəhudi əsilli həyat yoldaşını
oğlu ilə birlikdə həbs edirlər.
Türk
Qurtuluş Savaşı
zamanı Qərb Cəbhəsi Komandanı İsmət İnönü
milli ruh yüksəlişini
təmin etmək məqsədi ilə dövlət himni üçün şeir yazılması ilə bağlı xalqa səslənir. İsmət
İnönünün çağırışına
cavab olaraq yarışmaya 724 şeir
təqdim olunur. Lakin bu şeirlərdən heç biri himn üçün uyğun hesab edilməmişdir. Yarışmanın
qalibinə pul mükafatı təsis edildiyindən millət vəkili, şair Mehmet
Akif Ərsoy bu yarışmaya qatılmaq
istəməmişdi. Milli Təhsil
Nazirliyi Maarif Vəkili Həmdullah Sübhi Tanrıövərin
israrlı təkidindən
sonra Mehmet Akif Ərsoy
Ankarada Tacəddin Dərgahında Türk Ordusuna xitabən "Bizim Qəhrəman Ordumuz" şeirini yazır. 12 mart 1921-ci il tarixli
parlament iclasında oxunan və böyük rəğbətlə
qarşılanan şeir
elə həmin gün "İstiklal Marşı" kimi qəbul olunur. Müsabiqənin qalibi üçün ayrılmış
500 lirədən imtina
edən Mehmet Akif Ərsoy
bu işi millət üçün,
ordu üçün etdiyini bildirir. Maddi durumu çox acınacaqlı olan, hətta geyinməyə paltosu belə olmayan, soyuq qış günlərində
parlament iclaslarına pencəkdə gələn
şair buna baxmayaraq
500 lirə mükafatı
almaqdan imtina edir.
Mehmet Akif
Ərsoy bu şeiri kitablarına belə daxil etməyib. Onun istəyi nəzərə
alınaraq, vəfatından
sonra da nəşr olunan kitablarında bu şeir yer
almayıb. Böyük
şair Mehmet Akif Ərsoy
bu şeirin Türk Millətinə, Türk Ordusuna aid olduğunu bildirmişdir.
1992-ci il mayın 27-də bir neçə il davam edən gərgin mübarizədən, mücadilədən
sonra nəhayət ki,
Azərbaycan Respublikası
Milli Məclisi Üzeyir
bəy Hacıbəylinin
Əhməd Cavadın
sözlərinə yazdığı
"Azərbaycan Marşı"nı
Dövlət Himni kimi rəsmiləşdirdi.
70 il Vətəndən ayrı
düşən, mühacir
həyatı yaşamağa
məhkum edilən Cümhuriyyətçi babalarımızın
qəlbində, hafizəsində
qorunub saxlanılan bu müqəddəs "Alqış" nəhayət
ki, məqamına yetişdi.
"Azərbaycan Marşı"
Dövlət Himni kimi rəsmiləşəndən
sonra bu ölməz əsəri millətimizə yenidən
qaytaran, onu redaktə edib xor və orkestr
üçün işləyən,
ən yüksək peşəkarlıq səviyyəsində,
Üzeyir bəyin adına, ruhuna layiq hazırlayan görkəmli bəstəkar
Aydın. K.Azimi
dəvət edib ondan hansı formada mükafatlandırılmaq
istədiyini soruşurlar.
Aydın. K.Azim
cavab verir ki, bu işi görəndə
mükafatlandırılacağım haqqında düşünməmişəm.
Mən bir vətəndaş kimi, bir bəstəkar kimi öz borcumu
yerinə yetirmişəm.
Beləliklə, Aydın müəllim
ona israrla edilən bütün təkliflərdən imtina
edib.
Sənət tarixində belə
faktların sayı çox olmasa da, kifayət qədərdir. Düşünürəm ki, böyük
sənətkarların həyatında,
yaradıcılığında şəxsiyyət amili ciddi önəm daşıyır...
Kamil
ŞAHVERDİ
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, ¹5.- S.18-19.