Nədən Bakı?
"Şimal küləyi"nin əsintisindən öncəki Bakı
I məqalə
XX
yüzilin əvvəllərində Bakı şəhəri
türk dünyasının elmi və mədəni mərkəzlərindən
biri və fərqli türk yurdlarından gəlmiş alim və
ziyalıların toplandığı tək şəhər
idi. O dövrün mürəkkəb siyasi, hərbi hadisələri,
iqtisadi çətinlikləri fonunda Bakı işləmək
və elmi fəaliyyət üçün daha münasib
mühiti olan bir məkan idi. Bakı Universitetinin
açılması (1919) səbəbi ilə fərqli
türk yurdlarından Bakıda dərs demək
üçün dövrün tanınmış adamları dəvət
edilmişdi. XX yüzilin əvvəllərində Bakı
şəhərində bütün türk
dünyasını əhatə edən və bu xalqların
taleyüklü problemlərini müzakirə etmək, yeni
yüksəliş yolunu müəyyən etmək
üçün müxtəlif sahəni öyrənən elm
adamları bir yerə toplana bilmişdi.
Bakı
Universitetində dərs
deyən və "Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyəti"nin dəvət
etdiyi o dövrün tanınmış elm adamları müxtəlif
türk yurdlarını təmsil edirdi. XX əsrin əvvəllərində
Bakının türkoloji mərkəzə çevrilməsində
"Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin
fəaliyyəti əvəzsizdir. 1923-cü ildə bir qrup
ziyalının təşəbbüsü ilə Bakıda
türk dilini, ədəbiyyatını, mədəniyyətini,
tarixini, etnoqrafiyasını öyrənilmək məqsədi
ilə "Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyəti" yaradılır. İlk olaraq tarix,
etnoqrafiya, təbiət, iqtisadiyyat bölmələri ilə fəaliyyətə
başlayan Cəmiyyətdə sonralar türkologiya bölməsi
də açır. XX əsrin 20-ci illərində Azərbaycanda
türkoloji tədqiqatları genişləndirir və müxtəlif
türk yurdlarından Azərbaycana çalışmaq
üçün gələn elm adamlarının Bakıda
toplanması, Azərbaycanı Öyrənən Tədqiq və
Tətəbbö Cəmiyyətin (ATTC) kitabxanasının
yaradılması Bakıda elmi mühiti
formalaşdırır.
XX əsrin 20-ci illərinin əvvəllərində
Bakıda yaradılan ATTC o dövrün nüfuzlu alimləri -
V.İ.Qordlovski,
İ.İ.Meşşaninov, V.V.Bartold, A.Y.Krımski, N.Y.Marr,
A.N.Samoyloviç, N.İ.Aşmarin, N.İ.Juze, Zifeldt,
V.P.Zummer, V.M.Sisoyev, həmçinin Türkiyədən gələn
İsmayıl Hikmət, Fuad Köprülüzadə, özbək
türkü olan Xalid Xocayev, Krım türkü olan
B.Çobanzadə kimi alimlərin elmi fəaliyyəti ilə
Bakıda türkoloji tədqiqatlar genişlənir. Elmi
mühitin formalaşması ilə SSRİ-də yaşayan
tanınmış türkoloqların Türkiyədə olan
alimlərlə elmi əlaqələri genişlənir.
Bakıda türk dili, ədəbiyyatı, tarixi,
etnoqrafiyası, yazılı abidələrinin tədqiqinə
aid yeni əsərlər yazılır, çap edilir. Bu elmi
mühit Vəli Xuluflu, Salman Mümtaz kimi vətənpərvər,
milli düşüncəli ziyalıların da yetişməsində
mühüm rol oynayır.
Azərbaycanı öyrənən Tədqiq
və Tətəbbö Cəmiyyətinin
tarix və etnoqrafiya şöbəsinə professor A.N.Samoyloviç rəhbərlik edirdi. Onun fəaliyyətində
tarix və etnoqrafiya ilə yanaşı, türk dillərinin
dialekt və şivələrinin öyrənilməsinə
xüsusi yer verilirdi. Həmçinin dillərin tarixi öyrənmək
üçün dialekt və şivələrin toplanması
və müqayisə edilməsi də vacib
sayılırdı. 1923-cü ildə çuvaş
türkü olan N.İ.Aşmarin Bakıya dəvət edilir.
N.Aşmarin bir neçə ilə Nuxa (Şəki) şivəsinə
dair zəngin material toplayır və 1926-cı ildə
"Nuxa şəhəri türk xalq şivələrinin
ümumi icmalı" adlı əsəri Bakıda çap
olunur. Bu əsərdə N.Aşmarin ilk dəfə şivə
tədqiqində müqayisəli metodu tətbiq edir və
Şəki şivə əlamətlərini Azərbaycan
dilinin digər şivələri və həmçinin türk,
tatar, çuvaş yakut dili ilə müqayisə edir. Bu əsər
Azərbaycanda türkoloji dilçiliyə aid ilk qiymətli əsər
hesab edilir.
Bakıda
ərəb qrafikalı
əlifbanın dəyişdirilməsi
işi sürətlə getsə də, digər türk
yurdlarında bu məsələyə fərqli yanaşmalar
vardı. İstər Krımda, istərsə də
Tatarıstanda, Qazaxıstanda və Özbəkistanda
ziyalıların mövqeyi fərqli idi. Yeni əlifbanın həyata
kecirilməsi təkcə Azərbaycanla məhdudlaşa bilməzdi.
Ona görə ki, məqsəd yeni əlifbanı qəbul etməklə
türk xalqlarını birləşdirməyə nail olmaq
idi. Məhz türk xalqlarının bir-birinə
yaxınlaşmasını təmin etmək üçün əsaslı
islahatlardan biri əlifba ilə bağlı idi. Yeni əlifbaya
keçmək mümkün qədər türk
xalqlarının bir-biri ilə yaxınlaşmasını,
birləşməsini təmin edə bilərdi. Ona görə
də əlifba dəyişikliyi və vahid türk əlifbasının
yaradılması ideyasını təbliğ etmək və
bu ideyanı gerçəkləşdirmək
üçün S.Ağamalıoğlunun təşəbbüsü
ilə Bakıdan bir neçə nüfuzlu ziyalının
iştirakı ilə Yeni Əlifba Komitəsi yaradılır.
Məqsəd türk xalqları arasında mətbuat
mübadiləsini həyata keçirmək üçün
yeni əlifba tərəfdarları arasında təbliğatı
gücləndirmək, göruşlər təşkil etmək
yolu ilə tərəfdarların sayını artırmaqdan
ibarət idi. Qrupa S.Ağamalıoğlu
başçılıq edirdi, heyətin tərkibinə
Bakıda çalışan özbək əsilli Xalid Səid
Xocayev, Vəli Xuluflu, C.Məmmədquluzadə daxil edilir.
1924-cü
ilin sentyabrından başlayaraq türk yurdlarını gəzən
S.Ağamalıoğlu Krımda tatar
türkü olan, Avropa təhsilli prof. B.Çobanzadə ilə
tanış olur. Bu barədə X.S.Xocayevin 1922-25-ci illərdə
qurultaya hazırlıq ərəfəsindəki böyük
xidmətləri ilə onun 1928-ci ildə yazdığı və
bir il sonra nəşr etdirdiyi "Xalid Səid. Yeni əlifba
yollarında əski xatirə və duyğularım:
Bakı-Krım-Türkmənistan və Bakı- Türkmənistan-Özbəkistan.
1929, 146 səh.)" kitabından çox qiymətli məlumatlar
öyrənmək mümkündür.
"Yeni əlifba yollarında əski xatirə və duyğularım" əsəri
3 hissədən ibarətdir: 1. Bakı-Krım-Moskva; 2.
Moskva-Türküstan; 3. Türkoloji qurultay. Bakı-Türkmənistan-Özbəkistan.
Bakı-Krım-Moskva adlı birinci hissə "Haraya və nə
üçün gedirik" yarımbaşlığı ilə
başlayır və bu hissədən etibarən Xalid Səidin
xatirələri fonunda qələmə alınan dövrün
fövqəladə vəziyyəti və bu vəziyyətdən
çıxmaq üçün keçilən yollar əks
olunur.
1924-cu ilin sentyabr ayının
14-də "Yeni Əlifba Komitəsi"nin üzvləri
Krıma səfər edir. Heyət üzvləri böyük əhval-ruhiyyə
ilə mindikləri vaqonun içərisindəki masanın ətrafında
yeni əlifbanın gələcəyi barədə söhbət
edir, məsləhətləşirlər. 1924-cü il
sentyabrın 9-da heyət Rostova doğru hərəkət edir,
bir muddətdən sonra Krım Cümhuriyyətinə və
onun mərkəzi Ağməscidə çatır. Xalid Səid
Xocayev Bəkir Çobanzadə ilə burada tanış olur.
Xalid Səid Xocayev əsərində yazırdı ki, Səməd
Ağamalıoğlu Krımda yeni əlifba məsələsinə
münasibəti Bəkir Çobanzadədən soruşur. Bəkir
Çobanzadə isə ciddi bir vəziyyət alaraq burada yeni əlifba
məsələsinə münasibət barədə məlumat
verir. Qeyd edir ki, Krımda əlifba və imla ilə
bağlı gənclər arasında üç cərəyan
özünü göstərir.
Birinci cərəyan tərəfdarları
islahatçılardır. Onlar ərəb
əlifbasının üzərində müəyyən
islahatların aparılmasının tərəfdarıdırlar.
İkincilər latın əlifbasının tərəfində
olanlardır. Üçüncülər isə rus əlifbasının
(yəni kirilin) tərəfdarlarıdır.
Bəkir
Çobanzadənin bu
məlumatından sonra Səməd
Ağamalıoğlu deyir ki, ərəb və rus əlifbasının
tərəfdarlarının fikri mənasız fikirdir.
Krımlılar yeni əlifbanı qəbul edəcəklər.
Xalid Səid qeyd edir ki, Səməd Ağa bu fikrini çox qətiyyətli
və inamlı söyləyirdi. Əlbəttə, əlifba məsələsi
mühüm məsələ idi. Belə bir mühüm məsələ
millətin təkamülünü gözləməklə həll
oluna bilməzdi. Əksinə, bunu həll etməklə milləti
təkamül etdirmək, inkişaf yoluna çıxarmaq, irəliyə
aparmaq mümkün idi.
Daşkənddəki vəziyyət Səməd Ağamalıoğlunun
rəhbərlik etdiyi heyətə məlum olduqdan sonra orada
qalıb vaxt keçirməyə ehtiyac qalmır.
Qarşıda heyəti yeni-yeni görüşlər gözlədiyi
üçün Orenburq yolu ilə Qazaxıstan,
Başqırdıstan, Tatarıstan ellərinə yollanmaq
lazım gəlirdi. Bu barədə Xalid Səid Xocayev
yazır: "Mən əfsus ki, bu səyahətdə
(Qazaxıstan, Başqırdıstan, Tatarıstan ellərinə
olan səyahətdə) iştirak edə bilmədim.
Çünki oktyabrın yeddisi idi (1924-cü ilin oktyabr
ayının 7-si), məktəblərdə artıq dərslər
başlamışdı. Səməd ağadan izn alaraq
Krasnovodsk yolu ilə Bakıya dönməyə məcbur oldum.
Yuxarıda göstərilən üç cümhuriyyətdə
görulən işlər ilə nəticələri barəsindəki
məlumatı qeyd etmək vəzifəsini Xuluflu yoldaş
öz öhdəsinə aldı".
Yeni əlifbaya keçmək məsələsini müzakirə etmək
üçün bir qurultay keçirmək lazım gəlirdi.
Ona gorə də Birinci Türkoloji Qurultayın çağırılması
bir zərurətə çevrilmişdi. Türkoloji Qurultay
çağırmaq ideyası gücləndikcə onun nə
zaman və harada keçirilməsi məsələsi də
gündəmə gəlirdi.
Krıma
səfərdən sonra
S.Ağamalıoğlu
B.Çobanzadəni Bakıya dəvət edir. I Türkoloji
Qurultayın çağırılması və təşkilatı
işlərində çox fəal çalışan
B.Çobanzadənin nüfuzu, elmi əlaqələri sayəsində
toplantıya türk dünyasının fərqli elm
adamları dəvət olunmuşdu. Beləliklə, Bakıda
professor B.Çobanzadənin rəhbərliyi ilə
türkoloji tədqiqatların əsası qoyulur. B.Çobanzadə
Bakı Universitetində dərs deyir, terminologiya problemləri
ilə məşğul olan komitəyə rəhbərlik
edir, türkoloji tədqiqatların aparılmasında
aparıcı rol oynayır.
XX əsrin iyirminci illərində Azərbaycanda türkoloji tədqiqatların
inkişafı I Türkoloji Qurultayın keçirilməsi ilə
nəticələnir. Birinci Türkoloji Qurultay həm də Azərbaycan
türkologiyasının dünya türkologiyasında olan
nüfuzunu və yerini göstərirdi. Bakı şəhəri
türkoloji mərkəzə çevrilmişdi. Qurultay
çağırılması ideyası hələ 1923-cü
ildə yaranmışdı. N.Nərimanovun ərəb
qrafikalı əlifbanın dəyişdirilməsi və Sovet
İttifaqında yaşayan türklərin ümumi bir əlifbaya
keçməsi fikri o zaman tez-tez səslənən fikirlərdən
idi. Belə bir mühitdə türk xalqlarının bir
sıra problemlərini müzakirə etmək məqsədi ilə
qurultay çağırlması fikri getdikcə
aktuallaşırdı.
Bakı
şəhərinin o dövrün
türkoloji mərkəzlərindən birinə çevrilməsində
yerləşdiyi coğrafi mövqeyin də rolu vardı.
Türküstandan Türk Cümhuriyyətinə gedən yol
Bakıdan keçirdi. Bakı
Krıma, Kazana yaxın olduğu qədər, həm də
Qafqaz türklərinə ən yaxın bir türk şəhəri
və türkoloji beyin mərkəzi idi.
İlk dəfə qurultayın çağırılması məsələsi
rəsmi olaraq, 1924-cü ildə Azərbaycan SSR hökuməti
tərəfindən SSRİ rəhbərliyinə təqdim
edilmişdi. SSRİ hökumətinin Türkoloji Qurultayın
çağırılması barədə qərarından
altı ay əvvəl latın əlifbasına keçilməsi
məsələlərinin həll edilməsi zərurəti
1-ci Azərbaycan Yerli Diyarşünaslıq Qurultayında və
SSRİ Elmlər Akademiyası və Ümumittifaq Şərqşünaslıq
Birliyində də qaldırılmışdı. Nəhayət,
1925-ci ilin avqustunda SSRİ Xalq Komissarları Şurası
Ümumittifaq Türkoloji Qurultayının
çağırılması haqqında qərar qəbul
etdi.
SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Qurultayın
çağırılmasına hazırlıq üzrə təşkilat
komissiyası yaradıldı. Təşkilat
komissiyasının tərkibinə Səməd
Ağamalıoğlu (sədr), M.Pavloviç, Həbib Cəbiyev,
Vasili Bartold, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov,
Q.Broydo, Tyuryakulov, Zifeld, Fitred, Bəkir Çobanzadə,
Aşmarin, Odabaş, Novşirvano, Əhməd Baytursunoğlu,
Yusifzadə seçildilər.
Təşkilat komissiyası Ümumittifaq
Türkoloji Qurultaya hazırlıq
üçün görülən bütün işləri
işıqlandırmaq üçün "Xəbərlər"
nəşr etdirirdi. Mənbələrdə Qurultayın
Bakı şəhərində keçirilmə səbəbi
tam açıqlanmasa da, o dövrdə belə bir
mühüm tədbirin keçirilməsi üçün təklif
olunan şəhərlər (Leninqrad, Kazan və Bakı)
içərisində həm coğrafi, həm də mədəni
səviyyəsinə görə Bakı daha münasib idi.
Əvvəla, Türkoloji Qurultayın türk ölkəsində
keçirilməsi vacib məsələ idi. Leninqrad həm
türk yurdu olmaması, həm də yerləşim yerinə
görə uyğun deyildi. Kazan türk yurdu olsa da, o zaman
qıtlıq və maddi çətinliklərlə
üz-üzə olan Kazan belə bir məsuliyyəti üzərinə
götürə bilmədi. Bakı şəhəri ən
uyğun məkan olaraq seçildi və I Türkoloji
Qurultayın Bakı şəhərində keçirilməsi
razılaşdırıldı.
Bakıda
türk dünyasının
tanınmış elm adamlarının
toplanması sonralar onların "Türkçü",
"Turançı", "Casus" kimi damğalanaraq məhv
edilməsi üçün bəhanə olacaqdı. 1937-ci ildə
12493 nömrəli iş (alimlərin işi) üzrə alimlərin
çoxuna I Türkoloji Qurultayda, SSRİ-nin türkdilli
respublikalarında keçirilən elmi konfrans və ezamiyyətlərdə
iştirakı, türk xalqlarının tarixi, etnoqrafiyası,
dili və ədəbiyyatı sahəsində tədqiqatları,
ali məktəblərdə türkoloji fənlərin tədrisi
və s. kimi iradlar tutuldu. Azərbaycan Respublikası Prezidenti
İşlər İdarəsinin Siyasi Sənədlər
Arxivində saxlanılan Azərbaycan K(b)P MK katibi
M.C.Bağırovun Xalq Daxili İşlər Komissarının
müavini Gerasimova ünvanladığı məktubda deyilir:
Bu gün üstü açılan və ifşa edilmiş
düşmənlərimizin, xüsusən də, Çobanzadə,
Qubaydullin və başqalarının çoxsaylı məhkəmə
ifadələri ilə təsdiqini tapan bir çox işlər
əsasını hələ o dövrdən
götürür. Ona görə də, xahiş edirəm ki,
sonrakı istintaq zamanı Azərbaycanda aparılan əksinqilabi
pantürkist və panislamist fəaliyyətin tam mənzərəsinin
və tarixinin aydınlaşdırılması
üçün aşağıdakı faktlara xüsusi diqqət
yetirilsin:
Xalq Maarif Komissarlığı
ali və orta məktəblərə əcnəbi
müəllimləri qəbul edir, hətta türk müəllim
və alimlərini xaricdən də dəvət edir. Müəllim
adı altında isə fəaliyyətini genişləndirmək
məqsədi ilə türk casusları gəlirlər. Məsələn,
İsmayıl Hikmət, Əbdül Cəfər Əfəndi,
Mustafa İsmayıl Tevfik, Akif bəy, Xalid Səid. Bakıda
türk müəllimlərin sayı 25-ə qədərdir.
Bu qrupa Türkoloji Qurultayla bağlı əvvəlki qeydlərimizdə
şəxsiyyətindən kifayət qədər bəhs
olunan prof. B.Çobanzadə də daxildir.
M.Köprülüzadə və Messaroşla əlaqədədir,
əgər buraya yerli müsavatçı pedaqoqları da əlavə
etsək, onda nəinki təhsil alan gənclərə, hətta
mədəni müəssisələrimizin, xüsusən də,
Xalq Maarif Komissarlığının rəhbər dairələrinə
olan təsir mənbəyi tam aydınlığı ilə
aşkarlanar. Bakıda çağırılan I Türkoloji
Qurultayın təşkilat komissiyasının işində
bu, özünü daha aydın şəkildə göstərmiş
oldu, xüsusən də, şəxsən dəvət olunmuşların
siyahısı tərtib olunarkən, oraya bəzi istisnalar edilməklə,
SSRİ türk-tatar xalqlarının bütün millətçi-şovinistlərinin,
xaricdən isə Köprülüzadə, Əli bəy
Hüseynzadə, Messaroş və b. adlarının
salınması oldu. Bütün bunlara o da əlavə
olunmalıdır ki, Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyəti öz fəallarının tərkibinə
yalnız yuxarıda adları çəkilən şəxsləri
və onlara yaxın millətçi-şovinistləri daxil
etmişdi. Belə olan şəraitdə Azərbaycanın mədəni
həyatının millətçi, pantürkist hərəkatla
zəbt olunması üçün münbit zəmin
yaranmış olur. Təcili olaraq məsələni əsaslı
surətdə araşdırıb, siyasətimizi yenidən
qurmalıyıq".
Bu məktub türk ziyalılarının Bakıda
toplanmasından narahat olan bolşevik hökumətinin
gerçək düşüncələrinin ifadəsidir; gələcək
faciələrə hazırlıq planı idi.
Amma hələ iyirminci ilin əvvəlləri idi. Çar
Rusiyasının xarabalıqları üzərində
qurulmuş "Qırmızı İmperiya"nın onlara
hazırladığı faciələrdən xəbərsiz
olan türk aydınları türk birliyi ideyasından, ortaq əlifba,
ortaq yazı dili olması ideyasından, turan ideyasından həvəslə
danışırdılar. Hələ Bakıda toplanan türk
aydınları, yurdsevər, xalqını maarifləndirmək
üçün çalışan bu alimlər zamanın
yaratdığı bu imkanlardan faydalanmağa
çalışırdılar.
"Bolşevik dövlətinin
qurduğu tələni
bilməyən türkoloqlar, fədakar ziyalılar XX əsrin
20-ci illərində I Bakı Türkoloji Qurultayının
keçirilməsi təşəbbüsünə müsbət
hal kimi yanaşırlar. "Əslində bu tarixi məqamın
iki cəbhəsi var idi: rus imperiyası və böyük
türk aydınları - Turan yolçuları. Bu pusqudan tam xəbərsiz
türk aydınları elə ilk gündə məqsədlərini
ortaya qoydular".
Hələ Şimal küləyi
başlamamışdı. Sovetlər
İttifaqının NKVD adlanan türk düşməni qəddar
təşkilatı seyrçidir, kimin hansı əqidə
sahibi olduğunu müəyyən edir, siyahılar tutulur.
Şimal küləyinin əsintiləri başlanmamış
hələ. Hələ ki, Bakı həyəcan içində
qonaqlarını gözləyir, hazırlıq işləri
görülür. Bakı ziyalıları isə I
Türkoloji Qurultayda çıxış edənlərin
siyahısını dəqiqləşdirir, müzakirə ediləcək
məsələlər haqqında fikir mübadiləsi edir, məsləhətləşmələr
keçirirdilər.
Bakıda
türk aydınlarının
toplanması və Türkoloji Mərkəz
rolunu oynaması I Türkoloji Qurultayın Bakıda
keçirilməsi ilə nəticələndi. 1926-cı ilin
26 fevral-6 mart günlərində Bakıda keçirilmiş I
Türkoloji Qurultay türk xalqlarının həyatında iz
qoyan, bütün türk xalqlarının elmi və mədəni
inkişafı üçün perspektiv əhəmiyyət
daşıyan mühüm bir hadisə oldu. Stenoqrafik
hesabatın titul səhifəsində qurultayın sonuncu
günü kimi 5 mart göstərilsə də, qurultay öz
işini martın 6-da da davam etdirmiş, 16-cı və 17-ci
iclaslar məhz həmin gün keçirilmişdir.
Hazırda Milli Arxivdə olan
Türkoloji Qurultayın Stenoqramında məruzələrin
hamısı yazılmayıb. O dövrün imkanlarına
görə, əsasən, rus dilində olan məruzələrin
mətni yazılıb. Bəzi məruzəçilərin
adı qeyd edilsə də, məruzələrin mətni
yoxdur. Xüsusilə müxtəlif türk dillərində
olan çıxışlar və məruzələr
yazılmayıb.
Nuridə Novruzova (Səməd)
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, ¹5.- S.14-15.